Rasim Qaracanın yeni hekayəsi
1981-ci ilin aprel ayında Bakı-Sumqayıt yolunda qəza baş verdi, tanınmış şair Vahid İbrahim həyatını itirdi. Cəmi 38 yaşı vardı, şöhrətinin pik nöqtəsində idi, kitabları Sovet bloku ölkələrinin hamısında çap olunmuşdu. Respublika Lenin Komsomolu Gənclər İttifaqqının 31-ci qurultayında təşkilatın Mərkəzi Komitəsinə üzv seçilmişdi. SSRİ-Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi. Titullarını saymaqla bitməz. Eyni zamanda, respublikada ən nüfuzli olan “Yeni səslər” ədəbi dərnəyinin rəhbəri idi. Elə dərnəyin növbəti məşğələsindən çıxıb Sumqayıtdakı evinə qayıdarkən yolda bu hadisə baş vermişdi.
Tənqidçi Tərlan Elşənoğlunun sözlərinə görə bu ölüm hadisəsi Azərbaycan poeziyasının inkişaf yolunda həlledici olmuşdu – Vahid İbrahim sərbəst vəzndə şeirlər yazır, dərnəyin məşğələlərində sərbəst şeiri, verlibr şeir formasını təbliğ edirdi. Gənc şairlərdən toplayıb jurnallarda, almanaxlarda çap etdirdiyi şeirlər də bir qayda olaraq yenə sərbəst vəzndə olurdu, bu da ölkə miqyasında poetik yaradıcılığa təsir edirdi – şeir yazmağa yeni başlayan, çap olunmaq üçün yollar arayan gənclər küləyin hansı tərəfə əsdiyini havadaca tutur və o istiqamətə yönəlirdi.
Bu fikirlərdə böyük həqiqət payı vardı, çünki o illərdə gənclərin ədəbi yaradıcılığı nüfuzlu gənclər təşkilatına – Lenin Komsomoluna həvalə edilmişdi. Vahid İbrahim də Lenin komsomolu mükafatını qazanmışdı, üstəlik gənclik şəhəri sayılan Sumqayıtda anadan olması onun hakim ideologiya yanında etibarını artıran səbəb idi. Onun ölümündən sonra dərnəyin rəhbərliyinə Əhməd İsmayıl təyin olundu. Əhməd İsmayıl aşıq qoşması, gəraylı üslubunda şeirlər yazırdı. Beləliklə, gənclərdən toplanan şeirlər ənənəvi qoşma, gəraylı üslubunda olmağa başladı, sərbəst şeirin eşşəyi öldü.
Əhməd İsmayıl da Lenin Komsomolu mükafatı laureatı idi. Yetimçiliklə böyümüşdü – beşikdə ikən atası müharibəyə yollanmış və geri qayıtmamışdı. Fəhlə-kəndli hökumətində şair olmanın tək yolu bu idi, – ya yetim olmalı, ya da fəhlə-kəndli ailəsində doğulmalıydın. Fəhlə ailəsində, sənaye şəhərində böyümüş Vahid İbrahimin şeirlərində zavod, fabrik bacalarından tüstülər çıxırdısa, Əhməd İsmayılın şeirlərindən yovşan qoxusu gəlir, kəklik-turac səsi eşidilirdi. Vahidin ölümündən sonra Azərbaycan şeirindən dəmir yollarının cingiltisi yoxa çıxdı, onun yerinə sahibsiz qapıları dimdikləyən ağacdələnlər və qara paltarlı qadınlar peyda oldu.
Sözü uzatmağa nə verirlər, qısacası, Vahid İbrahimin qəfil ölümü Azərbaycan poeziyasının strelkasını dəyişdi, kədər, qəm motivi önə çıxdı, şairlər o qədər göz yaşı tökdü ki, millət də romantikləşdi, ağladıqca qeyrətsiz oldu, cəmi 10 il keçəndən sonra bunun meyvəsini yedi, yəni müharibədə uduzdu. Görün ha, bir insanın vaxtsız ölümü tarazlığı pozan son damla oldu, yalan olmasın, axırda da imperiyanın dağılmağına gətirdi.
