Builki Ədəbiyyat üzrə Nobel mükafatının qalibi norveçli yazar Yun Fosse 7 dekabr 2023-cü ildə Stokholmdakı İsveç Akademiyasında mühazirəsini söyləyib. Yazarın Nobel nitqini təqdim edirik.
Səssiz dil
Mən orta məktəbdə oxuyanda gözlənilməz hadisə baş verdi. Müəllim məndən ucadan oxumağımı istədi. Birdən-birə məni alt-üst edən qəfil qorxu basdı. Sanki qorxunun içində yoxa çıxdım və artıq ondan ibarət idim. Ayağa qalxıb sinif otağından qaçdım. Şagirdlərin, eləcə də müəllimin bərəlmiş gözlərinin sinif otağından məni izlədiyini hiss edirdim.
Daha sonra tualetə getməli olduğumu deyərək, qəribə davranışımı izah etməyə çalışmışdım. Onların mənə inanmadıqlarını üzlərindən oxuya bilirdim. Yəqin ki, mənim dəli olduğumu düşünürdülər, bəli, mən dəli olmağa doğru gedirdim.
Bu ucadan oxumaq qorxusu məni daim təqib etdi. Vaxt ötdükcə mən cəsarət toplayıb müəllimlərimə ucadan oxumaqdan qorxduğum üçün belə oxuya bilməyəcəyimi deyib üzr istəyirdim, bəziləri mənə inanırdı və bunu bir də məndən tələb etmirdilər, bəzilərisə, elə bilirdi ki, onlarla zarafat edirəm.
Bu təcrübədən insanlar haqqında vacib bir şey öyrəndim.
Çoxlu başqa şeylər də öyrəndim. Bəli, çox güman ki, bu gün mənə burada dayanıb tamaşaçılar qarşısında ucadan oxumaq imkanı verən bir şey. Həm də, demək olar ki, heç bir qorxu hiss etmədən.
Mən nə öyrəndim?
Dilimi məndən alan, bir növ qorxu idi və belə demək mümkünsə, mən onu qorxudan geri almalı idim. Əgər bunu edəcəkdimsə, bu, başqasının şərtləri ilə ola bilməzdi, ancaq öz qaydalarımla etməliydim.
Öz mətnlərimi, qısa şeirlərimi, kiçik hekayələrimi özüm yazmağa başladım.
Bununla da kəşf etdim ki, bunu etmək mənə qorxunun əksinə, arxayınlıq, özünəinam hissi verir.
Bu yolla içimdə, yalnız mənə aid bir yer tapdım və o yerdən, ancaq mənim olanı yaza bildim.
İndi, təxminən, əlli il keçsə də, mən hələ də oturub yazıram və hələ də, düzünü desəm, haqqında mövcudluğundan başqa o qədər də çox şey bilmədiyim içimdəki o gizli yerdən yazıram.
Norveç şairi Ulav Hauqe (Olav H.Hauge) yazmaq aktını meşədə yarpaqdan binalar tikən, onların içində oynayan, şam yandıran, qaranlıq payız axşamlarında orada oturan və özünü təhlükəsizlikdə hiss edən uşaq olmaqla müqayisə etdiyi bir şeir yazıb.
Düşünürəm ki, bu, mənim də yazı prosesini necə yaşadığımın ən yaxşı təsviridir. İndi, eləcə də əlli il əvvəl olduğu kimi.
Uşaqlıqda başıma gələn o hadisədən daha çox şey öyrəndim, öyrəndim ki, ən azından mənim üçün danışıq dili ilə yazı dili, yaxud danışıq dili ilə ədəbi dil arasında böyük fərq var.
Danışıq dili çox vaxt bir şeyin bu cür və ya başqa cür olması ilə bağlı mesajın monoloji münasibətidir, ya da bir fikir və ya qənaət kəsb edən mesajın ritorik ifadəsidir.
Ədəbi dil heç vaxt belə olmur – məlumat vermir, ünsiyyətdən daha çox məna kəsb edir, onun öz varlığı var.
Bu mənada da, yaxşı yazı və hər cür təbliğat, istər dini, istərsə də, siyasi, hər hansı mövzuda olur-olsun, istənilən təbliğat açıq şəkildə bir-birinə ziddir.
Ucadan oxumaq qorxusuna görə, əksər yazıçının həyatına xas olan tənhalığa qədəm qoydum və o vaxtdan da orada qaldım.
Çoxlu nəsr və dram əsəri yazmışam. Təbii ki, dramaturgiyanı səciyyələndirən odur ki, o yazılı nitqdir, həmişə xəyali dünyaya aid olan dialoq, çıxış və ya sürətli danışmaq cəhdi və monoloqlar, informasiya verməyən, amma özünə aid varlığı, mövcudluğu olan bir şeyin parçasıdır.
