Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/11/20/oldos-haksli-cesur-yeni-dunya-21-5/

(davamı)

ON SƏKKİZİNCİ HİSSƏ

        Qapı aralı idi; içəri girdilər.

– Con!

Vanna otağından xoşagəlməz bir səs eşidildi.

– Nə isə olub? – deyə Helmholts uca səslə soruşdu.

Cavab gəlmədi. Xoşagəlməz səs iki dəfə təkrar olundu sonra səssizlik çökdü. Daha sonra vanna otağının qapısı şıqqıltı ilə açıldı Vəhşi rəngi qaçmış halda çölə çıxdı.

– Con, sən çox xəstə görünürsən! – Helmholts həyəcanla dedi.

– Mədəni xarab eləyən nə isə yemisən? – deyə Bernard soruşdu.

Vəhşi başı ilə təsdiqlədi

– Sivilizasiya yemişəm

– Nə?

– Sivilizasiyadan zəhərlənmişəm; qəlbimi çirkləndirib. Bir də, – deyə alçaq səslə əlavə elədi, – daxilimdəki yamanlığı yemişəm.

– Bunlar aydındır, ancaq konkret olaraq nə yemisən?… Demək istəyirəm ki, bayaq…

– İndi təmizlənmişəm, – Vəhşi dedi. – Xardalla bir az ilıq su içmişəm.

Çaşqınlıq içində ona baxdılar.

– Yəni demək istəyirsən ki, qəsdən özünü qusdurubsan? – deyə Bernard soruşdu.

– Hindilər özlərini belə təmizləyir. – Əyləşdi, dərindən nəfəs aldı və əlini alnına qoydu. – Bir az dincəlim. Yorulmuşam.

– Təəccüblü deyil, – Helmholts dedi. Qısa bir səssizlikdən sonra, – Sağollaşmağa gəlmişik, – deyərək fərqli tonda sözünə davam elədi. – Sabah gedirik.

– Bəli, sabah gedirik, – Bernard dedi. Vəhşi Bernardın sifətində bu vaxta qədər görmədiyi qəti təslimçilik ifadəsi gördü. – Con, yeri gəlmişkən, – deyə sözünə davam elədi və əyləşdiyi stulda irəli əyilərək bir əlini Vəhşinin dizinə qoydu, – xahiş edirəm, dünənkinə görə məni bağışla. – Qızardı. – Elə utanıram ki, – səsi titrədi, – elə…

Vəhşi Bernardın sözünü kəsərək əlindən tutdu və mehribancasına sıxdı.

– Sağ olsun, Helmholts mənə ürək-dirək verdi. – O olmasaydı mən…

– Aa, bəsdir, – Helmholts dedi

Susdular. Ayrılacaqlarına kədərlənirdilər, çünki bir-birilərinə bağlanmışdılar, ancaq hər üçü bağlılıq və qarşılıqlı sevgi əlaməti olan kədərə görə şad idi.

Nəhayət, Vəhşi dedi:

– Bu səhər baş müffətişin yanına getmişdim.

– Niyə?

– Sizinlə birlikdə adalara getməyimə icazə verib verməyəcəyini soruşmaq üçün.

– Bəs o nə dedi? – deyə Helmhotls həyəcanla soruşdu.

Con başını silkələdi.

– İcazə vermədi.

– Axı niyə?

– Dedi ki, təcrübəni davam elətdirmək istəyir. Ancaq mən bundan sonra öz üzərimdə təcrübə aparmağa icazə versəm, Allah mənə lənət eləsin! – deyə Vəhşi hiddətlə bilirdi. Dünyanın bütün İdarəediciləri bir yer yığılsa da, olmaz. Sabah mən də çıxıb gedirəm.

– Hara? – deyə hər ikisi bir ağızdan, soruşdular.

Vəhşi çiyinlərini çəkdi.

– Hara olur olsun. Mənim üçün fərqi yoxdur. Təki, yalqız qala biləcəyim bir yer olsun.

London-Portsmutdan Gilforda gedən hava nəqliyyat xətti Uey dərəsindən Qodalminqə oradan Milford və Uitli üzərindən Heylsmirə oradan da Pitersfild və Portsmuta uzanırdı. Bu təyyarə xəttinə demək olar ki, paralel olaraq Uorplesdon, Tonqam, Patnham, Elsted və Qreyşotdan keçən alt xətt keçirdi. Hoqbək və Hayndhed arasında elə yerlər var idi ki, əvvəllər bu xətlər bir-birindən cəmi beş-altı kilometr məsafədən keçirdi. Bu məsafə ehtiyatsız təyyarəçilər üçün çox qısa idi – xüsusən də gecələr, özü də yarım qram çox soma qəbul edənlər üçün. Qəzalar baş vermişdi. Çox ağır qəzalar. Üst Partsmut-London xəttinin istiqamətini bir neçə kilometr qərbə doğru dəyişməyə qərar verilmişdi. Qreyşot və Tanqam arasında dörd dənə atılmış hava mayakı keçmiş Partsmut-London yolunu göstərirdi. Hava mayaklarının üzərindəki göy üzü səssiz və boş idi. İndi Selborn, Borden və Farnam üzərində helikopterlərin uğultu və gurultusu susmaq bilmirdi.

Vəhşi Patnham və Elsted arasındakı təpənin zirvəsindəki köhnə mayakı öz zahidlik iqamətgahı olaraq seçmişdi. Bina dəmir-betondan tikilmişdi və çox yaxşı vəziyyətdə idi.

“Bura yaşamaq çox rahat olacaq” – deyə Vəhşi binanı ilk dəfə gəzərkən öz-özünə düşünmüşdü – bura çox sivil və rahatdır”. Bunun əvəzində özünə sərt nizam-intizam tam və hərtərəfli təmizlənmə tətbiq etməyə söz verməklə vicdanını sakitləşdirmişdi. Zahidliyin ilk gecəsini səhərə kimi oyaq qalmaqla keçirdi. Diz üstə çökərək gah günahkar Klavdinin yalvararaq bağışlama dilədiyi səmaya, gah Zuni dilində Avonavilonaya, gah İsaya və Pukonqa, gah da qoruyucu heyvanı olan qartala dua etdi. Aradabir çarmıxa çəkilmiş kimi qollarını aralayır, ağrı şiddətli və dözülməz olanadək uzun müddət saxlayır titrəyən qollarını aşağı salmadan möhkəm sıxılmış dişlərlə (sifətindən isə puçur-puçur tər axırdı), – Ah, məni bağışla! Ah, məni paklaşdır! Ah, yaxşı insan olmağıma kömək et! – deyə təkrar edirdi.

Səhər açılanda hiss etdi ki, mayakda yaşamaq haqqı var; bəli, pəncərələrin çoxunda hələ də şüşə olmasına baxmayaraq, yuxarı platformadan görünən mənzərənin möhtəşəm olmasına baxmayaraq haqqı olduğunu hiss edirdi. Ona görə ki, mayak seçməyi çox keçmədən başqa bir yerə getmək istəyinə səbəb olmuşdu. Burada yaşamağa ona görə qərar vermişdi ki, mənzərə çox gözəl idi, sanki müqəddəs varlığın zühurunu izləyirdi. Fəqət Vəhşi nə karə idi ki, gözlərinə əsrarəngiz gözəllik ehsanı versin? Nə karə idi ki, Allahın hüzurunda yaşayaydı? Yaşamaq haqqı olan yeganə yer donuz axuru, torpaqda dərin bir yuva ola bilərdi… Keçirdiyi acı dolu uzun bir gecədən sonra hər yeri qurumuş və ağrılar içində idi, ancaq məhz elə bu səbəbdən ruhlanmış halda qüllənin platformasına çıxdı yaşamaq hüququ qazandığı gün işığı ilə nura boyanan dünyanı seyr elədi.

Üfüqdə şimal istiqamətində Hoqbək tabaşir silsiləsi uzanırdı, onun şərq qurtaracağında yeddi göydələndən ibarət Gilford ucalırdı. Onları gördükdə sifətini qırışdırdı; ancaq tezliklə onlara öyrəşəcəkdi, çünki onlar gecələr şən və simmetrik bürc kimi parıldayır, ya da projektorların işığında parlaq barmaqları ilə (o anda İngiltərədə Vəhşidən başqa heç kəsin anlamadığı hərəkətlə) yuxarı, səmanın anlaşılmaz sirlərinə işarə edirdilər.

