Əli Bəbiroğlu. Dost ömrünə tale kimi gələn şeirlər

Klv.az saytı Əli Bəbiroğlunun şair-publisist Qardaşxan Əzizxanlı haqda yazdığı yazını “525-ci qəzet”ə istinadən təqdim edir.

 

Onunla ilk tanışlığımız arx üstündə mənim heç xoşuma gəlməyən təkəbbürlü oturuşundan başlandı, hələ ona yaxınlaşırdım, uzaqdan onun bu halı məni heç açmamışdı.  Sataşmaq bəhanəsi ilə: “Sən kimsən? Burda niyə oturmusan?” – deyib onunla mübahisəyə başladım. Onun ağıllı və məntiqli cavabı məni sakitləşdirdi: “Allahın yeridir, oturmuşam”.

…Sonra öyrəndim ki, onlar Cəlilabad rayonundan Lənkərana, bizim qonşuluğumuza köçüblər. Bu, yaşımızın 11-12-ni vuran vaxtları idi.

Dost seçimi həm də insanın öz mənəvi aləmi, hiss və duyğuları ilə daha sıx bağlılığı olan bir şeydir. “Dostunu göstər, sənin kim olduğunu deyim” məsəli demək olar ki, fikrimizi tam isbatlayır.

…Bizim üçün düşünüləsi, ağıla, xəyala gəlməyən özünün evdə saxladığı şahin quşundan, onu idarə edə bilməsindən, Amerika maşınlarını pultla 20 sm gah endirib, gah qaldırmaq mümkünlüyündən, bu şəhərdən digər şəhərə zəng vuran insanın görüntülü təsvirlərindən… danışıb bizi heyrətləndirərdi. Bu hələ ev telefonumuzun belə olmadığı 1970-ci il idi. Əsasən idmançı, əlaçı, şairlik üstünlükləri bizi bir-birimizə daha çox yaxınlaşdırırdı, bax beləcə, Qardaşxanla qardaş dostluğumuz başlandı.

Qardaşxan Əzizxanlını bütün ömrü boyu həmişə, hər gün, hər yerdə  “yerlə-göylə əlləşən” bir şair obrazında görmüşəm, bu, onun heç də qondarma halı deyil, bu vəziyyət onun çox özəl halı, iç aləmi ilə bağlı olan təbii, doğal halıdır. Ot biçimində də, böyürtkən yığımında da, futbol oyununda da onu bu şair halından ayrılmaz görmüşəm. Onun təbiətində şeirə vurğunluq, məftunluq vardır, şeir xiridarı olduğundan təbii ki, şeiri – şairi müstəsna fərqləndirmə, ayırdetmə bacarığı Qardaşxanın əlavə bir üstünlüyüdür. “Çərxi fələk badəsindən içib” şair olan könlü düşdüyü bütün sferalarda; məhəllədə, məktəbdə, oxuduğu və işlədiyi universitetlərdə, bir sözlə, həmişə şeirlə, sözlə nəfəs alır. “Bəhri-mərifət” dənizinin üzgüçüsü kimi “lölöi-şəhvar”ını (sözünü) səxavətlə paylayır, bir kimsədən əsirgəmir. Həvəsləndirmə, rəğbət yaratma işinin ustasıdır. Onun ədəbiyyata, sözə-saza bir şeydalıq hissi vardır, bu şeydalıq hissi illər ötdükcə ədəbiyyat sərhədlərini aşaraq daim genişlənir, sosiologiyanı, fəlsəfəni də bu sevgiyə qatmaqla daha əhatəli bir dünya eşqi ilə yaşayır. Sözsüz ki, bu məhəbbətdən şeirlərinin də payına bir qismət düşür. Məhəbbət şeirləri ilə bərabər, sosial-əxlaqi yönümlü eyni zamanda ictimai-siyasi, ictimai-fəlsəfi şeirləri ilə də vətəndaşlıq mövqeyini ortaya qoyur. Vətənpərvərlik şeirlərinin dadı-duzu ona sərhədçi taleyindən gələn Vətəni sevmək, Vətəni düşməndən qorumaq keyfiyyətlərini şeirə gətirə bilmək bacarığı qazandırmışdır. Vətəni birlikdə sevmək düşüncəmizin bünövrəsi hələ orta məktəb illərindən divarlara, şalbanlara yapışdırdığımız “SSRİ – xalqlar həbsxanasıdır!” təbliğat-vərəqlərlə veliko rus düşüncəsində olan mərkəzi hakimiyyətə etiraz etdiyimiz vaxtlardan qoyulmuşdu. Bu təşəbbüs, sözsüz ki, Qardaşxandan gəlirdi. Azərbaycan müstəqillik qazanana qədər  “Azərbaycan, Azərbaycan”,  “Azərbaycan – dünyam mənim” adlı sırf ədəbiyyat yönümlü dərnək fəaliyyətimizin Fikrət Qoca, Söhrab Tahir, Eldar Baxış, xalçaçı rəssam Eldar Mikayılov və başqa şəxsiyyətlər ilə yaddaqalan görüşləri olmuşdu. Bu dərnəyin 1988-ci ildən sonrakı davamiyyəti milli-vətənpərvərlik ideyaları ilə özünün ictimai-siyasi fəaliyyətini meydan hərəkatında da davam etdirirdi. Görkəmli şairimiz Məmməd Arazla qiyabi bağlılığımız vardı, bizim şair Qardaşxan  haqqımızda görkəmli şairə danışar və adımıza müəllifin imzalı kitablarını gətirərdi. Hələ orta məktəb illərindən başlayan sözə-saza bağlılığı, Mikayıl Müşfiq, Səməd Vurğun, Hüseyn Arif  sevdalılığı onun şair təbiətinə özəl keyfiyyətlər qatırdı. Bu kimi keyfiyyətləri onu XX əsrin ən görkəmli şairlərindən biri olan M.Arazın yaradıcılığına daha çox bağladı.

Qardaşxan hamıda olmayan yaradıcı keyfiyyətlərini; sözü, şeiri makulatura kimi deyil, gül dəstəsi kimi təqdim edə bilir. Az söz işlətmək istəyi onun bütün yaradıcılığında açıq-aydın görünür. Hələ ilk yazılarını ortalığa çıxartdığı vaxtlardan üzü bəri dövrün eybəcərliklərinə satirik, ironik, yumoristik münasibəti onun yaradıcılığının indiyədək davam edən və öyrənilməyən bir tərəfidir. Ümumiyyətlə, Qardaşxanın bir şair kimi, fədakar ədəbiyyat adamı kimi obrazı hələ lazımınca öyrənilməyib.

Gənclik illərinin aşiqanə şeirləri  məhəbbətə, eşqə yazılan labirint şeirlərdəndir. Labirint dediyim şeirlər insan üçün yeni dünya açır, səni özünə çəkdikcə geriyə qayıdışın çətinləşir, şeir, şair səni əsir götürür. Mikayıl Müşfiq, Əli Kərim, Musa Yaqub, Məmməd Araz oxucu qəlbini ovsunlayan şeirləri ilə bizi öz cazibə əhatəsində tutub saxlaya bilirlər. Biz bu cazibə dairəsindən nəinki çıxa bilirik, çıxmağa cəhd belə göstərmirik.

Şair Qardaşxanın şeirlərində xalq yaradıcılığı musiqi incilərinin, aşıq dastan ədəbiyyatımızın, görkəmli sevgi şairimiz M.Müşfiqin “Yenə o bağ olaydı” labirint-şeirinin nəfəsi ruhu vardır. Yeri gəlib deyim, günümüzün rebus şeirləri əmələ gəlib. Sərbəst vəzndə yazılan bu şeirləri səkkiz üzünə çevirsək də, fikrimizi bir üzə tutub uyğunlaşdıra bilmirik. Bu hal mətbuat səhifələrində təəssüf ki, getdikcə çoxalmaqdadır. Qəribədir ki, bu tapmaca – rebus şeirlər indi həm dəbdədir, həm də şeir təsəvvürümüzü daha çox bu dəbə uyğunlaşdırmaq meyli güclənib. Klassik musiqidə əldə etdiyimiz nailiyyətlər istisna olmaqla incəsənətin yerdə qalan bütün ədəbi-mədəni sahələri yeni nəsil tərəfindən, yeni baxış bucağından baxılaraq yanlış süzgəcdən keçirilir. Bu baxış sistemi bütün zamanların yaradıcı gənclərinin özünü təsdiqetmə forması olub və indi də var, olsun, lakin saqqız kimi çox da uzununa çəkilməsin. Bu vəziyyət – ədəbi zövqün formalaşmasında dövlət dəstəyinə ehtiyac var – həyəcan təbilinin çalınmasına olan ehtiyaca qədər uzun sürməsin. Redaktorların mövqe nümayişi vacibləşir. Şair sözü: “Dəli deyib daşlayanda ağıllı, Xəncər qapan ağlıçaşda nə günah”. Ədəbiyyatımızın bu sahədə möhtəşəm uğurları da mövcuddur. Son belə uğurlar hörmətli şair Qulu Ağsəsdən gəlir. Misalların hədsiz çoxluğundan nümunə verə bilmirik.

