(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Vəhşi insanlar tərəfindən əməl edilən ən çoxsaylı və mühim tabular, görünür, bu və ya başqa qida növlərinin yasaqlanmasıdır. Bu yasaqlardan çoxu tam aşkar surətdə oxşarlıq qanunundan irəli gəlirlər və deməli, neqativ magiya nümunələridir. Vəhşi insan bir çox heyvan və bitkilərlə onların bəzi xassələrini mənimsəmək, kəsb etmək üçün qidalandığı kimi, elə bu cür də o, başqa heyvan və bitkilərlə ona görə bəslənmir ki, onlardan, düşündüyü kimi, arzuolunmaz xassələri əxz edə biləcəyindən qorxur. Birinci halda vəhşi insan pozitiv magiya ilə məşğul olur, ikinci haldasa neqativ magiya qanunlarına görə hərəkət edir. Sonralar biz pozitiv magiyanın çoxlu nümunələri ilə qarşılaşacağız. İndisə mən neqativ magiyanın, və ya tabulaşdırmanın bir neçə örnəyini vermək istəyirəm. Belə ki, Madaqaskar döyüşçülərinə, bu (homeopatik magiya prinsiplərinə görə), inanca görə bu azuqələrlə ayrılmaz şəkildə bağlı olan təhlükəli və arzuolunmaz fəsadlar törətməsin deyə, saqınma tədbiri olaraq bəzi qidaları yemək qadağandır. Məsələn, onlar oxlu kirpi əti yeyə bilməzlər, “çünki belə bir təhlükə mövcuddur ki, hürküdəndə yumağa dönmək xüsusiyyəti olan bu canlı öz hürkək xasiyyətini onu yeyən adama ötürə bilər”. Heç bir döyüşçü həmçinin öküz ayağı da yeməməlidir ki, dizləri öküz dizi kimi zəif və yürüşlərdə iştirak etmək qabiliyyətindən məhrum olmasın. Daha sonra, döyüşçü gərək döyüşdə ölmüş xoruzun, yaxud nizə ilə öldürülmüş hər hansı bir başqa heyvanın ətini yemək istəyindən saqınsın: döyüşçü evdə olmadıqda onun evində heç bir erkək heyvan hər hansı bir səbəbdən öldürülə bilməz. Əgər döyüşçü döyüşdə ölmüş xoruzun ətini yeyərsə, onda o özü də döyüş meydanında öldürülə bilər: işdir, əgər o evdə olmadıqda onun evində erkək heyvan kəsilmişsə, onda elə bu üsulla da – ola bilsin, elə həmin andaca – döyüşçünün özü də həlak ola bilər. Malqaş əsgəri, bundan başqa, böyrək də yeməməlidir, çünki malqaş dilində “böyrək” və “atəş” eyni bir sözlə işarələnir: belə güman edilir ki, əgər o böyrək yesə, onda onu hökmən güllə ilə vurarlar.
Yəqin ki oxucu fərqinə vardı ki, göstərilən misallardan bəzilərində magiyanın təsiri böyük bir məsafədə özünü göstərir… İnsanların və predmetlərin məsafədən bir-birinə göstərdikləri simpatik təsir magiyanın mühüm cəhətlərindən biridir. Elm məsafədən təsirin mümkünlüyünə şübhə ilə yanaşa bilər, amma magiya buna şübhə etmir. Magiyanın özüllərindən biri – telepatiyaya inamdır. Ağılların, zehnlərin məsafədən qarşılıqlı təsirinə inamın çağdaş yandaşları vəhşi insanlarla asanlıqla ümumi dil tapa bilərdi. Axı vəhşi insan əzəldən buna inanırdı, bundan da artıq, bu inam əsasında o, o qədər məntiqi bir ardıcıllıqla hərəkət edirdi ki, bu cür ardıcıllığa nail olmaq, bizə məlum olduğu qədər, onun indiki mədəni məsləkdaşına heç vaxt müyəssər olmamışdır. Vəhşi insanlar təkcə elə ovsun ayinlərinin insanlara və şeylərə məsafədən təsirinə deyil, həm də ona tam inanırlar ki, adi həyatın ən sadə aktları belə bu cür təsir göstərir. Buna görə xüsusilə vacib hallarda vəhşi insanın davranışı az-çox dərəcədə işlənib hazırlanmış qaydalar toplusu ilə tənzimlənir, özü də inanca görə bu qaydalara xor baxma, məhəl qoymama uğursuzluğa və hətta uzaqdakı dostların, yaxud da qohumların ölümünə belə səbəb ola bilər.
Bir dəstə kişi ova və ya savaşa gedəndə, belə düşünülür ki, evdə qalmış qohumlar ovçu və ya döyüşçülərin salamatlığını qorumaq, onlara uğur gətirməkdən ötrü bir şeyi edəcək və o biri şeyi etməkdən qaçınacaqlar. Pozitiv və neqativ magiyanın bəzi nümunələrini göstərək.
Laoslu fil ovçusu ova çıxanda öz arvadını oyadır, xəbərdar edir ki, o evdə olmayanda saçlarını kəsməsin və bədəninə yağ sürtməsin, çünki birinci halda fil torları qoparıb dağıdar, ikinci haldasa – onların arasından sivişib keçər. Dayaklar vəhşi donuzları ovlamaqçün cəngəlliklərə yollananda kənddə qalanlar yağa və suya toxunmamalıdırlar. Əks halda ovçuların əlindən “yağlı tikə çıxar”[1], yəni şikar ələ keçməyib əkilər.
Şərqi Afrikadakı fil ovçuları inanırlar ki, əgər evdə olmayanda arvadları onlara xəyanət edərsə, fil onlara hücum edər və onlar ya həlak olar ya da ağır xəsarətlər alarlar. Buna görə əgər ovçunun qulağına arvadının pis davranışı barədə söz-söhbət çatırsa, o, ovu dayandırır və evə qayıdır. Əgər vaqoqo qəbiləsindən olan ovçu uğursuzluğa uğrayır və ya ona aslan hücum edirsə, o bunu arvadının ayağına yazır və böyük bir qəzəb içində evə qayıdır. Vaqoqolu ər evdə olarkən onun arvadı imkan verməməlidir ki, kimsə onun arxasından keçsin və ya oturanda qabağında dursun, o yalnız üzüqoyulu yatmalıdır. Boliviyadakı moxos tayfasından olan hindu əmindir ki, əgər o evdə olmadığı zaman arvadı ona dönük çıxarsa, onda onu ov edərkən ilan sancacaq, ya da yaquar dişləyəcəkdir. Odur ki, əgər onun başına belə bir iş gəlirdisə, onda suçlu olub-olmamasından asılı olmayaraq arvadının cəzası (çox vaxt öldürülməsi) qaçılmaz olurdu. Aleut, dəniz samuru ovçusu düşünür ki, uğursuz ov – o evdə olmadıqda arvadının xəyanətinin, yaxud da bacısının bəkarətinin pozulmasının nəticəsidir.
Quiçol tayfasından olan Meksika hinduları onu yemiş insanı vəcdə gətirən kaktus növlərindən biri ilə elə davranırlar ki, sanki bu, yarımallahdır. Onların ölkəsində bu bitki bitmir və ona görə də kişilər onu əldə etmək üçün hər il 43 gün davam edən bir yürüşə çıxmalıdırlar. Kaktus bayramı başlayanadək keçən bütün zaman ərzində kişilər və qadınlar ancaq xüsusi hallarda, özü də yalnız müqəddəs bitkinin bitdiyi uzaq diyardan gətirilmiş su ilə yuyunurlar. Onlar da, bunlar da uzun müddət ac qalır, duz işlətmir və ciddi şəkildə cinsi əlaqələrdən qaçınırlar. Hesab edilir ki, bu qaydaları pozanlar özlərini xəstələnmə təhlükəsinə məruz qoyur, başlıcası da qəbilənin bütün üzvlərinin arzularının yönəlmiş olduğu məqsədə çatmanı təhlükə altına qoymuş olurlar. Kaktusu, Od tanrısının bu dərgahını tapmaqla hindular sağlıq, xoşbəxtlik və həyat məsələlərini bağlayırlar. Ancaq pak od natəmiz adama xeyir gətirə bilmədiyi kimi qadın və kişilər də təkcə elə müvəqqəti olaraq bakir olmamalıdırlar: onlar keçmiş günahlarının eyiblərindən arınmalıdırlar. Buna görə ekspedisiya başladıqdan dörd gün sonra qadınlar bir yerə yığışır və Od Dədəyə uşaqlıqdan üzü bəri nə qədər kişini sevdiklərini etiraf edirlər. Onlar heç bir şeyi yaddan çıxarmamalıdırlar, əks halda kişilər bir dənə də olsun kaktus tapa bilməzlər. Heç bir şey yaddan çıxmasın deyə hər bir qadın ipdə məşuqlarının sayı qədər düyünlər edir. Bu iplə o tapınağa gəlir və odun önündə dayanaraq düyünlərlə işarələnmiş kişilərin adlarını birbəbir çəkir. Etiraf bitdikdən sonra o ipi oda atır və “pak ilahi od” onu yandırıb kül etdikdən sonra qadının bütün günahları bağışlanmış olur və o, hüzur içində çıxıb gedir. Bu andan etibarən qadınlar kişilərin eləcə yanından keçmələrinə belə çox həvəssiz razı olurlar. Kaktus axtarışçılarının özləri də öz keçmiş qələtlərindən elə bu sayaq təmizlənirlər. Onlar da ipdə hər bir keçmiş qələtə aid bir düyün düyür və “dörd bir yana” etiraflar edərək, bu günah siyahısı olan bu özünəməxsus təsbehi ekspedisiya rəhbərinə verirlər, o isə onları yandırır.
Saravak adalıları inanırlar ki, əgər kafur yığıcısının arvadı zina edərsə, ərinin topladığı kafur buxarlanıb yoxa çıxacaqdır. Ağacın qabığının üzərindəki məxsusi fırlara görə ər arvadının ona sadiq olmadığını “təyin edə bilər”. Belə deyirlər ki, keçmişdə bir çox qadınlar qısqanc ərləri tərəfindən təkcə elə buna əsasən öldürülmüşlər. Bundan başqa, ərləri kafur axtarışında olduqları sürədə qadınlar darağa əl vurmağa cürət etmirlər: əks halda ağac gövdələrindəki çatlar qiymətli kafur dənəcikləri ilə dolu olmayacaq, daraq dişlərinin araları kimi boş olacaqlar. Kei adalarında (Yeni Qvineyadan cənub-qərbə doğru) adalılar (aborigenlər) uzaq limana üzmək üçün gəmini suya saldıqdan sonra onun saxlanmış olduğu yer palma budaqları ilə örtülür və həmin yer müqəddəsləşir. Gəmi qayıdanadək bu yerə insan ayağı dəyməməlidir, əks halda guya gəmi batqına düçar ola bilər. Bundan başqa, gəmi yolda olarkən xüsusi olaraq bu məqsəd üçün seçilmiş üç-dörd qız, zənn edildiyi kimi, dənizçilərlə simpatik əlaqədə olur və yolçuluğun güvənli və uğurlu olmasına yardım edirlər. Son zərurət hallarını çıxmaqla bu qızların onlar üçün ayrılmış otağı tərk etməyə ixtiyarları yoxdur. Bu da azmış kimi, gəmi dənizdə olduğu müddətdə onlar əlləri dizləri arasında sıxılmış şəkildə həsirlərin üstündə sərələnərək tam tərpənməz bir halda qalmalıdırlar. Onlara nə başlarını çöndərməyə, nə də başqa hərəkətlər etməyə icazə verilmir, çünki demə bu, gəminin gövdəsində valaylama yaradırmış. Onlar yapışqanlığı olan heç bir şey, məsələn hindqozu südündə bişirilmiş düyü yeyə bilməzlər, çünki qidanın suvaşqanlığı gəminin üzüşünə pis təsir edə bilər. Dənizçilər hesablamalar üzrə təyinat yerinə çatdıqda qadağaların sərtliyi bir qədər yumşaldılır. Lakin onların bütün yolçuluğu ərzində qızlara iti tıxları və ya tikanları (məsələn, elektrik skatının) olan balıqların ətini yemək qadağan olunur ki, əzizləri fəlakətə düçar olmasınlar.
Məsafədən simpatik bağlantıya dair inancların yayğın olduğu yerlərdə ən dəruni, sərt və incə insani duyğular yaradan müharibə, əndişə içində olan qohumların ürəklərində simpatik əlaqədən döyüşdə, hətta ola bilsin, onlardan uzaqlarda ölüm ayağında olan əziz və yaxın adamlarının xeyrinə maksimum dərəcədə istifadə etmək istəyi doğurur. Döyüşçülərin evdə qalmış dost və qohumları öz coşqunluğu və məzəliliyi ilə bizi heyrətləndirən – məqsədi (hörmət doğuran), yaxud da ona nail olunması üçün istifadə olunmuş vasitələri (gülüş doğuran) nəzərdə tutmağımızdan asılı olaraq – fəndlərə əl atırlar. Məsələn, adalı dayak başkəsənliyə yola düşəndə onun arvadı və ya subay bacısı gecə-gündüz yanında qılınc gəzdirməlidir ki, döyüşçü həmişə öz silahı barədə düşünsün. O bütün günü ta gecə saat ikiyədək yatmamalıdır ki, düşmən onun ərini, ya da qardaşını ələ keçirməsin. Saravakdakı Bantinq kəndindən olan dəniz dayakları müharibəyə gedəndə qadınların davranışı müfəssəl işlənib hazırlanmış qaydalar toplusuna tabe edilir. Qadınlar çox erkən durmalı və dan yeri ağarana kimi pəncərələri açmalıdırlar, əks halda onların evdə olmayan ərləri yuxudan çox gec dura bilərlər. Qadınlara saçlarına yağ sürtmək yasaq edilir, yoxsa ərləri sürüşüb yıxılarlar. Gündüzlər onlar yata və ya mürgüləyə bilməzlər ki, ərlərini yürüş zamanı yuxu tutmasın. Hər səhər qadınlar evlərinin eyvanında qarğıdalı dəni qovurmalı və sərməlidirlər ki, kişilər zirək olsunlar. Otaqlar tərtəmiz saxlanılır, onlardakı bütün şeylər divara söykədilmişdir, çünki belə zənn edilir ki, əgər kimsə onlara ilişib büdrəyərsə, fəraqdakı ərləri də yıxılar və düşmənin əlinə keçər. Hər yeməkdən sonra çölməkdə bir azca düyü qalmalıdır ki, kişilərin həmişə yeməyi olsun və onlar ac qalmasınlar. Qadınlar heç bir halda ayaqları uyuşanadək toxuma dəzgahlarının arxasında oturmamalıdırlar; əks təqdirdə guya ki kişilərin oynaqları quruyub qalar və onlar tez ayağa qalxıb düşməndən qaça bilməzlər. Kişilərin oynaqlarına əsnəklik, çeviklik vermək üçün qadınlar toxuma dəzgahı arxasında işləməyi eyvanda var-gəl etməklə növbələşdirməlidirlər. Onlar üzlərini örtməməlidirlər: yoxsa kişilər hündür otun içində və ya cəngəlliklərdə azarlar. Onların iynə ilə tikiş etməyə ixtiyarları yoxdur, bunu etsələr düşmənlərin yollara səpələdiyi tikanlar kişilərin ayaqlarına batar. Əgər əri olmadığı dövrdə arvadı ona xəyanət edərsə, ər düşmən ölkəsindən geri qayıtmaz. Bu yaxınlaradək, bu və ya digər yasaqlara, ərləri ingilislərin tərəfində qiyamçılara qarşı vuruşduqları zaman Bantinq kəndinin qadınları tərəfindən əməl olunurdu. Amma nə yazıq ki, bu ehtiyat tədbirləri çox az şey verdi və evlərindəki vəfalı arvadları mənafelərinin keşiyində durmuş olduqları kəslərdən çoxu hazırda qardaşlıq məzarlığında uyuyur.
Timor adasında müharibə zamanı baş ruhani məbədi tərk etmir. Yeməyi ona məbədə gətirir, ya da orada hazırlayırlar, gecə-gündüz o, odu qorumalıdır, çünki əks təqdirdə döyüşçülərin başına fəlakət gələr və bu fəlakət ocaq soyuq qaldıqca davam edər. Ordu hərbi əməliyyatlarda iştirak etdiyi sürədə kahin yalnız qaynar su içməlidir, çünki soyuq suyun hər qurtumu xalqın coşqusunu azaldır və onu düşmən üzərində qələbə çalmaq imkanından məhrum edir. Kei adalarında döyüşçülər yürüşə yollandıqdan sonra qadınlar evə qayıdır və evdən bayıra daş və meyvə ilə dolu səbətlər çıxarırlar. Daşları və meyvələri onlar yağlayır və aşağıdakı sözləri deməklə masanın üstünə qoyurlar: “Ey, gün və ayın yiyələri! Qoy yağış bu yağlanmış şeylərə dəyib necə sıçrayırsa, güllələr ərlərimizə, qardaşlarımıza, adaxlılarınıza və qohumlarımıza dəyəndə də beləcə çovub sovuşsunlar”. Elə ilk atəş səsi gəldiyi andaca qadınlar səbətləri bir kənara qoyub əllərində yelpik tutaraq bayıra qaçırlar. Onlar əllərindəki yelpikləri düşmənə tərəf yelləyərək və aşağıdakı sözləri oxuyaraq kənddə o yan bu yana qaçırlar: “Ey qızıl yelpiklər! Qoy bizim güllələr yaralasın, düşmən güllələrisə yan keçsin”. Güllələrin döyüşçülərdən yağış damlaları daşlara dəyib sıçradığı kimi çovmasından ötrü bu daş yağlama adətində homeopatik, və ya təqlidçi, magiyadan çox şey var. Ovsunu daha kəsərli etməsi üçün dua ilə günəşə üztutma, yəqinki, daha sonrakı əkləmədir. Yelpik yelləmə də ovsun fəndidir; o, dostların, yaxud düşmənlərin tüfənglərindən atılmalarından asılı olaraq, güllələri hədəfə yönəltmək, ya da hədəfdən yayındırmaq üçündür.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Orijinalda söz oyunu, cinas var: “butter-fingered” idiomatik ifadəsi “burnunun ucunu görmək” və “barmaqlarından yağ süzülmək” deməkdir.
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 5 – KLV