(Mənsur şeir)
Sözlərin törətdiyi cinayətlərə qatillərin çatmağına çox var hələ. Bir ruh ya bir bədəni öldürmək, ikisi arasında nə qədər fərq var ki?..
Silah yarasının gücü nədir ki, bir məlhəmin mərhəmətinə bənd ikən? İçi qanlı, üstü sərt qabıqlı söz yarasının izləri görünməz ki…
Qatil deyil, insan öldürür insanı. Hər baxış, hər söz, hər addımda. Görən var nə cəsəd, nə də məzarı, məzarlar gizlənir göz yaşlarında.
Hər gecə bir stol qaçır ayaqdan, əcəl kəndirinin izləri qalır şah damarda. Sonra bir parça məktub qovuşdurur, bədənlə ruhu cəhənnəm alovlarında.
Şayiələr işarə edir əxlaqsızlığa, qeybətlər gəzir ortalıqda qarış-qarış. Gözlər dikilərkən başqa bir qurbana, sözlər yenə naxış vurur bir kəfənə…