Xəlil Mirzə. Kaftar yuvaları

(“Müqəddəs zəfər”: 2-ci hekayə)

…Tabor komandiri mayor Sabir Ələkbərov şəxsi heyətə müraciət edərək sözə başladı:

-Qardaşlar! Artıq Vətən Müharibəsinin başladığını bilirsiniz. Bu gün səhər işğalçı Ermənistanın hərbi birləşmələri yeni torpaqlar zəbt etmək iştahası ilə bütün təmas xətti boyunca hücuma keçmişdir. Əllərində olan bütün növ silahlardan istifadə edirlər. Cənab Ali Baş Komandan bu işğala son qoymaq üçün “Əks hücum” planı üzrə azğın düşmən qüvvələrini geri oturtmaq, onları müqəddəs torpaqlarımızdan qovub çıxarmaq barədə əmr vermişdir. Bəli, səbirsizliklə gözlədiyimiz an gəlib çatdı. Mən qısa, lakin aydın danışmağa çalışacağam.

Sonra divardan asılmış xəritəyə yaxınlaşdı.

-Gördüyünüz kimi, xəritədə şimaldan cənuba təmas xətti boyunca və üzü qərbə doğru daha dərinliklərdə düşmənin müşahidə məntəqələrinin, dayaq postalrının, hərbi hissələrin, silah-sursat anbarlarının, digər istehkam və qurğularının yerləri əks olunmuşdur,- əlindəki karandaşla haşiyəyə alınmış və nömrələnmiş yerləri göstərərək davam etdi,- Bunlar həmin məntəqələr və postlardır. Şimaldan cənuba doğru ardıcıl olaraq nömrələniblər. Şərti olaraq bu məntəqlər “kaftar yuvaları” adlandırılıb. Qısa olsun deyə “KY1”, “KY2”, “KY3” və sairə kimi işarələnib. Yəni, “kafat yuvası 1, 2, 3 və sairə”. Bilirsinizmi niyə? Çünki, bu vəhşi yaramazlar müqəddəs torpaqlarımızı goreşən kimi dəlik-deşib edərək özlərinə yuvalar qurublar. İnşallah, bu yuvalar onların axırıncı gördükləri olar. Yeri gəlmişkən, onların keçilməz hesab etdikləri dırnaqarası “Ohanyan səddi” artıq ordumuza lazım olan yerlərdən yarılmışdır. Moto-atıcı qüvvələrimiz sürətlə irliləməkdədir. Qardaşlarım, ötən illər ərzində biz sizinlə dəfələrlə minalanmış ərazilərdən keçərək kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənə zaman-zaman layiqli dərs vermişik. Bu dəfə isə, onları son nəfərinə qədər torpaqlarımızdan qovub çıxaracağıq. Əlbəttə, sağ qalanlarını. Beləliklə, düz yarım saatdan sonra hərəkətə keçirik. Gecə ikən minalanmış sahələrdən keçib, bizə tapşırılmış məntəqələri dığalardan azad edərək Milli Ordunun əsgərlərinə təhvil verəcək, tapşırıq üzrə, düşmənin dayaq məntəqələrini məhv etməkdə davam edəcəyik… Görürəm ki, sıralarımızda yeni döyüşçülər var. XTQ ailəsinə xoş gəlmisiniz,-üzünü gənc döyüşçülərə tutub davam etdi,- Yəqin ki, komandirləriniz ailəmiz barədə sizə kifayət qədər məlumat veriblər. Biz bir-birimizə qardaşdan da yaxınıq, bunu heç vaxt unutmayın.

Sonra tağım komandirlərini yanına çağırdı: “Gəlin xəritələrinizi götürün”.

Gecə yarıdan keçmişdi. Minalanmış ərazilər artıq arxada qalmışdı. Münasib bir yerdə dayandılar. Komandir zabutləri yanına çağırdı.

-Qardaşlarım, bu andan etibarən dəstələrə bölünüb öhtəmizə düşən kaftar yuvallarını dağıtmaq üçün hərəkətə keçəcəyik. “KY14”-ə mən gedirəm, “KY13”-ə baş leytnant Əmrah Cəfəov və “KY15”-ə baş letnant Dəyanət Aslanlı. Leytnant Ağamalıyev, sənin tağımın mənim sərəncamıma keçir, bu o deməkdir ki, sən də mənimlə gedirsən. Əvvəllər olduğu kimi, sakitcə, düşməni ürkütmədən onları əhatəyə alıb mövqelənəcəyik. Hər tərəfdən snayperlər bizi mühafizə edəcək və qaçmağa cəhd edən dığaları sərrast atəşlərlə məhv edəcəklər. Səhər saat dörd tamamda, eyni vaxtda həmlə edəcəyik. Postlar arasındakı məsafələr uzaq və relyef mürəkkəb olduğu üçün, bir-birimizi görməyəcəyik. Odur ki, saatlarımızı yoxlamalıyıq… Bizim üç saata yaxın vaxtımız var. Bu müddət ərzində düşmənin qeyd olunan məntəqələrinə çatıb mövqelənəcəyik. Dediyim kimi, saat dörd tamamda həmlə edib, bacardıqca tez və səs-küy yaratmadan kaftar yuvalarını dağıdacağıq. Unutmayın, bir dığa belə gözdən yayınıb qaçmamalıdır. Bu əməliyyat onların digər postları üçün ən yaxşı “sürprizimiz” olmalıdır. Azad etdiyimiz postların mühafizəsini təşkil edib, Milli Ordunun döyüşçüləri gələnə qədər gözləyəcəyik. Postları onlara təhvil verdikdən sonra dərhal, “KY14”-də toplanacağıq. Yenə də gecə saatlarında Hadrut istiqamətinə gedən yolu mühafizə edən “KY16” və Cəbrayıl istiqamətinə gedən yolu mühafizə edən “KY17” postlarını ələ keçirmək üçün iki dəstəyə bölünüb hərəkətə keçəcəyik. Hər şey aydındırmı?

-Aydındır komandir,- deyə hər üçü cavab verdi.

-Di onda haydı, Allah amanında! Özünüzü və şəxsi heyəti qoruyun, qardaşlar!

Qucaqlaşıb ayrıldılar.

Mayor Ələkbərov sürünərək müşahidə postunun 5-6 metrliyinə çatdı. Əli ilə digərlərinə də yaxınlaşmaq barədə göstəriş verdi. Döyüşçülər təlimdə olduğu kimi bir-birlərindən müəyyən məsafədə səngər boyu mövqe tutdular. Keşikdə dayanmalı olan erməni əsgəri avtomatı qucağına alıb müşahidə məntəqəsinin divarına söykənib mürgüləyirdi. O biriləri isə iki-iki, üç-üç səngərdə, torpağın üstündə yan-yana yatmışdılar. Adamın onlara yazığı gəlirdi. Lakin… Komandir saatına baxdı, bir neçə dəqiqə də gözlədi. Sol əlini qaldırıb snayperçiyə keşikçini vurmaq barədə işarə etdi. İki ədəd əl qumbarasını səngərə, düşmən əsgərlərinin sıx yerinə tulladı. Həmin an da snayper gülləsi keşikçini yerə sərdi. Bu “hücum” əmri idi. Səngər boyu qumbaralar partlamağa başladı. Dığalar yuxudan tamam-kamal ayılmağa belə imkan tapmadılar. İgidlərimiz artıq səngərdə onları məhv edirdilər. Qaçmaq istəyənlər isə snayper gülləsinə tuş gəlirdilər.

Əməliyyat qısa müddətə və uğurla başa çatdı. İtkimiz yox idi, yalnız Leytnant Ağamalıyevin dizi daşa dəydiyi üçün yüngülcə zədələnmişdi. Düşmənin isə əlli nəfərədək canlı qüvvəsi məhv edilmişdi. Komandir onların leşlərini səngərdə səliqə ilə yan-yana düzmək göstərişini verdi. Sonra onların silah-sursatlarını götürüb postdan 30-35 metr kənarda təpənin arxasında mövqeləndilər. Bir qədər sonra baş leytnant Cəfərovdan məlumat gəldi: ”“KY13” kaftarlardan təmizləndi. İki nəfər yaralımız var. Onlara ilk tibbi yardım göstərmişik”. Təxminən iyirmi dəqiqədən sonra baş leytnant Aslanlı da raport verdi: “Tapşırıq yerinə yetirildi. Düşmənin sayı biz gözlədiyimizdən xeyli çox, səksən nəfərə yaxın idi. Onların çoxu ön cəbhədən qaçanlar idi. Bunu həmlədən qabaq müşahidə edərkən aydınlaşdırmışdıq. Çünki, aralarında çoxlu yaralı var idi… Təəsüf ki, itkisiz ötüşmək mümkün olmadı, gizir Əhmədov və əsgər Mehdizadə şəhid oldular. Üç nəfər yaralımız var, birinin vəziyyəti ağırdır”. Mayor Ələkbərov hər ikisinə mühafizəni təşkil edib gözləmək tapşırığı verdi. Özü isə qərargahla əlaqə saxlayıb vəziyyət barədə məlumat verdi. Yaralı və şəhidlərin təxliyyəsinin təşkil olunmasını xahiş etdi.

Artıq hava işıqlanmışdı. Gecəki sakitlikdən əsər-əlamət qalmamışdı, hər iki tərəfdən atılan mərmilər, raketlər vıyıltı ilə o tərəf- bu tərəfə uçurdu. Mayor düşmən tərəfdən atılan raketlərin uçuş trayektoriyasına diqqət yetirirdi. “İt uşağı, yaşayış məntəqələrimizi hədəfləyiblər,”- dedi. Çox əsəbi idi. Elə bu an baş leytnant Cəfərovdan məlumat gəldi: “Komandir, düşmən böyük qüvvə ilə üstümüzə gəlir”. Mayor binoklu götürüb təpənin üstünə qalxdı, kolluqların arasında yerə uzanıb müşahidə etməyə başladı. Uzaqdan gələn texnikaların əvvəlcə tozu, sonra isə özləri göründü. Onları saymağa başladı:

-Bir, iki, üç… üç ədəd tank, beş ədəd PDM, altı yük maşını… təbii ki, əsgərlə dolu… Lənətə gələsiniz!- sonra leytnantı səslədi,- Kənan, uşaqları qaldır, hərəkətə keçirik. Qərargaha da vəziyyət barədə xəbər ver. Artilleriya hazır olsun, verəcəyim koordinatları vurmaq lazım olacaq.

Nəzərdə tutduğu təpəyə çatmaq üçün dərə ilə azı üç yüz metr məsafəni qət etməli idilər. Üstəlik ağır zirehlərlə, çantalarla, silah-sursatla. Bu onları açıq nişangah edəcəkdi. Ancaq başqa heç nə ağlına gəlmirdi, köməyə tələsmək lazım idi. “KY17”-yə də məhz həmin təpəni aşaraq getməli idilər. Hadisələri bir qədər qabaqlamalı oldular.

-Qardaşlarım, igidlərim, ardımca!

Təpəyə maneəsiz çata bildilər. Həm “KY13”ə, həm də “KY14”ə gedən yol məhz bu təpənin cənub tərəfində haçalanırdı. Düşmən texnikaları “KY13”ə doğru istiqamət götürən kimi tanklardan atəş açmağa başladılar. Mərmilər “KY13”ün üzərinə yağırdı. Müşahidə məntəqəsinin qalıqları ətrafa səpələnirdi. Qulaqbatırıcı partlayış səsləri, yanğın, tüstü, toz… post cəhənnəmə dönmüşdü, göz-gözü görmürdü. Həmin yolun axırında, Cəfərovun dəstəsinin ələ keçirdiyi postun təxminən əlli metrliyində düşmənin bir PDM-i tüstülənirdi. Məsələ aydın idi, baş leytnant düşmənin çox güman ki, təminat gətirən texnikasını zərərsizləşdirdiyi üçün düşmən duyuq düşmüşdü. Yəqin vurulan PDM -dən qərargahlarına məlumat ötürə bilmişdilər.

Mayor dərhal düşmənin hərəkət etdiyi koordinatları qərargaha ötürdü və leytnantı yanına çağırdı:

-Kənan, biz düşmənin məkrli planını pozmalıyıq. Onlar üçün ikinci cəbhə açmalıyıq. Qoy mühasirəyə düşdüklərini düşünsünlər…- ani olaraq fikirləşib düzəliş etdi,- yox anlasınlar. Tez qumbaraatanın birini mənə ver, birini də sən götür. Arxadakı yük maşınını sən vur, lap öndə gedəni də mən. Uşaqlara da de hazır olsunlar, ilk növbədə pulemyot və snayperçilər. Əsl qisas məqamıdır, cəhənnəmə göndərəcəyik bu dığaları. Ancaq Cəfərov inciyəcək bizdən, onun ovuna şərik olduq.

