Əvvəli: https://klv.az/2023/10/23/oldos-haksli-cesur-yeni-dunya-21-2/
(davamı)
ON DÖRDÜNCÜ HİSSƏ
Park Leyn küçəsindəki öləcək xəstələr üçün xəstəxana açıq-sarı rəngli kaşı ilə örtülmüş altmış mərtəbəli bir qülləvari bina idi. Vəhşi taksikopterdən enərkən parlaq rənglərlə boyanmış cənazə araba dəstəsi pırıltı ilə binanın damından havaya qalxdı və sürətlə parkın üzərindən keçərək qərbə Slau krematorisinə tərəf yön aldı. Lift yanında dayanan qapıçı Vəhşiyə lazımı məlumatları verdi və onlar on yeddinci mərtəbədə Lindanın olduğu 81 saylı palataya endilər (qapıçı bu palatanın sürətli qocalma palatası olduğunu söylədi).
Bura günəş işığı və sarı boyaların təsirindən parıldayan böyük bir otaq idi. Yataqların hamısı dolmuşdu. Linda tənha ölmürdü – digər insanların əhatəsində və müasir rahatlıq şəraitində can verirdi. Otaqda davamlı olaraq nəşəli sintetik mahnılar səslənirdi. Hər can üstündə olan xəstənin yatağının ayaq tərəfində səhərdən axşamadək yanılı qalan televizorlar yerləşdirilmişdi. Otağın havası hər on beş dəqiqədən bir avtomatik olaraq dəyişdirilirdi.
– Biz çalışırıq ki, – Vəhşini qapıda qarşılayan tibb bacısı dedi, – burada xoş bir mühit yaradaq, yəni birinci dərəcəli mehmanxana ilə duyulan film sarayına oxşar bir yer.
Vəhşi bu nəzakətli izahatlara əhəmiyyət vermədən, – haradadır? – deyə soruşdu.
Tibb bacısı incidi.
– Görürəm tələsirsiniz.
– Ümid varmı? – deyə soruşdu
– Sağalmağını nəzərdə tutursunuz?
Vəhşi başı ilə təsdiqlədi.
– Xeyr, əlbəttə ki, yoxdur. Buraya göndərilibsə heç…
Vəhşini solğun üzündəki iztirabı görərək heyrət edən tibb bacısı susdu.
– Sizə nə olub? – deyə soruşdu.
Ziyarətçilərdə bu cür hisslərin şahidi olmamışdı. (Əslində o qədər çox ziyarətçi heç gəlməzdi də. Ziyarətçilərin gəlməsi üçün səbəb də yox idi.) – Naxoş deyilsiniz ki?
– Başını silkələdi.
– O, mənim anamdır, – güclə eşidilən bir səslə dedi.
Tibb bacısı heyrət içində dəhşətdən bərəlmiş gözlərlə Vəhşiyə baxdı, sonra da baxışlarını qaçırtdı. Təpədən dırnağa qədər qıpqırmızı oldu.
– Məni onun yanına aparın, – adi əslə danışmağa çalışan Vəhşi dedi.
Hələ də rəngi-ruhu üstünə gəlməyən tibb bacısı irəli keçərək yolu göstərdi. Canlı və qırışıqsız üzlər yol boyu Vəhşiyə baxırdı (qocalıq elə sürətlə gedirdi ki, yanaqlara toxunmağa macal tapmadan beyni və ürəyi soldururdu). İkinci uşaqlığını yaşayan boş, ifadəsiz gözlər Vəhşinin yerişini izləyirdi. Onların baxışından Vəhşinin canına lərzə düşürdü.
Linda uzun yataq cərgəsinin ən sonundakı divara bitişik yataqda uzanmışdı. Kürəyini yastıqlara dayayan Linda riman səthli kortlarda tennis üzrə Cənubi Amerika çempionatının yarımfinal oyunlarını izləyirdi. Oyunçuların fiqurları akvariumdakı balıqlar kimi səssizcə ekranda ora-bura qaçırdılar – başqa bir dünyanın səssiz, ancaq capcanlı sakinləriydilər.
Linda oyunu mənasız və qeyri-müəyyən təbəssümlə izləyirdi. Solğun, şişmiş sifətində ağıldankəmlərə xas xoşbəxtlik ifadəsi var idi. Arada bir göz qapaqları qapanır və bir neçə saniyəlik mürgüləyirdi. Sonra diksinib oyanır – qarşısında tennis çempionlarının ekranda ora-bura getmələrini görür; qulaqlarında Super-Voks-Vurlitzerian* elektron sintezatorunun ifa etdiyi, “Bas məni bağrına, əzizim, öp məni, ta olunca sərxoş” sözləri səslənir başının üzərindəki sərinkeşdən yayılan minaçiçəyinin ətrini iyləyirdi – qanındakı somanın gözəlləşdirdiyi bütün bu surət, səs və rayihələr bir gözəl röya şəklində birləşmişdi və Linda bir daha uşaqlara xas qaralmış, aralı dişlərini bayırda qoyaraq xoşbəxtliklə gülümsəyirdi.
– Mən getməliyəm, – tibb bacısı dedi. – İndicə mənim uşaq qrupum gələcək. Üstəlik 3 saylı xəstəyə də baxmalıyam – deyərək palatanın o biri başını göstərdi. – Ölüm ayağındadır. Siz əyləşin və özünüzü evdəki kimi hiss edin. – Çevik addımlarla uzaqlaşdı.
Vəhşi yatağın yanında əyləşdi.
– Linda, – onun əlindən tutaraq pıçıldadı.
Linda adını eşidərək döndü. Dumanlı görən gözləri tanımanın sevincindən parıldadı. Conun əlini sıxdı, gülümsədi, dodaqları tərpəndi, sonra birdən başı sinəsinə düşdü. Yuxuya getmişdi. Oturub Lindaya baxmaya başladı – Lindanın yorğun bədənində Malpaisdə uşaqlığında üzərində əsən o gənc, parlaq simanı axtardı və tapdı, (gözlərini yumaraq) anasının səsini, hərəkətlərini, birlikdə yaşadıqları bütün hadisələri xatırladı. “Streptokok və mikrob murdarlığa dəstəkdir…” – Ona nə gözəl mahnılar oxuyardı! O uşaq şeirləri necə də qəribə və sehirliydilər!
A, B, C, vitamin D.
Yağ treska balığının ciyərində, treska balığı suda.
Sözləri və Lindanın onları söyləməyini xatırlayarkən gözlərinin isti göz yaşları ilə dolduğunu hiss etdi. Oxuma dərsləri də var idi: “Pişik ayaqaltının üstündədir, uşaq şüşənin içindədir”. Birdə “Embrionariumda işləyən betalar üçün praktik təlimatlar”.
Lindanın uzun gecələrdə ocağın başında, ya da yay vaxtı kiçik evin damında rezervasiyadan kənarda yerləşən o biri dünya ilə bağlı danışdığı hekayələri xatırladı; bir yaxşılıq və gözəllik cənnəti olaraq xatirəsində həmişə canlı və tam qalmış o möhtəşəm dünya hafizəsindən silinməmiş, həqiqi Londonun mədəni kişi və qadınlarının gerçəkliyi bu cənnəti kirlətməmişdi.
Anidən zil səslərin yaratdığı bir gurultudan gözlərini açdı və tələsik gözlərindəki yaşları silərək ətrafına baxdı. Səkkiz yaşlı oğlan əkizlər ardı-arası kəsilməyən bir sel kimi palataya doluşdu. Əkiz ardınca əkiz, əkiz ardınca əkiz – dəhşətli yuxuda olduğu kimi. Sifətlərində (daha doğrusu, bitmək bilmədən təkrarlanan sifət, hamısının eyni bir sifəti var idi) eyni burunlar, bərəlmiş ağ gözlər. Hamısının əynində xaki rəngli forma. Hamısının ağzı açıq. Çığır-bağırla və qırıldaya-qırıldaya palataya daxil oldular. Tez bir zamanda palatada qarışqa kimi qaynaşır, yataqların üstünə dırmaşır, altına soxulur, televizorlara baxır, xəstələrə ağız-burun əyirdilər.
Linda əkizləri təəccübləndirdi və təşvişə saldı. Bir qrup əkiz Lindanın yatağının yanında toplaşmışdı naməlum bir şeylə üz-üzə gələn heyvanlar kimi qorxu və axmaqcasına bir maraqla gözlərini zilləyib baxırdılar.
– Aaa, bax, bax! – deyə qorxu içində astadan danışırdılar. – Bu qadına nə olub belə? Niyə belə kökdür?
Daha əvvəl belə bir hal ilə rastlaşmamışdılar – axı hamının üzü həmişə gənc, dərisi tarım, qədd-qamətli, şux, beli düzdür. Burada yatan altmış yaşlı sürətlə qocalanların xarici görkəmi cavan qızları xatırladırdı. Linda isə, əksinə qırx dörd yaşında hər yeri bürüşmüş, qırışmış kifirə bənzəyirdi.
– Necə qorxuncdur, deyə uşaqlar pıçıldaşırdılar, – dişlərinə bax!
Gözlənilmədən fındıqburun əkiz yatağın altından və Conun stulu ilə divar arasından çıxıb gözlərini Lindanın yuxuda olan sifətinə zilləyib baxmağa başladı.
– Uy daa… deyə sözə başladı, ancaq sözünü bitirməyə macal tapmamış çığırdı. Vəhşi əkizin yaxasından yapışıb havaya qaldırdı, stulun üzərindən aşırdı və qulağına şapalaq vurdu. Uşaq zırıldaya-zırıldaya uzaqlaşdı.
Uşağın çığırtısına baş tibb bacısı qaçıb gəldi.
Sərt bir şəkildə, – nə cəsarətlə uşağa əl qaldırıbsınız? – deyə soruşdu. – Mən qoymaram ki, uşaqları vurasınız.
– Onda qoymayın yatağa yaxınlaşsınlar – Vəhşinin səsi hiddətdən titrəyirdi. – Bu tərbiyəsiz uşaqların burada nə işi var? Biabırçılıqdır!
– Biabırçılıq? Siz nə danışırsınız? Onlar burada ölümə öyrəşdirilirlər. Budur sizə deyirəm, – deyə əsəbi şəkildə xəbərdarlıq elədi, – ölümə öyrəşdirilmələrinə bir daha mane olsanız qapıçıları çağırtdıracağam sizi bayıra atacaqlar.
Vəhşi ayağa qalxıb baş tibb bacısına tərəf bir neçə addım atdı. Hərəkətləri və üzündəki ifadə elə hədələyici idi ki, baş tibb bacısı qorxudan geri çəkildi. Özünü güclə saxlayan Vəhşi, sakitcə döndü və yenidən yatağın yanında əyləşdi.
Özünə gələn baş tibb bacısı bu dəfə bir az uca səslə və özündən daha az əmin bir tonla dedi:
– Sizə xəbərdarlıq etdim, hərəkətlərinizə fikir verin.
Hələ də maraq içində olan əkizləri otağın o biri başına apardı və başqa bir tibb bacısının təşkil etdiyi “zəncirbəndi tutma” oyununa daxil etdi.
– Get kofein məhlulunu iç, – deyə digər tibb bacısına, əmr etdi. Əmr etmək özünə olan inamını bərpa etmişdi, indi özünü daha yaxşı hiss edirdi.
– Hə, uşaqlar, – deyə oyunu idarə etməyə başladı.
Linda isə narahat şəkildə tərpəndi, gözlərini açıb anlaşılmaz tərzdə ətrafına baxdı və yenidən yuxuya getdi. Yanından ayrılmayan Vəhşi bir neçə dəqiqə əvvəlki ruhi vəziyyətinə qayıtmağa çalışdı. Sanki sözlər ölmüş keçmişi dirildəcək tilsim idi:
“A, B, C, vitamin D” – deyərək özünə-özünə təkrar elədi. Ancaq bu tilsim təsir etmirdi. Gözəl xatirələr xəyalında canlanmaq bilmirdi ki, bilmirdi. Sadəcə paxıllıqlar, çirkinliklər və iztirablar xortlayırdı. Kəsilmiş çiynindən qan süzülən Pope, eybəcər şəkildə yuxuya getmiş Linda və yatağın yanında döşəməyə tökülmüş meskalın ətrafında vızıldaşan milçəklər, bir də Lindanın yanından keçəndə uşaqların dediyi pis sözlər… Of, yox, yox! Gözlərini yumdu, bütün bu xatirələri qovmaq üçün başını silkələdi. “A, B, C, vitamin D…” Lindanın onu dizlərində oturdub laylalar dediyi vaxtları yadına salmağa çalışdı:
“A, B, C, vitamin D, vitamin D, vitamin D…”
Super-Voks-Vurlitzerian üzücü kreşşendoya* yüksəldi və ətir dövriyyə sistemində minaçiçəyi öz yerini paçuliyə verdi. Linda qımıldanaraq oyandı, bir neçə saniyə çaşqın gözlərlə yarımfinalçılara baxdı, sonra başını qaldırıb yenicə ətirlənmiş havanı iylədi və birdən gülümsədi – gülüşündə uşaqlara xas həzz var idi.
