Klv.az saytı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlının “Dəli ceyran” adlı romanını təqdim edir
Xoş gördük!*
“Dünyada bir qayda-qanun, nizam-intizam, bir ahəng varmı ya bəlkə dünya başlı- başınadır, heç bir qayda-qanuna, sistemə tabe deyil, hərc-mərclikdir, xaosdur? Ən qədim zamanlardan günümüzə qədər bütün dövrlərdə dünyanın ağıllı adamları bu suala cavab axtarmışlar. Elm adamları, filosoflar, ədəbiyyat və digər sənət adamları bu sual ətrafında düşünmüş, baş sındırmışlar. Onlar dünyada gözəllik və simmetriya olduğunı gördülər, bir ahəng olduğunu dərk etdilər.
İnsan torpaq üzərində, həmçinin onu əhatə edən, həyatın əsasını təşkil edən hava və su mühitində ömür sürdü. İnsan alov, atəş, od adlanan yanma hadisəsini gördü, onun böyük gücünü dərk etdi, odu mağaraya, evə gətirdi, onu əhliləşdirdi, od almağı öyrəndi. Od təhlükələrdən, vəhşi heyvanlardan qorunmağa kömək etdi. Od insana işıq və istilik verdi, işıq və istilik gecə həyatını gündüzə bənzətdi, insan ocaq sahibi oldu. Od insanın həyatına təzə məzmun, mahiyyət və yeni ahəng gətirdi.
İnsan bitki aləmindən bəhrələndi, həyatın davamlılığını yığıcılıqla, bitki nemətlərini mənimsəməklə təmin etməyə çalışdı. İnsan heyvanlar aləminə yaxınlaşdı, ovçuluq dövrü başladı. Bitkiləri və heyvanları öyrənən insan onları əhliləşdirməyə, evcilləşdirməyə girişdi və bu, bəşər tarixinin həlledici mərhələsi oldu. Əhliləşdirilmiş heyvanlar insanı rahat yeməklə və paltarla təmin etdi, uzaq məsafələri sürətlə qət etməyə, yük daşımağa imkan verdi. İnsan yeni güc qazandı, həyata yeni ahəng daxil oldu.
Hesab və həndəsəni kəşf etməklə insan təbiətə xas olan mütənasibliyi və ahəngi daha yaxşı hiss etdi və qiymətləndirdi. İnsan bu ahəngin, bu nizamın səbəblərini dərk etmək istədi. Bu asan olmadı. İnsan düşündü: bəlkə canlı və cansız aləmə xas olan gözəllik və ahəngi hansısa fövqəlgüclər yaradıb? Nədir fövqəlgüc? Heyvanlar aləmində insandan daha uzağı görən, daha yaxşı eşidən, daha yaxşı qoxu bilən, daha sürətlə qaçan, daha güclü olan heyvanlar çoxdur, amma insan ən ağıllı canlıdır.
Fövqəlgüclər haqqında düşünən insan onları özündən başqa kimlərə bənzədə bilərdi?! İnsan föcqəlgücləri insan kümi düşünən, amma çox ağıllı, hamıdan ağıllı, həm də çox güclü, hamıdan güclü məxluqlar kimi təsəvvür etdi. İnsan tanrı anlayışına gəlib çıxdı. Dinlər yarandı. İnsan düşündü ki, onu əhatə edən bu əzəmətli, gözəl və sirli dünyanı, yeri, göyü, ulduzları, suyu, havanı, torpağı, odu, bitki, heyvan və insanları yəqin tanrılar yaratmış, dünyaya ahəng vermiş, hər şeyi nizama salmışlar. İnsan düşündü ki, tanrılar və ya bir olan gözəgörünməz qüvvə insanı və ona lazım olan hər şeyi Yerdə yaratdı, Yeri dünyanın mərkəzi etdi, Yerə işıq və istilik verən Günəşi də, solğun rəngi və zərif görünüşü ilə gecəni bəzəyən, hər gecə bir şəkil alan Ayı da Yerə bağladı, onlara Yerin ətrafında dövr etməyi, Yerin keşiyində durmağı tapşırdı.