-Komandir, ona da pay çatacaq, görün nə qədərdir bu şərəfsizlər,- leytnant da zarafatla cavab verdi.

-Haydı, başlayırıq. Atəş!

Ardıcıl olaraq şəxsi heyətlə dolu iki yük maşını partladıldı. Daha sonra PDMin ən qabaqda gedəni. Elə həmin an birinci tank da alovlanmağa başladı. Bu isə baş leytnantın düşməndə yaranmış çaşqınlıqdan məharətlə istifadə etməsinin nəticəsi idi. Lakin hələ ki, düşmənin hücumu davam edirdi. İndi ermənilər mayorun dəstəsinin mövqeləndiyi təpəni də vururdular. Yaralananlar da var idi…

Bir neçə dəqiqədən sonra topçularımız düşmən texnikalarını mərmi yağışına qonaq etməyə başladılar. “Bayrakdar TB2” də səmada, onların başı üzərində əzəmətli “Qorxulu yuxu” bəstəsinin növbəti notlarını yazırdı… Yol boyu ətrafa səpələnən erməni leşlərin sayı anba-an artırdı. Sağ qalanlar meyitləri və yaralıları atıb qaçmağa can atırdılar. Lakin bu mümkünsüz idi…

-Məni baş leytnant Cəfərovla calaşdır, – mayor rabitəçiyə göstəriş verdi. Rabitəçi “baş üstə”-deyib dəstəyi ona tərəf uzatdı.

-Buyurun komandir, Cəfəov xətdədir.

-Cəfərov, vəziyyət necədir?- deyə mayor soruşdu.

-İtkilərimiz var, yoldaş mayor. Üç şəhid, dörd yaralı. Birinin vəziyyəti ağırdır.

-Lənət olsun! Lənət olsun!..

-Komandir, sizdə vəziyyət necədir?

-Çavuş Muradovu, əsgər Talıblını itirdik. Altı nəfər yaralımız var. Lənət olsun!..

Şəhid və yaralıları götürüb mövqelərinə qayıtdılar. Bir azdan təminat və təxliyyə qrupları da gəldi. Su, təzə göyərti, meyvə, hətta isti yemək də gətirmişdilər. Onlarla gənc bir həkim də gəlmişdi. Komandirə yaxınlaşıb hərbi qaydada salam verdi:

-Salam, yoldaş mayor. Mən, hərbi həkim leytnant Elnur Misirxanlı sizin sərəncamınıza göndərilmişəm. İcazə verin şəhid və yaralıların təxliyyəsini təşkil edim.

-Salam qardaş, salam. Əlbəttə, buyur, nə lazımdırsa elə. Uşaqlar sənə kömək edərlər. Çalışın tez çıxın burdan, bizi hər an bobarduman edə bilərlər.

-Yoldaş mayor, mən sizinlə qalacağam.

-Bu çox təhlükəlidir, həkim,- komandir etiraz etdi.

-Komandanlıqdan rəsmi icazə almışam, yoldaş mayor. Mən Almaniyadan bunun üçün gəlmişəm,-deyə həkim cavab verdi.

-Almaniyadan? Orada təhsil alırdın?

-Xeyr, işləyirdim. Məndən başqa da çoxlu sayda qardaş-bacılarımız, o cümlədən tibb işçiləri xarici ölkələrdən könüllü olaraq Vətənə xidmət etməyə gəliblər. Komandir, bütün xalqımız ayaq üstədir. Baxın, bu ərzaqları bizə yol boyu veriblər. Kim necə bacarır, elə də döyüşür. Bu “Vətən Müharibəsidir!”- deyirlər… Yəni… mən qalıram.

-Yaxşı, olsun. Sən məni qürurlandırdın, həkim. Allah köməyin olsun, işini gör.

“KY17”- ölmək olmaz.

Birinci gecəni nisbətən rahat hərəkət edə bildilər. Ayın üzünü buludlar örtmüşdü, ulduzlar da sanki qeybə çəkilmişdi, qatı qaranlıq hökm sürürdü. Gecəgörmə cihazlarının köməyi işə yaramasa da düzənlik ərazini sürünərək keçə bilmişdilər. Minalanmış sahə də onlar üçün keçilməz olmadı. Hava işıqlanmağa başlayanda kolluq sahəyə çatmış, kəşfiyyatçı dronların nəzərini cəlb etməmək üçün kolluqların arasında gizlənmişdilər. Axşama qədər dincəlmək imkanı əldə etmişdilər. Hərçənd ki, döyüşlərin belə qızğın vaxtında sakitcə dayanıb gözləmək onların xarakterinə yad idi, lakin, bu onların döyüş üslubu idi- həm də müdrik… İkinci gecə yolları ayrılmışdi. Birinci dəstəsyə baş leytnant Dəyanət Aslanlı, ikinci dəstəyə isə mayor özü rəhbərlik edirdi. Təxminən bir saat sürünərək getməli olmuşdular. Nəhayət, təpəliklərin daha çox və daha hündür olduğu yerə çatmışdilar. Bu yerlərdən üzü qərbə dağ silsiləsinin başladığını da güman etmək olardı. Düzünə, yol ilə getsəydilər iki saata düşmən postuna çata bilərdilər. Bu isə çox təhlükəli idi. Həm də onlar postun arxasına keçməli idilər. Yolları daha bir kilometr, bəlkədə daha çox uzanmışdı. Səhər açılmamış pusqu qurub hücum etməli idilər.

Güman etmək olardı ki, üzü qərbə, cəbhənin dərinliklərinə getdikcə müşahidə postları bir-birilərindən daha aralı məsafədə yerləşir. Lakin, belə deyildi- xəritədə “KY17” ilə “KY18” arasındakı məsafə daha yaxın görünürdü. Yəni, erməni hərbi birləşmələri relyefə uyğun, həm də strateji məqsədlə mövqelənmişdilər.

Sonuncu yoxuşu qalxarkən həkim leytnant Ağamalıyevin axsadığını müşahidə etmiş və komandirə məlumat vermişdi. Sən demə daş parçası leytnantın sağ dizini ciddi zədələyibmiş. Həkim dərhal ona tibbi yardım göstərmiş, yalnız bundan sonra yollarına davam etmişdilər. Həm də, bunu gizlətdiyi üçün leytnant komandirdən tənbeh almışdı. Əslində heç belə fikri olmamışdı, sadəcə, ağrıların ötəri olduğunu düşünmüşdü…

-Allahü Əkbər! Ardımca igidlərim! Ana Vətən naminə! Hücuma keçirik!- komandir göstəriş verdi.

İlk olaraq komandir özü qumbaraatanla düşmənin müşahidə məntəqəsini vurdu. Məntəqə təpənin ən hündür yerində idi. Metal dirək üstündə quraşdırılmış pulemyot və ona bərkidilmiş projektor eyni anda oxu ətafında fırlana və aşağı-yuxarı hərəkət edə bilirdi. Hədəfi çox aydın görmək olurdu. Ona görə də özü ilk hədəf oldu. Pulemyotun arxasındakı əsgər də pulemyotla birlikdə parça-parça olub dərəyə doğru səpələndi. Döyüşçülərimiz əllərindəki qumbaraları səngərə tulladılar. Səngər boyu eyni anda baş verən partlayışlar düşməni çaş-baş saldı. İgidlərimiz dərhal səngərə atıldılar. Əlbə-yaxa döyüş başladı. Sağ qalanları bıçaqla, ya da qol gücünə məhv edirdilər. Dığalar itki verə-verə geriyə çəkilməyə başladılar. Komandir öndə gedirdi. Səngərin sonuna otuz-otyz beş metr qalmış dəmir qapı göründü. Komandirin qarşısında qumbara partlamağı ilə dəmir qapının danqıltı ilə örtülməsi eyni anda baş verdi. Leytnant həmin istiqamətə bir qumbara atdı, qumbara qapıya dəyib partladı və əks-səda verdi, ancaq qapı açılmadı. Komandir arxası üstə yerə, daha doğrusu leytnantın üstünə yıxıldı. Leytnant gücünü toparlayıb oturdu və komandirin başını dizləri üstünə qoydu. Onun sifəti qan içində idi, çətinliklə nəfəs alırdı. Qəlpələr onun boğazını deşmiş, ayaqlarını parçalamıdı.

-Həkim, tez bura gəlin,- deyə leytnant var gücü ilə cığırdı. Lakin… Komandir son gücünü toplayıb xırıltlı səslə: “İşimizi başa çatdır, komandir Kənan…”- deyə bildi.

Sanki Kənanın beyni tormozlanmışdı- heç nə eşitmir, heç nə görmürdü. Komandirin başını qucağına alıb hönkürürdü. Həkimin yalvarışları da onu sakitləşdirə bilmirdi…

-Leytnant Ağamalıyev, hücumu davam etdirin! Komandiri qoyun yerə, mən onu müayinə etməliyəm,- deyə bu dəfə həkim daha qətiyyətlə təkid etdi.

-Gecdir qardaş, komandir şəhid oldu.

İki nəfər döyüşçü də onlara yaxınlaşdı. Köməkləşib komandiri yerə uzatdılar. Döyüş isə davam edirdi. Yalnız indi fikirlərini toparlaya bilən leytnant qalxııb qəmir qapıya yaxınlaşdı, bağlı idi. Sonra geriyə dönüb qumbaraatanı istədi, qapını nişan aldı. Toz-torpaq, daş qırıqları ətrafa səpələndi… qapı açılmadı.

Müşahidə məntəqəsinin qalıqları alovlanıb yanırdı. Lakin onun arxa tərəfindən səngər minamyot atəşinə tutulurdu. Mərmilərin biri səngərin lap yaxınlığına düşdü. Partlayış dalğası səngərin kənarındakı torpağı onların üstünə tökdü. Daha bir mərmi isə səngərə, dəmir qapının iki addımlığına düşdü. Qapı deformasiyaya uğrasa da, yenə də açılmadı. Laikn, qaş və beton qırıqları onun qabağına tökülüb açılmaq ehtimalını daha da qəlizləşdirdi. Sanki döyüşün gedişatından ürəklənən düşmən əsgərləri gizləndikləri yerdən çıxıb hücuma keçdilər. Qabaqda gələnin əlində pulemyot, o birilərinin əlində avtomat, qumbara, qumbaraatan… Güllələri hara gəldi səpirdilər. Kənan snayperçilərə: “Bu kaftarları susdurun!”- deyə əmr etdi. Özü isə səngərdən çölə atılaraq iri bir sal daşın arxasına keçdi. Aralarındakı məsafə anba-an azalırdı. İlk olaraq sərrast atəşlə pulemyotçunun peysərini dağıtdı. Snayperçilər də digərlərini cəhənnəmə vasil edirdilər. Gözləmədikləri müqavimətə rast gələn düşmən əsgərləri yenidən yoxa çıxdılar.

Kənan: “Ardımca qardaşlar! Allahü Əkbər!”- deyə irəli şığıdı. Həkim də əlində avtomat onların cərgəsində idi. Düşmənin “yoxa çıxdığı” yerə çatdılar. Hər ehtimala qarşı atəşa ara vermirdilər. Orada da səngər və dəmir qapı var idi. Məsələ aydın idi. Erməni əsgərləri hər iki tərəfə çıxışı olan bunkerdə gizlənmişdilər. Arxa qapıdan üzü qərbə doğru uzanan səngər əlli-altımış metrdən sonra qurtarırdı, oradan isə enişə doğru pilləkənlərlə hərəkət etmək nəzərdə tutulmuşdu.

Arxa qapının yaxınlığında dayandılar. Kənan qapıya tərəf ardıcıl iki qumbara tulladı. Yenə eyni mənzərə ilə qarşılaşdılar. “Lənətə gələsiniz, it uşağı!”- bu dəfə snayperçi gizir Nuriyev dilləndi.

-Eybi yox, inallah onların axırına çıxarıq,- deyə Kənan cavab verdi. – Snayperçilər, əlli metr sağda və əlli metr solda mövqelənib gözləyin,- sözünə davam etdi,- Qardaşlar, siz bu dığaların leşlərini səngərə topalayın, əlimizə-ayağımıza dolaşmasınlar. Həm də ki, biz axı sivil ordunun əsgərləriyik, meyitlərdən qisas almırıq. Bu qapının cəftəsinə qumbara bağlayın, çıxmağa cəhd etsələr, xəbərimiz olsun. Qənimət silahları toplayın, gərəyimiz olacaq. Bu iş burada bitmədi, onlar hökmən hansı deşikdənsə çıxacaqlar. Gözümüz dörd olmalıdır. Rabitəçi hardadır? Dərhal qərargaha məlumat verməliyik. Həkim, qadan alım, yaralılarla məşğul ol. İtkilərimiz barədə məlumat ver ki, mən də qərargaha raport verim. Uşaqlar, buradan bacardıqca tez uzaqlaşıb münasib bir yer seçib gözləməliyik. Hər cürə həmləyə hazır olmalıyıq.

Artıq hava işıqlanmışdı. Yaralı və şəhid silahdaşlarını təxminən yetmiş metr kənardakı təpənin arxasına daşımışdılar. Təəssüf ki, komandirdən savayı daha dörd nəfər igidimiz şəhid olmuşdu. Yaralılar yeddi nəfər idi, əksəriyyəti qəlpə yarası almışdı. Məhv edilmiş dığaların sayı isə otuz səkkiz idi.

Seçdikləri mövqe təhlükəsiz idi, həm də düşmən tərəfdən edilə biləcək həmlənin qarşısını almaq üçün əlverişli idi. Artıq təxliyyə dəstəsi göndərilmişdi. Kənan “KY16” nın da dığalardan tam təmizləndiyi barədə məlumat almışdı. İndi bir qədər dincəlmək olardı. Sol cinahda mövqelənmiş snayperçidən məlumat gəldi: “Pilləkənlərin qurtardığı yerdə daha bir qapı aşkar edildi. Ermənilər bir-bir çıxıb, gizlənə-gizlənə üzü dərəyə doğru gedirlər”.

-Nəzarətdə saxlayın, hələ atəş açmayın. Gözləyək, hamısı çıxsın. Getdik kaftar ovyna, qardaşlar!- leytnant əmr verdi. Ehtiyatla hərəkətə keçdilər. Həkim arxadan Kənana çatıb qolundan tutdu: “Qardaş, sən axsayırsan, ayağın qan içindədir,- dedi,- Gözlə, ayağına baxım”.

-İndi bunun vaxtı deyil. Gedək, izimizi sona çatdıraq,- Kənan etiraz etdi.

Təxminən on beş nəfər olardılar. Əyilə-əyilə dərəyə tərəf qaçırdılar.

-İndi onları öz minamyotları ilə məhv edəcəyik. Haydı qardaşlar, başlayırıq,-Kənan ilk atəşi özü açdı. Bu dəfə düşmən müqavimət göstərməyə imkan tapmadı. Hamısı məhv edildi. Sonra onların izi ilə düşüb kontrol yoxlama əməliyyatı apardılar. Üçüncü qapı açıq idi, içəridə tam sakitlik idi. Kənan hər ehtimala qarşı qumbaraatanla içəriyə bir mərmi atdı. Tunelin divarı dağılıb giriş-çıxışı bağladı.

Həkim Kənanın ayağını yoxlayanda dəhşətə gəldi. Mayor Ələkbərovun şəhid olmasına səbəb olan qumbaranın qəlpələri Kənanın da ayağını dizə qədər bir neçə yerdən yaralamışdı. Vaxtında tibbi yardımın edilməməsi onun çoxlu qan itirməsinə səbəb olmuşdu.

Axşama yaxın təxliyyə və təminat qpupları gəldilər. Lakin, avtomobilləri beş-altı yüz metrlikdə saxlamışdılar. Yaralı və şəhidləri çiyinlərində aparmalı oldular. Yarası daha yüngül olanlardan iki nəfəri saxlamaq məcburiyyətində idilər, təcili yardım maşınında yer məhdud idi. Kənan qərar verməli idi. O, özünün və əsgər Tuncay Balaqardaşovun qalacağını elan etdi. Həkimin etirazları fayda vermədi.

Səhərə yaxın “KY16” nın fatehləri də gəldilər. Onların da sıralarında azalma var idi. İki şəhid və altı yaralı. Onları Milli Ordunun döyüşçüləri əvəz etmişdi. Axşama qədər dincəlib gecə yenə növbəti “ova” çıxacaqdılar.

Kənan indi özünü daha gümrah hiss edirdi. O da yoldaşları ilə növbəti tapşırığın icrasına getmək istəyirdi. Lakin baş leytnant Aslanlı buna qəti etiraz etdi. Milli Ordunun döyüşçüləri gəlib postu təhvil götürənə qədər “KY17” nin mühafizəsi leytnant Kənana tapşırıldı. Yaralı əsgər Tuncay da onunla qalacaqdı.

Payız günəşinin şüaları əvvəlcə üzünə sığal verirdisə də, indi daha çox gözlərinə qıcıq verməkdə maraqlı idi. Üzünü əks tərəfə çevirib bir qədər də yatmaq istədi. Ancaq harada olduğunu dərk edən kimi qalxıb oturdu. Həm də çiynində bərk ağrı hiss edirdi. Görünür sağ çiyni üstə çevrildiyi üçün yarasına xətər yetirmişdi. Ətrafa boylananda Kənanı ayaq üstə var-gəl edən gördü.

-Sabahınız xeyir, komandir,- deyə onu salamladı.

-Salam əsgər. Aqibətin xeyir olsun, necəsən?

-Siz yaxşı olun, komandir. Şükür Allaha, yaxşıyam.

-Yaxşı ol, yaxşı ol. Bu çox vacibdir. Çiynin əziyyət vermir?

-Boş şeydir, komandir. İndi yaxşııyam.

– Elə isə, qalx, yuyun. Bir az toqqamızın altını bərkidək, işimiz çox olacaq. Gərək əvvəlcə buranın müdafiəsini təşkil edək. Bu goreşənlərə bel bağlamaq olmaz. Qəflətən hardansa pırtlayıb çıxa bilərlər.

Tuncay əl-üzünü yuyub Kənanın yanına gəldi. Kənan təxminən beş-alltı kilometrlikdə görünən o qədər də hündür olmayan dağı göstərib soruşdu:

-O dağı görürsən? Yaxşı-yaxşı bax. Dığaların bayrağıı da görünür.

-Bəli komandir, görürəm. Amma… hə, gördüm. Bayrağa oxşayır.

-Qardaşlarımız indi oraya gedirlər. İnşallah, sabah, ya biri gün o zirvədə bizim bayrağımız dalğalanar!

-İnşallah!

– Çox çətin döyüş olacaq.Yəqin ki, buradakı vəziyyətdən artıq məlumatlıdırlar. Müdafiəni gücləndirib daha ayıq-sayıq olmağa çalışacaqlar.

-Kaş ki, biz də onlarla gedərdik, komandir.

-Hə, elədir. Əslində mən Laçına, Şuşaya qədər, zəfər çalacağımız günə qədər qardaşlarımla bir yerdə döyüşəcəyimə ümid edirdim. Ancaq, nə etmək olar, taledir… Hələlik bizə bu postu qorumaq tapşırığı verilib. Bu tapşırığı yerinə yetirək, sonrası… Allah Kərimdir, baxarıq görək nə olacaq. Gedək, səhər yeməyimizi yeyək. Yağımız, pendirimiz, soyutma yumurtamız, termos çayımız, tərəvəzimiz, toyuq ətinin qızartması… maşallah, hər şeyimiz var. Hələ konservləri demirəm.

-Elədir, komandir. Ancaq, ocaq üstə qaynadılmış bulaq suyunun çayı nə ləzzət verərdi…

-Həəəə… maşallah, iştahan yaxşıdır. Onun da vaxtı gələr inşallah. İndi ocaq qalamaq olmaz. Qətiyyən olmaz. Heç kibrit də yandırmaq olmaz, nişangaha çevrilərik. Müharibənin öz qanunları var…

Səhər yeməyindən sonra bir-birlərinə kömək edib yaralarının sarğısını dəyişdilər. Yenə sakitlik pozulmuşdu. Yenə top mərmiləri, raketlər o tərəf-bu tərəfə uçurdu. Erməni tərəfdən atılan raketlər daha uzağa istiqamətlənmişdi. Yenə yaşayış məntəqələrimizi hədəf götürmüşdülər.

-Görürsən, şərəfsizlər yenə dinc əhaliyə hücum edirlər. Ora bax, orada ki, bizim döyüşçülər yoxdur. Görürsən, buradan bizim mövqelər necə aydın görünür? Bəs bunlar hara tuşlayıblar o raketləri? Alçaqlar! Qaniçənlər!..- Kənan çox əsəbiləşmişdi. Belə məqamda Tuncay nə edəcəyinə, komandiri necə ovudacağına qərar verə bilmirdi. Əslində özü də gərginlik içində idi. Qeyri-adi bir gücə malik olmaq, bir anın içində Ermənistan Ordusuna məxsus bütün hərbçiləri, onların silah-sursatlarını, anbarlarını, hərbi texnikalarını məhv etmək istəyirdi.

-Yaxşı… gedək işimizlə məşğul olaq,- nəhayət ki, Kənan qərar verdi,- Düşünmürəm ki, bu postu geri almaq indi onların yadına düşsün. Qorxularından giriblər dəlmə-deşiklərə. Əsl məqamdır.

Kənan ərazini bir daha nəzərdən keçirib əlindəki çubuqla torpağın üstündə cizgi çəkdi.

-Bura ermənilərin gələcəyi yol, bura müşahidə məntəqəsi, bax bu onlanın qazdığı səngər, bura isə bizim dayandığımız yerdir,- sonra yenidən yola tərəf boylandı, cizgiyə əlavələr edə-edə izahata davam etdi,- biz yolun yoxuş hissəsi başlayanda, bax bu sərt döngədə tələ quracağıq. Əlimizdə olan məsafədən idarə olunan yeganə partlayıcı qurğunu bu döngədə gizlədəcəyik. Üzü yoxuşa, yəni posta doğru daha bir necə yerdə partlayıcılar quraşdıracağıq. Bizdə çoxlu sayda mərmi və qumbaralar var. Bir-birlərinə bağlamaqla partalyışın dağıdıcılıq qabiliyyətini artıracağıq. Bunun üçün bizə uzun məftil, naqil, yaxud da ki, kəndir lazım olacaq.

-Komandir, məftili hardan tapacağıq?- Tuncay tərəddüdlə soruşdu.

-Həəə, bax elə bundan da başlayacağıq. Ərazidə axtarmaq lazım gələcək. Əgər məftil, ya da naqil tapa bilməsək, özümüz kəndir düzəltməli olacağıq. Görürsən ərazidə nə qədər cır-cındır var? Dığaların paltarlarının ətrafa səpələnmiş cırıqları. Hələ leşlərinin üstündə nə qədər var…

-Komandir, o leşlərə yaxın getmək mümkün deyil, hamısı şişib, üfunət qoxuyur…

-Yox əşşi, sözgəlişşi dedim. Ona ehtiyac qalmayacaq. Biz meyitləri soyundurmuruq, təhqir etmirik. Biz şərəfli Azərbaycan Ordusunun əsgərləriyik… Bax belə, qardaşım. Nə deyirsən, başlayaq?

-Siz əmr edin, komandir! Mən dərhal axtarışa başlayıram. Ancaq ki, komandir, sizə çox hərəkət eləmək olmaz. Ayağınızın yarası qanayar, ağırlaşma baş verər,- deyə Tuncay fikrini bildirdi.

-Sənin də çiynin yaralıdır da, onda neyləyək, müdafiəmizi təşkil etməyək? O taxta parçasını mənə ver, özümə əl ağacı düzəldəcəm. Sən başla. Ehtiyatlı ol, ən vacibi budur.

-Baş üstə, komandir.

Işləri üç saata yaxın davam elədi. Hər qumbaraya iki minamyot mərmisi bərkitmişdilər. Sonra bir-birindən on-on iki metr məsafədə yolun kənarında elə yerləşdirmişdilər ki, partlayış zamanı qəlpələr mümkün qədər uzaq məsafəyə yayılsın, həm də yaxınlıqdakı texnikaya ciddi zərər yetirə bilsin. Onları elə əlaqələndirdilər ki, kəndirin sonundan dartan kimi qumbaralar partlayacaq, mərmiləri da partladacaqdı. Bunu isə pusquda dayanacaq Tuncay etəmli idi. İşarəni Kənan verəcəkdi, qumbaraatanla öndəki texnikanı vurmaqla. Sonra məsafədən idarə olunan partlayıcı partladılacaq və düşmənlər pulemyot atəşinə tutulacaqdı. Bunu da Kənan edəcəkdi. Tuncay isə müxtəlif məsafələrdə topalayıb saxladıqları qumbaraları bir-bir düşmən tərəfə atacaqdı. Ancaq bu işi sol əli ilə etməli idi, sağ çiyni işləmirdi. Çox sevdiyi snayper tüfəngini neçə dəfə çiyninə sıxıb atəş açmağı məşq etmişdisə də, alınmamışdı. Barmaqlarını hərəkət etdirə bilirdi, hətta, yüngül yük də götürə bilirdi. Lakin, hər dəfə qolunu hərəkət etdirəndə çiynində kəskin ağrı hiss edirdi. Buna baxmayaraq təpənin üstündəki yulğun ağacına bərkitdikləri avtomat silahın tətiyinə bağladıqları kəndiri dartmaqla atəşi təmin edəcəkdi. Bununla da düşməni çaşdırmağa, saylarının çox olduğuna inandırmağa və onlarda vahimə yaratmağa çalışacaqdılar. Əgər düşmən yalnız bir texnika ilə gələrdisə, yalnız bir partlayışla kifayətlənəcəkdilər. Kənan əvvəlcə qumbaraatandan, sonra pulemyotdan istifadə edəcək, Tuncay isə bir neçə qumbara tullamaqla kifayətlənəcəkdi. Komandirə bu qərarı barədə heç nə deməsə də, Tuncay, lazım gələrsə, qənimət götürdükləri avtomatı sinəsinə sıxıb düşmən üzərinə şığıyacaqdı. Lap çiynindən qan axa-axa da olsa bunu edəcəkdi. Avtomatı sol çiynunə sıxası olsa da… Bilirdi ki, komandir buna icazə verməyəcək, ona görə də bu qərarı sirr olaraq saxlayırdı. Özünü elə göstərirdi ki, guya sadəcə məşq edir, avtomatı sol çiyninə basıb nə gəldi nişan alırdı.

-Milli Ordunun döyüşçüləri axşam qaranlıq düşəndə gələrlər yəqin ki. İndi gəlmək çox təhlükəlidir. Ermənilər hara gəldi raket atırlar. Həm də hələ ki, yollara nəzarət edə bilirlər. Yaxşı ki, Hava Hücumundan Müdafiə qurğularımızın köməyi ilə o raketlər havada ikən partladılır. Hələ ora bax, buradan da görünür. Görürsən, bir-birinin ardınca necə partlayırlar?- Kənan nəzərlərini səmadan çəkmədən sual verdi. Tuncay da həmin istiqamətə baxdı və “görürəm” deməklə olayları təsdiqlədi.

Günorta naharından sonra özləri üçün kölgənəcək düzəltmək qərarına gəldilər. Düşmən sığınanacağının ətrafa səpələnən qalıqlarını topalayıb dünəndən mövqeləndikləri yerə gətirdilər.

Alaçığabənzər bir çardaq düzəltdilər. Torpağı hamarlayıb dığaların nimdaşlarını yerə döşədilər. Üstündən isə öz çadırlarını sərib uzandılar. Bir qədər darıxdırıcı sükutdan sonra Tuncay yerində qurdalanmağa başladı.

-Nə olub əsgər, çiynin ağrayır?- deyə Kənan soruşdu.

-O öz yerində ey, komandir, artıq alışmışam. Ancaq, məni rahat buraxmayan o qədər suallar var ki, çiynimin ağrısı onların yanında heç nədir…

-Döşə gəlsin, imkanım çatan qədər cavab verməyə çalışaram.

-Fikirləşirəm ki, görəsən bu ermənilər niyə bu qədər nankordurlar? Niyə öz həyatlarını da, bizim həyatımızı da bu qədər rahatsız edirlər?..

-Ağzında “nankor” deyirsən. Elə ona görə də,- Kənan bir qədər fikirləşib davam etdi,- Elə bilirsən bunlar özbaşınadırlar? Ya öz güclərinə güvənib hərəkət edirlər? Əsla yox. Bunların boğazına yal atıb bizim üstümüzə hürdürən daha qorxulu qüvvələr var.

-Onu bilirəm ey, bəs bunların düşüncəsi yoxdur, Allahdan qorxmurlar?

-Olsaydı, belə etməzdilər. Qəlblərində Tanrı xofu olsaydı, belə etməzdilər. Bunlar şeytandırlar, iblisdirlər, goreşən kaftardırlar. Ətrafa nəzər sal, gör bir dənə də olsa salamat tikili qalıb? Qəbirləri belə eşib-dağıdıblar… Dünya yarandığı gündən od içində yanır. Zamanın gedişatını öz xeyirlərinə dəyişmək istəyən zalım qüvvələr həmişə belə başıboş ünsürlərdən istifadə edirlər. Onlar üçün xüsusi idealogiyalar hazırlayır, xalqları bir-birlərinə qırdırırlar… Başqa sualın var?

-Komandir, siz evlisiz?- Tuncay verdiyi sualdan sanki utanırmış kimi mövzunu dəyişməyə çalışdı.

-Evliyəm, beş yaşında oğlum da var.

-Bəs sən necə, evlisənmi?

-Mən hələ yox. Amma…

-Amma gözaltın var, hə?

-Nişanlanmışam. Gələn ay toyum olacaqdı…

-“Olacaqdı” nədir? Olacaq, inşallah! Kənd toyu olacaq, ya şəhər? Yəni ki, hətətdə, ya şadlıq sarayında?

-Həyətdə, dədə-baba qaydası ilə.

-Nə gözəl! Məni də özünə sağdış götürərsən?

-Əlbəttə, komandir, bu mənim üçün böyük şərəf olar.

-Nə şərəfbazlıqdır qardaş, səndən artıq oğlanın sağdışı olacam? Deməli danışdıq, sağdışın mənəm.

-Söz!

-O zaman, mənim də səndən bir xahışim olacaq.

-Buyurun, komandir.

-Bax bu pulu görürsən? Həmişə köynəyimin döş cibində gəzdirirəm. Mənim bir dostum var, tar müəllimidir, oğlum Hüseynin kirvəsidir. Söz verib ki, oğluma tar çalmağı öyrədəcək. Özünün də həvəsi var ey… Nə isə, işdir də, mənə nəsə olsa, bu pulu götürüb gedib o müəllimi taparsan. Adı Ayazdır- Ayaz İmranoğlu. Çox gözəl sənətçidir, gözəl müəllim, gözəl də insandır. Milli Musiqi Akademiyasında dərs deyir. Bu pulu verərsən ona, Hüseynə tar alar. O bilir kimdən almaq lazımdır. Danışdıq?

