İlahiyyat
İmam əl-Qəzalinin moizələrindən çıxarışlar Afaq Məsudun təqdimatında
Hədis ül-Qüds
Uca Yaradan tərəfindən Məhəmməd əleyhissəlama nazil olunanlardan
Deyilənə görə, bir gün Musa peyğəmbərlə rastlaşanlardan biri onunla söhbətdən vəcdə gələrək, əynindəkiləri cırıq-cırıq edir. Bu zaman Musa Uca Yaradanın ona dediyi: “Ona de, qoy Məndən ötrü paltarını yox, qəlbini bu hala gətirsin” sözlərini eşidir…
Ey Adəm övladı! Döz və tabe ol!
Ey Adəm övladı! Döz və tabe ol!
Mənə minnətdar ol, sənə istədiyindən artıq verərəm.
Məndən üzr dilə, günahından keçərəm.
Məni çağır, sənə cavab verərəm.
Mənə tapın, ibadətini qəbul edərəm.
Sənə əl açıb kömək istəyənlərə əl tut ki, taleyinə xeyir-dua verim.
Qohumluq əlaqələrini qoru ki, ömrünü uzadım.
Məndən uzun müddət sağlam olmağı, xilası tənhalıqda tapmağı, başladığın işi saf niyyətlə başa çatdırmağı, ibadətdə zahidliyi, aza qane olmağı dilə!
Ey Adəm övladı! Sən toxsansa…
Ey Adəm övladı! Sən toxsansa, hansı ibadətdən danışırsan?
Səni kasıblıq qorxudursa, hansı Allah qorxusundan danışırsan?
Bu dünyayla yaşayırsansa, ilahiyyata necə can atırsan?
Simiclik edib kasıblara əl tutmursan, amma Allahın səndən razı qalmasını istəyirsən.
Dünya malını, tərifləri sevirsən və Cənnəti arzulayırsan.
Biliyin¹ azdı, amma xoşbəxt olmaq istəyirsən.
Ey insanlar! Ən böyük var – qənaətcillikdi…
Ey insanlar! Ən böyük var – qənaətcillik, ən ali möminlik – səhvlərdən qurtulmaqdı.
Ehtiramdan qüdrətli sevgi, itaətdən güclü havadar yoxdu.
Bilikdən üstün itaət, Allah qorxusundan üstün dua yoxdu.
Səbrdən üstün uğur, Allah köməyindən böyük səadət yoxdu.
Ağıldan üstün zinət, həlimlikdən sadiq sirdaş yoxdu.
Ey Adəm övladı, Mənə tapın ki, qəlbini zinətləndirib, taleyini xeyir-duamla bəzəyim, bədəninə dinclik və rahatlıq bəxş edim.
Məni unutma! Məni unutmağa başlayınca qəlbinə ehtiyac, bədəninə yorğunluq və ağrılar, ruhuna qayğılar və iztirab hakim kəsilər.
Bilsən ki ömrünün sonuna nə qalıb, əlin bütün ümidlərindən üzülər.
Ey Adəm övladı! Sən Mənə sağlam canınla itaət edirsən…
Ey Adəm övladı! Sən Mənə, Mənim sənə verdiyim sağlam canınla itaət edirsən! Boynuna qoyulan vəzifələri Mənim köməyimlə yerinə yetirirsən.
Məni, sənə yazdığım yazıyla eşidir, arzuladıqlarını Mənim istəyimlə arzulayır, dilədiklərini Mənim istəyimlə diləyirsən.
Mənim səxavətimlə ayağa qalxır, oturur, küçəyə çıxır, evinə dönürsən.
Mənim səxavətimlə yaşayır, sənə bəxş etdiyim sağlamlığınla bəzənirsən və Məni unudur, ayrı kimsələri düşünürsən.
Ey Adəm övladı! Ölüm sənin sirlərini açacaq…
Ey Adəm övladı! Ölüm sənin sirlərini açacaq, əməllərin Qiyamət günü saf-çürük olunacaq!
Səni, sənə verilən cəzan ifşa edəcək!
Etdiyin günahların böyük-kiçikliyinə baxma! Kimin hökmündən çıxdığının fərqinə var!
Sənə verilən sınağın böyük-kiçikliyinə baxma! O sınağın sənə kim tərəfindən verildiyinin fərqinə var!
Kiçik günahlarını əhəmiyyətsiz sayma! Onun hökmündən çıxmaq günahının ölçüsü yoxdu!
Düşünmə ki, qəzəbimdən qurtulmusan! Həqiqətən bu, sənə gecənin zülmət qaranlığında qara daşın üzəriylə yeriyən qara qarışqadan daha görünməzdi…
Ey Adəm övladı! Mənə olan borclarını yerinə yetirirsənmi?
Ey Adəm övladı! Mənə olan borclarını yerinə yetirirsənmi?
Kasıbları sənə verdiyim varınla ovudursanmı?
Sənə pislik edənlərə yaxşılıq edirsənmi?
Səni incidəni bağışlayırsanmı?
Səninlə əlaqəni kəsən qohum-əqrəbanla özün əlaqə yaradırsanmı?
Səni aldadanla ədalətlə davranırsanmı?
Qonşularının işinə yarıyırsanmı?
Həqiqətən, Mən sizlərin zahirinə, vücuduna məhəl qoymuram, qəlblərinizə nəzər salır və bu keyfiyyətlərinizdən razı qalıram.
Ey Adəm övladı! Özünə və Mənim bütün yaratdıqlarıma nəzər sal!
Ey Adəm övladı! Özünə və Mənim bütün yaratdıqlarıma nəzər sal!
Əgər özündən üstün olanı varsa, o üstünlüyü özündə olanlarla müqayisə et. Yox, əgər səndən üstün olanını tapmazsansa, ruhun sənə əzizdirsə, tövbə et, özünü saleh əməllərlə şərəfləndir.
Allahın rəhmini, sizlərin: “Biz səni eşidirik və sənə itaət edirik” deyərkən, Mənimlə bağladığı əhd-peymanı xatırla!”²
Allahınızdan qorxun! Qiyamət Günündən – həmin o Böyük Dirilmə Günündən, “əlli min il sürən fəlakətlər və bədbəxtliklər Günü”ndən qorxun!³
“…onların bəraət üçün heç nə deyə bilməyəcəkləri, özlərini müdafiə üçün heç nə edə bilməyəcəkləri səbəbindən danışmalarına icazə verilməyəcək”⁴ gündən qorxun!
“Bu, böyük fəlakətlərin baş verəcəyi, dəhşətli fəryadların ərşə qalxacağı, üzlərin büzüşüb-yığışacağı, alınların dərin qırışlar bağlayacağı Gündü. Bir insanın o birinə nə əl tuta, nə pislik, nə yaxşılıq edə biləcəyi, bütün qərarların, hökmlərin, tək bir Uca Yaradanın əlində olacağı Gündü. Bu, dəhşətli zəlzələlər, qorxunc məhkəmələr Günüdü. Vaxtın sürətlənəcəyi, dağların lərzəyə gələcəyi, ağır cəzaların kəsiləcəyi, sonuncu bağırtının göylərə dağılacağı, körpə uşaqların saçının ağaracağı Böyük Fəlakət Günüdü!”⁵
Ey iman gətirənlər! Allahınızı tez-tez anın…
Ey iman gətirənlər! Allahınızı tez-tez anın, gecə-gündüz Ona şükür edin!
Ey Musa ibn İmran! Ey izah edən! Dediklərimi eşit!
Mənimlə – talelər sahibi Allahla sənin aranda tərcüməçi yoxdu! İnsanları Uca Rəhmlinin qəzəbindən, Cəhənnəm odunun gücləndiyindən xəbərdar et!
Ey Adəm övladı! Qəlbində soyuqluq, bədənində xəstəlik, ruzində kəsir, əmlakında çatışmazlıq duysan, bil ki, sənə aid olmayanlar barədə danışırsan! Sənin dilin həqiqəti söyləməyincə imanın düz olmayacaq!
Və bil: öz ayıblarına kor olub o birilərin ayıblarını qınayanlardansansa, Şeytana xidmət edirsən!
Ey Adəm övladı! Şeytan, həqiqətən, sizlərin düşmənidi…
Ey Adəm övladı! Şeytan, həqiqətən, sizlərin düşmənidi, onu özünüzə düşmən bilin!
Uca Rəhmlinin hüzurunda kütlələrlə dayanacağınız Günü yadınıza salın! Onun qarşısında əməllərinizin hərfbəhərf yazıldığı kitabları oxuya-oxuya cərgələnib dayanacağınız, gizlidə və aşkarda etdiklərinizə görə sorğu-suala tutulacağınız Günü unutmayın!
“Qəlbləri Allah qorxusuyla döyünənlərin Uca Rəhmlinin hüzuruna toplanacağı, günahkarların, naxıra yollanan ilxı tək kütlələrlə Cəhənnəmə yollanacağı Günü yadınızdan çıxarmayın!”⁶
Həqiqətən, Mən Allaham! Mənə bənzəri, hakimiyyətimə bərabər olanı yoxdu!
Mənə görə oruc tutana Mən öz qidamdan verərəm!
Gecəsini Mənə xidmətdə keçirənə Mən öz keyfiyyətlərimdən bəxş edərəm!
Yasaq etdiklərimdən çəkinənləri Mən Cəhənnəmimdən qoruyaram!
Mən Allaham! Tanıyın Məni!
Yaradan – Mənəm, Mənə minnətdar olun!
Qoruyan – Mənəm, Mənimlə qorunun!
Xilaskar – Mənəm, niyə köməyi Məndən diləmirsiniz?
Mən bağışlayanam, niyə Məndən üzr istəmirsiniz?
Mən dualara layiq olanam, niyə Mənə dua etmirsiniz?
Mən bilənəm! Ehtiyatlı olun!
Ey Adəm övladı! Allah öz əlamətləri ilə bildirir…
Ey Adəm övladı! Allah öz əlamətləri ilə bildirir ki, həqiqətən, Ondan savayı ayrı Allah yoxdur. Mələklər də buna şahiddir, bilik sahibləri, peyğəmbərlər və digər möminlər də buna əmindirlər ki, Uca Yaradan ən ali ədalətlə idarə edəndir.
Saleh əməl sahibi olanı Allah Cənnətlə sevindirər.
Kim Allahı dərk edər, Ona itaət edər, qurtulmuşlardan olar.
Kim Şeytanı duyub, dərk edib anlasa da, ona tabe olmaz, Şeytan ona toxunmaz!
Kim Haqqı dərk edib Onun ardınca yollanar, o kəs heç bir zaman heç yerdə təhlükəyə uğramaz.
Kim saxta olanı dərk edib ondan ehtiyat edər, o kəs qalib gələr.
Kim Şeytanı və bu dünya həyatını dərk edər və hər ikisindən üz çevirər, o kəs xoşbəxtlərdən olar.
Kim Axirətin mahiyyətini dərk edər, ömrünü onu gözləməklə keçirər, o kəs doğru yolda olanlardan olar.
Allah, həqiqətən, sevdiyi bəndəsini doğru yola yönəldər və hamınızın qayıdışı Onadır.
Ey Adəm övladı! Əgər sənə taleyi Allah yazıbsa…
Ey Adəm övladı! Əgər sənə taleyi Allah yazıbsa, nədən nigaransan?
Əgər xərclədiyinin əvəzini sənə Uca Allah yetirirsə, nədən simiclik edirsən?
Əgər İblis Uca Allaha düşməndirsə, sənin bu laqeydliyinə, etinasızlığına nə ad verək?
Əgər Cəhənnəm odunun cəzası varsa, içindəki bu rahatlıq hardandı?
Əgər Allahın mükafatı Cənnətdirsə, Onun hökmündən niyə çıxaq? “Əgər hər şey Mənim Yazımla yazılıbsa, bu nə narahatlıqdı?”⁷
“Bunu sizlərə açdıq ki, tutduğunuz günah əməllərdən çox da kədərlənməyəsiniz. Onun (Allahın) sizlərə olan mərhəmətinə də çox arxayın olmayasınız. Allah özündənrazıları sevməz!”⁸
¹İlahi bilik nəzərdə tutulur.
²Təfsir-ül Cəlaleyn – (əl-Məyid surəsi, 7-ci ayə)
³Təfsir-ül Cəlaleyn – (əl-Məric surəsi – 4-cü ayə)
⁴Təfsir-ül Cəlaleyn – (əl-Mursalat surəsi – 35, 36-cı ayə)
⁵Təfsir-ül Cəlaleyn – (əl-İnsan surəsi – 10-cu ayə)
⁶Təfsir-ül Cəlaleyn – (əl-İmran surəsi, 18, 19-cu ayə)
⁷Təfsir-ül Cəlaleyn – ( əl-Hadid surəsi, 23-cü ayə)
⁸Təfsir-ül Cəlaleyn – ( əl-Hadid surəsi, 23-cü ayə)