Nəriman Həsənzadə. Əsir sabah yeli avqust ayının

Ağır xəstəlikdən sonra şair Nəriman Həsənzadə bu gün – avqustun 1-də vəfat edib. Klv.az saytı onun ən çox oxunan şeirlərindən ikisini oxucularına təqdim edir.

***

Pəncərəm önündə sular çağlayır,
Xal düşür gecənin aydınlığına.
Qollarım üstündə bir qız ağlayır,
İnana bilməyir qadınlığına.

Başının örpəyi yana sürüşüb,
İçməyib, məst olub, səbəbi nəydi?
Yerin çəkisizlik qütbünə düşüb,
Bu qütbü nə vaxtsa o, keçməliydi.

Özü gözlədiyi bir gün gəlibdi,
İndi soruşmayın, heç bilməyir o.
Qadınlıq qızlığa üstün gəlibdi,
Ağlaya-ağlaya gülümsəyir o.

Açıb gözlərini indi qalxacaq,
Tanımır özünü şirin röyada.
Qızlar nə deyəcək, bilmirəm, ancaq
Mübarək!
Bir qadın artdı dünyada.

Bir kişi qayğısı artdı,
Mübarək!
Bu gecə hər qəlbə nur ələnibdi.
Nə qədər qadın var, o qədər demək
Dünyaya qayğılar səpələnibdi.

Azalır o bəzən, artır o bəzən,
Sınanır varlığı, yoxluğu üçün.
Bəlkə, mən sevirəm dünyanı qəlbən,
Qadın təbiətli olduğu üçün.

Bəzən bir eyhamla, ya baxış ilə
Nə qədər istəsən söz demək olur.
Yalnız bir qadının təbəssümüylə
Yüz ağlayan olsa, kiritmək olur.

Köksündə gizlicə sevən ürəyi
Gözündə həmişə məlum olubdu.
Kişilər önündə cəbrlə deyil,
Qadınlar xahişlə məğlub olubdu.

O ən müqəddəsdi, ən mədənidi,
Bəşər nəslimizə o həyat verir.
Qadının sərvəti – öz bədənidi,
Onu da kişiyə mükafat verir.

Qollarım üstündə bir göz yaşını,
Bir qərib gülüşü öpürəm hələ.
Özü qız saçını, qadın saçını
Üzümə dağıdır öz əllərilə.

Sahildə

Gəzirəm yanaşı sevgilimlə mən,
Gömgöy sahilində Gəncə çayının.
Bir əl gəzdirərək saçımda hərdən,
Əsir sabah yeli avqust ayının.

Görürəm şamlıqdan xeyli aşağı,
Bir söyüd ağacı başını əyir.
Sanki qurumuşdur dili-dodağı,
Sulardan doyunca içmək istəyir.

Bir sual dolanır başında bütün,
Sakit gəzinməyə məni qoymayır.
Çayın içindədir kökü söyüdün,
Bəs niyə sulardan gözü doymayır?

Əlimlə sahili nişan verərək,
Deyirəm, sevgilim, nəzər sal bir an.
Elə bil, mən səndən doymadığım tək,
O salxım söyüd də doymur sulardan.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bir anın içində var olmağın genişliyi (Regina Dürig Qardaşxan Əzizxanlı poeziyası haqqında yazır)

Klv.az saytı Regina Dürigin “Bir anın içində var olmağın genişliyi” yazısını təqdim edir Yalnız işıq (və ya Regina Düriglə “Gözəl ayrılıq”)* Azərbaycanda yayımlanmış “Qadınlar və daşlar” (Frauen und Steine) kitabının müəllifi alman əsilli isveçrəli yazıçı Regina Dürig vətənə qayıtdıqdan sonra Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlıya məktub […]