– Pope! – deyə pıçıldadı və gözlərini yumdu. – Ah, bu mənim çox xoşuma gəlir, çox… – Dərindən nəfəs alıb yenidən yastıqlara sərələndi.
– Linda! – Vəhşi yalvarırcasına danışırdı. – Məni tanımırsanmı? – Çox çalışmışdı, əlindən gələni etmişdi; bəs indi niyə Pope Lindanın ağlında və dilində idi? Cansız əlini möhkəmcə sıxdı, sanki Lindanı bu rəzil şəhvət röyasından, bu alçaq və nifrətəlayiq xatirələrindən oyadıb indiki zamana, reallığa, dəhşətli gerçəkliyə qaytarmaq istəyirdi. Qorxulu bir gerçəklik idi, ancaq uca, mənalı, son dərəcə mühüm idi, çünki yaxınlaşmaqda olan şey bunları daha da qorxunc edirdi. – Məni tanımırsanmı, Linda?
Cavabında əlinin yüngülcə sıxıldığını hiss elədi. Gözləri dolu. Əyilib Lindanın üzündən öpdü.
Lindanın dodaqları tərpəndi.
– Pope! – deyə yenidən pıçıldadı. Sanki Conun başından bir vedrə çirkab su tökdülər.
Birdən daxilindəki qəzəb artmağa başladı. İkinci dəfə göz yaşları ilə çölə çıxmağına mane olunan ağır kədər güclü qəzəbə çevrilmişdi.
– Axı mən Conam! – deyə çığırdı. – Mən Conam! – acı dolu bir qəzəblə Lindanın çiynindən tutub silkələdi.
Linda gözlərini qırpıb açdı; onu gördü və tanıdı – “Con!” – ancaq bu sifəti, bu real, möhkəm silkələyən güclü əlləri öz xəyali, daxili aləminə, gözəlcə dəyişdirilmiş super musiqi və paçulilər, çiçəkləyən xatirələr, qəribə şəkildə bir-birinə qarışmış qavrayışlar dünyasına köçürmüşdü. Con olduğunu anlamışdı, oğlu idi, ancaq onun Pope ilə birlikdə soma tətilini keçirməkdə olduğu cənnət Malpaisə müdaxilə etdiyini düşünürdü. Vəhşi əsəbiləşmişdi, çünki Linda Popeni sevirdi; Lindanı silkələyirdi, çünki Pope onun yanında yataqda idi – sanki bunda nə isə pis bir şey var, guya ki, bütün mədəni insanlar belə sevişmirdilər.
– Hər kəs hamıya məxsus…
Lindanın səsi anidən güclə eşidilən boğulma xırıltısına çevrildi; ağzı açıq qaldı, ciyərlərini hava ilə doldurmaq üçün çarəsizliklə çırpındı. Fəqət, sanki nəfəs almağı yadırğamışdı. Hayqırmağa çalışdı, ancaq səsi çıxmadı; çəkdiyi acını yalnız gözlərindəki dəhşət ifadəsindən bilmək olardı. Əllərini boğazına apardı; sonra yarıdan qatlanmış gərgin barmaqları ilə artıq onun olmayan, nəfəs ala bilmədiyi havadan yapışmaq, onu tutmağa çalışdı.
Vəhşi ayağa qalxıb ona tərəf əyilmişdi.
– Linda, sənə nə olub? – səsində yalvarış duyulurdu, sanki arxayınlaşdırılmaq üçün yalvarırdı.
Lindanın baxışında sözlərlə ifadə olunmayan bir dəhşət və Cona elə gəldi ki, məzəmmət də var idi. Linda dikəlməyə çalışdı, amma yenə də yastıqların üzərinə yıxıldı. Sifəti əyilmiş, dodaqları gömgöy idi.
Vəhşi dönüb palatanın o biri başına qaçdı.
– Cəld, cəld! – deyə bağırdı – Cəld olun!
“Zəncirbəndi tutma” oyunundakı əkizlərdən ibarət dairənin mərkəzində duran baş tibb bacısı ətrafına baxdı. Üzündəki çaşqınlıq ifadəsi dərhal məzəmmətlə əvəzləndi.
– Çığırmayın! Uşaqları düşünün, – deyərək qaşlarını çatdı. – Uşaqların ölümə öyrəşdirilməsinə mane… Nə edirsiniz? (Vəhşi dairəyə daxil olmuşdu). Uşaqlardan biri qışqırdı, Ehtiyatlı olun! – Dairəyə girərkən dəydiyi uşaq zığıldadı.
– Tez, tez olun! – baş tibb bacısının qolundan yapışıb, ardınca dartırdı. – Tez olun! Bədbəxtlik baş verib. Onu öldürmüşəm.
Palatanın ayağına gəlib çatanda Linda ölmüşdü.
Vəhşi bir an donuq səssizlik içində gözlədi, sonra yatağın yanında diz üstdə çöküb əlləri ilə üzünü örtərək hıçqırtı ilə ağlamağa başladı.
Baş tibb bacısı qərarsız halda gah yatağın yanında diz çökmüş adama (biabırçı tərbiyəsizlik!), gah da palatanın o biri başında oyunlarını yarımçıq qoyub fındıq burunları və bərəlmiş gözləri ilə 20 saylı çarpayının yanında yaşanan rəzaləti izləyən əkizlərə (yazıq uşaqlar!) baxdı. Onunla danışsınmı? Ağlını başına toplamasına köməklik etsinmi? Harada olduğunu, bu məsum uşaqlara necə bir pislik etdiyini başa salsınmı? Axı o, sanki ölüm qorxunc bir şey imiş və sanki insanın ölümünə görə ağlamaq lazımmış kimi öz iyrənc bağırtısı ilə uşaqların ölümə öyrəşdirilmələrini məhv edirdi. Bu onların ölüm barədə pis fikirlərə qapılmalarına və bütünlüklə yanlış və onlarda son dərəcə anti-sosial reaksiyaların yaranmasına səbəb ola bilər.
Baş tibb bacısı irəli çıxdı və Vəhşinin çiyninə toxundu.
– Özünüzü tərbiyəli apara bilmirsiniz? – alçaq və əsəbi səslə dedi. Ancaq ətrafına baxdıqda dairənin dağıldığını və beş-altı uşağın ayağa qalxıb onlara tərəf gəldiyini gördü. Belə getsə… Yox, belə şeylə risk etmək olmaz; bu bütün qrupun ölümə öyrəşdirilməsini altı-yeddi ay geriyə ata bilərdi. Təhlükə altında qalan qrupa tərəf tələsdi.
– Şokoladlı pirojna kim istəyir? – deyə ucadan və nəşəli bir sələ soruşdu.
– Mən! – deyə bütün bokanovski qrupu xorla qışqıraraq cavab verdi. 20 saylı yataq tamamilə yaddan çıxmışdı.
– “Ah tanrım, tanrım, tanrım…” – Vəhşi öz-özünə təkrar edirdi. Beyinə hakim kəsilmiş kədər və vicdan əzabı xaosunda yeganə məntiqli söz bu idi.
– Tanrım! – deyə ucadan pıçıldadı. – Tanrım…
Super-vurlitserin musiqi sədaları arasından zil və aydın bir səs yaxınlıqdan dilləndi:
– O nə deyir?
Vəhşi sərt bir hərəkətlə sıçradı və əllərini üzündən çəkərək ətrafına baxdı. Hər birinin sağ əlində pirojna və oxşar sifətləri müxtəlif şəkildə şokolada bulaşan beş nəfər xaki geyinmiş əkiz, yan-yana düzülüb parlaq gözlərlə Vəhşiyə baxırdılar.
Baxışları Vəhşinin baxışları ilə toqquşanda hamısı birdən irişdilər. Aralarında biri pirojna ilə Lindanı göstərərək:
– Artıq ölüb? – deyə soruşdu.
Vəhşi səssizlik içində bir müddət onlara baxdı. Sonra sakitcə ayağa qalxdı və asta addımlarla qapıya tərəf yeridi.
– Artıq ölüb? – deyə yanınca gələn marağından qalmayan əkiz yenidən soruşdu.
Vəhşi uşağa baxdı, yenə də heç nə demədən özündən kənara itələdi. Əkiz döşəməyə yıxıldı və dərhal da zığıldamağa başladı. Vəhşi heç üzün çevirib baxmadı da.
*Super-Voks-Vurlitzerian sintezatoru, vurlitzer – səs və işıq cihazı olan elektrik orqan
*Kreşşendo – daha ucadan
Davamı var
Tərcümə edən: Xaqani Cavadoğlu