2023-cü il iyun ayının 16-da Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin “Azərbaycan dili” ixtisası üzrə magistrantı Mənsurə Əhmədovanın “Dilin mahiyyəti, nitq fəaliyyətində rolu. Dilə psixoloji və neyroloji yanaşma” və “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistrantı Ilknur Əsgərovanın “Klassik Azərbaycan poeziyasında rəqəmlərin mifopoetikası” mövzularında müdafiələri keçirilmişdir.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri prof. Bədirxan Əhmədovun sədrliyi ilə keçirilən müdafiədə iddiaçılar dinlənildikdən sonra “Dilin mahiyyəti, nitq fəaliyyətində rolu. Dilə psixoloji və neyroloji yanaşma” mövzusunda tədqiqat işinin elmi rəhbəri dos. Sevinc Ağayeva və rəyçi f.ü.f.d. Rasim Heydərov çıxış etmiş, dilin psixika və beyinlə əlaqəsi ətrafında müzakirələr olmuşdur.
Daha sonra “Klassik Azərbaycan poeziyasında rəqəmlərin mifopoetikası” adlı tədqiqat işinin elmi rəhbəri Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova, rəyçilər dos. Xatirə Yusifova, f.ü.f.d. Rüstəm Lazımov mövzu ətrafında çıxış edərək, Azərbaycan poeziyasında, həmçinin ümumtürk mifologiyasında sayların ifadə etdiyi məna qatlarına dair fikir mübadiləsi aparmışlar.
Müdafiə prosesində Dillər və Ədəbiyyatlar departamentinin əməkdaşları ilə yanaşı, Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin koordinatoru Məhəmməd Eldarov da iştirak etmişdir.