Get-gedə insan özü qurub, düzəldib yaratmağa başladı. Təkəri, yay-oxu icad etdi, gəmi düzəltdi. İnsan yazını kəşf etdi. Bu, bəşəriyyətin ən böyük kəşfi sayıla bilər.
Yazının sayəsində insanın bilik və təcrübəsi məkan və zamanı aşdı; insan düşündüklərini yazıb uzaq məsafələrə göndərmək və əldə etdiyi uğurları, kəşfləri gələcək nəsillərə ötürmək gücü qazandı. Tərəqqinin əsaslı qoyuldu. Ədəbiyyat və tarix, mücərrəd ideyalar, mədəniyyət, fəlsəfə və elm əmələ gəldi.
İnsan həqiqəti dərk etmək üçün təbiəti sorğu-sual etməyə, bilik və inancları şübhə altına almağa başladı. Ənənəvi bilikləri sarsıdan, ilk nəzərdən qəribə görünən nəticələrə gəlib çıxdı – Günəş Yerin ətrafında deyil, Yer kürəsi Günəşin ətrafında dövr edirmiş, Yer heç də dünyanın mərkəzi deyilmiş. Yer həm də öz-özünə fırlanırmış, gecə-gündüz də bu fırlanmanın nəticəsiymiş. Planetlər də Yerin deyil, Günəşin ətrafında dövr edirlərmiş. İnsan bu dövretmənin necə baş verdiyini kəşf etdi – bir düsturla ifadə olunan ümumdünya cazibə qanunu varmış. Canlı aləmin, o cümlədən insanın yaranması və inkişafı məsələsi də izah edildi; bu günə təkamül yolu ilə, ətraf mühitə uyğunlaşmaq qabiliyyəti və təbii seçim – var olmaq, sağ qalmaq uğrunda mübarizə vasitəsilə gəlib çıxmışıq. Təbiətin insan iradəsindən asılı olmayan universal, dərin qanunları varmış, insan onları kəşf etməyə çalışır.
İnsan böyük kəşflər etməklə dünyanı, həyatın gözəlliyini və eyni zamanda mürəkkəbliyini dərk etdi, bununla da kifayətlənmədi, dünyanı sürətlə dəyişdirməyə başladı. Texnoloji tərıqqi deyilən qarşısıalınmaz, xəyalı çaşdıran irəliləmə həyat tərzini kökündən dəyişdirdi. İnsan bioloji varlıq kimi çox dəyişmədi, amma onun yaşadığı mühit, cəmiyyət, həyat inqilabi şəkildə dəyişdi. Dəyişməyən prinsiplərdən biri gəliş-gedişin əbədiliyi fenomenidir – hər zaman yeni insan dünyaya gəlir və hər insan həyatın nəşəsini dadandan sonra həyatı mütləq tərk edir. Elə bu özü dünyada tam ahəng hökm sürdüyünün nümayişi deyilmi?!
İnsanlar arasındakı münasibətlər, rəğbət və sevgi, nifrət və hakimiyyət ehtirası insanları gah birləşdirir, gah da ayırır. İnsanları bir-birinə cəzb edən və ya bir- birindən uzaqlaşdıran qüvvələr heç bir fiziki-riyazi qanuna tabe deyillər; insanlararası cazibə qüvvəsinin düsturu yoxdur. Amma, dünyanı, insanlararası münasibətləri nizama salan, dünyada ahəng yaradan, dünyanı dağılmağa qoymayan güc mövcuddur – bu, ağıl və hisslərin vəhdəti və bu vəhdətin şah əsəri olan sevgidir.
Xoş gördük!”
Tahir mətn üzərində işləyən zaman ətraf dünyanı, hər şeyi unudar, fasilə zamanı həyatın adi axarına dönər, çayını içər, gərnəşər, gəzişər, sevdiyi manhıları zümzümə edərdi. Ona yeni tələbə olmuş gənclərlə “Dünyanın işləri” və ya “Dünyanın agəngi” adı altında silsilə söhbət etmək xahiş olunmuşdu. Mövzuları və söhbət tərzini özü seçəcəkdi. Tahir hər hansı bir görüşə, söhbətə, seçilmiş bir qrup qarşısında mühazirə oxumağa hazırlaşanda adətən toxunacağı, müzakirə edəcəyi əsas məqamları, onların mahiyyətini əks etdirən açar söz və ifadələri yazıb qeyd edər, sonra qısa mətn hazırlardı. İşdə olarkən, yol gedərkən, dincələrkən, hər vəziyyətdə mətni dəqiqləşdirən fikirlər onu rahat buraxmaz, vəziyyətdən asılı olaraq onları – qısa ifadə və ideyaları ya qələmlə kağıza qeyd edər, ya kompüterdə yazar, ya da yaddaşında saxlayardı.
Gənclər orta məktəblərdə və evdə çox vaxt şablon, standart fikirlərlərlə, çərçivələrlə əhatə olunur, tarixə düşən böyüklər bütləşdirilir, həyatın mürəkkəbliyinə, rəngarəng insani hisslərə fikir verilmir. Tahir söhbətlərində çərçivələrdən çıxır, açıq və səmimi söhbət edir, hər mövzuya toxuna bilir, elm və sənət, ədəbiyyat, tarix və musiqi, dosluq və sevgi barədə fikirləri ilə dinləyiciləri düşündürür, təəccübləndirir…
1- ci hissə
Bahar
Tahirin mobil telefonuna Bahardan bir şəkil gəldi: Tahirin yaxşı tanıdığı sarışın saçlı gözəl xanım məmnun bir görünüşlə bir əlil arabasından tutub, arabada isə üz- gözündən cəsurluq yağan orta yaşlı bir kişi əyləşib. Bu sarışın gözəl, yəni Bahar şəkli hardan göndərib, arabadakı bu adam kimdir? Baharın qohumumu, ya yaxın tanışımı? Bahar həmişəki kimi xüsusi bir izahat vermədən, tapmacaya oxşayan, müəmmalı, yarımçıq məlumat göndərməyi xoşlayır. Xoşlayır ki, məsələni anlamaq üçün ona dalbadal sual verilsin və o, suallara cavab verə-verə fikrini həmsöhbətinə tələsmədən, xırda parçalara ayıraraq, körpəni qaşıqla yedizdirən kimi, kefi istədiyi şəkildə çatdırsın, nəticədə sözü-söhbəti mümkün qədər uzatsın. Üz-üzə görüşlərdə isə o, söhbətə özünə xas tərzdə, əl-qolunu oynada-oynada girişir, söhbəti ələ alır və diqqət mərkəzinə çevrilir. Dilini boğazına qoymur, çox ünsiyyətçildir Bahar.
Şəkildə dörd adam var – öndə arabada əyləşmiş, idman paltarlı kişi, onun arxa sol tərəfində başını nazla yana əymiş ağ köynəkli, ağ idman ayaqqabılı və qara idman şalvarlı Bahar, Bahardan solda sifəti arabadakı adama oxşayan bir kişi və nəhayət, Bahardan sağda daha bir kişi, yəni üç adi və ya sadə kişi və bir məlahətli xanım!
Divarlar, divardakı gül-çiçək və qədimi şəhər şəkilləri, arxa tərəfdəki hündür güllü dibçək, qara rəngin dominant olduğu parıltılı döşəmə və şəkildə bir hissəsi görünən mebellər buranın bir mehmanxana və ya istirahət mərkəzi olduğundan xəbər verir. Şəklə heç bir şərh yazmayıb Bahar.
Az sonra ikinci şəkil gəldi. Bu başqa məsələ… Yer həmin yerdir. İki kişi yox olmuş, Bahar və arabada əyləşmiş adam üz-üzə dayanıb açıq-aşkar məmnunluqla söhbət edirlər. Şux, oynaq, ahıngdar bir mənzərə!
Bahar bir qədər yana açılmış əlləri ilə sanki “nə deyim, vallah” deyir, razılıq bildirən cazibəli, plastik cərrah əli dəyməmiş təbii al dodaqları və ağ dişləri ilə qarşıdakı insana gülüş bəxş edir. Çox uzun olmayan, ortadan iki yerə ayrılmış və cilalanmış, qızılı kəhrəbaya bənzər sarışın saçları diqqətləri özünə cəlb edir.
Üstdən və arxadan qulaqlarını bürüyən, iri gözlüklü gözlərinin üstünə doğru gələn sıx saçlar, yaxşı ki, onun alnını, gözəl çöhrəsini və açıq boynunu örtməyə cürət etməmişlər. Bir az qabarıb irəli çıxmış döşü ilə bir qədər irəli və yana uzanmış əlləri ittifaq qurmuş kimi cazibəli bir ahəng yaratmışlar. Bu gözəlliyin qarşısında kişi əriyib getməsin nə etsin?! Gözlərini heyranlıqla Bahara dikmiş və bu bəs etmirmiş kimi sağ əlini də ona doğru uzatmış bu adamın ağzı, dişləri, gözləri və sifətindəki bütün əzalarında məmnunluq ifadə olunub. Bu bir sevgi səhnəsi olmasın?! Tahir Bahardan gələn bir cüt şəklə münasibətini əvvəl telefondakı şərti işarələrdən biri ilə – gözləri bərəlmiş, qaşları çatılmış kişi və ya gözündən yaş tökülən adam şəkli ilə bildirmək istədi, amma həmən fikrindən daşınıb yarızarafat, yarıciddi bir kəlmə yazmaqla kifayətləndi: qısqandım.
“Sevgi və qısqanclıq yanaşı, qol-qola gedirlər, işıq və kölgə kimi”.
⁕ ⁕ ⁕
Aha, Baharın dili açıldı, məsələni Tahirə izah etdi – Qubadan göndərdiyi mobil telefon ismarışı (mesajı) ilə. Bahar indi Quba Şahdağ istirahət mərkəzində dincəlir və müalicə olunurmuş. Kürəyində və belində olan ağrıları fizioterapiya yolu ilə azaltmaqla məşğul imiş. Daha doğrusu, biri müəllimi olmuş, digəri çox yaxın tanışı və həmkarı olan iki professor ona “Qubaya, Şahdağ sanatoriyasına gedirik, üç günlüyə, gəl sən də gedək” demiş, Bahar da məmnuniyyətlə bu hörmətli şəxslərə qoşulub Qubaya gedib. Bahar Qubanın, Quba dağlarının gözəlliyi haqqında çox eşitsə də, ora cəmi bircə dəfə yolu düşmüş olsa da, indiki məqsədi bu gözəlliyi dadmağa deyil, ağrılarını mümkün qədər azaltmağa yönəlib. O, hər cür müasir avadanlıqlarla təchiz olunmuş bu müalicə, bərpa və istirahət kompleksində bir həkimin yanından, bir müalicə otağından çıxıb digərinə yönəlir, az vaxtda çox nəticə əldə etmək üçün bütün müalicə üsullarından faydalanmağa çalışır. Bahar, özü demişkən, ağrıyan canını rahatlatmaq, can bəsləmək üçün bu müalicə ocağının canını almağa çalışır. Belə ki, bu can alıb, can verən bu xanım bir dəqiqəsini boş keçirmir, elektro-terapiya, maqnito-terapiya, hidro-terapiya, ozono-terapiya, termo-terapiya kimi, zərbə-dalğa, ultrasəs kimi çoxsaylı müalicə-stimullaşdıma üsullarına baş vurur, idman və masajı da daxil etməklə əzələ pozğunluqları və ağrılardan xilas olmaq istəyir. Dostu Tahiri bu məlumatlarla zənginləşdirən Bahar göndərdiyi iki şəkil barədə, əslində o iki şəklin yaranmasına səbəb olan hadisə və ya Tahirin “Sevgi səhnəsi” adlandırdığı təsadüfi görüş haqqında da yazdı.
Növbəti müalicə otağından çıxıb o birinə girməzdən əvvəl Bahar bir fincan qəhvə içmək istədi. Son zamanlar o, qəhvəni çaydan üstün tutmağa başlamışdı; şəhərdə dostları ilə görüş yeri seçərkən əsasən yaxşı qəhvə olan yerlərə üstünlük verirdi. Binanın giriş salonu yanındakı çay-qəhvə guşəsinə yaxınlaşanda Bahar Bakıdan birgə gəldiyi dostlarından birinin digər iki kişi ilə söhbət etdiyini gördü, onlardan biri ayaq üstə dayanmış, digəri əlil arabasında idi. Bahar onlara yaxınlaşdı. Tanış oldular. Bura hamı müalicə üçün gəlib, bu səbəbdən söhbət müalicə barədə deyil, kim haradan gəlib, nə vaxt gəlib, özünü necə hiss edir kimi suallar ətrafında cərəyan etdi. Söhbət etməyi sevən Bahar bu kiçik məclisi tez ələ aldı, suallar verməyə, sual-cavab arasında xoş sözlər deməyə başladı. Bahar çox ürəyiyumşaq xanımdır, Qabilə – əlil arabasında oturan adama tərəf daha çox baxır, ona daha çox diqqət yetirirdi. Qabilə “çox yaxşı görünürsünüz, deyəsən bu müalicə-istirahət yeri sizə düşüb” kimi xoş sözlər deyir, danışa-danışa əli ilə onun arabasına toxunurdu.
Gözəl Baharın arabaya toxunması, arabanı sığallaması, heyranlıqla ona baxan Qabilin xəyalında, bəlkə də, bu xanımın Qabilin özünə əl vurması, onu sığallaması, əzizləməsi kimi gəlir, xanımın gözəlliyi və ondan gələn xoş ətir onu məst edir, yağ kimi canına yayılırdı. Qabilə oxşayan adam Qabilin qardaşı imiş. Qabilin qayğısını çəkməklə məşğul olan qardaşı Bahara minnətdarlıqla baxırdı. O, birdən-birə qardaşının kefi açıldığına görə sevinir və bunun məhz Bahara görə olduğunu yaxşı görürdü.
Bir qədər söhbətdən sonra Bahar onlardan “planınız nədir indi?” deyə soruşdu, bir qədər gəzmək fikrində olduqlarını bilib “mən də bir qəhvə içim” deyib aralandı. Qabilin əlilliyi barədə düşündü – maraqlı adamdır, yazıq niyə əlil arabasına yapışıb qalıb, bir qəzayamı düşüb, anadangəlmə bir xəstəliyimi var, bəlkə Qarabağ savaşında olub? Qəhvəsini içib qayıdanda Bahar həmin yerdə Qabilin təkbaşına qaldığını gördü. Tez ona yaxınlaşdı: ”Niyə təksən, hanı qardaşın?”. Qabil gülümsədi və şuxluq etdi: “Tək deyiləm indi, Bahar xanım, təkbətək sizinləyəm”. Sonra o, “qardaşım bir yerə dəyib qayıtmalıdır” dedi və Baharın halını, işini soruşmağa girişdi, şəfqət dolu bu şirin xanımı daha yaxından tanımaq istədi, ürəyində Cavidin bir beytini dedi: “İstəyim yalnış iştə bir şəfqət, Bir təbəssüm o hüsni-dilbərdən”.
Bahar zatən şux xanımdır, suallara qısa cavablar verə-verə həmsöhbətinin kimliyini anlamaq üçün əks-hücuma keçdi, onu sual atəşinə tutdu. Qabil də ünsiyyətçil imiş, Baharın suallarına ayrı-ayrılıqda deyil, bütöv cavab vermək fikrilə özü haqqında danışmağa başladı.
