Səfiyyə Abzərova. Oruellin dünyasında səssizə alınmış fəryad

Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq.

Bir dünya düşünün ki, orada hər bir sözünüz, baxışınız, iç səsiniz belə nəzarət altındadır. Burada insanlar yalnız öz hərəkətlərinə görə deyil, düşüncələrinə görə də cəzalandırılır. Sevgi cinayət, azad düşüncə isə ölüm hökmü ilə nəticələnir. Burada həqiqət, xatirə, keçmişin izləri yoxdur. Həqiqət hər gün yenidən yazılır, dünən olanlar isə heç olmamış kimi unudulmağa məhkumdur. Bura elə bir yerdir ki, iki üstəgəl iki bəzən beş edir və siz buna inanmağa məcbursunuz. Azadlığından, hisslərindən məhrum edilmiş şəxs insandırmı? Belə bir dünyada insan qalmaq mümkün olarmı? Yoxsa sadəcə adımıza “insan” deməyə davam edərik?

Corc Oruell “1984” romanında məhz belə bir dünyanı inandırıcı boyalarla təsvir edir. Ona görə inandırıcı ki, yaşadığımız dünyada hər gün onun təsiri daha çox duyulur…

Oruellin romanda təsvir etdiyi Okeaniya dövləti sərt və amansız qanunlarla idarə olunur. Burada yaşayan vətəndaşların heç bir hüququ, yaxud şəxsi həyatı mövcud deyil.

Romanın əsas ideyalarından biri “Fikir cinayəti” anlayışıdır. İnsanın düşünməsinə belə nəzarət edən Okeaniya dövlətində təkcə yanlış söz demək yox, hətta rejimə qarşı bir düşüncəyə sahib olmaq belə insanı məhv edə bilər. Oruellin romanında fərd yoxdur. Düşüncəsi, duyğuları, mimikaları, nəhayət azadlığı əlindən alınan robotlaşdırılmış itaətkarlar var və bu şüursuz varlıqlar partiyanın yaratdığı həqiqətə uyğunlaşmağa məcburdurlar. Onlar üçün iki üstəgəl iki lazım gəldikdə beş də edə bilər və onlar bunu asanlıqla qəbullanırlar. Bir insan eyni anda həm bir şeyə inanmalı, həm də onun əksini bilə-bilə doğru kimi qəbul etməlidir. Bu isə ağlın və ürəyin birgə sükutu demək idi. Düşünün, bir yalanı həqiqət kimi qəbul etməyə, mənimsəməyə və bu şəkildə yaşamağa məcbur edilirsiniz. Bu zaman artıq insan düşüncəsi, duyğuları və iradəsi üzərində tam bir işğal həyata keçirilmiş olur. Duyğularını, fərdiliyini itirmiş insanlarda “Böyük qardaş”a qarşı “sevgi” yaranır. Bu “sevgi” isə əslində duyğusuzluğun ən qorxunc obrazı idi. Bu situasiya məni bəzi suallar üzərində düşünməyə vadar etdi: “Yaşadım deyə bilmək üçün insanın sadəcə nəfəs alması yetərlidirmi?” Və ya başqa bir sual: “ Əgər düşüncələrim mənə aid deyilsə mən kiməm?”

Qorxu və təzyiq altında qalan bir insan nə qədər özünə sadiq qala bilər? Romanın əsas qəhrəmanı Uinstonun üsyanı, mübarizəsi də elə buradan başlayır. Oruellin qurğuladığı rejimin güclü idealoji silahı hesab olunan “Yenidil”in əsas məqsədi dövlətin idealogiyasına yad fikir və sözləri dildən çıxararaq fikrin hüdudlarını mümkün qədər daraltmaq idi. Axı hər bir söz bir hissin daşıyıcısıdır; bir insan “azadlıq”, “sevgi”, “ümid” kimi sözləri itirdikdə bu hisslərin özünü də itirməyə başlayır. Uinston isə fikirləşmək imkanının minimuma endiyi bir vaxtda düşünməklə, duyğularını yaşamaqla və sevməklə bu amansız rejimə qarşı çıxmağa çalışır. “Sözünü heç kimə eşitdirə bilmirsən, amma ən azı normal insan kimi qalırsan”. Bu cümlə onun iç dünyasının, səssiz üsyanının hayqırtısı idi. Uinston Smit anlayırdı ki, təkcə sağ qalmaq deyil, həm də insan qalmaq əsasdır — hətta daxili azadlığın son izlərini qorumaq bahasına olsa belə. Keçmişi xatırlamaq, düşünmək, duyğularını yaşamaq onun üçün həyatda qalmaq demək idi. Axı insan təkcə yaşadıqları ilə yox, həm də düşündükləri, xatırladıqları, hiss etdikləri ilə var olur.

Özü ilə eyni yerdə çalışan Culiya ilə tanış olduqdan sonra Uinstonun həyatı dəyişir. O artıq bu mübarizədə tək deyildi. Onlar etirazlarını ifadə etmək üçün yollar axtarırlar. Nəhayət, xilas yolunu sevgidə tapırlar. Saf insani duyğularla, sevgi hissini yaşamaqla insanlığı əzən rejimə meydan oxuyurlar. Lakin bu meydan oxuma uzun çəkmir. Oruellin ütopik dünyasının ən müqəddəs üsyanı — sevgi məğlub olur. Partiya onları bir-birlərindən, sevgilərindən və özlərindən ayırır. Üsyanın qəhrəmanları ölmədilər, amma yaşamadılar da. Axı sevgi insanı hər şeydən əvvəl özünə yaxınlaşdırır, ona həqiqi kimliyini hiss etdirir, daxili azadlığa yol tapır. “1984”də isə Uinston və Culiya üçün sevginin belə bir anlamı qalmır. Onlar Böyük qardaşı “sevərək” təslim olurlar, daha da dəhşətlisi — özlərinə yadlaşırlar. Bir zaman bir-birlərinin ən yaxın dayağı, dəstəkçisi olan bu qəhrəmanlar indi tamamilə yad insan kimi son dəfə görüşürlər, zamana və rejimə məğlub şəkildə ayrılırlar.

Sevgini insanlıq mübarizəsi kimi qəbul edən, savaşan və zamana yenilən bu qəhrəmanların eşq hekayəsi, mənə görə, bir çox kədərli məhəbbət romanlarından daha kədərli, bir çox məğlub olmuş mübarizələrdən daha anlamlı, daha qalibdir. Necə ki, Uinston deyir: “Əgər hiss eləsən ki, heç nəyi qoruya bilməsən də, insan kimi qalmağı bacarırsan, onda onları məğlubiyyətə uğratmış olursan”. Bu hekayə mənə Ludovico Einaudinin “Una Mattina” melodiyasını xatırladır. Pianonun tək-tək, zərif notları ilə başlayan melodiya sanki bir oyanışı əks etdirir (una mattina — bir səhər). Uinstonun içindəki səsin, duyğuların ilk baş qaldırışları. Aramla yüksələn, həyəcanlı, amma ehtiyatlı və ümidli. Melodiyanın yavaş-yavaş yüksələn, enib-qalxan notlarında onun savaşı, azadlıq adası yaratmaq cəhdi, insan qalmaq uğrunda mübarizəsi təsvir olunur. Melodiyadakı ahəng Uinston və Culiyanın qəlbindəki müvəqqəti harmoniya kimidir — sanki dünya onlara qarşı olsa da, pianonun incə notları yalnız onlar üçün səslənir. Ümidli notlarla başlayan melodiya eyni notlarla, amma bu dəfə fərqli hisslərlə başa çatır; Uinston və Culiyanın taleyinə ayrılıq valsı çalınır…

Corc Oruellin “1984” romanı günümüzə və gələcəyə boylanan ayna rolunu oynayır. Hər şeyin sürətlə virtuallaşdığı dünyada yaşayırıq. Belə bir dünyada Böyük Qardaşın hər yeri, hər kəsi görə bilən gözləri bu gün sosial medyada, təhlükəsizlik kameralarında öz təcəssümünü tapır. “Fikir cinayəti”, “yenidil” anlayışları daha müasir formada qarşımıza çıxır. Fərqli düşünənlər susdurulur, cəsarətlə danışanlar toplumdan kənarlaşdırılır, qınaq obyektinə çevrilir. Sözlər bir-bir yox olur, yerinə sönük, mənasız ifadələr işlədilir. Anlayışlar dəyişdikcə insan düşünməkdən uzaqlaşır, çünki söz azaldıqca fikir də daralır, ruh da boğulur. Daha da qorxunc olan isə yaddaşın təhrif edilməsi, keçmişin yenidən yazılmasıdır. “Kim keçmişə hökm edirsə, gələcəyə də hökm edir” fikri bu gün informasiya savaşında daha aydın hiss olunur. İnsan isə bu xaosun içində həm gerçəkliyi, həm də öz iç səsini itirir.

“1984” romanında Oruell zamanın sərhədlərini aşaraq bəşəriyyətin müxtəlif çağlarında təkrarlana biləcək acı həqiqətləri göz önünə sərir. Məhdudlaşdırılmış azadlığın və fərdi düşüncənin zamansızlığını bizə təqdim edir. Ümidimiz və savaşımız isə qaranlıq səmada azadlığımızla işıq saçmaq, Uinston kimi düşünmək, hiss etmək, insan qala bilmək — yaşamaq uğrundadır.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rasim Qaraca. Sumqayıta gedən yolda

Rasim Qaracanın yeni hekayəsi 1981-ci ilin aprel ayında Bakı-Sumqayıt yolunda qəza baş verdi, tanınmış şair Vahid İbrahim həyatını itirdi. Cəmi 38 yaşı vardı, şöhrətinin pik nöqtəsində idi, kitabları Sovet bloku ölkələrinin hamısında çap olunmuşdu. Respublika Lenin Komsomolu Gənclər İttifaqqının 31-ci qurultayında təşkilatın Mərkəzi Komitəsinə üzv seçilmişdi. SSRİ-Bolqarıstan “Drujba” jurnalı redaksiya […]