*
Həmin o aprel günündə zavallı şair Vahid İbrahim Sumqayıtdan durub gəlmişdi Sabir adına kitabxanaya, “Yeni səslər” ədəbi dərnəyinin məşğələsini aparmağa. Bir ay əvvəl anası vəfat etmişdi, sabah cüməaxşamı idi, evə qonaqlar gələcəkdi, buna görə də evə tez qayıtmalı, hazırlıq işləri görməliydi. Əslində kefsiz idi, dərnəyin məşğələsini aparmağa həvəsi yox idi. Ancaq gənc şairlərə söz vermişdi, növbəti almanax üçün şeirləri toplamalı, saf-çürük etməli, təcili nəşriyyata təqdim etməliydi. Bu işlərdə ona elə Sumqayıtda yaşayan iki gənc şairə kömək edirdi – Sənubərlə Solmaz. Onlar olmasa 250 səhifəlik almanaxı təkbaşına oxuyub çatdıra bilməzdi.
Tərslikdən elə həmin gün qanqaraldıcı bir hadisə oldu. Dərnəyin məşğələsi davam edir, Vahid İbrahim ruscadan tərcümə etdiyi yeni şeirləri oxuyurdu. Başqa vaxt olsaydı bu şeirlərin müəllifləri, onların ədəbi özəllikləri haqqında ən azı yarım saat danışardı, ancaq bu gün sözünü yığcam elədi, keçən səfərdən sıraya yazılmış gənc şairlər şeirlərini oxumağa başladı. Hər şeir oxunub qurtarandan sonra, müzakirə başlanır, dərnək üzvlərindən kim istəsə bu şeirlər haqqında fikirlərini söyləyir, ən sonda isə Vahid müəllim öz münasibətini bildirirdi. Növbə gəlib gənc şair Möhnət Köhnəyə çatanda mübahisə düşdü. Möhnətin şeirləri gəraylı üslubunda idi və şeirlərdən birində belə bir misra keçirdi: “Ot-ələf adamın dizinə çıxıb / Yar mənə nə üçün köndələn baxıb”. Vahid İbrahim heç özünə yaraşmayan tərzdə coşub özündən çıxdı, şeiri bir xeyli yamanladı, “aqrar təfəkkürün məhsulu” adlandırdı. Gözünə döndüyüm Möhnət Köhnə də tənqid olunan başqa uşaqlar kimi başını aşağı salıb yerində oturmaq əvəzinə, dikbaşlıq elədi, salonun ön tərəfinə keçib Vahid İbrahim haqqında nalayiq sözlər söyləməyə başladı:
-Ey gənclik, eşidin, bilin, bu Vahid İbrahim yalançının, fırıldaqçının biridir. Şair kimi bir köpüklük olmaması bir yana qalsın, insan kimi də ən axırıncı padlesdir, yaltağın yekəsidir, rüşvətxorun təkidir, mən bilirəm o kimlərdən pul alıb şeirlərini almanaxa saldırıb. Ona qulaq asmayın, onun sizin şeirləriniz haqqında dediyi sözlərin heç bir mənası yoxdur, çünki ədəbiyyatdan başı çıxmır, Lenin Komsomolu mükafatını da qohumbazlıqla alıb, bilirəm. Onun haqqı yoxdur belə mötəbər dərnəyə rəhbərlik eləsin, siz gəncləri yanlış yola sürükləsin. O, təkcə sizləri deyil, sizin timsalınızda bütün ədəbiyyatımızı, millli mənəvi varlığımızı uçuruma aparır. Bizə onun təbliğ etdiyi Avropa şeiri lazım deyil, bizim öz yolumuz, öz milli dəyərlərimiz var. Biz imkan verməməliyik ki kimsə bizim beynimizi yad ünsürlərlə doldursun, bizim əxlaqımızı pozsun. Ona inanmayın, dediklərinə aldanmayın…
Vahid İbrahim sakit təbiətli bir insan idi, Möhnət Köhnə danışdıqca yerində hərəkətsiz dayandı, heç bir qarşılıq vermədi, ancaq rəngi kağız kimi ağarmışdı.
Bundan sonra artıq heç kim şeir oxumadı, dərnək rəhbəri çantasını toplamağa başladı, dərnək üzvləri də səssizcə dağılışmağa başladı. Təkcə Sənubərlə Solmaz qaldı Vahid İbrahimin yanında. Sənubər:
-Fikir verməyin, Vahid müəllim, o Möhnət Köhnə avaranın biridir. Yaxşı şeirlər yaza bilmir, ona görə də acığını sizdən çıxır. – dedi.
Ancaq Vahid İbrahimin nıxtı batmışdı, özünə gələ bilmirdi. Bəlkə də həyatında qarşılaşdığı ilk belə haqsız hücum idi, nə edəcəyini bilmirdi. İfallı adam idi, həyatını yaxşı şeylərə həsr etmişdi, bu cür sərt döngələrə heç zaman hazırlaşmamışdı.
Nəhayət özünü topladı, qızlarla bilrlikdə Sumqayıta yollandılar. Kitabxanadan çıxıb əvvəlcə piyada Nizami heykəlinin arxasından şəhəriçi avtobusla köhnə avtovağzalın yaxınlığında yerləşən “Spartak” meydanına gəldilər. Buradan Sumqayıta “RAF”lar işləyirdi – Riqa Avtobus Fabrikinin istehsal etdiyi mikroavtobuslar. İndi necədirsə, o vaxt da avtobusların dəqiq hərəkət cədvəli yox idi, daha doğrusu cədvəl var idi, ancaq bu cədvələ əməl edən yox idi. Mikroavtobus sərnişinlərlə dolduqca hərəkət edirdi. O vaxtla Sumqayıta gediş haqqı cəmi 30 qəpik idi.
Yaşda böyük olduğuna görə qızlar Vahid müəllimi qabağa buraxdılar, lakin, necə basabas idisə sonda qızlardan biri avtobusa minə bilmədi, bunu görən Vahid müəllim və o biri qız da maşından düşdü, növbəti avtobusun gəlməsini gözlədilər. Konserva qapcağından düzəlmiş bu maşınlar – xalq arasında belə deyirdilər, – cəmi 11 nəfər sərnişin tuturdu, gözləyənlərin sayı isə bundan ən azı iki dəfə çox idi. Vahid İbrahim var gücünü səfərbər edib qızları avtobusa salmağa çalışdı, nəhayət buna nail oldu. Solmaz arxada, Sənubərlə Vahid İbrahim orta sırada, ikinəfərlik yerdə yanaşı otura bildilər.
“RAF” hərəkətə gəldi. Günorta saat 2 tamam olmuşdu. Hava günəşli və xəfif küləkli idi. O zamanlar avtobuslar Bakıdan Sumqayıta az qala bir saata varırdı. Bu saatda işlərini tamamlamış olması Vahid İbrahimin ürəyindən idi. Ancaq fələk onun üçün başqa sürpriz hazırlamışdı.
Biləcəri itiqamətinə çatanda maşının təkəri buraxdı. Sürücü sərnişinlərdən üzrxahlıq edib maşını yolun kənarına sürüb saxladı. Təkəri dəyişməklə məşğul oldu. Vahid İbrahim belə hallara adət etmişdi, ona görə də sərnişinlər maşını tərk edəndə yerindən tərpənmədi, qızlara da maşından düşməməyi tapşırdı. Qəza da elə o anlarda oldu.
LAZ markalı başqa bir avtobus yolun kənarında naqolay dayanmış mikroavtobusu ən son anda görmüş, əyləci basmış, lakin cəmi bir saniyə gecikmişdi. Bu mənzərəni seyr edən yerdəki sərnişinlər donmuş kadrlardakı kimi əllərini irəli uzadıb ağızlarını da heyrətlə açaraq LAZ-ın RAF-a çırpılma anını seyr edirdilər. Hətta ən son anda onların üz cizgilərində bu ifadə yazılmışdı: “Ay biləd, az qala dəymişdi”. Lakin sonrakı saniyədə bu toxunuş baş verdi, lap yavaş, yüngülcə bir təkan oldu, elə bir təkan ki qaldırıcı qurğu ilə havaya qaldırılmış RAF sadəcə silkələndi, qurğu devrilmədən yerindəcə sabit qaldı. Heç RAF-ın aliminium buferi zədələnmədi. Maşının çölündəki hər kəs dərindən ah çəkdi, sürücü bu xətadan yaxşı qurtulduğuna şükür etdi. Ancaq RAF-ın içində vəziyyət başqa idi.
