Xatirə
(“Həyatın hər üzü” adlı sənədli romanın “Şəxsiyyətlər” bölümündən;
anadan olmasının 100 illiyi münasibətilə)
Universitetdə oxuyarkən, bəlkə də orta məktəb illərindən Teymur Elçini bir şair kimi, təbii ki, tanıyırdıq.
Teymur müəllimi görmək və onu dinləmək 1968-ci il fevralın 21-22-də Azərbaycan LKGİ-nin XXVI qurultayı keçiriləndən təxminən 15-20 gün sonra baş verdi. Mən artıq üç ay idi ki, komsomolun Mərkəzi Komitəsində işləyirdim. Bizə – Təbliğat və Mədəni-Kütləvi İşlər Şöbəsinin əməkdaşlarına bildirdilər ki, Azərbaycan KP Mərkəzi Komitəsinın Təbliğat və Təşviqat Şöbəsində bizimlə görüş keçiriləcək.
Ancaq görüşdən əvvəl komsomolun Mərkəzi Komitəsindəki, xüsusilə çalışdığım şöbədəki söhbətlərdən Teymur Süleymanoviçin (həmin dövrdə rəhbər işçilərin belə adlandırılması ümumi qayda idi) nüfuzlu və səlahiyyətli bir partiya işçisi olduğunu bilirdim.
Təyin olunan gündə təbliğat üzrə yeni seçilmiş MK katibi Rauf Axundov, Təbliğat və Mədəni – Kütləvi İşlər Şöbəsinin müdiri Yasif Nəsirli, Mühazirəçilər qrupunun rəhbəri İqor Plavski, Mədəni – kütləvi işlər sektorunun müdiri Zaur Rüstəmzadə və sektorun təlimatçısı Rafiq Kaşıyev, Lenin siyasi dərsləri üzrə təlimatçı Rafiq Talıbov və mən Azərbaycan KP MK-ya getdik.
Bizi Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat Şöbəsinin müdiri Teymur Əliyev qəbul etdi. İlk görüşün təəssüratı həmişə yadda qalır. İşıqlı siması, geniş alnı (“Sokrat alnı” da deyilir), çıxışından sonra isə təmkini, natiqliyi ilə (görüş dövrün qaydasına görə əvvəldən sonadək rus dilində keçirildi) diqqəti cəlb edirdi.
Qeyd edim ki, Teymur Əliyev komsomolda yetişib bərkimiş (təxminən səkkiz il ərzində) rəhbərlərdən idi. Böyük Vətən müharibəsi dövründə Zaqafqaziya cəbhəsində alay komsomol təşkilatçısı olmuşdu. Ordu sıralarından tərxis ediləndən sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Komsomol Komitəsinin katibi, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ MK Təbliğat və Təşviqat Şöbəsi müdirinin müavini vəzifələrində işləmişdi.
Əvvəlcə tanışlıq oldu. Teymur müəllim mənim komsomol işinə Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş Redaksiyasının Sözlük və Elmi Nəzarət Redaksiyasının elmi redaktoru vəzifəsindən gəldiyimi biləndə, (komsomolun Mərkəzi Komitəsinə, bir qayda olaraq, məhz komsomol işində çalışıb təcrübə qazananlar qəbul edilirdilər), onun təəccübünü duyan Rauf Axundov izahat verdi ki, müttəfiq respublikaların mərkəzi komitələrində yeni – Mətbuat, radio və televiziya sektorunun müdiri vəzifəsi yaradılmışdır. Teymur müəllim gülümsəyərək, – bizə köməkçi işə götürmüsüz ki… – dedi. (Azərbaycan komsomolu Mərkəzi Komitəsinin üç qəzeti, üç jurnalı nəşr olunurdu, radio və televiziyada uşaq və gənclər baş redaksiyaları, “Комсомольская правда” və “Пионерская правда” mərkəzi qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbirləri fəaliyyət göstərirdi).
Sonralar Teymur müəllimin mənə fərqli münasibətini hiss edirdim. Mühüm tədbirlərdə bizi köməkçi kimi dəvət edirdilər, böyük tədbirlərin mətbuat mərkəzlərinin üzvü olurduq, əlaqələr var idi.
Tanışlıqdan sonra katib Rauf Axundov çıxış etdi. Qarşıda duran işlər barədə planları cızdı. Düşüncələrində və fikirlərini ifadə etməkdə çox sərbəst olan və həyatının sonuna qədər belə qalan Rauf Axundov əlini stolun üstünə qoyaraq, sözünü belə tamamladı ki, “biz bu qırmızıdan uzaqlaşmaq istəyirik” (“мы хотим otходить от этого красного”). O zaman rəsmi idarələrdə bəzən stolun üstünə qırmızı parça sərərdilər. Katib demək istəyirdi ki, ehkamlardan uzaqlaşmaq istəyirik.
Sonra Teymur müəllim çıxış etdi, tövsiyələrini verdi. Mən gözləyirdim ki, “qırmızı” məsələsinə toxunacaq, aydınlıq gətirəcək. Görünür, gənc katibin çıxışına münasibət bildirməyi lazım bilməmişdi.
Həmin ilin yay aylarının birində Mərkəzi Komitənin plenumu oldu. Ertəsi gün birinci katib Elmira Qafarovanın köməkçisi zəng etdi ki, Teymur Süleymanoviçdə sənəd var, onu gətirib Elmira Mikayılovnaya çatdırın.
Mərkəzi Komitəyə getdim. Sənəd, adətən, katibədə olmalı idi. Lakin katibə məni Teymur müəllimin otağına ötürdü, salamlaşandan sonra zərfi mənə verdi. Zərf açıq idi, elə Mərkəzi Komitədə zərfin içindəkinin Elmira Qafarovanın plenumdakı məruzəsinin Teymur müəllim tərəfindən redaktə olunmuş mətni olduğunu gördüm. Məni maraq bürüdü: necə redaktə olunmuşdu?
Ensiklopediyanın Baş Redaksiyasında çalışdığım bir il ərzində Azərbaycanın ən savadlı redaktorlarının (Rəsul Rzanın istəyi ilə nəşriyyatların ən təçrübəli redaktorları ensiklopediyaya toplanmışdı) yanında bu peşənin sirlərinə yiyələnməyə çalışmışdım. Çox ecazkar peşədir. Redaktor peşəsinə dərindən bələd olanlar bilirlər ki, sözün hətta sinonimi ilə əvəz olunması belə necə yeni məna çaları yaradır. İyirmi ildən artıq bir müddət ərzində mətbuatda çalışandan sonra qələmə aldığım “Ağrıdağ” ağrısı” adlı məqaləmdə yazmışdım: “Ensiklopediyada çalışdığım bir illik müddət ərzində yiyələndiyim redaktə vərdişini heç bir qəzet-jurnal redaksiyasında qazanmaq olmazdı.” (Yaşıl rəngin işığı. İlk Azərbaycan ensiklopediyasının taleyi ilə bağlı xatirələr, məqalələr toplusu.Tərtib edəni:Teyyub Qurban. Bakı, Nurlan, 2000-ci il, s. 21).
Əlimə “məktəb” keçmişdi. Öz iş yerimə çəkilib, bu redaktorluq nümunələrini (məruzə, təbii ki, rus dilində idi) incələməyə başladım və heyran qaldım. Təxminən yarım saatdan sonra məruzəni Elmira Qafarovaya verdim və gənclər qəzetlərinin növbəti nömrəsində dərc edildi. Sonra daha bir plenumun sənədi ilə bu minvalla tanış oldum. Daha sonra isə Elmira Qafarovanın iş yeri dəyişdirildi…
Adını yuxarıda çəkdiyim Rafiq Kaşıyev (hazırda Kaşanlı, Azərbaycan Yaradıcılıq Fondunun sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru) və tələbə yoldaşım, Səriyyə İsmayılova sonralar Teymur müəllim mədəniyyət nazirinin müavini ikən müvafiq olaraq xeyli müddət Mədəni-Maarif Müəssisələri Baş İdarəsinin və Muzeylər İdarəsinin rəisi oldular. Mən bu yazı üzərində işləyərkən onlar nazirlikdə formalaşmış belə bir fikri mənə çatdırdılar ki, Teymur müəllim idarəetmə ilə yanaşı, sənəd hazırlamaq ustalığı ilə də nazirliyin dayağı idı.
Hazırda Türkiyədə yaşayan Səriyyə İsmayılova xahişimlə mənə göndərdiyi məktubda yazır: “Nazlrlikdə, əlaqədar təşkilatlarda belə bir fikir mövcud idi ki, Teymur müəllim ən savadlı, ən mükəmməl yazı yazan və redaktə edən şəxslərdən biridir. Onun yazdığı, redaktə etdiyi yazıların heç bir düzəlişə ehtiyacı ollmazdı. Teymur müəllim yorulmadan çalışan, tələbkar və ədalətli nazir müavini idi. Respublikadakı mədəniyyət ocaqlarından, nazirlikdən kimi yanına dəvət edirdisə, hər kəs həyəcanlanırdı. Çünki bilirdik ki, onun yanına hazırlıqlı getmək lazımdır.”
Teymur müəllimin komsomolun Mərkəzi Komitəsinə aid bir məsələni necə operativ həll etməsi indiki kimi yadımdadır, əslində, mənimlə də əlaqədar olduğu üçün unudulası deyil. 1969-cu ilin iyul ayında Bakıda komsomolun xətti ilə çox möhtəşəm bir tədbir keçirildi: SSRİ-Yaponiya Fəhlə Gənclərinin Həmrəylik Festivalı. Festivalın açılıçı iyulun 18-də olacaqdı. Yenicə respublikanın rəhbəri seçilmiş Heydər Əlyev vaxt tapıb, komsomolun Mərkəzi Komitəsinin birinci katibi Elmira Qafarovanı, Moskvada komsomolun Mərkəzi Komitəsində işləyən Həsən Həsənovu və festivalın qərargah rəhbəri olan ÜİLKGİ MK-nın Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavinini (ad və soyadını xatırlamıram) qəbul etmiş, hazırlıq işləri ilə maraqlanmışdı.
Festivalın Azərbaycanda işıqlandırılmasının təşkili tutduğum vəzifəyə görə MK bürosunun qərarı ilə mənə həvalə olunmuşdu. Radio (Fəridə Babayeva) və televiziyanın (Firudin Ağayev) baş gənclər redaksiyaları ilə işləri planlaşdırmışdıq. “Azərbaycan gəncləri” (Cəmil Əlibəyov) və “Молодёж Азербайджана” (Asim Cəlilov) qəzetləri ilə belə razılaşdırmışdıq ki, qəzetlər festival günlərində 3 nömrə ardıcıl 6 səhifə çıxsın. Bunun üçün Azərbaycan KP MK katibliyinin qərarı tələb olunurdu. Məktub hazırlayıb, Elmira Qafarovaya imzalatdırmışdım. Məktubu ideologiya üzrə katib, ya da şöbə müdiri aparmalı idi. Di gəl, onların heç birini tapa bilmirdim, Moskvadan gələn komsomol işçilərini müşayiət edirdilər…
İyulun 17-də səhər məcburən bu qərara gəldim ki, məktubu özüm aparım. Teymur müəllimin yanına gedib, üzrxahlıq da elədim ki, katib, şöbə müdiri qonaqlarla məşğul olduqlarına görə, gec də olsa, məktubu mən gətirməli oldum. Əhəmiyyət vermədi, məktubu oxudu, dedi ki, katibə zəng edər, gəlib qərarı apararsan. Mən hələ qəbul otağında ikən onun telefonla danışığını eşitdim. Bilirdim ki, katiblik təcili, özü də belə məsələyə görə toplanmaz. Aparatda belə iş təcrübəsi vardı ki, qərar layihəsi gəzdirilir, katiblik üzvləri imzalayırdılar. Buna aparat dilində “опросным путём” (sorğu yolu ilə) deyilirdi.
Təxminən iki saatdan sonra zəng oldu, qərarın çıxarışını katibədən götürüb, təcili “Kommunist” nəşriyyatına çatdırdım. Qəzetlər 3 nömrə ardıcıl 6 səhifə çap olundu. O zaman düşündüm, indi də bu fikirdəyəm ki, idarəetmə belə olar!
Mən 1973-cü ilin iyul ayında “Azərbaycan gəncləri” qəzetinin redaktor müavini vəzifəsinə işə göndəriləndən sonra redaktoru əvəz elədiyim vaxtlarda Teymur müəllimə zəng edər, qarşıya çıxan problemlərə aid müdrik məsləhətlərini, tövsiyələrini alardım. Lakin bu müddət çox da çəkmədi.
Teymur müəllim Mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunandan sonra əlaqəmiz olmamışdı. Mən “Azərbaycan pioneri” – “Пионер Азербайджана” qəzetinə işə keçəndən sonra Teymur müəllim zəng etdi və bir poema göndərdi. Əlyazması idi, olduqca gözəl xətlə yazılmışdı. Öz xətti belə gözəl idi, ya yazdırmışdı? Poema əlimizdəki nömrədə dərc olundu. Ümumiyyətlə, həmin vaxtdan həyatının sonunadək Teymur müəllim nə yazı göndərirdisə, hazırlanan nömrədə çap olunurdu. Sonuncu şeirləri həftəlik “Savalan” qəzetində (əvvəlki “Azərbaycan pioneri”) 1992-ci il yanvarın 3-də (7 şeir), bir nömrə sonra – yanvarın 17-də (5 şeir) çap olunmuşdu. Yəqin ki, bu, mətbuat təcrübəsində nadir hadisələrdən biri idi. Bəlkə də elə buna görə həmin qəzetləri arxivimdə saxlamışam.
Yeddi şeirin hamısı balaca nəvəsi Çingizə həsr olunmuşdu. Teymur müəllim şeirlərə “İstədim” adlı bir epiqraf da yazıb, “Savalan”ı “hörmətə mindirmişdi”:
İstədim
Mənim Çingiz balam
hələ körpədir.
Yaş yarımında
təzəcə dil açır.
Tələsir qaçır,
qəribə bir aləm
yaranır onda.
İstədim sizə də
danışım ondan.
Qulaq asdı mənə
yazdı “Savalan”.
Şeirlərin hamısı baba-nəvə sevgisinin incə, ürkək, kövrək və digər ecazkar məqamlarını təbii boyalarla əks etdirir:
“Quşlardan qabaq”
Səhər-səhər,
Hələ quşlar oyanmamış,
Günəş gəlib
Pəncərədən boylanmamış
Çin-çin qalxır
Yatağından
Haray salır otağından:
-Baba! Baba!
Qaçıb gəlir.
Qapımızı döyür: tak – tak,
Tak-tak-tak!
-Baba! Baba!
Oyanmışıq, necə yataq?
-Haycan! Haycan!
-Baba!Baba!
Qapımızı açan kimi
İşıqlanır birdən otaq.
Balaca Çingiz də “borclu qalmır”. Babasını qoruyur, əzizləyir:
Laylay
Baba yatır,
baba – xəstə.
Çin-çin tutub
barmağını
burnu üstə.
Nənəsinə, anasına
deyir: – ts-ts!
Baba laylay…
Bir nömrə sonra çap olunmuş beş şeir 20 yanvar façiəsinə həsr olunmuşdu və Teymur müəllim onları redaksiyaya faciənin ikinci ildönümü ərəfəsində göndərmişdi. Kiçik ön söz ilə: “Aşağıdakı sətirlər 1990-cı ilin qanlı yanvar günlərində yazılıb. O zaman hərbi yasaqçılar bu yazıları dərc olunmağa qoymadılar.” Şeirlər “Balaca Muradın şeirləri” baçlığı ilə çap olunub.
Şairin nəcibliyi, uzaqgörənliyi hörmət doğurur. Şeirləri faciənin birinci ildönümündə göndərməmişdi: birdən çap edərlər, redaksiya mənə görə cəzaya məruz qalar. Qeyd edim ki, həmin vaxt fövqəladə vəziyyət qüvvədə idi, hərbi senzura işləyirdi, Bakının hərbi komendantı Valeri Bünyadov vəzifə başında idi. Ehtiyat etdiyi “birdən çap edərlər” isə başqa müəlliflə gerçəkləşmişdi: “Azərbaycan pioneri” – “Пионер Азербайджана” qəzetinin 1990-cı il 21, 26 və 28 dekabr tarixli nömrələrində yazıçı Qılman İsmayılovun “Qanlı yanvar” (“Кровавый январь”) povestini çap etmişdik. Bir qayda olaraq, bədii əsərlərin rus dilinə tərcüməsi çap olunmurdu. Lakin bu povesti mövzusunun zəruriliyinə görə çətinliklə də olsa, təcili tərcümə etdirə bilmişdik. Tərcüməçi ad-soyadının göstərilməməsi şərtilə bu işi görmüşdü. Həmin dövrdən 30 ildən çox vaxt keçib. Tərcüməçinin kimliyini xatırlamıram…
Povestdə yazıçı təxəyyülü və hiddəti ilə həmin gecə baş verənlər daha şiddətli tərzdə qələmə alınmışdı:
“Советская солдатня, подобно фашистским подонкам, с каким-то жутким удовольстием истребляла беззашитных людей. Машины, стоящие на обочине дороги, под гусеницами танков превращались в железные “лепешки”. Намеренно рушились телеграфные столбы, горели машины. Вооруженные автоматоми солдаты звериными криками приказывали людям сбиться в кучу и гнали их впереди себя, затем хладнокровно стреляли им в спину. Сраженные пулями убийц люди падали на изрытый асфальт, обильно поливая его кровью, те же, кто оставался в живых, стремился спрятаться за ближайшими деревьями. Прожекторы высвечивали раненых и их также хладнокровно добивали автоматными очередями.” (“Пионер Азербайджана”, 28 декабря 1990 г.).
