Aprelin 16-da Xəzər Universitetinin Dünya Məktəbi Azərbaycan və rus bölmələrinin ana dili və ədəbiyyatı müəllimləri “Ədəbiyyat səyyahları” (klv.az) saytının fəaliyyəti ilə tanış oldular. Xəzər Universitetinin müəllimi Baş redaktor Qardaşxan Əzizxanlı iştirakçılara saytın bölmələri haqqında ətraflı məlumat verdi. Görüş Dünya Məktəbinin yaradıcı müəllim və şagirdlərini saytla əməkdaşlığa cəlb etmək məqsədi daşıyırdı. Dünya Məktəbi Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətli şagirdlərin də yaradıcılığını əks etdirmək üçün saytda “Dünya Məktəbi” adlı guşə yaradılmasını təklif etdi. Tədbir Xəzər Universitetinin 35 illiyi ilə bağlı “Ədəbiyyat səyyahları”nın elan etdiyi müsabiqədə Dünya Məktəbi müəllimlərinin iştirakının müzakirəsi ilə yekunlaşdı.






