Xəlil Mirzə. Sən yetim deyilsən

(“Müqəddəs zəfər”: 1-ci hekayə)

Şəhərdən erkən çıxmışdılar. Üç saatdan artıq yol gəlmişdilər. Obyektə çatan kimi işə başlamışdılar. Texnikaların servisini yerinə yetirmiş, nəzərdə tutulan təmir işlərini yekunlaşdırmışdılar. Alətlərini yığışdırıb Bakıya qayıtmağa hazırlaşırdılar. Tırtıllı buldozerin operatoru Rauf onlara yaxınlaşdı.

-Kərim kişi, mənim traktorum sındı, – mexanikə müraciət etdi.

-Necə yəni sındı? Ay oğul, traktor sınmayır, xarab olur. De görüm nə baş verib.

-Nə bilim ey, qara tüstü verirdi, söndü. İşə düşmür.

-Ola bilsin yanacağı qurtarıb, – deyə mexanik köməkçisi Toğrul söhbətə qarışdı.

Kərim kişi sual dolu gözlərini Raufa zillədi. Rauf çiyinlərini çəkib: “Yanacaq var”- deyə cavab verdi.

-Oğlum, Toğrul, otur maşına, gedək yoxlayaq. Rauf, sən də otur maşına.

Onlar “pikap” tipli xidməti avtomobilə əyləşib narahat torpaq yolla təxminən 500-600 metr kənarda dayanmış buldozerin yanına gəldilər və dərhal işə başladılar. Buldozerin mühərriki bütünlüklə mazuta bulaşmışdı. Texnika özü də çirkab içində idi. Kərim kişi Raufu yanına çağırıb danladı:

-Belə texnika saxlayarlar, ay oğul? Bu sənin çörək ağacındır axı.

-Cəhənnəm olsun, zəhləm gedir bundan. Ekskavator istəyirəm, vermirsiz. Bu traktor məni bezdirib, – deyə Rauf mızıldandı.

Kərim kişi səsini bir qədər də ucaltdı:

-Ay oğul, sənə təkərli ekskavator verdik, işlədə bilmədin. Dedin, ləngər vurur, qaza bilmirəm. Tırtıllı ekskavator verdik, işlədə bilmədin. Mini verdik, onu da işlədə bilmədin. Buldozeri də bərbad hala salmısan. İndi neyləyək? Bura uşaq bağçası deyil axı…

-Ay kişi, nə düşmüsən ey mənim üstümə? Gəlmisiz, ustasız, düzəldin də, – Rauf kobudcasına Kərim kişinin sözünü yarımçıq kəsdi, – mənim iş vaxtım bitib, gedirəm evə.

O, yaxınlıqda saxladığı, gəlin kimi bəzədilmiş qonur rəngli VAZ-2107 markalı avtomobilə əyləşib torpaq yolda toz qopara-qopara sürüb getdi.

Kərim kişi təəccüblə onun arxasınca baxdı: “Dayısının ərköyün balasıdır”- deyə sağ əlini havada yellədi. Sonra üzünü Toğrula tərəf çevirdi.

-Oğlum, görürsən kimlərin əlində qalıb yaxamız?

Toğrul artıq yanacaq süzgəcini sökməklə məşğul idi. Başını qaldırıb: “Ona fikir vermə əmi, dedi, –Mən süzgəci söküb təmizləyəcəm. Yəqin ki, yanacaq çirkli olduğu üçün süzgəc tutulub”.

-Hə oğlum, düzgün qərardır. Mən də baxım görüm yanacaq çəni nə vəziyyətdədir.

Toğrul süzgəci təmizləyib yerinə bağladı. Yanacaq borularını da hava ilə təmizlədilər. Kərim kişi traktorun çənindən nümunə üçün bir litr yanacaq çəkdi. Yanacağın üzərində su damlaları aydınca görünürdü.

-Yəqin ki, yanacaq nasosunu sökməli olacağıq, – deyə Kərim kişi dilləndi.

-Qalx kabinəyə mühərriki işə sal. Mən işarə edəndə qazı artırarsan.

Toğrul “baş üstə” deyib kabinəyə qalxdı. Bir neçə cəhddən sonra mühərrik işə düşdü. Kərim kişinin işarəsi ilə bir neçə dəfə yanacağı artıran pedalı basıb buraxdı. Kərim kişidən “söndür” işarəsi gəldi. Məsələ aydın idi, yanacaq nasosu sökülüb təmirə göndərilməli idi. Köməkləşib nasosu sökdülər və avtomobilin yük yerinə qoydular. Yenidən obyektin “ofisi” hesab olunan yerə qayıtdılar. Burada cəmisi iki otaqdan ibarət olan bir dəmir vaqon var idi. Kiçik otaq gözətçi və fəhlələr üçün, böyük otaq isə sahə rəisi üçün ayrılmışdı. Otaqlarda səliqəsizlik hökm sürürdü. Birinci otaqda iki ədəd ikimərtəbəli dəmir çarpayı, İki ədəd köhnə stul, bir ədəd kiçik masa və divara bərkidilmiş dolabdan savayı heç nə yox idi. Sahə rəisinin otağında da mebellər köhnə idi. Yazı masası, altı ədəd stul, sənədlər üçün dolab, soyuducu, hətta televizor da olan otağın pəncərəsi, qapısı, döşəməsi toz içində idi.

Sahədə onlardan savayı heç kim yox idi. Ətrafı gəzib-dolaşdılar. Yanacaq saxlanılan üç tonluq çənin qapağı belə yox idi. İçməli su iki tonluq plastik materialdan olan çəndə saxlanılırdı. İki yüz litrlik dəmir yağ çəlləkləri, iyirmi litrlik plastik yanacaq qabları ətrafa səpələnmişdi. Tikinti materiallarını saxlamaq üçün işlənmiş dikt və köhnə taxta parçalarından tikilmiş anbarın qapısını yanmış qara məftillə bağlamışdılar. Dəhşətli mənzərə idi…

Axtarıb yanacaq çəninin qapağını tapdılar. Toz-torpağını təmizləyib yerinə quraşdırdılar. Sahə rəisi Salman da nəhayət ki, gəldi. Kərim kişiyə yaxınlaşıb görüşdü, hal-əhval tutduqdan sonra Toğrula işarə edərək “Təzə köməkçin budur?” deyə soruşdu.

-Hə, budur. Adı Toğruldur. Bacarıqlı oğlandır, cəmisi altı aydır ki işləyir, ancaq bir çox işləri sərbəst yerinə yetirir.

Sahə rəisinin otağına keçdilər. Kərim kişi sahədəki acınacaqlı mənzərədən narazılıq etdi. Xüsusilə də yanacağın saxlanmasına məsuliyyətsiz münasibətin nəticəsi olaraq buldozerin sabah, ola bilsin ki, bir neçə gün işləməyəcəyini bildirdi. Bu məlumat Salmanın heç xoşuna gəlmədi. Nəhayət ki, vəziyyəti dərk etdikdən sonra Kərim kişiyə dil tökərək təmir işini mümkün qədər tez yekunlaşdırmağı xahiş etdi. Kərim kişi elə indi yanacaq nasosunu Bakıya aparmağa qərar verdi.

-Oğlum, mən elə indi Bakıya gedirəm. Sabah tezdən nasosu təmirə verəcəm. Ümid edirəm ki, günortaya qədər təmir edib məni yola salarlar. Sən də bu müddət ərzində buldozerin yanacaq çənində olan çirkli yanacağı ərazidə gördüyümüz yağ çəlləklərinin birinə boşalt, çəni yu. Ərazidəki yanacaq çənini də eləcə çəlləklərə boşalt və içərisini təmiz-təmiz yu. Mən gələndə təzə yanacaq süzgəcləri də gətirəcəm, üçünü də dəyişərik, – deyə Toğrula tapşırıq verdi. Toğrul bircə kəlmə “baş üstə, əmi”- dedi.

Salman yenə narazılıq etdi:

-Siz nə edirsiniz, Kərim kişi? Sabah texnikaları hansı yanacaqla işlədəcəyik?

-Məndən soruşursan? Hanı qarajdan göndərdiyimiz on tonluq təzə yanacaq çəni? Qapağı da üstündə idi, süzgəci də, sayğacı da. Hanı?- Kərim kişi əsəbi halda soruşdu.

-Sədrin məlumatı var, o çəni baş nəzarətçinin sərəncamına vermişik. Tikintinin öz qanunları var. İstədi, verdik. Başqa cürə mümkün deyildi.

-Mümkün idi Salman, mümkün idi. Başqa çən göndərmək olardı. Nə isə… Toğrul sabah tezdən bu işlə məşğul olacaq. Operatorları verərsən kömək edərlər. Yanacağın üstünü süzüb götürərlər. Yalnız sabah. Zəhmət çək, təmiz yanacaq gətizdir, yoxsa, qısa müddət ərzində o biri texnikalar da dayanacaq. De görüm Toğrul bu gecə harda qalacaq?

-Odur ha, gözətçinin otağı boşdur. Bu axşam hamı toyda olacaq. İnanmıram ki, gözətçi toydan sonra buraya gəlib çıxa bilə, – deyə Salman qımışaraq cavab verdi.

-Yaxşı, daha gecdir, mən getməliyəm. Oğlum, Toğrul, get maşından ərzaq olan zənbili götür. Nərgiz xalanın (arvadını nəzərdə tuturdu) bizim üçün qoyduğu xörəyin yarısı qalıb, qızdırıb yeyərsən.

-Əşşi, ölməmişik ki. Soyuducuda ərzaq olmalıdır. Sabah da nə lazımdır özüm alıb gətirəcəm, – deyə Salman qürrələndi.

Toğrul hər ehtimala qarşı zənbili götürdü. Yuyunub paltarlarını dəyişdilər. Kərim kişi, ardınca da Salman, hərə öz avtomobilində, torpaq yolda toz qopara-qopara getdilər. Ətrafa çökən lal sükut ardınca gecə qaranlığını daşıyırdı sahəyə, Günəş uzaqdan görünən dağların arxasında gizlənməyə can atırdı, rəngi təndir kimi qızarmışdı. Toğrulun telefonu Kərim kişinin avtomobilində qalmışdı, indi yadına düşdü. Qabaq oturacaqların arasında quraşdırılmış qoltuqaltının cibinə qoymuşdu. “Gecə vaxtı kimə zəng edəcəyəm ki?”- düşündü.

Gecə düşündüyündən də çox uzandı. Yaxşı ki, gözətçinin əl fənəri işlək vaziyyətdə idi. Səhər açılana qədər dəfələrlə ərazini gəzib dolaşdı, yuxunu qovmaq üçün tez-tez üzünə su vurdu, idman elədi… axır ki, gecə yuxusuna qalib gəlməyi bacardı.

Hava tam işıqlanmağa macal tapmamış Toğrul ocaq qalayıb hisli çaydanı qaynatdı, stəkanda çay dəmlədi, zənbildə saxladığı pendir və çörək parçası ilə səhər yeməyini “yola verdi”. İş paltarını geyinib buldozerin yanacaq çənini yumağa tələsdi.

Bir qədər sonra sahənin fəhlələri də, operatorlar da gəldilər. Təkcə Rauf yox idi. Təxminən bir saat ərzində köməkləşib Kərim kişinin tapşırdığı bütün işləri yerinə yetirdilər. Yanacağın nisbətən təmiz hissəsini texnikalara payladıqdan sonra çirklənmiş çöküntü hissəsini də boş çəlləklərə tökdülər.

Artıq çənlər çirkdən təmizlənmişdi, texnikalar işləyirdi. İndi dincəlmək olardı. Toğrul gözətçi otağına gəldi. Əllərinin mazutunu yuyub, üst-başını təmizlədikdən sonra çarpayıya uzandı… Kimsə onu silkələyir, bərkdən qışqırırdı. Gözlərini açdı. Sahə rəisi onun yaxasından tutmuşdu.

-Qalx ayağa, yetimçə! Cəld ol! Bura sənin üçün yetimxana deyil gündüz günorta vaxtı tirlənib yatasan. Dur cəhənnəm ol buradan!

Toğrul bir anlığa özünü itirdi, nə baş verdiyini anlamağa çalışdı. Salman onu sürüyüb çarpayıdan yerə atdı:- “Eşitmirsən, dedim ki, çıx çəhənnəm ol burdan!”- deyə yenə qışqırdı. Toğrul ayağa qalxıb bir söz demədən otaqdan çıxdı. Üst-başını qadaya salıb Salmanın sakitləşməsini gözlədi. Salman isə sakitləşmək bilmirdi, elə hey qışqırır, təhqiramiz sözlər işlətməkdən çəkinmirdi:

-Axmaq yetimçə! Yanacağı yerə boşaltmağın bəs deyil, hələ tirlənib yatırsan da? Heç olmasa gedib fəhlələrə kömək edəydin, bir işin qulpundan yapışaydın.

Toğrul yalnız indi nə baş verdiyini anlamağa başladı.

-Rəis, mən bütün gecəni yatmamışam. Səhər erkən işə başlamışam ki, texnikalara tez və təmiz yanacaq verim, boş dayanmasınlar, -Toğrul ona vəziyyəti anlatmağa çalışdı. Salman daha da coşdu:

-Söz güləşdirmə, küçük.

-Həddinizi bilin!- bu dəfə Toğrul da sərt cavab verdi.

Salman sanki yuxudan ayıldı, səsinin tonunu dəyişdi. Sakitcə “yaxşı” deyib otağına keçdi. Mobil telefonla kimə isə zəng edib, bəlkə də Toğrul eşitsin deyə, uca səslə danışmağa başladı:

-Salam müəllim. Necəsiniz, bacım necədir? Salamatçılıqdır? Şükür Allaha, bizdə də salamatçılıqdır. Bəli, işləyirik. Səhər açılandan qaş qaralana kimi dayanmadan işləyirik. Bəs necə? Mən imkan verərəmmi kürəkənimin işləri axsasın? Arxayın ol, tam səmimi deyirəm. Bacımın verdiyi tapşırığı da yerinə yetirdim. Bəli, bəli… on ədəd kənd toyuğu, on kilo xalis kərə yağı, kənd yumurtası, camış qatığı… bir sözlə siyahı üzrə hamısını öz şoferimlə göndərdim getdi. İndilərdə çatar, səhər tezdən çıxıb. Arxayın ol, hamısını özüm yoxlamışam. Ay müəllim, bir söz soruşmaq istəyirəm ey. Bu uşaq barədə… bu yetimçəni deyirəm də, Kərim kişinin şagirdini. Bu yonulmamış uşağı hardan tapmısınız axı? Kərim kişi ağsaqqal adamdı, xətrinə dəymək istəmədim. Bu uşağı saxladı burda, buldozerin nasosunu söküb apardı şəhərə ki, stendə qoyduracaq. Bu uşağı saxladı burda. Necə? Yox, burda stend nə gəzir? O, bahalı aqreqatdır. Ancaq Bakıda var, elə deyirlər. Gəncədə? Onu yalan deyərəm, bilmirəm. Mənim sahəm deyil axı, mexaniklər bilirlər. Nə isə, bu uşaq burda aləmi qatıb birbirinə. Götürüb bir ton yanacağı boşaldıb yerə ki, çirklidir. Nə bilim, bəlkə də gecə ikən satıb. Bir az da boşaldıb yerə ki, guya çəni yuyub. Mənim bundan heç gözüm su içmir. Kim tərifləyir, Kərim? Əşşi, heç Kərim də əvvəlki Kərim deyil. Qocalıb, həəə, qocalıb… Təklifim nədir? Qovaq çıxsın getsin. Elə indi deyim getsin? Yaxşı, baş üstə. Oldu müəllim, baş üstə. Sağ ol, Allah amanında! Bacıma salam de. Nə lazımdır, baş üstə, tapıb göndərəm.

Salman şəstlə telefonu stolun üstünə tullayıb açıq pəncərəyə yaxınlaşdı. Üzünü Toğrula tərəf çevirdi:

-Eşitdin? Daha sən bu şirkətdə işləmirsən, xoş gəldin.

Toğrulu hirs boğurdu, qəhərlənmişdi. Çətinliklə özünü ələ alıb:

-Siz necə adamsınız, nə bir ton itki, nə oğurluq? Niyə məni şərləyirsiniz, Allahdan qorxmursunuz? Çənlərin yuyulmasına cəmisi iki-üç vedrə yanacaq işlətmişik. Qalanı da çəlləklərdədir. Çöküntü verəndən sonra, yəni sabah üst hissəsini işlədə bilərsiniz. Əslində o yanacağı ümumiyyətlə işlətmək olmaz.

-Mənə ağıl öyrədirsən? Hava qaralmamış çıx get. Asfalta çıxmaq üçün o görünən kənddən də on, on iki kilometr piyada yol getməlisən.

Toğrul nə edəcəyini bilmirdi. Bu sahəyə gəlişi birinci dəfə idi, heç yolu da düz əməlli tanımırdı. Salman bu dəfə bayaqdan dayanıb bu olaylara diqqət kəsilmiş fəhlələrə səsləndi:

-Siz nə dayanıb gözlərinizi bizə zilləmisiz, işinizi görün. Ayın axırında gəlib qabağımda diz çökəcəksiniz, “maaşımızı kəsmə” deyəcəksiniz. Haydı, hərə öz işi ilə məşğul olsun. –Sonra yenidən Toğrula tərəf döndü, -Kərim kişi bu gün gəlməyəcək. Ona arxayın olub vaxt itirmə.

Toğrul ucaboylu, sağlam cüssəli bir gənc idi. Tayk van do və boks üzrə idman dərəcələri var idi. Belə məqamda Salmanı yaxşıca əzişdirə bilərdi. Ancaq tərbiyəsi buna imkan vermirdi. O, gözətçi otağına girib paltarını dəyişdi. Yır-yığış edib çölə çıxdı. Ətrafa göz gəzdirdi, buldozerdən savayı bütün texnikalar işləyirdi. Fəhlələr də öz işləri ilə məşğul idilər. Salman “Toyota” markalı bahalı avtomobilinə əyləşib toz qopara-qopara sahədən uzaqlaşdı. Toğrul çantasını çiyninə aşırıb fəhlələrə yaxınlaşdı. Onlarla sağollaşmaq, həm də Gəncə-Bakı yoluna necə getmək barədə məsləhət almaq istəyirdi. Fəhlələrdən biri onun qolundan tutdu:

-Dayan qardaş, gün batır, bu boyda yolu pay-piyada hara gedirsən? İşi yekunlaşdırırıq. Gedək mənimlə, bu gecə bizdə qal. Tezdən səni yola salaram. Ən yaxşısı rayon mərkəzindən avtobusla getməkdir. Bizim kənd rayon mərkəzinə yaxındır, – deyə əks tərəfi göstərdi.

-Təklifə görə çox sağ ol, ancaq, getsəm yaxşıdır.

-Tərslik eləmə. O, görünən kənddən baş yola qədər on iki kilometrdən artıq məsafə var. Fermaların yanından keçməlisən. Çoban itləri canavar kimi olur, uzaqdan bir canlı gördülər ha, dərhal hücum çəkirlər.

-Yox qardaş, qala bilmərəm.

-Onda istəyirsən, bu gecə də burada qal. Bizim Kərim əmiyə çox hörmətimiz var, ağsaqqal adamdır. Səni tək buraxsaq, o kişiyə necə izah edəcəyik bunu? Lap elə Kərim əmi olmasa belə, səni tək buraxmalıyıq bəyəm? Onsuz da gözətçi gəlməyəcək. Mən əvəz edəcəm, qal mənimlə.

-Bu dəfə o biri fəhlə söhbətə qarışdı.

-Bu axşam da toya gedəcək?- Toğrul zarafat edirmiş kimi üzündə təbəssüm yaratmağa çalışdı.

-Yox əşşi, nə toya getmək? Salmanın qohumudur. Çox vaxt onu biz əvəz edirik, növbə ilə. Salman da ki… içəndə üzünü görmə…

-Belə de. Yəqin Salman buna görə əlavə əmək haqqı yazır sizə.

-Heç bir qəpik də yazmır. Salmanın qohumları işə gəldilər-gəlmədilər bizdən çox maaş alırlar. Sədrin qaynıdır də, bıçağının dalı da kəsir, qabağı da.

Ətrafa sükut çökdü. Toğrul bu təkliflərdən məmnun olsa da, kiməsə yük olmaq istəmirdi. Həm də, öz daxili aləmi ilə təkbətək qalmaq istəyirdi. İçində üzücü bir sıxıntı var idi. Bunu kimsənin duymasını istəmirdi… Fəhlələrlə sağollaşıb uzaqdan görünən kənd istiqamətində yola düşdü. Bir qədər də qalsaydı, onların təklifi ilə razılaşacaqdı, daxilində artıq tərəddüd yaranmağa başlamışdı. Qürurumu yol vermədi buna, yoxsa bu növbəti səhvi oldu? Yol boyu bu gün baş verənləri saf-çürük edir, hansı səhvə yol verdiyini anlamağa çalışırdı. Bəs sonra nə olacaqdı, sabah nə baş verəcəkdi, indi hara gedir? Cibində pulu yox, yaxınlıqda tanıdığı bir ünvan yox… o qədər çaşqın və üzgün idi ki, fəhlələrdən telefon alıb Kərim əmiyə zəng etməyi də unutmuşdu. Ya da unutmamışdı, Kərim əmi də onlar deyəni deyəcəkdi. Hələ bir az da dərinə gedəcəkdi, “Mən bu işi belə qoymaram, sədrlə özüm danışaram, qal orda məni gözlə”- deyəcəkdi. Ya da deməyəcəkdi… Yox, Kərim əmi bu ədalətsizliyə susan adamlardan deyil. Yaşlı adamdır, onu niyə bu problemə cəlb etsin ki? Yox… madam ki, sədr məsələni araşdırmadan onun işdən azad olunmasına göstəriş verdi, elə adamın rəhbərliyi altında işləməyə dəyməz.

Kəndə çatanda artıq qaranlıq düşmüşdü. Sanki, ulduzlar da öz parlaqlıqlarını nümayiş etdirməyə tələsmirdilər. Ay da dumanla yaşmaqlanmışdı. Onlardamı üzülürdülər bugünkü olmuşlardan, ya utanırdılar? Eh, kimdən utanacaqlar, dünyaya göz açdığı gündən doğmasızlıq əzabı ilə qovrulan bu “yetimçədənmi”?.. Yaxınlıqda it hürdü, Kainatın sükutu pozuldu. Ətrafa göz gəzdirdi, köhnədən çəkilmiş asfalt yolla gedirdi. Düz gedirdi, fəhlələr belə nişan vermişdilər, bu yol onu Bakıya gedən baş yola qovuşduracaqdı. Ancaq necə, nə vədə, gedib çata biləcəkdimi?.. Bu dəfə də keçi mələdi. Mələdi, yoxsa məkkildədi? Əşşi, nə fərqi var, onu ki xəyaldan ayırdı…

-Ay keçi, nə axtarırsan, kimi axtarırsan, niyə sahibinin qapısında deyilsən? Səni qurd-quş yeyər axı.

Boynunda beş-altı metr uzunluğunda kəndir vardı, çəmənlik tapıb otlayırdı, hərdən də başını qaldırıb məkkildəyirdi. Yəqin sahibinə xəbər göndərirdi ki, burdayam, çəmənlik tapmışam… Sakitcə yaxınlaşıb kəndirin ucundan yapışdı, iki dövrə də qoluna dolayıb çömbəlib oturdu. Belə rahat deyildi, ayaqlarını uzadıb çəmənlikdə əyləşdi. Söykənməyə, yəni üstündə oturmağa ağacdan, daşdan-filandan olsaydı, daha rahat olardı. “Qoy doyunca otlasın, bir azdan axtarıb sahibini taparam. Onsuz da tələsən yerim yoxdur”. Yenidən xəyala daldı, Nərgiz müəllimənin sevgi dolu baxışları ilə rastlaşdı. Körpəliyindən ona “Noğul balam” deyirdi. Bəzən lap qafiyə də qoşurdu: “Noğul balam, nağıl balam…”. Nərgiz müəllimə ona, müvəqqəti də olsa, anasızlığını unutdura bilən yeganə insan idi. Toğrulu öz balası kimi sevən, hər zaman onun qayğısına qalan gözəl ana… Telefonu özündə olsaydı indi ona zəng edərdi. Nərgiz müəllimə hökmən ona ağıllı məsləhət verədi, bəlkə də özü çıxış yolu axtarardı, tapardı da. Hökmən tapardı. Amma yox, narahat olardı… özü də çox, hədsiz dərəcədə çox…

-Ay bala, sən mənim keçimi otarırsan, ya oğurlayırsan?

Çönüb baxdı. Yaşlı bir qadın idi, əlindəki fənəri Toğrula tərəf tuşlayıb dayanmışdı. Bir az çox yaşlı nənələr yaşında idi. Ancaq, nağıllardakı əyilmiş belinə çalın-çarpaz kopan şal bağlayan nənələrdən deyildi- şux qamətli, nurlu nənə idi.

-Oğurlamaq istəyirdim ey, ay nənə. Ancaq, arıqdı ey, – zarafat sayıb zarafatla cavab verdi Toğrul.

-Nəyi arıqdı, görmürsən qarnı nə boydadı? Bu gün-sabah doğacaq, balaca balaları, bol südü olacaq. Onda balalarından birini verərəm, apararsan. İndi qalx ayağa, keçini gətir dalımca.

-Nənə, qoy bir az da otlasın, evini göstər, gətirərəm.

-Gecdir, bala. Alaçıqda ot qoymuşdum ona, yəqin, darıxıb çıxıb. Keçidir də… Keçilər dinc dayana bilmirlər. Di qalx gedək.

Toğrul itaətkarcasına ayağa qalxıb nənənin ardınca addımladı. Nənənin sorğu-sualları başladı:

-De görüm kimlərdənsən ay bala, səni tanıya bilmədim.

-Buralardan deyiləm, ay nənə.

-Bə nəçisən, buralarda nə gəzirsən?

-Heç nəçi. Avara, işsiz, yetim…

-Buuuyyy! Bu nə deməkdi?

-Bu gün məni işdən qovdular. Özüm də yetiməm, uşaq evində böyümüşəm.

-Uşaq evində böyüyənlərin hamısı yetim olmur ki. Dədəli-analı olanları çoxdur.

-Hə, elədir. Ancaq, mən onlardan deyiləm.

Qadın ayaq saxlayıb arxaya döndü. Toğrulu başdan-ayağa yaxşıca nəzərdən keçirdi.

-Mən Gülsüm nənəyəm. Sənin adın nədir?

-Toğrul.

-Maşallah! Pəhləvan kimi oğlansan. Adına yaraşırsan. Bizim dövlətdə yetim yoxdur, bala. Dövlət sənin anandır da, atandır da. Gedək keçini salaq alaçığa, qalxaq evə. Nənən sənə çay dəmləsin, kasıbın olanından yeyək, oturub ətraflı söhbət edərik. Axşam-axşam kövrəltdin nənəni.

-Nənə, sən Allah bağışla məni. Keçını salaq yerinə, mən gedim. Yolum uzaqdır Vallah, Bakıya gedirəm.

-Bu vaxtı? Qatara gecikirsən? Nəylə gedəcəksən? Ağzımı açdırma, düş dalımca.

Gülsüm nənənin evi lap yaxında imiş. Adi kənd evlərindən heç nə ilə seçilmirdi. Geniş həyəti, meyvə bağı, bağcası, həyətdə tövləsi… hər şey öz yerində. Alaçıq tövləyə bitişik idi. Arxa divarını isə taxta çəpərin bir hissəsi əvəz edirdi. Darvazanın rəngi solmuş, çəpərin uçulmuş hissələri səliqəsiz təmir olunmuşdu. Ev kürsülü, aynabəndli idi. Hətta, mətbəx və sanitar qovşaq da aynabəndə bitişik, müasir avadanlıqlarla təchiz olunmuş vəziyyətdə idi. Qapıları aynabəndə açılırdı. Sonradan tikildiyi hiss olunsa da, evin ümumi konstruksiyasına xələl gətirmirdi.

Gülsüm nənənin bişirdiyi südlü sıyıq Toğrula çox ləzzət verdi. Çay süfrəsinə qədər Gülsüm nənə ondan heç nə soruşmadı. Yalnız indi, hər ikisinə çay süzüb yerini rahatlayandan sonra Toğrula “Hə bala, indi danış görüm bu nə məsələdi. Harda işləyirdin, niyə səni işdən qovdular… hamısını danış. İstəyirsənsə, lap əvvəldən özün haqqında ətraflı məlumat ver. Gülsüm nənə sənə diqqətlə qulaq asacaq. Əgər yorğunsansa, ya da danışmaq istəmirsənsə, məcbur edə bilmərəm”- deyə müraciət etdi. Sonra yenə əlavə etdi: “Sənin yerin o başdakı otaqdadır. İstəyirsən, get yat, sabah danışarıq”. Əslində Toğrulun bioqrafiyası heç səhifənin yarısı qədər də olmazdı: “Mən Turanlı Toğrul… oğlu 1998-ci il noyabr ayının 8-də anadan olmuşam. Valideynlərimin kimliyi, doğulduğum ünvan bəlli deyil. Doğum günüm dəqiq olmaya bilər. Uşaq Evində, ya da ki, “Yetimlər Evində” böyüyüb, orada tam orta təhsil almışam. Bu illər ərzində Nərgiz müəllimənin himayəsində olmuşam. O, mənim həyatımda ilk, yeganə və müqəddəs mayakım olub. Gördüklərim- Uşaq Evi, mənim kimi atılmış, ya da təhvil verilmiş yetimlər, müəllimlər, digər işçilər və sairə… Hə, birdə ki, Nərgiz müəllimənin hərdən-bir təşkil edə bildiyi gəzintilər… Dostlarım: yetimlər (adlarını sadalamağa ehtiyac duymuram- tanıdıqlarımın hamısı), bir də Nərgiz müəllimənin həyat yildaşı Kərim əmi. Texnikaya olan sevgim onun sayəsində, uşaq yaşlarımdan başlayıb. Təhsilmi yaxşı və əla qiymətlərlə başa vurmuşam, idmançıyam. Ən ümdə arzum tankçı olmaq, Vətənin keşiyində dayanmaq, torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsində iştirak etmək. Qismət olsa şəhid olmaq, ya da sağ qalıb ata olaramsa, son nəfəsimə qədər övladlarımın qayğısına qalmaq, Vətənə xidməti davam etdirmək. Vəssəlam. İmza: Yetim Toğrul.”

Söhbətləri uzun çəkdi, gecə yarısına kimi. Gülsüm nənənin də ağrılı taleyi varmış…

Mirəhmədlə el adəti ilə ailə həyatı qurublar. Əvvəlcə Sənəm adında qızları, iki il sonra Ağasəf adında oğulları olub. Bu evi mərhum həyat yoldaşı Mirəhməd özü tikib. Hevanqaraları, əkin sahələri olub. Dolanışıqlarına “şükür” deyib, Uca Yaradana dua edirlərmiş. Sənəm on üç yaşında qəflətən xəstələnib, dünyasını dəyişib. Bir il sonra Mirəhməd də xəstələnib, o da Allahın rəhmətinə gedib. Gülsüm nənə oğlunu tək böyüdüb, evləndirib. Lakin Ağasəf kənddə qalmaq istəməyib, hamilə yoldaşını da götürüb gedib Bakıya. Sonra da kimlərləsə guya “çörək dalınca” Urusyətə gedib. Gah Novosibirskdən sorağı gəlib, gah Sverdlovskdan… Bir-iki aydan sonra əlaqələri tam kəsilib. Nə oğlundan bir xəbər öyrənə bilib, nə də hamilə gəlnindən. Təkcə bir dəfə bir həmkəndlisi gəlib ki, ay Gülsüm xala, muştuluğumu ver, gəlnini Sabunçu bazarında gördüm. Ancaq, yaxınlaşib söhbət edə bilməyib, gəlin onu görcək üzünü çevirib gedib. Nə qədər çağırsa da dayanmayıb. Qohumlar, dost-tanışlar işə qarışıblar, axtarışlar fayda verməyib…

Günəşin şüaları pərdənin kənarından yol tapıb Toğrulun yatağına qədər süzülüb gözlərini qamaşdırırdı. Əvvəlcə bunu əyləncə kimi qəbul etmək istəsə də, tezliklə bu fikrindən daşınmalı oldu qalxmaq zamanı idi. Yorğunluğu çıxmışdı, quş kimi yüngül idi. Beyni tər-təmiz idi, dünənki ovqata qayıtmaq ağlının ucundan belə keçmirdi. Sanki həyatının yeni, həm də çox maraqlı səhifəsi açılmışdı. Dünən açılan səhərlə bugünkü arasında yerlə-göy qədər fərq var idi. Dünən duymadığı təmiz hava bu gün məmnuniyyətlə ciyərlərinə işləyirdi. Dünən eşitmədiyi quşların nəğməsi bu gün onu nağıllar aləminə qovuşdurmuşdu… Çantasından diş fırçasını, diş pastasını götürüb hamama girdi. Qurşağa qədər soyunub soyuq suyla əməlli-başlı yuyundu, dişlərini fırçalayıb geyindi və həyətə düşdü. Gülsüm nənə qonur inəyin südünü sağıb darvazadan çölə çıxarmış, buzovu da həyətə buraxmşıdı. Buzov keçi ilə gizlənpaç oynamaq istəyir, keçi isə könülsüz dayanıb baxırdı. Görünür o da azad olmaq xəyalına düşmüşdü.

-Sabahın xeyir, Gülsüm nənə. Necəsən?

-Xeyirli günlərə çıxasan bala. Hər dəfə özünə əziyyət verib adımı təkrarlamağa lüzum görmürəm, elə “nənə” desən mənə daha xoş olar, – deyə Gülsüm nənə cavab verdi.

-Başım üstə, gözüm üstə, ay nənə.

-Başın çiçəklər üstə. Di gedək inəyi naxıra ötürüb gələk.

Heyvanlar yaxınlıqdakı su arxının ətrafında otlayırdılar. Yaşı altımış ətrafında olan bir kişi çomağına söykənib məchul bir nöqtəyə baxırdı. O, kəndin çobanı Murad kişi idi. Gülsüm nənəni görcək hərəkətə gəldi.

-Sabahın xeyir, ay Murad kişi.

-Əcəb aqibətin xeyir. Bu igid kimdir yanında?- Murad kişi soruşdu.

-Nəvəmdir, şəhərdən gəlib.

-Bıyy, ay arvad, sənin nəvən də var? Olmaya rəhmətlikdən xəlvət iş gömüsən, xəbərimiz də yox?!

-Ətimi tökmə sən Allah. De görüm Kazım hardadır, mənim otumu niyə gətirib çıxarmır? Bir həftədir ki, gündə “sabah gətirəcəm” deyir.

-Qardaşoğlu maşını düzəldə bilməyib hələ. Rayondan usta gəlməlidi, gəlib çıxmır.

Bu dəfə Toğrul söhbətə qarışdı:

-Maşının markası nədir, əmi?

-QAZEL, urus maşınıdır. Necə bəyəm, başın çıxır?- Murad kişi soruşdu.

-Hə, baxmaq olar.

-Nə yaxşı. Qoy zəng edim, Kazıma deyim.

Murad kişi telefonla danışdıqdan sonra “bir azdan özü gələcək” deyib, heyvanları qabağına qatıb apardı. Gülsüm nənə ilə Toğrul evə qayıtdılar. Səhər yeməyini yeyib həyətə düşdülər. Kazım da gəldi. Nənə onları tanış etdi. Getmək ərəfəsində Toğrul zəng etmək istədiyini bildirdi. Nənə “saqqalın ağarsın, telefon lazım idi niyə demirdin?”- deyə soruşdu. “İndi məqamıdır”- deyə Toğrul cavab verdi. Nənənin telefonu köhnə “Nokia” modeli olsa da, yaxşı vəziyyətdə idi. O, telefonu alıb bir qədər kənara çəkildi, Kərim kişiyə zəng etdi. Kərim kişi artıq əhvalatdan xəbərdar idi. Çox narahat idi. Təbii ki, məlumatı Salmana sərf edən məzmunda vermişdilər. Söhbətləri iki dəqiqədən artıq çəkdi. Toğrul ondan öz şəxsi əşyalarını gətirməyi xahiş edirdi. Kərim kişi isə təkidlə onu öz işinə bərpa etdirəcəyinə inandırmağa çalışırdı. Əslində Toğrulun əşyaları elə də çox deyildi. İki-üç dəst pal-paltar, kitablar, sənədlər, maaş kartı, telefon və s. Hamısı Nərgiz müəllimənin bağışladığı balaca çemodana yerləşirdi… Nənə mübahisənin mövzusunu duyduğu üçün Toğrula yaxınlaşıb telefonu ondan aldı. Həmsöhbəti ilə salamlaşıb hal-əhval tutduqdan sonra dedi:

-Kərim qardaş, Toğrul nəvəm mənə hər şeyi ətraflı izah edib. Mən nəvəmi heç yerə buraxan deyiləm. Sən onun xahişini yerinə yetir, inşallah gələrsən, bir stəkan çayımızı içərsən, oturub bir qərara gələrik.

Nəhayət, qarşılıqlı razılıq əldə olundu. Kazım sanki yuxuda idi, mat-məəttəl qalmışdı. Nənənin qəzəbinə tuş gəlməmək üçün susurdu. Onsuz da yolda “nəvədən” istədiyi məlumatı alacaqdı, buna əmin idi…

-Maşını işə sal görüm, səsinə qulaq asmaq istəyirəm, – Toğrul Kazıma göstəriş verdi.

-İşə düşsəydi nə dərdim olardı. “Xoda getmir”.

Toğrul paltarını dəyişib motorxanaya göz gəzdirdi. Yanacaq nasosundan çıxan borunun bir ucunu sistemdən ayırdı və “açarı aç, nasosu fırlat” komandasını verdi. Nasos işləyirdi, yanacaq gəlirdi. Sistemə hava düşmüşdü, yanacağın keyfiyyətini də yoxlamaq lazım idi. Bir litrlik şüşə qaba bir qədər yanacq töküb kənara qoydu. Sonra forsunkaları bir-bir açıb sistemdən havanı çıxardılar. Süzgəci dəyişib yenisini bağladılar. Mühərrik işə düşdü. Toğrul şüşə qabdakı çöküntüyə işarə edib soruşdu:

-Yanacağı əldən alırsan?

-Hə, yaxınlıqdakı tikinti sahəsindən gətirirlər. Yanacaq doldurma məntəqəsi uzaqdadır. Həm də ki, bu daha sərfəlidir.

– Aydındır, Salmanın obyektindən… On qəpik ucuz alırsan, eləmi?

-On beş.

-Hətta on beş? Bəs yanacaq nasosu neçəyədir, bilirsən?

-Bilirəm qardaş, bahadır.

-Bax, məsələ də bundadır. Bu yanacağı işlətmək olmaz, çirklidir. Bir azdan nasos, forsunka axtaracaqsan. Motoru çökdürsən, astarı üzündən baha başa gələcək. Mən o yanacağın hansı şəraitdə saxlandığını öz gözlərimlə görmüşəm.

Kazım məəttəl qalmışdı. “Bu oğlan məndən azı on yaş kiçik olar, bu qədər məlumatlıdır”… Yol boyu da ondan düz-əməlli məlumat ala bilməmiş, “nənə ilə uzaq qohumuq” cavabını almışdı.

İşlərini qurtarıb eyvana qalxdılar. Kazımın həyat yoldaşı kəkotulu çay, böyürtkən mürəbbəsi gətirdi. Kazım Toğrula dil töküb deyirdi ki, gəl birlikdə işləyək. “KAMAZ” markalı yük maşını da var. Bir az ora-burasına əl gəzdirmək lazımdır. Kənddə bu maşınlara ehtiyac çoxdur. Qazancının qırx faizini Toğrula verməyə razıdır. Toğrul iyirmi gündən sonra H.Əliyev adına Ali Hərbi məktəbə qəbul imtahanı verəcəyini, tankçı olmaq istədiyini, bu səbəbdən də daimi işləyə bilməyəcəyini bildirdi. Həm də ki, istənilən nəqliyyat vasitəsini idarə edə bilsə də, sürücülük vəsiqəsi yox idi. Kazım bunun problem yaratmayacağını söylədi. “Sən kəndi yola verərsən, şosseyə çıxmazsan.”- deyə onu yola gətirməyə çalışdı. Toğrul imkanı çatan qədər ona kömək edəcəyinə söz verdi.

Bir azdan Kazımın xahişi ilə həmkəndlisi Təvəkkül öz VAZ-2107 markalı avtomobilinin baqajında yanacaq doldurma məntəqəsindən aldığı altmış litr yanacağı gətirib çatdırdı. İlk birgə işləri Gülsüm nənənin əkin sahəsindən biçilmiş otu daşımaq oldu….Bu gecə ilan vuran yatsa da, Gülsüm nənə yata bilmədi. Çox narahat idi, fikirləri qarışmışdı. Əslində bu gün onun üçün daha maraqlı, yaddaqalan olmuşdu. Toğrulla tanışlığı onu çox sevindirirdi. Sanki doğma nəvəsini tapmışdı. Özünü bu xülyaya inandırmağa çalışırdı. Toğrulun ağıllı, tərbiyəli, bacarıqlı bir gənc olması nənəni daha da qürurlandırırdı. Əsl nəvəsinin də məhz belə olmasını o qədər arzulamışdı ki… bəlkə doğrudan da ağbirçək yaşında Tanrı onun dualarını eşitmişi?! Kərim kişinin gətirdiyi çemodan nənəni tamam-kamal çaşdırmışı. Toğrul çemodanı götürüb onun üçün ayrılmış otağa keçmiş, bir qədər sonra Gülsüm nənə də arxasınca gedib “Ay bala, çirkli paltarlarını ayır ver mənə, atım maşına yuyum,”- deyəndə Toğrulun güllü-güllü bağlamanı sinəsinə sıxıb kövrəldiyini görmüşdü. “Nənən sənin qadalarını alsın bala, nə oldu sənə birdən-birə?- soruşmuşdu. Toğrul da cavabında “Nənə, məni Uşaq Evinin darvazasının qabağında bu yorğançaya bükülmüş vəziyyətdə tapıblar. Başımda da bu papaq varmış,”- deyə cavab vermişdi. Əşyalar nənəyə o qədər doğma, o qədər şirin gəlmişdi ki, alıb qoxumuş, öpüb ağlamışdı… “Allah sənə lənət eləsin kor şeytan, nənə dodağının altında mızıldandı.- Mən yuxumu görürəm, yoxsa dəlimi oluram? Əşya əşyaya bənzəyər də, nə qədər istəsən bunlardan dükan-bazarlarda var. Hardan ağlıma gəldi bu fikir ki, bunlar hamilə vaxtı dünyaya gələcək nəvəm üçün gəlinimə verdiyiç əşyalardı? Lənət sənə, kor şeytan!.. Allah, qurban olum sənə, yalandırsa da, gerçək olsun!..”. Gecədən xeyli keçməsinə baxmayaraq, Toğrulun da gözünə yuxu getmirdi. Çünki, Kərim kişi yenə də təkidlə onu işinə bərpa etdirəcəyini, Salmana isə layiq olduğu cəzanı verdirəcəyini söyləyir, Toğrulu özü ilə Bakıya aparmaq istəyirdi. Toğrul o şirkətə bir daha qayıtmayacağına qətiyyətlə qərar vermişdi, Salmana da baş qoşmaq istəmirdi. İndiki məqamda belə xırda çəkişmələr ona əsl arzusuna çatmağına mane ola bilərdi- o, qəbul imtahanlarına hazırlaşırdı. “Salmana kim olduğumu əməlimlə sübut etməliyəm”- deyə düşünürdü.

* * *

İllər sürətlə bir-birini əvəz edirdi. Gərgin keçən təhsil, fiziki hazırliq, bacarıq və mətanət tələb edən təlimlər artıq geridə qalmışdı. Toğrul Ali Hərbi Məktəbinin məzunu olaraq leytenant rütbəsi almış, Əlahiddə Tank Taborunda tağım komandiri vəzifəsinə təyin olunmuşdu. Bu müddət ərzində Nərgiz müəllimə, Kərim əmi və digət dost-tanışları ilə mütəmadə əlaqədə olmuş, imkan tapdıqda onlarla görüşmüşdü. Tətil günlərini isə bir qayda olaraq Gülsüm nənə ilə keçirmiş, təsərrüfat işlərində ona kömək etmişdi. Hələ məqam tapıb kənddə Gülsüm nənəgilin qonşuluğunda yaşayan Lalə adlı bir qızı da gözaltı eləmişdi. Lalə Azərbaycan Dillər Universitetinin şərqşünaslıq fakultəsində təhsil alırdı. Toğrul müxtəlif bəhanələrlə bir neçə dəfə Lalənin təsil aldığı universitetin qarşısında onu qarşılamış, yataqxanaya qədər ötürmüşdü. Münasibətləri tanışlıq səviyyəsindən uzağa getməsə də, Lalənin artıq məsələdən hali olduğuna ümid edirdi. Daha bir xəbər isə Toğrulun anası barədə idi. Nərgiz müəllimə təxminən qırx beş yaşında bir qadının bir neçə dəfə onlara müraciət edərək oğlunu axtardığını söyləmişdi. Qadın həyatının çox acınacaqlı keçdiyini, oğlu körpə ikən ərinin onları atıb Rusiyaya getdiyini, depressiyaya düşərək bir gün səhərə yaxın körpəsini Uşaq Evinin qarşısında qoyub getdiyini söyləyirmiş. Lakin bir neçə saat sonra geriyə qayıtmış, körpəsini tapa bilməyibmiş. O vaxtdan qadın dəfələrlə Uşaq Evinin qarşısına gəlsə də, rəhbərliyə müraciət etməyə cürət etməyirmiş. Kənardan uşaqlara baxıb, ağlayıb-ağlayıb gedirmiş. Onu bu ağlasığmaz hərəkəti etməyə qaldığı mənzilin kirayə pulunu verə bilməməsi səbəb olubmuş. Soyuq qış gecəsində körpəsini Uşaq Evinin qarşısına qoyub intihar etmək istəyirmiş. Dəmir yolunda reysin üstünə uzanıb qatar gözlədiyi zaman nəzarətçi onu görüb və intihar fikrindən daşındırıb. Bir neçə gün öz evində saxladıqdan sonra onu Novxanıdakı bağ evlərinin birinə xadimə işinə düzəldib. Bağ sahibi ona təcavüz etmək fikrinə düşüb və aralarında mübahisə yaranıb. Özünü müdafiə etmək məqsədi ilə mətbəx bıçağı ilə kişiyə ağır xəsarət yetirib. Məhkəmə hökmü ilə ona altı il iş kəsilsə də, dörd il məhbusluq həyatı yaşayıb. Nümunəvi davranışını nəzərə alaraq onu iki il tez azad ediblər. Dəmir yolu nəzarətçisi xeyirxah adam imiş, həbsdə olduğu müddətdə ona tez-tez baş çəkirmiş. Həbsdən sonra ona öz evində bir otaq verib və çörək sexinə işə düzəldib. Elə indiyə qədər də çörək bişirməklə məşğuldur… Bu məlumat Toğrulu çox sarsıtmışdı, imkan tapıb o qadınla görüşmək istəyirdi. Lakin, əgər o, anası olsaydı nə edəcəkdi, onu bağışlaya biləcikdimi? Bu barədə hələ ki, qərarsız idi……Bir azdan korpus komandirinin və nazirlikdən gəlmiş yüksək rütbəli zabitlərin nəzarəti altında iri miqyaslı təlim başlayacaqdı. Toğrul komandiri olduğu T-72 markalı tanka söykənib xəyala dalmışdı. Tabor komandiri mayor Mehdi Əsədbəyli onu belə vəziyyətdə görəndə təəccübünü gizlədə bilmədi, yaxınlaşıb soruşdu:

-Sənə nə olub, leytenant?

-Hər şey qaydasındadır, yoldaş mayor, – deyə cavab verdi və “farağat” vəziyyətini aldı.

-Yox qardaş, sənin bu vəziyyətin qətiyyən xoşuma gəlmir. De görüm nə olub, xəstələnməmisən ki?

-Bağışlayın, bir az fikirli idim, bir daha təkrar olunmaz.

-Əlbəttə təkrar olunmamalıdır, leytenant. Tağım komandirinin belə məqamda kədərli görkəmi tabeçiliyəndə olan heyətə necə təsir edər? Sənin bioqrafiyanla tanışam və səni anlayıram. Nə üçün bikef olduğunu da təxmin edirəm. Ancaq, istəyirəm ki biləsən, sən yetim deyilsən. Sənin anan, mənim anam, hamımızın anası bu Vətəndir! Ətrafına nəzər sal, gör nə qədər igid qardaşların var. Dığalar çox azğınlaşıblar, əldə olunan məlumatlara görə, bu yaxınlarda təmas xəttinin bütün istiqamətlərində hücuma keçmək barədə irimiqyaslı plan hazırlayıblar. Görünür ilanın başını əzməyin vaxtı artıq yetişib. Haydı, toparlan və heyətə əmr ver, hamı maşınlara. Biz bugünkü sınaqda da nümunəvi olmalıyıq. İnşallah, təlimdən sonra ətraflı söhbət edərik… 27 sentyabr 2020-ci il, səhər saat altı tamamda Ermənistanın hərbi birləşmələri ağır artilleriya qurğularının dəstəyi ilə mövqelərimizi bir neçə istiqamətdən yarıb keçməyə cəhd göstərdi. Ali Baş Komandan əks hücuma keçmək barədə Ordumuza əmr verdi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Müqəddəs Savaş başladı. Onun adı Vətən Müharibəsi idi.

Uşaqdan-ahıla kimi hər kəs Orduya bacardığı yardımı etməyə can atırdı. Hərbi Komissarlıqların qarşısı hər gün izdihamla dolu olurdu müharibəyə getmək istəyənlərin sayı-hesabı yox idi. Xalqımız işğalçı düşmənlə döyüşürdü. Xalqımız Ordu olmuşdu, yumruq olmuşdu. Əks-hücum planı çox peşəkarlıqla hazırlanmışdı. Təminat yüksək səviyyədə təşkil olunmuşdu. Ordumuz sürətlə irəliləyirdi. Guya keçilməz sayılan “Ohanyan səddi” darma-dağın edilmiş, yaşayış məntəqələri bir-birinin ardınca azad edilirdi. Relyef baxımından düşmən qoşunlarının mövqeyi daha əlverişli idi. Onlar dərin səngərlər, gizli tunellər qazmış, dəmir-beton maneələr quraşdırmış, yüksəkliklərdə müşahidə məntəqələri yaratmışdılar. Hərəkətin mümkün olduğu hər yer minalanmışdı. Belə güman etmək olardı ki, atəşkəs dövrü ərzində Ermənistan dövlətinin bütün gəlirləri, onlara verilən yardımlar, ianələr minalara çevrilib müqəddəs torpaqlarımıza basdırılmışdı. Bədbəxt millət… Ordumuz isə inamla irəliləməkdə davam edirdi. Əlbəttə, itkisiz də ötüşmək mümkün deyildi. Bu günlər ərzində Toğrulun neçə silahdaşı qəhrəmancasına şəhid olmuş, neçəsi yaralanmıdı…

Artıq Qubadlı şəhərinin azadlığı uğrunda qızğın döyüşlər gedirdi. Qarşıdakı yüksəklikdə mövqeləmiş düşmən postununu ələ keçirməyə çalışan XTQ döyüşçülərinə dəstək vermək, döyüşçülərimizi aramsız atəş altında saxlayan minamyotçuları vurmaq üçün koordinatlar göndərilmişdi. Bu işi yerinə yetirmək Toğrulun tağımına tapşırılmışdı. Ardıcıl və dəqiq top atəşləri ilə minamyotçular susdurulsa da düşmən tərəfdən atılan mərmilər, raketlər hərəkət etməyə imkan vermirdi. Əlverişli mövqe seçmək lazım idi. Bunun üçün təxminən iki yüz metr məsafəni qət etmək lazım idi. Bu isə açıq nişangahda olmaq demək idi. Toğrul istiqamət dəyişib sağ tərəfə, dərəyə enmək əmrini verdi. Artıq mərmilərin tuta bilməyəcəyi sahəyə çatmaq üzrə olanda arxada gələn üçüncü tankdan məlumat gəldi: “Məni vurdular”. Dərhal arxaya döndülər, maşınları saxlayıb yanğınsöndürən balonları götürüb köməyə tələsdilər. Döyüşçü yoldaşlarını alovun ağzından alıb ilk tibbi yardım göstərdilər. Lakin burada ləngimək olmazdı, tankda qalan atılmamış mərmilər partlaya bilərdi. Həm də o biri tankları da vura bilərdilər. Yaralıları götürüb yenidən yollarına davam etdilər. Dərəyə enib mərmi yağışı səngiyənə qədər gözlədilər. Yaralılar barədə qərargaha məlumat verdilər.

Tuşlayıcı operator Şamil Həsrətov partlayış anında pulemyotun arxasında olduğu üçün başından qəlpə yarası almışdı, vəziyyəti ağır idi. Hər üç heyət üzvündə yanıq yaraları var idi. Yaralılara yenidən yardım etdilər. Ancaq Şamili həyatda saxlamaq mümkün olmadı, o, Toğrulun qolları arasında şəhadətə qovuşdu. İntiqam hissi onlara hakim kəsilmişdi. Elə bu dəqiqə tanklara əyləşib düşmənin üstünə getmək, şəhidlərin qisasını almaq istəyirdilər. Ancaq…olmazdı.

Bir azdan sanitar maşını gəldi. Özləri ilə su, ərzaq və sursat da gətirmişdilər. Onların gətirdiyi aypara şəkilli təzə təndir çörəyinin ətri adamı bihuş edirdi, çox ləzzətli idi. Dedilər ki, Bakıdan bir ana gəlib Bərdədə sex açıb cəbhə üçün çörək bişirir…

Sanitarlar vaxt itirmədən şəhidi və yaralıları götürüb getdilər.

Komandanlıqdan “gözləyin” əmri gəlmişdi. Qaranlıq düşmüşdü, tam sakitlik idi. İndi mühərriki işə salmaq yenidən nişangah olmaq demək idi. Düşmən dərhal istiqaməti müəyyənləşdirib mərmi yağışı yağdıra bilərdi. Onların harada olduğu məlum deyildi. Toğrul gizir Əhmədovla vurulmuş tankı yoxlamağa getdi. Xoşbəxtlikdən tankdakı mərmilər partlamamışdı, tankı zədələyən mərmi böyük dağıdıcı qüvvəyə malik deyilmiş. Tankın üstünə quraşdırılmış iri çaplı pulemyot yararsız hala düşsə də, kiçik çaplı pulemyot salamat idi. Gecə ikən mərmiləri daşıdılar, pulemyotu söküb götürdülər. Tankın mühərrik hissəsi zədələnmişdi, ancaq təmir etmək mümkün idi. İndi buna imkan yox idi.

Səhər yenə atəş səsləri ilə açıldı. Ancaq, düşmən tərəfi əhəmiyyətli dərəcədə itgi verərək geri çəkildiyi üçün dünənki qədər aqressiv deyildi. Gecə ikən xüsusi təyinatlılarımız düşmənin strateji əhəmiyyət kəsb edən əsas mövqelərini darma-dağın etmişdilər. Raketlər daha uzaqdan, yüksəkliklərin arxasından atılırdı. Ordumuz PUA-ların və xüsusi avadanlıqların köməyi ilə həmin atəş nöqtələrini dərhal susdururdu. Ancaq, hiyləgər düşmənin əks-hucuma keçəcəyi də istisna deyildi. İraq, Suriya, Livan, Yəmən, qonşu ölkələrdən, hətta bəzi Avropa ölkələrindən gətirilmiş muzdlulardan ibarət yeni qüvələrin Ermənistan Ordusunun tərkibində artıq ərazimizə soxulduğu barədə dəqiq kəşfiyyat məlumatları əldə olunmuşdu.

Raketlər Toğrulgilin başı üzərindən uçub keçir, onları tutmurdu. Zədəli tankı görünməz yerə sürüyüb təmir etməyin əsl vaxtı idi. Bu çox riskli idi, ancaq tankı orada saxlamaq onun, yenidən vurulmayacağına zəmanət vermirdi. Toğrul özü sükan arxasına keçib zədəli tanka yaxınlaşdı. Onu yedəyə qoşub dartamağa cəhd etdi. Sağ tərəfdə tırtılın biri zədədən əyilib hərəkəti ötürən çarxa ilişmişdi. Onu bu vəziyyətdə sürümək transmissiyaya ciddi ziyan verə bilərdi. Tırtılın əyilmiş hissəsini trosla bəndləyib diğər tankın yedək yerinə qoşaraq dartdılar. Bir neçə cəhddən sonra həmin hissə qoparaq yerə düşdü və hərəkət bərpa olundu. Onu yediyə qoşaraq təhlükəsiz yerə gətirdilər. Toğrul tabor komandirinə vəziyyət barədə məlumat verdi. Komandir yenə də gözləmək barədə əmr verdi və qərargahla danışıb tankın bərpası üçün ehtiyat hissələri və yeni heyət göndəriləcəyinə söz verdi.

Gözləmə müddəti beş saata yaxın uzandı. Nəhayət, “pikap” tipli avtomobilin onlara yaxınlaşdığını gördülər. İlk olaraq gizir avtomobildən düşüb Toğrula yaxınlaşdı. Hərbi qaydada salam verdi:

-Yoldaş leytenant, gizir Ənvər Nurəddinli…- sözü yarımçıq qaldı.

-Yetim, bu sənsən? Xoş gəlmisən qardaş, -deyə Toğrul irəli atıldı, qollarını açıb giziri bağrına basdı, – Mənim yetim qardaşım…

Bir neçə dəqiqə bu vəziyyətdə qaldılar. Heyət üzvləri təəccüblə onlara baxır, nə baş verdiyini anlamağa çalışırdılar. Toğrul bu dəfə üzünü döyüşçü yoldaşlarına tutdu:

-Qardaşlarım, Ənvər mənim uşaqlıq dostumdur. Bir yerdə böyümüşük. Taleyin işinə bax, gör neçə ildən sonra bizi harda görüşdürdü…

-Beş ildən sonra, – Ənvər davamını gətirdi. Mən səndən düz iki ay səkkiz gün böyük olduğum üçün mən “Yetim-1” idim, sən “Yetim-2”. İndi vəziyyət dəyişdi, sən “1” oldun.

-Elə şey yoxdur, sən yenə də birincisən, – deyə Toğrul etiraz etdi.

-Qardaş, mən intizamlı əsgərəm, “Nizamnamə”ni poza bilmərəm.

-Gəlin sizi termos çayına qonaq edim, – deyə “pikapın” sürücüsü söhbətə qarışdı, – görüşünüzü isti çayla qeyd edək.

Hamı gülüşdü. Çay içə-içə ətraflı hal-əhval tutdular. Çavuş “pikapı” sürüb getdi. Toğrul axırıncı tankı Ənvərə göstərib dedi:

-Bu sənin tankındır, təhvil al. Düzdür, tırtılının birini sındırmalı olduq. Ancaq, əmi demişkən, “qəti qorxusu yoxdur”, İrəvana qədər gedə bilər. İndi kömək elə mühərik hissəsindəki nasazlığı da aradan qaldıraq.

Mühərriki təmir etmək çox vaxt aparmadı. Yanacağı nasosdan mühərrikə ötürən zədələnmiş metal boruları Ənvərin gətirdiyi ehtiyat borularla əvəz etdilər. Elektrik naqillərinin zədələnmiş hissələrini də yenilədilər. Mühərriki işə salıb tankı sınaqdan keçirdilər, hər şey qaydasında idi.

Təxminən bir saat sonra “irəli” komandası gəldi. Düşmənin əks-hücuma keçəcəyi istiqamət bəlli idi. Əks-hücumun qarşısını almaq onların taboruna tapşırılmışdı.

Təxminən otuz beş kilometr yol qət etdilər. Havadan onları aviasiya və PUA lar mühafizə edirdi. Tapşırılan yerə çatıb mövqeləndilər. Hər bir tankın qarşı hissəsinə xüsusi olaraq quraşdırılmış bıçaqdan istifadə edərək texnikalar üçün səngərlər qazdılar. Əzəmətli Laçın dağları elə də uzaqda deyildi.

Artıq hava işıqlanırdı. Uzaqdan gələn texnikaların səsi eşidilirdi, bir azdan onların torpaq yolda qaldırdığı toz da görünən oldu. Yol da çox aydın görünürdü. Düşmən qüvvələri onları gözləyən “syürprizdən” xəbərsiz idi.

-Uşaqlar, dığalar “ət maşınına” yaxınlaşırlar, hazır olun. “Yetim-1”, özünü necə hiss edirsən?- Toğrul rabitə cihazı ilə soruşdu.

-“Yetim-2”, belə daha doğrudur. Dedim axı, “1” sənsən. Hər şey yaxşıdır, komandir, – Ənvər cavab verdi.

-Bu nə zarafatdır? Leytnant, hərəni öz kod adı ilə cağırın. Bizə düşmən də qulaq asa bilər. Aydındır?- Bu dəfə tabor komandirinin səsi eşidildi.

-Aydındır, yoldaş komandir, – deyə Toğrul cavab verdi.

“Atəş” komandasını tabor komandiri verdi. Düşmən tankları, PDM lər, əsgərləri daşıyan hərbi yük maşınları bir-birinin ardınca dəqiq atəşlə vurulurdu. Tankçılar sanki kim daha çox düşmən texnikasını məhv edəcək deyə yarışa girmişdilər. Dığaların leşləri ətrafa səpələnirdi. Bəziləri elə tankların içərisində yanıb kül olurdular. Cərgənin axırında gələn texnikaları atıb qaçanlar da, öndə vurulmuş texnikalardan sağ qalanlar da, çığıra-çığıra qaçmağa cəhd edənlər də, pulemyot güllələrindən gizlənə bilmirdilər.

İndi Toğrulgilin taboru hücuma keçmişdi. Arxadan dığalara köməyə gələn yeni qüvvələrlə ölüm-dirim savaşı gedirdi. Düşmən qüvvələri döyüşçülərimizin cəsarəti qarşısında tab gətirməyərək yenə dabanlarına tüpürüb qaçmağa üstünlük verdilər. Birdən yaxınlıqdakı təpənin üstündə minamyot və qumbaraatanlarla silahlanmış dəstə peyda oldu. Mərmi yağışı başladı. İndi Toğrulun tankları açıq hədəfə çevrilmişdi. Yolun sağ tərəfində çoxdan qazılmış enli və dərin bir xəndək var idi. Görürünür nə vaxtsa suvarma kanalı kimi istifadə olunurmuş. Vaxt itirmədən tankları xəndəyə saldılar. Bu təhlükənin əhəmiyyətli dərəcədə azalması demək idi. İri çaplı pulemyotlardan təpədəki dığalara aramsız atəş açmağa başladılar. Bu həm də taborun digər tanklarının təhlükəsiz hərəkətini asanlaşdırırdı. Bir azdan o dığaların da həmləsi dəf olundu. Yenidən yola çıxıb hərəkətə başladılar. Tabordan xeyli geri qalsalar da, əsas tapşırığı yerinə yetirmışdilər. Təyin olunmuş yerə çatmağa cəmi yüz əlli–iki yüz metr qalırdı. Bu dəfə artıq yaxınlıqda olan yüksəkliklərin arasında gizlədilmiş iri çaplı toplardan atəşə tutuldular. Ardıcıl olaraq iki mərmi Toğrulun tankına dəydi….Gözlərini açanda özünü Ənvərin qolları arasında gördü. O, Toğrulun başını qucaqlayaraq hönkür-hönkür ağlayırdı.

-Qardaş, ölmə! Qurban olum, ölmə! Az qalıb, lap az qalıb, artıq Laçına yaxınlaşırıq. Müharibə tezliklə bizim qələbəmizlə bitəcək. Nə olar, ölmə! Yaşa ki, qələbəmizə birlikdə sevinək. Ölmə, yalvarıram!…

Toğrul yenidən huşunu itirdi…

* * *

  -Allahım, sənə qurban olum, igidimiz gözlərini açdı!

Ağ xalatlı cavan bir qız idi.

-Bu dünyaya təkrarən xoş gəldin, qardaş!

-Mən har…da…yam?- Toğrul sual dolu gözlərini qıza zillədi.

-Bura Hərbi Hospitaldır, qardaş. Sən bir neçə ağır əməliyyat keçirmisən. Şükürlər olsun ki, ümidlərimiz doğruldu. Allah, sənə çox şükür!

Daha üç gün keçdi. Toğrulu artıq palataya köçürmüşdülər. Artıq əl və ayaq barmaqlarını tərpədə bilirdi. Hələ də başında və bədəninin müxtəlif yerlərində kəskin ağrılar olduğu üçün gün ərzində ona bir neçə dəfə ağrıkəsici iynə vurulur, müalicəsi davam etdirilirdi… Axşama yaxın Gülsüm nənə qabaqda, ardınca Kərim kişi, Nərgiz müəllimə, başı və sağ qolu sarğıda olan Ənvər və bir də Lalə palataya daxil oldular. Gülsüm nənənin əlində ağ süfrə, üzərində səliqə ilə bükülmüş Azərbaycanın üçrəngli bayrağı, Kərim kişinin əlində bərli-bəzəkli tort, Nərgiz müəllimənin əlində A4 ölçülü kağız qovluq var idi. Qovluğun içində sənədlər olduğunu güman etmək olardı.

Bir-bir gəlib Toğrulun üzündən, alnından öpdülər, yüngülcə əlini sıxdılar. Tibb bacısı da palataya daxil oldu, yaxınlaşıb çarpayının baş hissəsini bir qədər yuxarıya qaldırdı. Bu dəfə Lalə yaxınlaşdı, əlindəki gül dəstəsini çarpayının yanındakı dolabın üstünə qoydu:

-Ad günün mübarəkdir!- dedi. Yanaqları qıp-qırmızı olmuşdu. Heç kim hiss etməsin deyə başını aşağı əyib yana çəkildi.

Toğrulun da yanaqları qızardı, çöhrəsinə təbəssüm qondu: “Təşəkkür edirəm, zəhmət çəkmisən,”- dedi. Sonra gözləri ilə Ənvəri axtardı, ehtiyatla başını azacıq sağ tərəfə çevirməli oldu: “Qardaş, sən nə vaxt yaralanmısan?- deyə soruşdu.

-Boş şeydir, məndə yüngül yaralardır, – deyə Ənvər cavab verdi.

-Səni yanğının əlindən alanda bir az xəsarət alıb, – Nərgiz müəllimə söhbətə qarışdı, – həm də ki, elə o vaxt yaxınlıqda mərmi partlayışı baş verib.

Nərgiz müəllimə əlindəki qovluğu açıb içindəki sənədləri Toğrula göstərib dedi:

-Bilirsən bu nədir, noğul balam? Gülsüm nənənin “Vəsiyyətnaməsi”. Bütün əmlakını sənə vəsiyyət edib. Bu isə hərbi şəhərcikdə sənə verilmiş yeni mənzilin sənədidir, daha doğrusu surəti. Sənədin əsli və açarlar, həm də təltif olunduğun dövlət mükafatları, inşallah, sağalandan sonra sənə rəsmi təqdim olunacaq.

-Ən əsasını de, ay Nərgiz müəllimə, -bu dəfə Gülsüm nənə söhbətə qarışdı.

-Bu gün Şuşa şəhəri işğaldan azad olundu!

-Nə gözəl xəbərlər gətirmisiniz! Nə gözəl xəbərlər!..- Toğrulu sevinc göz yaşları boğdu.

Gülsüm nənə əyilib yenidən Toğrulun üzündən öpdü, sonra arxaya çevrilib Laləni səslədi:

-Ay bala, bu bayrağı götür pəncərədən as. Ənvər, oğlum, kömək elə balama.

Sonra süfrənin qatlarını açdı, təzə təndir çörəyinin bihuşedici ətri otağa yayıldı. Toğrul məst olmaq həddində idi. Bu ətir ona çox tanış idi, hər dəfə təminat gələdə ilk olaraq bu çörəyi görürdülər. Toğrul qeyri-ixtiyari olaraq “Samirə xalanın “aypara çörəyi”nin iyi gəldi”- deyə pıçıldadı.

-Hə nənə qurban, Samirənin bişirdiyi çörəkdir. Müharibə başlayan günü gedib Bərdəyə, illər ərzində oğlunun xeyir işi üçün yığdığı pula balaca bir çörək sexi alıb, başlayıb bu çörəkdən bişirib döyüşçülərimizə göndərməyə. Onun bu xeyirxah niyyətindən məmnun olan sex sahibi həmin pullara un, diğər məmulatlar və yeni avadanlıqlar alıb, sexin istehsal gücünü artırıb. Samirəyə könüllülük əsasında əlavə işçilər tapıb, əl-ələ verib gecə-gündüz Ordumuz üçün çörək bişiriblər. Təbii ki, dövlətimiz bu təşəbbüsü hörmətlə qarşılayıb, sexin sonrakı bütün xərclərini öz üzərinə götürüb… Samirə bu çörəyi sənə göndərib.

-Nənə, ay nənə… Taborumuzun bütün döyüşçüləri Samirə xalanı qiyabi olaraq tanıyır, hamımız onu doğma ana kimi sevirik. Ancaq… o, məni haradan tanıyır ki?- Toğrul təəccüb və tərəddüd içində idi.

-O, sənin doğma anandır, nənə qurban. Dost-doğmaca anan…

Palataya sükut çökdü- zalım bir sükut, amansız bir sükut… Heç kim ilk olaraq bu sükuta “yox ol” deməyə cəsarət eləmirdi…

-Lalə balam, gözəl balam, əziz gəlinim, yaxınlaş bizə, – Gülsüm nənə qətiyyətli səsi ilə sükutun bağrını çatlatdı. Cibindən balaca bir qutu çıxardı, qapağını açıb, – Toğrulum, igid balam, şəkər balam, bu üzüyü gəlnimin barmağına taxmaq lazımdır. Elçiliyə gedib, “hərisini” almışıq. Ölçüsü-filanı hamısı qaydasındadır, bir yerdə bəyənib seçmişik, – dedi, – Özün taxa bilərsən, yoxsa?…

-Nənə… bu qədər infomasiya… bilmirəm axı… Necə olmalıdır?

-Necə? Bizim vaxtımızda bəyin valideynləri, ən yaxınları taxardılar. İndi zamanə dəyişib…

-Nə bilim, ay nənə. Necə məsləhət görürsən, elə də olsun.

-Onda, qoy anan taxsın, nənə qurban. Samirə anan, mənim əzabkeş, ləyaqətli gəlinim…

-Nənə, mən heç sənin sözündən çıxaram? Gözləyək, müharibə qurtarar, mən də sağalaram… Hə, Lalə, sən nə deyirsən?- Toğrul sanki “Lalə, kömək elə vəziyyətdən çıxım”- deyə ümidlə gözlərini qıza zillədi. Lalə çiyinlərini çəkib, məsuliyyəti bölüşmək istəmirmiş kimi bir görüntü aldı.

-Gözləmək niyə? Anan burdadır bala, gəlib bayırda gözləyir. Qızım, başına dönüm, çıx mənim gəlnimi çağır gəlsin, – Gülsüm nənə tibb bacısına müraciət elədi…

Son

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Lətif Şüküroğlu. Peşmanlıq

Klv.az  saytı Lətif Şüküroğlunun “Peşmanlıq” adlı yeni hekayəsini təqdim edir. “Pulla hər şeyi almaq olar – insan qəlbinin hərarətindən başqa” Ralf Uoldo Emerson Yadında o çöhrə qalmışdı. Uşaq üzünə bənzəyən, bir az solğun gənc qız çöhrəsi. Onu birinci dəfə qırx beş il qabaq qəbul imtahanları vaxtı görmüşdü. Əynində güllü, qısaqol, […]