Əminə Əliyeva. Xoşbəxtlik yolun sonunda tapılır, yoxsa yolun özüdür?

Xoşbəxtlik… Ümumiyyətlə xoşbəxtlik nədir? Bəlkə də, insan həyatının ən çox axtarılan, amma ən az izah oluna bilən anlayışıdır. İnsanlar əsrlər boyu xoşbəxtliyin arxasınca qaçıblar, kimisi onu sərvətdə, kimisi məhəbbətdə, kimisi uğurda, kimisi də sadəcə sakitlikdə tapmağa çalışıb. Amma elə məhəbbət axtarışları da olub ki, özü bir xoşbəxtlik simvoluna çevrilib. Məsələn, Leyli və Məcnun, onlar heç vaxt birləşməsələr də, sevgilərinin saflığı, dərinliyi, bəlkə də, bir çoxlarının xoşbəxtlik anlayışını dəyişib. Ya da tam fərqli bir nümunə – müasir dövrdə Zaha Hadidin öz yaradıcılığı ilə xoşbəxtliyin başqa bir nümunəsini göstərməsi. Onun sərhəd tanımayan yaradıcılığı və layihələri həm özünə, həm də başqalarına sevinc və ilham gətirir. Çünki bəzən xoşbəxtlik “çatmaqda” deyil, hiss etməkdə, “sahib olmaqda” deyil, yaşatmaqda və sevməkdə gizlənir. Bəlkə də elə buna görə bütün bu axtarışların sonunda bir sual həmişə cavabsız qalıb: xoşbəxtlik həqiqətənmi yolun sonunda, məqsədə çatdığımız anda tapılır, yoxsa o yolun özündə, hər addımda, hər anda yaşanır?

Şəxsi tədqiqatlarıma əsasən deyə bilərəm ki, insanların əksəriyyəti xoşbəxtliyin baxış bucağından ibarət olduğunu düşünür. Düşünək ki, xoşbəxtlik, həqiqətən də, baxış bucağıdır. Bu zaman xoşbəxtlik hər yerdədir, əgər baxmağı bacarırsınızsa. Yəni dünyaya necə baxırsansa, onu da elə görürsən. Amma, bəlkə də, xoşbəxtlik anlayışı, görünür, insan təbiətinin dərinliklərində çoxdan mövcud olub. Lap daş dövrünə baxsaq, əcdadlarımız bir ocağın başında birlikdə rəqs edərkən, daşlara hər gördükləri müxtəlif şeylərin rəsmini çəkərkən ya da övladlarını qorumaq üçün o dövrə uyğun evlər tikərkən o an nə hiss edirdilər? Bəlkə, elə o sadə, saf anlar onların xoşbəxtliyidir. Bəlkə, xoşbəxtlik o dövrlərdə də paylaşılan isti bir baxışda, yaradılan bir izdə, ya da qoruma instinktində idi. Maraqlıdır ki, həmin fəaliyyətlər təkcə anlıq sevinc gətirmirdi, eyni zamanda gələcəyimizi formalaşdırırdı. Əcdadlarımızın rəqs etməsi bu günkü rəqsi, daşlara rəsm çəkməsi mövcud rəssamlığı, ev tikmələri isə memarlığı ortaya çıxardı. Beləliklə, xoşbəxtlik, əslində, təkcə hiss olunan bir duyğu deyil, həm də insanın təməl ehtiyacı olduğunu göstərdi. Mən də bununla müəyyən qədər razıyam, amma hesab edirəm ki, xoşbəxtlik sadəcə baxış bucağından ibarət deyil. Çünki təkcə baxmaq kifayət etmir, hiss etmək, dərk etmək, yaşamaq lazımdır. Əgər xoşbəxtlik yalnız düşüncə tərzi olsaydı, bəlkə də hər kəs eyni dərəcədə xoşbəxt olardı. Bu müasir moda anlayışını bizə xatırladır. Hər yeni dəb, trend və bunlara uymaq psixologiyası bizi cəmiyyətin bir parçası etsə də, özümüzdən ayrı salır, çoxluğun içərisində tənhalaşırıq. Vahid düşüncənin bir parçası olmaq bizə güvən versə də, həqiqi xoşbəxtlikdən ayrı salır. Çünki biz fərqliyik, həyat bizi fərqli yollarla sınağa çəkir. Kimini itki ilə, kimini səssiz gecələrlə, kimini də gözlənilməz sevinclərlə.

Mənə görə xoşbəxtlik, əslində, həyatın özündə gizlənmiş incə bir duyğudur. Bəzən o, ən sadə anlarda özünü göstərir. Əlində rəngbərəng şar tutub sevinən bir uşağı görəndə, günəşin altında rahatca yatan bir pişiyə baxanda, yuvasına yem daşıyan qarışqaların inadkar zəhmətini seyr edəndə içimdə qəribə bir istilik yaranır. Bəzən düşünürəm ki, elə bu sadə səhnələr həyatın bizə verdiyi kiçik siqnallardır, sanki kainat demək istəyir ki, “dayan, bax, budur xoşbəxtlik”. Biz isə çox vaxt tələsirik, bu anların içindən keçib gedirik. Və birdən, heç gözləmədiyim bir anda, sanki zaman dayanır. Həmin an anlayıram ki, xoşbəxtlik elə bu anın içindədir, nə keçmişdə, nə də gələcəkdə. Elə bu zamanda, bu anda, bu sükutda.

Biz çox zaman bəhanələr yaradaraq günləri ötürürük. Deyirik: “Bir gün hər şey düzələcək, o zaman xoşbəxt olacağam”. Və biz həyatı gözləyə-gözləyə yaşayırıq, amma o “bir gün” heç gəlmir, sonra da pis oluruq. Ona görə ki, xoşbəxtlik gələcəkdə deyil, indi nəfəs aldığımız anın içindədir. Əgər bu anın dəyərini görə bilsək, o zaman həyat özü bir bayrama çevrilər.

Bəzən insanlara gülümsəmək, heç kəsə kin bəsləməmək, ətrafındakı insanlarla danışıb onlara xoş gün arzulamaq, birisinə gözəl göründüyünü demək və yaxud kiməsə kiçik, səssiz bir dua etmək — bunların hamısı içimizdəki xoşbəxtlik toxumlarını cücərdir. Bu hisslər bizi yüngülləşdirir, rahatlaşdırır, həyatı daha mənalı edir. Hər bir kiçik yaxşılıq, sanki ruhun içində bir işıq yandırır. Gecənin qaranlığında belə, o işıq insanı həyatda saxlayır. Və günün sonunda, bəlkə də, heç fərqinə varmadan xoşbəxt olduğunu hiss edirsən, çünki etdiyin yaxşılıqlar, paylaşdığın təbəssümlər bir şəkildə sənə qayıdır, sanki dolanır, gəlib səni tapır.

Bəzən düşünürəm ki, xoşbəxtlik bir binanın tikintisinə bənzəyir. Layihənin hazırlanmasından onun tamamlanmasına qədər yüzlərlə mərhələ, yüzlərlə düzəliş olur. Amma sonda görürsən ki, əsl sevinci sən binanın bitdiyi gün yox, onu addım-addım qurarkən hiss edirsən. Hər xətt, hər detala toxunduqca sanki öz iç dünyanı formalaşdırırsan. Xoşbəxtlik də elə budur, məqsədin bitməsində deyil, ona gedən yolda, o prosesi yaşamaqdadır.

İnsanlar çox vaxt düşünürlər ki, xoşbəxtlik qarşılarına qoyduqları böyük məqsədlərə çatanda gələcək. Amma mənim fikrimcə, insan o məqsədə çatana qədər keçdiyi yolu görməyi bacarmasa, o nəticə də ona həqiqi sevinci gətirməyəcək. Çünki məqsədin dəyəri ona gedən yolun çətinliyi və gözəlliyi ilə ölçülür. Bəzən illərlə bir arzunun ardınca getmək, onun xəyalını yaşamaq, səhvlər etmək, öyrənmək, dəyişmək – bunların hamısı xoşbəxtliyin parçalarıdır. Çünki insanı formalaşdıran, onu xoşbəxtliyə hazırlayan elə bu yolun özüdür.

Mən xoşbəxtliyi çox vaxt təzadların içində görürəm. Gecə ilə gündüz kimi, biri o birini tamamlayır. Əgər gecə olmasa, gündüzün işığı dəyərini itirərdi. Əgər kədər, çətinlik və bədbəxtlik olmasa, xoşbəxtliyin nə qədər dəyərli olduğunu haradan bilərdik ki? Bədbəxtlik bizi sınayır, amma eyni zamanda öyrədir, xoşbəxtlik isə sanki həmin dərslərin mükafatıdır. Bu barədə düşünəndə həyatın Yin-Yang simvolunu xatırlayıram, hər yaxşılığın içində bir az pislik, hər pisliyin içində bir parça yaxşılıq var. Bu təzadlar bir-birini tamamlayır. Ona görə də mən düşünürəm ki, xoşbəxtlik həm işıq, həm də kölgədir, biri olmadan digəri mənasızdır.

Hər bir insan öz xoşbəxtliyinin memarıdır. Hər gün seçdiyimiz davranışlar, sözlər, düşüncələr sanki bir binanın kərpicləri kimi üst-üstə yığılır. Kimi binasını sevgi ilə tikir, kimi qorxu ilə. Amma nəticə necə olur-olsun, hər kəsin xoşbəxtliyi öz əllərinin, qəlbinin izini daşıyır.

Nəticə olaraq, mən inanıram ki, xoşbəxtlik yolun sonunda tapılan bir mükafat deyil. O, yolun özündə, hər addımda, hər sınaqda, hər sadə andadır. Xoşbəxtlik yaşadığımız anı dərk etmək, minnətdar olmaq, içimizdəki sakitliyi qorumaq və başqalarının xoşbəxtliyinə səbəb olmaq bacarığıdır. Həyatın mənası da, gözəlliyi də, dəyəri də bu yolda gizlidir. Çünki bəzən xoşbəxtliyin özü sadəcə o yolu yaşamaqdadır.

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

 T.C.Kars şəhərində Hamlet İsaxanlının “Mənim Qarabağım, və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib

7 noyabr 2025-ci il tarixində Qafkaz Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümünün və Kars Baş Konsulluğunun təşəbbüsü ilə Heydər Əliyev tədris mərkəzində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri Prof.Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin Çağdaş […]