M.Füzulinin 530 illiyinə həsr olunmuş hekayə üzrə müsabiqə üçüncüsü – Gülnaz Allahverdiyeva

“Ədəbiyyat səyyahları” saytı  Böyük Azərbaycan şairi M.Füzulinin 530 illiyinə həsr olunmuş müsabiqədə hekayə üzrə qalibin əsərini təqdim edir

 

Günəşdən qalan

Bu gün o gündür. Nəhayət ki, səhər açıldı. Saatın zəngini də qurmuşdum ki, yatıb qalmayım. Amma havanın necə işıqlandığını görüb yerimdən durdum. Qəribə idim. Həm tələsirdim, həm də elə bil ayaqlarıma daş bağlamışdılar, cəld hərəkət edə bilmirdim. Özümdə güc topladım, ayağa qalxdım, əl-üzümü yudum. Sonra mətbəxə getdim əvvəlcə çaydana su doldurub, qaynamağa qoydum. Bir neçə saniyədən sonra çay içmək fikrindən daşındım, qazı söndürdüm. Yenidən yataq otağına qayıtdım. Dolabın qapısını açıb geyimlərimi gözdən keçirdim. Əvvəlcə ən sevdiyim donumu əlimə aldım və geyinmək istədim amma bu fikrimdən də daşındım. Çox qəribədir tez-tez fikir dəyişmək əslində heç mənə xas bir xüsusiyyət deyildi. Niyə bu görüşdən əvvəl belə idim başa düşmürdüm. Saata baxdım görüş vaxtına hələ iki saat qalmışdı. Bu vaxt necə keçəcəkdi bilmirdim. Qərara gəldim ki bir saat əvvəldən orada olum. Geyimimi seçdim: sadə cins şalvarımı və ağ köynəkyimi geyindim. Dünən hava praqnozunu dinləmişdim yağış yağacaqdı. Amma səmada par-par parıldayan günəş bunun belə olmayacağını deyirdi sanki.  Əslində aprel ayı üçün yağış elə də qeyri-adi bir hadisə deyildi, sadəcə günəş fərqli görünürdü gözümə o gün. Uşaqlığımın yeganə yadigarı  o qırmızı atlas parçadan kiçik şərfimi də boynuma bağlayıb, üst geyimimi də geyinib güzgüdə özümə baxdım. Bəli artıq hazır idim.

Görüş vaxtına hələ çox qalmışdı deyə avtomobilimlə getmək istəmədim. Yeriyə yeriyə ağlımdan çoxlu suallar keçirdi: “Ona necə davranacağam? Söhbətə necə başlayacağıq? Hansı sualımı birinci verəcəyəm? O bu suallara nə cavab verəcək?” Sonra telefonuma mesaj gəldi, mesajı oxudum orada deyirdi: “Bağışla!”. Özümdən biixtiyar güldüm. Ətrafdan keçənlər  mənim bu səsli gülüşümə təəccüblə baxdılar. Mesajı yazan dörd ildir ki, küsüb barışdığım həyat yoldaşım idi. Fərqli münasibətimiz var idi, nə birlikdə yaşıya bilirdik, nə ayrıla bilirdik. Yenə iki gündür küsmüşdük. O da çoxdandır dostlarıyla planlaşdırdığı üç günlük səyahətə getmişdi. Bu küsüb-barışmaqlar son iki ildir məni artıq bezdirmişdi. Onun bugünki görüşdən xəbəri yox idi. Deməmişdim ona. Bilirdim nə deyəcəyini, getməməyim üçün məni razı salmağa çalışacağını. Bu dəfəki küslülüyümüz yerinə düşmüşdü.

