Əvvəli: https://klv.az/2023/10/09/oldos-haksli-c%c9%99sur-yeni-dunya-20/
(davamı)
ON İKİNCİ HİSSƏ
Bernard bağlı qapının arxasından çığırmalı oldu; Vəhşi qapını açmırdı.
– Axı hamı gəlib səni gözləyir.
Qapının arxasından səs eşidildi:
– Gözləsinlər.
– Con, axı sən çox yaxşı bilirsən ki, – (uca səslə çığıranda kimisə inandırmaq necə də çətindir!) – onları məhz səninlə görüşmələri üçün dəvət etmişəm.
– Gərək əvvəlcə məndən soruşaydın ki, mən onlarla görüşmək istəyirəm, yoxsa yox.
– Axı sən əvvəllər həmişə gəlirdin.
– Elə ona görə də artıq gəlmək istəmirəm.
– Mənim xətrimə, – deyə uca səslə dil töküb inandırmağa çalışdı. – Yəni mənim xətrimə də gəlməyəcəksən?
– Xeyr.
– Ciddi deyirsən?
– Bəli.
– Bəs indi mən nə edəcəyəm? – çarəsizlikdən qıvrılan Bernard sızladı.
– Rədd ol cəhənnəmə! – qapının arxasından acıqlı səs qışqırdı.
– Axı Kənterberi Camaat İlahi Evinin baş nəğmə oxuyanı da gəlib, – deyərkən Bernard az qala ağlayacaqdı.
– Ai yaa takva! Vəhşi, Kənterberi Camaat İlahi Evinin baş nəğmə oxuyanı haqqında münasibətini yalnız Zuni dilində deyə bildi. Hani! – deyə o yeni bir söyüş söydü və sonra istehza dolu əsəblə, – sons eso tse-na, – dedi. Ardınca da Pope kimi yerə tüpürdü.
Sonunda Bernard sivişib öz otağında gizlənmək və səbirsizliklə gözləyən qonaqlara Vəhşinin bu gün gəlməyəcəyini bildirməli oldu. Xəbər haqlı narazılığa səbəb oldu.
Gələnlər əhəmiyyətsiz və pis ad çıxarmış, sərsəm fikirləri olan Bernarda nəzakət göstərdikləri üçün çox əsəbiləşmişdilər. Cəmiyyətdə tutduqları mövqe nə qədər yüksək idisə hiddətləri bir o qədər güclü idi.
– Mənim başıma belə oyun açmaq! – deyə baş nəğmə oxuyan deyirdi. – Mənim!
Qadınlara gəldikdə isə haqlı olaraq süni qanına səhvən alkoqol qatılmış, yazıq, qamma minus bədənli biri yalan vədlərlə onları aldatdığına görə hiddətlənirdilər. Onlar – “Bu rüsvayçılıqdır ” , – deyərək səslərini get-gedə qaldırırdılar. Xüsusən də, İton məktəb direktorunun ağzından zəhər tökülürdü.
Sadəcə Lenina sakitcə dayanmışdı. O bir küncdə oturmuşdu – bənizi solğun, mavi gözlərinə ona xas olmayan kədər çökmüşdü və digərlərinin bölüşmədiyi bu kədər onu başqalarından ayırırdı. Gecəyə qəribə, həyəcan dolu coşqu ilə gəlmişdi. Otağa girəndə öz – özünə düşünürdü, – “bir neçə dəqiqədən sonra onu görəcəyəm, söhbət edəcəyəm və ona deyəcəyəm ki, (gecəyə gəlməzdən əvvəl qərarını vermişdi) ondan xoşum gəlir, həyatda tanıdığım insanlar arasında heç kəs onun qədər xoşuma gəlməyib. Yəqin o deyəcək ki…”
– “Görəsən, o, nə deyəcək?” – yanaqları qıpqırmızı oldu.
– “Dünən gecə duyulan filmdən sonra niyə elə qəribə davranırdı? Çox qəribə idi. Ancaq bununla belə, həqiqətən də məndən xoşu gəldiyindən əminəm. Tamamilə əminəm…”
Elə bu an, Bernard Vəhşinin gecəyə gəlməyəcəyini bildirdi.
Lenina anidən, adətən Süni Güclü Ehtiras (SGE) müalicəsinin əvvəlində duyulan bütün hissləri keçirməyə başladı – qorxunc bir boşluq, nəfəsi daraldan əndişə və ürək bulanması. Ürəyi sanki dayanmışdı.
– “Bəlkə məndən xoşu gəlmədiyinə görə gəlmək istəmir” – deyə öz-özünə, düşündü. Dərhal da bu ehtimal, düşüncəsində təkzibolunmaz fakta çevrildi: Con ona görə gəlmək istəmir ki, ondan xoşu gəlmir. Conun ondan xoşu gəlmir…
– Bu lap ağ oldu! – İton məktəbinin direktoru Krematori və fosfordan istifadə idarəsinin Müdirinə, – deyirdi. – Fikirləşəndə ki, mən doğrudan da…
– Bəli, bəli – Fanni Kraunun səsi eşidildi, – alkoqol məsələsi tamamilə doğrudur. Tanışlarımdan birinin tanışı o vaxtlar embrionariumda çalışırdı. Tanışıma danışmışdı, tanışım da mənə dedi ki…
– Rüsvayçılıqdır, rüsvayçılıq, – baş nəğmə oxuyanın fikirlərini bölüşən Henri Foster deyirdi. – Düşünürəm ki, keçmiş Müdirimizin onu, az qalsın İslandiyaya göndərəcəyini bilmək sizin üçün maraqlı olar.
Bernardı xoşbəxt edən kip, özündənrazılıq şarı deyilən hər bir sözlə deşilir, minlərlə deşikdən hava buraxaraq göz önündəcə büzüşürdü. Solğun, dəliyə dönmüş, əndişəli və yazıq görkəmdə qonaqların arasında gəzişən Bernard əsassız bəhanələr mızıldanır, növbəti dəfə Vəhşinin mütləq gələcəyinə zəmanət verir, əyləşib karotinli bir sendviç, bir dilim “A” vitaminli piroq, ya da bir qədəh süni şampan şərabı içmələri üçün qonaqlara yalvarırdı. Qonaqlar yedilər, ancaq Bernardın üzünə belə baxmadılar, sanki heç orada deyilmiş kimi, ya üzünə qarşı, ya da öz aralarında onu barəsində ucadan və təhqiramiz söhbətlər edirdilər.
– Dostlar, indi isə, – Kənterberi Camaat İlahi Evinin baş nəğmə oxuyanı Ford günü bayramını idarə edən möhtəşəm səsi ilə dedi, – düşünürəm ki, artıq vaxtdır…
– Qədəhi yerə qoyaraq ayağa qalxdı, al-qırmızı rəngli süni ipək jiletindən yemək qırıntılarını çırparaq qapıya tərəf getdi.
Bernard onun qarşısını kəsmək üçün irəli atıldı.
– Gedirsiniz? …Axı hələ çox tezdir… Ümid edirdim ki, siz bir az daha …
Bəli, Lenina ona Kənterberi Camaat İlahi Evinin baş nəğmə oxuyanının dəvətnamə göndərilərsə qəbul edəcəyini deyəndə necə ümidlər bəsləmişdi. – Bilirsən o çox sevimlidir, – deyərək Camaat İlahi Evinin baş nəğmə oxuyanının Lenina ilə Lambetdə* keçirdiyi həftəsonundan xatirə olaraq bağışladığı “T” şəkilli balaca qızıl zəncirbənd bağlayanı Bernarda göstərmişdi. – “Kənterberi Camaat İlahi Evinin baş nəğmə oxuyanının və cənab Vəhşinin iştirakı ilə dəvətli əyləncəli gecə,” – bu sözlər paylanılan bütün dəvətnamələri bəzəyirdi. Ancaq Vəhşi öz otağına qapanıb, xahişlərə “Hani!” və hətta “Sons eso tse-na!” (Bernardın bəxti gətirmişdi ki, Zuni dilini bilmirdi) kimi söyüşlərlə cavab verməyi məhz bu günə saxlamışdı. Bernardın karyerasının zirvəsi olacaq gecə, ən çox təhqir olunduğu gecəyə çevrilmişdi.
– Elə böyük ümidlər bəsləmişdim ki, – deyə mızıldanaraq Camaat İlahi Evinin baş nəğmə oxuyanına yalvaran və qəmli gözlərlə baxdı.
– Gənc dostum, – baş nəğmə oxuyan uca səslə, təntənəli və ciddi bir tərzdə dedi; araya səssizlik çökdü. – Sizə bir məsləhətim var. Barmağını silkələyək Bernardı hədələdi: – Nə qədər ki, gec deyil doğru yola gəlin, – deyə cənazə mərasimindəki kimi danışdı. Bernardın üstündə “T” işarəsi çəkdi və çevrilib uzaqlaşdı. – Fərqli tonla, – Lenina, əzizim, – dedi, – mənimlə gəl.
Lenina ona necə yüksək şərəf bəxş edildiyini anlamayaraq, gülümsəmədən və sevinmədən deyilənə riayət edərək baş nəğmə oxuyanın ardınca otağı tərk etdi. Baş nəğmə oxuyana hörmət əlaməti olaraq bir dəqiqə gözlədikdən sonra digər qonaqlar da çıxışa tərəf hərəkət etdilər. Sonuncu çıxan qapını çırparaq bağladı. Bernard tək-tənha qaldı.
Mənən ölmüş halda oturacağa çökdü və əlləri üzünü örtərək ağlamağa başladı. Bir neçə dəqiqə ağladıqdan sonra, göz yaşlarından daha təsirli vasitəyə əl ataraq dörd soma həbi qəbul etdi.
Vəhşi yuxarıda, öz otağında “Romeo və Cülyetta”nı oxuyurdu.
Lenina və baş nəğmə oxuyan İlahi evinin damında yerə endilər. Baş nəğmə oxuyan səbirsiz halda liftin qapılarının qarşısından çağırdı, – tələsin, mənim əziz dostum… yəni, Lenina. Bir anlığa aya baxmaq üçün ayaq saxlayan Lenina gözlərini aydan çəkdi və damın üstü ilə qaçaraq baş nəğmə oxuyana çatdı.
Mustafa Mondun indicə oxuyub bitirdiyi elmi iş “Yeni bioloji nəzəriyyə ” adlanırdı. Bir müddət dərin düşüncələrə qapılaraq, qaşlarını çatıb oturdu, sonra da qələmini götürüb üst vərəqinə yazdı: “Müəllifin yaşamaqda məqsəd anlayışına riyazi yanaşması yenilikçi və çox ağıllı, fəqət bidətçidir və hazırkı sosial düzən baxımından təhlükəli və potensial cəhətdən dağıdıcıdır. Çap edilməsinə icazə verilmir (bu cümlənin altından xətt çəkdi). – “Müəllif nəzarət altında saxlanılsın. Ola bilsin ki, müəllifin Müqəddəs Yelena adasındakı dəniz biostansiyasına göndərilməsi lazım oldu”. – İmzalayarkən öz-özünə düşündü ki, heyf, iş ustalıqla yerinə yetirilib. Ancaq bircə dəfə yaşamaqda məqsəd mövzusunda fikirləri qəbul etməyə başladınmı, Ford bilir, bu nə ilə nəticələnə bilər. Belə fikirlərlə yuxarı kastalara mənsub insanlar arasında sabit olmayan düşüncəyə malik olanları yolundan azdırmaq və Ali Məqsəd xoşbəxtliyinə olan inamını sarsıtmaq və onları həyatda məqsədin haradasa uzaqlarda, insanın fəaliyyət dairəsindən kənarda olmasına, xoş güzəran və sabitliyin qorunub saxlanmasında yox, şüurun dərinləşdirilməsində və inkişaf etdirilməsində, bilik dairəsinin genişləndirilməsində olmağına asanlıqla
inandırmaq olar. Dünya İdarəedicisi bunun böyük ehtimalla həqiqət olduğunu düşünürdü. Ancaq hazırkı şəraitdə bu yolverilməzdir. Qələmini yenidən götürüb “Çap edilməsinə icazə verilmir” cümləsinin altıdan əvvəlkindən daha qalın və daha tünd rəngli bir xətt çəkdi, sonra da dərindən nəfəs aldı. “Xoşbəxtlik barədə düşünməsən, yaşamaq necə də maraqlı olardı!” – deyə düşündü.
Sevincdən üzü parlayan Con gözlərini yumaraq, qarşısındakı boş məkana ifadəli şəkildə astadan oxuyurdu:
Onun gözəlliyinin yanında
Ətrafdakı məşəllər sönük görünür
Onun gözəlliyi gecənin qoynunda
Zənci qulağındakı inci kimi parlayır*
Leninanın sinəsindəki qızıl “T” parlayırdı. Baş nəğmə oxuyan şux hərəkətlə onu tutaraq dartıb aşağı çəkdi.
– Məncə… – deyə Lenina uzun sürən səssizliyi pozdu – bir neçə qram soma qəbul etsəm yaxşı olar.
Bu arada Bernard çoxdan dərin yuxuya getmişdi və yuxusundakı cənnətdə gülümsəyirdi. Elə hey gülümsəyirdi. Ancaq yatağının üzərindəki elektrik saatının böyük əqrəbi hər otuz saniyədən bir, güclə eşidiləcək çıqqıltı ilə yorulmaq bilmədən irəliləyirdi. Çıq, çıq, çıq, çıq… Səhər açıldı. Bernard zaman və məkanın iztirablarına geri döndü. Tərbiyə mərkəzinə işə gedərkən mindiyi taksidə ovqatı çox pis idi. Uğur sərxoşluğu buxarlanmış, ayılaraq əvvəlki Bernard olmuşdu. Ötən həftələrin müvəqqəti şarı ilə müqayisədə əvvəlki Bernard ətrafındakı hava və mühitdən çox ağır idi.
Vəhşi, uğur şarı partlayıb boşalmış, ruh düşkünlüyü keçirən Bernarda gözlənilmədən canıyananlıq göstərdi. Bernard ona dünənki gecənin xoşagəlməz yekunu barədə danışanda Vəhşi dedi:
– İndi sən yenə Malpaisdəki gördüyüm Bernardsan. Kiçik evin eşiyindəki ilk söhbətimiz yadındadır? İndi həmən insansan.
– Ona görə ki, yenə bədbəxtəm.
– Mən bu bədbəxtliyi, sənin ötən həftələrdə yaşadığın saxta xoşbəxtlikdən üstün tuturam.
– Barı sən danışma! – Bernard acıqla dedi. – Bütün bunlar sənin üzündəndir. Qonaqların arasına çıxmağı rədd edərək onları məni üstümə sən qaldırdın! – Dediyi sözlərin ədalətsiz və cəfəngiyat olduğunu anlayırdı; bunu daxilən etiraf edirdi – sonunda, xırda bir məsələyə görə düşmənə çevrilən dostların bir qəpiyə dəymədiyini bildirən Vəhşinin haqlı olduğunu ucadan etiraf etdi. Ancaq Bernardın bütün bunları anlamağına və etiraf etməyinə rəğmən, dostunun dəstək və canıyananlığının onun yeganə təsəlli olduğuna görə daxilində ona qarşı olan yaxınlıq hissi ilə yanaşı inadkarcasına Vəhşiyə qarşı bir inciklik saxlamağa və ondan necə intiqam almaq barədə düşünməyə başladı. Baş nəğmə oxuyan, baş qablaşdırıcı ya da sosial istiqamətləndirmə müdir müavininə qarşı inciklik saxlamaq və ya intiqam almaq mümkün deyildi. Vəhşi isə, bir qurban kimi Bernard üçün digərləri ilə müqayisədə daha sərfəli idi, çünki ona əli çatırdı. Dostun əsas vəzifələrindən biri düşmənlərimizə vermək istədiyimiz, ancaq verə bilmədiyimiz cəzaları (yumşaldılmış və ya simvolik şəkildə) çəkməkdir.
Bernardın digər bir qurban-dostu Helmholts idi. Planları alt-üst olanda uğurdan başı gicəlləndiyi vaxtlar davam etdirməyə lüzum görmədiyi dostluqlarını bərpa eləmək üçün Helmholtsun yanına gəldi. Helmholts onu mehribanlıqla, məzəmmət etmədən qarşıladı, sanki aralarında heç mübahisə olmamışdı. Bernard onun bu alicənablığı qarşısında mütəəssir olmuş və eyni zamanda alçalmışdı, bu qeyri-adi (buna görə daha da alçaldıcı) bir alicənablıq idi, çünki soma ilə heç bir bağlılığı yox idi və bütünlüklə Helmholtsun xasiyyətindən qaynaqlanırdı. Unudub bağışlayan, yarım qramlıq somanın təsiri ilə beyni dumanlanan Helmholts deyildi, həmişəki, ayıq başlı Helmholts idi. Bernard yetərincə minnətdar (dostunu yenidən qazanmaq böyük təsəlli idi) və yetərincə də, kinli-küdurətli idi (alicənablığına görə Helmholtsdan intiqam almaq ləzzət verəcəkdi).
Aralarındakı soyuqlaşmadan sonra ilk görüşlərində çəkdiyi iztirabları danışıb ürəyini boşaldan Bernard dostunun təsəlliverici sözlərini eşitdi. Bir neçə gün sonra təkcə özünün dərdə düşmədiyini öyrənəndə çaşdı və bir az da utandı. Helmholts da hökumətlə münaqişədə idi.
– Şeirə görədir, – deyə Helmholts izah elədi. – Üçüncü kurs tələbələrinə qabaqcıl duyğu mühəndisliyi kursunu keçirdim. On iki mühazirəlik kursun yeddincisi şeirlər barədədir. Daha dəqiq desəm, “Əxlaqi təbliğat və reklamda şeirlərin tətbiqi.” Mən həmişə mühazirələrimi çoxlu konkret nümunələrlə başa salıram. Bu dəfə, ağlıma gəldi ki, yeni yazdığım şeiri onlara oxuyum. Əlbəttə, tamamilə ağılsızlıqdır, ancaq özümü saxlaya bilmədim. – Güldü. – Reaksiyaların görmək istəyirdim, həm də, – deyə daha ciddi bir tonla əlavə elədi, – bir az təbliğat aparmaq istədim. Aman Ford! – deyə yenidən güldü. – Böyük qiyamət qopdu! Müdir məni otağına çağırıb işdən qovmaqla hədələdi. Məni artıq nəzarətə götürüblər.
– Şeirin nə barədə idi ki? – deyə Bernard soruşdu.
– Yalnızlıq haqqında.
Bernard qaşlarını qaldırdı.
– İstəyirsən oxuyum – dedi və oxumağa başladı:
Dünənki toplantı.
Sınmış təbil; çubuqlar.
Sitidə gecəyarı,
Fleytalar susurlar
Qapalı dodaqlar, gözlər.
Durub, işləmir maşınlar.
Gəzən yerlərdə bizlər,
Sükut məkanı arşınlar.
Sevinərək, həvəslə,
Ağlayır asta, ucadan.
Danışır elə bir səslə,
Bu səsi alıb haradan?
Egeriya və Syuzannın
Qollarının, sinələrinin,
Dodaqlarının, budlarının
Yoxluğu varlıq yaradır
Fəqət kimin? və nəyin?
Varlığıdır əslində boş olan
Ki, həm yox, həm də var.
Bununla belə tənha gecəni
Cütləşdiyindən güclü dolduran
Axı bunda iyrənc nə var?
Bunu tələblərə nümunə kimi verdim, onlar da məndən Müdirə şikayət etdilər.
– Təəccüblənməli bir şey yoxdur, – Bernard dedi. – Bu şeir onların uşaqlıqdan yuxuda öyrəndikləri ilə daban-dabana ziddir. Unutma ki, onlara ən azı iki yüz əlli min dəfə təkrar ediblər ki, yalnızlıq ziyanlıdır.
– Bilirəm. Ancaq mən şeirin tələblər edəcəyi təsiri bilmək istəyirdim.
– İndi artıq bilirsən.
Cavabında Helmholts sadəcə gülümsədi.
Qısa bir səssizlikdən sonra, – mən də belə bir hiss var ki, qarşımda barəsində yazmaq lazım olan nə isə var. Sanki daxilimdə varlığını hiss etdiyim o əlavə və gizli gücdən istifadə etməyə başlaya bilərəm. Elə bil daxilimdə nə isə baş qaldırır.
– “Üzləşdiyi bütün çətinliklərə baxmayaraq, xoşbəxt görünür”, – deyə Bernard düşündü.
Helmholts və Bernard bir-birilərini görər-görməz dostlaşdılar. Aralarında elə sıx dostluq münasibətləri yarandı ki, Bernard güclü bir paxıllıq hissinin daxildən onu gəmirdiyini hiss etdi. O, bütün həftələr ərzində Vəhşi ilə Helmholtsun ilk gündən nail olduğu səmimi münasibəti qura bilməmişdi. Onlara baxıb, söhbətlərinə qulaq asarkən, – “Kaş onları heç tanış etməyəydim”, – deyə düşünərək peşmanlığa qapılırdı. Duyduğu paxıllıq hissindən utanır və gah iradəsinin gücü ilə, gah da soma qəbul edərək bu hissi özündə boğmağa çalışırdı. Ancaq iradəsi az işə yarayırdı, somanı isə fasiləsiz olaraq qəbul etmək olmazdı. Bu xəbis duyğu yaxasından əl çəkmək bilmirdi.
Helmholts Vəhşi ilə üçüncü görüşündə yalnızlıq haqqındakı şeirini ona oxudu.
– Necədir ? – deyə oxuyandan sonra, soruşdu.
Vəhşi başını yırğaladı.
– İndi də buna qulaq as, – dedi və çəkməcəni açaraq siçanların gəmirdiyi kitabı götürdü, açdı və oxumağa başladı:
Bülbül cəh-cəh vurur gələndə bahar
Yayda bir də coşub gəlməyir dilə
Beləcə həvəslə mən ilk zamanlar
Səni salamladım nəğmələrimlə
Helmholts get-gedə artan bir həyəcanla dinləyirdi. “Bülbül cəh-cəh vurur” sözlərini eşidəndə diksindi, “Səni salamladım nəğmələrimlə” eşidəndə ani bir zövqlə gülümsədi, və bu vaxtadək hiss etmədiyi bir duyğu ilə titrədi. Vəhşi oxumağa davam etdi:
Bülbülün şərqisi kəsilən zaman
Yay yenə saxlayır öz zinətini
Əgər ucalarsa hər bir budaqdan
Musiqi itirər məlahətini
Odur ki, susuram bülbül kimi mən
Yoxsa darıxarsan nəğmələrimdən*
Bernard, – “Eyşi-işrət!” – dedi uca səslə qəhqəhə çəkərək Vəhşinin sözünü kəsdi. – Bu sadəcə bir həmrəylik ibadəti nəğməsidir. – O, bununla bir-birilərini Bernarddan çox istəyən iki dostundan intiqam alırdı.
Növbəti iki-üç görüşdə o, öz kiçik intiqam fəaliyyətini tez-tez təkrar edirdi. İntiqamı sadə və son dərəcə təsirli idi, çünki həm Helmholts, həm də Vəhşi çox sevdikləri şeir büllurunun parça-parça edilib çirkaba atılmasına qəlbən üzülürdü. Axırda, Helmholts Vəhşi şeir oxuyanda bir daha onun sözünü kəssə Bernardı otaqdan qovacağı ilə hədələdi. Qəribədə olsa, növbəti dəfə Vəhşinin sözünü kəsən Helmholts oldu, özü də daha kobud şəkildə.
Vəhşi, uca səslə və coşqu ilə “Romeo və Cülyetta”nı oxuyurdu – (çünki hər dəfə özünü Romeonun, Lenina isə Cülyettanın yerində təsəvvür edirdi). Helmholts aşiqlərin ilk qarşılaşdığı səhnəni maraq və çaşqınlıqla dinlədi. Bağça səhnəsindəki şeirlər onu heyran etmişdi, ancaq aşiqlərin hissləri onda gülüş doğurmuşdu. Bir qızın sevgisini qazanmaq üçün bu vəziyyətə düşmək çox gülünc idi. Ancaq hər bir ifadə ayrı-ayrılıqda möhtəşəm bir duyğu mühəndisliyi əsəri idi!
– Bu qoca Şekspirin yanında, – deyə Helmholts etiraf elədi, – bizim ən yaxşı təbliğat mütəxəssislərimiz heç nədir.
Vəhşi zəfər qazanmışcasına gülümsədi və oxumağına davam elədi. Cənab və xanım Kapulettilərin qızlarını Parisə ərə getməyə məcbur etdikləri 3-cü pərdənin sonuncu səhnəsinə kimi hər şeyi yaxşı gedirdi. Helmholts bütün səhnə boyu özünü iynə üstündə oturmuş kimi hiss elədi, ancaq Vəhşinin həyəcan dolu və təsirli qiraəti ilə Cülyetta ucadan yalvararaq öz kədərini:
Oh, bu göylərdə rəhm yoxdurmu?
Axı onlar mənim dərdimin böyüklüyünü görür
Of, anacığım, məni qovmayın!
Nikahı bir aylığa, bir həftəliyə təxirə salın
Bunu etməsəniz, Tibaltın yatdığı sərdabədə
Mənə də gəlinlik yatağı hazırlayın*
Deyərək ifadə edənə Helmholts özünü saxlaya bilməyək ucadan qəhqəhə çəkdi. Ata və ana (ədəbsizliyin kvadratı!), qızlarını istəmədiyi bir şəxslə olmağa məcbur edir! Bu gicbəsər qız isə başqa birisini sevdiyini (ən azından o anda) demir! Vəziyyət öz cəfəngliyi ilə son dərəcə gülünc idi. Helmholts, bu vaxta kimi qəhrəmancasına göstərdiyi səylə özünü şaqqanaq çəkməkdən saxlamışdı, ancaq “canım anam” sözü (özü də Vəhşinin kədərli və titrək səsi ilə) və Tibaltın ölməsi – yəqin ki, yandırılmamışdı, ona görə də fosfor əbəs yerə batıb gedirdi – Helmholtsun gülüş kasasını daşırmışdı.
Gözündən yaş gələnə qədər güldü. Helmholts gülməkdən keçirdi, Vəhşi isə qarşılaşdığı təhqirdən rəngi qaçmış halda kitabın üstündən Helmholtsa baxırdı. Qəhqəhə hələ də davam edirdi, nəhayət, qəzəblə kitabı çırpıb bağladı və qalxaraq kitabı çəkməcəyə qoyub bağlayaraq zəfəranını eşşəklərdən gizlətdi.
– Bununla belə, – üzr istəmək üçün kifayət qədər nəfəsini dərmiş Helmholts Vəhşinin könlünü almaq üçün dedi, – mən yaxşı bilirəm ki, bu cür gülməli və ağlasığmaz vəziyyətlərdən savayı başqa mövzularda məharətlə yazmaq mümkün deyil. Niyə bu qoca belə mahir duyğu mühəndisi olub? Ona görə ki, yazacaq çoxsaylı həyəcanlandıran ağılsız və üzücü şeylər tapıb. Gərək əzab çəkəsən və məyus olasan, yoxsa həqiqətən yaxşı, nüfuzedici, daşdan keçən ifadələr yaza bilməzsən. Ancaq “ana”! , “ata”! – Başını silkələdi. – Burda artıq gülməkdən özünü saxlamaq mümkün deyil. Bir oğlanın bir qızı əldə edib-etməməyi kimi həyəcanlandırır axı? (Vəhşi sarsıldı, ancaq fikirli halda döşəməyə baxan Helmholts bunu hiss etmədi). Dərindən nəfəs alıb, – Xeyr, – dedi – indi belə şeylər lazım deyil. Başqa cür ağılsızlıq və zorakılıq tələb olunur. Ancaq necə? Nə cür? Onu harada tapmaq olar? – Susdu. Sonra başını silkələyərək, – Bilmirəm, – dedi, – Bilmirəm.
*Londonun rayonlarından biri
*Romeo və Cülyetta (1-ci pərdə, 5-ci səhnə)
*Şekspirin soneti. (Tərcümə edəni: Sabir Mustafa)
*Romeo və Cülyetta (3-cü pərdə, 5-ci səhnə)
Davamı var
Tərcümə edən: Xaqani Cavadoğlu