Cabir Novruz. Sən elə bir vaxtda rast gəldin mənə

klv.az saytı “Poeziya inciləri” rubrikasından Cabir Novruzun “Sən elə bir vaxtda rast gəldin mənə” şeirini təqdim edir

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca…

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol…
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uza qol…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi…

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən…
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi…

Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir…
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir…

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim…
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ələkbər Salahzadə. Bir də gördün

Klv.az saytı “Poeziya inciləri” rubrikasından Ələkbər Salahzadənin  şeirlərini təqdim edir BİR DƏ GÖRDÜN Bir də gördün beşikdi adam, bir də gördün bəbədi. Bir də gördün uşaqdı adam, bir də gördün babadı. Bir də gördün oğuldu adın, bir də gördün atadı. Bir də gördün yox oldu adam, bir də gördün fotodu. […]