(Rafiq Tağının “Bir budağı alma gətirən ağac” hekayəsi üzərinə)
Bu hekayədə kasıblığın insan həyatını necə yarımçıq qoyduğu, insan talelərini necə təxirə saldığı aydın şəkildə göstərilir. Maddi imkansızlıq təkcə gündəlik yaşamı çətinləşdirmir, eyni zamanda insan münasibətlərini də zədələyir. Ana ilə oğulun görüşünün qısa və yarımçıq qalması, ailə bağlarının zamanla zəifləməsi yoxsulluğun ən ağrılı nəticələrindəndir. Səfurə xala kimi qadınlar isə bu ağır həyat yükü altında öz sağlamlıqlarını, arzularını və ehtiyaclarını daim “sonra”ya saxlayırlar.
İnsan həyatının davamlı şəkildə təxirə salınması hekayədə “sonra” anlayışı üzərindən verilir. Səfurə xalanın düşüncələrində bu söz bir ümid kimi yaşayır: sonra həkimə gedərəm, sonra özümə paltar alaram, sonra dincələrəm. Lakin hekayənin faciəvi tərəfi ondadır ki, bu “sonra” heç vaxt gerçəkləşmir. Yoxsulluq insanın bu gününü əlindən aldığı kimi, sabahına da sahib çıxmasına imkan vermir. Beləcə insan, fərqinə varmadan, yaşamadığı bir həyatın içində ömrünü başa vurur.
Ayrılıqların əsas səbəbi də məhz bu maddi imkansızlıqdır. Əgər pul olsaydı, bəlkə də bu ayrılıqlar bu qədər uzun sürməzdi. Səfurə xala uzun müddət oğlundan ayrı düşmüş, onu illərlə görməmişdir. Bu ayrılıq təkcə fiziki məsafə deyil, eyni zamanda sosial və iqtisadi uçurumun yaratdığı mənəvi boşluqdur. Kasıblıq insanları bir-birindən uzaq salır, ailə münasibətlərini sınağa çəkir.
Hekayədə kənd həyatının sərt reallıqları da bütün çılpaqlığı iləüzə çıxır. İş var, amma rahatlıq yoxdur; zəhmət var, amma istirahət yoxdur; çalışmaq var, amma insanın özünə ayıracaq vaxtı yoxdur. İnsan yalnız işləyən bir varlığa çevrilir, onun ehtiyacları və hissləri isə arxa plana keçir. Bu həyat tərzi insanı tədricən tükəndirir, fiziki və mənəvi yorğunluğa sürükləyir.
Səfurə xalanın ümidlə yaşaması, lakin sonda ümidsiz qalmasıda hekayənin əsas dramatik xəttini təşkil edir. O, hər dəfə gələn ilə ümid edir ki, Murad onu müayinə edəcək, dərman yazacaq, dərdinə çarə tapılacaq. Amma bu ümidlər reallığa çevrilmir. Müayinə, müalicə, qayğı yenə “sonra”ya qalır. Bu isə kasıb insanın ümidlərinin necə tədricən sönməsini göstərir.
Əsərdə qadınların, xüsusilə anaların zəhməti və fədakarlığı ön plana çıxır. Səfurə xala bütün ömrünü başqalarına həsr edir, amma özü üçün yaşamağa nə vaxtı, nə də imkanı olur. Onun timsalında cəmiyyətin yükünü daşıyan, lakin ən az dəyər verilən qadın obrazı canlandırılır. Maddi ehtiyaclar mənəvi dəyərləri kölgədə qoyur, insanın şəxsiyyəti gördüyü işin arxasında itib-batır.
Alma gətirən tək budaqlı ağac isə güclü simvolik məna daşıyır. Bu ağac insanın yalnız işə yaradığı, fayda verdiyi qədər dəyərləndirilməsini simvolizə edir. İnsan öz varlığı ilə deyil, verdiyi xeyir ilə ölçülür. Bu yanaşma insanı obyektə çevirir, onun daxili dünyasını, ehtiyaclarını və ağrılarını görməzlikdən gəlir. Nəticədə mənəvi yoxsulluq yaranır və uzun ayrılıqlar qaçılmaz olur.
Hekayə oxucuya mühüm bir mesaj ötürür: insanı verdiyi faydaya görə deyil, insanlığına görə dəyərləndirməyi bacarmalıyıq. Zəhmətkeş insanların haqqı, sağlamlığı və ləyaqəti vaxtında düşünülməlidir. Əks halda “sonra”ya saxlanılan həyat, heç vaxt yaşanmamış bir ömür olaraq qalacaq.

