(A.S.Puşkinin “Mən sizi sevirdim”) şeirinin təhlili
“Sevmək bəzən sahib olmaq deyil, səssizcə geri çəkilib o insanın xoşbəxtliyini arzulamaqdır.”
Puşkinin “Mən sizi sevirdim” şeiri insanın içində sönməyən, amma artıq dilə gətirilməyən bir sevginin etirafıdır. Burada sevən insan nə üsyan edir, nə də qarşı tərəfi günahlandırır. Əksinə, öz acısını, ağrısını içinə basdıraraq sevdiyi insanın rahatlığını düşünür. Şeirin ən ağır və təsirli tərəfi də məhz budur — sevgini yaşaya bilməmək yox, onu içində sakitcə daşımaq.
“Vurulmuşdum mən sizə, bəlkə də o məhəbbət,
Sönməyibdir hələ də, ürəyimdə közü var.”
Şair burada sevgini od ilə təsvir edir. Bu eşq artıq alovlanan bir eşq deyil, közə dönmüş bir eşqdir. Köz yanmırmış kimi görünə bilər, amma toxunduqda insanı yandıra bilər. Deməli, bu sevgi zaman keçsə də bitməyib, sadəcə səssizləşib. İnsan bəzən birini unutmur, sadəcə onun yoxluğuna öyrəşir. Şeirdəki qəhrəman da məhz bunu yaşayır.
“Bundan sonra verməsin sizə əzab-əziyyət,
Daha üzməsin sizi eşqim, ey nazlı nigar.”
Misralarda sevginin ən saf halı görünür. O, artıq öz hisslərini qarşı tərəfə yük etmək istəmir. Burada gizli bir geri çəkilmə, səssiz bir ayrılıq var. İnsan sevdiyi şəxsi o qədər düşünür ki, hətta öz sevgisinin belə ona ağrı verməsini istəmir. Bu, qarşılıq gözləyən sevgi deyil — fədakar sevgidir.
Şeirin ikinci bəndində hisslər daha da dərinləşir:
“Vurulmuşdum mən sizə uşaq kimi, ümidsiz…”
“Uşaq kimi” ifadəsi sevgidəki saflığı, təmizliyi göstərir. Uşaq sevgisi hesabsız olur — nə qədər incisə də, yenə saf qalır. Amma burada “ümidsiz” sözü bu təmiz hissin qarşılıq görmədiyini göstərir. Sevən insan artıq bilir ki, bəlkə də bu sevgi heç vaxt onun olmayacaq.
“Bəzən bir qısqanclıqla, bəzən də əsə-əsə.”
Bu misralarda sevginin insan ruhunu necə sarsıtdığı hiss olunur. Qısqanclıq burada sadəcə sahib olmaq istəyi deyil, itirmək qorxusudur. “Əsə-əsə” deməsi isə insanın sevgisi qarşısında necə aciz qaldığını göstərir. Çünki həqiqi sevgi insanı güclü yox, kövrək edir.
“Vurulmuşdum mən sizə dəli kimi, çarəsiz…”
Buradakı “dəli kimi” ifadəsi sevginin artıq məntiq sərhədini keçdiyini göstərir. Bu sevgi insanın içində fırtına yaradır. “Çarəsiz” sözü isə şeirin ən ağrılı nöqtələrindən biridir. Çünki insan bəzən sevir, amma heç nəyi dəyişə bilmir — nə taleyi, nə də qarşı tərəfin hisslərini.
“Arzumdur qismət olun, sizə sevən bir kəsə.”
Bu misrada insan öz xoşbəxtliyindən vaz keçir. Əslində o demək istəyir: “Mənlə olmasanız da olar, yetər ki xoşbəxt olun”. Bu, sevginin ən yetkin və ən ağrılı mərhələsidir. Çünki həqiqətən sevən insan bəzən özünü yox, qarşısındakı insanın rahatlığını seçir.

