Adonis imzası ilə tanınan Əli Əhməd Səid İbsirin həyat və yaradıcılığına kiçik bir nəzər
Hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə Suriyanın işığı, məktəbi, yolu olmayan, yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır. 20-dən artıq kitabın müəllifi və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri olan Adonisin yaradıcılığında sürrealizmin prinsipləri və mifik obrazların təsiri duyulur. Onun şeirlərində islamdan öncəki Aralıq sahillərində yaşayan qədim xalqların – şumerlərin, finikiyalıların, yunanların mədəniyyətləri ilə bağlı ünsürlərə rast gəlmək olar. Adonisin poeziyasının dili çox qəliz, orijinal və dolğundur, onun obrazları təxminən hər dəfə qeyri-adi və gözlənilməz atmosfer yaradaraq oxucunu təəccübləndirir, onun metaforaları isə həqiqi reallıqdan uzaq olmayaraq öz şəxsi aləmini yaradır. Bu deyilənlərin təcəssümü kimi müəllifin “Dəməşqli Mihyarın nəğmələri”, “Cəm formasında olan tək”, “Nyu York üçün qəbir”, “Sufizm və sürrealizm” kimi əsərlərini göstərmək olar.
Qadına (şeir və təfsiri)
Bədən –
xəyalların yaşadığı
ən gözəl evi xatırladır hərdən.
Həzz –
bədənin dirilməsi,
başqa cür ola bilməz.
Sevən qadının göz yaşları
arzuların çağladığı çeşməyə bənzər.
Gəzər bədənim hər an –
o bədənin sahilində sərgərdan gəzər.
Gözəl qadın bədəni –
bir dəniz, bir okean.
Məni görcək
üzü alışıb-yanır gerçəkdən –
çünki bir atəşəm o qadının iç qatında.
Aşiqin ürəyi – dodaqların arasındadır,
Məşuqun ürəyi – göbəyin altında.
Yox, nə desən, əbəsdir,
nə söyləsən, havayı!
Baxdığı qızılgülün ləçəyində
özgə heç nəyi görməz kişi –
qadın bədənindən savayı.
Niyə gen dura bilmirəm,
unuda bilmirəm səni?
“Aşiqinəm, heyranınam” deyəndə
heç külək də eşitmədi səsimi.
Öz bədənində yuxudan ayılıb,
qadının bədənində yuxuya gedir –
çünki sevgidə düz xətt
kişidən ötrü çevrədir.
Kişi bir kitabdır qadından ötrü –
yalnız bədənlə oxuyacağı kitab.
Və qoxulayacağın ətir də
qadının geydiyi ən gözəl libas.
Di sakitləş, bir az,
toxta, bir qədər…
nədən narahatsan axı sən, nədən?
Onsuz da, onsuz da hər şeyi yazan
bədəndi, yalnız bədən.
“Sən arzulamağında ol” –
sozalan qızılgül pıçıldayır axırda.
Mənsə, bir qadın görmüşdüm –
eləcə dayanıb
baharı gətirən qaranquşa baxırdı.
…Və o qadın sən idin!
Dilimizə çevirdi: Mahir Qarayev
1 – ci hissədə bədənin xəyallar və arzular üçün ideal məkan olduğu deyilir. Yəni yalnız fiziki varlıq kimi düşünülmür, həm də arzuların, hisslərin yaşadığı məkan kimi qəbul edilir.
2 – ci hissədə duyğuların ən çox bədən vasitəsilə yaşandığı və bu zaman yenidən dirildiyindən danışılır.
3 – cü hissədə qadının göz yaşları çağlayan çeşməyə bənzədilir, hansı ki, o göz yaşlarında min arzular gizlənir.
4 – cü hissədə həmin insanın sevgisi qarşısında duyulan hisslərdən necə təsirləndiyi ifadə edilir.
5 – ci hissədə hisslərdən çox zahiri görkəmə üstünlüyün verilməməsi təbliğ edilir.
6 – cı hissədə aşiq olan insanın sevgisini unuda bilməməsi, səsini heç kimin eşitməməsi, soraqsız qalması öz əksini tapır.
7 – ci hissədə kişi qadın tərəfindən oxunub anlanılan bir kitab kimi verilir və qadının zərifliyindən bəs olunur.
8 – ci hissədə insan öz narahatlığını sakitləşdirməyə çalışır. Bütün hisslərin bədən vasitəsilə ifadə olunduğundan danışılır.
Son hissədə isə müəllifin qəlbində dərin iz buraxan bu qadının gözəlliyi, zərifliyi təbiətlə əlaqə yaratması təsvir edilir.