Ceyms Corc Freyzer. Ağaclara sitayiş – 2

The Golden Bough. A Study in Magic and Religion. Edited with an ...

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

 (davamı)

Əlbəttə ki, canlı ağacların duyğuları vardır. Onların kəsilməsi incə bir cərrahi əməliyyata çevrilir, onu pasiyentin hisslərinə maksimal diqqətlə aparmaq lazımdır; əks halda ağac ehtiyatsız və naşı cərrahı parça-parça edə bilər. Palıdı kəsib salanda “o, bir ağac məsafədə eşidilən qulaqbatırıcı haray-qışqırıq salır. Bu, palıdın bir növ nalə çəkən ruhudur. Eskvayr E.Uayld bu fəryadı bir neçə dəfə eşitmişdir.” Ocibve hinduları “onu ağrıtmaqdan qorxaraq çox nadir hallarda yaşıl, canlı ağacı kəsirlər, onların şamanlarından bəzilərisə əmin edirlər ki, balta kəsən ağacların ah-zarlarını eşitmişlər.” Qabıqlarını kəsəndə, yaxud da yandıranda qanları axan və ağrı-acıdan fəryad qoparan ağaclardan Çin kitablarında da (hətta tarixi əsərlərdə belə) bəhs olunur. Avstriyanın bəzi nahiyələrində qoca kəndlilər hələ də inanırlar ki, meşədəki ağacların canları var və karlı səbəb olmadan onların qabıqlarını kəsməyə və ya soymağa qoymurlar; onlar ata-babalarından eşidiblər ki, ağac kəsiləndə insan yaralandığı haldakından az ağrı-acı çəkmir. Ağacı kəsməzdən öncə onlar ondan üzr diləyirlər. O da bəllidir ki, Yuxarı Palatinatda (almanca – Ober-Pfalz – indiki Bavariyanın bir hissəsi: baş şəhəri – Regensburq, -tərc.,) köhnə odunçular ağacları kəsməzdən əvvəl gözəl, sağlam ağaclara bağışlanmaları ilə bağlı dil-ağız edirlər. Balta dəyməmiş meşədə və ya dağlarda ağac kəsməzdən öncə Luson adasında yaşayan iloklar belə bir oxşama deyirlər: “Dostum, narahat olma, düzdür, biz səni kəsəcəyik, amma axı biz də buyruq əhliyik!” İloklar ağaclarda yaşayan, ona xəsarət yetirən şəxsdən öc almaq üçün ona qada-bala göndərə bilən ruhların qəzəbinə tuş gəlməmək üçün belə edirlər. Mərkəzi Afrikadakı basoqalar zənn edirlər ki, kəsilmiş ağacın ruhu başçını və onun ailəsini öldürə bilər. Bu fəlakəti önləməkdən ötrü onlar ağacı kəsməzdən əvvəl şamanla məsləhətləşirlər. Əgər bu bilici kəsməyə icazə verirsə, onda odunçu, birincisi, ağaca bir ov quşu və ya keçi qurban edir; ikincisi, birinci vuruşdan sonra kəsikdən bir az şirə sümürür: beləcə o, adamlar bir-birinin azacıq qanını sormaqla qardaşlaşdığı kimi, ağacla qardaşlaşır. Bundan sonra o, xətərsiz-filansız öz ağac qardaşını kəsə bilər.