“Mən həyata iki dəfə gəlmişəm. Birincisi – anadan olduğum gün, ikincisi isə… ölməli olduğum gün, Qarabağ savaşında, 1993-cü il dekabrın 31-i günü, yeni il gecəsi! Ağır, ölümcül yaralandığım gün. İşıq verən o təhlükəli “trasyor” güllələrdən biri dəydi mənə. Bilmirəm eşidibsənmi o güllələr haqqında? Ucu yaşıl rəngli olur çox vaxt, başqa rənglərə də rast gəlinir. Güllə getdiyi yola işıq saçır, qaranlıqda gur işıqlı xətt kimi görünür, haradan çıxıb hara getdiyi bəlli olur. Bu dəhşətli güllə öz parıltısı ilə maraq doğurur. Adı da yol, iz, yəni trassa sözündəndir (1) O güllələrdən adətən adam salamat çıxmır. Kürəyimi deşmişdi o güllə, bədənimdə fırlanıb onurğaya dirənmişdi.Güllənin dəydiyini, ağrını hiss etdim və özümdən getdim. Sonra ayıldım, buna ayılmaq demək olarmı bilmirəm. Qulağıma yasin səsi gəldi, sanki məni qəbrə qoyurdular. Tam özümə gələndə qan içindəydim, dostlarım, döyüş yoldaşlarım məni dərəyə tərəf aparırdılar. Öləcəyimi düşündüm, onlara vəsiyyət etdim – bacardığım qədər. Məni yaxın bölgədəki xəstəxanaya yerləşdirdilər. Ölüm ayağında olduğumu anladım, səsləri eşidirdim, hayıfsılanırdılar. Sabahı gün məni vertolyotla Bakıya, Müdafiə nazirliyinin Papanin xəstəxanasına apardılar. Sağ olsunlar, döyüşçülərin müalicəsi üçün hər şey edilirdi. Məni oksigen balonuna qoşdular. Həkim mənə “sən pələngsən, o güllədən ölməyib sağ qalmısan” dedi. Bəlkə mənə idmançı və inadkar olmağım da bir az kömək etdi. Həkimlərin səyləri boşa çıxmadı, kəfəni yırtdım, həyata qayıtdım. Nə bilim, vallah, Allah məni qorudu. Bu söhbətlə deyəsən səni də kövr’ltdim…”.
Bahar dərin həyəcan keçirmiş, gərginliyə dözə bilməmiş, gözləri dolmuş, ağlamışdı. O, Qabilin başına gələn faciəni, ürəkağrıdan bu söhbətin bir hissəsini – əvvəlini onun öz səsi ilə mobil telefona yazmış, təbii ki, izin aldıqdan sonra və Tahirə göndərmişdi.
Təəssüf ki, Qabilin onurğa sütununda baş verən iltihab öz sözünü demiş, xaricdə müalicə zəruri olmuş, lakin bu müalicə gecikmişdi. Beləcə, sağalıb döyüşə qayıtmaq arzusunda olan bu nikbin insan şikəst olmuş və əlil arabasında oturub gəzməyə məcbur qalmışdı.
Bahar Qabilin qısa həyat hekayəsindən, ona üz verən müsibətdən sarsılmışdı. O, Qabilin arabasını sürmüş, onunla birlikdə gəzmiş, söhbətləri tutmuş, deyib- gülmüşlər. Qabilin də Bahar kimi yaxşı yumor hissi varmış. Baharın Tahirə göndərdiyi ikinci şux şəkil iki yeni dostun gəzintidən əvvəlki yerə qayıtdığı zaman çəkilmişdi. Qabilin yanına qayıdan qardaşı onları ürəkdən deyib-gülən vəziyyətdə görmüş, əlbəttə ki, çox sevinmiş və bu səhnəni yadigar olaraq fotoya döndərmişdi.
“Xoş görüşlər həyatın bəzəyidir”.
