“Ədəbiyyat səyyahları” saytı Böyük Azərbaycan şairi M.Füzulinin 530 illiyinə həsr olunmuş müsabiqədə esse üzrə qalibin essesini təqdim edir
Nəticələr
Dahilərdən biri deyib: “Sahili gözdən itirməyə cəsarət edə bilməyən insan yeni okeanlar kəşf edə bilməz”. Fikrimcə, məqsədlərini həyata keçirmək istəyən kəsin qarşısını heç bir şey ala bilməz. Nəticələri bilmədən edilən fədakarlıqlar cəsarətdən doğur. Cəsarət fədakar olmağın yarısıdır, digər yarısı isə inamdır. İnam ümiddən irəli gəlir. Ümid isə gələcəkdir. Gələcək də oynanılan oyundur ki, bu zaman sonda qələbə çalmaq və ya uduzmaq bəlli olmaz. Udmaq üçün iki yol var:
Ya doğru və ardıcıl oynayıb, oyunun qanunlarına tabe olacaqsan. Çünki doğru elə cəsarətin özüdür. Ki, hər kəs doğru olmağı bacarmır;
Ya da ki, oyunu oynamadan yaşamına davam edəcəksən. Bu isə hadisələrsiz yaşamaq deməkdir və ən əsası, canlı ölü olmaqdır. Çünki həyatında baş verməyən “nələrisə” olan kəs təcrübəsiz və maraqsız durumla qarşı-qarşıya qalar, istəksiz həyata sahib olar.
Hər şey səndən asılıdır. Sən yaşadığın həyatdan. Həyat hadisələrlə yadda qalar. Yadda qalanlar xatirə olar. Xatirələr, beləliklə, insanı yaşadar. Yaşanılan anlar isə səbəb olar. Səbəb məqsəd doğurar. Məqsəd nəticələndirər. Nəticəni isə yalnız Tanrı bilər. Bir sözlə, hadisələrin nəticəsi Tanrının mərhəmətindən asılıdır. Bəlkə layiqli bəndə olsaq, o zaman mərhəmət hər an dadımıza çatar!