Ayaz Arabaçı. Yol

Yollardayam,
İzlərimi tanımayan küçələrdəyəm.
Acı soyuq, uzun, qərib
gecələrdəyəm.
Addımlarım bir az yorğun, bir az tələskən.
Özüm seçdim bu yolları özümə məskən.
İllərdi ki
yollardayam bilirəm onu.
Bu yolların hamısının ev olmur sonu.
Küləklərdi-yağışlardı yol yoldaşlarım,
Dualardı-alqışlardı yol yoldaşlarım.
Necə ki, var canımda can, dizimdə təpər,
Ayaqlarım bu yolları öpər, hey, öpər.
Yollardayam, ürəyimi közə çevirib,
Ayaqlarım bu yolları sözə çevirib,
İzsiz-tozsuz yoxa çıxıb çox siluetlər,
Çoxdu könül arxivimdə köhnə biletlər.
Gələnlərin-gedənlərin içində kim yox,
Bircə mənəm qalanların içində ən çox.
Silinməz ki bu yolların xatirələri.
Qaytarmaz ki, yollar mənə ötən illəri.
Hər bir yolda bir mənəvi doğuluş yatır,
Harda durar bu kəcavə, bu qəflə-qatır?
Qayıdarmı könül bir də həmən yolları,
Yollar məndən gəlib keçdi ya mən yolları?
Heç bilmirəm
bu macəra başladı hardan,
Yollar məndən keçdi getdi,ya mən yollardan?..
Yaddaşında həkk olunduq bir-birimizin..
Gah yeridim, gah yüyürdüm gah dizin-dizin..
Yollardayam…
bir az külək, bir az yağış,bir az da qaram,
Yollardayam, bu həyatda neçə ki varam..
Yollardayam, qatarların fitləri ilə,
Küçələrin ac-yalavac itləri ilə..
Neçə dəfə desəm belə son səfərimdi,
Yollar mənim qazandığım hər zəfərimdi.
Bu yollardan xatirədi
saçımda hər dən,
Eh nə qədər adam gördüm bu yollarda mən.
Eh nə qədər üzü gülən, qəlbi ağlayan.
Uzaq-uzaq üfüqlərə ümid bağlayan.
Yazdıqlarım dərdlərimin sərtləri deyil,
Hələ bir az yumşaqları hamarlarıdı..
Yollar mənim tariximin, ip uclarıdı,
Yollar mənim dərdlərimin damarlarıdı.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nurəddin Ədiloğlu. Qoca Səmənd

 Səməd Vurğun – 120 (hekayə) Uşaq çağlarımda eşitmişdim ki, Səməd Vurğun bizim kəndə ova gəlib. Şairin arabaçı Qismətin Səmənd atına bədahətən dediyi şeirin iki misrasını yaddaşına həkk edən bir ovçu nəql edirdi ki, Ağçalada ocaq qalayıb, şairlə çörək də kəsib. Başqa ovçu dəm vurdu ki, özüylə ov tulası gətirən şair […]