Haqqarar. Şeytanbazarda yaşıl bazarlıq

 

Qələmə, Sözə terrora etiraz şeirləri

ədəbi cəsarət simvolu Rafiq Tağının

xatirəsinə ( Azərbaycan yazıçısı 23 noyabrda

sui-qəsd nəticəsində vəfat etmişdir)

 

Rafiq Tağılar “aşağılar”a sağlığında,

“yuxarılar”a öləndən sonra gərək olur.

 

          ***

Rafiq dağını deyirəm,

Bax bu görünən Rafiq dağını.

Görünən dağa nə bələdçi

Rafiq dağını deyirəm,

Sinəmizə çəkilən Rafiq dağını.

Nabələd işi deyil deyirəm

Əbədiyyət sarayının

Daha bir tağını deyirəm

Rafiq Tağını deyirəm

Rafiq Tağını

 

Tum ağ çıxdı qara qabıqdan

Ay sarvanı ulduz karvanı

karvansaray oldu göy üzü

qaranlığı alaq eləmək

əldən saldı ayı ulduzu

 

tum ağ çıxdı qara qabıqdan

günəbaxan gün baxdı yerə

çırtlayan kim bu günü tum tək

toxum kimi əkən kim ömrə

 

Soldan sağa yazılanı

sağdan sola oxumaq

 

Dünya beş gündür

19-dan 23-nə kimi

özü də 2011-ci il noyabr ayının

əlbəttə hicri şəmsi yox

miladi

lap sadə mil mil adi

 

hicri qəməri

hicranı Qəmərin

 

yanı njdesi

at ilinin müjdəsi

icra atı dayanıb

icra gəmisi batıb

 

 

ey qatil

ey qafil

ey batil

ey baxil

naqafil çıx üzə

 

süni qəsdçi

süst araşdırıcıları yanılt

məst qızışdırıcıları soyut

et icrasızlara qarşı bunt

çıx yaşıl düzə

milsiz qəhrəman ol

mil mil tarixdə qal

 

hə dostlar mən deyim

siz məsələni necə qoyun

soldan sağa yazılanı

sağdan sola oxuyun

 

***

Gücü dahisində uca millətim

qatilliyə enən cahillərin var

dalğasında qanad açan dənizin

ilan tək sürünən sahilləri var

 

dalğanın silləsi güllədən betər

tutur sahillərin qumlu üzünü

o yan bu yanı da sahillər olan

dəniz dalğa dalğa döyür dizini

 

dənizin dibi də sahildir amma

bu sahil bənizdə olmaq istəmir

bu yastı yapalaq sahilə anam

adam heç dəniz də olmaq istəmir

 

 

Şeytanbazarda Yaşıl bazarlıq

Yaşıl bazardan Şeytanbazara

gör neçə bıçaqlıq dəmir yolunun

bir neçə bıçaqlıq ömür yoluna

iynə iynədir bu taykı relsi

 

19-23 sim-sim kəsim

bu beş gün Beşgünlük dünyaya jestin

yazıb altı üstə çevirən Usta

yenə noyabr

 

Bizə Qəzanı bağışlamağa

yazını Yazana bağışlamağa

ədəbi qazini bağışlamağa

deyin gəlsin

balan gəlsin

 

 

 

 

 

 

 

 

 

Bir taleki pəncərədən daş kimi gəlsin

 

Bir tale ki pəncərədən daş kimi gəlsin

bir ömür ki xumar gözdən yaş kimi gəlsin

kim görüb ki belə bəxtin xoş günü gəlsin

ay ana elə bil bizə it ağız açıb

 

it ağzından çıxır səhər öz aramızdı

ay nə bilim xoruz banı quşların səsi

nə bilim Ay dan ulduzu hamısı sözdü

azanı da qarşılayır it hürüşməsi

 

it ağzından çıxan dəniz söz burda qalsın

hanı səndə o mavilik yamyaşıl yosun

dənizsənsə tufan qopar fırtınan olsun

görüm sənin göl üzünü okean yusun

 

Baskervillərin iti tap itən yamyamı

İtağzıgül it ağzını açır hər gülə

inanmayanın ağlına keçə yamayım

it qursağı yağ götürməz deyən aqilə

 

 

Ölməmişdən qabaq öldürülmüşüm

 

Avropa bizdə lüks oteldi azı

Avropa və Biz də beşulduz yazı

Ey Qloballaşma qaçılmazlığı

mübarək sayğacın beş ildi yazır

Aşıq ha köynəkdən çıxarsın sazı

sakit okeandı Kürlə Arazım

sən sahibi qaçaq yasaq ərazim

get ey zalım fələk gəlmədi lazım

 

Beş ildi soyuqlar bu aydan düşür

beş ilin soyuğu bir aya düşüb

min belə beş illər araya düşüb

ölməmişdən qabaq öldürülmüşüm

 

 

Sübhün azan vaxtından,

vaxtın azan yerindən

 

Uçulur gecə sökülən dan yerindən

uçunur toran üfüq boyunca

əcəl tək hərləyir öz oxu

Axillesdaban Yeri gündoğan yerindən

 

dünyaca cəh-cəhi batırırsa it səsi

sübhün azan vaxtında vaxtın azan yerindən

balıqçısı balığı

balıq yoxsa tilovu suya batırıb yesin

buruqla tor qurublar Dəmir daban yerindən

 

it rəddidir sahil boyu uzanıb gedir

insan izi görən yerdən qayıtdım geri

bu Tövrat bu İncil Quran yerindən

 

antik yunan attik Roma əntiq Şərq

əshabələrlə kral keçir

əsrlər keçir

qırx incəbel qızla xotkar qızı Nigar keçir

pəncərədən daş kimi gələn günəş

özünü asan yerindən

siqaret yandırır səhər

bir papiros kötüyü tək tapdanır şəhər

külqabıya dönür ölkə tiran yerindən

 

külək xəmir yoğurur kündə tutur dənizdə

acıb açıb kündələri yapır sahilə

zərrin ləpələr göz qaş edir sahilə göz qaş

par par yanan ehtirası gözlə bir azdan

bütün bu cahan yatıb duran yerindən

 

 Qan suyla yuyulmur

Həllac Mənsurdan, Nəsimidən, Eldar Baxışdan Rafiq Tağıyadək

bütün Söz, Düşüncə şəhidlərinə  

Şəhəri su basır beşmərtəbədən

on beş mərtəbəlik su qalxır göyə

onun beş qatını göy qan yaş tökür

tökülən qan suyla yuyulsun deyə

 

beş

doqquz

on altı mərtəbələrin

qat qat üst qatından qan iyi gəlir

mantiya qatından nüvəsinədək

yerin bəd zatından qan iyi gəlir

lap göyün yeddinci qatından yağır

yeddi qatdan keçən bu təbil döhül

vurub keçir yerin yeddi qatından

qan suyla yuyulmur

yuyulan deyil

 

 

  Söz Rafiq Tağıydı

Söz bəxt deyil ki
Söz bəxtəbəxtdi.
Söz Rafiq Tağıydı

öz uca vaxtı

Uca Söz gəpgəncdi
qosqoca vaxtı.
Havaxtdı
payızın noyabrı qış
o qış noyabrın payızı şaxta
noyabr sazağı bıçaq tək
zəhər tək kəsir adamı
bu hüzr damı üzür adamı
sanki yeddisidi

yeddi il deyil.
Hər payız daş gəlir

pəncərədən daş
bir daşa dönmə var

hər Bəri baxda

 

 

Qiyamət gün gəlir

Yeddi oğul istərəm
Yeddi min yeddi yüz

yetmiş yeddi dəli
birdən atlanıb
tapsın qatili
Yeddi bıçaq zərbəsilə
səkkizinci kərə
noyabr tiyəsi yortur qart ili

Dəmir atlar da yortur
ağ zolaqlı qıl körpüdə
Yumalanır xəstəxana otaqlarında
iynəli ağdöş kirpilər
Qızım əmi sözündə
ata kəlməsi cilvələnir
Qışın qiyamətindən sonra
qiyamət gün gəlir

    

Azadlıqda görüşənədək

Və daha neçə rayon

Qatilin altı bıçaq zərbəsi

Cıdıra çıxıb

əbədiyyətin Cıdır düzündə

Rafiq Tağı

 

Zəhərləndi

Güllələndi

Asıldı

Qarabağ türbəsinə

Şuşa türməsi qənim kəsildi

 

Doğma ikən ögey qarabəxt

Azadlıqda görüşənədək

Rafiq Tağı

Okey Qarabağ

 

Müharibədə Şopen prelüdləri

 No­yabr Bö­yük Qə­lə­bə və… Ra­fiq Ta­ğı ayı­dır. İna­nı­rıq ki, bir gün unu­dul­maz ya­zar­la bağ­lı da mö­cü­zə baş ve­rə­cək,– bu qət­lin üs­tü açı­la­caq, el-oba­sın­dan “məc­bu­ri köç­kün” düş­müş Ra­fi­qin ru­hu öz doğ­ma yurd-yu­va­sı­na qa­yı­da­caq.

 

Su­qo­vu­şa­na
su kimi qovuşdum ana
Bu neçə on ili hardaydım deyim
bu bir neçə günə qovuşduğuma

Suyla qovuşanı od ayıramamış
Oda qovuşanı su ayırarmış
Odlar yurdu odla su arasında
od-alov içində oda tapınmış

Qarabağla ayrılıq anılarında
Şopen prelüdləri
ölümsüz faciələrdə
yaşatdı ümidləri

 

Daş və çiçək

Toz içində çiçəkdin,
İndi Daş və çiçəksən
Amma hind filmi olmaz
Səndən nə film çəksən
Baş daşı üstə belə
qatillərinə gülən
təbəssümün çiçəklər
Məzarın üzərində
təbəssümlü çiçəklər.
Soyulan soyundansan
Doğrandın ləçək-ləçək
Əlin çatmadı ilin
günün çatdı yetmişə
Nə deyərdin bu gün sən
Qarabağa yetmişə

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Amin Səfərov. Eşq həyatın gerçəyidir aşiq olan bir insana

Klv.az saytı istedadlı tələbə Amin Səfərovun şeirini öz dilindən təqdim edir   Eşq həyatın gerçəyidir aşiq olan bir insana, Çünki çatar o canana, həyatının mənasına.   Ancaq canan üz verməsə, tənə etsə sevgisini, Nifrət edər o dilbərə, hər sözünə, hər nazına.   Göy qurşağına bənzərdi, hər rəng tapılardı eşqdə, Bir […]