Yaxın ətrafımızda heç kim portfel gəzdirmirdi, deməli qonşuluğumuzda nə nazir, nə də yüksək vəzifəli dövlət məmuru yaşamırdı, çünki porfeli məhz bu təbəqənin adamları tuturdu. Əvvəllər portfel fərqli düşüncə və fərqli həyat tərzinin, zadəganlığın, aristokrat həyatın atributlarından biri kimi qəbul olunurdu. Əlcək, şlyapa, çəlik, çətir, portmane, siqar, siqara qutusu, cib saatı və s. əşyalar da bu qəbil nəsnələrdən idi. Mədəni həyatın Borokko, Rokoko stil və cərəyanlarının aristokrat yaşayış və düşüncə tərzi özü ilə yeni dünyagörüşü -ədəbiyyata və incəsənətin bütün növlərinə yeni baxış sistemi – “Sənət – sənət üçündür” nəzəriyyəsini də gətirmişdi.
… Yalnız bir nəfər, məhəllənin bizdən uzaq döngə başında yekəqarın bir kişinin əlində qovluq – portfel görmüşdüm. Onun da qarnı o qədər yekə idi ki, yalnız qarnı görünürdü, qovluğu onun əlində görmək adamdan xüsusi diqqət tələb edirdi, haqqında “inspektordur!” deyirdilər, maarif yoxsa maaliyyə inspektorudur bilən yox idi. Amma üzərində iki qiymətli əşyası vardı, cemper və bir də o qovluq. Heç inanmıram ki, onun elmlə, sənətlə, ədəbiyyatla bir əlaqəsi ola bilərdi, isti qarnı olsa da insanlara qarşı çox soyuq münasibəti vardı. Çox təəssüf ki, kasıb və savadsız mühütdə bu tip insanlar elitar təbəqənin aristokrat nümayəndəsi kimi qəbul olunur. Göbək bağlasın və ya bogaz uzatsın, onlarla işimiz yoxdur, amma özünü ətrafı üçün aydınlaşdırmayan kimsəyə güvənlilik ola bilməz, o, etibarsız sayılır. Sokrat deyirdi; – “Danış, səni görə bilim”. Günümüzün “Kimsən?” sualı Hamlet dövrünün məşhur “Ölüm, yoxsa qalım?” sualı qədər aktualdır. Şair sözü; -Leylək dünya gəzər hər səfərində, Bir kəlmə düşməyib söz dimdiyindən.
Bizdə də hələ ki, nə nazir, nə də yüksək vəzifəli dövlət məmuru yaşamırdı, lakin bütün ətrafdan fərqli olaraq potfelimiz vardı, taxçalı – boxçalı evimizdə həmişə öz yerində, pəncərə yanındakı rəfdə qoyulardı. Onunla Lənkərandan Bakıya, Bakıdan Lənkərana kitablar daşınardı. Kitab üzünə baxmaq həvəsim vardı, xəlvəti portfeli açıb içindəki kitabları vərəqləyərdim. Çoxlu kitablar vərəqləmişəm, indi adları belə yadımda deyil. Görkəmli elm xadimlərimizdən olan Həmid Araslının “Azərbaycan ədəbiyyatı tarixi” , “Böyük Azərbaycan şairi Füzuli” və çox böyük pedaqoq, yazıçı və misilsiz bir ədəbiyyatşünas olan Mir Cəlalın “Füzuli sənətkarlığı” kitablarını imkan tapan kimi təkrar – təkrar götürüb oxumağa çalışardım. Bu kitablar məni valeh etmişdi, portfeldən əl çəkmirdim. Bir gün yenə vaxtı xəlvət eyləyib portfelə yaxınlaşdım və onu açar – açmaz burnuma dəyən ətrin marağına düşdüm, baxdım, alma idi. Portfelə görə qısa olan əlimi uzadıb dibindəki almaları götürdüm, iki dənə yaşıl – al qırmızı yanaqlı Sinab alması idi. Uşaqlıq illərimdən alma və narın həvəsində olmuşam, həyətimizdə bu meyvə ağaclarından yox idi, lakin almanı yemək niyyətim isə ümumiyyətlə heç yox idi. Əvvəla xəlvəti bir iş tuturdum, ikincisi nəfsimlə yol gedə bilirəm, dostluğum tutur, al-qırmızı şahanə bir gözəllikdən imtina etməyə hazır idim. Amma deyəsən ovucumu burnuma tez -tez yaxınlaşdırırdım, Sinab almasının ətri ilə bacara bilmədim. Almanın birini yedim. Burnuma dəyən ətrin nəfsimlə heç əlaqəsi yoxmuş, o, mənim ruhumun qidası imiş. Anamın təndirdə adıma bişirdiyi kökənin və bir də o almanın ətri uşaqlıq və yeniyetməlik illərimin yaddaş kartına oturub. İndi çox illər keçib, daha torpaq da qocalır, taxılına, meyvəsinə ətir verə bilmir. Şair sözü; – Ötən illər ilə ömürlər deyil, Təbiət gedərmiş, iqlim gedərmiş.
…Evimizdə ən adi məişət qayğıları çətinliklərindən tutmuş ən ali ruhi istək arzularına qədər hər şey vardı, birini mən yaradardım, birini portfelin sahibi qardaşım Yədulla müəllim. Mən hamını bezdirib qan qaraldanda qardaşım dahi Nizamidən söyləyərdi;
Poladdan dağ olsa yenə də inan,
Onu parça – parça dağıdar insan!
Qardaşımın 19 ya 20 yaşı olardı, onun dahi Füzuli yaradıcılığına bir aşiq, vurğun, məftun münasibəti isə o dövrün ədəbi mühüti səviyyəsində idi. XX əsrin 60-cı illəri bəlkə də Füzuli sənətkarlığının ən yüksək anlam dövrləri olub. Sözsüz ki, bu işdə dahi şairimizin 500 illik yubiley tədbirlərinin də əvəzsiz xidmətləri vardı. Özündən sonrakı bütün dövrlər üçün və bu gün də daxil olmaqla Füzuli sənətkarlığı “kitabi – ömrümüzə dibaçəsi zövqdən bağlanan” bir ədəbi məktəb olaraq qalır.
…Həyətdən qardaşımın səsi gələrdi, hər qəzəli əruzun öz bəhrində, gözəl bir avazla, anama xitabən sonsuz bir sevgi ilə oxuyardı:
Füzuli, nazəninlər görsən izhari – niyaz eylə,
Tərəhhüm umsa eyb olmaz, gədalar padişalərdən.
Və izahlarını da anamın anlayacağı tərzdə verərdi; – Deyir ki, gözəl və gözəllik görəndə dualarını əsirgəmə. Dövrün padişahlarından sevgi ummaq və onlara təzim etmək heç də qəbahət deyil, adam var yaşayar, padişahını bilməz. Sən mənim üçün dövrün padişahısan. Mənim istəyim gəda istəyi, sənin ətəyin mələk ətəyi. Göydə Allah, yerdə Sən.
Anam savadsız olsa da çox gözəl dinləmə qabiliyyəti vardı, heç kimin sözünü kəsməzdi. Baxar və gülümsəyərdi. Şeirin dəyərini mən də anamın təbəssümündən anlayardım.
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var,
Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb.
Və yenə açıqlama verərdi; – Allah Günəşi çox yüksəklikdə qərar verib, amma insanı ondan da üstün yaradıb, o boyda ucalıqdan sənin ayaqlarının altına düşür, sən gələn kimi kölgəndən belə qoxub ayağa durur, yerini sənə verir, bizim yerlərin adətləri də belədir, məqamı yüksək, qədr – qiyməti ali olanlar üçün ayağa durarlar, bu, ədəb qaydalarından sayılır. Bizi ayaqda saxlayan da elə sənin gəlişindir.
Anam yenə baxar, yenə gülümsəyər və deyərdi; Bu nədir? Qap – qara qaralmısan, Günəşdə çox qalma, keç evə, indi mən də gəlirəm.
Və qardaşım yenə Füzulidən söyləyərdi:
Füzuli, başına ol sərv sayə saldı bu gün,
Ülüvvi – rifət ilə yetməz afitab sənə.
Anama xitabən oxunan qəzəllərin sayı -hesabı yox idi. Bu arada mən də qazanırdım, dahi şairdən qəzəl əzbərləyirdim.
…Zadəganların keçirtdikləri həyat tərzinə alternativi daha çox bəylərin, xanların yaşayışını uyğun bilirlər. Sovet hakimiyyəti xüsusən İslam dini ilə bağlı xüsüsi, gizli islahatlar aparırdi, “iman” sözünün içinə ” inam”ı elə yerləşdirmişdi ki, bütün ədəbiyyat ondan yazırdı, daha doğrusu, göydən enəni yerdən qalxanın tərkibindən “oğurlamışdılar”, ” inam ” sarıdan biz, şair sözü; “dünyanın ən varlı adamları” sayılırdıq. “İman” bir düşüncə olaraq ortadan götürülmüşdü, yalnız evlərdə, böyüklərimizin ürəklərində yaşayırdı. Azərbaycan mütərəqqi romantizminin ilk qüdrətli nümayəndələrindən biri, klassik romantizminin son magikan nümayəndəsi Cavid əfəndi və onun yaxın məsləkdaşları da dövrün ideologiyasına qurban getdilər. Qoyulan adlarımızın çoxu Allahın əsmayi – hüsna adlarından götürülsə də, İslam bizə təkəbbürlülüyü qadağan edir, əlbəttə ki, imanı və inamı olmayanın dini də yoxdur. Quran sözü ; – Ey iman gətirənlər!
Dahi Nizami də “inam”ı bir bayraq kimi “Xəmsə”si başı üzərində asmışdı, amma necə. Şair sözü; Əvvəl şükrə çatdır, sonra dövlətə. Əvvəl səbrə çatdır, sonra zillətə.
Zadəgan sözünün bizdə alicənablıq, ağayanalıq kimi digər daha iki insani keyfiyyətləri ilə seçilən qarşılığı vardır. Alicənablıq, ağayanalıq – sadəlikdə böyüklükdür, sözün mayasında şeydalıq (özünü həsr etmə, özünü qurban vermə) yatır. Zadəganlıq – dövrün ictimai halı, ağayanalıq, alicənablıq isə fərdin öz mahiyyətidir. Dünya ədəbiyyatı bu mənada dahi Nizamiyə borcludur, necə ki, musiqinin Motsartı, kinonun da Ç. Çaplini olub.
AYB-in Lənkəran bölməsinin sədri Qafar Cəfərli “Özünə sadiq insan” yazısında LDU – nun professoru, qardaşım Y. Agazadə barədə yazır: “Uzun illər ərzində mən Yədulla Ağazadəni əsl müəllim, əsl ziyalıya xas düşüncəsi, təmkini, səmimiyyəti, mehribanlığı ilə, nəhayətdə isə soyadını daşıdığı “ağa” kəlməsinə xas ağayana davranışı ilə tanıdım”.
Əvvəla hörmətli Qafar müəllimə, dəyərli ziyalımıza SALAM olsun. O, zadəganlığın ağayanalıq, alicənablıq kimi keyfiyyət çalarlarını; – Özünə sadiq qalma, sənətinə sadiq qalma, dosta sadiq qalma, özünü həsr etmə, özünü qurban vermə və s. nümunəvi dəyərləri – haqlı olaraq Yədulla müəllimdə görür və onu xüsusi sevgi və məhəbbətlə qələmə alır. Həyat təcrübəsi, güclü müşahidə qabiliyyəti, fərqli düşüncə tərzi, ən əsası, əsl insani keyfiyyəyləri olmadan nə dostunu, nə də qardaşını dəyərləndirə biləcəksən. Dəyər vermə bacarığı insanın xüsusi istedadına, fəlsəfi dünyagörüşünə bağlıdır və o da zadəganlığın ağayanalıq, alicənablıq kimi keyfiyyət çalarlarından olan böyüklük əlaməti sayılır. Şair sözü; – Dagdan yıxılanda dağdan yapışdım. Enmədim kiçiyin kiçik dizinə.
Əli Rza Babakişi oğlunun “Ümmana qovuşduran illər” kitabının “Məhəbbət dolu sətirlər” bölümündə çox hörmətli və tanınmış alimlərimizin sevərək qələmə aldıqları yazılarda Yədulla müəllimin həyat və yaradıcılığı, elmi fəaliyyəti, alimliyi, ziyalılığı, müəllimliyi, insanlığı, dostluğu, qardaşlığı müxtəlif baxış bucaqlarından işıqlandırılır və lazımınca dəyərləndirilir. Misal kimi, gəlin Yədulla müəllimin mükəmməl obrazını yaradanların sətirləri ilə tanış olaq; “Yədulla Ağazadə haqqında nə qədər danışsam da, nə qədər yazsam da elə bilirəm, əsas sözümü hələ deməmişəm”. (Hacı Mirhaşım Talışlı: ədəbiyyatşünas alim), “O, Azərbaycan mənəvi mühitinin ləyaqətli təmsilçisidir… Xüsusilə, dövlətçiliyimizin qorunması, möhkəmlənməsi naminə gördüyü işlər miqyasagəlməzdir. Bütün bunlar onu elmimizin cavan ağsaqqalı mərtəbəsinə yüksəldib”. (Əli Rza Xələfli: şair, yazıçı – publisist), “Adam var ki, elə qırxından – əllisindən etibarən elin – mahalın işığına – nuruna çevrilir. O, yaxşıdan da yaxşı müəllimdir. Ziyalı – nurlu elm xadimi! Yədulla Ağazadənin obrazı budur!”. (prof. M. Qasımlı), “Yədulla Ağazadə ömrünü şam kimi millətinin maariflənməsi yolunda əritməyi özünə şərəf hesab edən, dilindən bal kimi şirin sözlər süzülən, simasından nur yağan… işıqlı düşüncələr sahibi olan bir vətənsevər Azərbaycan ziyalısıdır!”. (prof. İ. Qəribli), “Filologiya sahəsində o, LDU -da yeganə professordur və əminliklə deyə bilərik ki, hətta yaxın on ildə bu nailiyyət təkrar olunmayacaq”. (prof. M.Mustafayev), “Alimliyi və insanlığı ilə bir nümunə, örnək olan, həqiqəti deməyi vicdanlı olmağın əsas şərti bilən, illərin sınağından çıxan dostum”. (Əli Rza Babakişioğlu, F. e. n. dosent), “Onun müəlliminə olan etimadı və sədaqəti Mirhaşım Talışlının 90 illiyinə həsr etdiyi “Tarixləşən – əbədiləşən ustad” kitabında öz əksini tapmışdır. Bu, varisliyin əsl sədaqət nümunəsidir”. (A. Cavad, şair – dramaturq.), “Sizin haqqınızda “Bu da bir ömürdür, yaşadım” adlı film çəkmək arzum da vardır”. (C. Fətullayev, rejissor), “Gənclik illərimin nadir tapıntısı hesab etdiyim əziz dostum” (S. Həsənov, dost,) və s.
Qardaşıma mənim də öz sonsuz təşəkkür və minnətdarlıq borcum vardır, ədəbiyyat, incəsənət zövqümün formalaşmasında Yədulla müəllimin hədsiz dərəcədə böyük əməyi danılmazdır. Ədəbiyyat tariximizə sevgisini təkcə dilində yox, əməllərində də yaşadan qardaşım evə cild -cild, yeni – yeni kitablar gətirirdi; İ. Nəsimi, Ş. İ Xətai, S. Ə. Şirvani, M.Ə. Sabir, Nəbati, Aşıq Ələsgər, B. Vahabzadə, Q. Paşayev və s. və ilaxir. Həmişə əməllərin ən xeyirlisini edən, sözün də ən yaxşısını danışan qardaşıma ; – SAĞ OL! deyirəm və Ona çox yaraşdırdığım Füzuli qələminə məxsus “Su” qəsidəsinin bir beyti ilə Onu ürəkdən SALAMlayıram:
Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz üzüntək versə min gülzarə su.
Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adını almağın münasibətilə Səni ürəkdən təbrik edirəm! Xəyallar gerçəkləşir, arzular həyata keçir, indi bu həyətdə yüksək vəzifəli dövlət məmuru, LDU – nun professoru Yədulla Bəbir oğlu Ağazadə yaşayır. “Alma ətirli portfel” Sənin haqqında ürək eləyib yazdığım növbəti yazıdır, əvvəlki yazımı “Nisan yağışı və ya dəmirağacının qızılı rəngi” adlandırmışdım.
Əzız oxucu: – Uğur qazandığın hər nailiyyətinə; – şəxsiyyətinə, sağlamlığına, ailə səadətinə, ictimai nüfuzuna, Ana, Vətən, Allah sevgisinə çətir tut və onu qoru! Amma Nisan yağışına çətir tutulmaz. O, “şövqi – həvayi – eşqə” düşənlərin, Minayi – eşqə, Kərbibəlayi – eşqə gedənlərin qəlbində bir NURdur.