Sənur. Gecikmiş hədiyyə

Ürəyinizdən keçənləri zamanın ixtiyarına buraxmayın. Zaman hər dəfə ikinci şans verməz…

Səhər idi. Günəş işığı pərdənin arasından süzülüb otağa dolurdu. Çinarə yuxu ilə reallıq arasında üzürdü ki, bacısının səsi onu o biri aləmdən çəkib çıxartdı. Həmin səs — incə, narahat, bir az da tələsik — hər səhər ona xatırladırdı ki, zaman dayanmır, həyat axır, getməlisən.

O, yorğunluqla gözlərini açdı. Yataqdan qalxıb yerini səliqəyə saldı. Hər dəfə eyni hərəkət, sanki küçədəki səs-küyə qarşı bir nizam nişanəsi. Əl-üzünü soyuq suyla yudu, mətbəxə keçdi. Qəhvə dəmləyərkən ətirli buxar üzünə vurdu, amma bu da onun düşüncələrini yumşaltmadı. Pəncərənin qarşısında oturdu, fincanı ovcuna aldı və həyətə baxdı.

Həmin tanış mənzərə: səhər çağı, yaşlı bir kişi əyilmiş, yol kənarına tökülmüş içki şüşələrini yığırdı. Çinarə onu seyr edərkən içinə qəribə bir kədər çökdü. Nə qədər qazanar bu gün? On manat, bəlkə on beş? Gündəlik çörəyə, dərmana, bəlkə də yalnız bir gecəlik evinin qızmasına yetər? O qədər əyilmişdi ki, onun sifətini görmək mümkün deyildi — yalnız arxası, köhnə paltarı və təkrar əyilib-düzəlməsi. Çinarə düşündü ki, bu adam kiminsə atasıdır, bəlkə kiminsə yad etdiyi bir xatirədir. Amma həyat onu bu səhərlərə məhkum edib. Bəs niyə? Cavabını heç kim bilmirdi.

Elə bu vaxt həyətə çörək maşını girdi — hər tərəfi örtülü, gurultulu, tozlu. Maşın dayanan kimi bəziləri mağazaya daşınmasını gözləmədən çörəkləri qapıb qaçırdılar. Çinarə bunu hər gün görürdü, amma hələ də anlamırdı: bu tələskənlik, bu iti hərəkətlər, bu bir-birini itələmələr… Sanki çörək qurtaracaqmış kimi, sanki vaxt onları təqib edirmiş kimi. O, xəyalən insanlara sual verdi: “Ay qardaş, səbrayla piştaxtadan düzgün götürsəniz nə olar?” Amma bu sual da havada qaldı.

Bir də bacısının səsi eşidildi: “İşə getmirsən?” Çinarə qəhvədən bir udum içib dedi: “Gec gedəcəyəm.” Bacısı otaqdan çıxmışdı, amma səsi hər yerdə idi. Çinarə fikrə getdi: niyə insanlar hər zaman bir-birinə mane olur? Bayaq yuxudan oyatdı — yuxuma, indi səsləyir — düşüncələrimə… Niyə cəmiyyət bu qədər sıxılmışdır? Niyə hamı harasa tələsir, amma heç kim yerində deyil? O gülümsədi, özünə istehza etdi: “Elə bil filosofam.” Amma içindəki bu suallar onu tərk etmədi.

Hazırlaşıb güzgüyə baxdı. Özü ilə qarşılaşdı — yorğun, amma yenə də ümidli baxışlar. Bəlkə də hər səhər eyni oyanış, eyni güzgü, eyni təkrarlanan hərəkətlər insanı ölümcül yorur. Amma o, düşüncələrini də götürüb evdən çıxmağa qərar verdi.

Dayanacağa gedən yol şam ağacları ilə bəzədilmişdi. Amma o ağaclar da səliqəsiz, yarımçıq, yol kənarının tozuna boyanmışdı. Çinarə bunları görəndə ürəyində bir ikrah hissi oyandı. Bəs gözəllik haradadır? Dünya niyə belə zibillidir?

Dayanacaqda sıxlıq vardı. O, bir kənarda dayandı. Birdən telefon titrədi — sağ cibində, sanki bədəninin bir hissəsi hərəkətə gəldi. İsmarıca baxdı, amma avtobus gəldi, hər tərəf qarışdı. Çinarə çətinliklə içəri girdi, qapıda ilişdi, amma nəhayət salona qalxdı. Oturmağa yer yox idi, ayaqda qaldı.

İçəridə orta yaşlı bir qadın yerini alan kimi şikayətə başladı: “Mən xəstəyəm, yer də vermirlər.” O, ayaqda olanlara nifrətlə baxdı. Bir oğlan ona cavab verdi: “Ay xala, biz də pul veririk, mən də yorğunam.” Qadın susmadı. Arxadan bir cavan qız “tərbiyəsiz” dedi. Çinarə bütün bu səsləri eşidir, amma onlardan uzaqlaşırdı. O düşünürdü: “Hər kəs öz ağrısına qərq olub, heç kim o birinin ağrısını hiss etmir. Bu qadın niyə öz xəstəliyini hamının üzərinə yükləyir? Bu oğlan niyə belə sərt cavab verir? Arxadakı qız niyə qarışır? Hər kəs öz dünyasında haqlıdır, amma hamı birlikdə yanlışdır.”

Çinarə mənzil başına çatıb avtobusdan düşdü. Dərin nəfəs aldı — sanki uzun müddət su altında qalmışdı. Parka girdi, boş oturacaq tapmaq ümidi ilə ətrafa nəzər saldı. Yarpaqlar saralırdı, bu da bizə ilin dördüncü fəslinin yaxınlaşdığını xəbər verirdi. Hava soyuq olsa da, sakit idi. Amma onun ürəyində fırtına qopmuşdu.

Skamiya tapıb əyləşdi. Qarşısındakı çinar ağacının yarpaqları saralmış, yavaş-yavaş yerə enirdi. Çinarə həmin yarpaqları seyr edirdi, amma gözləri uzaqlara, keçmişin o qarlı gününə dalmışdı.

Sabah Rəvanənin doğum günü idi. Beş yaş… Amma əməkhaqqına hələ on beş gün vardı. Cibində cəmi bir neçə manat — bəlkə iki manat, bəlkə bir manat pulu var idi. O pula çörək almaq olar, amma hədiyyə? Rəvanənin sevincini ala bilməzdi. O fikirləşdi: “Bəlkə heç hədiyyə almayım? Rəvanə başa düşər…” Amma bu fikir içini sıxdı. O an gözləri qarşısında elə bil bir pərdə açıldı və o, illər əvvəlki o dəhşətli qış gününə geri döndü.

Tələbə yataqxanası… Kiçik, soyuq otaq. Pəncərənin şüşəsində qırov, çöldə qar yağır, küçə işıqları sarımtıl bir zəifliklə parıldayırdı. Çinarə o gecə dərs oxuyurdu — kitabın səhifələrini çevirirdi, amma gözləri yorulmuşdu. Birdən telefon çaldı. Həmin kəskin, qəfil səs — otağın sükutunu parçalayan, sanki içində gizli bir bədbəxtlik daşıyan səs.

Titrəyən əlləri ilə telefonu götürdü. Ekranda rayondan — qonşu qadının nömrəsi idi. Ürəyində bir şey qırıldı. “Görəsən, nəsə olmayıb?” – deyə düşündü.

— Çinarə, qızım, sən evə gəl… — qadının səsi boğuq, ağlamalı idi.

— Nə olub, Səkinə xala? — Çinarənin səsi titrədi.

— Avtoqəza… ata-anan… yolda… — söz boğazında ilişib qaldı, sonra göz yaşına boğuldu. — Rəvanəni xəstəxanaya göndərirlər, Bakıya…. Gəl, tez gəl!

Telefon əlindən yerə düşdü. O an otağın hər tərəfi fırlanmağa başladı. Divarlar yaxınlaşdı, tavan çökdü, hava çəkildi. Çinarə yerə yıxılmışdı, amma ağlamırdı — gözləri qurumuş, baxışları boşalmışdı. Otağın o biri ucunda radio səssizcə nə isə mırıldanırdı, amma o, heç nə eşitmirdi. Yalnız ürəyinin döyüntüsü — sürətli, çaşqın, vahiməli… O, o gecə yataqxananın soyuq koridorları ilə qaçdı, pilləkənlərdə ayağı ilişdi, yıxıldı, qalxdı, yenə qaçdı. O hər tərəfə bəyaz paltar geyindirmiş qış axşamı onun üçün həmişəlik qara rəngə boyandı.

Bakıdakı xəstəxananın ağ, soyuq koridorlarında idi. Dezinfeksiya iyi burnunu yandırırdı. Həkimlər ona bir şeylər izah etdilər, amma sözlər anlamsız idi. Yalnız bir cümlə qulağında qaldı:

— Ata-ananı xilas edə bilmədik. Kiçik bacın sağ qaldı, amma sağ ayağını…

Həkim susdu. Çinarə başını qaldırıb onun gözlərinə baxdı. Həkim demək istəyirdi ki, “sağ ayağını itirdi”. Amma deyə bilmədi.

Çinarə palataya girəndə Rəvanə yataqda yatırdı. Üzü qəfildən böyümüş, saralmışdı. Ayağının altı boşluq idi — yorğanın altı çökmüşdü, boş, mənasız. Rəvanənin gözləri qapalı idi, amma yanağından bir damla yaş süzülürdü. Yuxuda belə ağlayırdı.

Çinarə onun yanında oturdu, əlləri ilə bacısının solğun barmaqlarını tutdu. O an özünə and içdi — səssizcə, titrəyən dodaqlarıyla:

— Mən səni heç vaxt tək qoymaram. Səni sevindirəcəm. Bax, mən varam. Bax, mən sənin üçün hər şeyi edəcəm.

Rəvanə yuxuda bir az tərpəndi, sanki o sözü işitdi, sanki o andın ağırlığını hiss etdi…

Çinarə o xatirənin içindən çətinliklə çıxdı. Gözləri yaşarmışdı. Başını buladı, dərin nəfəs aldı. Əlini cibinə salıb telefonu çıxartdı. Barmaqları avtomatik Türkanın nömrəsini axtardı. Zəng uzun müddət açılmadı, axırda tanış, həmişə hərarətli, təbəssümlü səs eşidildi:

— Can, Çinarə! Nə var, yaxşısan? Niyə belə susqunsan? Rəvanə yaxşıdır?

Çinarə dodaqlarını dişlədi. Səsini boğazından çətinliklə çıxartdı:

— Rəvanə yaxşıdır, Türkan. Amma mən… sabah onun doğum günüdür. O, çox gözləyir, bilirsən. Şirniyyat istəyir, kiçik bir oyuncaq… Mən də bütün ayı hesablayıram, amma əməkhaqqı gələn ayadək gəlmir. Cibimdə bir neçə manat var, ona da…. Mən… mən nə edəcəyimi bilmirəm.

Səsi titrədi. O ağmaq istəmirdi, amma sözlər acı-acı boğazına yığılırdı.

Türkan bir an susdu, sonra səsi daha da istiləşdi:

— Çinarə, dinlə məni. Sən mənə niyə zəng vurmursan? Mən sənin rəfiqənəm, ya yox? Rəvanə mənim də bacımdır! Mən sənə pul göndərim, nə qədər lazımdırsa.

Çinarə başını buladı, hətta telefonun o biri ucunda görünməsə də:

— Yox, Türkan, sənin də çətinliyin var. Mən səndən pul istəmək üçün yox, sadəcə səsinə ehtiyacım olduğu üçün zəng etdim. Darıxmışdım. Ağırıma gəlir.

