Bir oğlan uşağını gətirin gözlərinizin önünə: 10 yaşı var, həyatı dərk etməyə başladığı və ailəsindən tərbiyə gözləməli olduğu yaşdadır. Bir də həmin uşağın ailəsindəki mühiti düşünün: evdə yaşlı bir kişinin soyuq səsi eşidilir. O daim deyir: “Qadınlar zərif varlıqlardır, Allah-Təala onları kişilərə əmanət göndərib. Bir qız uşağı atasına itaət etməlidir. Ataya itaət Rəbbül-aləminə itaətə bərabərdir. Qız qardaşından qorxmalıdır. Böyükdən qorxu Aləmlərin Rəbbinə duyulan qorxuya bərabərdir. Bir qadın Cənnətin qapısını açmaq istəyirsə, bəyinə itaət etməlidir. Bir qadının öz cənnətinin açarı həyat yoldaşının məmnuniyyətində gizlidir”.
Həmin oğlan uşağı daim bu sözləri eşidir, atasının anasına etdiyi bir sıra haqsızlıqları görür, ancaq saqqallı babanın dediyi sözləri xatırlayıb atasının etdiklərinə haqq qazandırır. Çünki Cənnətə girmək o qədər asan ola bilməz axı.
Həmin uşaq bu sözləri eşidərək böyüyür. Vaxt keçdikcə zehnində təkrarlanan “qadın, itaət, qadın, itaət, qadın, itaət” sözlərinin nəticəsində şəxsi leksikonunda artıq “qadın” və “itaətkar” sözləri sinonim anlayışlar kimi öz əksini tapmağa başlayır.
Böyüyür, bir xanıma aşiq olur. Münasibət qururlar. Ancaq xanımın ən xırda etirazında onun leksikonuna və mentalitetinə edilən bu “xəyanətə” qarşı əks-hücuma keçir. Artıq o böyümüş, öyrəndiyi dəyərləri qorumaq vəzifəsini öz üzərinə götürmüşdür. Bu şəxsi dəyərləri qorumaq üçün istər təzyiqə, istər şiddətə, hətta bizə yad olmayan cinayətlərə əl atmağa başlayır.
Əgər qarşıdakı həmdəmi də həmin oğlanın dəyərləri ilə böyümüş bir xanımdırsa, susub taleyinə baş əyir, ailə həyatı qururlar. Və həmin 10 yaşlı uşağın atasından təzyiq görən anası vaxtilə susduğu üçün qəlbində gizlətdiyi o etirazları, bəyinə edə bilmədiyi üsyanı toplu şəkildə evin yeni bədbəxt tale sahibi – gəlinin üstünə tökür. Bir qadın ya o dəyərləri qorumaq üçün, ya da edə bilmədiyi üsyanların yığılmış kini ilə öz həmcinsinə yönəlib bu yükdən xilas olmağa çalışır. Və bir Allah bəndəsi də qabağa gəlib demir ki: “Ey camaat, bu ilanı öldürün!”
Yaşar Kemalın “Yılanı Öldürseler” əsəri də bu problemi gözlər önünə sərir. Biz bəzən ədiblərin illər öncə yazdığı problemlərin indi də aktual olmasını həmin yazıçının mövzulara toxunma qabiliyyəti kimi görüb onu dahi mövqeyinə ucaldırıq. Sözsüz ki, bu doğrudur. Ancaq bir problemin illər boyu öz hakimiyyətini qoruması yalnız bir qələmin dahiliyi ilə izah edilə bilərmi? Məgər bu, yazıçının gələcəyi görmə hissindən əlavə, cəmiyyətin ətaləti və geriliyi deyilmi?
Başqa sözlə, Ömər Xəyyam XI əsrdə “Cənnət meyxanadırmı?”, “Cənnət kərxanadırmı?” deyə üsyan etdiyi halda, bu qələmin dahi gücündən təxminən min il keçməsinə baxmayaraq, biz hələ də bəzi din xadimlərinin “biz də Cənnətdə şərab içəcək, şərab axan gölləri dadacağıq”, “Bu dünyada zina edib xanımlara bel bağlamayın, Cənnətdə hər möminə 70 huri veriləcək” və s. vədlərini eşitmirikmi?
Bəli, Ömər Xəyyam dahidir. Ancaq o böyük riyaziyyatçı, astronomiya elminə yeniliklər gətirmiş cəsur şair qələminin dahi gücündən yox, yazdığı problemlərin aradan qalxmasından məmnun olardı.
Xülasə, Yaşar Kemal böyük yazıçıdır, ancaq yazdığı problemlər də böyükdür…
Əsərdə təsvir olunan ilan cəmiyyətin hər bir fərdinin bədəninə vəhşi şəkildə sarılan, zəhərini onların zehninə axıdan, zəhərləyə bilmədiklərinin boynuna dolanıb zolaqlı bədəninin hökmü altında bu vücudu məhv edən cəhalətdir. Heç kim bu cəhalətə qarşı çıxa bilmir. Çünki onlar ilanın qəzəbindən qorxan, zəhərinə düçar olmuş bir cəmiyyətdir.
Bir sözlə, cəhalət cəmiyyətin ən böyük fəlakətidir.
Məhz bu ilanı öldürmək həm cəsarətin, həm də qurtuluşun ilk addımıdır. İlanın başı kəsilərsə, onun zəhərindən gələcək nəsli xilas etmiş olarıq. Ancaq unutmayaq ki, ilan ulduzu görmədən ölməz.
Cəmiyyətin ən böyük fəlakəti cəhalətdirsə, cəhalətin ən böyük qorxusu qadındır. Bəli, cəhalət nə vaxt öləcək, bilirsinizmi? Bir qadının atdığı addımları gördükdə, qadının bacarığını, zəkasını hiss etdikdə, qadının da kişi kimi insan olduğunu dərk etdikdə…
Elə isə biz o cəhalətin gözlərini qamaşdırmağa başlamalı deyilikmi?
İlanların fısıltısından bezmədinizmi? Elə isə ilana ulduzu göstərin! Göstərin ki, zəhərli cəmiyyətimiz işıqlı sabahlara oyana bilsin. Göstərin ki, o ulduzun işığı cəhalətin alovuna üstün gəlsin. Göstərin ki, o göz oxşayan, şüur ovçusu parlaq zolaqlar ulduzların işığı altında əriyib yox olsun.
İlana ulduzu göstərin! Çünki cəmiyyətimizin işıqlı ulduzlara ehtiyacı var.

