Əvvəli: https://klv.az/2024/02/28/edmund-husserl-kartezian-dusunceleri-11-2/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 42. Digər eqonun səriştəli dərk etmə problemlərinin izahı, solipsizmdə ittihamlara cavab kimi
Sonrakı düşüncələrimizi, olduqca böyük etiraz kimi görünə bilən bir məsələnin nəzərdən keçirilməsi ilə başlayırıq. Bu nə az nə çox, transsendental fenomenologiyanın artıq transsendental fəlsəfənin özü olmaq iddiasında olması tələbinə, nəticə ehtibarı ilə isə, obyektiv dünya ilə əlaqəli transsendental problemləri konstitutiv problematikaların və nəziriyyələrin işlənilməsi vasitəsilə transsendental reduksiya olunmuş eqo çərçivəsində həll etmək qabiliyyətinə aiddir. Əgər mən, düşünən MƏN kimi, özümü fenomenoloji εποχή vasitəsi ilə özümün mütləq transsendental eqoma reduksiya edirəmsə, onda mən bundan sonra hansısa solus ipse-də dayanmırammı və nə qədər ki, fenomenoloji işarə altında ardıcıl özünü izah etmə ilə məşğul oluram, o vaxta qədər də bu cür olaraq qalmirammı? Və belə bir halda fenomenologiyanı obyektiv varlıq problemlərini həll etmək və artıq fəlsəfə olaraq çıxış etmək istəyən transsendental solipsizm kimi elan etmək lazım gəlmirmi?
Bu məsələyə daha yaxından nəzər yetirək. Mən transsendental reduksiyanın nəticəsində mənim şüurumda axan xalis təssüratlara və onların aktuallığı və potensiallığı sayəsində konstruksiyalaşan birliyə bağlı meydana çıxıram. Əslində özü-özünə aydın görünür ki, bu cür birlik mənim eqomdan ayrılmazdır və ona görə də konkret olaraq onun özünə məxsusdur.
Lakin, belə bir halda digər eqolarla vəziyyət necədir, axı onlar ümumiyyətlə mənim tərəfimdən təqdim edilmir, sintetik birliklərlə yalnız mənim təsəvvürlərimdə yerləşən, özünün mümkün təsdiqini məndə tapan kimi ortaya çıxmır, həm də öz mənasına görə “başqalarının” mahiyyətidir.
Bu mənada biz, transsendental realizmə münasibətdə ədalətsiz hərəkət etmirikmi? Onun fenomenoloji əsaslandırması kifayət qədər olmasa da, nə qədər ki, o “başqasının” transsendentliyinə eqonun immanentliyindən yol tapmağa çalışır, hər halda prinsipcə haqlıdır. Biz fenomenoloq kimi bunula razılaşmaya və buna görə də eqonun təbiət və dünya ilə immanent konstruksiyalaşmasının arxasında, ilk öncə ümumiyyətlə, hələ məhz yol tapılması lazım gələn dünyanın və öz-özünə mövcudluğun dayandığını deyə bilmərikmi; bununla belə, demək olmaz ki, hətta həqiqi transsendental dərketmənin imkanları haqqında və ilk öncə mən mənim mütləq eqomdan, məndə həqiqi “başqası” kimi olmayan, ancaq məndə özlüyündə yalnız intensional olaraq dərk olunan digər eqolara necə çıxa bilməyim haqqında, xalis fenomenoloji mənada sual verilə bilməz? Məgər əzəldən aydın deyilmi ki, mənim transsendental dərketmə sahəm, mənim sintetik olaraq onda birləşən transsendental təcrübə sferamın hüdudlarından kənara çıxmır; məgər özü-özünə aydın deyilmi ki, bütün bunlar tamamilə mənim xüsusi transsendental eqomla müəyyən olunur və tükəndirilir? Hər halda belə görünə bilər ki, bu fikirlər o qədər də ədalətli deyildir. Bunlarla və bunların aydın olan, nədən irəli gəlməsi ilə razılaşmaqdan və sonra özünü “metafiziki” adlandıran və güman edilən mümkünlüyü tam mənasızlığa çevrilə bilən dialektik arqumentlərə və hipotezlərə əl atmaqdan əvvəl, burada alter ego ilə əlaqəli meydana çıxan problemlərin fenomenoloji araşdırılması üzrə sistematik olaraq konkret iş həyata keçirmək və buna təşəbbüs göstərmək yerinə düşərdi. Hər halda bizə, özünü bizim transsendental eqonun zəminində üzə çıxaran və təsdiq edən alter ego-nun eksplitsit və implitsit intensionallıqları ilə tanış olmaq və “başqa eqoların” mənasının məndə hansı intensionallıqlarda, hansı sintezlərdə, hansı motivasiyalarda necə formalaşdığını, habelə dərketmənin razılaşdırılmış təcrübəsi ilə “başqasının” mövcudluq kimi və hətta xüsusi formada, özü-özünə mövcudluq kimi təsdiqlənməsini başa düşmək lazım gəlir.
Axı bu təəssüratlar və onların nəticələri mənim daxili fenomenoloji sferamın transsendental faktlarının mahiyyətidir – onların araşdırılmasında, hansısa digər üsullara əl atmadan, mən mövcudluq kimi, digər eqoların mənasını hərtərəfli izah edə bilərəm.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/03/13/edmund-husserl-kartezian-dusunceleri-13/