Aygün Həsənli, Nərmin Hümbətova. Yavaş-yavaş sevənlərin unutmağı birdən olur

(Xəyalə Sevilin “Səni sevmək istəyirəm, müsaitsən?” şeirinin təhlili)

Şeir insanın iç dünyasının, ürəyinin ən dərin qatlarının danışığı ilə başlayır. İlk misralardan hiss olunur ki, burada söhbət sadəcə bir sevgidən getmir; bu, insanın öz taleyi ilə üz-üzə qaldığı, ürəyin tükəndiyi, amma hələ tam da sönmədiyi bir hekayədir. Şair bilir ki, bu sevgi artıq solub, artıq çiçək açmayacaq, amma ürəyin bir guşəsində kiçik bir ümid qalır. Bu ümid nə vaxt yanıb kül olacağını bilmir, sadəcə içdə köhnə xatirələrə, unudulmamış hisslərə sığınacaqdır. “Haçan olar… Haçan olmaz!” misrası insanın taleyə və öz hisslərinə qarşı verdiyi qeyri-müəyyən, gərgin mübarizənin əks-sədasıdır. Burada həm ümid, həm də ümidsizlik bir-birinə qarışır; insan həm bilir, həm də inanmaq istəyir.
Gecənin səssizliyi bu hissləri daha da açır. Səssizlik içində könül yarası qanayır, köhnə xatirələr canlanır və hər biri insanı daha da dərin düşüncələrə aparır. “İçimin qoca qarısı” – bu metafor daxildəki səsin təcəssümüdür; artıq çox şey görmüş, xəyallara inamını itirmiş bir tərəf danışır. Bu səs yorulub, danışır, deyinir, deyir ki, bu adamdan sənə can olmayacaq. Burada yalnız ürək ağrısı deyil, həm də həyatın acı həqiqətlərini qəbul etməyin ağırlığı var.
Misralarda Tanrıya müraciət xüsusi yer tutur. Ancaq bu müraciətlər dua formasında deyil. Burada Tanrı ümid ünvanı yox, cavabsız qapı kimi təqdim olunur. Lirik qəhrəman Tanrıdan möcüzə gözləmir, sadəcə anlaşılmaq istəyir. Lakin bu anlaşma baş vermədiyi üçün Tanrı ilə insan arasında səssiz bir məsafə yaranır. Bu da əsərin fəlsəfi yükünü artırır və insanın tam tənha qalma vəziyyətini daha aydın göstərir. Hər şey boşluq içində qalır, cavabsız qalan suallar ürəyin dərinliklərinə saplanır.
Daha sonra şeir sevginin mürəkkəb və tərəddüd dolu halını göstərir. Qarşı tərəfin kimliyi dəqiq deyil, aid olduğu yer məlum deyil. Şair sevmək istəyir, amma qorxur, tərəddüd içindədir. Sevgi artıq rahat və sadə deyil; onun içində ehtiyat, qorxu və hələ də kiçik bir ümid qalıb. Şair özü də bilir ki, bu yolun sonu əvvəldən bəllidir, amma yenə də ürəkdən vaz keçmir. Bu sevgi insanı xoşbəxt etmək üçün deyil; bəzən sadəcə iç dünyasında bir sığınacaq, bir dayaqdır. Ömür bölüşmək söhbəti yoxdur, amma ürəyi bölüşmək, sözünü paylaşmaq qalır insana. İçindəki hüzün nə qədər paylaşsa da, azalmaq əvəzinə daha da böyüyür. İnsan tapılmaq istəyir, amma itmək qorxusu onu saxlayır. Özünü gizlətməsi də bu qorxudan doğur. Bu tərəddüd şeiri daha da canlı və həqiqi edir. Burada hər kəlmə oxuyanın içini titrədən bir səmimiyyət daşıyır.
Sonrakı hissədə şairin iç dünyası daha da ağırlaşır. Ürək yerində dayanmır, ruh yorulub, bədən daşıya bilmir. Nə yaşamaq mümkündür, nə də bu haldan qurtulmaq. Xatirələr payız rəngi alır, hər şey solub, saralıb. İç hələ də insana məxsusdur, amma çöl yadlaşıb. Hər kəs öz yolunda, hər şey öz ritmindədir, insan isə hələ də özünü tapmağa çalışır. Günlər, aylar keçir, amma bu vaxt ömür kimi hiss olunmur, sadəcə ötüb gedir. Hər şey asanlaşsa da, yaşamaq daha da çətinləşir. Bu sual artıq yalnız sevgi ilə bağlı deyil; həyatın özü ilə bağlıdır. İnsan varlığını, məqsədini, içindəki boşluğu sorğulayır. Burada şair yalnız hiss etmir, həm də düşünür, hər şeyi qavramağa çalışır.
Ardınca sanki bir sakitlik yaranır. Mübarizə bitir, qəbul başlayır. Hər şey keçib, necə olubsa, elə də olub. Hisslər üst-üstə düşməyib, yollar ayrılıb, amma bütün bu sakitliyin içində bir səmimi həqiqət qalır: əgər çağırsaydı, yenə də gedərdi. Burada qürur yoxdur, yalnız dürüstlük və həqiqi hisslər var. Sevgi insanı gücləndirmir, bəzən zəif salır, amma eyni zamanda ürəyə yaşamaq üçün səbəb verir. Bu, insanın həm zəif, həm də güclü olduğu anların şeiridir. Oxuyan hər kəlmədə öz yaşadıqlarını tapa bilər.
Şeirin sonu ayılma kimidir. İnsan başa düşür ki, qarşı tərəfin dəyəri düşündüyü qədər böyük deyilmiş. O dəyəri yaradan elə özü imiş. Bu dərsi qəbul etmək ağrılıdır, amma vacibdir. Yalnız bundan sonra insan özünü geri ala bilir, yalnız bundan sonra ürək sakitlik tapır və şeir səssiz, amma çox ağır bir həqiqətlə bitir: Əsərin sonunda qəhrəman tam ümidli deyil, amma artıq reallığı qəbul edir. O anlayır ki, sevgi qarşılıqlı deyilsə, davam edə bilməz. “Unutmağı birdən olur” fikri göstərir ki, insan bəzən uzun düşüncələrdən sonra yox, bir anın içində vaz keçə bilir. Bu, qəhrəmanın zəifliyi yox, yorğunluqdan doğan razılaşmasıdır.
Amma bütün bu duyğulara baxmayaraq, sevgi ürəyi dirildir, insanı yaşamağa çağırır. Hər xatirə, hər ağrı bir iz qoyur, hər həsrət bir dərs verir. İçimizdəki kiçik ümid qığılcımı isə sönmür, onu qorumaq lazımdır. Şair deyir ki, ürəyin səsini dinləmək, hisslərinə sadiq qalmaq lazımdır, çünki həyat da elə həmin hisslərin içindən keçir. Sevgi, ağrı və hüzün ayrılmazdır, amma bütün bunlar insanı insan edən, qəlbi zənginləşdirən duyğulardır. Nə qədər acı da olsa, hər hiss, hər xatirə, hər kədər insanın ruhunu dirildir, onu yaşamağa sövq edir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sevinc Yusubova. “Sonra” anlayışı kontekstində yoxsulluq və insan dəyəri problemi

(Rafiq Tağının “Bir budağı alma gətirən ağac” hekayəsi üzərinə) Bu hekayədə kasıblığın insan həyatını necə yarımçıq qoyduğu, insan talelərini necə təxirə saldığı aydın şəkildə göstərilir. Maddi imkansızlıq təkcə gündəlik yaşamı çətinləşdirmir, eyni zamanda insan münasibətlərini də zədələyir. Ana ilə oğulun görüşünün qısa və yarımçıq qalması, ailə bağlarının zamanla zəifləməsi yoxsulluğun ən […]