Ayaz Arabaçı. Balıqlarım zəncirlənmiş akvariumda

Dağınıqdı, qarışıqdı yazı stolum,

Həvəs yoxdu toplamağa, yığışdırmağa.

Balaca bir kənddən gəlib başladı yolum,

Bu dünyanı bir otağa sığışdırmağa..

Köhnə, tozlu vərəqlərə uzanmır qolum,

Ağır gəlir nənələrin kirkirəsitək.

Dağınıqdı, qarışıqdı yazı stolum,

Dağınıqdı, qarışıqdı Yer kürəsitək.

Dalğalanır pəncərəmin yaşıl pərdəsi,

Xatirələr günəşlənir ayağı qumda.

Atıb getməz istəsə də qara məhbəsi,

Balıqlarım zəncirlənmiş akvariumda.

Cırıldayır xəstə kimi asta xitabla,

Aradabir, ümidləri tükənmiş qapı.

Sol tərəfdə it ilindən qalma kitablar,

Sağ tərəfdə ağ dumanlı qara külqabı.

Heç bilmirəm külək gedib hayandan çalıb,

Barmaqlıqda didib-tökür bir əlçim yunu..

Bir ildi ki, sarı pişik didərgin salıb,

Pəncərəmin şüşəsini döyən qumrunu..

Dağınıqdı qarışıqdı yazı stolum,

Dağınıqdı, ömrüm-günüm, fikirlərintək.

Hara getsəm burdan keçir qayıdıb yolum,

Çəkicidi, füsunkardı təzə gəlintək.

Bir az əsəb, bir az fikir, bir az da acıq,

Dayanmışam divarlarla nəfəs-nəfəsə.

Şeirlər var yazılmamış, yarı-yarımçıq,

Fikirlər var bir ömürlük düşüb qəfəsə.

Dağınıqdı, qarışıqdı yazı stolum,

Həvəs yoxdu toplamağa, yığışdırmağa.

Balaca bir kənddən gəlib başladı yolum,

Bu dünyanı bir otağa sığışdırmağa..

***

Oyandım gecənin bir aləmində,

Əsirdi tufanda küçə fanarı.

Buludlar səmanı qucaqlamışdı,

Güclə görünürdü ayın kənarı.

Bir it dayanmadan hürürdü tez-tez,

Kədərli-hüzünlü boğuq səsiylə.

Tufanı qovmağa cəhd eləyirdi,

Yəqin ki, öz səfeh düşüncəsiylə.

Hənirdən düşmüşdü divar sobası,

Külək ulayırdı hey dəli-dəli..

Pis yuxu görmüşdüm, az öncə, amma,

Yadıma düşmürdü ardı-əvvəli.

Külək üz-gözümə vururdu qarı,

Mənə elə gəldi bayırda qışdı.

Elə bil yatanda girib başımdan,

Kimsə yaddaşımı oğurlamışdı.

İstədim “Uber”dən taksi çağırım,

Sürdürüm bir başa avtovağzala.

Peraşki götürüm, pivə götürüm.

Girim adam dolu ən isti zala..

Baxım gözlərindən yuxu tökülən,

Qürbət adamlara-Vətən kəslərə..

İçim yavaş-yavaş səsimi qatım,

Gecənin bağrında itən səslərə.

Bir günə beş ili, on ili yorum,

Könlüm bir dincələ, içim bir susa.

Sonra bilet alım səhərəyaxın,

Üzü kəndimizə bir avtobusa.

Gedim, çatdıraram, vaxt hələ çoxdur.

Sonra xatırladım..

Haraya gedim, o kənddə o evdə anam ha yoxdur..

 Duyğular sinəmdə gərildi sim-sim..

 Sıxdı ürəyimi tənhalıq hissim,

Vurnuxa qalmışdım hey otaq boyu,

 Fikir tamam məni gic eləmişdi.

 Baxdım votsapıma burda da bir qız,

 Xəlvəti köç salıb gecələmişdi..

***

Yüz dəfə öpənlər necə dözürlər,

Öpdüm bircə dəfə ay üzdən, öldüm.

Hələ heç qəbrimə gedib çatmamış,

Bir də bir pay gəldi pay üstən, öldüm.

Dayandım yanaşı, çiyinbəçiyin,

Aldım müşkün iyin, ənbərin iyin,

Sonra o ləzzətin, o şirinliyin,

Üstümə gəldiyi faizdən öldüm..

Ruhumun canımda həbsi dayandı,

Qapıma həsrətin qəbzi dayandı..

Qəfildən adımın nəbzi dayandı,

Neçə dildən öldüm,ağızdan öldüm..

Oldum Sibir-Sibir o eşqə sürgün,

Buzladım içində ən isti kürkün,

Bir məktub yolladı adıma, bir gün,

Aldığım o qara kağızdan öldüm..

Gördüyün bu məzar bəylik odamdı,

Ağlama, göz yaşın qəlbimə damdı,

Sənin gözlədiyin başqa adamdı,

Xanım, mən keçən il payızdan öldüm.

Oğul cəngdən ölür, ər cəngdən ölür,

Ölənlər öləndə gerçəkdən ölür,

Adamlar infarktdan, xərçəngdən ölür,

Nə xoş halıma ki, o qızdan öldüm…

Sazlanıram arada xəlvət bir iş tutmağa,

Amma ki, qəlbimdəki “tək” im icazə vermir.

Qəlbimə aid bütün yelrləri zəbt eləyib,

Başqa bir çiçəyi də əkim, icazə vermir.

Ona görə qoymuşam əlimi daşın altda,

Düzdü bir az nəfəsim təngiyir yaşın altda,

Bilir ki, çıxan kimi qalacam maşın altda,

Azca sola çıxmağa “səkim” icazə vermir.

Şəklinə gizli-gizli hərdən nəzər salınca,

Şirin-şirin gərnəşib söykənirəm balınca,

Ömrə – yaşa baxmayıb, qaçardım ey dalınca,

Bir az kilo almışam, çəkim icazə vermir.

 

İki kəlmə sözü də alıram ölə-ölə,

Gəl deyirəm, deyir ki, evdən qoymurlar çölə,

Anan indi işdədir, atan gedib Göy-gölə,

Yaxşı, onda ay zalım, bə kim icazə vermir..

Əvvəl heç olmamışdı belə naümid qalım,

Arım-balım deyirəm, zəhərə dönür balım,

Mən gərək lazım olan acını ondan alım,

Hələ ki, siqaretə həkim icazə vemir.

***

Demək istədiklərim alınmır telefonda,

Mesajnan da yazanda sona kimi doymuram.

Nə bilim ey,nədənsə elə bilirəm onda,

Sənə olan sevgimə ürəyimi qoymuram..

Uçmuram sevincimdən barmaqlarım dəyəndə,

Heç bir hərfin nəbzini tutub yoxlayammıram.

Elektron sözləri ürəyim istəyəndə,

Götürüb sətir-sətir öpüb qoxlayammıram.

Süni parıltısıyla tısbağa monitorlar,

Şirin-şəkər sözlərin ruhuna kölgə salır.

Gözümün qabağını elə tutur ki,torlar,

Mənim yeganə çarəm ancaq məktuba qalır.

Həm də məktub yaxşıdı,bunda nə var ki,ayıb,

Mən açığı nə vaxtdı,”feys”dən üşünürəm.

Elə ona görə də hisslərimi toplayıb,

Sənə məktub şəklində yazmağı düşünürəm.

Məktub elə şeydi ki,bir az olsa da xofu,

Oxuyanda hər dəfə vaxtı dayandırırsan.

Məktubda lap zor çıxır məhəbbətin alovu,

Gizlədə bilməyəndə oxuyub yandırırsan..

Almaq heç,çox gözəldi,hələ yazmağın özü,

Özünə də xoş gəlir bir çox məziyyətlərin.

Tapıb yaza biləndə ən gözəl,ən gül sözü,

Yoxa çıxır bir anda bütün əziyyətlərin.

Açılır sinəndəki ballı söz pətəkləri,

Duyğular qanad açır bir yeşik arı kimi.

Qopub söz-söz dilindən qəlbinin mələkləri,

Düzülür ağ kağızda durna qatarı kimi.

Vecimə də deyil ki,harda dəyib yıxacaq,

Sən tərəfdən atılan hər qızıl ox gözəldi.

Mənim eşqim məktubda daha canlı çıxacaq,

Duyğularım bir yana xəttim də çox gözəldi.

Adını sevgi qoyub yaşadığım bu cəza,

Sənin də mənim kimi ərşə çəkər yuxunu.

İndi mən bu məktubu oturub yaza-yaza,

Təsəvvür eləyirəm necə oxuduğunu..

Ürəyim hey alışır odlu hisslərə uyub,

Yazıb verdim gətirər sənə poçtalyon Peçkin..

Amma sən bu məktubu yaxşı-yaxşı oxuyub,

Elə yerdə gizlə ki,tapa bilməsin heç kim..

 Bayraq..

Gör necə də vüqarla başım üstə durmusan,

Yenilməz bir ulusa, yurda tən, uca bayraq.

Bəs eləyir vəsfinə bircə qızılı misra,

Bu torpaq uca bayraq, bu vətən uca bayraq..

Dönük çıxsam yurduma, bu dünyaya kor baxım,

Səninlə bir kəsilib, göbək bağım, qor bağım,

Altına getsəm belə sən ucalan torpağın,

Sənə sevgim düşməz heç, qüvvədən ulu bayraq..

Səndən üstün nə var ki, adımı ad eləsin,

Günəşə dedim səni, hər səhər yad eləsin,

Uca Tanrı ruhunu həmişə şad eləsin,

Səni kim yaradıbsa nüvədən, ulu bayraq..

Bu illərə gördüyüm çin çıxmış bal yuxumdu,

Xilaskar oğulların hər birisi Nuhumdu..

Səni dalğalandıran külək deyil ruhumdu,

Qumaşına dirəkdi bu bədən uca bayraq..

Əbədi dalğalanmaq həvəsini duyuram,

Ürəyini oxuyur və səsini duyuram,

Nəbzini dinləyirəm, nəfəsini duyuram,

Məni-mən eyləyənsən, məni-mən, uca bayraq..

O sənin şəhid oğlun, bu sənin şəhid bacın,

Gəlsin, sinəmə gəlsin, nə ki, var,ağrın-acın,

Dalğalanır Murovun yelində qıvrım saçın,

Ətəyi coşqun dəniz, başı çən, uca bayraq.

Ən uca zirvələrə qartal kimi çökürsən,

Bilirsən də, kimlərin ürəyini sökürsən,

Hər baxanda düşmənin gözlərini tökürsən,

Ayından-ulduzundan nur əmən uca bayraq.

O zəfərdən anamız Təbrizə də dilərsən,

Qanlı göz yaşlarını ətəyinlə silərsən,

Kefin harda istəsə dalğalana bilərsən,

Qazanmısan bu haqqı, sən ey, sən, uca bayraq..

Qoruyub yaşatmışıq səni qan bahasına,

Min-min oğul, min-min ər, min-min can bahasına,

Daha nə yazım axı, nə yazım dahasına,

Bayraq deyirəm sənə, bayraq..ən uca bayraq.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/07/31/edmund-husserl-kartezian-dusunceleri-10-20/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ NƏTİCƏ § 63. Transsendental təcrübənin və dərk etmənin tənqidi məsələləri İki əvvəlki və həmçinin sonuncü dəfə düşüncələrdə saxlanılan araşdırmalarda, biz transsendental təcrübənin, özümüzün və “başqasının” dərketmə təcrübəsinin əsasında hərəkət edirdik. Biz bu təcrübəyə, ümumiyyətlə transsendental-eimi təcrübənin bütün növlərinin predikativ […]