(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Ağacların ruhları. Ağaclara inam Avropada, ariyalıların dini tarixində mühüm rol oynayırdı. Və bu tam təbii idi. Axı tarixin er çağında Avropa ucsuz-bucaqsız və baltadəyməmiş meşələrlə örtülmüşdü və adda-budda ağtala ərazilər yaşıllıq ümmanında adacıqlar idilər. Eramızın ta I əsrinədək Reyn çayından şərqə doğru Hertsin meşəsi uzanıb gedirdi: Sezarın sorğu-sual etdiyi germanlar düz iki ay ərzində onda gəzib dolaşmış, amma sonuna gedib çata bilməmişdilər. Dörd əsr sonra imperator Yulian bu meşədə olarkən onun əsrarəngiz xəlvətiliyi, qaranlığı və lal-dinməzliyi imperatorun həssas qəlbini dərindən riqqətə gətirmişdi. O bildirmişdi ki, bütün Roma imperiyasında buna bənzər heç nə görməmişdir. Bizim öz ölkəmizdə (yəni İngiltərədə, – tərc.,) Kent, Surrey və Susseks qraflıqlarındakı meşələr haçansa adanın bütün cənub-şərq hissəsini örtən nəhəng Anderida ormanının qalıqlarıdır. Görünür, o, qərbə doğru uzanıb gedir və orada Hempşirdən ta Devonşirədək bir ərazini örtən başqa bir meşə ilə birləşirdi. Hələ kral II Henrixin krallığı dövründə (1154 – 1189) London vətəndaşları Hampsted meşələrində vəhşi öküz və qaban ovlayırdılar. Hətta Plantagenetlər sülaləsinin sonuncu nümayəndələrinin dövründə (XIV əsr) belə kral meşələrinin sayı altmış səkkizə bərabər idi. Belə söyləyirlər ki, Arden meşəsində dələ ta yeni çağadək bir budaqdan o birisinə tullanaraq az qala bütün Yorik qraflığının bu başından o başına keçib gedə bilirdi.
Po çayı vadisində qədim tir tikililərdəki qazıntılar göstərdi ki, Romanın çiçəklənmə dövründən, ola da bilsin, himinin qoyuluşunadək İtaliyanın şimali hissəsi sız qarağac, şabalıd və xüsusən də palıd meşələri ilə örtülü idi. Arxeoloqların bu qənaətləri tarixçilərin də əsərlərində öz təsdiqini tapır: klassik müəlliflərin əsərlərində İtaliyanın indi artıq olmayan meşələrinə dair çoxsaylı isnadlar vardır. Eramızdan əvvəlki IV əsrdə Roma Mərkəzi Etruriyadan müdhiş ölçüləri olan Siminiya meşəsi ilə ayrılırdı, onu Tit Livi Germaniya meşələri ilə müqayisə edir. Bu Roma tarixçisinə inansaq, heç bir tacir heç vaxt onun keçilməz pöhrəliklərinə girməmişdir; bir Roma sərkərdəsinin öncədən meşəni müayinə etmək üçün iki kəşfiyyatçı göndərərək öz ordusunu meşəyə aparıb meşəli dağların ətəyi ilə uzun müddət irəli getdikdən sonra ayaqlarının altında Etruriyanın barlı-bəhərli bağlarını gördüyünü eşidənlər bunu misilsiz bir şücaət saymışdılar. Yunanıstanda möhtəşəm şam, palıd və sair meşələri hələ də Ladon çayının gurultulu bir qıjovla müqəddəs Alfey çayı ilə qovuşduğu dərin və dar bir dərəni yaşıllığa vaxtadək bu meşələr gözdən iraq Feney gölünün tünd mavi sularında güzgüdəki kimi bərq vururdular. Amma bunlar qədimdə ucsuz-bucaqsız ərazilərin bürünmüş olduğu və çox-çox uzaq zamanlarda, yəqinki, dənizdən dənizədək bütün Ellin yarımadasını qoynuna almış olan ormanların qalıqlarından başqa bir şey deyillər.
Məbəd bildirən tevton sözlərini öyrənmə əsasında Yakob Qrimm[1] belə bir həqiqətəuyar qənaətə gəlmişdir ki, germanlarda ən qədim oduq (ocaq) və tapınaqlar (müqəddəs məkanlar) məhz elə təbii meşələr olmuşdur. Ariya mənşəli iri Avropa xalqlarında ağaclara sitayişin lehinə çoxlu şahidliklər vardır. Hamıya bəllidir ki, kelt druidləri palıdlara sitayiş edirdilər və onlarda müqəddəs yeri (pir, ocaq) bildirən söz mənşəyinə və mənasına görə latın sözü olan nemusla (kiçik orman, meşə cığırı) eynidir, bu sözün yanqısı, inikası Nemi adında da hiss olunur. Germanlarda qutlu ormanlar adi bir hal idi; ağaclara sitayiş onların indiki nəsillərində də tam itməmişdir. Əvvəlki zamanlarda bu sitayişə nə qədər böyük önəm verdikləri barədə germanların qanunlarına əsasən dik duran ağacın qabığını soymağa cürət etmiş hər kəsi gözləyən cəzanın amansızlığına görə mühakimə yürütmək olar. Caninin göbəyini kəsib çıxarır və onu ağacın soymuş olduğu hissəsinə mıxlayırdılar; sonra onu bağırsaqları sonadək gövdəyə sarınanadək ağacın ətrafında fırladırdılar. Bu cəza aşkar şəkildə ağacın qurumuş qabığını caninin ət-qanı ilə əvəzləməyə yönəlmişdi. Qana-qan prinsipi işə düşürdü: ağac canı əvəzinə insan canı.
Upsalada – İsveçin qədim dini paytaxtında – müqəddəs bir orman var idi; ondakı ağaclar müqəddəs sayılırdı. Azıq (bütpərəst) slavyanlar da ağaclara və meşələrə sitayiş edirdilər. Litvalılar yalnız XIV əsrin sonuna yaxın xristianlaşdırılıblar. Bu dövrədək ağaclara sitayiş onlarda mühüm rol oynamaqda davam edirdi. Onlardan bəziləri nəhəng palıdlara və başqa qollu-budaqlı ağaclara sitayiş edir, onlardan kəhanətlər, öngörü işarətləri alırdılar. Başqa litvalılar müqəddəs meşələrə öz ağacaları və evlərilə yanaşı, eyni dərəcədə qulluq edirdilər; onların budağını belə qırmaq günah sayılırdı. Onlar düşünürdülər ki, belə bir meşədə budaq qırmış adam ya elə oradaca öləcək, ya da şikəst olacaqdır. Qədim Yunanıstan və İtaliyada da ağaclara sitayişin geniş yayılmasına dair bir yığın sübutlar vardır. Kosada Eskulap pirində (tapınağında) sərv ağaclarını kəsmək yasağını pozanlar min dirhəm cərimə ödəməli idilər. Amma, əlbəttə, antik dünyanın heç bir yerində dinin bu qədim forması dünyanın ulu paytaxtının düz özəyində olduğu qədər yaxşı qorunub qalmamışdır. Forumda, Romanın qaynar mərkəzində imperiya dövrünədək Romulun Müqəddəs əncir ağacına sitayiş edirdilər. Onda solma əlamətləri görsənən kimi dərhal bütün şəhəri dəhşət bürüyürdü. Palatin təpəsinin yamacında Romada ən müqəddəs obyektlərdən biri sayılan zoğal ağacı boy atırdı. Əgər yoldan keçənlərdən kiməsə elə gəlirdisə ki, ağacın budaqları sallanıb, o, şivən qoparırdı, hamı da ona qoşulurdu və tez bir zamanda sanki yanğın söndürürlərmiş kimi (Plutarxın sözlərinə görə) hərə bir tərəfdən əllərində dolu badyalarla basabas salaraq ağaca tərəf qaçışırdılar.
Finn-uqor qrupundan olan Avropa qəbilələrində azıq (bütpərəst) ayinlərin çoxu çəpərə alınmış müqəddəs meşələrdə icra olunurdu. Çox vaxt belə meşələr adi talalardan və üzərlərində keçmiş zamanlarda qurbanlıq heyvanların dəriləri asılan bir neçə ağac olan təmizlənmiş meşə sahələrindən ibarət olurdu. Meşənin düz ortasında – ən azı volqa qəbilələrində – bütün ətrafına kölgə salan müqəddəs bir ağac olurdu. Dindarlar toplaşana və görücü (kahin) dualarını oxuyub qurtaranadək ağacın dibində qurban kəsirdilər, onun budaqlarısa çox vaxt bir növ kafedra (tribuna) rolunu oynayırdı. Meşədə ağac kəsmək və budaq qırmaq yasaq idi; qadınlarısa ora, bir qayda olaraq, buraxmırdılar.
Ağac və bitkilərə sitayişin kökləndiyi anlayışları narınca, müfəssəl araşdırmaq gərəkdir. Bütövlükdə dünya vəhşi insana canlı kimi təsəvvür olunur; ağac və bitkilər də bu baxımdan istisna təşkil etmirlər. Vəhşi, yabanı adam inanır ki, onların da elə onun kimi canları vardır və onlarla elə bu təsəvvürə uyğun şəkildə davranır. “Belə xəbər verirlər ki, – deyə antik vegetarian (bitkicil) Porfiri yazır, – ibtidai insanların ömür-güzəranı bədbəxt bir güzəran idi, çünki onların xürafatı təkcə heyvanlarla məhdudlaşmır, bitkilərə də şamil olunurdu. Nəyə görə, bu ağaclarda ruhun məskən saldığını nəzərə alsaq, öküzü və ya qoyunu öldürmək palıdı və ya küknarı kəsməkdən daha şər və bədəməl bir iş olmalıdır?” Elə bu sayaq da hidatsa hinduları inanırlar ki, təbiətin hər bir predmetinin ruhu, daha dəqiqisə, kölgəsi vardır. Hamısına eyni bərabərdə olmasa da, bu kölgələrə ehtiram göstərmək gərəkdir. Örnək üçün, Missuri vadisində ən böyük ağac olan piramidaşəkilli qovağın kölgəsinin ağıllı olmasını düşünür və hesab edirdilər ki, onunla yaxşı rəftar olunsa, kölgə hindulara bir çox işlərində kömək edə bilər. Hərgahki kol-kos və otların kölgələrinə böyük sayğı duymurdular. Missuri yaz aylarında daşıb məcrasından çıxarkən axın hündür ağacların gövdələrini gətirdikdə hindular deyirlər ki, ağacların ruhları qışqır-bağır salırlar. Vaxtikən bu azman ağacların bircəciyini belə kəsmək hindularda böyük cinayət sayılırdı. Onlara böyük tirlər gərək olanda özləri yıxılmış ağaclardan istifadə edirdilər. Son zamanlaradək ən mövhumatcıl qocalardan bəziləri bildirirdilər ki, bəla və fəlakətlər onların xalqlarının başına piramidaşəkilli qovağa saymaz münasibət ucbatından gəlir. İrokezlərdə belə bir inam var idi ki, bütün ağac, bitki, kol, ot türlərinin canı vardır: bu ruhlara dualarla üz tutmaq adəti mövcud idi. Vanika qəbiləsinin otaylıları (Şərqi Afrika) xəyal edirlər ki, hər bir ağacın, xüsusən də hindqozu palmasının canı vardır, ona görə də “hindqozu palmasını kəsmək anasını öldürməyə bərabərdir, çünki bu ağac, ana öz balasına verdiyi kimi, onlara həyat verib bəsləyir.” Siam rahibləri canların (ruhların) hər yerdə olmasına və nəyisə məhv etməyin ruhu zorakılıqla qovmaq olduğuna tam inanaraq, “günahsız bir adamın qolunu qırmağa cürət etmədikləri kimi” heç vaxt bircə budağa belə dəyməzlər. Bəs necə, axı onlar buddist rahiblərdir! Buddaçı animizm fəlsəfi nəzəriyyə yox, bütün yabanı insanlara xas, tarixi din sisteminə daxil edilmiş bir ehkamdır. Buna görə də Benfey və sair alimlər kimi, Asiya xalqları arasında yayılmış animizm və ruhların köçməsi nəzəriyyəsinin buddizmə kökləndiyini fərz etmək – faktları baş-ayaq çevirmək deməkdir.
Bəzən belə hesab olunur ki, ruhlar ağacların ancaq bəlli bir türündə (növündə) yaşayırlar. Dalmasiyada, Qrbalda deyirlər ki, bəzi böyük fıstıq, palıd və sair ağacların ruhları və ya kölgələri vardır: kimsə bu ağaclardan birini kəsib salarsa, onda o yerindəcə ölməli, ya da ən azı şil olub ömrünün sonunadək belə qalmalıdır. Əgər ağacı kəsən kəsdə kəsdiyi ağacın belə ağaclar sırasına daxil olması ilə bağlı nigarançılıq yaranırsa, gərək o, ağacı kəsmiş olduğu balta ilə onun kötüyünün üstündə bir toyuq kəssin. Ağac hətta canlı ağaclar sırasına daxildirsə belə, bu ondan əcri, cəzanı sovuşduracaqdır. Seneqaldan tutmuş ta Nigerədək bütün Şimali Afrikada nəhəng gövdələri bütün başqa ağaclardan boyca çox-çox üstün olaraq heyrətamiz bir yüksəkliyə millənən ipək-pambıq ağaclarına (silk-cotton trees) böyük bir pərəstişlə yanaşırlar. Belə sanılır ki, onlar tanrı və ya ruh məskənidirlər. Qul Sahilindən olan evedilli xalqlara bu meşə nəhənginin ruhu Quntin adı altında məlumdur. Onun məskən saldığı ağaclar – bu şərəf heç də hər ipək-pambıq ağacına nəsib olmur, – palma yarpaqlarından düzəldilmiş çəpərlə hasara alınırlar. Ev quşlarından (aradabirsə adamlardan) olan qurbanları gövdəyə bağlayır ya da ağacın dibinə qoyurlar. Palma yarpaqlarından düzəldilmiş çəpərlə hasarlanmış ağacı kəsmək və ya başqa bir sayaq incitmək olmaz. Hətta ruh məskəni olmayan ipək-pambıq ağacları belə güman edilən murdarlanma və ya qarğışdan arınmaq üçün öncədən hansısa bir ev heyvanı və ya palma yağı qurban verilmədən kəsilə bilməzlər. Qurban verməmək – cəzası ölüm olan bir küfr və həqarətdir. Pəncabdakı Kanqra dağlarının sakinləri hər il qocaman bir kitrəyə (sidr ağacına) bir qızcığaz qurban verirlər; kitrə ağacı kəsilənədək bu qurbanlığı növbə ilə hər bir ailə göndərirdi.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Qrimm Yakob (1785 – 1863) – görkəmli alman alimi, filoloqu, linqvisti, xalq nağılları toplayıcısı (qardaşı Vilhemlə birgə). Folkloristika, din və mifologiyanın öyrənilməsi sahəsində “naturmifoloji” (“naturistik”) məktəbin banisi.