Xəzər Universitetinin tələbələri Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş elmi sessiyada iştirak ediblər

AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, Xəzər Universitetinin müəllimi Hikmət Quliyev açıb. “Şairin yaradıcılığı təkcə poetik hadisə deyil, həm də milli düşüncənin, azadlıq ideyasının və mənəvi bütövlüyün bədii ifadəsidir”, – deyən Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığının ictimai missiya və miqyasına diqqət çəkib.

Sessiyada Folklor İnstitutunun əməkdaşları – “Dədə Qorqud” şöbəsinin müdiri prof. Ramazan Qafarlı, Folklor və Yazılı Ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi dos. Gülnar Osmanova, dos. Gülsümxanım Hasilova, dos. Şəbnəm Məmmədova, f.ü.f.d. Xalidə Məmmədova, fil.e.d. Mətanət Abbasova, fil.e.d. Oruc Əliyev, f.ü.f.d. Xuraman Kərimova, fil.e.d. Leyla Məmmədova və Cəmilə Novruzova müxtəlif məruzələrlə çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığının poetik xüsusiyyətlərinə, xalq ədəbiyyatı ilə əlaqəsinə və əsərlərindəki milli dəyərlərin roluna geniş aspektli baxış təqdim ediblər.

Tədbirdə Xəzər Universitetinin IV kurs tələbələri Nəzrin Şahsuvarlı və Fidan Bağırlı da çıxış edərək şairin yaradıcılığı barədə düşüncələrini bölüşüb və onun şeirlərindən nümunələr səsləndiriblər.

Qeyd edək ki, Nəzrin Şahsuvarlı və Fidan Bağırlı 2024–2025-ci tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda fil.e.d. Hikmət Quliyevin elmi rəhbərliyi altında təcrübə keçirlər. Təcrübə zamanı tələbələr nəzəri biliklərini müasir elmi yanaşmalar kontekstində tətbiq etmək və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ADPU Quba filialında professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib

29 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dillər və ədəbiyyatlar departamentinin təçkilatçılığı ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri görkəmli alim, şair və ictimai xadim professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ADPU Quba filialının […]