(Tərcüməsi: “Əsgər adına ləkə olan sovet soldatları faşist tör-töküntüləri kimi hansısa bir heyvani hisslə köməksiz adamları qırırdılar. Yolun kənarında duran maşınlar tankların tırtılları altında yastı dəmir parçalarına çevrilirdilər. Teleqraf dirəkləri qəsdən dağıdılır, maşınlar yanırdı. Əli avtomatlı soldatlar vəhşi qışqırıqlarla adamlara bir yerə cəm olmağı əmr edir, onları qovur, sonra arxadan güllələyirdilər. Qatillərin gülləsi ilə qətlə yetirilən adamlar dəlmə-deşik edilmiş asfaltı öz qanları ilə boyayırdılar. Sağ qalanlar isə yaxınlıqdakı ağacların arxasında gizlənməyə çalışırdılar. Projektorlar yaralıların üzərinə işıq salır, onları da soyuqqanlılıqla avtomatdan buraxılan güllə qatarı ilə yerə sərirdilər.”).
Əsərin baş qəhrəmanı, Böyük Vətən müharibəsinin iştirakçısı Zeynal baba qətlə yetirilməmişdən əvvəl nəvəsi Ənvərə deyir: “Черт возьми, они оказались хуже фашистов (“Bunlar faşistdən pis imiş ki!”).
Povest bütünlüklə bu ruhda yazılmışdı. Və mən – qəzetin baş redaktoru kimi Daxili İşlər Nazirliyinə Valeri Bünyadovun yanına çağırıldım, bir ay həbs edilməklə təhdid olundum, nəticədə ciddi xəbərdarlıq aldım.
Aydındır ki, Teymur müəllim də şeirlərini həmin vaxt göndərsəydi, çap olunacaqdı. Şeirlərdə məhz şairin üslubuna xas səmimiyyətlə balacaların həyəcanı qələmə alınmışdır.
Nə vaxt bunlar qurtaracaq?
Hardan gəldi bu soldatlar,
Əllərində avtomatlar?
Atəş açır taraq-taraq.
Nə vaxt bunlar qurtaracaq?
Mən bilmirəm.
Deyin mənə!
Nə etmişik biz?
Nə olub sənə
Niyə beləsən?
Gəlib Bakıya
Bizimkiləri
Qıra biləsən?
Nə etmişik, de,
Biz sənə soldat?
Niyə tuşlanıb
Bizə avtomat?
Digər şeirlər də beləcə uçaq qəzəbinin poetik ifadəsidir.
Teymur Əliyev zəngin ədəbi irsə malik görkəmli şairdir, dram əsərlərinin, ssenarilərin müəllifidir, şeirlərinə mahnılar bəstələnib, bədii tərcüməçi idı, əsərləri xarici ölkə xalqlarının dillərində də çap olunub.
Publisistik yazıları da vardı. Xatırlayıram ki, Ermənistanın ilk başlanğıcda Azərbaycana iradı ondan ibarət idi ki, Dağlıq Qarabağın iqtisadiyyatına lazımi diqqət yetirilmir. Mədəniyyət nazirinin müavini olan Teymur müəllim həmin vaxt “Молодёж Азербайджана” qəzetində ermənilərin bu iradını statistik rəqəmlərlə ifşa edən bir neçə yazı çap etdirmişdi.
Gənclik illərindən mətbuatda və radioda, Azərbaycan komsomolunun Bakı Komitəsində və Mərkəzi Komitəsində, nəşriyyat işi və digər sahələrdə çalışıb püxtələşmiş Teymur Əliyev sonralar mühüm vəzifələrdə – Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri, Azərbaycan KP MK Təbliğat və Təşviqat Şöbəsinin müdiri, Azərbaycan mədəniyyət nazirinin müavini və Azərbaycan KP MK şöbəsinin müdiri kimi mühüm vəzifələrdə çalışıb. Ümumilikdə, 40 ildən artıq bir müddət ərzində yüksək vəzifələrdə Azərbaycan mədəniyyətinə və dövlətçiliyinə sədaqətlə xidmət etmişdir. Partiya orqanlarında çalışdığı illər də bıra daxildir. Kommunistlər özləri hakimiyyətdən gedəndən sonra rəsmən etiraf etdilər ki, partiya dövlət funksiyasını yerinə yetirirdi.
… Qəzetləri büküb arxivimə qaytarıram. Şeirlər bu qayda ilə (demək olar ki, ardıcıl) sanki onun qəlbini isindirmək üçün çap olunmuşdu. Təxminən iki ay sonra dünyasını dəyişdi. Xalqının mədəniyyətinə və dövlətçiliyinə Teymur Əliyev kimi böyük töhfələr vermiş insanlar unudulmur.