-Danışdıq ey, komandir. Axı…

-Bilirəm, bu məqamda, burada ölmək olmaz. Bu postu qorumalıyıq, bu strateyi əhəmiyyət kəsb edir… Hər ehtimala qarşı dedim.

Atrıq günəş bugünlük işini tamamlayıb dağların arxasına keçməyə başlamışdı, şəfəqləri közərib sönmək üzrə idi. Atışma səsləri də üzü qərbə doğru, sanki, günəşin izi ilə yerdəyişmə edirdi. Elə həmin səmtdən gələn başqa, qarışıq səslər bu ahəngi pozdu. Düşmən texnikaları dağların arasından çıxıb onlara tərəf irəliləyirdi. İrəlidə bir tank, ardınca üç PDM və bir yük maşını…

-Qalx qardaşım, gedək öz mövqelərimizə. Mənim işarəmi gözlə, tələsmə,- Kənan Tuncayı qucaqlayıb kürəyinə yüngülcə bir şillə vurdu,-özünü qoru.

-Komandir, Allah amanında!

Tanklar uzaqdan atəş açmağa başlamışdılar. PDM-lərdən də pulemyotların atəşi ara vermirdi. Ətraf od tutub yanırdı, güllələr viyilti ilə başlarının üstündən keçir, ya da torpağa sancılırdı. Bayaqdan iki-üç metrliyində dayanıb gözlərini Kənana zilləyən ilan da yoxa çıxmışdı. Kənan ona nə qədər “Ay ilan, ay Allahın heyvanı, yazıqsan, çıx get. Bir azdan burada həyat cəhənnəmə dönəcək”- desə də, ilan yerindən tərpənməmişdi. İlan getmişdimi, gülləyə tuş gəlmişdimi, məlum deyildi… Artıq gözləmək olmazdı. Kənan tətiyi çəkdi. Partlayışın zərbəsindən tankın qülləsi dərəyə yumbalandı. Sonra məsafədən idarə olunan partlayıcı ilə bir PDMi məhv etdi. Bu dəfə pulemyot işə düşdü. Kənan yük maşınının kabinasındakıları güllələyib mühərrikxananı, sonra kuzovu atəşə tutdu. Çadır dəlmə-deşik olduqca, çığırtı səsləri də artırdı, maşın alışıb-yanırdı. Kənanın yerini müəyyənləşdirmişdilər, indi güllələr ünvanlı hədəfə atılırdı. Tuncay nədənsə gecikirdi. İndi an məsələsi ən vacib amil idi. Və… nəhayət ardıcıl baş verən partlayışlar düşməni tamamilə sarsıtdı. PDM-lərdən biri dərəyə yuvarlandı. Düşmən əsgərləri silahlarını atıb qaçmağa başladılar… Daha heç kimi görə bilmirdi. Ölmüşdülərmi, gizlənmişdilərmi?- bilmirdi. İndi Tuncayın yanına tələsmək lazım idi. Əl ağacını götürüb axsaya-axsaya səngərin cənub tərəfinə- Tuncayın yanına tələsdi. Avtomat eləcə də qalmışdı. Əslində Tuncay indi onun arxasındakı xəndəkdə olmalı idi. Əvvəlki yerində, harada ki, partlayış yaratmaq üçün kəndiri dartmalı idi, orada da yox idi. Ətrafa göz gəzdirdi. Yuxarıda, düşmən tankının lap yaxınlığında hərəkətsiz vəziyyətdə üzü üstə uzanmışdı. Cəld onun yanına qalxdı. Ətrafına səpələnmiş müxtəlif ölçülü isti metal parçaları görünürdü ki, partladılmış tanka məxsus idi. Onlardan biri Tuncayın kürəyinə sancılmışdı, hələ də çox isti idi. Gödəkçəsinin kürək hissəsini , hətta Tuncayın da kürəyini yandlrmışdı. Kənan ehmalca metal parçasını dartıb çıxardı, yaraya əsgi parçası basıb elə həmin kəndirlə bağladı, onu arxası üzstə çevirdi. Tuncayda həyat əlamətləri hiss olunmurdu. Ancaq, kəndirin ucu ovcunda idi. Diqqətlə baxanda məlum oldu ki, kəndir bu yerdən qırılıbmış- kəndirin ucu hələ də tüstülənirdı. Deməli bu səbəbdən Tuncay yuxarıya, təhlükəli yerə qalxmışdı… Kənan ehmalca toz-torpağı onun sifətindən sildi. Çiyni qan içində idi. Başındakı dəbilqə də bir neçə yerdən çatlamışdı, qulaqlarında qan var idi. Nəbzi vurmurdu. Kənan onun çiynindən tutub çətinliklə aşağıya- səngərə sürüdü. Sonra ona süni nəfəs vermək üçün yaxasını açıb təlimat üzrə- əllərini qoşalayıb sinəsini basmağa başladı. Bir, iki, üç…

-Aç gözlərini qardaş! Xahiş edirəm, yalvarıram, aç gözlərini! Axı səni nişanlın, valideynlərin gözləyir… aç gözlərini…

…iyirmi beş, iyirmi altı…

-Aç gözlərini əsgər! Ölmək olmaz! Eşidirsən? Biz hələ xidməti borcumuzu sona çatdırmamışıq. Aç gözlərini, qalx ayağa, xidmətini davam etdir!..

Dağların arxasında, bayaq günəşin gizləndiyi yerdə qəribə bir atəşfəşanlıq yarandı. Səma al-əlvan rəngə boyandı. Mərmilər havada o tərəf-bu tərəfə uçur, partlayaraq vahiməli səslər yaradırdı…

-Aç gözlərini, ora bax! Sən də mən görənləri görməlisən, mənim kimi qürurlanmalısan, sənin buna haqqın var! Bax, Ermənistan Ordusunun növbəti silah-sursat anbarı da partladıldı. Deməli qardaşlarımız artıq oradırlar. Aç gözlərini qardaş! Sabah tezdən orada dığaların yox, bizim ay-ulduzlu, üçrəngli bayrağımızın dalğalandığını görəcəyik…

-İnşallah, komandir, inşallah!

     Son.

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəzər Universitetinin tələbələri Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş elmi sessiyada iştirak ediblər

AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri […]