Oktyabrın 8 – 9-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş “Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları-3” adlı beynəlxalq elmi simpozium keçirilib. Konfrans Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin və I Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə həsr olunub.
Simpoziumun açılış mərasimində Y.Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru prof. Doqdurbek Çontoyev, Xəzər Universitetinin təsisçisi, Direktorlar və qəyyumlar şurasının sədri prof. akad. Hamlet İsaxanlı, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Vüqar Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov çıxış ediblər.
Elmi simpoziumda Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Fransa və digər ölkələrdən alimlər və tədqiqatçılar iştirak ediblər. Simpozium çərçivəsində Azərbaycan dilinin tədqiqinin aktual məsələləri, Azərbaycan ədəbiyyatı ilə türk xalqlarının ədəbi əlaqələri, türk xalqlarının ortaq ədəbi irsi və Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə tədrisi müzakirə olunub.
Simpoziumda prof. akad. Hamlet İsaxanlı ilə yanaşı, “Xəzər”i Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova, prof. Bədirxan Əhmədov və dos. Ülvi Babasoy təmsil ediblər.
Prof. Doqdurbek Çontoyev və prof. akad. Hamlet İsaxanlı qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalayıblar.
Yekunda türkologiya sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, gənc alimlərin dəstəklənməsi, eləcə də türk xalqlarının dil, ədəbiyyat və mədəni irsinin birgə öyrənilməsinə dair qərar qəbul edilib.
Konfransın mədəni proqramı çərçivəsində isə Bişkek şəhəri, İssık-Kul və Ala-Arça Milli Parkına ekskursiya olub.
Xatırladaq ki, “Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” beynəlxalq elmi simpoziumu 2024-cü ildə Bakıda Xəzər Universitetində, 2025-ci ildə Türkiyənin Qars şəhərində Kafkas Universitetində keçirilib.