Gedərkən yolda böyük söyüd ağacını görüb ayaq saxladım. Eyni uşaqlığımın qoxusu gəldi burnuma. Heç kəsin sevmədiyi Qəmər xala əlində çubuğu ilə bayıra çıxar və məni hədələyərək deyərdi: “Günəş, ay Günəş indi o ağacdan düşüb yanıma gəlməsən bu dəfə çubuq həqiqətən sənin üstündə sınacaq. Tez gəl buraya, küçük!” Əslində nə tez getməyimin, nə gec getməyimin heç bir əhəmiyyəti yox idi, hər iki halda bir-iki şillə, qapaz ilişdirirdi rəhmətlik. Bizdə də dəbdi elə bil, “rəhmətlik” sözünü layiq olana da, olmayana da deyirik. Amma yadımdadır ağlı kəsən uşaqlar necə sevinmişdilər biləndə ki, Qəmər xala daha gəlməyəcək. Daha bilmirdik ki, dünyada “Qəmər xalalar” çoxdur, o incitməsə də incidənlər həmişə olacaq bizi. Bir də hamı mən deyil ki. O mən idim həm döyülürdüm, həm də sözümü deyirdim. “Rəhmətlik” məni vura-vura böyük həyata hazırlamışdı. Uşaqlar evindən bu qədər bəsdir. Mənim axı çox vacib görüşüm var, yoluma davam etməliyəm.

