Dzyunyitiro Tanidzaki. Kiçik dövlət

Dzyunyitiro Tanidzak dünya şöhrətli Yaponiya yazıçısı, modernizm və avanqardizm cərəyanının parlaq nümayəndəsi, “Səfehin məhəbbəti”, “Uşaqlar”, “Sirr”, “İblis” kimi məşhur roman və povestlərin müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

(hekayə)

Tokionun yerli sakini Kaidzima Masayosi iki il bundan qabaq M. şəhərinin ibtidai məktəbinə işləməyə göndəriləndə otuz altı yaşı var idi. Atasından – çinşünas alimdən ona irsən keçən elm aşiqliyi üzündən taleyi uğursuz alınmışdı.

Əslində, Kaidzima bəxtsiz adam idi və bununla artıq barışmışdı. Bax əgər elmə xidmət etmək niyyətindən əl çəkib hansısa dükanda buyruq qulu olsaydı, bir az səy göstərəndən sonra ondan babat tacir də çıxa bilərdi. Ən azı, ailəsinə çörəkpulu qazanıb korluq çəkmədən yaşayardı. Uşaqlarının təhsil xərcini ödəyə bilməyən imkansız valideynlərin oğlu gərək alim karyerasını ağlından belə keçirməyəydi.

İbtidai məktəbi bitirəndən sonra atası inadla ona usta yanında köməkçi işinə düzəlməyi tövsiyə etdi. Atasının məsləhətlərinə qulaq asmayan Kaidzima Otyanomidzudakı pedaqoji məktəbə daxil oldu və iyirmi yaşında müəllimlik peşəsinə yiyələndi. Həmin vaxt maaşı ayda on səkkiz yen idi və o, ömrü boyu təvazökar müəllim rolu oynamaq fikrində deyildi. Sadəcə, Kaidzima ümid edirdi ki, məktəbdəki işi ona maddi baxımdan sərbəstlik gətirəcək və o öz təhsili ilə məşğul ola biləcək. Özünü Yaxın Şərqin, əsasən də Yaponiya ilə Çinin tarixini öyrənməyə həsr etmək istəyirdi və hətta vaxtı gələndə elmi dərəcə alacağına da ümidli idi.

Amma Kaidzimanın iyirmi dörd yaşı tamam olanda atası vəfat etdi. Bu hadisədən az sonra Kaidzima evləndi. Əvvəlki arzuları yavaş-yavaş sönməyə başladı.

Həvəsdən düşməyində arvadını dəlicəsinə sevməyinin də rolu az olmadı. Bu vaxta qədər elmlə fədakarcasına məşğul olan Kaidzima qadınlara fikir verməmişdi. Əvvəllər xəbərsiz olduğu ailə həyatının sevinci onu getdikcə daha çox özünə bağlayırdı. Bütün adi adamlar kimi o da zaman keçdikcə az ilə kifayətlənməyə başladı.

Tezliklə qızları dünyaya gəldi. Bu hadisə maaşının artması ilə üst-üstə düşdü. Kaidzima özü də fərqinə varmadan əvvəlki şöhrətpərəstlik arzularını tamamilə unutdu.

Həmin vaxt onu artıq başqa məktəbə keçirmişdilər. Maaşı ayda iyirmi yen idi. Bir müddətdən sonra onu Nihonbasi, ardınca isə Akasaka rayonuna göndərdilər. Fərqli məktəblərdə müəllimlik etdiyi bu on beş ildə maaşı tədricən yüksəldi – indi artıq ayda qırx beş yen qazanırdı.

Amma ailə xərcləri daha sürətlə artırdı və ehtiyac ildən-ilə daha kəskin hiss olunmağa başlayırdı.

İki il sonra onların bir oğlu dünyaya gəldi, ardınca isə daha dörd uşaqları doğuldu və müəllimliyinin on yeddinci ilində ailəsi ilə birlikdə əyalətə köçəndə arvadı artıq yeddinci uşağa hamilə idi.

Ailə ilə böyük şəhərdə yaşamaq cibinə uyğun olmadığı üçün tokiolu əyalətə köçmək məcburiyyətində qaldı. Onun Tokiodakı son iş yeri İmperator sarayından qərbdə yerləşən, başdan-ayağa bahalı mülklərlə dolu dəbdəbəli Kodzimati rayonundakı F. ibtidai məktəbi idi. Kaidzimanın şagirdləri, əsasən, aristokratların və yüksək çinli məmurların uşaqları idi.

Onun həmin məktəbə gedən öz uşaqları varlıların fonunda həddən artıq miskin görünürdülər.

Kasıb olmalarına baxmayaraq ər-arvad öz uşaqlarını daha yaxşı geyindirmək istəyirdi. Uşaqlar hər dəfə “O qızdakı paltardan istəyirəm!”, “O lentdən istəyirəm”, “O ayaqqabıdan istəyirəm!”, “Yayda kurorta gedək!” deyib nəsə istəyəndə valideynlərinin ürəyi sıxılırdı. Üstəlik, Kaidzimanın himayəsində yaşlı dul anası da var idi…

Mülayim, ürəyiyumşaq Kaidzima ailəsi qarşısında günahkar olduğunu düşünüb daim əzab çəkirdi. Ən yaxşı yol ağır həyat sürdükləri Tokionu tərk edib həyatın daha asan olacağı, arvad-uşağın kasıblığı bu cür kəskin hiss etməyəcəkləri əyalətdə məskunlaşmaq idi…

Niyə M. şəhərini seçdilər? Çünki arvadının tanışlarından biri – əslən həmin yerlərdən olan bir xanım Kaidzimanın ora göndərilməsini xahiş etdi.

Təqribən əlli min əhalisi olan və Tokiodan təxminən otuz kilometr şimalda yerləşən bu kiçik şəhərcik ipək istehsalı ilə məşhur idi. Şəhər Kanto düzənliyinin kənarında, dağların düz ətəyində yerləşirdi. Şəhərciyin ətrafında böyük tut bağları var idi.

Buludsuz günlərdə istənilən küçədən baxanda kirəmit damların üzərindəki mavi göy üzünün fonunda coşqun bulaqlarıyla məşhur dağların əzəmətli cizgiləri görünürdü…

Şəhərin arxlarında sakit şırıltıyla axan sərin, mavi su, içindən tramvayla keçib bulaqlara qədər gedə biləcəyin qələbəlik küçə əyalət şəhərciyinə misilsiz bir gözəllik verirdi.

Kaidzima ailəsi ilə bura təbiətin oyanıb baharın canlı rəngləri ilə parıldadığı may günlərindən birində gəldi.

Kanda məhəlləsinin Saruqaku küçəsində tozlu-torpaqlı həyətlərdəki həyata öyrəşən ailə üzvləri dərindən nəfəs aldılar – sanki onları qəfil qaranlıq, üfunətli mağaradan təmiz havaya çıxarmışdılar.

***

Uşaqlar qədim qalanın xarabalıqları yanındakı çəmənlikdə sevinə-sevinə atılıb-düşürdülər, üzərinə çiçəkləyən qlisiniyaların gur salxımları sallanmış gölməçənin sahilindəki bağçada bənd boyu sıx bitən albalı və sakura ağacları arasında gizlənpaç oynayırdılar.

Ər-arvad və yaşı artıq altmışı ötmüş ana – ildə bir dəfə atasının qəbrini ziyarət etmək üçün Tokioya gedirdilər. Amma qayğısız əyalət həyatının dadını biləndən sonra heç biri – nə ana, nə Kaidzima, nə də arvadı paytaxt üçün darıxırdı.

Kaidzimanın işlədiyi məktəb ucqarda, şəhərin şimal hissəsində yerləşirdi.

Məktəbin idman meydançasının arxasında sıra ilə tut ağacları uzanırdı.

O hər dəfə sinfə girəndə və pəncərədən günəş şüaları altında parıldayan zəmiləri, bağçaları, uzaqda bənövşəyi dumana bürünmüş sıra dağları görəndə ürəkaçan azadlıq hissi duyurdu.

Ona verilən oğlanlar sinfində Kaidzima təxminən üç il dərs dedi. Burada paytaxt məktəbindəki kimi geyim-kecimli uşaqlar yox idi. Amma şəhərcik ucqarda deyildi, prefektura mərkəzi idi. Odur ki məktəbdə kifayət qədər varlı uşaqları təhsil alırdı.

Qabiliyyətli şagird çox idi, amma aralarında bəzən paytaxt uşaqlarından da islaholunmaz dəcəllərə rast gəlmək olurdu.

Ən qabiliyyətlilisi iki nəfər idi: yerli toxuculuq fabrikinin sahibinin, bank vitse-prezidentinin oğlu Sudzuki və “Hidroelektroenerji” firmasının direktorunun oğlu Nakamura. Uğurlarına görə bu oğlanlar üç il idi ki, sinifdə birinci yeri bölüşürdülər.

Dəcəllərin başçısı dərman bitkiləri tacirinin oğlu Nisimura idi. Həkim oğlu olan bir başqası – Arita qorxaq və ana uşağı kimi ad çıxarmışdı. Valideynlərinin onu ərköyün böyütdükləri dərhal bilinirdi – sinifdə hamıdan yaxşı geyinirdi.

Kaidzima uşaqları sevirdi. Məktəbdə işlədiyi iyirmi il ərzində hər uşağa eyni dərəcədə isti münasibət bəsləməyə öyrəşmişdi və bir-birindən çox fərqlənən bu oğlan uşaqları arasında fərq qoymurdu.

Bəzən kifayət qədər sərt fiziki cəzalara əl atırdı və ya səsini yüksəldirdi. Ancaq Kaidzima məktəbdə işlədiyi bu illər ərzində uşaq ruhunu yaxşı anlamağı öyrənmişdi və təkcə şagirdlərin deyil, həmkarlarının da, valideynlərin də hörmətini qazanmışdı.

***

Bahar fəsli, aprel ayı idi. Semestrin sonunda Kaidzimanın dərs dediyi beşinci sinfə yeni şagird – qaşqabaqlı, alçaqboylu gonbul bir oğlan gəldi. Onun böyük başında və qarabuğdayı kvadrat sifətinin bəzi yerlərində dəmrov görünürdü. Adı Syokiti Numakura idi. Uşağın toxucu atası yəqin ki, Tokiodan bura yeni tikilmiş ipəkəyirmə fabrikində işləməyə gəlmişdi. Numakuranın qaba görkəmi və çirkli pal-paltarı kasıb ailədən olduğundan xəbər verirdi.

İlk baxışda Kaidzimaya elə gəldi ki, oğlan qanmazın biridir və pis tərbiyə olunub. Amma qısa imtahandan sonra gözlənilmədən məlum oldu ki, o, azdanışan, adamayovuşmaz və qaşqabaqlı olsa da, kifayət qədər istedadlıdır.

Günlərin bir günü tənəffüs zamanı Kaidzima idman meydançasına gəlib başları oynamağa qarışan uşaqlara tamaşa edirdi. İdman meydançasında uşaqların imkan və xarakterlərinin sinifdəkindən daha yaxşı açıldığına çoxdan əmin idi.

Şagirdlər iki “orduya” bölünüb dava-dava oynayırdılar. Əgər rəqiblərin qüvvələri bərabər olsaydı, burada qəribə heç nə olmazdı. Amma birinci “orduda” qırx, ikinci “orduda” isə cəmi on adam vardı.

Birinci “ordunun” başçısı artıq haqqında söz açdığımız əczaçı oğlu Nisimura idi. O, at rolunu oynayan iki uşağın belinə minib dayanmadan çığıraraq öz “ordusuna” əmrlər verirdi.

İkinci “ordunun” başçısı Kaidzimanın gözləmədiyi halda yeni gələn şagird Syokiti Numakura idi. “At” belində oturan və gözləri qəzəblə parıldayan Numakura da bağıraraq – bəs onun qaradinməzliyi hara qeyb olmuşdu? – düşmənin nəhəng “ordusunun” içlərinə sürətlə hücuma keçmiş azsaylı əsgərlərinə əmrlər verirdi.

Maraqlıdır, Numakura belə məşhurluq qazanmağa nə vaxt imkan tapdı? Axı onun sinfə gəlməsindən heç on gün də keçməyib.

Uşaq sadəlövhlüyü ilə döyüşün gedişini izləyən Kaidzima oyunu daha diqqətlə izləməyə başladı.

Qəfil Numakuranın kiçik dəstəsi bir anın içindəcə düşmənin çoxsaylı “ordusunu” pərən-pərən saldı və bu “ordu” çaxnaşmaya düşüb hara gəldi qaçmağa başladı. Adama elə gəlirdi ki, Nisimuranın döyüşçüləri hamıdan çox Numakuranın özündən qorxur. Onlar kifayət qədər cəsarətlə döyüşürdülər, amma Numakura öz “atının” üzünü onlara tərəf döndərən kimi döyüşə girmədən qaçırdılar. Axırda Numakuranın heybətli baxışlarına tab gətirməyən “ordu” başçısı Nisimura özü də öz xoşu ilə əsir düşdü.

Halbuki Numakura yumruqlarını belə işə salmırdı. Elə bir şey yox idi! O, sadəcə, “at” belində oturub öz əsgərlərinə əmrlər verir və düşməni söyürdü. Və… düşmənin mövqelərini bütün cinahlarda yarırdı.

– Hə, bu dəfə vuruşaq! Bu dəfə biz yeddi nəfər olacağıq. Sizinlə vuruşmağa yeddi nəfər bəs edər! – Bu sözlərlə Numakura könüllü şəkildə üç döyüşçüsünü düşmənə verib, ikinci dəfə döyüşə başladı. Nisimuranın “ordusu” bu dəfə də biabırcasına təslim oldu. Üçüncü dəfə Numakura “ordusundakı” döyüşçülərin sayını beşə endirdi. Amma yenə də qızğın, amansız döyüşdən sonra məhz onlar qalib gəldilər.

Həmin gündən Kaidzima bu oğlana göz qoymağa başladı. Sinifdə o, digərlərindən heç nə ilə fərqlənmirdi. Oxudan, şifahi hesabdan yaxşı qiymətlər alır, ev tapşırıqlarını səliqə ilə yerinə yetirir, yoxlama işlərini də pis yazmırdı. Dərsdə Numakura həmişə partaya dirsəklənib qaşlarını çataraq sakitcə otururdu. Kaidzima ilə bu yeniyetmənin xarakterini heç cür çözə bilmirdi. Hər halda, o bütün sinfi müxtəlif yaramazlıqlara və müəllimi ələ salmağa təhrik edən islahedilməz dəcələ bənzəmirdi. Heç şübhəsiz, bu şeytancığazları idarə edirdi, amma bu, qəribə idarəetmə idi.

Bir səhər etika dərsində Kaidzima Ninomiya Sontoku[1] haqqında danışırdı. Həmişə şagirdlərlə mehriban davranan Kaidzima, adətən, etika dərslərində çox sərt olurdu. Həmin gün birinci dərs etika idi: sinif otağına günəş şüaları dolmuşdu. Şagirdlərin sifəti çox gərgin və ciddi idi.

– Bu gün mən sizə Ninomiya Sontoku haqqında danışacağam. Sakit oturun və diqqətlə qulaq asın, – Kaidzima sözə başladı.

Sinfə sakitlik çökdü. Hətta parta yoldaşı ilə laqqırtı vurduğuna görə Kaidzimanın tez-tez danladığı Nisimura belə bu gün ağıllı gözlərini arabir qırpıb diqqətlə müəllimin üzünə baxırdı. Vəcdlə Ninomiya Sontoku haqqında danışan Kaidzimanın səsi pəncərədən düz tut plantasiyalarına qədər gedirdi. Sıra ilə parta arxasında oturmuş əlli şagird nəfəs dərmədən müəllimin nitqini dinləyirdi.

– Ninomiya-senseyin Hattori evini müflislikdən necə qurtardığını bilirsiniz? Senseyin məsləhəti, sadəcə, bir kəlmədən ibarət idi: “qənaət”…

Kaidzimanın coşqun nitqinə heç nə mane olmurdu, amma birdən qulağına sinfin küncündən gələn və güc-bəlayla eşidilən bir pıçıltı dəydi. Kaidzima əsəbiləşdi. Hətta bu gün hamının axır ki, özünü yaxşı apardığı və diqqətlə qulaq asdığı bir vaxtda belə kimsə yenə boş-boş çərənləyirdi! Kaidzima qəsdən öskürdü və hirsli-hirsli həmin küncə tərəf baxıb dərsə davam etdi. Güclə eşidilən həmin pıçıltı bir neçə dəqiqəliyinə kəsilsə də, sonra yenidən eşidilməyə başladı. Bu pıçıltı əsəblərə diş ağrısı qədər təsir edirdi. Get-gedə daha da qıcıqlandığını hiss edən Kaidzima cəld başını pıçıltı gələn tərəfə çevirdi. Həmin an pıçıltı kəsildi. Çərənçini tutmaq mümkün olmadı. Deyəsən, pıçıltı Numakuranın oturduğu sağ küncdən gəlirdi. Kaidzima məhz onun çərənlədiyi qənaətinə gəldi.

Əgər bu adam bir başqası, deyək ki, nadinc Nisimura olsaydı, Kaidzima düşünmədən onu danlayardı. Amma Numakuraya irad bildirməyə ona nəsə mane olurdu. Bu uşaq Kaidzimada hansısa qəribə bir sıxıntı hissi doğururdu, onu tənbeh etməyə dili gəlmirdi.

Oğlan sinfə təzəcə qəbul olunmuşdu və bəlkə də, buna görə Kaidzima onunla bir dəfə də olsun səmimi söhbət etməmişdi. Onların ünsiyyəti yalnız dərs vaxtı sual-cavab ilə məhdudlaşırdı.

“Yaxşı, məzəmmətsiz keçinməyə çalışaq. Bəlkə, özü susdu”, – soyuqqanlı görkəmini qoruyub saxlamağa çalışan Kaidzima belə qərara gəldi. Amma çərənçinin pıçıltısı abırsızcasına daha da ucadan səslənirdi və nəhayət, müəllim onun dodaqlarının necə tərpəndiyini sezdi.

– Kimdir orada dərs başlayandan laqqırtı vuran?! Kim?! – Səbri tükənən Kaidzima hirsli-hirsli qarğı qırmancı stola çırpdı. – Numakura! Sənsən çərənləyən?! Sən?!

– Yox, mən deyiləm, – Numakura təmkinlə yerindən qalxdı və ətrafına göz gəzdirib sol tərəfdəki parta qonşusunu, Noda familiyalı oğlanı göstərib dedi: – Odur!

– Yalandır! Özüm gördüm ki, çərənləyən sənsən. Özü də Noda ilə yox, sağdakı parta qonşun Surayuki ilə. Niyə yalan danışırsan?! – Kaidzimanı qeyri-adi hirs bürüdü, sifəti qıpqırmızı qızardı. Numakuranın öz günahını üzərinə atdığı Noda sakit, sözəbaxan oğlan idi.

Numakura barmağı ilə onu göstərəndə qorxa-qorxa gözlərini qırpmağa başladı və sanki rəhm diləyirmiş kimi yerindən qalxdı. Ürkək baxışlarını Numakuradan çəkmədən, nəhayət, titrək, amma qətiyyətli bir səslə dedi:

– Sensey! Danışan Numakura yox, mən idim!

Bütün uşaqlar istehza ilə gözlərini Nodaya zillədilər. Noda dərslərdə nadir hallarda səs salanlardan idi. Heç şübhəsiz, o, gücü ilə öyünən Numakuraya görə özünü qurban verirdi. Bu, Kaidzimanı daha da özündən çıxardı. Bəlkə də, Noda Numakuranın dərsdən sonra onu ələ salacağından qorxurdu. Numakura iyrənc hərəkətə yol vermişdi və ciddi cəzaya layiq idi.

– Mən Numakuradan soruşuram. Yerdə qalanlar sussunlar! – Kaidzima yenə qırmancı möhkəmdən stola vurdu. – Numakura! Niyə yalan danışırsan? Bəli, yalan danışırsan! Mən sənin necə danışdığını gördüm. Adam kimi boynuna alsaydın, səni cəzalandırmazdım. Amma yalan danışırsan, hələ, üstəlik, öz günahını başqasının boynuna atmağa çalışırsan. Ən pisi də budur! Bunu belə qoymaq olmaz, yoxsa səndən adam olmayacaq!

Numakura qorxmadan, acıqlı-acıqlı Kaidzimaya baxırdı. Onun sifətində tipik tərbiyəsiz yeniyetmə cizgiləri göründü, oğlan həyasız və amansız birinə çevrildi.

– Niyə susursan? Dediklərimi anlamırsan? – Kaidzima stolun üstündəki etika dərsliyini örtüb cəld Numakuranın partasına yaxınlaşdı. O hər şeyi axıra çatdıracağını və lazım gələrsə, yalançının qırmancla dərsini verəcəyini qəti qərarlaşdırmışdı. Şagirdlər nəfəslərini içlərinə çəkib susmuşdular. Sinifdə əvvəlkinə heç bənzəməyən gərgin, fırtına qabağı sakitlik ab-havası yaranmışdı.

– Nə olub, niyə susursan, Numakura? Mən sənə bu qədər söz demişəm, sən isə inadkarlıq edirsən!

Kaidzimanın əlindəki bükülmüş qırmanc Numakuranın yanağına dəyəcəkdi ki, o, qalın qaşlarını bir az da çatıb alçaq, xırıltılı və son dərəcə həyasız səslə dedi:

– Ddanışan Noda-san idi. Mən yalan demirəm.

– Yaxşı! Bura gəl! – Kaidzima belə deyib, bərk-bərk onun çiynindən yapışdı və dartıb yerindən qaldırmaq istədi. Müəllimin bu rəftarı Numakuraya yaxşı heç nə vəd etmirdi.

– Bura gəl! Peşmançılıq keçirənə və bağışlanmağa layiq olana qədər bu kafedranın yanında dayanacaqsan. İnadkarlıq eləsən – gecəyə qədər burdasan!

– Sensey! – yenidən yerindən qalxan Noda dedi. Numakura altdan-altdan Nodaya baxdı. – Düz sözümdür! Danışan Numakura-san deyildi! Məni onun yerinə qoyun!

– Lazım deyil, Noda. Səninlə biz sonra danışarıq. – Kaidzima Numakuranı qaldırmaq istəyən vaxt daha bir şagird yerindən qalxdı.

– Sensey! – bu, dəcəl Nisimura idi. İndi bu oğlanın sifətində həmişəki itaətsizlik ifadəsindən əsər-əlamət belə yox idi. Onun gözlərində on iki yaşlı yeniyetmədə qəribə görünən öz canını ağasının yolunda qurban etməyə hazır kölə vüqarı, cəsarəti və qətiyyəti parlayırdı.

– Daha yetər! Mən sizi cəzalandırmağa hazırlaşmıram. Günahkar Numakuradır, o da cəzalandırılacaq! Səni hələ heç kim heç nədə ittiham etməyib, ona görə də artıq-əskik danışma! – Kaidzima bərk hirslənmişdi.

O nəyə görə hamının Numakuranı təmizə çıxarmağa cəhd göstərdiyini anlamırdı.

Yəni bu oğlancığaz onları bu qədərmi əzib, qorxudub? Dəhşətdir!

– Hə, tez elə! Qalx! Mən sənə kafedraya yaxınlaşmağını buyurdum. Niyə yerindən tərpənmirsən?

– Sensey! – daha bir oğlan yerindən qalxdı. – Əgər siz Numakuranı cəzalandırmaq istəyirsinizsə, onda məni də onunla cəzalandırın.

Bu sözü deyən sinif nümayəndəsi, əlaçı Nakamura idi. Kaidzima bunu heç gözləmirdi.

– Bu nədir belə? – çaşıb qalan Kaidzima qeyri-ixtiyari Numakuranın çiynini sıxan barmaqlarını boşaltdı.

– Sensey! Məni də onunla yanaşı ayaq üstdə saxlayın! – bir neçə oğlan ayağa qalxdı. Onların arxasınca bir ağızdan: “Məni də! Məni də!” – deyərək, demək olar ki, bütün şagirdlər ayağa qalxdılar və Kaidzimanın başına toplaşdılar.

Onların bu hərəkətlərində pis niyyət sezilmirdi. Sanki onlar müəllimi heç də pis vəziyyətdə qoymaq istəmirdilər. Amma hər biri Numakuranın xilası naminə özünü qurban verməyə hazır idi.

– Deməli, belə oldu! Yaxşı! Onda hamınız ayaq üstdə qalın! – Kaidzima hirsindən bağırdı.

Uzun illər ərzində qazanılan təcrübə ona bu oğlancığazları ciddi rəqib kimi qəbul etməyə imkan vermirdi. Bununla belə, bu oğlanın qəribə hökmranlığını görüb qəlbinin dərinliyində buna heyrətlənirdi.

– Niyə özünüzü qurban verirsiniz? Axı günahkar təkcə Numakuradır! Siz isə hamınız haqsızsınız, – çaşbaş qalan Kaidzima dedi. Ancaq Numakuranı cəzalandırmadı.

Kaidzimanın bütün sinfə töhmət verməklə kifayətlənməli olduğu bu hadisə onu ciddi-ciddi düşünməyə məcbur edərək tez-tez yaddaşının dərinliklərindən boylanırdı. Şagirdlərinin çoxu adi yeniyetmələr idi. Adətən, bu yaşda uşaqların valideynlərinin və müəllimlərinin hakimiyyətinə qarşı üsyan etmələri təbiidir, amma indi hamısı qeyd-şərtsiz Numakuraya tabe olurdular və onu öz hökmdarları sayırdılar.

Yalnız Numakura gələnə qədər sinifdə başçılıq edən Nisimura deyil, hətta əlaçılar Nakamura və Sudzuki də qorxudanmı, ya həqiqi sədaqət hissindənmi onun yerinə cəza çəkməyə hazır idilər.

Lap tutaq ki, Numakura güclü və cəsurdur. Amma istənilən halda, o da öz həmyaşıdları kimi adi bir oğlan uşağıdır. Onda nəyə görə onun sözləri uşaqların ürəyinə müəllimin sözlərindən daha tez yol tapır?

Məktəbdə çalışdığı uzun illər ərzində Kaidzima çətin xasiyyətli, tərbiyəsiz uşaqlara çox rast gəlmişdi. Ancaq Numakura ilə bağlı hadisəyə bənzəri heç vaxt qarşısına çıxmamışdı. Bu oğlancığaz bütün sinfin rəğbətini necə qazanmışdı, bütün uşaqları necə özünə tabe etdirə bilmişdi? Kaidzimanın çoxillik təcrübəsində belə bir şey hələ olmamışdı.

Təbii ki, Numakuranın uşaqların hörmətini qazanmasında pis nə isə yox idi. Amma əgər o, göründüyü kimi, doğrudan da, tərbiyəsiz və amansızdırsa, deməli, öz təsiri gücündən istifadə edib altdan-altdan bütün sinfi, hətta ən yaxşı uşaqları belə yaramaz işlər görməyə təhrik edir. Bax Kaidzima bundan narahat idi.

Xoşbəxtlikdən, Kaidzimanın böyük oğlu Keytaro da həmin sinifdə oxuyurdu.

Ehtiyatla onu sorğu-suala çəkən Kaidzima narahatlığının əbəs olduğuna inandı.

– Numakura pis oğlan deyil, ata, – Keytaro atasının sorğu-sualına tərəddüdlə, sanki nəsə artıq bir şey deyə biləcəyi qorxusu ilə cavab verdi.

– Doğrudan? Mən onu danlamağa hazırlaşmıram. Qorxma, bütün həqiqəti mənə danış. Bu yaxınlarda etika dərsində baş verənləri necə izah etmək olar? Axı Numakura öz günahını Nodanın boynuna atmaq istəyirdi!

Bu vaxt Keytaro danışmağa başladı:

– Əlbəttə, Numakura yaxşı hərəkət etmədi, amma o, yoldaşını pis vəziyyətdə qoymaq istəmirdi. Müəllimi, sadəcə, öz “tabeliyindəkilərin” sadiqliyini yoxlamaq üçün aldatdı. Həmin gün Numakura əmin oldu ki, hamı hətta müəllimdən belə qorxmadan böyük həvəslə özünü onun yolunda qurban verməyə hazırdır. Günahı qəhrəmancasına ən əvvəl boynuna almağa çalışan Noda da, ondan sonra ayağa qalxan Nisimura və Nakamura da ən sadiq adamlar kimi bu fədakarlıqlarına görə Numakura tərəfindən tərifə layiq görüldülər.

Keytaronun dedikləri kifayət qədər inandırıcı səslənirdi. Amma o, Numakuranın belə bir hakimiyyətə nə vaxtdan yiyələndiyini xatırlaya bilmirdi. Görünür, bu oğlan özünü cəsur, alicənab cəngavər kimi aparıb və elə buna görə də bütün sinfin hörmətini qazanıb.

Numakura sinfin pəhləvanı deyildi. Əksinə, sumo güləşi zamanı Nisimura daha çox qələbə qazanırdı. Amma Nisimuradan fərqli olaraq Numakura zəifləri ələ salmırdı. Sumo fəndlərini bilməsə də, adi davada onun tayı-bərabəri yox idi. Qorxmazlıq və ləyaqət – bax qarşısında istənilən rəqibin diz çökdüyü əsas iki keyfiyyət bunlar idi. İlk vaxtlar onunla Nisimura arasında hakimiyyət uğrunda mübarizə gedirdi, ancaq az sonra Nisimura geri çəkilməyə məcbur oldu. Üstəlik, Nisimura xoşluqla Numakuranın birinciliyini qəbul etdi.

Numakura deyirdi: “Mən ikinci Tayko Hideyosi olacağam!” Doğrudan da, ona alicənablıq və cəsurluq kimi keyfiyyətlər xas idi. Əvvəl-əvvəl ona düşməncəsinə yanaşanlar da axırda əmrlərini yerinə yetirməyə başladılar. Hətta keçmiş lider Nisimuranın öhdələrindən gələ bilmədiyi əlaçılar Nakamura və Sudzuki də Numakuranın ən sadiq vassalları oldular.

Keytaro Numakuradan qorxurdu və ona yaltaqlanırdı. İndi sininfdə Numakuraya müqavimət göstərmək kiminsə ağlından belə keçmirdi, hamı könüllü surətdə ona tabe olmuşdu. Doğrudur, bəzən onun tələbləri kifayət qədər cəfəng olsa da, o çox vaxt ədalətli davranırdı. O, nadir hallarda hakimiyyətindən sui-istifadə edirdi, öz hökmranlığını təsdiq etdirmək bəsi idi. Zəifləri ələ salanları və ya alçaldanları isə sərt cəzalandırırdı. Bu səbəbdən də Arita kimi zəif uşaqlar hər şeydən çox diktaturanın qurulmasına sevinirdilər.

Oğlunun danışdıqlarından sonra Kaidzima Numakura ilə daha yaxından maraqlanmağa başladı. Əgər Keytaro yalan demirdisə, onda Numakura, doğrudan da, pis oğlan deyildi. Oğlan uşaqlarının bu qeyri-adi başçısı hətta alqışa layiq idi! Kim bilir, bəlkə də, sadə toxucunun bu oğlu böyüyüb nə vaxtsa məşhur adam olacaqdı…

Əlbəttə, sinfin bütünlüklə onun təsiri altına düşməsinə imkan verməmək lazım idi.

Amma oğlanlar könüllü surətdə ona tabe olduqlarına görə məsələyə güc hesabına müdaxilə etmək düzgün deyildi. Bu, çətin ki yaxşı nəticələnəcəkdi. Ən düzü Numakuranı tərifləmək idi. O hələ uşaq idi, amma artıq ədaləti dəyərləndirirdi. Bu cür sərtlik və nəcib xasiyyət hörmətə layiqdir. Bəlkə də, hətta onu dəstəkləmək lazımdır. Onu bu düzgün məcraya yönəltməklə bütün sinfə fayda vermək olardı. Kaidzima bu düşüncələrlə bir gün dərsdən sonra Numakuranı yanına çağırdı.

– Mən səni tənbeh etmək üçün çağırmamışam. Afərin sənə! Böyük adamların heç də hamısı belə güclü xarakteri ilə öyünə bilməz. Hamını öz arxasınca aparmaq bəzən müəllimə belə nəsib olmur. Sən isə bu işin öhdəsindən elə yaxşı gəlmisən ki, hətta məni də geridə qoymusan, – Kaidzima mehribanlıqla dedi.

Artıq az qala iyirmi il idi ki, müəllimlik edirdi, amma hələ də sinfi bığ yeri təzə tərləyən bu yeniyetmə kimi rahat idarə edə bilmirdi. Əslində, məktəbdəki digər müəllimlər arasında da uşaqlara Numakura qədər təsir edə biləcək birini tapmaq çətin məsələ idi.

“Sən bir işə bax, – öz-özünə düşünürdü, – Numakura ilə bağlı bu hadisə bizə – məktəb müəllimlərinə bəzi şeyləri öyrətməlidir. Biz o uşaqlar kimi ola bilmərik. Onlarla oynamağa səmimi istəyimiz çatışmır. Ona görə də Numakurada olan nüfuz bizdə yoxdur. Məhz buna görə çalışmaq lazımdır ki, uşaqlar bizdə tələbkar müəllim deyil, maraqla vaxt keçirə biləcəkləri dost görsünlər”.

Təəccüb və tərəddüdlə gülümsəyən oğlan altdan-altdan müəlliminə baxırdı. Sanki Kaidzimanın ondan nə istədiyini, nəhayət ki, anlamışdı.

– Mən sizi anladım, sensey. Hər şey istədiyiniz kimi olacaq, – üzündə sevinc dolu təbəssüm parıldayan Numakura cavab verdi.

Bəli, Kaidzimanın özü ilə fəxr etmək üçün əsasları vardı. Hər halda, o, uşaq ürəyinə yol tapa bilir. Numakura kimi birisini çox ustalıqla yaxşı yola yönəltdi. Amma Kaidzima bir balaca yanlışlıq etsəydi, artıq onun öhdəsindən gəlmək mümkün olmazdı. Deməli, məktəbdə çoxillik iş təcrübəsi nəyəsə yarayırmış! Bunları düşünən Kaidzima gülümsündü.

Səhərisi gün Kaidzima Numakura ilə söhbətin nəticələrinin gözlənilənləri belə ötüb keçdiyinə əmin oldu. Bu onun ürəyinin dərinliyində özü ilə fəxr etməsini ikiqat artırdı. Sinifdəki ab-hava inanılmaz dərəcədə dəyişdi: dərs zamanı hamı özünü nümunəvi aparırdı. Sinifdə sakitlik hökm sürürdü, uşaqlar öskürməyə belə qorxurdular. Kaidzima aradabir guya təsadüfən Numakura tərəfə baxırdı və onun qoltuğundan kiçik bir qeyd dəftərçəsi çıxarıb sinif otağına göz gəzdirdiyini görürdü. Nizam-intizamı pozan bir şagird görən kimi dərhal soyadını dəftərçəyə yazırdı.

“Nə yaxşı oldu”, – Kaidzima təbəssümünü gizləyə bilməyib düşünürdü.

Tədricən davranışlar dəmir intizama çevrildi. Şagirdlərin sifətində ən kiçik bir səhv belə buraxacaqlarından qorxduqları açıq-aydın yazılmışdı.

– Uşaqlar! Sizin son vaxtlar nəyə görə özünüzü belə yaxşı apardığınızı bilmək istərdim. Çox sakitsiniz. Mən sizdən çox razıyam. Razıyam söyləmək azdır, bu sakitliyiniz, hətta deyərdim, məni bir az qorxudur da, – qəsdən gözlərini bərəldən Kaidzima öz təəccübünü bildirdi.

Qəlblərinin dərinliyində səbirsizliklə tərif gözləyən şagirdlər sevincək halda gülüşdülər.

– Əgər belə davam eləsə, düşünürəm ki, mən sizinlə fəxr etməyə başlayacağam. Axır vaxtlar hətta digər müəllimlər də bizim beşinci sinfi tərifləyir, deyirlər, guya siz məktəbdə ən nümunəvi şagirdlərsiniz! Direktorun özü sizinlə qürur duyur, başqalarına nümunə göstərir və təəccüblə sual edir: “Onların belə yaxşı olmalarının səbəbi nədir?” Çalışın, məni pis vəziyyətdə qoymayın, bundan sonra da adınızı qoruyun!

Uşaqlar yenə gülüşdülər. Numakura da Kaidzima ilə göz-gözə gəlib yüngülvari qımışdı.

***

Yeddinci uşaqları doğulandan sonra Kaidzimanın arvadı qəfil zəiflədi və yorğan-döşəyə düşdü, həmin ilin yayında onda vərəm tapdılar. İlk vaxtlar M. şəhərində həyat Tokiodan daha rahat görünürdü. Amma təzə doğulmuş körpə tez-tez xəstələnirdi, arvadının isə südü qurumuşdu. Yaşlı anasının xroniki astması şiddətlənmiş, illər keçdikcə çox dəymədüşər olmuşdu. Həyat hiss edilmədən günü-gündən çətinləşirdi, arvadının xəstəliyi isə Kaidzimanın ailəsini çıxılmaz vəziyyətə salmışdı.

Hər ayın sonunda Kaidzima ruhdan düşürdü. Ona elə gəlirdi ki, Tokioda onlar kasıb, amma sağlam olanda indikindən daha yaxşı yaşayırdılar. Ailədə uşaqların sayı artmışdı, qiymətlər də günü-gündən qalxırdı. Aylıq yaşayış xərcləri paytaxtdakı ilə bərabərləşmişdi.

Hələ arvadının müalicə xərcləri də ortaya çıxmışdı! Kaidzima cavankən vaxt keçdikcə daha çox qazanacağına ən azı ümid bəsləyə bilərdi. İndi isə irəlidə ümid də yox idi.

– Belə çıxır ki, sən bu şəhərciyi seçməkdə səhv etmisən! Xatırlayırsanmı, falçı burada hamımızın xəstəlik tapacağımızla bağlı bizi xəbərdar etmişdi? Sən isə sadəcə, gülürdün, guya bütün bunlar mövhumatdır. Nədir? Necə demişdisə, elə də oldu! – yaşlı anası ağlayıb sızlayırdı.

Nə cavab verəcəyini bilməyən Kaidzima yazıq-yazıq köks ötürürdü. Arvadı özünü elə aparırdı ki, guya bu söhbətləri eşitmir. Amma gözləri yaşarırdı.

***

…Bu hadisə iyunun sonlarında baş verdi. Məktəbdə toplantı var idi.

Axşam evə gələn Kaidzima artıq neçə gündən bəri yüksək hərarəti olan arvadının yatağının yanında uşağın ağlamaq səsini eşitdi.

“Yəqin, nə edibsə, yenə şapalaq yeyib…” – kandardan ayağını içəri qoyan kimi Kaidzimanın əhvalı pozuldu.

Son vaxtlar ailədə əsəbi ab-hava vardı. Anası və arvadı hər şeyin üstündə uşaqları danlayırdı. Uşaqlar isə onlara bir sen belə cibxərcliyi verilmədiyindən şikayətlənərək elə hey valideynlərinin üzünə dururdular.

– Nənən səninlə danışır, sən isə qulaq asmırsan! Nədi, fikirləşirsən, anan artıq ayağa qalxmayacaq, ona görə də oğru olmaq istəyirsən? – o, arvadının səsini eşitdi.

Nənə və ana onun ilki Keytaronu sorğu-suala tutmuşdu, o isə inadla susurdu.

– Keytaro! Nəyə görə səni danlayırlar? Axı səndən xahiş eləmişəm ki, xəstə ananı məyus etməyəsən. Ailənin böyük uşağı sənsən! Niyə axı bunu başa düşmürsən?

Keytaro başını aşağı salıb susmağa davam edirdi və zaman-zaman sanki birdən yadına düşübmüş kimi yenidən ağlamağa başlayırdı.

– Artıq neçə vaxtdır ki, özünü qəribə aparır. Görəsən, doğrudanmı fırıldaqçı olub? – gözləri yaşlı nənə Kaidzimaya baxıb dedi.

Sorğu-sualdan sonda məlum oldu ki, nənənin hirslənmək üçün ciddi səbəbləri varmış.

Deməli, bu ayın əvvəlindən Keytaro haradansa evə müxtəlif əşyalar, şirnilər gətirirmiş. Pul isə ona, sadəcə, ən zəruri məktəb ləvazimatlarının alınması üçün verilirdi. Bir-iki gün əvvəl isə bir neçə rəngli karandaş alıb. Bundan şübhələnən anası onu sorğu-suala tutub. Uşaq karandaşları məktəbdə ona kiminsə verdiyini deyib. Srağagün axşamüstü evə dönəndə isə dəhlizin bir küncünə çəkilib acgözlüklə ağzına nəsə dürtürmüş. Xəlvətcə nəvəsinin yanına gələn nənə onun ciblərinin şirni ilə dolu olduğunu görüb. Bununla belə, son vaxtlar Keytaro, nə qədər qəribə olsa da, əvvəlki kimi yalvara-yalvara cibxərcliyi istəmirmiş. Az sonra başqa şübhəli məsələlər də ortaya çıxıb. Ona görə də nənə və ana ilk fürsətdəcə araşdırma aparmaq qərarına gəliblər.

