Əvvəli: https://klv.az/2023/11/27/oldos-haksli-cesur-yeni-duyna/
(davamı)
Bütün hadisədən sonra Vəhşini bir müddət sakit buraxdılar. Bir neçə helikopter maraqla qüllənin ətrafında dövrə vurdu. Onlardan ən yaxından uçub zəhləsini tökənə ox atdı. Ox kabinanın alüminium döşəməsini deşdi, çığırdı qopdu. Helikopter malik olduğu ən yüksək sürətlə raket kimi göy üzünə qalxdı. Bu hadisədən sonra digərləri mayakdan xeyli aralı uçurdular. Vəhşi helikopterlərin bezdirici uğultularına fikir verməyərək (özünü Matsakinin qızını almaq üçün qanadlı həşəratlara məğrurcasına sinə gərən hindiyə bənzədirdi) bağını şumlayırdı. Nəhayət, helikopter “həşərat” bezdi və uçub getdi; başı üzərindəki göy üzü saatlarla boş və səssiz qaldı, yalnız torağayların səsi gəlirdi.
İstidən nəfəs almaq olmurdu, havadan yağış iyi gəlirdi, sanki indicə göy guruldayacaqdı. Bütün səhər çalışdıqdan sonra döşəməyə uzanıb dincəlirdi. Anidən Leninanı xəyalı onu sardı – çılpaq və real görünüşlə qarşısında dayanıb, – “Əzizim, sarıl mənə!” – deyirdi. Əynində yalnız corabları və ayaqqabıları var idi, ətir saçırdı. Sırtıq fahişə! Fəqət oh, oh, qolları Vəhşinin boynunda, sinəsi, dodaqları! Əbədiyyət dodaqlarımızda və gözlərimizdə idi. Lenina… Yox, yox, yox, yox! Sıçrayıb ayağa qalxdı və yarı çılpaq şəkildə həyətə qaçdı. Süpürgə çölünün qırağında çal ardıc kolları vardı. Özünü kolların üstünə atdı. Arzuladığı ipək vücuda deyil, qucaq dolusu yaşıl tikana sarılmışdı. Minlərcə iti tikan bədəninə batırdı. Nəfəs ala bilməyən, lal boşluğu tutmağa çalışan əlləri və gözlərindəki ifadə olunmaz dəhşətlə çırpınan, heç vaxt unutmayacağına and içdiyi Lindanı düşünməyə çalışdı. Ancaq unudacağına and içdiyi Leninanın xəyalı hələ də ondan əl çəkmək bilmirdi. Bıçaq kimi, iynə kimi iti ardıc tikanları arxasınca düşən canlı xəyalı uzaqlaşdıra bilməmişdi. “Əzizim, əzizim… Madam sən də məni istəyirdin niyə…”
Qırmanc müxbirlərə qarşı istifadəyə hazır şəkildə qapıdan asılmışdı. Vəhşi dəli kimi evə qaçdı, qırmancı qapıb havada yellətdi. Qırmancın düyünləri ətinə işlədi.
Hər zərbədə Leninanın ağappaq, qaynar, rayihəli və rəzil bədənini qırmanclayırmış kimi (özü də hiss etmədən, dəlicəsinə kaş ki, Lenina olsaydı deyə düşünürdü) – Əxlaqsız!
Əxlaqsız! – deyə hayqırırdı. – Əxlaqsız! – sonra da ümidsizlik dolu bir səslə yalvarırdı, – Ah, Linda, məni bağışla. Allah, keç mənim günahımdan! Mən pisəm. Mən yaramazam. Mən…Yox, yox, sən pozğunsan, pozğun!
Duyulan Filmlər şirkətinin ən mahir heyvan fotoqrafı Darvin Bonopart, üç yüz metr uzaqlıqdakı meşədəki xüsusi hazırlanmış xəlvət yerdən baş verənlərin hamısını izləyirdi. Onun bacarığı və səbri, nəhayət, mükafatlandırılmışdı. Üç gün ərzində gündüzlər yalançı palıd ağacının gövdəsində oturmuş, gecələr süpürgə çöllərini ağzı üstdə sürünərək keçib mikrofonları naz kollarının arasında yerləşdirmiş, şnurları yumşaq boz qumlara basdırmışdı. Son dərəcə rahatsız keçən yetmiş iki saat. Fəqət artıq ulduz saatı gəlmişdi, (Darvin Bonopart cihazları işə salarkən düşündü) bu qorillaların toyundan bəhs edən məşhur ulaşma dolu stereoskopik filmi çəkdiyindən bəri ən böyük uğur anı idi. Vəhşi öz fövqəladə tamaşasını başlayanda öz-özünə, “Əla!” – dedi. “Əla!” Teleskopik kameraları ehtiyatla hazırlamış və hərəkət edən obyektə yönəldərək onun heç bir hərəkətini gözdən qoymurdu, haldan hala düşən və əyilən sifətini yaxından göstərə bilmək üçün obyektivi nizamladı (mükəmməl!); bir dəqiqəliyə hərəkəti yavaş-yavaş göstərən tərzdə (çox gülməli effekt alınacaq! – deyə düşündü) çəkməyə başladı; lentə yazılmaqda olan qırmanc zərbələrinə, vəhşi və sərsəm sözlərə diqqətlə qulaq asdı, bu səsləri bir az yüksəltməyə çalışdı (hə, sözsüz belə daha yaxşıdır) kontrastdan həzz aldı, sakitlik çökən anda torağayın səsini yazdı və düşündü ki: “Kaş Vəhşi çönüb kürəyindəki qanı yaxından çəkməyə imkan verəydi” (bu gün bəxtim lap fıştırıq çalır!) Vəhşi lütfkarlıqla çönüb onun mükəmməl bir kadr çəkməsinə şərait yaratdı.
“Möhtəşəm! – deyə çəkilişi qurtardıqdan sonra özünü təriflədi. – “Doğrudan da, möhtəşəm!” – Sifətinin tərini sildi. Studiyada duyğu effektləri də əlavə etdikdən sonra çox gözəl bir film olacaq. “Demək olar ki “Balinanın Sevgi Həyatı” qədər yaxşı alınacaq ”- deyə öz-özünə düşündü, – “Forda and olsun ki, bu özü-özlüyündə böyük uğur deməkdir!”
On iki gün sonra “Surrey Vəhşisi” filmi nümayişə çıxarılmışdı. Qərbi Avropanın bütün ən yaxşı duyulan film saraylarında filmi seyr etmək, dinləmək və duymaq mümkün idi. Darvin Bonopartın filmi ani və güclü təsirə səbəb oldu. Premyeradan sonrakı ilk gün günortadan sonra Conun yalnızlığı səmanı dolduran helikopter ordusunun gəlişi ilə pozuldu.
Con bağçasını qazırdı – ağır zəhmət bahasına düşüncələrinin altını üstünə çevirməklə beynini də qazırdı. – Ölüm, – deyib ayağı ilə beli torpağa itələdi, – bütün keçən günlər sarsaqlara məzar yolunu işıqlandırmaqdan başqa bir şey olmamışdır*. Budur göy gurultusu da onun sözlərini təsdiqləyir. Con bel ilə torpaq komasını çevirdi. Linda niyə öldü? Niyə qoydular ki, o, tədricən insanlıqdan çıxaraq heyvanlaşsın və sonra da… Tükləri ürpəşdi. Günəşin öpdüyü leşə çevrilsin. Ayağını belin qırağına qoyub qəzəblə bərk torpağa soxdu.
“Uşaqlar milçəklərə necə baxırsa allahlar da bizə eləcə baxırlar, bizə əzab vermək allahlar üçün əyləncədir”. * Yenidən göy guruldadı – bu həqiqətin özündən doğru olan bu sözlərin təsdiqi idi. Ancaq elə həmin Qloster onları mərhəmətli allahlar adlandırmışdı.
Bununla yanaşı, “yuxu sənin ən yaxşı istirahətindir, tez-tez yuxuya gedirsən, ancaq yenə də yuxudan başqa bir şey olmayan ölümdən qorxursan”. * Yuxu. Bəlkə də, yuxular gördün. Bel bir daşa ilişdi, daşı çıxarmaq üçün aşağı əyildi. O ölüm yuxusunda necə yuxular görülər?
Başının üzərindəki vızıltı gurultuya çevrilmişdi; birdən Conun üzərinə kölgə düşdü, nə isə günəşin qabağını kəsirdi. Başını qaldırıb çaşqın halda yuxarı baxdı, fikirlərdən və əlindəki işdən diksinib ayılmışdı; ağlı hələ də həqiqətlərdən daha həqiqət olan o biri dünyada idi, ölüm və Allah barədə sonsuz düşüncələrdən tam qopmamışdı; yuxarıda, başının üstündə fırlanan bir ordu helikopter gördü. Çəyirtkə dəstəsi kimi yaxınlaşıb dayandılar və süpürgə çöllərinə endilər. Bu nəhəng çəyirtkələrin hər birinin qarnından cütlər – ağ süni ipək xovlu parçadan paltar geyinmiş kişilər və (hava çox isti olduğuna görə) asetat və sıx ipək parçadan tikilmiş pijamalar, məxmər şortlar və qolsuz zəncirbəndi yarıya kimi açıq köynəklər geyinmiş qadınlar düşdülər. Bir neçə dəqiqənin içində onlarla insan mayakın ətrafında geniş dairə şəklində toplaşdılar. Kimisi gözlərini zilləyib baxır, kimisi gülür, kimisi şəkillər çəkir, meymuna atan kimi Cona yer fındığı, seks hormonlu saqqızlar, polihormonlu peçenyelər atırdılar. Hoqbəkin bitmək bilməyən nəqliyyat axınından gələn çəyirtkələrin hesabına onların sayı durmadan artırdı. Qorxulu yuxularda olduğu kimi onluqlar iyirmiliklərə, iyirmiliklər isə yüzlüklərə çevrilirdi.
Vəhşi itlərin küncə qısnadığı yırtıcı kimi geri çəkildi, kürəyi mayakın divarına dirənəndə dayandı, ağlını itirmiş insanlar kimi dəhşət içində ətrafdakıların üzünə baxdı.
Dəqiq nişan alınmış sifətinə çırpılan seks hormonlu saqqız paketindən bir az özünə gəlib gerçəkliyi qavramağa başladı. Zərbədən ayıldı və qəzəbləndi.
– Gedin burdan! – deyə çığırdı.
Meymun danışdı! Alqış və gülüş səsləri qopdu.
– Afərin Vəhşi! Ura! Ura!
Bu səs-küyün arasından birdən:
– Qırmanc, qırmanc, qırmanc! – hayqırtıları eşidildi.
“Qırmancı istəyirsiniz, yaxşı” – deyə düşünərək eşitdiyi sözlərdən özündən çıxan Vəhşi qapının arxasında mismardan asılan qırmancı götürüb zalımlara tərəf silkələdi.
Onun bu hərəkəti qələbəliyin istehzalı alqışları və qışqırığı ilə qarşılandı.
Hədələyici tərzdə onların üstünə yeridi. Qadınlardan biri qorxub qışqırdı. Dairə Vəhşinin yaxınlaşdığı yerdə dalğalandı sonra yenə əvvəlki vəziyyətinə qayıtdı. Üstün saya və gücə malik olduqlarını anlamaları bu maymaqlara Vəhşinin gözləmədiyi bir cəsarət vermişdi. Nə edəcəyini bilmədən ətrafına baxdı.
– Niyə məni təkbaşına buraxmırsınız? – deyərkən qəzəbində bir şikayət sezilirdi.
– Gəl sənə maqnezium duzlu badam verim, al! – Vəhşinin düz qarşısında dayanan kişi, deyərək bir paket uzatdı. Çox dadlıdır, Ford haqqı – deyə onu sakitləşdirmək üçün əsəbi halda gülümsəyirdi. – Maqnezium duzları adamı gənc saxlayır.
Vəhşi onu təklifini qulaq ardına vurub paketi almadı.
– Məndən nə istəyirsiniz? – deyə irişən üzlərə baxaraq soruşdu. – Nə istəyirsiniz məndən?
– Qırmancı, – deyə Yüzlərcə səs yerbəyerdən cavab verdi. – Qırmanclamanı göstər. Qırmanclamaya baxmaq istəyirik.
Qrup növbə ilə asta, ağır bit templə, – Qır-man-cı is-tə-yi-rik, Qır-man-cı is-tə-yi-rik, – deyə təkrar etməyə başladı.
Digərləri də bu şüara qoşuldular və tutuquşu kimi təkrar etməyə başladılar, səsləri getdikcə yüksələrək elə bir həddə çatdı ki, səkkizinci ya da doqquzuncu təkrarda artıq hamı bir ağızdan, – Qır-man-cı is-tə-yi-rik, – deyirdi.
Adama elə gəlirdi ki, səs-küydən və ritmik ahəngdarlıq hissindən sərxoş olub sonsuza kimi beləcə təkrar edəcəkdilər. Ancaq təxminən iyirmi beşinci təkrarda xor qəfildən susdu. Hoqbəkdən daha bir helikopter gəlmişdi. Qələbəliyin üzəridə sürətini azaltdı və Vəhşidən bir neçə metr aralıda tamaşaçılarla mayak arasındakı boş sahədə yerə endi.
Pərlərin gurultusu bir müddət qələbəliyinin çığırtısını batırdı; mühərrik keçirildikdən sonra xor yenidən yüksək və yeknəsək səslə davam elədi:
– Qır-man-cı is-tə-yi-rik!
Helikopterin qapısı açıldı, əvvəlcə sarışın, qırmızısifət bir gənc adam ardınca isə əynində yaşıl məxmər şort və ağ köynək, başında jokey papağı olan gənc bir qız düşdü.
Vəhşi gənc qızı görüb diksindi, geri çəkildi, rəng-ruhu qaçdı.
Qız dayanıb rahatsız, yalvarıcı, demək olar ki, acizanə şəkildə ona gülümsəyirdi. Saniyələr keçdi. Qızın dodaqları tərpəndi, nə isə deyirdi, ancaq xorla qışqıran qələbəliyin səsindən nə dediyini eşitmək olmurdu.
– Qır-man-cı is-tə-yi-rik! Qır-man-cı is-tə-yi-rik!
Gənc qız əllərini ürəyinin üstünə qoydu, şaftalı yanaqlı, kukla kimi gözəl sifətində bu gözəl sifətə uyuşmayan həsrətdən yaranan bir iztirab ifadəsi vardı. Mavi gözləri, sanki daha da iriləşmiş, daha da parlaq olmuşdu, birdən yanaqlarından iki damla göz yaşı süzüldü. Yenə eşidilməyən nə isə dedi; sonra cəld və həyəcanlı bir hərəkətlə qollarını Vəhşiyə tərəf açaraq ona tərəf irəlilədi.
– Qır-man-cı is-tə-yi-rik! Qır-man-cı is-tə…
Qəfildən istədikləri baş verdi.
– Pozğun! Vəhşi dəli kimi qızın üstünə cumdu. – Pozğun safsar! – Xırda iplərdən düzəltdiyi qırmancla dəli kimi onu vururdu.
Qorxudan sarısını udan qız qaçmağa çalışdı, ancaq ayağı ilişdi və süpürgə kollarının üstünə yıxıldı.
– Henri! Henri! – deyə çığırdı. Ancaq sarışın dostu sivişib helikopterlərin arasında gizlənmişdi.
Tamaşaçıların çevrəsi dağıldı, sevinclərindən çığıraraq hamısı birdən maqnetik cazibə mərkəzinə tərəf qaçdı. Ağrı insanları dəhşətə gətirir və cəlb edir.
– Yan, şəhvət düşkünü, yan! Ağlını itirmiş Vəhşi qırmancı yenə endirdi.
Qələbəlik axurun ətrafında itələşib boğuşan donuzlar kimi ac gözlərlə onları dövrəyə aldı.
– Ah, bu cism, bu bədən! Vəhşi dişlərini qıcırdatdı. Bu dəfə qırmancı öz kürəyinə vurmağa başladı. – Öldür onu, öldür!
Ağrıdan qaynaqlanan dəhşətdən cəlb olunan, daxildən gələn əməkdaşlıq çağırışı və tərbiyələnmənin silinməz şəkildə qanlarına hopdurduğu həmfikirlik və həmrəylik arzusu ilə hərəkətə gələn qələbəlik Vəhşinin hərəkətlərini təqlid etməyə başladılar.
Vəhşi gah öz günahkar bədəninə, gah da süpürgə kolların arasında qıvrılıb açılan rəzillik təcəssümü olan dolu bədənə vurduqca onlar da bir-birilərini vururdular.
Öldür onu, öldür onu, öldür onu… – deyə Vəhşi hayqırmağa davam edirdi.
Anidən qələbəlikdən bir nəfər oxumağa başladı:
– Eyşi-işrət…
Qələbəlik dərhal ona qoşulub oxuyub oynamağa başladı.
– Eyşi-işrət…deyə dövrə vurur və altı-səkkizlik ritmə uyğun şəkildə bir-birilərini vururdular – Eyşi-işrət…
Helikopterlərin axırıncısı havaya qalxanda gecə yarıdan keçmişdi. Soma ilə məst edilmiş və uzun müddət davam edən azğın şəhvət nəticəsində taqətdən düşən Vəhşi süpürgə kollarını üstünə uzanıb yatmışdı. Oyananda günəş artıq yüksəkdə idi. Bir müddət qalxmadı, günəşin işığı gözlərinə düşəndə bayquş kimi gözlərini qırpdı sonra anidən hər şeyi xatırladı.
– Aman Allah, aman Allah! Əlləri ilə sifətini örtdü.
Həmin axşam Hoqbəkdən vızıltı ilə gələn helikopterlər qara bulud kimi on kilometr məsafədə uzanırdı. Dünənki gecənin eyşi-işrət həmrəyliyi barədə məlumat bütün qəzetlərdə yer almışdı.
– Cənab Vəhşi! – deyə ilk gələnlər helikopterdən enər-enməz səsləndilər. – Cənab Vəhşi!
Cavab gəlmədi.
Mayakın qapısı aralı idi. Qapını itələyib açaraq binanın alaqaranlığına daxil oldular. Otağın ayaq tərəfindəki tağlı keçidə tərəf baxanda yuxarı mərtəbələrə aparan pilləkənin alt pillələrini gördülər. Tağın üst tərəfindən aşağıya doğru bir cüt ayaq sallanırdı.
– Cənab Vəhşi!
Heç yerə tələsməyən kompas əqrəbləri kimi ayaqlar yavaş, çox yavaşca sağa tərəf şimala, şimal-şərqə, şərqə, cənub-şərqə, cənuba, cənub-qərbə döndülər, sonra dayandılar və bir neçə saniyə sonra yenə eyni yavaş hərəkətlə geriyə – sola tərəf döndülər. Cənuba, cənub-şərqə, şərqə…
*Makbet (5-ci pərdə, 5-ci səhnə)
*Kral Lirin faciəsi (4-cü pərdə, 1-ci səhnə)
*Ölçü üçün ölçü (3-cü pərdə, 1-ci səhnə)
Son
Tərcümə edən: Xaqani Cavadoğlu