Əvvəli: https://klv.az/2023/10/16/oldos-haksli-cesur-yeni-dunya-21/
(davamı)
ON ÜÇÜNCÜ HİSSƏ
Henri Foster embrionariumun qırmızımtıl alatoranlığında uzaqdan görünməyə başladı.
– Bu axşam duyulan filmə getmək istəyirsən?
Lenina heç nə demədən başını silkələdi.
– Başqası ilə görüşürsən? – hansı dostunun hansı dostu ilə görüşdüyü ilə maraqlanırdı.
– Benito ilə?
Yenə başını silkələdi.
Henri Leninanın qızarmış gözlərindəki yorğunluğu, gülümsəməyən tünd-qırmızı dodaqların kənarlarındakı kədəri sezmişdi.
– Yoxsa xəstələnmisən? – bir az əndişəylə soruşdu. – “Birdən hələ də mövcud olan keçici xəstəliklərdən birinə tutular” – deyə düşündü.
Ancaq Lenina bir daha başını silkələdi.
– Yenə də həkimə getsən yaxşı olar – Henri dedi. – “Naxoşlandın həkimə get, özünü dərhal sağlam et” – deyə Leninanın çiyninə vuraraq hipnopedik deyimdən sitat gətirdi. – Bəlkə də süni hamiləliyə, ya da çox güclü SGE müalicəsinə ehtiyacın var. Bilirsən də, bəzən standart süni ehtiras kifayət qədər…
– Of, Ford eşqinə, sus! – inadkar səssizliyindən əl çəkən Lenina dedi. Sonra da Henrinin başını qarışdıraraq ayırdığı konveyer üzərindəki şüşələrə tərəf döndü.
Hə, bircə SGE müalicəsi, Güclü Süni Ehtiras çatmırdı! Ağlamaq üzrə olmasaydı, gülərdi. Guya, öz ehtirası özünə azlıq eləyir! Dərindən ah çəkərək şprisi yenidən doldurdu.
– Con, – deyə həsrətlə pıçıldadı, – Con…
– “Aman Ford, görəsən bu embriona yuxu xəstəliyi iynəsini vurmuşam, ya yox?” –deyə birdən ayıldı. Xatırlaya bilmirdi. Sonunda ikinci iynəni vurmağa risk etməyib konveyerdəki növbəti şüşəyə keçdi. (İyirmi iki il səkkiz ay dörd gündən sonra yarım əsrdən çox bir müddət ərzində ilk dəfə olaraq Mvanza Mvanzada gənc, ümidlər bəslənən alfa minus Müdir yuxu xəstəliyindən öləcəkdi.) Lenina işinə davam etdi.
– Axı özünü belə üzməyin mənasızdır, – bir saat sonra Soyunma otağında Fanni özündən çıxaraq uca səslə dedi. – Doğrudan da mənasızdır, – dedi. – Özü də nəyə görə? Hansısa kişiyə – bir kişiyə görə.
– Ancaq mən məhz onu istəyirəm.
– Sanki dünyada milyonlarca başqa kişi yoxdur.
– Mən onları istəmirəm.
– Sınamamış necə bilə bilərsən?
– Sınamışam.
Fanni istehza ilə çiyinlərini çəkərək, – neçəsini sınamısan ki? – deyə soruşdu. – Birini, ikisini?
– Onlarla. Ancaq – başını yırğalayaraq, – heç bir faydası olmadı, – deyə əlavə etdi.
– Gərək yorulmadan davam edəsən, – Fanni nəsihətamiz şəkildə dedi. Bununla belə özünün də dediyi çarəyə inamının sarsıldığı bəlli idi. – Səy göstərmədən heç bir şeyə nail olmaq olmaz.
– Ancaq yenə də…
– Onu ağlından çıxart.
– Bacarmıram.
– Onda soma qəbul elə.
– Qəbul edirəm.
– Qəbul etməyə davam et.
– Ancaq ara verdiyim vaxtlarda yenə də ondan xoşum gəlir.
– Elə isə get və ona sahib ol – Fanni qətiyyətlə dedi. O istəyir istəsin, istəmir heç istəməsin.
– Bilsəydin ki, o necə qəribədir!
– Elə ona görə də onunla sərt olmalısan.
– Demək asandır.
– Çərən-pərən danışmaqdansa iş gör – Fanninin səsi Gənc Qadınların Fordian Birliyinin axşamlar yetkin beta-minuslara mühazirə oxuyan mühazirəçinin səsi kimi idi, sanki reproduktordan gəlirdi. – Bəli, dərhal hərəkətə keç. Dərhal.
– Cəsarətim çatmır – Lenina dedi.
– Əvvəlcə yarım qramlıq soma qəbul etməlisən, vəssalam. Mən getdim çimməyə. Məhrəbasını arxasınca sürüyərək uzaqlaşdı.
Qapının zəngi çalındı və günortadan sonra Helmholtsun gələcəyinə ümid edən Vəhşi (nəhayət Helmholtsla Lenina barəsində söhbət etməyə qərar vermişdi, ona görə də səbirsizlənirdi) sıçrayıb ayağa qalxdı və qaçaraq qapını açmağa getdi.
– Ürəyimə dammışdı ki, gələcəksən, – deyə qapını açaraq qışqırdı.
Ağ asetat atlas dənizçi forması geyinmiş və dəyirmi ağ papağı ədabazcasına yanpörtü qoyan Lenina astanada dayanmışdı.
– Ah! Vəhşi kimdənsə ağır zərbə almışcasına dedi.
Yarım qram Leninanın qorxu və utancaqlığının öhdəsindən gəlməyə bəs eləmişdi. Gülümsəyək , – salam, – dedi və yanından keçərək otağa daxil oldu. Vəhşi mexaniki olaraq qapını bağladı və onun ardınca getdi. Lenina əyləşdi. Araya uzun bir səssizlik çökdü.
– Elə bil məni görməyinə şad deyilsən, – nəhayət, Lenina dedi.
– Şad deyiləm? – Vəhşi məzəmmət edici tərzdə Leninanın üzünə baxdı, sonra birdən qarşısında diz çökdü və Leninanın əlini tutub ehtiramla öpdü. – Şad deyiləm? – Kaş ki, biləydiniz, – pıçıltı ilə dedi və cəsarət toplayaraq gözlərini qaldırıb onun üzünə baxaraq, – Məftunedici Lenina, – deyə sözünə davam elədi, – siz heyranlığın zirvəsində dayanırsınız, dünyadakı ən ali gözəlliklərə layiqsiniz. – Lenina şəhvət dolu gözlərlə qəmzə ilə Vəhşiyə baxdı. – Ah, elə mükəmməlsiniz ki, – (Lenina dodaqlarını aralayaraq ona tərəf əyilirdi), – elə qüsursuz və elə misilsiz yaradılmışsınız ki, – (Lenina get-gedə yaxınlaşırdı) – siz yaradılmışlar arasında ən gözəlsiniz, – (Lenina bir az da yaxınlaşdı). Birdən Vəhşi sıçrayıb ayağa qalxdı. – Ona görə də, – deyərək üzünü yana çevirdi, – əvvəlcə sizə layiq olduğumu nümayiş etdirmək üçün nə isə bir şey etmək istərdim… Onsuz da nə etsəm də, sizə tam layiq ola bilməyəcəyəm. Ancaq yenə də bir az da olsa, layiq olduğumu göstərmək üçün nə isə bir şey etmək istərdim.
– Bu nəyə lazımdır ki… – deyə Lenina sözə başladı, ancaq cümləsini yarımçıq qoydu. Səsində bir az əsəbilik var idi. Dodaqlarını aralayıb önə əyilərək get-gedə yaxınlaşırsansa və kişi adlandırdığın o axmaq sıçrayıb ayağa qalxırsa və sən boşluğu qucaqlayırsansa yarım qran sona qəbul etsən də istər-istəməz dilxor olacaqsan.
– Malpaisdə, – deyə Vəhşi anlaşılmaz bir şəkildə mızıldandı, – qıza pumanın dərisini gətirmək lazımdır – yəni evlənmək istədiyin qıza, ya da ki, canavarın.
Lenina gözlənilmədən – axı İngiltərədə puma yoxdur, – dedi.
– Olsaydı belə insanlar pumaları helikopterlərlə ovlayardılar, ya da ki, qazla zəhərləyərdilər – Vəhşi həqarət dolu hiddətlə dedi. – Mən pumanı belə ovlamazdım, Lenina. – Sinəsini irəli verib cəsarətini toplayaraq Leninaya tərəf çöndü və onun üzündəki dilxorluq və gözlərindəki anlamazlıq ifadəsi ilə qarşılaşdı. Çaşqın halda, – mən hər şey edərəm – dedi, getdikcə daha anlaşılmaz tərzdə danışırdı. – Nə istəsəniz edərəm. Bilirsiniz, bəzi ovlar əziyyətlidir. Ancaq əmək sərf etsən zövq almaq olar. Mən belə düşünürəm. Demək istəyirəm ki, istəsəniz yer də süpürərəm.
– Axı burada tozsoranlar var, – Lenina heyrət içində dedi. – Süpürməyə ehtiyac yoxdur.
– Xeyr, əlbəttə, ehtiyac yoxdur. Ancaq bəzi alçaq işlər alicənabcasına yerinə yetirilir. Mən də istədim alicənabcasına bir iş görəm. Anlamırsınız?
– Axı tozsoran varsa…?
– Məsələ onda deyil.
– Və tozsoranlamaq üçün ağıldankəm epsilonlar varsa, – deyə Lenina sözünə davam elədi, – elə isə bu sənin nəyinə lazımdır, nə üçün?
– Nə üçün? Sizin üçün, sizin üçün, Lenina. Sizə göstərmək üçün ki, mən…
– Yaxşı bəs süpürgələrin pumalarla nə dəxli var?
– Göstərmək üçün ki, mən nə qədər çox…
– Ya da pumaların məni gördüyünə şad olmağına nə dəxli var? – Leninanı səbri tükənmişdi, hirsindən bilmirdi ki, neyləsin.
– …sevdiyimi göstərmək üçün, – Lenina ümidsiz halda dedi.
Daxilində yaranmış sevinc burulğanında batan Leninanın həyəcandan yanaqları qızardı.
– Con, mənə sevgi etiraf edirsən?
– Gərək etiraf etməyəydim, – deyə Vəhşi çığıraraq iztirab içində əllərini bir-birinə vurdu.
– Əvvəlcə gərək… Dinləyin, Lenina, Malpaisdə sevənlər evlənir.
– Nə edir? – Lenina yenə əsəbiləşmişdi: bu nə danışır?
– Həmişəlik. Daima birlikdə yaşamağa and içirlər.
– Nə qorxunc fikirdir! – Lenina həqiqətən şoka düşmüşdü.
– “Qoy xarici gözəllik solsun, ancaq düşüncədə sevimli simanı onun solmasından daha tez təzələməli.”*
– Nə?
– Şekspir də belə öyrədir: “Nikah təsdiq olmadan bəkarət kəmərini qızın belindən açsan sizin ittifaqınız xeyri-dua alammaz…*
– Con, Ford eşqinə adam dilində danış. Dediklərindən bir kəlmə də anlamıram. Gah tozsorandan danışırsan, gah da ki, kəmərdən. Məni dəli eləmək istəyirsən. – Sıçrayıb ayağa qalxdı və sanki dediyi sözlərin mənasının özündən uzaqlaşdığı kimi Conun da ondan uzaqlaşacağından qorxaraq Conun biləyindən tutdu. – Düzünü de, məndən xoşun gəlir, ya yox?
Bir an səssizlik oldu, sonra Vəhşi çox alçaq bir səslə dedi:
– Sizi dünyada hər şeydən çox sevirəm.
– Bəs onda niyə susub demirdin! – deyə çığırdı, elə hirslənmişdi ki, dırnaqlarını Vəhşinin biləyinə batırdı. – Həftələr boyu məni pərişan etdikdən sonra, bəkarət, pumalar və tozsoranlardan boş-boş danışmaqdansa niyə sevdiyini demədin?
Əlini buraxdı və əsəblə kənara itələdi.
– Səndən bu qədər xoşum gəlməsəydi, – Lenina dedi, – sənə möhkəmcə acıqlanardım.
Birdən qollarını Vəhşinin boynuna doladı, yumşaq dodaqlarını onun dodaqlarına toxundurdu. Öpüş elə şirin, elə yumşaq, elə qaynar və elə elektrikləşdirici idi ki, Vəhşi özündən asılı olmayaraq “Helikopterdə üç həftə” filmindəki qucaqlaşma səhnələri yadına düşdü. Ooh! ooh! Stereoskopik sarışın və aah! Canlıdan da canlı zənci. Dəhşət, dəhşət,dəhşət… Qollardan azad olmağa çalışdı, ancaq Lenina daha da möhkəm sarıldı.
– Niyə bu vaxta kimi susurdun? – deyə pıçıldadı və ona baxmaq üçün başını dala əydi. Gözlərində incə bir məzəmmət var idi.
– “Nə qaranlıq mağara, nə tənhalıq, nə fürsət, nə şeytan məsləhəti – deyə vicdanın və poeziyanın səsi gurladı, – məni namus yolundan kənara çəkə bilməz. Qoymaram şəhvət odu iradəmi əritsin ”* – deyə Con qərarını vermişdi.
– Ay ağılsız! – Lenina pıçıldayırdı. – Səni elə arzulayırdım ki. Madam sən də məni arzulayırdın, niyə mənə..?
– Lenina, axı, – deyə etiraz etməyə başladı. Lenina qollarını dərhal aralayıb, geriyə addım atdı, bir anlığına düşündü ki, Lenina dilinə gətirməyib ağlından keçirdiklərini oxudu. Ancaq Lenina ağ parlaq kəmərini açıb səliqə ilə stulun söykənəcəyinə asdı.
– Lenina! – deyə qorxu içində təkrar elədi.
Lenina əlini boğazına qaldırıb zəncirbəndi aşağı dartaraq ağ dənizçi forması ətəyinə qədər açdı, şübhəsi get-gedə tam doğrulurdu.
– Lenina, siz nə edirsiniz?!
Cavabında, – cırt, cırt! – səsləri eşidildi. Lenina enlibalaq şalvarını çıxararaq çəhrayı, sədəf rəngli alt paltarında qaldı. Camaat ilahi evinin baş nəğmə oxuyanın verdiyi qızıl “T” sinəsində parıldadı.
“Pəncərə məhəccərinin arasından kişilərin gözünü deşən gilələr…”* Ahəngdar, guruldayan sehrli sözlər Leninanı iki qat təhlükəli və füsunkar göstərirdi. Yumşaq, zərif, ancaq necə də itidir! Beyinə işləyir, qətiyyəti deşib keçirdi. “Unutma öz andını. Bil ki, ehtiras odu saman kimi yandırır ən müqəddəs andları…*
Cırt! Paltarının yumru çəhrayılılığı ortadan bölünmüş alma kimi bölündü. Lenina qollarını çıxardı, sonra isə əvvəlcə sağ və sol ayaqlarını – alt paltarı boşalmış şar kimi cansız şəkildə döşəmədə qaldı. Əynində ayaqqabıları və corabları başında ədabazcasına yanpörtü qoyduğu papağı Vəhşiyə tərəf yaxınlaşdı.
– Əzizim! Həyatım! Kaş sevdiyini daha əvvəl deyəydin! – deyərək qollarını Vəhşiyə doğru açdı.
Ancaq, – Əzizim! – deyib ona sarılmaq əvəzinə Vəhşi dəhşət içində geri çəkildi; qəfildən qarşısına çıxmış təhlükəli bir heyvanı qorxudub qaçırtmağa çalışırmış kimi əlini-qolunu yelləməyə başladı. Geriyə dörd addım atdıqdan sonra artıq divara dirənmişdi.
– Sevgilim! – Lenina dedi və əllərini Vəhşinin çiyinlərinə qoyub bədənin onun bədəninə sıxdı.
– Qucaqla məni, – deyə əmr elədi. – Bas məni bağrına, əzizim, öp məni, ta olunca sərxoş. Leninanın da sərəncamında şeirlər var idi, o da musiqili, tilsimli və təbil səsi verən ifadələr bilirdi. – Öp məni – deyərək gözlərini yumdu, səsi yuxulu pıçıltıya çevrildi, – Elə sarmaş ki, ayrılmayaq…
Vəhşi Leninanı qollarından yapışaraq çiyinlərindən qopardı özünü isə sərt bir şəkildə bir qol məsafəsinə itələdi.
– Ay, məni incidirsən, ağrıdır… oy! – qəfildən susdu. Qorxu, hiss etdiyi ağrını unutdurdu. Gözlərini açıb üzünü gördü – xeyr, gördüyü onun üzü deyildi, qəddar bir yadın solğun, əyilmiş, dəli və izah olunmaz bir hiddətlə titrəyən üzü idi.
Dəhşət içində pıçıldadı:
– Con, sənə nə olub belə?
Vəhşi cavab vermədi, sadəcə hiddət dolu nəzərlərlə ona baxdı. Leninanın biləklərindən tutan əlləri titrəyirdi. Ağır və narahat halda nəfəs alırdı. Vəhşinin zəif, güclə eşidilən, ancaq dəhşətli diş qıcırtısını eşitdi.
– Axı sənə nə olub? – deyə Lenina qışqırdı.
Leninanın qışqırmağından oyanıb özünə gələn Vəhşi onun çiyinlərindən tutub silkələdi.
– Fahişə! Əxlaqsız! Pozğun!
– Ah, e-lə-mə, e-lə-mə! – Con onu silkələdikcə səsi gülməli və qırıq-qırıq gəlirdi.
– Fahişə!
– Lüt-fən.
– Sırtıq fahişə!
– Yax-şı-dır birr qramm so-ma, nə-in-ki…
Vəhşi Leninanı elə möhkəm itələdi ki, o, özün saxlaya bilməyib yıxıldı.
– Get – başının üstündə hədələyici şəkildə dayanaraq çığırdı. – Gözümə görünmə, yoxsa səni öldürərəm. – Yumruqlarını düyünlədi.
Lenina üzünü örtmək üçün əllərin qaldırdı.
– Con, yalvarıram sənə, eləmə…
– Tələs. Cəld ol!
Bir əli ilə üzün örtən və Vəhşini hər bir hərəkətini dəhşət dolu gözlərlə izləyən Lenina ayağa qalxdı, belini əyərək, başını aşağı salıb vanna otağına qaçdı.
Tapança kimi açılan şapalaqla otaqdan çıxması sürətləndi.
– Ay! – deyə Lenina irəli sıçradı.
Dəlidən qurtulub vanna otağının qapısını bağlayaraq təhlükəsizliyini təmin etdikdən sonra nəfəsini dərdi və kürəyini güzgüyə çevirib sol çiyninin üzərindən baxdı. İnci rəngli dərisində beş barmağın qıpqırmızı izi açıq-aydın görünürdü. Əlini ehtiyatla izin üzərinə çəkdi.
Divarın o biri üzündə Vəhşi qulaqlarında səslənən təbillərin və melodiyanın ahənginə uyğun otaqda var-gəl edirdi: “Çalıquşu da, qızıl milçək də gözümün qarşısında şəhvətə qapılır – qulaqlarında insanı dəli edən sözlər gurlayırdı. – Nə kürsəyə gəlmiş itin, nə də qoruqlarda bəslənmiş madyan atın ehtirası ondan coşqun deyildir. Beldən yuxarı onlar qadındır, beldən aşağı isə madyan. Beldən yuxarı mələkdirlər, beldən aşağı isə şeytan. Ora cəhənnəmdir, zülmətdir, dəhşətli uçurumdur. Ora yandırır, məhv edir, üfunət iyi verir! Tfu, tfu, hörmətli aptekçi mən bir unsiyalıq müşk ver, xəyalımı təmizləyim.”*
– Con! – Lenina, özünü sevimli göstərməyə çalışan bir səslə vanna otağından səsləndi, – Con!
“Ey mənim ruhumu sərməst edən əfsunlu çiçək,
Rayihən qəlbi əsir etdi, xuramın da qəşəng…
…Sanki mərmər kimi kağızla bu qiymətli kitab
Yaradılmış buna “sən fahişəsən” yazmaq üçün!
Adı yoxdurmu günahın bir özün yaxşı düşün…
Ağlayır, göylərə bax, kirli səfalətlərinə…” *
Ancaq Leninanın ətri üzərinə hopmuşdu, gödəkçəsi ipək vücudunun toxunuşu ilə rayihə verən kirşandan ağ olmuşdu. – Sırtıq fahişə, sırtıq fahişə, – beynində dayanmaq bilmədən təkrarlanırdı – Sırtıq…
– Con, olar paltarlarımı götürüm?
Vəhşi enlibalaq şalvarı, üst köynəyi və zəncirbəndli alt paltarlarını yerdən götürdü.
– Aç! – ayağı ilə qapını döyərək əmr elədi.
– Açmıram, – qorxu və inadla cavab verdi.
– Bəs paltarlarını necə verim?
– Qapının üzərindəki hava dəyişmə yerindən uzat.
Paltarları uzatdı və yenidən narahat halda otaqda var-gəl etməyə başladı. “Sırtıq fahişə, sırtıq fahişə. Onların qanında kök yanlı şəhvət şeytanı necə də gicişir. *
– Con…
Cavab vermədi. “Kök yanlı şəhvət şeytanı.”
– Con…
– Nədi? – sərt bir şəkildə dedi.
– Zəhmət deyilsə mənim maltus kəmərimi verə bilərsən?
Lenina vanna otağında oturub onun divarın o biri üzündə otaqda gəzişməyini dinlədi. Bu var-gəl hələ nə qədər davam edəcək? Bəlkə çıxıb gedənədək oturub gözləsin? Ya da dəliliyinin keçib getməsini gözləsin, sonra da vanna otağından çıxaraq qaçıb getsin? Otaqda eşidilən telefon zəngi onun bu narahat düşüncələrini yarıda qoydu.
Gəzişmə səsi anidən kəsildi. Con səssizliklə dialoqa girdi.
– Alo
…
– Bəli
…
– Özümə qəsd etməmişəmsə mənəm.
…
– Bəli, dediyimi eşitmədiniz? Danışan cənab Vəhşidir.
…
– Nə? Kim xəstələnib? Əlbəttə, məni maraqlandırır.
…
– Ciddi xəstələnib? Ağır vəziyyətdədir? Bu dəqiqə gəlirəm…
…
– Otağında deyil? Haraya aparıblar?
…
– Aman Allah! Ünvanı deyin!
…
– Park Leyn küçəsi üç? Üç? Sağ olun.
Lenina dəstəyin səsini, tələsik addımları və qapının çırpılmağını eşitdi. Səssizlik oldu. Doğurdan getmişdi?
Hədsiz bir ehtiyatlılıqla qapını bir santimetrə qədər araladı; yarıqdan içəri nəzər saldı; otağın boşluğundan cəsarətlənərək qapını bir az da aralayıb içəri boylandı. Nəhayət, barmaqlarının ucunda vanna otağından çıxdı; qəlbi gup-gup döyünərkən bir neçə saniyə gözlədi, qulaq kəsilərək dinlədi; çöl qapıya tərəf götürüldü. Yalnız aşağı enməkdə olan liftdə özünü təhlükəsizlikdə hiss etdi.
*Troil və Kressida (3-cü pərdə, 2-ci səhnə)
*Fırtına (4-cü pərdə, 1-ci səhnə)
*Fırtına (4-cü pərdə, 1-ci səhnə)
*Afinalı Timon (4-cü pərdə, 3-cü səhnə)
*Fırtına (4-cü pərdə, 1-ci səhnə)
*Kral Lirin faciəsi (4-cü pərdə, 6-cı səhnə) (Tərcümə edəni: mirzə İbrahimov)
*Otello (4-cü pərdə, 2-ci səhnə) (Tərcümə edəni: Əhməd Cavad)
*Troil və Kressida (5-ci pərdə, 2-ci səhnə)
Davamı: https://klv.az/2023/10/30/oldos-haksli-cesur-yeni-dunya-21-3/
Tərcümə edən: Xaqani Cavadoğlu