Və budur, əllərinə belə bir fürsət düşüb. Bir az bundan qabaq Keytaro evə qiyməti ən azı əlli sen olan gözəl yelpik gətirib. Sorğu-suala cavab kimi yenidən yelpiyi yoldaşının ona verdiyini deyib. Yoldaşının harada yaşadığı, soyadının nə olduğu və bu əşyanı Keytaroya məhz nə vaxt hədiyyə etdiyi soruşulanda isə sadəcə, başını aşağı salıb və susub. Ondan cavab almaq asan olmayıb. Nəhayət, boynuna alıb ki, əşyalar hədiyyə edilməyib, alınıb. Amma onu nə qədər danlasalar da, bunları almaq üçün pulu haradan tapdığını heç cür demək istəməyib.

– Əgər adam oğru deyilsə, onda pul haradandır? Cavab ver!

Bu sözləri deyən nənə öz xəstəliyini unudub hirsindən artıq Keytaronu döyməyə hazır idi.

Kaidzima özünü üzərinə bir çəllək soyuq su tökülmüş kimi hiss edirdi.

– Keytaro, niyə həqiqəti demək istəmirsən? Əgər oğurlamısansa, açıq de. Çox istərdim ki, sənin ürəyindən keçən hər şeyin olsun. Ancaq özün də görürsən ki, son vaxtlar ailəmizdə xəstələr var, ona görə də sənə qayğı göstərməyə vaxt tapa bilmirəm. Başa düşürəm, sənə də çətindir, amma dözmək lazımdır. Mən sənin pis oğlan, oğru olduğuna inanmaq istəmirəm. Bəzən olur ki, nəfsimiz bizi üstələyir, özümüz də istəmədən pis əməllərə qol qoyuruq. Bu dəfə mən səni bağışlayacağam, amma xahiş edirəm, həqiqəti söylə! Hə, nənəndən üsr istə və bundan sonra heç vaxt özünü belə aparmayacağına söz ver. Keytaro, niyə susursan?!

– Amma, ata… Mən… mən başqasının pulunu götürməmişəm! – Keytaro yenə ağladı.

– Onda hansı pulla karandaşları, şirniləri, bu yelpiyi almısan? Mən izah gözləyirəm. Əvvəl-axır hər adamın səbri tükənə bilər. Bax ha, əgər tərslik eləsən, cəzalandıracağam! Hə, gözləyirəm!

Keytaro birdən hönkürməyə başladı. Onun dodaqları tərpənirdi, tez-tez, anlaşılmayan nəsə mızıldayırdı, amma Kaidzima bir söz belə başa düşmürdü.

Nəhayət, həqiqəti eşitdi:

– Hə, puldur, amma əsl pul deyil, saxtadır! – Keytaro ağlaya-ağlaya dedi və cibindən saxta əsginas çıxarıb onunla göz yaşından islanmış yanaqlarını sildi.

Atası əsginası dizinin üstündə hamarladı. Kiçik kağız parçasının üzərində “100 yen” yazılmışdı. Bu, sadəcə, uşaq oyuncağı idi. Məlum oldu ki, Keytaronun cibində daha bir neçə belə əsginas var. Onların arasında əlli, min, hətta on min yen dəyərində “pul” vardı. Məbləğ artdıqca, əsginasın şriftləri və ölçüsü də böyüyürdü. Kağızın arxa tərəfində, küncdə şəxsi möhür basılmışdı: “Numakura”.

– Numakuranın möhürü? Məgər o, pul hazırlayır?

İşin nə yerdə olduğunu anlayan Kaidzima rahat nəfəs aldı. Amma bu işdə yenə də nəsə anlaşılmaz bir şey vardı.

– Hə, hə! – Keytaro başı ilə təsdiqləyib hündürdən zar-zar ağlamağa davam elədi.

Bütün axşamı Keytaronu sakitləşdirməyə və sorğu-suala çəkməyə sərf edən Kaidzima, nəhayət, bu əsginasların mənbəyini öyrənə bildi. Numakuranın nəzarətsiz hakimiyyəti gör hara gətirib çıxarıb! Deməli, Kaidzimanın şuluqçuların başçısını əldə saxlamaq üçün öz zəngin təcrübəsinə arxalanaraq tətbiq etdiyi metod yalnız yaxşı nəticələr verməyib. Müəllimin təriflərindən sonra Numakura lap həvəslənib. O bütün şagirdlərin adbaad siyahısını tərtib edib və hər gün uşaqlara onların dediyi sözləri, etdiyi hərəkətləri öz şəxsi, sərt ölçüləri ilə dəyərləndirərək davranışlarına görə qiymət yazırmış. Müəllim hakimiyyətinə bənzər hakimiyyətindən istifadə edərək o da eynən müəllim kimi dərsə gəlməyənlər, dərsdən qaçanlar, dərsə gecikənlər və sair nizam-intizam pozucuları haqqında məlumatları dəftərə qeyd edirmiş. Bu azmış kimi, sinifdə niyə olmadığının səbəblərini bildirməyi tələb etməklə yanaşı, öz “gizli agentlərini” göndərərək şagirdin doğru, ya yalan söylədiyini də yoxlayırmış.

“Kəşfiyyat xidməti” məktəb yolunda başı oynamağa qarışanları və ya özünü yalandan xəstəliyə vurub dərsə gəlməyənləri dərhal ifşa edirmiş. Numakuranı aldatmaq heç kimə müyəssər olmurmuş.

Keytaronun danışdıqlarını dinlədikcə, Kaidzima son vaxtlar nə dərsə gəlməyənin, nə də gecikənin olduğunu xatırladı. Hətta qab-qacaq dükanının sahibinin oğlu, sifətindən naxoşluq yağan cılız, xəstəhal Hasimoto da məktəbə təəccüb doğuracaq şəkildə vaxtlı-vaxtında gəlib-gedirdi.

Sanki şagirdlərin hamısı çalışqan olmuşdu.

“Nə gözəl!” – o vaxt Kaidzima buna sevinmişdi…

Təxminən on uşağın “agent” təyin edildiyi məlum oldu. Adətən, onlar evlərin ətrafında tənbəlləri axtarır, onları pusur, güclü nəzarətdə saxlayırlar. Cəzalarla bağlı sərt qanun qəbul edilib: sözə baxmayan hər bir kəs, istər sinif nümayəndəsi olsun, istərsə də lap Numakuranın özü – cərimələnir. Tədricən cəzaların sayı çoxalır, cəza vasitələri mürəkkəbləşir və “agentlərin” sayı artır. İndi “gizli agentlər” ilə yanaşı, müxtəlif vəzifəli şəxslər də meydana çıxıb. Müəllimin təyin etdiyi sinif nümayəndəsi vəzifəsi ixtisar edilib. Sinif nümayəndəsinin yerinə güclü yumruqları olan başqa birisi nəzarətçi qoyulub.

Yoxlama jurnalına, idman meydançasına, oyunlara görə məsul şəxslər, eləcə də prezident müşavirləri, hakim, onun müavinləri peyda olub, əyanlara xidmət edən buyruqçular təyin olunub.

Təbii ki, Numakura özü prezident seçilib.

“Məmurlar” arasında ən yüksək vəzifə Nisimuradadır – o, vitse-prezidentdir. Əlaçılar Nakamura və Sudzukiyə əvvəl-əvvəl hamı həddən artıq yumşaq xasiyyətlərinə görə nifrət edib, amma vaxt ötdükcə, onlar Numakuranın etimadını qazanaraq müşavir təyin olunublar. Bundan başqa, Numakura ordenlər də təsis edib. Onun tapşırığı ilə müşavirlər oyuncaq qalay ordenlərə yaxşı adlar fikirləşib tapıblar və onları tabeliklərində layiq bildikləri adamlara verirlər. Beləliklə, daha bir vəzifə yaradılıb: “mükafatlara görə məsul şəxs”.

Bir dəfə vitse-prezident kimisə maliyyə naziri təyin etməyi və pul kəsməyi təklif edib. Təklif prezident tərəfindən məmnuniyyətlə qəbul olunub.

Maliyyə naziri dərhal Avropa şərabları dükanının sahibinin oğlu Nayoto təyin edilib.

Son vaxtlar o, çölə çıxmadan öz evlərinin ikinci mərtəbəsində oturub iki şəxsi katibi ilə birlikdə ancaq əlli yendən yüz min yenə qədər dəyəri olan kağız pul kəsməklə məşğul olub.

