Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/11/06/oldos-haksli-cesur-yeni-dunya-21-4/

(davamı)

ON ALTINCI HİSSƏ

Hər üçünü Dünya İdarəedicisinin iş otağına gətirdilər. – Ford həzrətləri bir az sonra aşağı düşəcək – deyən qamma eşik ağası çıxıb getdi.

Helmholts yüksək səslə qəhqəhə çəkdi.

– Məhkəmədən çox kofein qonaqlığına oxşayır – dedi və hava doldurulmuş kreslolardan birinə sərələndi. Dostunun yamyaşıl dilxor sifətini gördükdə, – Burnunu sallama, Bernard, – dedi. Amma Bernard başını qaldırmadı; cavab vermədən və Helmholtsun üzünə belə baxmadan rəhbərliyin qəzəbini bir az da olsa, azaltmaq ümidi ilə ən narahat kresloda əyləşdi.

Bu arada Vəhşi hövsələsizliklə otaqda var-gəl edir, rəfdəki kitablara ötəri nəzər salır, nömrələnmiş hücrələrdəki səs rulonlarına göz gəzdirirdi. Pəncərənin altındakı masanın üzərində üstünə yumşaq, süni dəri çəkilmiş, iri, qızılı rəngli “T” yazılmış geniş cild kitab var idi. Kitabı əlinə alıb açdı. “HƏYATIM VƏ ƏSƏRLƏRİM” YAZAR FORDUMUZ. Detroytda Fordian Elmlərinin Təbliği Cəmiyyəti tərəfindən nəşr edilmişdi. Bekarçılıqdan kitabı vərəqlədi, aradabir bir-iki ifadə və abzas oxuyaraq belə bir qənaətə gəldi ki, kitab maraqlı deyil, elə bu dəmdə qapı açıldı və qərbi Avropa üzrə İdarəedici çevik addımlarla içəri girdi.

Mustafa Mond üçünün də əlini sıxdı, ancaq söhbətini Vəhşiyə xitabən başladı.

– Deməli sivilizasiya elə də xoşunuza gəlmir, cənab Vəhşi?

Vəhşi İdarəediciyə baxdı. Özünü yalan deməyə, səs-küy salmağa, qaşqabaq sallayıb susmağa hazırlamışdı, ancaq İdarəedicinin üzündəki həlim intellekt ifadəsini gördükdə açıq-açığına həqiqəti söyləmək qərarına gəldi.

– Xeyr, xoşuma gəlmir.

Bernard qorxudan diksindi. İdarəedici nə fikirləşəcək? Sivilizasiyanı xoşlamadığını söyləyən (özü də kimə? Dünya İdarəedicisinə!) biri ilə dostluq etmək qorxulu idi.

– Con, sən nə danışırsan… – Bernard dedi. Mustafa Mondun bircə baxışı yazıqcasına susmağa kifayət elədi.

– Əlbəttə, – deyə Vəhşi sözünə davam elədi, – yaxşı tərəfləri də var. Məsələn, səslənən musiqilər…

“Sanki yüz cürə alət qulağında səslənir”*

Vəhşinin üzü ani bir zövqlə aydınlandı.

– Siz də oxumuşsunuz? Elə bilirdim burada – İngiltərədə heç kəs Şekspiri tanımır.

– Demək olar ki, heç kəs. Mən tanıyan çox az sayda insanlardan biriyəm. Bilirsiniz, Şekspirin əsərləri qadağan olunub. Ancaq qanunları mən qoyduğum üçün elə mən də poza bilərəm. Özü də cəzalanmadan – deyə Bernarda tərəf çönərək əlavə elədi. – Əfsus ki, bu sizə də aid deyil.

Bernard daha da ümidsizcəsinə acizliyə qapıldı.

– Axı niyə qadağan ediblər? – deyə Vəhşi soruşdu. Şekspiri oxumuş biri ilə qarşılaşmaqdan elə sevinmişdi ki, bir müddət hər şey unutmuşdu.

İdarəedici çiyinlərini çəkdi.

– Ona görə ki, köhnə-kürüşdür; əsas səbəb budur. Bizə köhnə şeylər lazım deyil.

– Çox gözəl olsa da?

– Xüsusən də əgər gözəldirsə. Gözəllik cəlbedicidir və biz köhnə şeylərin insanlarımızı cəlb etməyini istəmirik. İstəyirik yeni şeyləri sevsinlər.

– Axı sizin yeni şeyləriniz elə axmaq və pisdir ki. Başdan sonadək helikopterlərin uçduğu və öpüşmə səhnələrinin duyulduğu filmlər. – Üz-gözünü turşudu. “Keçilər və meymunlar!” – Yalnız Otellonun dili ilə öz həqarət və nifrətini istədiyi kimi ifadə edə bildi.

– Hər halda, əhliləşdirilmiş qəşəng heyvanlardır, – İdarəedici dırnaqarası mənada dedi.

– Niyə bunların əvəzinə “Otello”ya baxmalarına icazə vermirsiniz?

– Dedim axı, köhnədir. Üstəlik onlar “Otello”nu anlamazlar.

Bəli, bu doğrudur. Vəhşi Helmholtsun “Romeo və Cülyetta”ya necə güldüyünü xatırladı.

– Elə isə “Otello”ya oxşar bir şey olsun, onda anlayalar, – qısa səssizlikdən sonra dedi.

– Çoxdandır belə bir şey yazmaq istəyirdik, – deyə Helmholts axır ki, söhbətə qoşuldu.

– Və heç vaxt da yaza bilməyəcəksiniz – dedi, – çünki əgər doğrudan da “Otello”ya oxşar bir şey olsa, heç kəs anlamayacaq. Yox əgər yeni olsa, “Otello”ya oxşamayacaq.

– Axı niyə?

– Bəli, axı niyə? – deyə Helmholts təkrar elədi. O da vəziyyətin xoşagəlməz gerçəkliyini unutmuşdu. Yalnız qorxu və paxıllıqdan rəngi yamyaşıl olan Bernard unutmamışdı, ona isə məhəl qoyan yox idi.

– Nəyə görə?

– Ona görə ki, dünyamız “Otello”nun dünyası deyil. “Ford”lar üçün polad necə mühümdürsə, faciələr üçün də sosial çalxalanma elə önəmlidir. İndi dünya sabitdir. İnsanlar xoşbəxtdir; istədiklərini əldə edirlər, əldə edə bilməyəcəklərini də istəmirlər. Firavan, təhlükəsiz yaşayırlar; xəstəliyin nə olduğunu bilmirlər; ölümdən qorxmurlar; ehtiras və qocalıqdan bixəbərdirlər və bundan çox məmnundurlar; günlərini göy əskiyə bükəcək ataları və anaları yoxdur; nə həyat yoldaşları var, nə uşaqları, nə də sevgililəri, deməli, güclü hiss və həyəcanları da yoxdur; elə formalaşdırılıb və tərbiyələndiriliblər ki, demək olar ki, icazə verilən davranış çərçivəsindən kənara çıxa bilmirlər. İşdir, birdən nə isə alınmazsa, somamız var. Siz isə, cənab Vəhşi, azadlıq naminə somanı pəncərədən tolazlayırsınız. Azadlıq! – güldü. – Elə bilirdiniz deltalar azadlığın nə olduğunu bilir! İndi də elə bilirsiniz ki, “Otello”nu başa düşəcəklər. Eh, mənim əziz dostum!

Vəhşi bir müddət susdu. Sonra inadla:

– Yenə də, “Otello” yaxşıdır, o duyulan filmlərdən daha yaxşıdır.

– Əlbəttə yaxşıdır, – deyə razılaşdı, ancaq sabitlik naminə verəcəyimiz qurban da elə budur. Xoşbəxtlik ilə keçmişdə insanların yüksək incəsənət adlandırdığı şey arasında seçim etməli olduq. Yüksək incəsənəti qurban verdik. Əvəzində duyulan filmlərimiz və ətirli orqanımız var.

– Ancaq onların heç bir mənası yoxdur.

– Onlarda camaat üçün xoş olan çoxlu duyğular var.

– Axı bu… bu axmaqların cəfəng danışığıdır.*

İdarəedici güldü. – Dostunuz cənab Uotsona – ən məşhur duyğu mühəndislərimizdən birinə qarşı kobudluq edirsiniz.

– Ancaq o haqlıdır, – deyə Helmholts qaşqabaqla dedi, – çünki bu axmaqlıqdır. Deyiləcək heç nə yox ikən yazmaq…

– Tamamilə razıyam. Fəqət bu çox böyük fərasət tələb edir. Elə bil ki, az miqdarda poladdan maşın düzəldirsən – demək olar ki, yalın qavrayışlardan incəsənət əsəri yaradırsan.

Vəhşi başını silkələdi.

– Bunların hamısı mənə qorxunc görünür.

– Əlbəttə görünəcək. Xoşbəxtlik iztirab müqabilində qazanılanlarla müqayisədə miskin görünür. Və təbii ki, sabitlik sabitsizlik qədər rəngarəng deyil. Məmnuniyyət uğursuz qədərlə mübarizə romantikasından məhrumdur, burada şirniklənmə ilə çarpışmanın gözəlliyi və ya ehtiras yaxud şübhənin əli ilə ölümcül devrilmə effekti yoxdur. Xoşbəxtlik heç vaxt möhtəşəm və əzəmətli olmur.

– Qoy lap elə olsun, – bir müddət susduqdan sonra Vəhşi dedi. – Ancaq bu əkizlər qədər dəhşətli olmasa olmazmı? – Əlini gözlərinə çəkərək sanki montaj sexindəki cırtdan boylular dəstəsini, Brentford təkreysli qatar stansiyanın girişindəki quyruq kimi uzanan əkizləri, Lindanın ölüm yatağının ətrafında qaynaşan qurdları və üstünə hücum çəkən bitmək bilmədən təkrarlanan sifətləri hafizəsindən silməyə çalışdı. Sarınmış əlinə baxıb diksindi. – Dəhşət!

– Fəqət necə faydalıdır! Görürəm Bokanovski qruplarımız xoşunuza gəlməyib, ancaq sizi əmin edirəm ki, bu qruplar yerdə qalan hər şeyin əsasını təşkil edir. Onlar dövlət raketini səmtindən sapdırmadan yönləndirən jiroskopdur.* İdarəedicinin səsi həyəcandan titrəyirdi, əl-qol hərəkətləri fəzanı və raketin qarşısıalınmaz uçuşunu təsvir edirdi. Mustafa Mondun natiqlik istedadı az qala, sintetik standartlar səviyyəsinə çatmışdı.

– Mənə maraqlıdır ki, – Vəhşi dedi, – onları nə üçün yaratmısınız? O şüşələrlə istədiyiniz hər şeyi əldə edə bilərsiniz. Elədirsə niyə hamını alfa plyus yaratmırsınız?

Mustafa Mond güldü. – Canımızdan bezməmişik, ona görə, – dedi. – Xoşbəxtlik və sabitliyə inanırıq. Alfalardan ibarət bir cəmiyyət gec-tez sabitsizliyə və bədbəxtliyə məhkumdur. İşçilərinin yalnız alfa plyuslardan ibarət bir fabriki təsəvvür edin – yəni ayrı və qohumluq əlaqələri olmayan, yaxşı irsiyyətə sahib, müəyyən hüdud çərçivəsində azad seçim və məsuliyyətli qərarlar verməyə qadir ola biləcək səviyyədə formalaşdırılmış fərdlər. Təsəvvür edin! – deyə təkrar elədi.

Vəhşi təsəvvür eləməyə çalışdı, ancaq alınmadı.

– Bu ki, absurddur, alfa kimi yaradılmış və tərbiyələndirilmiş birinə epsilon ağıldankəmin gördüyü işi tapşırsaydıq o, ya dəli olar, ya da ki, ətrafındakı hər şeyi dağıtmağa başlayardı. Alfalar cəmiyyətin çox yaxşı üzvü ola bilər, ancaq bir şərtlə ki, alfa işlərini yerinə yetirsinlər. Epsilonun işi ilə bağlı zəhmət və əziyyətləri yalnız epsilondan gözləmək olar, ona görə ki, epsilonlar üçün bu əziyyət yox, ən zəif müqavimət həddidir. Onların tərbiyələndirilməsi fəaliyyət hüdudlarını müəyyən etmişdir. Bu onların özlərindən asılı deyil, taleləri əvvəlcədən yazılmışdır. Şüşədən çıxarıldıqdan sonra da şüşədə qalmağa davam edirlər – embrion və körpəyə aşılanan gözəgörünməz reflekslər şüşəsində. Əlbəttə hər birimiz, – deyə düşüncəli bir şəkildə davam elədi, – həyatımızı şüşədə keçiririk. Ancaq əgər biz alfa isək şüşələrimiz aşağı kastaların şüşələri ilə müqayisədə çox böyükdür. Kiçik həcmli şüşələrdə çox böyük əziyyət çəkərdik. Yüksək kastaların süni şampanlarını alçaq kastaların şüşəsinə tökmək olmaz. Bu artıq nəzəri cəhətdən aydındır. Təcrübə vasitəsilə də sübuta yetirilmişdir. Kipr eksperimenti inandırıcı nəticələr vermişdir.

– O nə eksperiment idi elə? – deyə Vəhşi soruşdu.

– Buna yenidən şüşələmə eksperimenti də demək olar, – deyə Mustafa Mond gülümsədi. Eksperimentə Ford erasının 473 ilində başlanıldı. İdarəedicilərin əmri ilə Kipr adası o vaxtkı bütün sakinlərdən təmizləndi və xüsusi olaraq yaradılmış iyirmi dörd min alfa qrupu ilə məskunlaşdırıldı. Öz işlərini yerinə yetirmək üçün onlara bütün lazım olan kənd təsərrüfatı və sənaye avadanlıqları verilmişdi. Nəticə nəzəri proqnozlarla üst-üstə düşdü. Torpağı lazımınca becərmir, bütün zavod və fabriklərdə tətillər keçirir, qanunlara məhəl qoymur, əmrlərə tabe olmurdular. Ağır işlər tapşırılan alfalar yüksək vəzifəyə keçmək üçün min cür oyundan çıxır, yüksək vəzifədə olanlar isə nəyin bahasına olursa olsun tutduqları vəzifədə qalmaq üçün əllərindən gələni edirdilər.

Heç altı il keçməmiş əməlli-başlı vətəndaş müharibəsi başladı. İyirmi iki min nəfərdən on iki mini qırıldı, sağ qalanlar isə hakimiyyətə yenidən rəhbərlik etmək üçün ərizə ilə müraciət etdilər. Xahiş yerinə yetirildi. Beləliklə tarixdə yeganə olan alfa cəmiyyətinə son qoyuldu.

Vəhşi dərindən ah çəkdi.

– Əhalinin ən münasib tərkibi, – deyə Mustafa Mond sözünə davam elədi, – doqquzda səkkizi su atlında, doqquzda biri isə suyun üstündə olan aysberqə əsasən yaradılmışdır.

– Yaxşı bəs suyun altında olanlar xoşbəxtdirmi?

– Suyun üstündə olanlardan daha xoşbəxtdirlər. Məsələn, buradakı dostlarınızdan daha xoşbəxt, – deyərək Helmholts və Bernarda işarə elədi.

– Bütün o ağır işlərə rəğmən?

– Ağır? Onlara heç də ağır gəlmir. Əksinə xoşlarına gəlir. Çətin deyil, bir içim su kimidir. Nə beyinləri yorulur, nə də ki, əzələləri. Yeddi saat yarım yüngül, yorucu olmayan iş, sonra isə soma payları, oyunlar, məhdudiyyətsiz cütləşmələr və duyulan filmlər. Başqa nə istəyə bilərlər ki? Əslində, – deyə əlavə elədi, – daha az iş saatları istəyə bilərlər. Biz də onlara daha az iş saatları verə bilərik. Aşağı kastaların iş gününü üç-dörd saata salmaq texniki cəhətdən çox asan bir şeydir. Ancaq bu onları daha xoşbəxt edərmi?

Xeyr, etməz. Yüz əlli ildən də çox əvvəl sınaqdan keçirilmişdi. Bütün İrlandiya ərazisində dörd saatlıq iş günü tətbiq olunmuşdu. Axırı nə oldu? İğtişaşlar və soma istehlakında böyük bir artım, vəssalam. Üç saatlıq boş vaxt nəinki xoşbəxtlik gətirmədi, əksinə insanlar bu boş vaxtdan qurtulmağa çalışırdılar. İxtiralar bürosu əməyə qənaət olunması ilə bağlı təkliflərlə dolub daşır. Minlərlə təklif var! – deyə Mustafa Mond qollarını geniş açdı. – Bəs biz onları niyə həyata keçirmirik? İşçilərin mənafeləri naminə; onlara boş vaxt vermək əsl qəddarlıq olardı. Bu kənd təsərrüfatına da aiddir. İstəsək ərzaq mallarını sintetik şəkildə istehsal edə bilərik, ancaq istehsal etmirik. Əhalinin üçdə birini kənd təsərrüfatı sahəsində məşğul olmasını istəyirik. Öz mənafeləri üçün, çünki qidanı torpaqdan əldə etmək üçün fabrikdə istehsal etməkdən daha çox vaxt tələb olunur. Bundan başqa sabitlik barədə də düşünməliyik. Dəyişiklik istəmirik. Hər bir dəyişiklik sabitlik üçün təhlükə törədir. Təklifləri yüz ölçüb, bir biçdikdən sonra həyata keçirməyimizin digər səbəbi də budur. Hər bir elmi ixtira dağıdıcı potensiala malikdir; bəzən hətta elmin özünü də mümkün düşmən kimi nəzərdən keçirməli oluruq. Bəli, hətta, elmin özünü də.

Elmi də? – deyə Vəhşi qaşlarını çatdı. Bu söz ona tanış idi. Ancaq əsl mənasını bilmirdi. Şekspir və kəndin yaşlıları elmdən heç bəhs etməmişdilər, Lindanı söhbətlərindən qeyri-müəyyən təsəvvürə malik idi: elmlə helikopter düzəldirdilər, elm qarğıdalı rəqslərini gülüşlə qarşılamağa səbəb olur, elm qırışların qarşısını alır və dişləri qoruyur. İdarəedicinin dediyi sözlərin mənasını anlamaq üçün səy göstərdi.

– Bəli, – deyə Mustafa Mond sözünə davam etdi, – bu da sabitlik üçün verməli olduğumuz başqa bir qurbandır. Xoşbəxtliklə təkcə incəsənət yox, elm də uyğun gəlmir. Elm təhlükəli şeydir; onu çox ehtiyatla ağızlıq və zəncirdə saxlamalı oluruq.

– Nə? – deyə Helmholts təəccüblə soruşdu. – Axı bəs hər yerdə car çəkirik ki, “Elm hər şeyin tacıdır”. Bu ki, çoxdan köhnəlmiş hipnopedik həqiqətdir.

– On üç yaşdan on yeddi yaşa kimi həftədə üç dəfə beynimizə yeridilən həqiqət, – deyə Bernard əlavə elədi.

– Hələ institutda aparılan təbliğatı demirəm…

– Doğrudur, ancaq hansı elm? – deyə Mustafa Mond istehza ilə soruşdu. – Siz elmi təlim keçməyibsiniz, ona görə də mühakimə yürüdə bilməzsiniz. Vaxtında mən də çox yaxşı fizik idim. Hətta həddən artıq yaxşı – bütün elmimizin kulinariya kitabı olduğunu və yemək bişirmə nəzəriyyəsini şübhə altına almağa, eləcə də yemək reseptləri kitabına baş aşpazın icazəsi olmadan əlavə etməyə heç kəsə icazə verilmədiyini başa düşəcək qədər yaxşı fizik idim. İndi baş aşpaz mən özüməm. Ancaq bir vaxtlar hər şeylə maraqlanan aşpaz şagirdi idim. Özbaşına nə isə bişirməyə başladım. Ziddiyyətli və qanunsuz yeməklər. – Susdu.

– Bəs axırı necə oldu? – deyə Helmholts özünü saxlaya bilməyib soruşdu.

– Sizin başınıza gələcək, az qala mənim də başıma gələcəkdi. – Məni az qala adaya göndərəcəkdilər.

Bu sözlərdən canına vicvicə düşən Bernard sərt və xoşagəlməz şəkildə davranmağa başladı.

– Məni adaya göndərəcəklər? – deyə ayağa sıçradı və İdarəçinin qarşısında dayanıb əlini qolunu ölçərək danışmağa başladı. – Məni göndərə bilməsiniz. Mən heç nə eləməmişəm. Hər şeyi onlar eləyib. And içirəm ki, onlar eləyib – deyərək ittihamedici tərzdə Helmholts və Vəhşini göstərdi. – Xahiş edirəm, məni İslandiyaya göndərməyin. Söz verirəm ki, səhvlərimi düzəldəcəyəm. Mənə şans verin. Xahiş edirəm, mənə şans verin – deyib göz yaşları tökməyə başladı. Ford haqqı, onların günahıdır, – deyə hönkürdü. – İslandiya olmasın. Xahiş edirəm, Ford həzrətləri, xahiş edirəm… – Acizlik və qorxaqlıq tutması nəticəsində İdarəedicinin qarşısında diz çökdü. Mustafa Mond onu yerdən qaldırmağa çalışdı, ancaq Bernard dizi üstə sürünməkdən əl çəkmədi, yalvarış sözlərinin ardı-arası kəsilmək bilmirdi. İş o yerə çatdı ki, axırda dördüncü katibinə zəng etməli oldu.

– Üç nəfər çağırın, – deyə əmr elədi, – və cənab Marksı yataq otağına aparın. Doyunca soma buxarı qəbul eləsin sonra da yatağa uzadın qoyun yatıb dincəlsin.

Dördüncü katib çölə çıxıb üç nəfər yaşıl forma geyinmiş əkiz xidmətçi ilə geri qayıtdı. Hələ də ağlayıb zarımaqda olan Bernardı çölə çıxardılar.

– Elə zarıyır elə bil başını kəsirlər, – Bernardın ardınca qapı örtüləndə İdarəedici dedi.

– Bir damcı ağlı olsa anlayardı ki, onun cəzası əslində mükafatdır. Adaya göndərilir. Dünyanın dörd bir tərəfindən göndərilən ən maraqlı kişi və qadınlarla tanış olacağı bir yerə. Onların hamısının fərdi yaşam şüuru müxtəlif səbəblərdən o qədər inkişaf edib ki, bizim birgə yaşam cəmiyyətinə yaramırlar. Onlar düzəndən məmnun olmayan öz müstəqil düşüncələri olan insanlardır. Bir sözlə, özlərində bir şəxsiyyət formalaşdıranlar. Sizə, demək olar ki, qibtə edirəm, cənab Uotson.

Helmholts güldü.

– Elə isə siz özünüz niyə adada deyilsiniz? – deyə soruşdu.

– Ona görə də mən sonda buna üstünlük verdim, – dedi. – Mənə seçim imkanı verdilər – ya sırf elmi işlərlə məşğul olmağı davam elətdirə biləcəyim adaya göndərilmək, ya da gələcəkdə Dünya İdarəedicisi vəzifəsinə yüksəlmək imkanı verən Dünya İdarəediciləri Şurasında çalışmaq. İkincini seçdim və elmdən əl çəkdim. Qısa bir səssizlikdən sonra, – Bəzən elmdən əl çəkdiyim üçün peşman oluram, – deyə əlavə elədi. – Xoşbəxtlik sərt ağadır. Kor-koranə qulluq etmək üçün tərbiyələndirilməmişsənsə, xoşbəxtliyə qulluq etmək, xüsusəndə başqalarının xoşbəxtliyinə xidmət etmək həqiqətə qulluq etməkdən qat-qat çətindir. – Dərindən nəfəs aldı, yenə susdu, sonra daha canlı bir tonla danışmağa davam etdi, – Ancaq vəzifə, vəzifədir. O, öz arzu və həvəslərimizdən daha vacibdir. Həqiqət məni cəlb edir. Mən elmi sevirəm. Ancaq həqiqət qorxuludur; elm isə cəmiyyət üçün təhlükəlidir. Faydalı olduğu qədər də təhlükəlidir. Elm bizə bəşər tarixindəki ən sabit tarazlığı bəxş etmişdir. Çindəki sabitlik belə bizimlə müqayisədə təhlükəli hesab oluna bilər. Hətta ibtidai anaxaqanlıqlar bizim qədər sabit olmayıblar. Bir daha təkrar edirəm ki, bütün bunlar elmin sayəsindədir. Ancaq biz imkan verə bilmərik ki, elm öz yaratdıqlarını özü də dağıtsın. Buna görə də elmi tədqiqatların miqyasını məhdudlaşdırırıq, buna görə də məni az qala adaya göndərəcəkdilər. Elmin günümüzün vacib problemlərindən savayı başqa işlərlə məşğul olmağına icazə vermirik. Bütün digər elmi tədqiqatların qarşısını səylə alırıq. – Qəribədir, – dedi və bir müddət susdu, – Fordumuzun dövründə insanların elmi tərəqqi barədə yazılanları oxuyanda adama elə gəlir ki, sanki heç nəyə baxmayaraq elmin sonsuz olaraq inkişaf etməsinə imkan verməyin mümkün olduğunu düşünürmüşlər. Elm ən ali xeyirxahlıq, həqiqət isə ən uca dəyər, yerdə qalan hər şey ikinci dərəcəli və əhəmiyyətsiz imiş. Doğrudur o vaxtlar da düşüncələr dəyişməyə başlamışdı. Tanrımız Ford şəxsən özü diqqəti həqiqət və gözəllikdən, rahatlıq və xoşbəxtliyə yönəltmək üçün böyük səylər göstərmişdir. Kütləvi istehsal dəyişiklik tələb edirdi. Ümumi xoşbəxtlik çarxları sabit şəkildə fırlatmağa qadirdir; həqiqət və gözəllik isə buna nail ola bilmir. Təbii ki, kütlələr siyasi hakimiyyəti ələ keçirən kimi ən ali dəyər həqiqət və gözəllik yox, xoşbəxtlik oldu. Ancaq yenə də elmi tədqiqatlara məhdudiyyətlər qoyulmurdu. İnsanlar həqiqət və gözəllik barədə elə danışırdılar ki, sanki onlar ali dəyərlər olmaqda qalırdılar. Bu vəziyyət doqquz illik müharibəyə qədər davam elədi. Bax o zaman başqa havaya oynamağa başladılar. Ətrafında Sibir xorası yayan bombaları partlayanda həqiqət və gözəlliyin nə mənası var? Müharibədən sonra ilk dəfə olaraq elm nəzarət altına alındı. O vaxtlar insanlar iştahalarının da nəzarət altına alınmasına razı idi. Dinc yaşamaq üçün hər şeyi qurban verməyə hazır idilər. O vaxtdan elmi nəzarətdə saxlayırıq. Əlbəttə, bu həqiqətə mənfi təsir edir, ancaq xoşbəxtlik çiçəklənir. Qurban vermədən heç nə əldə etmək olmaz. Xoşbəxtlik üçün qurban vermək lazımdır. Siz də qurban verirsiniz, cənab Uotson, çünki gözəlliklə həddindən artıq çox maraqlanırsınız. Mən də həqiqətlə həddindən çox maraqlanmışdım, əziyyətini də çəkdim.

– Axı siz adaya göndərilmədiniz, – Vəhşi uzun bir səssizliyə son qoyaraq dedi.

İdarəedici güldü. – Qurbanım da elə o oldu ki, xoşbəxtliyə xidmət etmək üçün qaldım. Özü də öz xoşbəxtliyimə yox başqalarının xoşbəxtliyinə xidmət etmək naminə. – Hələ yaxşı ki, – deyə bir müddətdən sonra əlavə etdi, – dünyada bu qədər çox ada var. Bilmirəm bu adalar olmasaydı nə edərdik. Yəqin hamınızı ölüm kameralarına göndərərdik. Yeri gəlmişkən, cənab Uotson, tropik iqlim sizə əl verir? Məsələn, Markiz ya da Samoa adaları? Yoxsa daha gümrahlaşdırıcı bir iqlim istəyirsiniz?

– Tamamilə əlverişsiz iqlimi olan bir yer istəyirəm, – Helmholts hava kreslosundan qalxaraq dedi. – Məncə iqlim nə qədər pis olsa, bir o qədər yaxşı yazmaq olar. Məsələn, çoxlu çovğunlu və küləkli bir yer…

İdarəedici başı ilə bəyəndiyini bildirdi.

– Cəsarətiniz xoşuma gəlir, cənab Uotson. Doğrudan, çox xoşuma gəlir. Ancaq rəsmi olaraq, elə o qədər də bəyənmirəm. Gülümsədi. – Folklend adaları necədir?

– Məncə yaxşı olar, – Helmholts dedi. – İndi isə icazənizlə gedim görüm zavallı Bernard necədir.


*Fırtına (5-ci pərdə, 1-ci səhnə) Mirandanın sözləri

*Makbet (5-ci pərdə, 5-ci səhnə) – (Tərcümə edəni: Abdulla Şaiq) – Sarsaqların dilində zinətli söz, ahəngdar bir ifadə, fəqət mahiyyətcə boş bir dastan…

*Jiroskop – hər cür vəziyyətdə öz sabitliyini mühafizə edən sərbəst oxlu cihaz.

Davamı: https://klv.az/2023/11/20/oldos-haksli-cesur-yeni-dunya-21-5/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İskəndər Pala ilə Məhəmməd Füzulinin "Su" qəsidəsi haqqında söhbət. Füzuli internet əsrində yaşasaydı...

İstanbulda olarkən dünyaşöhrətli türk yazıçısı, tanınmış tədqiqatçı İskəndər Pala ilə söhbətləşdik. İskəndər bəy bizi öz “iş yeri”ndə – “Pala yazıxanası”nda qarşıladı. Budəfəki söhbətimizdə Məhəmməd Füzulinin Həzrəti Məhəmməd peyğəmbərə həsr etdiyi “Su” qəsidəsi haqqında danışdıq.  Qeyd edim ki, İskəndər bəyin “Su qəsidəsi” adlı ayrıca kitabı var. Həmin kitabı oxumuşdum. Müsahibəmizdə onun […]