05 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının akademik heyəti Xəzər Universitetində qonaq olub. Səfər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və tədris təcrübəsinin paylaşılması məqsədilə həyata keçirilib.
Görüş “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında tədris olunan fənlər üzrə təcrübə proqramı çərçivəsində təşkil olunub. Təcrübə proqramının təşkilini Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova həyata keçirib. O, qonaqlara adıçəkilən ixtisas üzrə tədris planı və proqramları, fənlərin təlim nəticələri, akademik heyətin dərs yükü və digər müvafiq məsələlərlə bağlı ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Görüş çərçivəsində qonaqlar Xəzər Universitetinin rektor vəzifəsini icra edən professor Məhəmməd Nuriyev və Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekan vəzifəsini icra edən Aygün Verdiyeva ilə də bir araya gəlib, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Təcrübə iştirakçıları həmçinin Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzini və Nailəxanım İsaxanlı adına Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Qeyd edək ki, təcrübə proqramı 5–12 may tarixlərini əhatə edir. Bu müddət ərzində iştirakçılar ixtisas fənlərinin tədris prosesində bilavasitə iştirak edəcək, eləcə də fənn üzrə metodiki və pedaqoji müzakirələr aparacaqlar.