İçəridəkilər yüngülcə silkələnmişdi. Heç kəsin halı pozulmamışdı. Hətta Sənubər nə baş verdiyini başa düşməmişdi, onsuz da bayaqdan təkər açılır, taqqatuk səsi gəlirdi. Bu səsin də onlardan biri olduğunu güman etdi. Lakin yanında oturan Vahid müəllimin başı birdən-birə qızın sağ çiyninə düşdü. “Vahid müəllim abırlı adamdı, nə üçün belə edir?” deyə düşündü, çiyninə düşmüş başı əliylə yüngülcə itələdi. Bu zaman gözlərinə inanmadı. Vahid İbrahimin bir az əvvəl ağzına qoyduğu bir tikə çorək qucağında tutduğu “diplomat” çantanın üstünə düşdü. Çörək qana bulaşmışdı.
Bu hadisədən 12 il keçəndən sonra Sənubər artıq tanınmış şair olan zamanlarda 425-ci qəzetə verdiyi müsahibədə olanları belə xatırlayırdı: “Hər zaman dərnəyin növbəti məşğələsindən çıxıb evə yollananda Vahid müəllimin dükandan bir buxanka çörək almaq adəti vardı, kəsib bir parça bizə də verərdi, özü də yeyərdi. Evdən kənarda, hər hansı kafedə və ya yeməkxanada yemək yeməzdi, bayırda yemək yeməməyi bizə də tövsiyyə edərdi.”
Sənubər haqalıydı. Ən aşağı maaşla yaşayan Sovet ziyalılarının çoxunda bu adət vardı, günorta naharını ya peçenye, ya da yavan çörəklə yola verər və ya evdən özləri ilə yemək gətirərdilər. Əks halda onlara verilən kiçik maaşla dolana bilməzdilər. Yazdıqca yadıma düşür, ürəyim ağrıyır. Sovetə yaxşı deyib həsbəndini çəkənlərin başına qusum.
“Diplomat” çantalar Sovet qulluqçu sinfini nişan verən atribut idi. 1970-ci illərdə ilk çıxanda yalnız imtiyazlı partiya işçiləri və vəzifəli şəxslərin belə çantaları olurdu. 80-ci illərdə artıq aşağı sinif dövlət qulluqçuları, məmurlar, jurnalistlər, hətta yazıçılar bu ümumi dəbə, “diplomat” çantalı imtiyazlılar dəstəsinə qoşuldu. “Diplomat” çanta hörmət və qorxu təlqin edirdi, yazılmamış qanunlarla onu daşıyan insanlar dövləti təmsil edirdi. 50-60 manat qiyməti olan bu çantanı almaqdan ötrü sovet ziyalısı aylıq maaşının üçdə-birini xərcləməli idi, üstəlik Azərbaycanda “doplomat” çantaları yalnız “Kubinka” bazarındakı alverçilərdən tapmaq mümkün idi, o da 2-3 qat bahasına. Lakin Vahid İbrahim çantaya pul verməmişdi, ona Lenin Komsomolu Mükafatı təqdim ediləndə çantanı hədiyyə etmişdilər. Həm də, hədiyyə edilən bu çanta adilərindən deyildi, dəri üzlü idi və içərisi də məxmər örtüklü idi. Buna görə də Vahid çantanı göz bəbəyi kimi qoruyur, çızılmasını, ləkələnməsini itəmirdi, avtobusda oturanda da qucağında saxlayırdı. Ancaq haradan bilsin, bu çanta onun ölümünə səbəb olacaqdı.
Avtobusun təkərini dəyişəndə Vahid İbrahim yerindən tərpənmədi, fürsətdən istifadə edib çantasını açdı, elə çantanın içindəcə əliylə çörəyin qırağından kəsdi, qızlara təklif etdi, ancaq onlar istəməyincə, çantanın ağzını bağlayaraq kəsdiyi tikəni ağzına qoydu. Cəmi üç çeynəmdən sonra təkan baş verdi. Vahid İbrahimin qucağında tutduğu çanta ən yaxşısından idi – dəmir karkaslı. Qucağında üfiqi vəziyyətdə tutmuşdu, çanta öndəki oturacağa dirənərək qarnını sıxışdırmış, təkan baş verəndə isə çantanın təzyiqi artmış və qara ciyəri partlamışdı.
Sənubərin qışqırığı içəridə olanların qulağını batırdı. Hamı təlaşla köməkləşdi, şairi maşından qırağa çıxartdılar. Ağzından qan daşır, boğularaq nəsə deyirdi. Yoldan keçən maşınlardan birini əylədilər. Sənubər və Solmaz müəllimin çantasını, almanax üçün hazırlanmış şeirləri və başqa əşyalarını götürməkdən ötrü avtobusa qayıtdılar, geri dönəndə artıq naməlum adamlar Vahid İbrahimi xəstəxanaya aparmışdılar. Qızlar həyəcanlı idilər, ilk anda nə edəcəklərini bilmədilər. Solmaz qorxmuşdu, ağlamsınaraq evə getmək istədiyini deyirdi. Sənubər onu inandırmağa çalışırdı:
-Müəllim yaralıdır, bəlkə köməyə ehtiyacı olar, gedib onu tapmalıyıq!
-Axı hansı xəstəxanaya aparıldığını bilmirik.
-Eybi yox, soraqlaşıb taparıq, yəqin ki Semaşkoya aparıblar. Ora gedərik.
-Axı pulumuz da yoxdur…
Ancaq Sənubər artıq dinləmək istəmirdi. Çevrilib yoldan keçən maşınlara əl etməyə başladı.
Deyəsən çox vaxt keçdi. “RAF” təkərini yerinə taxıb getmişdi. 18-19 yaşlarda iki qız yoldan keçən maşınlara əl edirdi. Əyinlərində o vaxtın dəbinə uyğun qısa ətək vardı, Sənubərin, tombulca olan qızın saçları “Kare” biçimində kəsilmişdi. O biri qız, Solmaz arıq, saçları da anadangəlmə qıvrım idi. O illərdə Laima Vaikule saç və geyim tərzi populyar idi və Sənubər də saçlarını ona uyğun olaraq “kare” üslubunda kəsdirmişdi, ona çox yaraşırdı.
Nəhayət bir maşın saxladı, – su maşını. ZİL markalı, arxasında çəni olan bir maşın idi. Qızlar heç bir söz demədən kabinəyə mindilər. Sürücü cavan bir oğlan idi, gülümsər sifəti vardı, saçları qıvrımdı. Sənubər izah etdi:
-Avariya oldu, müəllimimiz yaralandı…, bizi xəstəxanaya çatdır!
-Baş üstə, siz hara desəniz mən də ora sürəcəm… Sumqayıta, “dom”lara su aparıram, eybi yoxdu, onlar bir gün susuz qalsalar heç nə olmaz…
Sənubərin, bu gözəl qızın “bizi xəstəxanaya çatdır!” əmrində elə bir güc vardı ki, sürücü istəsəydi də əksini edə bilməzdi. Qızın başı nə qədər lovlu olsa da bir an diqqətini sürücünün üzündə cəmləşdirdi, yaraşıqlı oğlandı, hava sərin olsa da futbolkada idi, günəşdə yanmış güclü qolları, əzələli sinəsi, şümal boynu vardı. Dərd içində olmasına baxmayaraq bu oğlanı qucaqlamaq istəyi keçdi könlündən:
-Adım Sənubərdi, rəfiqəmin də adı Solmaz.
Sağ tərəfində oturan Solmazdan bir dürtmə gəldi, oğlanınsa üzünə günəş doğdu, sinəsi enib qalxdı, dərindən bir ah çəkdi:
-Mənim də adım Əhməddir.
-Çox şad oldum… Ancaq, Əhməd, maşını çox təhlükəli sürürsən.
-Qorxma, xanım, sizi sağ-salamat çatdıracam istədiyiniz yerə.
Macəra belə başladı. Şəhəri fır-fır fırlanmağa başladılar. Əvvəlcə Semaşko adına xəstəxanaya getdilər, oraya belə bir xəstənin gəlmədiyini dedilər, oradan Respublika xəstəxanasına, daha sonra 5 nömrəli xəstəxanaya yollandılar. Vahid İbrahimi heç yerdə tapa bilmədilər. Yorulub əldən düşdülər. Artıq axşam düşmüşdü, Solmaz təşviş içində idi, evə necə qayıdacaqlarının fikrini edirdi.
-Əhməd, bizi “Spartak” stadionunun yanına apararsan?
-Yox, “Spartak” meydanının yanına apara bilmərəm… – qızlar quruyub qaldılar, bu qədər yaxşılıqdan, fədakarlıqdan sonra Əhməddən bu cavabı gözləmirdilər, – Sizi düz Sumqayıta, evinizə qədər aparacam, – Əhməd sözünü tamamladı. Bir an Vahid İbrahimi unutdular, gülüşmə qopdu.