M.Füzulinin 530 illiyinə həsr olunmuş esse üzrə müsabiqənin qalibi – Fatmaxanım Heydərli

“Ədəbiyyat səyyahları” saytı  Böyük Azərbaycan şairi M.Füzulinin 530 illiyinə həsr olunmuş müsabiqədə esse üzrə qalibin essesini təqdim edir

 

Zaman-zaman çox düşündüm

Zaman-zaman çox düşündüm, həyat nədir? Doğru nədir? Yanlış nədir? Niyə gəldik və niyə gedirik? Hara gedirik? Bir ömür necə yaşanmalıdır? Yeniyetməliyimdə daha da gücləndi bu suallar. Tapa bilmirdim. Qərarlı idim. Tapmalı idim. Mənə görə yaşamanın da bir “düsturu”, bir “formulu” var idi. Onu tapıb yerinə qoyuruq, bununla da “məsələ” həll olur. Beləliklə axtarışa başladım. Məgər ucsuz-bucaqsız ümmana hazırlıqsız, kiçik gəmimlə yelkən açmışammış, xəbərim yoxmuş. Baxdım əsrlər boyu alimlər, şairlər, yazarlar həyata müxtəlif təriflər veriblər. Bəlli ki, onlar da mənim kimi arayışda olublar. Dostoyevski onu cəhənnəm, Sokrat iztirab, Platon bilgi, Pikasso sənət, Aristotel mübarizə, Qandi isə bir-başa savaş adlandırıb. Yaxşı fikirlər də var idi: Ümiddir deyən kim, gözəllikdir deyən kim. Hər biri haqlı idi özlüyündə. Ancaq tam bu deyildi. Bunlar həmin o teorem ola bilməzdi, olsa-olsa fərziyyə olardı. Əzəmətli səslənən həyat bu qədər bəsit ola bilməzdi. Axtarış davam etdi. Böyüklərdən soruşdum bu səfər. Səbirlə hər birinə sordum: Necə yaşadınız bu həyatı? Hərəsi bir söz deyirdi. Dedikləri ziddiyyət təşkil edirdi. Birinin xoşuna gələn hərəkət digərinin acığına gəlirdi. Bəziləri icazəsiz həyatıma daxil olmuşdu. Məni dəyişmək istəyirdilər. Onlar kimi olmadıqca incidilər, olmalı idim, axı hər biri yaşamağın yollarını dəqiq bilirdi?! Maraqlısı isə onda idi ki, həyatımı dəyişmək istəyənlərin öz həyatlarında heç bir şey dəyişmirdi. Ətrafımda bu qədər ideallaşdırılmış insan, fikir, yaşam tərzi varkən və hər biri gecə ilə gündüz qədər fərqli ikən nə etməli olduğumu bilmədim. Ziddiyyətlər uzun müddət davam etdi. Yoruldum. Dayandım. Nəfəs dərməyə dayanmışdım, nəfəsim gedib gəlməmişdi. Bu an bir Kimyagər tapdı məni. Apardı çox uzaqlara. Əvvəl qəribsindim, qorxdum. Özü də qorxunc gəldi mənə. Görəsən mənə nə edəcəkdi? Nələr-nələr etmədi… Kimyagərlər o şəxslərdir ki, həyatlarını laboratoriyaya, maddələrə, onları təmizləyib sənayeyə yararlı vəziyyətə gətirməyə həsr edirlər. Məsələn: “sənayeyə buxar mühərriki lazım idisə, ilk öncə filiz dağ süxurlarından ayrılmalı, sonra bu filizlərdən dəmir alınmalı və bu dəmir ən yaxşı formasına yəni polada çevrilməlidir; Dəmir dönüb qızıl olmayacaqdı, ancaq özünün ən yaxşı versiyası olan polada çevrilə bilər”( Mark Tven- İnsan nədir?). Bu kimyagər də peşəsinin ənənəsinə sadiq qalaraq mənim üzərimdə çeşid-çeşid reaksiyalar apardı. Fəqət bu ”reaksiyalar” fiziki deyildi. Bir başa ruha təsir edirdi. Dəmir filizinin başına gələnlər mənim də başıma gəlmişdi: presslənirdim, acı çəkirdim, bəzən dözə bilmirdim. Buna baxmayaraq acımadan davam etdi o kimyagər. Hissə-hissə azad etdi məni bütün artıq süxurlardan. “Kükürdü” çıxardı ki, kövrək olmayım, “fosforu” çıxardı ki, tez sınmayım. Əvəzində “oksidləşdirdi”. Bu “O2 ” (oksigen) isə həmin o axtarışda olduğum həqiqət idi. Bütün bu proseslər bitdikdə isə məni azad buraxdı. Daha doğrusu özündən uzaqlaşdırdı: geri dönüb öyrəndiklərimi, öyrətdiklərini tətbiq etmək və həyata gəliş missiyamı tamamlamaqdan ötrü. Artıq uzun müddətdir ki, ondan uzağam. Ayrılığımızdan sonra olduğumdan daha güclü, daha “sənayeyə” yararlı idim. Fəqət… Əgər imkanım olsa idi, ona bir məktub yazardım. Məktubun sətirləri təxmini bu cümlələrdən ibarət olmuş olardı: …Bəli, dəyərli Kimyagər… Söylədikləriniz sanki dünənmiş kimi ağlımdadır və daimi “analiz” halındadır. Məsələn, maddələrlə oxşarlığımız. Belə çıxır ki, dəmirin də yaşadığı proseslər onun bu dünyadakı səyahətidir. Ən yaxşı halına çatıb polad olduqda səyahəti bitir, artıq real həyata atılır. Eynən bizim kimi.

Üzərimdə apardığınız reaksiyalara gəlincə: Yaradanın iznilə ruhuma oksigen tək hopturduğunuz iman idi. Sizə baxıb doğrunu da, yanlışı da öyrəndim, örnək aldım. İnadla çıxarmağa çalışdıqlarınız isə ətrafın reaksiyalarına olan kövrəkliyim, səbirsizliyim və s. Düzdür, ilk başlarda anlamamışdım niyə. Sonralar məni özünüzdən uzaqlaşdırıb əlaqəni kəsdikdə dərk etdim ki, sizi müqəddəsləşdirməyim deyə belə etdiniz. İnsan nəyisə müqəddəsləşdirdikdə özündən, kimliyindən uzaqlaşır, fərqi yoxdur nəyi: bir fikir, bir ideya bir cisim və ya bir əşyanı da ola bilər. Yenidən maddələr üzərindən misal göstərəsi olsaq, bu, eynilə karbonun dönüb qızıl olmaq istəməsi, bundan ötrü canfəşanlıq etməsinə bənzəyərdi. Halbuki ikisinin də qət etməli olduğu yollar ayrı, keçməli olduqları proseslər və tələb etdikləri zaman ayrıdır. Kifayət qədər səbirli olarlarsa əgər, karbon dönüb almaz, qızıl isə qiymətli bir zinət əşyası olar. Məhz bunun fərqinə varmadığı üçün də insan ömür boyu iztirab çəkir. Mənim halım da eynən belə idi. Düzü, indi də bilmirəm dəmirəm, misəm, gümüşəm, ya qızılam. Amma hər halda başıma gələnlər də, ruhuma qatdıqlarınız da məni daha güclü etdi. Şükürlər olsun ki, artıq bu həyat necə yaşanmalıdır, kim razı salınmalıdır bilirəm. Yəni aləmi bir-birinə vurub axtardığım o “düsturu” tapdım. Yollarımızı kəsişdirdiyi üçün öncə Yaradana, sonra sizə minnətdaram. Ümid edirəm, yenidən sizinlə və həqiqət axtarışında olan kimlərləsə “ömür” adlı bu səyahət yolunda ortaq dayanacaqlarımız olar və növbəti nəqliyyatı gözləyənə qədər kəlmə kəsməyə imkan yaranar.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

M.Füzulinin 530 illiyinə həsr olunmuş esse üzrə müsabiqənin qalibi - Təhminə Verdiyeva

“Ədəbiyyat səyyahları” saytı  Böyük Azərbaycan şairi M.Füzulinin 530 illiyinə həsr olunmuş müsabiqədə esse üzrə qalibin essesini təqdim edir Nəticələr Dahilərdən biri deyib: “Sahili gözdən itirməyə cəsarət edə bilməyən insan yeni okeanlar kəşf edə bilməz”. Fikrimcə, məqsədlərini həyata keçirmək istəyən kəsin qarşısını heç bir şey ala bilməz. Nəticələri bilmədən edilən fədakarlıqlar […]