Hoqbəki mayakın yerləşdiyi qumlu təpədən ayıran dərədə silos qüllələri, quşçuluq ferması və “D” vitamini istehsal edən kiçik fabrikdən ibarət doqquz mərtəbəli kiçik qəsəbə – Patnham görünürdü. Mayakın digər tərəfində cənuba doğru süpürgə kolu bitən maili yamaclar nohurlara tərəf enirdi. Göllərdən o tərəfə meşənin üzərində on dörd mərtəbəli Elsted qülləsi ucalırdı. Sisli İngilis havasında dumanlı görünən Hayndhed və Selborn onlara baxanların gözlərini tovlayaraq romantik mavi uzaqlara aparırdı. Ancaq Vəhşini mayaka sadəcə uzaqlar cəlb etməmişdi, yaxınlar da uzaqlar qədər cəlbedici və aldadıcı idi. Meşələr, süpürgə kolu və naz* bitmiş açıq məkanlar, küknarlar, sularına toz ağaclarının budaqları sallanan arabir parıldayan, üzərində ağ suzanbağı, sahilində qamış kolları bitən nohurlar – bütün bunlar gözəl idi və Amerika səhralarının quraqlığına öyrəşmiş gözləri heyran edirdi. Nə xoş tənhalıq! Günlərcə bir insan belə gözə dəyməzdi.

Mayak Çerinq T qülləsindən helikopterlə on beş dəqiqəlik məsafədə idi. Ancaq bu Surrey süpürgə çölləri adamsızlıqda Malpaisin təpələrindən heç də geri qalmırdı. Hər gün Londonu tərk edən kütlələr elektromaqnitli qolf və ya tennis oynamağa gedirdilər. Patnhamda oyun meydançaları yox idi; ən yaxın riman səthli meydançalar Gilfordda idi. Burada isə güllər və mənzərədən başqa heç nə yox idi. Gəlmək üçün heç bir səbəb olmadığından bura heç kəs gəlmirdi. Vəhşi ilk günlərdə təkbaşına rahatsız edilmədən yaşadı.

İngiltərəyə gələndə şəxsi xərclər üçün aldığı pulların böyük hissəsini indi Londonu tərk edərkən xərcləyirdi. Dörd dənə süni ipək və yundan hazırlanmış ədyal, ip, kəndir, bir az mismar, yapışqan, bəzi alətlər, bir az kibrit (ancaq sonradan od əldə etmək üçün burğu düzəltmək fikrində idi) bir neçə tava və qazan, on iki bağlama toxum və on kiloqram buğda unu almışdı. “Xeyr, sintetik nişasta və pambıq cecəsindən süni un olmaz” – deyə satıcıya təkid etmişdi. – Süni un daha bəsləyici olsa da lazım deyil. ” Ancaq satıcı polihormonlu peçenye və vitaminləşdirilmiş süni mal ətini ona zorla sırıya bildi. İndi konserv bankalarına və zəifliyinə görə özünə möhkəm acıqlanırdı. “Tfu, sivilizasiya pisliyi! Acından ölsəm də sizə barmağımı vurmaram. Mən onlara göstərəcəyəm! – deyə kinli-kinli düşündü. Elə özünə də zəifliyinə görə dərs olacaqdı.

Pullarını saydı. Əlində-ovcunda az pul qalmışdı, ancaq yəqin qışı çıxarmağına bəs edərdi. Yaz gələndə bağından xarici dünyadan azad ola biləcək qədər məhsul əldə edə biləcəkdi. Üstəlik ov da edə bilərdi. Çoxlu dovşan görmüşdü, nohurlarda su quşları da vardı. Yay və ox düzəltmək üçün dərhal işə girişdi.

Mayakın yaxınlığında göyrüş ağacları, oxlar üçün isə çoxlu cavan, dümdüz fındıq kolları var idi. Cavan bir göyrüş ağacını kəsib yerə yıxmaqla işə başladı, üç metrlik budaqlara ayrılmayan budağı kəsdi, qabığını soydu və onu özü boyda, ortası yoğun, ucları əyilgən olanadək qoca Mitsimanın öyrətdiyi kimi ehtiyatla və incə-incə yondu. Gördüyü işdən hədsiz ləzzət almışdı. Bir şeyə ehtiyacı olduqda düymə basmaq, ya da dəstəyi çevirməkdən başqa əlini ağdan qaraya vurmadığı Londonda avaraçılıqla keçirdiyi həftələrdən sonra bacarıq və səbir tələb edən işin həsrətində idi.

