Səməd Qaraçöp. Saman çöpüdü adamlar

KAĞIZ GƏMİ

 

Hər gün əlləşirəm fırtınalarnan,

Əl boyda avardı əlimdə qələm;

Bir ucsuz-bucaqsız söz dənizində

Bir kağız gəmiynən üzüb gedirəm.

 

Birgün yem olacam bu dalğalara,

Deyəsən, axırım çatıbdı mənim.

Neçə illər boyu bax bu dənizdə

Neçə gəmilərim batıbdı mənim.

 

Çətindi – bu boyda axına qarşı

Əl boyda bir kağız gücündə olmaq;

Çətindi – dünyada bir ömür boyu

Bir kağız gəminin içində olmaq.

 

BİR KAĞIZ ÜSTÜNDƏ

 

Bu adam qələmə bənzəyir, Allah,

Qələmə bənzəyir bütün boyuynan;

Əl boyda bir qələm neyləyə bilər

Bir kağız üstündə bu oyunuynan?

 

Kağıza söykənib bu Yer üzündə,

Başqa nə yeri var, nə yurdu onun;

Elə bil kağızın üstündə gəzir,

Bütün addımları şeyirdi onun.

 

Bu adam qələmdi başdan-ayağa,

Hər gün işi-gücü – varaq çevirmək…

Bəs hardan Allahın ağlına gəlib

Onu adam kimi qələmə vermək?

 

NEFT QUYULARI

 

Eh, bu torpağa yıxılmaq

Mənim alnıma yazılıb;

Hər gün ayağım altında

Neft quyuları qazılıb.

 

Quyular qazılıb mənə,

Dərindi quyum quyudan;

Görün, nə boyda neft çıxır

Mənim düşdüyüm quyudan!..

 

Bütün kökümü qazırlar,

Bütün soyumu qazırlar…

Hər gün bu doğma torpaqda

Mənim quyumu qazırlar.

 

NEFT AXINI

 

Neft axıb sel kimi gəldi,

Neft axıb evləri yıxdı;

Baxırsan, içi boşların

Hamısı üzə çıxıbdı.

 

Neft axıb sel kimi gəldi,

Yıxıldı daxmalar-damlar;

Mən bu ölkədə boğuldum,

Saman çöpüdü adamlar.

 

Mən bu ölkədə böyüyüb,

Boğulmaq yaşına çatdım;

Aldandım, saman çöpləri,

Sizi adama oxşatdım.

 

BİR İÇİM SU

 

Mən səni içə bilmirəm,

Neyləyim, sən su deyilsən;

Sən neft quyususan, Vətən,

Sən su quyusu deyilsən.

 

Baxıram, bütün sifətin

Görsənir quyularından;

Ay Vətən, gözüm su içmir

Heç sənin quyularından.

 

Bu yad quyular içində

Bir doğma quyun yoxdumu?

Vətən, qan içə bilmirəm,

Bir içim suyun yoxdumu?!

 

ZAMANIN NƏBZİ

 

Baxsana, ağızlar sözündən qaçır,

Baxsana, sifətlər özündən qaçır;

Adamlar yaşayır zarafatyana,

Adamlar adamın gözündən qaçır.

 

Dünya zarafatdı başdan-ayağa,

Yer göyün altından qaçır, deyəsən;

Sən bu zarafatı tuta bilmədin,

Çox ciddi yanaşdın bu dünyaya sən.

 

Getmədin hamının getdiyi yolnan,

Yox, sən o addımı ata bilmədin;

Zamanın nəbzi də bir zarafatdı,

Sən bu zarafatı tuta bilmədin.

 

Bax bütün barmaqlar səni göstərir,

Baxsana, dünyanın önündə təksən…

Sən bu zarafatı tuta bilmədin,

Gülüş hədəfinə çevriləcəksən.

 

KÖLGƏ SIRASI

 

Həmişə kölgələr əyildi burda,

Həmişə ölçülər pozuldu burda;

Baxırsan, kiminin boyu uzundu,

Kiminin kölgəsi uzundu burda.

 

Həmişə yerimiz əyridi bizim,

Həmişə əzildik-büzüldük elə;

Düzülə bilmədik boy sırasıynan,

Kölgə sırasıynan düzüldük elə.

 

Həmişə kölgələr danışdı burda,

Susduq kölgə kimi, səs-küy olmasın…

Yox, burda kiminsə kölgəsi gərək

Kiminsə üstündən əskik olmasın.

 

PLASTİK ÇİÇƏKLƏR

 

Plastik çiçəklər çoxalır yaman,

Plastik çiçəklər baxmır ki vaxta;

Köküynən torpaqda olmayanları

Nə külək qorxudur, nə də ki şaxta.

 

Kökü olmayanlar qış-yaz tanımaz,

Kökü olmayanlar görməz Günəşi…

Plastik çiçəklər çoxalır yaman,

Getdikcə bu dünya plastikləşir.

 

Dünya öz ətrini itirir daha,

Allah göstərməsin ən betərini!..

Plastik çiçəklər gözə soxurlar

Hər gün öz plastik sifətlərini.

 

Dərd təkcə plastik çiçəklər deyil,

Yox, daha işimiz qalıb Allaha;

Plastik adamlar çoxalır yaman,

Plastik sifətlər çoxalır daha.

 

DAĞ

 

Dağı-dağ üstə qoydum…

Və düzdə qaldım, axır;

Daşı-daş üstə qoymaq

Əlimdən gəlmir axı.

 

Can qoydum bu dağlara,

Hamısı – boş-havayı;

Eh, dağın nəyi var ki,

Ucalıqdan savayı.

 

Dağı-dağ üstə qoydum,

Nə var ki, bundan asan;

Mən də adam olardım,

Daşı-daş üstə qoysam.

 

BU TORPAQ DEYİLƏN ŞEY

 

Çox da boyuna baxma

Bu dağların-daşların;

Nəsə, ikiüzlüdü

Bu torpaq deyilən şey;

 

Yeyəndə toxlarındı,

Qoruyanda – acların.

Torpağın dar günündə

Toxlar qarnına qıymaz;

 

Aclar öz sinəsini

Yenə verər qabağa;

Yenə acları çağır

Torpağı qorumağa.

 

Torpağın dar günündə

Toxlar gözə görünməz;

Bu torpaq deyilən şey

Toxqarına qorunmaz.

 

QURD VƏ QUZU

 

Qolumda qurd gücü var,

Qurd dişidi dişlərim;

Amma quzu işidi

Mənim bütün işlərim.

 

Qaynayan qurd qanıynan

Damarlarım çatlayır;

Amma yenə içimdə

Qurd quzuynan otlayır.

 

Ha yana gedirəmsə,

Məni tuturlar daşa…

Di gəl, qurd ola-ola

Bir quzu kimi yaşa!

 

LƏLƏK

 

Şairlər yer üzünün

Yolunu öyrəndilər;

Lələkdən qələm düzəldib

Göydən yerə endilər.

 

Qanadlar yavaş-yavaş

Unutdu öz yerini;

Şairlər unutdular

Göydən gəldiklərini…

 

…Məni bu yer üzündə

Vurdular yerdən-yerə;

Qələmdən lələk düzəldib

Qayıdıram göylərə.

 

BİR QƏLƏMƏ

 

Bir varaq da bir yarpaqnan doğmadı,

Çiçək kimi açıb-solub bir zaman;

Qarşımdakı cansız, quru bir kağız

Bir çiçəkli ağac olub bir zaman.

 

Götürürəm bir qələmi bel kimi,

Şum qoxuyur şırım-şırım yazıdan;

O kağızı torpaq kimi əkirəm,

O ağacı göyərdirəm təzədən.

 

Bu torpağa bir qələmə sancıram,

Cana gəlir puçur-puçur beləcə;

Qarşımdakı cansız, quru bir kağız

Bir qələmnən çiçək açır beləcə.

 

GÜZGÜ

 

Güzgüyə baxanda çaşıb qalıram,

Görürəm, o deyil mən görən daha;

Güzgüdə özümə baxdığım zaman

Elə bil atamı görürəm daha.

 

Görünən odu ki, biznəndi bu yol,

Görünən odu ki, biznəndi bu baxt…

Eh, birvaxt atam da bu yaşda idi,

Bu yaşda olacaq oğlum da birvaxt.

 

Atamın üzüdü baxdığım bu üz,

Atamın yoludu yolum da elə;

Dünyada atamın davamıyam mən,

Mənim davamımdı oğlum da elə.

 

Eh, mən gələcəyə gedirdim axı,

Keçmişə apardı gələcək məni…

Mən yaşda olacaq oğlum da birvaxt,

Güzgüyə baxanda görəcək məni.

 

SÖZ OYUNU

 

Bu dünya başımı aldatdı mənim –

Aldatdı kağıznan-qələmnən elə;

Mən söznən oynadım bir uşaq kimi —

Oynadım dünyaya gələndən elə.

 

Mən – ilham atına minən bir uşaq,

Belə uşaq olmaz, belə at olmaz;

Sözün də düşəri-düşməzi olur,

Yox, söznən bu boyda zarafat olmaz.

 

Mən sözü qoymuşam başımın üstə,

Mən sözü qoymuşam gözümün üstə…

Cəllad da bıçaqnan oynayır axı,

Şairlər soyulur sözünün üstdə.

 

Bir oyun başladım kağız-qələmnən,

Bıçağı-baltası çıxacaq bunun;

Yox, söznən bu boyda zarafat olmaz,

Yox, birgün xatası çıxacaq bunun.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sevinc Qəmbərova. Azərbaycan dilinin dialekt bölünməsi

Azərbaycan dili türk dilləri ailəsinə daxil olan ən qədim dillərdən biridir. Azərbaycan dilində digər türk dillərinə nəzərən çoxsaylı innovasiyalar mövcuddur. Belə ki, dilçilik ədəbiyyatında göstərilir ki, dillərin qədimliyi arxaizmlərin çoxluğu ilə deyil, innovasiyaların sayı ilə ölçülür. “Aydındır ki, kökdil formalarının dəyişməsi üçün dilin uzun sürən təkamül prosesi tələb olunur. Deməli, […]