Şair Qardaşxanın XVI-XVII əsr aşıq yaradıcılığından, Dirili Qurbanidən, Aşıq Abbas Tuvarqanlıdan, Xəstə Qasımdan bəhrələnməsi onun bütünlüklə şair yaradıcılığında: aşiqanə, nisgilli və həsrət dolu ayrılıq, ictimai-siyasi, ictimai-fəlsəfi, təbiət təsviri və tərənnüm motivli şeirlərində aydınlığı ilə görünür. Bu sənətkarların ədəbiyyata gətirdikləri cənnət havasına yeni əsim, yeni ətir qoşa bilir:

“Duman, gəl get bu dağlardan…”

Duman, belə gəlmə, gəlmə! (“Duman”);

“Bu çadır – dərd kolu, dərd meşəsidi,

İçində adamlar – bənövşəsidi.

Bu nəşə, can qardaş, dərd nəşəsidi,

Küsüb-yaşadığım daxmadı bu dərd!”

(“Söhrab Tahirə”);

“Sən hardan gəlmisən bu görkəminlə,

Yoxsa ürəyimin başından mənim.

…Gir bu kol dibinə – qısıl  köksümə,

Çevril ürəyimin döyüntüsünə…”

(Bənövşəm),

“Nuru, dağa üz tutaq,

Bu çayla aram dəyib,

Suları bir sevincin 

Şəklini çəkəmməyib!”

(“Nurunun toy günü yazılmış şeir”),

“Sübh erkən oyada şirin yuxudan,

Gecələr yuxumu dağıda sevgim!

Bağrımın başını göynədən oda,

Gözümün yaşını axıda sevgim!” (“Sevgim”).

Şairin “Pəncərədən daş gəlir” şeiri isə Qardaşxanın şair kimliyini ortaya qoyur. Qardaşxanın “pəncərədən tale kimi gələn” şeirləri, yəqin ki, hər zaman sevilərək oxunacaq. Bu haqda bir dəfə yazmışdım. “Pəncərədən daş gəlir”lə başlayan, “Can var canan əlində”, “Bir tale ki, pəncərədən daş kimi gəlsin”lə davam edən şeirlər Qardaşxanın qırx illik yaradıcılığından seçmələr olsa da, min bir illik eşq dastanları kimi oxunur. Adam var, şeirə şairlik iddiası ilə gəlir, bu hal onun sətirlərində göz deşir. Şeirə şair təbiəti ilə gələnlərin cəmiyyətə deyiləsi sözü olur. Şairlik təbiətin özüdür. Təbiətin yazı, payızı, qışı olur, hər sevən onun bir fəslinə, bir halına aşiq olur, kimi yaz çiçəyinə, kimi payız yarpağına vurulur. Bir rus mahnısında (“U prirodı net ploxoy poqodı”) deyildiyi kimi təbiətdə pis hava olmur. Şair kimi özünü təsdiqləyənlərin heç birinə pis demək olmur, nisbi ölçülər olur, bu ölçülər də rəy formalaşdırır. Şeir – ümiddən yapışan, son yarpaqdan asılı qalan ehtiyacların təsəlli yeridir. Son yarpaqdan asılı qalan ümidsiz insan taleyi bir təsəlli – şeirin, bir xilaskar şairin əli ilə bəladan qurtulur, yenidən həyat yaşayır. Şair Qardaşxanın şeirləri tale şeirləridir, çətinliyə düşən, ruhdan düşən qəlblər üçün bir təskinlik, inanc yeridir. Şair sözünü daşdan, torpaqdan düzəldilən büt kimi yonur, təbinin kəhər atının cilovunu buraxıb dördnala çapmır, az sözlə daha dərin mətləbləri demək istəyi onun yaradıcılığının başlıca xüsusiyyətidir. Qardaşxanın hərtərəfli istedadı onun redaktorluq, müəllimlik, alimlik fəaliyyətində də eyni sevgi, eyni yanğı ilə davam etməkdədir. Son illərdəki yaradıcılığından xəbərsiz olsam da, onun mənə, köhnə dostuna deyəcəyi sözü çox gözəl bilirəm, çünki mənim də ona deyəcəyim sözüm vardır:

Çiçəklənib alça, göyəm,

Qarşı duran dağ təzə-tər.

Arx üstündə mən köhnəyəm,

Arxkənarı bağ təzə-tər.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Yun Fosse. Yazmaq bir növ duadır

Be Dek 18 , 2023
Builki Ədəbiyyat üzrə Nobel mükafatının qalibi norveçli yazar Yun Fosse 7 dekabr 2023-cü ildə Stokholmdakı İsveç Akademiyasında mühazirəsini söyləyib. Yazarın Nobel nitqini təqdim edirik.   Səssiz dil   Mən orta məktəbdə oxuyanda gözlənilməz hadisə baş verdi. Müəllim məndən ucadan oxumağımı istədi. Birdən-birə məni alt-üst edən qəfil qorxu basdı. Sanki qorxunun […]