Türkanın səsi qəti, amma yumşaq idi:

— Çinarə, sus. Sən mənə bax. O qış günü Rəvanə xəstəxanada olanda sən onu tək qoymadın. Hər gün yanında idin, öz dərslərini, öz gəncliyini qurban verdin. İndi sənin çətin günündür, mən səni tək qoymaram. Nə qədər pul lazımdır? On manat? On beş? De, mən hələ bu gün göndərim.

Çinarə bir an susdu. Gözləri doldu. O, qürurunu dişləyib udmaq istədi, amma Rəvanənin sabahkı sevinci o qürurdan daha ağır idi. O, dərin nəfəs aldı və səsi indi zəif, amma minnətdar bir pıçıltıya çevrildi:

— On manat kifayət edər, Türkan. Sadə bir hədiyyə, bir də bir az şirniyyat. Gələn ay əməkhaqqı köçəndə sənə qaytararam. Söz verirəm.

Türkan qəzəblənməyə oxşar bir səslə cavab verdi:

— Nə qaytarılması? Ay bala, sən mənə yüz dəfə kömək etmisən. Bu pulu hədiyyə bil, Rəvanəyə məndən də ad günü hədiyyəsi olsun. İndi dərhal göndərirəm. Sən də rahat ol, fikrini dağıt, mağazaya get. Sabah Rəvanənin üzünün gülüşünü görəndə bilərsən ki, buna dəyərmiş.

Çinarə ürəyindəki dağın yüngülləşdiyini hiss etdi. Göz yaşı səssizcə yanağından süzüldü, amma bu dəfə kədərdən yox, minnətdarlıqdan idi.

— Sağ ol, Türkan. Sən olmasaydın, mən… mən həqiqətən bilmirdim nə edəcəyimi. Sən mənə həyat verdin bu gün.

Türkan güldü — o tanış, hərarətli gülüş:

— Yox, sən özünə həyat verdin o qışda. İndi get, bacına layiq bir şey tap. Mən səni sevirəm, Çinarə.

Zəng bitdi. Çinarə telefonu əlinə sıxdı, başını qaldırdı. Parkın üstündəki səma indi daha mavi, daha işıqlı idi. Yarpaqlar hələ də tökülürdü, amma indi onlarda mənasız bir ölüm yox, təzələnmənin sakit gözəlliyi var idi.

O ayağa qalxdı, gülümsədi. İçindəki o qış soyuğu indi bir az geri çəkildi; əvəzinə Türkanın səsi, Rəvanənin sabahkı təbəssümü isti bir işıq kimi yayıldı.

“Gərək axşam gedib hədiyyə alım,” — deyə düşündü. — “Ya da sabah alaram. Hələ vaxt var.” Amma bu dəfə bu sözü deyəndə içində hələ də o narahatlıq pıçıldayırdı: “Bəs, sabahı gözləməyə dəyərmi?” O, bu pıçıltını eşitdi, amma sevinc onu boğdu. O, tez evə getmək, Rəvanəni qucaqlamaq istəyirdi.

Axşam işdən çıxıb dayanacağa gəldi. Yolun kənarında, küçə işığının çətinliklə işıqlandırdığı, reklam lövhəsini toz basmış kiçik bir hədiyyə mağazası var idi. Çinarə bir an dayanıb tərəddüdlə qapını açdı.

İçəri girdikdə onu mağazanın özünəməxsus iyi qarşıladı: köhnə kağız, yapışqan və nəm boya qarışığı bir ətir… Rəflər bir-birinə o qədər yaxın düzülmüşdü ki, adamın ürəyi sıxılırdı. Bəzək əşyaları, muncuqlu çantalar, üzlərindəki rəngi solmuş biblolar… Hamısı sanki uzun illərdir heç kimin əli dəymədən orada yatırdı. Sarımtıl, zəif bir işıq lampası tavandan sallanırdı.

Piştaxtanın arxasında isə gənc bir qız əyləşmişdi. Onun yaşı iyirmilərin ortaları idi, amma baxışları qocalmışdı. Üstündə bozumtul köynək, cins şalvar var idi. Üçdüyməli köynəyin düymələrindən biri əskik idi — sanki vaxtı çatıb dəyişdirilməli, amma hələ əlçatmaz bir şey kimi… Saçlarını tələsik, səliqəsiz bir topuza yığmışdı; alnına düşən bir neçə tel isə hər hərəkətində yerini dəyişir, amma o, onları düzəltmək üçün əlini belə qaldırmırdı. Boynunda zərif, amma solğun bir sep var idi – bəlkə keçmiş bir hədiyyə, bəlkə unudulmuş bir xatirə.

Qız dirsəyini stolun üstünə söykəmiş, ovcunun içinə çənəsini alıb boşluğa baxırdı. Gözlərinin altındakı qara kölgələr gecə yuxusuzluğundan yox, bəlkə də uzun bir ruhi yorğunluqdan xəbər verirdi. Barmaqları boyasız idi, dırnaqları qısa kəsilmişdi – heç bir bəzəyə, heç bir əlavə vaxta ehtiyac duymayan bir insanın əlləri. Çinarə içəri girəndə o başını qaldırdı, bir baxdı, sonra yenə öz aləminə döndü. O qədər biganə idi ki, sanki mağaza onun üçün sadəcə bir qəfəs, müştərilər isə keçib gedən kölgələr idi.

Çinarə rəflərə göz gəzdirdi. Əlinə bir musiqi qutusu aldı – sarı qapağı qalxanda cılız bir melodiya çalındı, amma Rəvanənin sevinəcəyini təsəvvür edə bilmədi. Sonra ipək bir boğazlıq gördü, amma rəngi çox solğun idi. Bir dəftər — üzərində solğun çiçək naxışları var idi, amma o da içini doldura biləcəyi sevgi kimi boş göründü. Heç biri Rəvanəyə layiq deyildi. Orada duran hər şey sanki öz sahibini gözləyirdi, amma Çinarə o sahib ola bilməzdi.

Heç nə almayacaqdı. Özü də bilmədi niyə, əlindəki dəftəri satıcı qıza uzadıb soruşdu:

– Bu dəftərin kağızı keyfiyyətlidir? Şəkil falan çəkmək, yazmaq rahatdır?

Qız çətinliklə başını qaldırdı, dəftərə baxdı, sonra Çinarənin üzünə. Onun gözlərində nə maraq, nə də istək var idi. Sadəcə dərin, ağır bir yorğunluq… Bir neçə saniyə susdu, sonra boğuq, ruhsuz bir səslə:

– Bilmirəm. Mən yazmıram, — dedi və yenə əvvəlki vəziyyətinə – dirsəyi masada, baxışları havada – qayıtdı.

Çinarə əvvəlcə içində qəzəb hiss etdi. Nədir bu laqeydlik? Nədir bu ölü kimi duruş? Bu qız gəncdir, sağlamdır, bir mağazada işləyir – bəs niyə belə yaşayır? Amma qəzəb tez söndü. Onun yerinə qəribə bir mərhəmət, bir ağrı köçdü. O qızın gözlərində elə bir tənhalıq oxudu ki, Çinarə birdən özünü gördü – yorğun, tələsik, həmişə kiminsə ümidini qarşılamağa çalışan, amma çox vaxt gecikən… Bəlkə bu qız da kiminsə doğum gününə hazırlaşıb, amma bacarmır. Bəlkə onun da içində qopan bir sevgi var, amma sözləri tapa bilmir. Bəlkə o da bu axşam işdən çıxanda kimsəyə sarılıb ağlamaq istəyir, amma etməyə cürəti yoxdur.

Çinarə dəftəri yerinə qoydu. Qıza təşəkkür etmək istədi, amma səsi çıxmadı. Sadəcə başını aşağı salıb, əlləri hələ də boş, mağazadan çıxdı. Küçənin soyuq havası üzünə vuranda o hiss etdi ki, bu mağazadakı boşluq indi onun içindədir. Hələ hədiyyə yox idi. Amma bəlkə də ən böyük hədiyyə sevdiyi insanı bağrına basıb “sabah hədiyyəni verəcəm ha” demək idi. O, buna hələ əmin deyildi.

