Ayaz Arabaçı. Görən doğrudanmı oxunmur şeir?

Ustad şair Məmməd Araza

Sözü hər ayağa çul eləyəndə,
Fəxri ad, ev, maşın, pul eləyəndə,
Qolunu qatlayıb,dizini büküb,
Hansısa alçağa qul eləyəndə,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Durna qatarıtək düzülməyəndə,
Xalqın ağrısına üzülməyəndə,
Qəlbinin qanında laxtalanmayıb-
Qəlbinin odundan süzülməyəndə,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Mənfəət güdərsə, xeyir pusarsa,
Tərifə güc verib yalan qusarsa,
Bir qab it ağzından qalan yal üçün
Haqqa kor olarsa, zülmə susarsa,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Kimə xoş gəlir ki, qarğanın səsi,
Çoxu tale sayır bu boş həvəsi,
Yüz dəfə o üzə-bu üzə çevir
İçində yoxdusa Tanrı nəfəsi,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Dönməzsə ağzında alova-közə,
Özünü milçəktək soxarsa gözə,
Misri qılıncını qınından çəkib
Üsyan eləməzsə kəbinli sözə,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Əynini-başını şərdən geyərsə,
Minbərdən min türlü yalan deyərsə,
Kəsib ümidlərə açılan əli
Şeytanla bir qabdan yemək yeyərsə,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Tüpür, süjetinə, fabulasına,
Tüpür obrazına, ampluasına,
Sahibi dönərsə sirk ayısına-
Sahibi dönərsə əl tulasına.
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Hökm deyildir ki, onda ah olsun,
Şərt odu, söz özü padişah olsun,
Qanında millətə sevgi yoxdusa,
İstəyir yazanı lap “Allah” olsun,
Oxunmaz, oxunmaz, oxunmaz şeir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium keçirilib

Oktyabrın 8 – 9-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş “Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları-3” adlı beynəlxalq elmi simpozium keçirilib. Konfrans Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin və I Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə həsr olunub. Simpoziumun açılış mərasimində Y.Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru […]