Qardaşxan Əzizxanlı. Biz onu sevirdik

(Esse)

Təbəssüm içində cilvələnən güləş çöhrəsini, şən gülüşlərini, gah kəpənəkli ağ bant vurulmuş, gah sarı bantlı dalğalı xurmayı saçlarını sevərdik. Yanağındakı qara xalı ağ bənizinə xüsusi yaraşıq verərdi. Aralı dodaqlarından görünən ağappaq dişləri göz oxşayardı. İsti havalarda ağ qızılgülə şeh düşübmüştək tər damlaları çənəsində muncuqlanardı.

Etiraf etməyə cəsarətləri çatmasa da sinif oğlanlarının gözü onda idi. Çoxları qaşqabaqlı, adamayovuşmaz qızlardan açıqürəkliliyinə, dostluğa meyilliliyinə görə seçilən qonur gözlü bu zərif qızın sevgisini qazanmaq arzusundaydı. Arifə üstə oğlanların dava salması gündəmdə olan məktəb mövzularından biriydi.

Adətən hamı ilə mehriban Arifənin özgüvənliyindən doğan ötkəmliyi, yeniyetməliyinə uyğun çılğınlığı küsəyənliyinə rəvac verərdi; əlaçı oğlanlarımızdan biri ilə sözləşib, necə bərk dalaşdılarsa, – əslində, bir-birini çox istəyirdilər, – o buna, bu ona kitab-dəftər atmağa qədər gəlib çıxdılar, sonra da dərs ilinin sonunacan danışmadılar, uşaq dilimizcə desək, yaman qaldılar.

Arifəyə qarşı izaholunmaz hisslərim vardı. Daha çox görmək istəyirdim onu. Məktəbdən evə yolum onların küçəsindən idi. Amma onsuz da hardan gəlirdimsə, yolumu birbaşa küçəyə açılan qapılarından salır, addımlarımı yavaşıdır, birmərtəbəli evlərini uzun-uzadı seyr etmədən keçib getmirdim. “Bu otaqların birində Arifə yəqin dərslərini hazırlayır,” – deyə onu xəyalımda canlandırırdım. “Bilmək olmaz bəlkə təsadüfən qapıya çıxdı, ya da anasının müdir işlədiyi üzbəüz uşaq bağçasına getdi?!” – deyə evin həndəvərində ləngiyirdim.

…Yolumu yenə onların küçəsindən salmışdım. Hava qaranlıqlaşırdı. Nə düşündümsə, – bəlkə də qaranlıq cəsarət verdi, – açıq küçə qapılarından həyətə girdim. Birbaşa aynabənd eyvanlarına qalxan pilləkənlərinə yaxınlaşdım. Şüşəbənddən Arifənin eyvanda arxası mənə tərəf oturduğunu gördüm. Əlindəki kitaba diqqət etdim, rus dilini oxuyurdu. Hərdən kitabı örtür, öyrəndiklərini təkrarlayırdı. Beləcə xeyli baxdım. “Birdən geri dönüb məni görsə?! Nə deyəcəkdim?! Vədəsiz gəlişimi nə ilə izah edəcəkdim?! Sabah sinif uşaqları bu qəribə “ziyarətimdən” xəbər tutsa?!” – özümə sual verdim. Guya hansısa dərsin yerini sorüşmağa gəldiyimi deyəcəkdim. Başqa nə deyə bilərdim ki?! Hər hansı xoşagəlməz haldan “sığortalanmaq” üçün bir an belə diqqətimi ondan ayırmadan irəli – geri var-gəl etməyə başladım; işdi məni görsə, ya başqa görən olsa, həyətə indicə girdiyimi düşünsün. Amma bəxtim ayaq üstəymiş; nə Arifə dönüb geri baxdı, nə kimsə çölə çıxdı.

Keçən dərs danışdığımdan “Rus dili”ni axıra saxlamış, təkcə onu oxuyub, çatdıra bilməmişdim. Demək, sabah Arifə əl qaldıracaq, mən yox. Müəllim əl qaldırmadığımı görüb çağırsa, necə olacaq?! Həmin gün bütün gecəni rus dili dərsini oxudum. Sabahı sinifdə yalnız ikimiz əl qaldırmışdıq. Müəllimin adımızı qoşa çəkməyi, bizi birgə tərifləməyi mənə necə xoş hisslər yaşatdı, ilahi?! O gün təriflənməyimin dolayısıyla səbəbkarı olduğunu isə özü heç vaxt bilmədi.

Doqquzuncu sinifdə oxuyanda məktəbimizə təzə gəlmiş hələ uşaqları yaxşı tanımayan riyaziyyat müəllimi Arifə ilə kobud davrandığına görə bütün sinif bir həftə onun dərslərinə girmədi. Məktəb rəhbərliyi, valideynlər işə qarışdıqdan sonra “etirazçılar” könülsüz geri qayıtdılar. “Qonur gözlü qız” isə qürurundan bir daha geri qayıtmadı, başqa sinifə keçdi.

Arifə Azərbaycan Tibb Universitetinə qəbul olundu. Tələbəlik illərində onu yalnız bir dəfə gördüm. Hər ikimiz eyni stadiona idmana gəlmişdik. Ayaqüstü hal-əhval tutduq. Yenə üzündə həmin unudulmaz şən təbəssüm vardı.

Onu son dəfə gördüyümü necə düşünə bilərdim?!

Məzarı üstə həmin o möhkəm dalaşdığı sinif yoldaşımızla getmişdim. Hönkürtülərimiz bizi boğurdu. Başdaşındakı şəklinə baxdıqca yanıb – tökülürdük. Göz yaşlarımız quruyana qədər ağladıq, sonra nə baş verdiyini qəbullanmaya – qəbullanmaya birdən-birə susduq və sanki bir müddət əbədi susan Arifəyə qovuşduq.

22 yaşlarında təkcə onu yox, neçə-neçə məktəb yoldaşımızı itirdik. Onların, o illərin qoxusunu almaq üçün oxuduğum Lənkəran şəhər 5 №-li orta məktəbin kimsəsiz dəhlizlərini yuxularda, xəyalən və gerçəkdə dəfələrlə dolaşdım.

Qəlbimizdə nakamlıq rəmzi kimi yaşayan Arifə!

Gözəl olduğu qədər qaynar təbiətli Arifəni bu gün 66 yaşında görəsən xəyalın hansı gücüylə təsəvvür etmək olar?!

Onu çox sevirdim, – sadə və səmimi olduğu qədər qayğıkeş, bilikli olduğu qədər dürüst və mərhəmətli, ən nəhayət, tənəffüslərdə qol-qola gəzdiyi sakit, həlim xasiyyətli sevdiyim qızın yaxın rəfiqəsi olduğu üçün.

Amma heç kim bilmir ki, məndən ötrü o yenidən doğulub, “Sən elə varsan ki, bu yer üzündə Göylərin yeddinci qatıdır yerin” – deyə Yaradanın lütfü saydığım sevimli dostumun timsalında yenidən canlanıb, var olub bu gün. Heç kim bilmir.

(…və bu yazının yazılması 44 il gecikməliymiş…)

avqust, 2024

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yasunari Kavabata. Şəlalə (hekayə)

Yasunari KAVABATA (1899-1972) XX yüzildə yapon xalqının dünya ədəbiyyatına bəxş etdiyi dahi yazardır. Bütün yaradıcılığı qədim dzen fəlsəfəsi, bənzərsiz yapon mədəniyyətinin ruhu və dərin psixologizm ilə yoğrulub. Təsadüfi deyil ki, 1968-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatını da o, “yapon düşüncə tərzini tam dolğunluğuyla ifadə edən yazıçılıq məharətinə görə” qazanıbdır. İki məşhur […]