Şəfa Yusifli. İstəyirəm…

(Mənsur şeir)

İstəyirəm ki, şair qələmi olub dəli-dolu düşüncələri yazım. Sevinc olum, gülüş olum… İstəyirəm ki, ağlayan körpələrin üzünə qonum, göz yaşlarını silim, qurudum, yanaqlarında təbəssüm yaradım. Şəfa adamı olmaq, sağalmayan dərdlərə dərman olmaq istəyirəm. Çox qəlbdə ümid yaradıb təbibtək yaralara məlhəm olmaq istəyirəm. Sadiqlik heykəli olmaq istəyirəm. İstəyirəm ki, xəyanətlə, xainliklə vuruşum. Dünyanı aldadan, içi başqa, çölü başqa insanlara düşmən olmaq istəyirəm. Acı həqiqət olub şirin yalanlara savaş açmaq, “yalanın qırx günlük ömrü” olub qırx birinci gün həqiqətə qovuşmaq istəyirəm. İstəyirəm ki, yaralı xalqın qayğıkeşi kimi yarasını sarıyıb, məmurların rüşvət kisəsinə əcəl olum. Göy üzü qədər uca olub hər kəsə bir tərəzidə baxmaq, varlıya da, kasıba da eyni mənzərə olmaq istəyirəm.

Atəş olmaq, alov olmaq, buz tutmuş qəlbləri isitmək istəyirəm. Yalnızlara qoşulub birgə həyatın dadını anlatmaq istəyirəm. İstəyirəm ki, aydın güzgü olub gülənlə gülüm, ağlayanla ağlayım. Ölütək yaşayanların libasını çıxarmaq istəyirəm. İstəyirəm ki, aşiqtək sevgi mələyi olub təlatümsüz ürəklərə dolum. O qəlblərdə kəpənəktək yenidən qanadlanım. Leylinin Məcnunu olub ən gözəl dastanlarında oxunmaq istəyirəm. Göy qurşağıtək yağışdan sonrakı sevinc olmaq, rəngbərəng bir çələng kimi səmalarda uçmaq istəyirəm. Yaz bənövşəsitək baharın ilk müjdəsi olmaq, çəməndə qırmızı lalətək günəşlə eyni dəmdə parlamaq istəyirəm. İstəyirəm ki, dağ olub, uca zirvə olub daim məğrur dayanım. Vaxtaşırı buludlara qovuşub uca zirvələrdə görünməz olum. Musiqi olub notların ahəngində duyulum, tarın sevgi daman simi olub yarın şeirlərində canlanım. Coşqun dəniz dalğası olub qayalara çırpılmaq, köpük dolu ağ ləpələr olub qumlarla rəqs etmək istəyirəm.

İstəyirəm ki, əli silahlı əsgər olub yurdum uğrunda can qoyum, üç rəngli, ay-ulduzlu bayraq olub daim vətən səmasında dalğalanım. Şəhidlik rəmzi Xarıbülbül olum, Xanın səsində yenidən açım. Şəhadət günəşitək parlaq olub hər şəhid məzarında doğum.

… İstəyirəm… istəyirəm ki, həyatı həyat kimi yaşayım.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 4

Ç İyl 27 , 2022
(magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ (davamı) Vəhşi insanlar tərəfindən əməl edilən ən çoxsaylı və mühim tabular, görünür, bu və ya başqa qida növlərinin yasaqlanmasıdır. Bu yasaqlardan çoxu tam aşkar surətdə oxşarlıq qanunundan irəli gəlirlər və deməli, neqativ […]