Yayı bıçaqla yonub qurtarmaq üzrəydi ki, birdən dərk etdi ki, – mahnı oxuyur! Sanki bayırdan qəfil içəri girərək özü ilə toqquşmuş və səndələmişdi. Utanıb qızardı, elə bil özü-özünü cinayət başında yaxalamışdı. Axı buraya mahnı oxuyub şənlənməyə gəlməmişdi. Sivilizasiyanın pisliyinə daha çox bulaşmamaq üçün qaçıb qurtulmuşdu;

bunu təmizlənmək və yaxşı insan olmaq üçün etmişdi; fəal əməklə islah olunmaq, günahını yumaq üçün gəlmişdi. Heyrətdən donub qalmış halda, yayını yona-yona fikrə dalarkən zavallı Lindanı və ona qarşı öz öldürücü qəddarlığını, Lindanın ölüm yatağı üzərində qarışqa kimi qaynaşan iyrənc əkizləri, orada olmaları ilə sadəcə onun kədər və peşmançılığını deyil, tanrılara da həqarət etmiş olan o iyrənc əkizləri unutduğunun fərqinə vardı. Bunları heç vaxt unutmamağa söz vermişdi. Yorulmaq bilmədən günahlarını yuyacağına və özünü islah edəcəyinə and içmişi.

İndi isə oturub yay yona-yona həvəslə mahnı oxuyur, bəli-bəli, mahnı oxuyur…

İçəri keçdi, xardal qutusunu açdı, qaynamaq üçün alovun üzərinə su qoydu.

Yarım saat sonra Elstedə gedən üç Patnham delta minuslarından ibarət əkiz kənd təsərrüfat işçiləri onun yanından gəlib keçdilər. Təpənin başındakı atılmış mayakın bayırında düyünlənmiş iplərdən düzəltdiyi qırmancla özünü döyən beldən yuxarı çılpaq gənci gördükdə təəccübdən ağızları açıq qaldı. Gəncin kürəyi zolaq-zolaq idi və zolaqlardan qan süzülürdü. Sürücü yük maşınını yolun kənarında saxlayıb iki yoldaşı ilə birlikdə ağzı açıq bu qeyri-adi səhnəni izləyir və zərbələri sayırdılar. Bir, iki, üç… Gənc səkkizinci zərbədən sonra özünü cəzalandırmağa ara verdi və meşənin qırağına qaçıb öyüyərək qusmağa başladı. Sonra qırmancı götürüb yenidən özünü döyməyə başladı. Doqquz, on, on bir, on iki…

– Ford! – deyə sürücü pıçıldadı. Yanındakı əkizlər çaşqınlıqda ondan heç də geri qalmırdılar.

– Aman Ford! – dedilər.

Üç gün sonra qəzet müxbirləri qarışqa şirəyə yığışan kimi tökülüb gəldilər.

Asta yanan odun üzərində qurudulub bərkiyən yay hazırlanmışdı. Vəhşi indi də oxlara məşğul idi. Otuz dənə fındıq çubuğu yonulub qurudulmuş, uclarına iti mismarlar taxılmış, yaya qoyulan arxa tərəflərində girinti kəsilmişdi. Axşam Patnham quş fermasına basqın edərək bütov bir qəbiləni oxla təchiz edəcək qədər lələk gətirmişdi. İlk müxbir, Vəhşi oxlara lələk taxarkən gəlib çıxdı. Öz hava doldurulmuş ayaqqabıları ilə səs çıxarmadan sakitcə arxadan ona yaxınlaşdı.

– Salam, cənab Vəhşi, – dedi. – Mən “Saatbaşı radiosu”ndan gəlmişəm.

Vəhşi sanki ilan çalıbmış kimi diksinib ayağa duranda oxlar, lələklər, yapışqan və fırça ətrafa səpələndi.

– Üzr istəyirəm, – müxbir səmimi peşmanlıqla, dedi. – Niyyətim sizi… – deyərək papağına – simsiz qəbul edici və ötürücü yerləşdirilən alüminium silindrə toxundu. – Papağımı çıxarmadığım üçün mən bağışlayın, – dedi. – Bir az ağırdır. Bayaq dediyim kimi mən “Saatbaşı radiosu”ndan gəlmişəm…

– Nə istəyirsiniz? – deyə Vəhşi qaşlarını çataraq soruşdu.

Müxbir özünü ən yaltaq gülümsəmələrindən biri ilə cavab verdi.

– Şübhəsiz oxucularımız böyük maraqla… – Başını yana əydi, gülümsəməyi demək olar ki, cilvəli olmuşdu. – Lütfən bir neçə söz deyin, cənab Vəhşi, – dedi və ardınca əl-qol hərəkəti ilə belinə dolanmış portativ batareyanın iki şnuru açaraq dərhal da alüminium silindrinin kənarlarındakı yuvalara taxdı; papağının başındakı bir yayı işə saldı – antenalar tarakan bığları kimi çıxdı; başqa birini işə saldı – qutudan sıçrayıb çıxan sürpriz oyuncaq kimi bir mikrofon çıxdı və burnunun qabağında titrəyərək asılı qaldı. Qulaqcıqları taxdı, papağın sol tərəfindəki bir düyməni basdı və papağın içindən eşşəkarısı vızıltısına oxşayan bir səs gəldi; sağda bir dəstəyi çevirdi – vızıltı, xırıltı, civilti, hıçqırtı və fışıltı ilə əvəz olundu.