Evə çatanda çox yorulmuşdu. Bacısı onu qapıda qarşıladı, gözləri əlinə baxdı — boş əllər… Çinarə bunu gördü, amma susdu. Bacısı təəccübünü gizlətməyə çalışdı, amma Çinarə hər şeyi başa düşdü. Yemək yeyərkən o, bacısının üzünə baxıb düşündü: “Kaş nə isə alardım.” Axşam yatmazdan əvvəl onun yanına getmək, qucaqlayıb demək istədi: “Sabah hədiyyən hazırdır.” Amma sonra fikrindən döndü — qoy sürpriz olsun. Keçən il onu necə sevindirmişdi o hədiyyə… Türkan da onlara qonaq gəlmişdi; gülüş, söhbət, xatirələr… O gün o sakit, yeknəsək həyatlarında bir işıq parlamışdı.

Səhər tezdən, hələ gün çıxmamış, Çinarə mağazaya getdi. Hədiyyəni aldı — kiçik, rəngli qutu… İçində qızıl üzük yox, sadəcə bir kitab və bir qeyd dəftəri var idi. Rəvanə yazmağı, şəkil çəkməyi sevirdi. O, tez evə qayıtdı.

Qapını açan kimi kəskin qaz qoxusu burnuna gəldi. Bədəninin hər zərrəsi ləngidi. O, pəncərələri açdı, bağırdı: “Rəvanə! Rəvanə!” Səs evin divarlarında sınmışdı. Rəvanə eşitmirdi. O, artıq eşitmirdi…

Dəfindən sonra Çinarə dərin kədərin içində batdı. Bir ay xəstəxanada yatdı — dərmanlar, sükut, boş divarlar… Gecələr oyanırdı, qaz qoxusu hələ də burnunda idi. Rəvanənin səsi hələ də qulağında səslənirdi: “Çinarə, oyan!” Amma o, artıq oyanmışdı — çox gec…

Xəstəxanadan çıxandan sonra birbaşa qəbiristanlığa getdi. Payızın son günləri idi, ağaclar çılpaq, külək soyuq… O diz çökdü, əlləri ilə məzarın torpağını sığalladı. Kiçik qutunu — həmin hədiyyəni — ehtiyatla məzar daşının yanına qoydu. Qutunun içində Rəvanənin xoşladığı rəngli qələmlər, bir dəftər və balaca bir şəkilli kitab vardı — indi heç kimin açmayacağı, heç kimin görməyəcəyi bir sevgi…

O cibindən bir kağız parçası çıxartdı. Əli titrəyirdi, yazısı səliqəsiz idi — göz yaşları hərfləri yuyurdu. O kağıza nə isə yazdı, sonra qutunun üstünə qoydu. Sözlər küləkdə titrədi:

“Ürəyinizdən keçənləri zamanın ixtiyarına buraxmayın. Zaman hər dəfə ikinci şans verməz.”

O, gözlərini silib qalxdı, arxasını çevirdi. Addımları ağır idi — hər addımda bir xatirə, hər addımda bir peşmançılıq… Amma bu dəfə o, artıq başa düşmüşdü: ən böyük hədiyyə zamanın özüdür, onu necə bölüşdüyündür. Amma bunu Rəvanənin susqunluğu, onun boş yatağı, açılmamış hədiyyə bahasına anlamışdı…

Külək əsdi, kağız parçası qutunun üstündə bir az qalxdı, sonra yerinə düşdü. Sanki Rəvanə onu oxuyub, sonra başını aşağı salıb susdu. Çinarə bunu görmədi. O bilirdi ki, arxasında qalan hər şey artıq onun içindədir — sevgi, itki, peşmançılıq və o əbədi xatırlatma:

“Zaman hər dəfə ikinci şans verməz.”

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əhməd Cəfəroğlu haqqında monoqrafiya yayınlandı

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası nəşr olunub. Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında nəfis şəkildə yayımlanan, I Türkoloji Qurultayın 100 illiyinə ithaf olunan kitabın elmi redaktoru professor Tofiq […]