Yavaş-yavaş buludlar toplaşır, günəşi gizlədirdilər. Yağış yağmağa  hazırlaşırdı. Görüş vaxtı yaxınlaşır, oraya qalan məsafə azalırdı. Mən isə tamamiylə qarışıq vəziyyətdə idim. Bir tərəfdən düşünürdüm ki, artıq cavabsız sualım qalmayacaq, həbs olunduğum o qaranlıqdan azad olacağam, digər tərəfdən də sonra nəyin necə olacağı fikri məni öz ahuşuna alırdı. Ovuclarım tərləməyə , ürəyim tez döyünməyə başladı. Bu mənim yadıma həyat yoldaşımla ilk görüşümüzü saldı, o günki həyəcanımı xatırladım. Məni işə gedib gələrkən görmüş və bəyənmişdi və daha sonra yaxınlaşıb məni tanımaq istədiyini deyib ilk görüşə dəvət etmişdi. Mən o zamanlar modalyer bir xanımın atelyesində köməkçi işləyirdim. Yaxşı günlər idi, artıq pul qazanmağa başlamışdım, nə ilə məşğul olacağımı bilirdim. Atelyenin sahibi qadın çox gözəl qəlbli, şirindil, uzaqgörən xanım idi. Məni qızı kimi sevir, öz həyat təcrübələrini mənimlə bölüşür, mən istəyəndə mənə məsləhət verirdi. Oğlanlardan heç xoşum gəlmirdi. Səbəbini bilmirdim. Bəlkə bu da Qəmər xalanın məndə qoyduğu iz idi. Yadımdadır qızları başına yığıb kişilərin necə murdar varlıqlar olduqlarını, onlardan necə uzaq olmalı olduğumuz barədə uzun-uzun danışardı. Artıq bir az böyük yaşlarımızda eşitmişdik ki, o heç vaxt ailə qura bilməyib. Başa düşdük ki,  elə yəqin ona görə də belə dədanışırdı. Amma atelyenin sahibi  Leyla xanım onun əksinə ailə qurmağın vacibliyini tez-tez dilə gətirərdi. Qadın xoşbəxtliyinin ailə və uşaq ilə tamamlandığını deyərdi. Ola bilsin ki, elə bir az da Leyla xanımın sözlərinin təsiri ilə Mahirlə görüşə razılaşdım. İlk görüşümüz parkda baş tutmuşdu. Skamyada əyləşib saatlarla danışmışdıq, əslində Mahir danışırdı mənsə daha çox qulaq asırdım. O gün onunla vaxt keçirtmək məni o qədər cəzb etmişdi ki, bu görüşlərin davamlı olmasını istəmişdim. Onun yanından heç ayrılmaq istəmirdim. İlk dəfə idi kimsə bütün cümlələrini mənimçün qurur, gözümə belə sevgi ilə baxır, danışdıqlarının mənim üçün maraqlı olub-olmadığını diqqətə alaraq söhbətinə istiqamət verirdi. Sonra ardarda uzun müddət görüşdük, danışdıq, birlikdə xəyallar qurduq. Sonra Mahir ali təhsilini bitirdi, əsgərliyə getdi. O, əsgərlikdə olanda onun üçün çox darıxırdım və bu darıxmaq hissi məni onu həddsiz sevdiyimə inandırdı. Bəli, o mənim ilk və son sevgim idi. Əsgərliyini bitirdikdən sonra  qayıtdı və söz verdiyi kimi ilk baş çəkdiyi ünvan mənim kirayə qaldığım ev idi. Mahir əsgərlikdən sonra dəyişmişdi, ciddiləşmiş, nə istədiyini bilən, daha az danışan birinə çevrilmişdi. Və bu mənim xoşuma gəlmirdi desəm yalan olar. O, addımlarını qətiyyətlə atırdı, atasının köməyi və dəstəyi ilə öz biznesini qurdu. Mən də bu arada boş dayanmamışdım, Leyla xanımın da dəstəyi ilə bir neçə müştəri toplayıb, pul yığmışdım. Çox əziyyətli günlər idi. Yığdığım pula toxunmamaq üçün ac qaldığım günlərin olduğunu xatırlayıram. Amma kursun pulunu tamamladım,və qeydiyyatdan keçib, ora getməyə başladım. Mahir əsgərlikdən dönənə qədər kursumu tamamladım. Artıq eskizlər çəkir, yeni paltar modelləri hazırlayır və tikə bilirdim. Və o gün yetişdi Mahir mənimlə evlənmək istədiyini dedi. Bu mənə surpriz olmadı. Mən də bunu istəyirdim. Mahir ilk dəfə qəlbimi o gün qırmışdı, mənə mənim uşaqlar evində böyüməyimin onun üçün problem olmadığını amma valideyinlərinin bunu necə qarşılayacağını bilmədiyini dedi. O gün heç bir günahım olmayan bir şey üçün sevdiyim insan tərəfindən qınanıldığımı hiss etmişdim. Valideynlərinə mənim haqqımda danışdı və onları razı salmağa cəhd etdi. Amma sən demə onların Mahirin evliliyi ilə bağlı başqa planları var imiş və məni qətiyyən öz gəlinləri olaraq istəmirdilər. Və Mahir çıxış yolunu onlara rəğmən mənimlə gizlin evlənməkdə gördü. Evləndik, bir müddət valideynləri bizimlə çox soyuq və sərt münasibətdə qaldılar, sonra isə vəziyyət yaxşılaşdı. Amma mənim onlarla heç vaxt səmimi yaxın münasibətim olmadı. Evliliyimizin ilk ilində Mahirin də dəstəyi ilə öz Moda evimi açdım. Keçmiş və sonradan da gələn yeni müştərilərimlə işlərim qaydasında idi. Artıq maddi sıxıntım yox idi. Bir müddət sonra körpəmizin dünyaya gələcəyi xəbəri ilə ailəmizdə sevinc küləkləri əsdi. Amma bu da çox çəkmədi beş aydan sonra bətnimdəki körpəmi itirdim. Həyatımda yaşadığım ən ağrılı mərhələ idi. Mahir üçün də bu çətin idi. Mənə hiss etdirməməyə çalışsa da, o da sarsılmışdı. Yenə keçmişə daldım…

Görüş məkanına çatdım, üst geyimimi soyundum lakin boynumdakı o şərfı çıxartmadım. Ən sevdiyim kofeşopda idim. Görüşü özüm burada təyin etmişdim. Nə bilim, burada özümü daha rahat ifadə edə bilərəm deyə düşünmüşdüm. Çünki belə anlarda mühit çox vacibdir. Mən uzun illərdir bütün səylərimə rəğmən-əldə etdiklərimlə, sevdiklərimlə, qaydayasına saldığım həyatımla, kənardan hər kəs üçün ideal görünən yaşayışımla niyə rahatlıq tapa bilməməyimin cavabı üçün  gəlmişdim bugün buraya. Mən bu masada dörd yaşından bu lənətə gəlmiş dünyada yalnızlığa tərk edilən o qızla üzləşmək üçün əyləşmişdim. Özümü axtarırdım əslində. Bir kitabda oxumuşdum : “Anası tərəfindən tərk edilənlərin əlləri hər zaman o heç vaxt tuta bilmədiyi əllərin axtarışında olur ”  Uşaqlar evindən çıxandan sonra mənim yanımda hər zaman mənə dəstək olanlar olub, məni qoruyan kimlərisə həmişə həyat ən ehtiyac duyduğum vaxtda yetirib mənə. Amma mən həmişə, dörd yaşımdan o əli axtarmışam. Bir həftə bundan əvvəl mənə bir zəng gəldi. Telefonun o biri ucundan yorğun səs eşidilirdi : “Salam. Mən çoxdandır səni axtarıram, Günəş. Mən sənin ananam, Nərmin! Səninlə görüşüb danışmaq istəyirəm. Dediyim ünvana gələ bilərsən?” Uzun müddət səssiz qaldım. Nə deyəcəyimi bilmədim. Sonra kəskin səs tonu ilə, sərt şəkildə “Yox” deyib telefonu söndürdüm. Ardınca yəqin ki, beynim unutmaq istədiyi üçün heç elə bir zəng olmamış kimi həyatıma iki gün davam etdim. Sanki o zəng olmamışdı, mən o səsi eşitməmişdim. Sonra, iki gün sonra gecə yarı yuxudan boğularaq ayıldım. Eyvana çıxdım. Özümü dərk edəndən heç bu qədər çox, belə ürəklə ağladığımı xatırlamıram. Bir saata qədər eyvanda qaldım və göz yaşlarımı orada qoyub evə keçdim, əl-üzümü yuyub, yatağıma girib yatdım. Sabahı gün o zəng gələn nömrəyə geri zəng etdim : “Mənəm Günəş. Görüşək, amma mən deyə yerdə və saatda”. Və beləcə bugünki görüşü təyin etdik. Uzaqdan masalara boylanan çox gözəl, geyimi də gəşəng orta yaşlı bir xanım gördüm, düşündüm ki, yəqin odur. Ayağa qalxmaq istəyirdim ki, gördüm başqa masa tərəfə getdi. İnsanın öz anasını tanımaması da başqa cür bir faciədir yəqin. Ofisiant sifariş verdiyim qəhvəni gətirdi. Qəhvəmə baxıb fikrə getdim. Fikrimi toplamağa çalışırdım. Birdən qarşımda bir qadının dayandığını gördüm. “Salam, əyləşə bilərəm? ” deyə soruşdu. Mən təəccüblə : “Siz…” deyə suala başlamaq istəyirdim ki, “Bəli qızım mən Nərminəm, anan.”

Üzü azca qırışmış, saçları ağarmış, əynində sadə qara don, əlində köhnə qara çanta ilə qarşımda dayanan o idi. Bütün suallarımın ünvanı, keçmişimin səbəbkarı, bugünümün çaşqınlığı əyləşdi qarşımda. Gülümsəyirdi. Mənə baxıb gülümsəyirdi. Cümləsinə: “Qızım” deyə başlamaq istədi. Sözünü kəsdim “Niyə?” – dedim. “Niyə əlimi buraxdınız?” Əlimdən tutmaq istədi. Özümdən biixtiyar əllərimi masadan götürdüm, geri çəkildim. Əslində o əlləri o qədər arzulamışdım ki, o qədər gözləmişdim ki. Məyus üz ifadəsi ilə amma həm də xəfif gülümsəməsi ilə sözə başladı: “Qızım , mən heç necə başlayım, hardan başlayım bilmirəm. Səni necə inandırım ki, mən səni tərk etməmişəm?”.Mən onun düz gözünün içinə baxa-baxa bir də soruşdum: “Əlimi niyə buraxdınınız?” O, sözünə davam etdi: “ Mən sənin əlini buraxmamışam, sən balaca idin, meydanda gəzirdik, adam çox idi, yanımda idin, bir də gördüm yoxsan, axtardım tapa bilmədim, çox axtardım səni.”

Mən yenə səsli şəkildə güldüm. Ətrafdakıların nəzəri bizə yönəldi. O da təəccüblə mənə baxdı. Dedim: “Əlimi siz buraxmışdınız, dayandığım yerdən siz uzaqlaşmışdınız. Məni siz atdınız. Yadımdadır. İndi isə xahiş edirəm yalansız mənə cavab verin, niyə? Bilirsiz, əvvəllər sizin adınız, uşaqlığımla bağlı bəzi şeyləri xatırlayırdım. Zamanla ancaq o meydandakı səhnə qaldı yaddaşımda, başqa heç nə. Deyin, niyə? Ancaq bunun cavabını sizdən eşitmək üçün gəlmişəm.”

Gözündən yaş axmağa başladı. Mən yaxşı bilirdim onun göz yaşlarının da, bu görüşündə səbəbi mən deyildim. Böyük ehtimalla öz vicdanına su səpmək üçün gəlmişdi. Ağlaya-ağlaya dedi: “Çox dəcəl idin, atan başqa qadına görə bizi atıb getmişdi, çox cavan idim. Mən atanı çox sevirdim, sənin gözlərində onu görürdüm. Ona nifrətim artdıqca, qisası səndən almaq istədim deyəsən, bilmirəm. Hər saat atan üçün darıxdığını deyirdin, onun harda olduğunu, ne vaxt gələcəyini məndən soruşurdun. Mən cavab verə bilmirdim, onda da mənə məni sevmədiyini deyirdin. Əlacsız idim, nə edəcəyimi bilmirdim.Tək idim.”

“İndi nə istəyirsiniz məndən ?”- deyə soruşdum. Cavabında dedi: “Qızım, yaşlanmışam. Təklikdən də bezmişəm. Keçmiş keçmişdə qalsın. Bağışla məni. Gəl, yenidən ailə olaq. Bir birimizə bundan sonra dayaq olaq. Mənim maddi vəziyyətim də yaxşı deyil. Səndən uzaq olduğum bu müddətdə dərk etdim ki, sənsiz həyatım mənasız ötüb keçib. Qəlbini qırma, ananın.”

Göy üzündən möhkəm gurultu eşidildi, ildırım çaxdı.Gur yağışın da səsi gəlirdi. Üzümü pəncərəyə tərəf çevirib, bir neçə saniyə yağışa baxdım. Uşaqlar evindən bir xatirə gəldi gözümün qabağına. Eyni ilə belə yağış yağırdı, amma onda hava işıqlı deyildi, gecə idi. O gecə yarısı mən anam üçün nə qədər ağlamışdım. Əvvəlcə bu qaranlıq xatirəmi qarşımda əyləşən, mənə heç doğma olmayan anamla bölüşmək, onun nə hiss keçirəcəyini görmək istədim. Sonra ikinci güclü göy gurultusu məni bu fikirdən daşındırdı. “Günəş, bu qədər ili başını rahat yastığa qoyub yatan qadına sənin uşaqlıqda onun adını sayıqlayaraq yatmağın, ağlamağın nə qədər maraqlı olacaq ki” deyə düşündüm.

Sonra o yenə dilləndi : “ Boynundakı o şərf mənim şərfimdi? O səndədi və bu qədər vaxtdı özündə saxlamısan?”

Gülümsəyərək cavab verdim: “Bəli, sizin şərfinizdir. Siz uzaqlaşandan sonra orada məndən bir neçə addım uzaqlıqda düşmüşdü boynunuzdan yerə. Mən də götürdüm ki, sizə qaytarım. O an qayıdacağınızı düşünürdüm, uşaq ağlımla. Mən bu günü, sizinlə söhbətimizi, üzləşməyimizi o qədər gözləmişdim ki, düşünürdüm yəqin məni atıb getməyinizin xəyalıma belə gətirə bilmədiyim səbəbi olacaq və siz bunu mənə izah etmək üçün, olanları mənə danışmaq üçün tələsəcəksiniz. Amma bu qədər zaman yox! Xanım, bu görüşü mən baş tutmamış sayacağam. Bilmirəm necə amma unutmağa çalışacağam. Mən elə bilirdim qaranlığımdan çıxışım sizin əllərinizdən tutmaq olacaq. Bugün anladım işıq deyilmiş axtardığım. Mən ailə qurmuşam və məni çox sevən həyat yoldaşım var. İdeal münasibətimiz yoxdur bəlkə amma onun mənə qarşı, mənim ona qarşı olan hislərimdəm tam əminəm. Bunu da bu dəqiqə anladım. Mən heç qaranlıqda deyilmişəm. Məni ordan çoxdan çıxarıb Mahir. Mənim artıq ailəm var. Və bunu dərk etməyimə köməklik etdiyinizə görə çox sağolun.”

Ayağa qalxdım, üst geyimimi geyinib oradan uzaqlaşdım. Arxamdan nə isə deyirdi, amma mən onu eşitmirdim. Tək istəyim  bundan sonra  içində olduğumu zənn etdiyim lakin əslində Mahirin gəlişi ilə yox olan qaranlığımdan birdəfəlik canımı qurtarıb, illərdir yaşamadığım amma layiq olduğum həyatı yaşamağa başlamaq idi. Mən bugün yenidən doğuldum. Mahirə nə vaxt qayıdacağı ilə bağlı mesaj yazdım. O isə mənə evimizdən üzərində böyük qızıl gül dəstəsi və mənim sevdiyim yeməklərin olduğu masamızın şəklini göndərib, “Evimizdə səni gözləyirəm, Günəşim” yazdı. Mənsə “Gəlirəm” yazdım cavabında.

Tez-tez yeriyirdim, üst-başım yağışdan islanmışdı.Yağış kəsildi. Bir də gördüm bayaq yanından keçdiyim söyüd ağacının yanından keçirəm. Yenə ayaq saxladım. Söyüd ağacına baxdım. Bir az dayandım, sonra boynumdan şərfi çıxartdım. Onu söyüdün sallanan budaqlarından birinə bağladım. “Bu da məndən sənə yadigar qalsın” dedim. Və üzümü çevirib tələsik yoluma davam etdim.

Səmadan dağılışan buludların arasından səhər mənə maraqlı görünən o günəş və göy üzündə əmələ gələn böyük göyqurşağı mənə bundan sonra hər şeyin çox gözəl olacağının müjdəsini verdi sanki.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əlirza Balayev. Xalqının mədəniyyətinə və dövlətçiliyinə böyük töhfələr vermiş insan – Teymur Elçin

Xatirə (“Həyatın hər üzü” adlı sənədli romanın “Şəxsiyyətlər” bölümündən; anadan olmasının 100 illiyi münasibətilə)   Universitetdə oxuyarkən, bəlkə də orta məktəb illərindən Teymur Elçini bir şair kimi, təbii ki, tanıyırdıq. Teymur müəllimi görmək və onu dinləmək 1968-ci il fevralın 21-22-də Azərbaycan LKGİ-nin XXVI qurultayı keçiriləndən təxminən 15-20 gün sonra baş […]