Nəsrə gəlincə, Mixail Baxtin haqlı olaraq iddia edir ki, ifadə tərzinin, danışıq aktının özündə iki səs var.
Sadələşdirsək; danışan, yazan adamın səsi və haqqında danışılan şəxsin səsi. Bunlar çox vaxt bir-birinə o qədər qarışır ki, hansı səsin kimə aid olduğunu ayırd etmək mümkün olmur. Demək olar ki, ikisəsli yazıya çevrilir və bu, əlbəttə ki, yazılı kainatın və onun öz içindəki məntiqin bir hissəsidir.
Yazdığım hər bir əsərin, belə desək, hər birinin müəyyən mənada, öz uydurma kainatı, öz dünyası var. Hər pyes üçün, hər roman üçün yeni olan bir dünya.
Amma yaxşı şeirin, çünki mən çoxlu şeirlər də yazmışam, bilirəm, özünün ayrı bir kainatı var – o kainat mahiyyətcə şeirin özü ilə bağlıdır. Sonra onu oxuyan adam şeirin kainatına girə bilər – bəli, bu, ünsiyyətdən daha çox iştiraka bənzəyir.
Əslində bu yazdıqlarımın hamısına aiddir.
Bir şey dəqiqdir ki, mən heç vaxt özümü ifadə etmək üçün yazmamışam, necə deyərlər, əksinə, daha çox özümdən uzaqlaşmaq üçün yazmışam.
Beləcə, mən dramaturq oldum – bəli, bu barədə nə deyə bilərəm?
Romanlar və şeirlər yazdım, teatr üçün yazmaq həvəsim heç yox idi, amma vaxt keçdikcə bunu etdim, çünki – daha çox yeni Norveç dramını yazmaq üçün dövlət tərəfindən maliyyələşdirilən təşəbbüsün bir hissəsi kimi – o vaxtlar kasıb yazıçı olan mənə bir tamaşanın açılış səhnəsini yazmaq üçün yaxşı pul təklif etdilər və sonunda bütöv bir pyes yazdım, bu da mənim ilk və hələ də ən çox oynanan “Biri gələcək” adlı tamaşam oldu.
İlk dəfə pyes yazmağım bütün yazıçılıq həyatımda ən böyük sürpriz oldu. Çünki istər nəsrdə, istərsə də, nəzmdə, adətən – adi danışıq dilində – sözlə deyilə bilməyənləri yazmağa çalışmışam. Bəli, bu, doğrudur. Deyilə bilməyənləri ifadə etməyə çalışdım və mənə Nobel mükafatının verilməsinə səbəb bu oldu.
Jak Derridanın məşhur bir kəlamını bir az dəyişdirərək desəm: “Həyatda ən vacib şey deyilə bilməz, yalnız yazılar”.
Buna görə də səssizliyə sözlər verməyə çalışıram.
Dram əsərləri yazarkən, səssiz nitqdən, səssiz insanlardan nəsr və poeziyadakından çox daha fərqli şəkildə istifadə edə bilirdim. Etməli olduğum tək şey “pauza” sözünü yazmaq olurdu və səssiz nitq orada idi. Mənim dram əsərlərimdə “pauza” sözü, şübhəsiz ki, ən vacib və ən çox istifadə olunan sözdür – uzun pauza, qısa pauza və ya sadəcə, pauza.
Bu pauzalarda çox şey də ola bilər, az da. Bir şey deyilməyə bilər, bir şey deyilmək istənməz və ya ən yaxşısı, heç bir şey demədən deyilə bilməsidir.
Yenə də, mən tamamilə əminəm ki, bu pauzalar sayəsində ən çox danışan səssizlikdir.
Mənim nəsrimdə bəlkə də, bütün təkrarlar dramımda olan pauzalara oxşar funksiya daşıyır. Ya da, bəlkə də, mən belə düşünürəm ki, pyeslərimdə səssiz nitq olduğu halda, romanlarda yazılı dilin arxasında səssiz bir dil var və əgər, mən yaxşı ədəbiyyat yaratmaq istəyirəmsə, bu səssiz nitqdə ifadə olunmalıdır, bir neçə sadə və konkret misaldan istifadə etmək lazım olarsa, məsələn, “Septologiya”da bu səssiz dil birinci Asle (romandakı obrazın adı – tərc.) ilə digər Aslenin eyni adam ola biləcəyini göstərir və təxminən 1200 səhifəlik bütün uzun roman, bəlkə də sadəcə, bunun yazılı ifadəsindən ibarətdir.
Amma səssiz xitab və ya səssiz dil daha çox əsərin bütövlüyündən danışır. İstər roman, istər pyes, istərsə də, teatr səhnəciyi olsun, vacib olan ayrı-ayrı hissələrin özü deyil, bütövlükdür – və ya bəlkə də, mən bu bütövlüyün ruhundan, bir əsərin ruhu haqqında danışmağa cəsarət edə bilərəm, həm yaxından, həm də uzaqdan danışan bir ruh.
Əgər kifayət qədər diqqətlə dinləsəniz, onda nə eşidərsiniz?
Səssizliyi eşidərsiniz.
Müqəddəs mətnlərdə deyildiyi kimi, yalnız sükutda Tanrının səsini eşidə bilərsiniz.
Ola bilər.
İndi dünyaya qayıtsaq, teatr üçün yazmağın mənə verdiyi başqa bir şeyi qeyd etmək istəyirəm. Yazıçılıq, dediyim kimi, tənha peşədir. Ulav Hauqenin başqa bir şeirindən sitat gətirsək; tənhalıq yaxşıdır – başqalarına qayıdan yol açıq olduğu müddətcə…
İlk dəfə səhnədə yazdığım bir əsərin ifasını görəndə mənə təsir edən bir şey oldu, bəli, bu, tənhalığın tam əksi idi, bu, dostluq, yoldaşlıq idi, sənəti paylaşaraq sənət yaratmaq idi – bu, mənə böyük xoşbəxtlik və arxayınlıq, inam hissi verdi.
Bu fikir, bu hiss o vaxtdan məni izlədi və inanıram ki, bu gördüyüm işə, sadəcə, rahatlıqla davam etdirməyimə deyil, eyni zamanda pyeslərimin zəif quruluşlarında belə bir növ xoşbəxtlik tapmağıma kömək etdi.
Teatr, həqiqətən də, böyük dinləmə aktıdır – rejissor mətni dinləyər, ən azından dinləməyə çalışmalıdır, aktyorlar mətni, bir-birini, rejissoru dinləyər və tamaşaçılar bütün tamaşanı dinləyərlər.
Yazmaq isə mənə görə, dinləməkdir: yazanda heç vaxt hazırlaşmıram, heç nə planlaşdırmıram, dinləyərək davam edirəm.
Belə ki, yazı aktı üçün bir metafora istifadə etməli olsaydım, bu, dinləmək olardı.
Beləliklə, deməyə belə ehtiyac yoxdur ki, yazmaq musiqini xatırladır. Yeniyetməlik illərində, sadəcə, musiqi ilə məşğul olmaqdan birbaşa yazıya keçid etdiyimi demək olar. Hətta, musiqi ifa etməyi və dinləməyi tamamilə dayandırdım və yazmağa başladım. Alətlə ifa etdiyim zaman yaşadıqlarıma bənzər bir şey yaratmağa çalışdım. O vaxt belə etdim, indi də belə edirəm.
Başqa bir şey də budur ki, bəlkə bir az qəribədir, mən yazanda həmişə elə hiss yaranır ki, mətn artıq yazılıb, mənim içimdə yoxdur, haradasa, kənardadır və mən onu, mətn yoxa çıxana qədər yazmalıyam.
Ara-sıra mən bunu heç bir dəyişiklik etmədən edə bilirəm, bəzən də mətni yenidən yazaraq, kəsib-doğrayıb redaktə edərək axtarıb tapıram və artıq yazılmış mətni diqqətlə ortaya çıxarmağa çalışıram.
Teatr üçün yazmaq istəməyən mən, təxminən 15 il boyu, yalnız bu işlə məşğul oldum. Yazdığım pyeslər, hətta səhnəyə də qoyuldu, bəli, zaman keçdikcə bir çox ölkələrdə çoxlu tamaşalar nümayiş olundu.
Mən hələ də buna inana bilmirəm.
Həyat, həqiqətən, inanılmazdır.
Necə ki, indi burada ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməyimlə bağlı olaraq dayanıb yazmağın nə olduğu haqqında nəsə, mənalı sözlər deməyə çalışdığıma inana bilmədiyim kimi. Başa düşdüyüm qədərilə mən, həm pyeslərimə, həm də nəsrimə görə mükafata layiq görülmüşəm.
Uzun illər, demək olar ki, yalnız pyeslər yazdıqdan sonra qəfildən hiss etdim ki, kifayətdir, bəli, bəsdir daha, dedim və pyes yazmağı dayandırmağa qərar verdim.
Amma yazmaq vərdiş halına çevrilmişdi və mən onsuz yaşaya bilməzdim – bəlkə də, Marqarit Duras kimi, siz bunu xəstəlik adlandıra bilərsiniz – ona görə də hər şeyin başladığı yerə qayıtmağa, dramaturq kimi debütümdən əvvəl, təxminən on il ərzində etdiyim kimi, nəsr və digər janrlarda yazmağa qərar verdim.
Son on-on beş ildir bununla məşğul idim. Yenidən ciddi şəkildə nəsr yazmağa başlayanda, hələ də bacara biləcəyimdən əmin deyildim. İlk olaraq “Trilogiya”nı yazdım və bu romana görə Nordik Şurasının Ədəbiyyat Mükafatına layiq görüldüm. Bunu bir nasir kimi mənim də təklif edə biləcəyim bir şeyin olduğunun böyük təsdiqi kimi şərh etdim.
Sonra “Septologiya”nı yazdım.
Bu romanı yazarkən, bir yazıçı kimi ən xoşbəxt anlarımdan bir neçəsini yaşadım, məsələn, bir Asle qarda yatan o biri Asle`ı tapıb həyatını xilas edəndə, yaxud da sonunda əsas personaj, birinci Asle köhnə balıqçı qayığıyla, yeganə və ən yaxşı dostu Asleik və Asleik`in bacısı ilə Milad bayramını qeyd etmək üçün son səyahətinə çıxanda…
Uzun roman yazmaq fikrim yox idi, amma roman özü-özünü yazdı və ortaya uzun bir roman çıxdı. Əksər hissəsini elə rəvan, axıcılıqla yazdım ki, hər şey olmalı olduğu kimi idi.
Düşünürəm ki, xoşbəxtlik deyə biləcəyimiz şeyə ən yaxın olduğum zaman bu vaxt idi.
Bütövlükdə “Septologiya”nın içində yazdığım bir çox başqa əsərlərin xatirələri var, amma onlar fərqli işıqda əks etdirilir. Bütün roman boyu bir dənə də olsun, nöqtənin olmaması ixtira deyil. Sadəcə, mən romanı nöqtə ilə dayanmağı tələb etməyən axıcılıqla, hərəkətlə yazmışam.
Bir dəfə müsahibələrimin birində demişdim ki, yazmaq, bir növ duadır. Bunun çap olunduğunu görəndə utandım. Amma sonradan oxudum ki – bir az da təsəlli kimi oldu – Frans Kafka da eyni sözləri deyib. Yəni, bəlkə də – demək ki, doğru ola bilər?
Mənim ilk kitablarım olduqca pis rəylər almışdı, amma tənqidçilərə qulaq asmamaq qərarına gəldim, sadəcə, özümə güvənməliydim, bəli, yazdıqlarıma sadiq qaldım. Əgər bunu etməsəydim, bəli, qırx il əvvəl debüt romanım “Raudt, Svart” (“Qırmızı, Qara”) nəşr olunandan sonra yazmağı dayandırardım.
Sonralar, əsasən, yaxşı rəylər aldım və hətta mükafatlar da qazanmağa başladım – sonra düşündüm ki, eyni məntiqlə davam etmək vacibdir, əgər pis rəylərdən nəticə çıxarmasaydım, uğurun da mənə təsir etməsinə imkan verməzdim, yazdıqlarımdan möhkəm yapışacaq, yaratdıqlarıma bağlı qalacaqdım.
Düşünürəm ki, bunu bacarmışam və Nobel mükafatını aldıqdan sonra da bunu davam edəcəyimə, həqiqətən, inanıram.
Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyüm elan ediləndə, çoxlu elektron məktublar, təbriklər aldım və təbii ki, çox məmnun oldum, təbriklərin çoxu sadə və sevinc dolu idi, amma bəzi adamlar sevincdən qışqırdıqlarını, bəziləri isə göz yaşlarına boğulduqlarını yazırdılar. Bu, həqiqətən, mənə toxundu.
Yazılarımda intihar hadisələri çoxdur. Düşünmək istəmədiyim qədər çox.
Qorxurdum ki, bu yolla intiharın qanuniləşdirilməsinə töhfə vermiş ola bilərəm. Amma mənə hər şeydən daha çox toxunan, yazdıqlarımın həyatlarını xilas etdiyini açıq-aydın yazanlar oldu.
Müəyyən mənada mən həmişə bilirdim ki, yazı həyatları xilas edə bilər, bəlkə mənim öz həyatımı da xilas edib. Əgər mənim yazılarım başqalarının da həyatını xilas etməyə kömək edə bilsəydi, heç nə məni bundan artıq xoşbəxt edə bilməzdi.
Mənə Ədəbiyyat üzrə Nobel Mükafatını verdiyi üçün İsveç Akademiyasına təşəkkür edirəm.
Tanrıya təşəkkür deyirəm.
P.S. Mətn norveçcədən ingilis dilinə müstəqil jurnalist, tərcüməçi May-Brit Akerholt tərəfindən tərcümə edilib.
İngilis dilindən tərcümə: Nilufər HACILI
edebiyyatqazeti.az