Lakin bitkilərin ruhu ilə heç də həmişə belə ehtiramla rəftar etmirlər. Gərçi şirin sözlər və mülayim rəftar onlara bir əsər etmirsə, daha sərt tədbirlərə əl atırlar. Ost-İndiyada bitən, hamar, çox uzun saplaq-qıçaları çox vaxt 20-30 metrə çatan, özü də heç bir yan pöhrə verməyən duryan ağacı iyrənc qoxusu, amma misilsiz xoş dadı olan meyvələr verir. Bəlli olduğu kimi, malaylılar bu ağacı meyvələrinə görə becərir, onun məhsuldarlığını artırmaq üçünsə çox qəribə bir ayin qılırlar. Selanqorda (Malay yarımadasının qərb sahilində bir yer) Yuqra yaxınlığnda çoxu bu ağaclardan ibarət bir meşəlik var və təyin olunmuş gündə orada kənd sakinləri toplaşır. Yerli şamanlardan biri əlinə balta götürüb aşağıdakı sözləri deməklə ağaclardan ən barsızının gövdəsinə bir neçə zərbə vurur: “Sən bar verəcəksən, ya yox? Verməyəcəksənsə, səni kəsəcəyəm.”Bu sözlərə ağac qonşu manqust ağacına dırmaşmış (duryan ağacına çıxmaq olmaz) başqa bir adamın səsilə belə cavab verir: “Oldu, indi mən bar verməyə başlayacağam. Noolar, məni kəsmə.” Yaponiyada ağacları bar verməyə məcbur etmək üçün meyvə bağına iki nəfər girir. Onlardan biri ağaca çıxır, o birisə əlində balta onun altında durur. Əlində balta olan adam ağacdan gələn il yaxşı məhsul verib-verməyəcəyini soruşur; əks təqdirdə onu kəsməklə hədələyir. Buna budaqların arasında gizlənmiş o biri şəxs ağacın adından cavab verir ki, o, bol məhsul verəcəkdir. Bağçılığın bu metodu və ya çəmi bizə nə qədər qəribə görünsə də, Avropada onun birbaşa paralelləri vardır. Milad bayramı ərəfəsində bir çox yuqoslav və bolqar kəndliləri bar verməyən meyvə ağacına balta ilə hədə-qorxu gəlir, yanında duran bir adamsa ona belə sözlərlə qahmar çıxır: “Kəsmə onu! O, tezliklə bar verəcəkdir.” Balta üç kərə qaldırılır və hər dəfə havadarın xahişi ilə geriyə çəkilir. Bundan sonra növbəti il qorxmuş ağac, sözsüz ki, bar verəcəkdir.

Ağaclar və bitkilərin canlı varlıqlar olmaları barədə təsəvvürdən təbii şəkildə onların sadəcə məcazi və ya poetik mənada deyil, məhz elə gerçək mənada öz aralarında izdivac yarada biləcək erkək və dişi cinsli ağaclara bölgüsü irəli gəlir. Ancaq heyvanların ali türlərində cinsiyyət orqanları adətən ayrı-ayrı fərdlər arasında paylanmışdırsa da, bitkilərin əksər növlərində onlar hər bir ayrıqda, fərddə birgə mövcud olurlar. Hərçənd, bu qayda heç də tamümumi deyildir: bitkilərin bir çox növlərində erkək bitki dişi bitkidən fərqlənir. Bu xüsus, görünür, bəzi ibtidai xalqların nəzərindən qaçmamışdır. Maori otaylıları barədə bizə xəbər verirlər ki, “onlar bitkilərin cinsini bilirlər və bəzi ağacların erkək və dişi fərdləri üçün onlarda fərqli adlar vardır.” Qədim insanlar erkək və dişi cinsli xurma ağaclarını ayırd edə bilir və dişi palma ağaclarının çiçəklərinin üzərinə erkək ağacın tozcuqlarını tökərək onları süni şəkildə mayalandırırdılar. Mayalanma yazda aparılırdı. Harran bütpərəstlərində palmaların mayalanma ayı Xurma ayı adlanırdı, elə bu dövrdə də bütün tanrı və tanrıçaların izdivac şənlikləri təşkil olunurdu. Gerçək bitkilərin mayalandırılması ilə yanaşı bitkilərin ritual nikahları da qılınırdı. Məsələn, əgər hindli manqo ağacı əkmişdirsə, nə o, nə də arvadı yaxınlıqda bitən erkək cinsli manqo ağacı ilə bir başqa növ ağac (adətən bu, hind xurması (tamarind) ağacı olur) arasında formal izdivac bağlanmazdan əvvəl onların meyvələrinə əl vurmurlar. Əgər yaxınlıqda dişi cinsli hind xurması ağacı yoxdursa, onu jasmin ağacı əvəz edir. Bu izdivaca çəkilən xərclər çox vaxt çox böyük olur. Belə də olub ki, hətta bir ailə qiymətli daş-qaşlarını satıb, üstəlik, böyük məbləğdə borc da götürmüşdür ki, manqo ağacının jasminlə izdivacını lazımi təmtəraqla qeyd edə bilsin. Milad bayramı ərəfəsində alman kəndlilərinin də ağacları saman bağlarla (iplərlə) bağlamaq adəti vardı, iddia olunurdu ki, ağaclar bu sayaq izdivaca girmişlər və bar verəcəklər.

Molukka adalarında mixək ağacı çiçəkləyəndə, onunla bir hamilə qadın kimi rəftar edirlər. Onun yanında hay-küy salmaq, gecələr yanından çıraq və ya od keşirib aparmaq olmaz; heç kəsin ona başında papaq yaxınlaşmağa ixtiyarı yoxdur, onun yanında hamı başıaçlq durmalıdır. Bu saqındırıcı tədbirlər ona görə alınır ki, ağac sarsıntıdan barsız olmasın yaxud da çox erkən meyvə verməsin (qorxudan boylu qadının vaxtından əvvəl doğmasına oxşar olaraq). Şərqdə boy verən çəltiyin cücərti və sünbüllərinə elə hamilə qadına olduğu qədər çox qayğıkeşlik və nəzakətlə yanaşırlar. Ambolində çəltik çiçəkləyəndə sakinlər deyirlər ki, o, doğmağa hazırlaşır. Onlar tüfənglərdən atəş açmır və tarlalara yaxın yerdə səs-küy salmırlar, qorxurlar ki, əgər onu narahat etsələr, düşüklər ola və taxıl, dən əvəzinə içiboş samanlar ərsəyə gələ bilər.

Bəzi xalqlar inanırlar ki, ağaclara həyatı ölülərin ruhları öz nəfəsləri ilə verirlər. Mərkəzi Avstraliyadakı diyeri tayfası ağacları müqəddəs sayır, onların rəvayətlərinə görə, əcdadları ağaclara çevrilmişlər: onlar bu ağaclara böyük ehtiramla yanaşır və onların kəsilməməsi və yandırılmaması üçün mümkün olan hər şeyi edirlər. Ağdərili köçkünlər diyerilərdən ağac kəsməyi xahiş etdikdə onlar ciddi şəkildə etiraz edir və iddia edirlər ki, belə bir xətaya görə uğur onlardan üz döndərmiş olar; onlar ulularını müdafiə etmədiklərinə görə cəzalanmaqdan qorxurlar. Filippin adaları sakinlərinin bir qismi inanır ki, müəyyən ağaclarda onların əcdadlarının ruhları yaşayır və buna görə də onlardan muğayat olurlar. Filippinlilər belə ağaclardan birini kəsməyə məcbur olduqda, onları buna kahinin vadar etdiyini söyləyərək ondan üzr istəyirlər. Ruhlar əsasən hündür, möhtəşəm, böyük çətirli və şaxlı-budaqlı ağaclarda məskən salırlar. Külək yarpaqları xışıldadanda otaylılara elə gəlir ki, ruhun səsini eşidirlər və onlar heç vaxt ona ehtiramla təzim etməmiş və narahatlığa görə ruhdan üzr istəməmiş belə ağacın yanından keçməzlər. İqorrotların[1] hər bir kəndində onun sakinlərinin ölmüş əcdadlarının ruhları məskunlaşmış öz müqəddəs ağacları vardır. Ağaca qurbanlar verirlər; belə hesab olunur ki, ona qarşı edilmiş hər cür həqarət bütün kənd üçün hansısa bir bədbəxtliyə bais olacaqdır. O kəsilsə, bütün sakinləri ilə birlikdə kənd labüd şəkildə məhv olar.

Koreyalıların inanclarına görə, taundan və yolda ikən ölmüş adamların, habelə doğuş zamanı canını tapşırmış qadınların ruhları həmişə ağaclarda özlərinə sığınacaq tapırlar. Ağacların altında qalaqlanmış daş topalarının üzərində bu ruhlara börəklər, çaxır və donuz əti nəzir-niyaz edirlər. Çində ta əski zamanlardan ölünün ruhuna güc vermək və onun nəşini çürüməkdən qorumaq üçün məzarların üstündə ağaclar əkmək adəti var idi. Həmişəyaşıl şam və sərv ağacları guya başqa ağaclardan daha çox həyat qüvvəsinə malik olduqlarından, bu məqsəd üçün əsasən onları seçirdilər. Məzarların üstündə bitən ağaclar bəzən ölülərin ruhları ilə eyniləşdirilir. Myao-kialarda – Cənubi və Qərbi Çin sakinlərində – müqəddəs ağac hər bir kəndin girəcəyində olur; sakinlər inanırlar ki, o, onların ilk əcdadının ruh dərgahıdır və onların talelərini idarə edir. Bəzən kəndin yaxınlığında müqəddəs meşəlik olur; ondakı ağaclar kəsilmir, quruyub elə yerindəcə çürüyürlər. Xəzəl torpağı örtür, amma əvvvəlcə ağacın ruhundan izn istəməmiş və ona qurban verməmiş heç kəsin onları yığışdırmağa ixtiyarı yoxdur. Güney Afrikadakı maravlar hər zaman belə fikirdədirlər ki, qəbristanlığın torpağı müqəddəsdir; ondakı ağacları kəsmək, heyvanları öldürmək olmaz, çünki orada torpağın hər qarışında ölülərin ruhları məskunlaşıb.

Yuxarıda göstərilən misalların əksəriyyətində (bəlkə də hamısında) ruh bir növ ağacda lokallaşmışdır; o, ağacın ruhunu (canını) təşkil edir və onunla birgə də xəstələnməli və ölməlidir. Ancaq başqa bir – yəqin ki, daha sonrakı – fikrə görə, ağac öz ruhunun cismi deyildir, yalnızca istədikdə onu tərk edə və qayıda bilən ağac ruhunun iqamətgahı, sığınacağıdır. Ost-İndiyadakı Siau adasının sakinləri meşələrdə böyük tənha ağaclarda yurd-yuva salan meşə ruhlarına inanırlar. Aylı gecələrdə belə ruhlar sığınacaqlarından çıxıb ətrafı dolaşılar. Bu ruhun yekə başı, uzunəl-ayağı və dolu qurs bədəni vardır. Meşə ruhlarının iltifatını qazanmaq üçün onlara ev quşlarını, keçiləri və s., qurban edirlər. Nias adasının sakinləri belə fikirdədirlər ki, ağac quruduqdan sonra onun azadlıq əldə etmiş ruhu demona (çora) çevrilir və o, hindqozu palmasının budaqlarında oturaraq ya da evin sütun dirəklərinin birinin üstündə özünə yer edərək evdəki bütün uşaqları məhv edə, öldürə bilər. Onlar zənn edirlər ki, bəzi ağaclarda sərgərdan demonlar məskən salır; belə ağaclara xətər yetirsən, demonlar bayıra çıxıb vəlvələ salarlar. Buna görə Nyasa sakinləri bu ağaclara hörmətlə yanaşır və onları kəsməkdən çəkinirlər.

Ruhların ziyarət yeri olan ağacların kəsilməsi zamanı icra olunan ayinlərdən bir çoxu o inama əsaslanır ki, istədikləri zaman və ehtiyac olduqda ruhlar ağacları tərk edə bilərlər. Buna görə, Palau adaları otaylıları ağac kəsməyə hazırlaşanda ağacın ruhundan onu tərk edib başqa bir ağacda məskunlaşmağı yalvarışla rica edirlər. Aşorin ağacını aşırmaq istəyən, amma bunu etməyin yasaq olduğunu bilən Qul Sahilindən olan diribaş zənci bir tələ yemi olaraq yerə bir az palma yağı tökür, sonrasa heç nədən şübhələnməyən ruh yağı nuş etmək üçün ağacı tərk etdikdə, onunhələ soyumamış sığınacağını kəsməyə tələsir. Düyü səpmək üçün meşə sahəsini təmizləməyə başlamazdan öncə Selebes adasındakı tobunqkus qəbiləsinin adamları kiçik bir koma tikib, oraya bap-balaca paltarlar, yemək ehtiyatı və qızıl qoyurlar. Sonra onlar meşənin bütün ruhlarını çağırıb içindəkilərlə birlikdə bu evciyi onların sərəncamına verir və sahəni tərk etmələri üçün onlara yalvarırlar. Bundan sonra onlar yara-zədə almaqdan çəkinməyərək sakitcə ağacları kəsə bilərlər.

(davamı var)

Tərcüməçi: Obaçı

 

[1] İqorrotlar – Luson adasının şimal hissəsindəki dağlı qəbilələrdən biri.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Orxan Pamuk. Rəssam kimi öz dünyamı yarada bilmədim

KLV.az saytı Orxan Pamukun Sunay Akınla söhbətini təqdim edir.