Hazır əsginasları prezidentə gətirirlər və o, pullara öz möhürünü vurur, bundan sonra əsginaslar qüvvəyə minir.

Hər kəs tutduğu vəzifəyə uyğun olaraq prezidentdən maaş alır. Numakuranın aylıq maaşı beş milyon, vitse-prezidentinki iki milyon, nazirlərinki bir milyon, buyruqçularınkı isə on min yendir.

Kapital sahibləri puldan fəal şəkildə istifadə etməyə başlayıblar, alış-veriş başlayıb.

Numakura kimi varlılar tabeçiliklərində olanlardan istədikləri hər şeyi pulla alırlar. Son vaxtlar Numakura bahalı oyuncaqları onların sahiblərindən tez-tez müsadirə edib.

“Hidroelektroenerji” firmasının direktorunun oğlu Nakamura oyuncaq kotosunu Numakuraya iki yüz yenə satmaq məcburiyyəti qarşısında qalıb. Atasının bu yaxınlarda Tokiodan ona pompalı tüfəng gətirdiyi Arita silahı beş yüz yenə satmaq əmri alıb və buna etiraz edə bilməyib.

Əvvəlcə alış-veriş gizli şəkildə məktəbin idman meydançasında gedib. Amma tədricən işin miqyası böyüyüb – hər gün dərslər bitən kimi hamı parkdakı çəmənlikdə və ya şəhərdən kənardakı sıx, hündür otluqda, ya da Aritanın evində toplanırmış.

Axırda Numakura belə bir qanun çıxarıb. Valideynlərindən cibxərcliyi alanlar həmin pula müxtəlif mallar alıb “bazara” gətirməlidir. İş o yerə çatıb ki, prezidentin buraxdığı əsginaslardan başqa, hər hansısa digər puldan istifadə etmək qadağan olunub. Əvvəlcə hamı bunu oyun hesab edib, indi isə bir ağızdan “Numakuranın müdrik idarəçiliyini” tərifləyirlər…

Keytaronu dinləyəndən sonra Kaidzima ehtimal etdi ki, “bazara” gələn mallar çox müxtəlifdir. Keytaro iyirmidən artıq şeyin adını çəkdi. O şeylər bunlardır: yazı kağızı, qeyd dəftərçələri, albomlar, nəfis açıqçalar, fotolent, batat, Avropa şirniləri, süd, limonad, cürbəcür meyvələr, uşaq jurnalları, nağıl kitabları, akvarel boyaları, rəngli karandaşlar, oyuncaqlar, dzorilər, getalar, yelpiklər, medallar, pul kisələri, balaca bıçaqlar, avtoqələmlər. Beləliklə, dövriyyəyə çoxlu çeşiddə mal buraxılırdı, “bazarda” ürəyin istəyən hər şeyi tapa bilərdin.

Keytaro müəllim oğlu kimi Numakuranın xüsusi himayəsi altında idi və buna görə də pul sarıdan korluq çəkmirdi. Bəlkə də, Numakura Kaidzimanın ailəsinin ağır vəziyyətdə olduğunu bildiyindən cəngavərcəsinə onun oğluna kömək etmək istəyirdi. Keytaronun cibində həmişə təxminən bir milyon yenə qədər pul olurdu, yəni o, “nazirlər” qədər kapital sahibi idi. Dediyinə görə nənəsinin onu haradan almasıyla bağlı sorğu-suala çəkdiyi rəngli karandaşlardan və şirnilərdən başqa çoxlu fərqli şeylər də əldə etmişdi.

Amma bütün təşəbbüslərindən razı olan Numakura müəlliminin bu pullardan xəbər tutacağından da qorxurdu.

Hamı müəllimin yanında cibdən pul çıxarmamaq, ağızdan söz qaçırmamaqla bağlı razılığa gəlibmiş. Bu razılaşmanı pozan “qanuna” uyğun şəkildə sərt cəzalandırılacaqmış.

Müəllim oğlu kimi Keytaro həmişə şübhə altında idi və buna görə də çox həyəcan keçirirdi.

Və bu gün oğurluqda ittiham edilməsinə dözməyən oğlan hər şeyi açıb danışdı. Xeyli susandan sonra isə Numakuradan qorxduğuna görə ağlamağa başladı…

– Ağlamalı nə var ki? Heç utanırsan? Qoy səni incitməyə cəhd etsin, görüm necə edir – dərsini verərəm onun! Doğrudan da, mənasız oyundur! Etiraz-zad eləmə! Sabah qulaqburması alacaqsınız! Qorxma, mən məsələni səndən eşitdiyimi deməyəcəyəm…

Keytaro var gücü ilə hönkürdü:

– Onsuz da hamı məndən şübhələnəcək! Yəqin, casuslar indi də evin həndəvərində dayanıb gizlicə bizə qulaq asırlar!

Kaidzima bir müddət heyrət içində susub qaldı. Sabah Numakuranı yanına çağırıb ona töhmət verəcəkdi. Amma işə hansı tərəfdən girişsin? Hansı tədbirləri görsün? Eşitdiklərindən o qədər təəccüblənmiş və hiddətlənmişdi ki, fikirlərini heç cür bir yerə cəmləyə bilmirdi.

***

Payızın sonlarında Kaidzimanın arvadı qan qusmağa başladı. O artıq yorğan-döşəkdən qalxa bilmirdi və belə görünürdü ki, bir daha heç vaxt qalxmayacaq. Havanın soyuması ilə anasının da astması ağırlaşdı. Ehtimal ki, M. şəhərinin quru dağ havası hər iki qadın üçün məhvedici olmuşdu. Onlar ara otaqda yanbayan uzanaraq öskürəkdən boğulurdular.

İndi ev təsərrüfatının bütün yükünü ikinci dərəcəli məktəbin birinci sinfində oxuyan böyük qızı çiyinlərində daşıyırdı. O hələ hava işıqlanmazdan qalxır, ocağı qalayır, xəstələrin baş tərəfinə üstündə yemək olan balaca masalar qoyur, qardaşlarını geyindirir, nəhayət, çatlamış, qabar bağlamış əllərini tələm-tələsik silib məktəbə qaçırdı. Günorta böyük tənəffüs zamanı o, yenidən qaçıb evə gəlir, əlüstü nahar hazırlayırdı. Nahardan sonra isə paltar yumaq və körpənin bələyini dəyişmək lazım idi.

Buna qıraqdan sakitcə baxa bilməyən ata bacardığı qədər qızına kömək edirdi: quyudan su alır, otaqları yığışdırır, mətbəxdə yemək bişirirdi.

Elə bil ailəni bürüyən bədbəxtliklərin sonu olmayacaqdı. “Bir də gördün mən də vərəmə tutuldum, – Kaidzima ara-sıra belə düşünürdü. – Uşaqlar da. Bəlkə də, hamımız öldük”. Son vaxtlar Keytaronun gecələr ara-sıra tərləməsi, tez-tez yüngülcə öskürməsi onu narahat edirdi.

Sonsuz bədbəxtliklər Kaidzimanın əsəblərini pozmuşdu, dərs vaxtı tez-tez şagirdlərini danlayırdı. Adi bir şey onu özündən çıxarırdı, əsəbləri son həddə qədər gərilmişdi. Dərs zamanı dəfələrlə özündən ixtiyarsız başını götürüb sinifdən qaçmaq istəmişdi.

Belə dəqiqələrdən birində şagirdlərdən hansınınsa həmin o şoqərib əsginaslardan birini cibindən çıxardığını gördü.

– Mən buna görə sizi artıq danlamışam, amma siz öz bildiyinizdən əl çəkmirsiniz! – o, çığıra-çığıra şagirdin üstünə atıldı və birdən ürəyinin necə möhkəm döyündüyünü, başının fırlandığını hiss etdi, az qaldı ki, yıxıla.

İndi başda Numakura olmaqla bütün uşaqlar onu özündən çıxarırdılar.

Keytaro ilə yəqin ki, atasına görə heç kim dostluq etmirdi. Son vaxtlar heç kim onunla oynamaq istəmirdi və məktəbdən qayıdandan sonra o, saatlarla boş-bekar darısqal evdə veyillənirdi.

***

…Bu hadisə noyabrın sonunda, bazar günü günorta baş verdi. Kaidzimanın arıqlayıb zəifləmiş arvadının qucağında uzanan və günlərdir hərarətinin düşmədiyinə baxmayaraq anasından əl çəkməyən uşaq sızıldamağa başladı və axırda ətini kəsirmişlər kimi bağırdı.

– Ağlama! Yox, yox, mənim göyçəyim, ağlama! Lay-lay, lay-lay! – arvadının sanki bihuş halda bu sözləri təkrarlayan yorğun, sönük səsi get-gedə tamam kəsildi. İndi, sadəcə, uşağın qulaqbatıran çığırtısı eşidilirdi.

Qonşu otaqda yazı masası arxasında oturan Kaidzimaya elə gəldi ki, bu çığırtıdan qulaqları cingildədi. Otağın divarları sanki gözlərinin qabağında əriyirdi, başı gicəllənirdi. Amma dözüb yerindən qalxmamaq qərarına gəldi.

“Nə deyirəm, ağla, ağla… Özün kiriyənə qədər gözləməli olacağıq!” – sanki sözləşiblərmiş kimi ata, ana, nənə uşağa fikir vermədən düşünürdülər.

Bu səhər məlum olmuşdu ki, evdə bir neçə günə çatmalı olan süddən bir damla belə qalmayıb. Amma üç böyük adamı üzən təkcə bu deyildi. Evdə bir sen belə  qalmamışdı ki, maaş alacağı birigünə qədər keçinə bilsinlər. Hər üçü bir-birinə rəhm edib bu barədə bir kəlmə də danışmırdı.

Həmişə belə günlərdə olduğu kimi, böyük qızı şirin su hazırladı və düyü horrası qaynadıb uşağı yedizdirməyə çalışdı. Amma uşaq nədənsə yemək istəmir, qulaqbatıran səslə hündürdən çığırırdı. Çığırtını eşidəndə Kaidzima içindəki kədərin uşağı alıb hara gəldi çıxıb getmək istəyi ilə əvəzləndiyini hiss edirdi.

Başı hələ də gicəllənirdi, ona elə gəlirdi ki, döşəmə ayaqları altında sürüşür. Özündən ixtiyarsız masanın arxasından qalxdı və əsəbi halda otaqda var-gəl eləməyə başladı.

“Düzdür, dükana xeyli borcum var, amma nə olsun ki?.. Sahibin oğlu mənim şagirdimdir. Əgər borca süd istəsəm, şübhəsiz ki, mənə “buyurun, istədiyiniz vaxt ödəyə bilərsiniz” deyəcək. Bu xahişdə alçaldıcı heç nə yoxdur. Özümü həddən artıq ədəbli aparıram, bu halda heç nə etmək olmaz!” – Qəfil ağlına gələn bu fikri dayanmadan ürəyində təkrarlayaraq otaqda var-gəl edirdi.

Axşama yaxın Kaidzima evdən çıxıb şərab taciri Naytonun dükanına yollandı.

Dükanın qapının ağzında dayanmış satıcılarından biri mehribanlıqla ona salam verdi və Kaidzima ayaq saxlayıb təbəssümlə onun salamını aldı. Kassanın arxasında, konserv qabları və şərab şüşələri arasında bir neçə süd qabı gördü, amma laqeyd görkəmlə onların yanından keçib evə tərəf addımladı.

– Ua-ua! – uşağın ağlamaq səsi artıq uzaqdan eşidilirdi. Kaidzima diksindi və bu dəfə özü də hara getdiyini bilmədən geri döndü.

Yaxınlaşan qışın müjdəçisi olan külək dağlardan soyuq hava kütləsini vıyıltı ilə yol boyu qovurdu. Çayın qırağı ilə uzanan parkdakı bəndin altındakı xəlvəti guşədə bir neçə uşaq nəsə oynayırdılar.

– Yox, yox, Nayto-kun! Niyə kələk gəlirsən? Belə olmaz! Cəmi üç şüşə qalıb. Hərəsinə yüz yen ver, götür.

– Bahadı!

– Məgər bahadı? Sən de, Numakura-san!

– Düzdür! Nayto biclik işlədir. Qiyməti öldürüb almaq istəyir – istədiyi alınmayacaq! Alver eləmək lazım deyil. Alırsansa, al, alver eləmə! – uşaq səsləri eşidilirdi.

Kaidzima dayandı:

– Siz orada nə edirsiz?

Uşaqlar qaçmaq istədilər, amma Kaidzima çox yaxında dayanmışdı, aradan çıxmaq mümkün deyildi.

“Əgər ilişmişiksə, başqa əlac yoxdur! Qoy cəzalandırsın!” – Numakuranın sifətindən açıq-aydın bu fikir oxunurdu.

– Hə, Numakura! Məni də öz dəstənizə qəbul edərsiniz? Sizin bazarda nə satılır? Bəlkə, pullarınızı müəlliminizlə bölüşəsiniz, birlikdə oynayaq?

Kaidzima gülümsünsə də, gözlərinə qan dolmuşdu. Uşaqlar bu günə qədər müəllimlərini heç vaxt belə görməmişdilər.

– Nə oldu? Gəlin oynayaq! Qorxmayın! Bu gündən mən də Numakuranın vassalı oluram!

Numakura özünü itirmiş halda qorxa-qorxa bir neçə addım geri çəkildi, amma tez də özünə gəlib Kaidzimaya yaxınlaşdı. Pauzadan sonra şagirdlərin başçısı təmkini ilə himayəçi görkəmində dedi:

– Ciddi deyirsiz, sensey? Nə olar ki, gəlin müəllimə pul verək. Deyək ki, milyon yen… – bunu deyərək pul kisəsindən bir əsginas çıxardı və Kaidzimaya uzatdı.

– Nə gözəl! Müəllimimiz də bizimlədir! – uşaqlardan biri dedi. Qalanları sevincək əl çaldılar.

– Sensey! Sizə nə isə lazımdır? Ürəyiniz nə istəyir? Tütün, kibrit, sake, limonad… – oğlanlardan hansısa stansiya yaxınlığındakı dükançını yamsılayıb çığırırdı.

– Mənə yalnız süd lazımdır. Sizin bazarda süd var?

– Süd? Bizim dükanda var. Mən sabah gətirərəm. Sizin üçün aşağı qiymətə, min yen, – şərab tacirinin oğlu Nayto dedi.

– Yaxşı, yaxşı. Min yen – ucuzdu. Sabah mən yenə sizinlə bura oynamağa gələcəm, ona görə bax ha – unutma!

“Həə, – Kaidzima ürəyində dedi, – indi uşağa süd ala biləcəm. Yox, nə deyirsən de, mənim uşaqlarla davranmaq bacarığım pis deyil”.

Kaidzima geri qayıdıb Naytonun dükanının yanından keçəndə birdən qəti addımlarla içəri girdi və süd istədi.

– Hmm, doğrudan da, qiyməti min yen imiş. Bu da pulu, buyurun! – o, satıcıya həmin əsginası uzatdı. Elə o an sanki qorxulu bir yuxudan ayılıbmış kimi gözlərini tez-tez qırpmağa başladı. Sifəti qıpqırmızı qızardı.

“Dəhşət! Biabırçılıq! Mən ağlımı itirmişəm, məni dəli sayacaqlar! Yaxşı ki vaxtında ayıldım, işin içindən çıxmaq lazımdır!” – bir anlıq düşündü.

– Belə də pul olar? Sadəcə, zarafat etmək istədim! – gülərək satıcıya müraciətlə dedi. – Amma hər ehtimala qarşı alın, – davam etdi, – ayın otuzu mütləq nağd pulla ödəyəcəm!


[1] Ninomiya Sontoku (1787-1856) – kənd təsərrüfatı sahəsi üzrə alim. Yararsız və ya baxımsız torpaqların kultivasiyası və kənd təsərrüfatının məhsuldarlığının artırılması sahələrində uğurlar qazanmışdı. Şüarı “sərt iqtisadiyyat və böyük əmək” idi.

 

Tərcümə edən: Rövşən Ramizoğlu

aydinyol.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Aqşin Evrən. İndi bütün gözləməklər qapında ölüb

Bz Dek 3 , 2023
  İndi bütün gözləməklər qapında ölüb. Ta o gəlmir deyə, pəncərən kor qalıb, qapın da ölüb. Elə bil saçın da onu tapmaqçün uzanır harasa… harasa gedir. Sənin bədəninin yarısı evdədir, geyinib yarısı harasa gedir. Köynəyin ütüləyirsən əlin üşüyür, Çıxıb getmək istəyirsən yox olur ayaqqabın. Bilirsən, ömürdən doğma biri gedəndə Üşüyüb […]