– Alo, – müxbir mikrofona dedi. – Alo, alo…- Birdən papağının içində zəng çalındı. – Edzel sənsən? Danışan Primo Mellondur. Bəli, onu tapmışam. İndi cənab Vəhşi mikrofonu götürüb bir neçə kəlmə söz deyəcək. Elə deyilmi, cənab Vəhşi? – Başını qaldırıb yaltaq gülüşlə Vəhşiyə baxdı. – Bir neçə kəlmə ilə buraya gəlməyinizin səbəblərini oxucularımıza izah edin. Qəfildən Londonu tərk etməyə (bir dəqiqə Edzel!) sizi nə vadar elədi? Əlbəttə, özünüzü qırmanclamağınızın səbəbini də bilmək istərdik? (Vəhşi diksindi. Qırmanc barədə haradan bilirlər?) Qırmanc barədə çox maraqlanırıq. Bir də sivilizasiya barədə bir neçə kəlmə deyərdiniz. Özünüz bilirsiniz də, – “Mədəni qız barədə nə düşünürəm” – bu kimi mövzular. Çox lazım deyil, bir neçə kəlmə…

Vəhşi sözün əsl mənasında bir neçə kəlmə ilə cavab verdi. Beşcə dənə söz dedi – vəssalam. İlahi evinin baş mahnı oxuyanı barədə dediyi sözlər:

– Hani! Sons eso tse-na! – sonra müxbirin çiynindən tutub üzünü qapıya tərəf çevirdi (arxası lazımınca qabarıq idi) nişan aldı və çempion futbolçular kimi ayağı ilə güclü və sərrast bir zərbə ilişdirdi.

Səkkiz dəqiqə sonra “Saatbaşı radiosu”nun son nömrəsi Londonu küçələrində satışda idi. İlk səhifədə iri hərflərlə yazılmışdı: SİRLİ VƏHŞİ SAATBAŞI RADİOSUNUN MÜXBİRİNİN YANINA TƏPİK VURDU. SURREYDA QALMAQAL.

– “Hətta Londona da təsir eləyib,” deyə müxbir Londona qayıdanda başlıqları görüb düşündü. “Özü də yaman ağrıdıcı təsiri var.” – Böyük səy göstərək nahar etmək üçün əyləşdi.

Müxbirin yanına vurulan zərbədən qorxub çəkinməyən dörd həmkarı – Nyu Yorkun “Tayms”, Frankfurtun “Dörd müstəvili kontinuum ” və “Delta mirror ”un müxbirləri həmin gün mayaka gəldilər və Vəhşi onları getdikcə artan qəzəblə qarşıladı.

“Fordian elmlərinə nəzarət”dən gələn müxbir təhlükəsiz məsafədən yanını ovuşduraraq, –

Avam axmaq! Soma qəbul et! – deyə çığırdı.

– Rədd ol! – deyə Vəhşi yumruğu ilə hədələdi.

O birisi bir neçə addım geri çəkildi sonra döndü:

– Bir-iki qram qəbul et ki, bədbəxtlik yox olub getsin.

Vəhşi hədə və istehza dolu bir səslə cavab verdi:

– Kohakva iyathokyai!

– Ağrı hisslərin aldanışıdır.

– Eləmi? – deyə Vəhşi qalın fındıq budağı götürüb üstünə yeridi.

– “Fordian elmlərinə nəzarət”dən gələn müxbir tələsik helikopterə cumdu.


*Naz – sarıçiçəkli çöl bitkisi.

Davamı: https://klv.az/2023/12/04/oldos-haksli-cesur-yeni-dunya-21-6/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əli Ağazadə. Cənnət qonağı

Ça Noy 28 , 2023
Ənbər gülüm, həyatın qanunu hər şeydən üstün, Bir də səni görmək arzum qiyamətə qalası… Ayağını göylər öpdü, yeri oldu “İlliyun”. Özü burda şəhid oldu, Kərbəlada ağası…   Xeyrə qənşər! Gecəli – gündüzlü yol çəkib gedər, Uğur da görər, şərə də düşər insan ayağı. Allah adamı olmaq insandan istər bir hünər. […]