Noyabrın 7-də Zəfər Günü ilə əlaqədar Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Qafar Cəfərlinin “Şəhid bayrağı” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri tənqidçi-esseist Əsəd Cahangir giriş sözü ilə çıxış edərək pyesin məziyyətlərindən danışıb. Vətənin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib. Azərbaycanın himni səslənib. Sonra 44 günlük Vətən müharibəsində şanlı zəfər yolundan bəhs edən tamaşa təqdim olunub, bir-birindən təsirli səhnələr həyəcanla izlənilib.
Tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Təranə Fərəcova, Saleh Əzimzadə, Məleykə Cəfərova, Buludxan Buludov və Zeynal Məmmədzadə (uşaq rolunda) ifa ediblər.
Əsər rejissor Emil Əsgərovun quruluşunda səhnələşdirilib.Tamaşanın rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Vüqar Fərəcovdur. Teatrın baş rejissoru Anar Babalı, teatrın direktoru Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynovadır.
Tamaşada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin məsul şəxsləri, şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, həmçinin AYB sədrinin baş müşaviri Rauf Aslanov, şair Damət Salmanoğlu iştirak ediblər.
Əsərin müəllifi Qafar Cəfərli polis orqanlarında çalışıb, I Qarabağ Müharibəsinin iştirakçısıdır. Hazırda Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədridir.