Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/10/30/oldos-haksli-cesur-yeni-dunya-21-3/

(davamı)

ON BEŞİNCİ HİSSƏ

Park Leyndəki öləcək xəstələr xəstəxanasının xidmət işçi heyəti səksən dörd nəfər sarışın saçlı qadın və yetmiş səkkiz nəfər qara saçlı uzunbaş kişi deltalardan ibarət olmaqla iki Bokanovski qrupuna ayrılmış yüz altmış iki nəfər deltadan ibarət idi. Saat altıda iş günü bitdikdə hər iki qrup xəstəxananın girişində toplanır və xəzinədarın köməkçisi onların gündəlik soma payını paylayırdı.

Liftdən çıxan Vəhşi onların arasına düşdü. Ancaq ağlı başqa yerdə idi – ölümü, üzüntüsünü və vicdan əzabını düşünürdü; mexaniki olaraq nə etdiyini bilmədən qələbəliyi yararaq özünə yol açdı.

– Kimi itələyirsən? Hara itələyirsən?

Çoxsaylı müxtəlif qırtlaqlardan alçaq və yüksək olmaqla sadəcə iki cür səs çıxır – ya ciyildəyir, ya da ki nərildəyirdi. Güzgü zalında olduğu tək davamlı olaraq təkrarlanan iki sifət – birisi kosasaqqal, çilli, portağal rəngli və parlaq; digəri arıq, saqqal basmış, dimdikburun – hiddətlə Vəhşiyə tərəf çevrilmişdi. Deyinmələri və qabırğasına dirsəklə vurulan zərbələr Vəhşinin dalğınlığına son qoydu. Bir daha oyanaraq xarici gerçəkliklə qarşı-qarşıya gəldi, ətrafına baxdı, dərin bir dəhşət və iyrənmə hiss ilə gördü ki, onu yenə də gündüzlərini və gecələrini dolduran bitmək bilməyən dəlilik, hər tərəfdə qaynayan ayırd edilməsi mümkün olmayan eynilik kabusu əhatə edir.

Əkizlər, əkizlər… Onlar palatada qurd kimi qaynaşır və Lindanın ölümünü təhqir edirdilər. Burada da qurdlar qaynaşırdılar, ancaq bu dəfə daha iri və yetkin idilər, üzüntüsünün və peşmanlığının üzəri ilə sürünürdülər. Dayanıb dəhşət dolu və çaşqın gözlərlə ətrafındakı xaki güruha baxdı. Onların düz ortasında və bir baş yuxarıdan seyr edirdi. – “Nə qədər çox gözəl məxluqat görürəm! – istehzalı sözlər yaddaşında bir mahnı kimi canlandı. – Belə insanları olan cəsur yeni dünya nə gözəl, necə cazibəliymiş! Hey cəsur yeni dünya…”*

– Soma payalamağa başlayırıq! – yüksək bir səs dedi. – Xahiş edirəm ardıcıllığa riayət edin. Bir az cəld olun.

Qapı açılmış, girişə masa və stul çıxarılmışdı. Paylanmanın başlandığını bildirən özü ilə qara dəmir seyf gətirən gənc alfa idi. Kütlə paylayıcını razılıq bildirən uğultu ilə qarşıladı. Vəhşini tamam yaddan çıxardılar. İndi diqqətləri gənc alfanın masaya qoyduğu və kilidini açmağa çalışdığı qara dəmir seyfə yönəlmişdi. Seyfin qapısı açıldı.

– Oo-oh! – yüz altmış iki nəfər hamısı bir ağızdan atəşfəşanlıq izləyirmişlər kimi, dedi.

Gənc, seyfdən bir ovuc həb qutusu çıxardı.

– İndi bir-bir, basabas yaratmadan yaxınlaşın, – amiranə bir tonla dedi.

Əkizlər növbə ilə itləşmədən yaxınlaşdılar. Əvvəl iki kişi bir qadın, sonra daha iki kişi, sonra üç qadın…

Vəhşi isə elə hey izləyirdi. – “Hey cəsur yeni dünya! Hey cəsur yeni dünya…” Beynindəki melodiyanın tonu sanki dəyişmişdi. Üzüntüsü və iztirabı ilə istehza etmişdilər, özü de necə iyrənc bir şəkildə! Qəddarcasına qəhqəhə çəkərək, səfalət və kabusun çirkab dolu çirkinliyinə bulaşmışdılar. İndi anidən döyüşə çağırış borusu səsləndi. – “Hey cəsur yeni dünya!” Miranda təntənə ilə bildirirdi ki, dünyanın gözəlliyi mümkündür və hətta bu kabusu gözəl və ali bir şeyə çevirmək olar. – “Hey cəsur yeni dünya!” Bu bir meydan oxuma, bir əmr idi.

– İtələşməyi dərhal kəsin! – deyə gənc alfa çığırdı və seyfin qapısını hirslə çırpıb bağladı. – Qayda-qanunu bərpa etməsəniz paylaşdırmanı dayandıracağam.

Deltalar donquldandılar, itələşdilər və sakitləşdilər. Hədə öz işini görmüşdü. Somadan məhrum olmaq dəhşətli dərəcə qorxunc idi!

– Bax belə – gənc dedi və seyfin qapağını yenidən açdı.

Linda bütün həyatını qul kimi yaşamış və ölmüşdü. Digərləri azad yaşamalı, dünya gözəlləşdirilməli idi. Onun vəzifəsi və borcu bundan ibarət idi. Vəhşi birdən nə etməli olduğunu anladı. Sanki pəncərə qapağı qaldırılmış, pərdələr çəkilmişdi.

– Növbəti – paylayıcı dedi.

Başqa bir xaki geyinmiş qadın qarşıya çıxdı.

– Dayanın! – deyə Vəhşi yüksək, cingiltili bir səslə, bağırdı. – Dayanın!

Qarşısındakıları itələyərək masaya çatdı; deltalar çaşqınlıq içində ona baxırdılar.

– Aman Ford! – paylayıcı alçaq səslə, dedi. – Bu ki, Vəhşidir. – Qorxurdu.

– Rica edirəm, dinləyəsiniz, – Vəhşi ciddi bir səslə dedi. – Mənə qulaq asın… – Bu vaxtacan heç vaxt camaat qarşısında danışmamışdı, fikirlərini ifadə etməkdə çətinlik çəkirdi. – O pis maddəni qəbul etməyin. O, zəhərdir, zəhər.

– Qulaq asın, cənab Vəhşi, – paylayıcı dedi və sakitləşdirməyə çalışaraq gülümsədi. – İcazə versəydiniz…

– Bədəniniz üçün də, ruhunuza üçün də zəhərdir.

– Bəli, ancaq indi icazə verəcəksiniz ki, paylaşdırmanı davam eləyim eləmi? Ay, sağ olun. – Öz yırtıcılığı ilə tanınan bir heyvanı oxşayan insanın incə hərəkəti ilə Vəhşinin əlini sığalladı. – Qoyun bircə bu…

– Əsla! – deyə Vəhşi hayqırdı.

– Dostum, bura bax…

– O pis zəhərin hamısını atın getsin.

“Hamısını atın getsin” sözləri deltaların anlamama təbəqəsini deşib şüurlarına işlədi.

Qələbəlikdən narazılıq bildirən uğultu yüksəldi.

– Gəlmişəm sizi azadlığınıza qovuşduram – yenidən əkizlərə tərəf dönən Vəhşi dedi.

– Gəlmişəm…

Paylaşdırıcı ardına qulaq asmadı; binanın girişindən çıxıb telefon kitabçasında nömrə axtarırdı.

– Öz evində deyil, mənim evimdə deyil, sənin evində deyil, – deyə Bernard çaşıb qalmışdı, – Afroditeumda deyil, mərkəzdə də deyil, heç məktəbdə də deyil. – Yaxşı, bəs bu harada ola bilər?

Helmholts çiyinlərini çəkdi. Vəhşini həmişəki görüş yerlərindən birində tapacaqlarını düşünərək işdən qayıtmışdılar, ancaq Con yağlı əppək olub göyə çəkilmişdi. Çox heyfsilənirdilər, çünki Helmholtsun dörd nəfərlik idman helikopterinə minib birbaş Biarritsə uçmağı planlaşdırmışdılar. Vəhşi tezliklə qayıtmasa axşam yeməyinə də gecikəcəkdilər.

– Beş dəqiqə də gözləyək – Helmholts dedi. – Gəlməsə, onda…

Telefon zəngi sözünü yarıda qoydu. Dəstəyi qaldırdı.

– Alo. Eşidirəm. – uzun bir səssizlikdən sonra, – Ford sən saxla! – dedi. – Dərhal gəlirəm.

– Nə olub? – deyə Bernard soruşdu.

– Zəng eləyən Park Leyn xəstəxanasından bir nəfər tanış idi – Helmholts dedi. – Vəhşi orada aləmi qatıb bir-birinə. Vaxt itirmək olmaz. Mənimlə gedirsən?

Birlikdə liftə tərəf qaçdılar.

– Yəni kölə olmaq xoşunuza gəlir? – Onlar xəstəxanaya çatdıqda Vəhşi deyirdi. Sifəti qızarmış, gözləri qəzəb və həyəcandan parıldayırdı. – Uşaq kimi yaşamaq xoşunuza gəlir? Bəli, körpə kimi zırıldayıb qusmaq xoşunuza gəlir – deyə əlavə elədi. Azad etməyə gəldiyi insanların axmaqlığından səbri tükənən Vəhşi indi onlara həqarətlər yağdırırdı. Həqarətlər qalın axmaqlıq zirehlərinə çırpılıb parçalanır, onlar isə gözlərində küt və qaşqabaqlı bir kin ifadəsi ilə Vəhşiyə baxırdılar.

– Bəli, bəli qusursunuz! – deyə çığırdı. Üzüntü və vicdan əzabı, mərhəmət və borc – bunların hamısı unudulmuşdu, insan cildində olan yırtıcılara olan nifrəti bütün bu hissləri udmuşdu. – Azad olmaq, insan olmaq istəmirsiniz? Məgər insanlıq və azadlığın nə demək olduğunu anlamırsınız? Hiddətdən nitqi rəvan olmuşdu, sözləri muncuq kimi bir-birinin ardınca düzürdü. Məgər anlamırsınız? – deyə təkrar elədi, ancaq sualı cavabsız qaldı. Yaxşı, nə olar, – deyə sərt bir tonla sözünə davam elədi, – Mən sizi öyrədərəm; istəsəniz də istəməsəniz də sizi azad edəcəyəm. Xəstəxananın daxili həyətinə açılan pəncərəni açaraq soma həbləri ilə dolu kiçik qutuları ovcuna dolduraraq oraya tolazlamağa başladı.

Bu kafirlik səhnəsi qarşısında çaşqınlıq və dəhşət içində donub qalan xaki geyinmiş güruh bir müddət səssiz qaldı.

– Başına hava gəlib, – deyə Bernard pıçıldadı, gözləri az qala hədəqəsindən çıxacaqdı. – Onu öldürəcəklər, öldürəcəklər…

Birdən güruhdan bir bağırtı qopdu və dalğalanaraq Vəhşiyə üstünə yeridilər.

– Ford köməyi olsun, – Bernard dedi və üzünü yana çevirdi.

– Ford özünə kömək etməyənlərə kömək olmaz, – Helmholts dedi və qəhqəhə çəkərək (bunu həyəcandan edirdi) özünü qələbəliyə vurdu.

– Azadlıq , azadlıq! – deyə hayqıran Vəhşi bir əli ilə soma qutularını tolazlayır, o biri əli ilə də üstünə hücum çəkənlərin bir-birindən seçilməyən sifətlərinə yumruq ilişdirirdi.

– Azadlıq!

Birdən Helmholts yanında peyda oldu. – “Əhsən Helmholts!” – o da yumruqlarını işə salmışdı.

– Axır ki, insan oldunuz! – bu arada isə ovuc-ovuc somanı pəncərədən fırladırdı.

– Bəli, insan oldunuz, insan! – nəhayət, soma qurtardı. Vəhşi seyf qutusunu qaldırıb boşaldığını qələbəliyə göstərdi.

– Artıq azadsınız!

Bağıran deltalar daha da hiddətlə onların üstünə cumdu.

Döyüşü tərəddüd içində kənardan izləyən Bernard, – İşləri bitdi, – dedi və onlara kömək etmək üçün irəli atıldı; sonra bir az dayanıb düşündü, sonra yenə irəli bir addım atdı, sonra yenə dayanıb düşündü, alçaldıcı bir qətiyyətsizliklə qıvrılaraq gözlədi – kömək etməzsə onları öldürəcəklər, ancaq kömək etməyə çalışsa onu özünü də öldürə bilərlər.

Elə bu an (Forda şükür!) əleyhqaz taxmış, domba göz, donuz burun polislər içəri girdilər.

Bernard polisləri qarşılamaq üçün irəli atıldı. Qollarını yelləyirdi, hərəkətdə idi, nə isə edirdi. Beş-altı dəfə – Kömək edin! – deyə çığırdı, kömək etdiyinə özünü inandırmaq üçün getdikcə daha yüksək səslə çığırırdı, – KöməK ediN! KömƏK edİN! KÖMƏK EDİN!

Polislər Bernardı kənara itələyib işə girişdilər. Çiyinlərinə qayışla bərkidilmiş püskürdücülər daşıyan üç polis, havaya qatı soma dumanı püskürdürdü. İki polis də səyyar sintetik musiqi cihazı ilə əlləşirdi. Əllərində güclü keyləşdirici doldurulmuş su tapançaları tutan dörd polis özlərini qələbəliyə vurmuşdu, hər püskürtmədə dava edənlərin ən azğınlarını bir-birinin ardınca uzadırdılar.

– Cəld, cəld! – deyə Bernard qışqırırdı. – Tez olun, yoxsa onları öldürəcəklər… Cəld… Ah! – Çərənçiliyindən bezən bir polis su tapançasından ona atəş açmışdı. Bernard bir-iki saniyə sümüklərini, əzələlərini və vətərlərini itirərək jeleyə, mayeyə çevrilən ayaqlarının üstündə yırğalanaraq çul kimi döşəməyə düşdü.

Birdən sintetik musiqi cihazından gələn bir səs danışmağa başladı. Ağlın, xoşqəlbliliyin səsi idi. 2-ci dərəcəli sintetik (orta şiddətli) “Asayişə çağırış” səsləndi.

– Dostlarım, dostlarım! – olmayan ürəyin dərinliklərindən gələn səs elə təsirli və incə məzəmmət tonu ilə danışmışdı ki, polislərin də əleyhqaz şüşəsi altında gözləri ani olaraq dolmuşdu. – Bütün bu boğuşma nəyə gərəkdir? Niyə birlikdə xeyirxah və xoşbəxt ola bilmirsiniz? Xeyirxah və xoşbəxt, – deyə təkrar elədi. – Sülh və əmin-amanlıq içində. – Səs titrədi, pıçıltıya çevrildi və bir anlığa kəsildi. Sonra yenidən hüznlü səmimiyyətlə – Elə istəyirəm ki, xeyirxah olasınız! Xahiş edirəm, çox xahiş edirəm qəlblərinizi xeyirxahlığa təslim edin və …

Səs və soma buxarı iki dəqiqə içində öz işini görmüşdü. Eyni anda beş-altı əkiz qucaqlaşaraq gözləri yaşlı bir-birilərini öpürdülər. Helmholts və Vəhşi belə ağlamaq üzrəydilər. Xəzinədarlıqdan yeni həb qutuları gətirildi; tələsik paylaşdırmanı bərpa etdilər. Əkizlər səsin son dərəcə səmimi bariton vidalaşmasının müşayiəti altında ürək ağrısı ilə ağlaya-ağlaya ayrıldılar.

– Salamat qalın, əziz dostlarım, Ford sizi qorusun! Salamat qalın, əziz dostlarım, Ford sizi qorusun! Salamat qalın, əziz dostlarım…

Deltaların sonuncusu da ərazini tərk etdikdə polis cihazı söndürdü. Məsum səs susdu.

– Xoşluqla gedəcəksiniz, yoxsa sizi keyləşdirmək lazımdır? – deyə polis çavuşu soruşdu. Hədələyici şəkildə su tapançasını onlara tərəf tuşladı.

– Xoşaxoşluqla gedəcəyik, – deyə Vəhşi cavab verərək kəsilmiş dodağı, cırmaqlanmış boynu və dişlənmiş sol əlindən qanı sildi.

Dəsmalını qanayan burnuna tutan Helmholts başı ilə təsdiqlədi.

Ayılan və ayaqlarını yenidən hiss etməyə başlayan Bernard mümkün qədər sezdirməmək üçün məhz bu an qapıya tərəf yönəldi.

– Ey siz, sizinləyəm, – deyə çavuş çağırdı və donuz maskalı bir polis qaçaraq Bernarda yaxınlaşdı və əlini onun çiyninə qoydu.

Bernard incik bir məsumluqla döndü. – Qaçmaq? Nə danışırsınız qaçmağı heç ağlına belə gətirməmişdi.

– Heç başa düşə bilmirəm ki, məni niyə aparırsınız, – Çavuşa dedi.

– Tutulanların dostu deyilsiniz?

– Bilirsiniz…- deyə Bernard sözə başladı və duruxdu. Xeyr, bunu inkar edə bilməzdi.

– Bunda nə var ki? – deyə soruşdu.

– Elə isə bizimlə gəlin, – deyə çavuş onları girişdə gözləyən polis maşınına tərəf apardı.


*Fırtına (5-ci pərdə, 1-ci səhnə) Mirandanın sözləri

Davamı: https://klv.az/2023/11/13/oldos-haksli-cesur-yeni-dunya/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Borxes haqqında maraqlı faktlar

1899-cu ilin 24 avqustunda Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olan dünyaşöhrətli yazıçı Fransisko İsidoro Luis Borxes Asevedonun atası hüquqşünas, anası tərcüməçi idi. Borxes artıq 10 yaşında ispan və ingilis dillərində sərbəst danışırdı. Sonralar o, alman, fransız, latın, italyan və qədim skandinav dillərini də mənimsəmişdi. Həyatının son illərini isə poliqlot Borxes ərəb […]