***
Mötərizə açılanda ağlayan,
bağlananda gülən…
bəşər –
heç vaxt indiki qədər
sadəlövh olmayıb, mən bilən…
Hələ tezdi,
vaxta var yəni:
əlli yaşdan sonra xəbər tutacaq qadın
əslində onu kimin sevdiyini…
Cin atında gəzmişəm dörd yanı,
ən təmiz yeri
zibil qablarıdı dünyanın…
Xanımlar və cənablar,
baxın,
diqqətlə baxın:
nökərin göz yaşı üzündən yox,
kürəyinin arasından axır…
Qorxudan rəngi ağappaqdı
yuxarıdan özünü atan hər nə var:
istər adam olsun,
istər yağış, qar…
Bir də bu kadrlar –
zəlzələdə
Allahın altından
Allahın üstünə qaçanların nidası,
ovucda partlayan
fişəngin əl vidası,
göy boyda yorğanın
yer boyda mitili,
vayfayla əkilən insan şitili…
Və bir də:
məni Günəşə gömərsiniz
gözümə yuxu getmir
soyuq yerdə…
***
Yığışıb qarama yüz söz deyərlər,
Bu boyda millətə nə cavab verim?
Bilsələr, qanıma yerikləyərlər –
Səni sevdiyimi… sevmədiklərim
Bir qiz bir oğlana çoxuymuş, demə,
Sevdim təklənəsən… çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm…
Di gəl bacarmadım… düzünü desəm,
Özün tərpənmədin rahat yerindən.
Külli-ixtiyarsan, nə vaxt istəsən,
Oynat, ağlımı da oynat yerindən!
Bunu bir mən bilim, bir də sən ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Biza nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer bəsimizdi!..