⁕ ⁕ ⁕
Tahir dünyagörmüş adamdır. Üzdə sakit və təmkinli, ətrafı ilə xoş münasibətdə olan, sevən və sevilən bir şəxs kimi tanınır; içdə qaynar təbiətlidir. Qəfil avtomobil qəzası onun xoşbəxt ailə dünyasını dağıtmış, bu faciədə Tahir sevimli həyat yoldaşını, onun iki oğlu isə sevimli analarını itirmişdilər. Bu zaman yaşı 60-a çatmış Tahir daha evlənmədi – ətrafında həm ona xoş gələn, həm də onu xoşlayan xanımlar olsa da, oğlanları “ay ata, tək qalma, evlən” deyə israr etsələr də. Ümumilikdə güclü insan olsa da, xoş bir qadınla ikinci ailə həyatı qurmağa gücü çatmadı. Ürəyi istəyən qadınmı olmadı? Bəlkə həmişəlik itirdiyi həyat yoldaşını zaman keçdikcə ideallaşdırdı, onu kamil insan kimi gördü və onun yerinin heç nə ilə, heç kimlə dolmayacağını qəbul etdi? Evlənməyə namizədlər mərhum arvadı ilə müqayisədə sönükmü göründülər? Sevimli arvadının xatirəsi ilə yaşadığı üçünmü, onsuzluq kədərini dəf edə bilmədiyi üçünmü ürəyində başqa qadına yer ayıra bilmədi? İkinci dəfə evlənmək fikrini mərhum arvadına xəyanət kimimi gördü? Ya bəlkə yaşlılıq öz sözünü dedi, “bu yaşda” evlənməməyi daha doğru saydı? Bəlkə düşündü ki, “yeni ana” övladların ürəyini ağrıdar? Yeni evliliyi yaşadığı mühitdə, dostlar və tanışlar arasında əvvəlki kimi təbii, səmimi yer tuta biləcəkmi? Bəs başqaları ikinci dəfə və ya daha çox evlənməyi niyə bacardılar? Tək qalmaq qorxusumu, ailə mühiti istəyimi, duyğu, istilik, ünsiyyət yanğısımı, ev, təsərrüfat, sağlamlıq qayğılarımı onları təkrar evlənməyə sövq etdi? Əslində yenidən evlənmək dünyasını dəyişmiş
həyat yoldaşının əvəz edilməsi deyil ki, yeni münasibət qurulmasıdır bu… Tahirin xanımı bir neçə dəfə zarafatla “Mən ölsəm sənin axırın nə olar? Tək qala bilməzsən, ev işinə nə vaxtın, nə həvəsin, nə də bacarığın var. Mütləq evlən!” demişdi.
Qadınlardan kifayət qədər mehribanlıq və diqqət görən Tahir onlardan gələn yarıörtülü və ya üstüörtülü sevgi nişanələrini və yaxınlıq istəyini, əlbəttə, çox yaxşı hiss edirdi. Özünü qadınların arzu hədəfi kimi hiss etmək hansı kişinin xoşuna gəlməz?! Adətən, rastına çıxan və dostlaşmaq istədiyi qadınlarla rahat ünsiyyət qura bilir. Dostluqdan o tərəfə keçdiyi, daha yaxın duyğulu münasibətə girdiyi, macəra yaşadığı hallar da olurdu. Tahir Don Juan (2) deyil, daima qız-qadın ovuna çıxmaqla məşğul olmur. Yağlı, başdan çıxaran vədlər verib qadınla yaxınlaşmağa, şəxsinə göstərilən maraqdan sui-istifadə etməyə, hər atəşlə oynamağa, mütləq sona qədər getməyə can atanlardan deyil. Sadəcə, hamı kimi o da məlahətli qadınlara maraqla baxır, onları görür, qiymətləndirir. Fərqli yaş, fərqli temperament sahibi olan, işvə-nazı az ya çox olan qadınlarla tanış olmaqda çətinlik çəkmir, sakit-sakit söhbət aparır, diqqət və sevgi bəxş edir, xoş zarafat etməyi bacarır. Yaşa dolduqca Tahirin ədası və nəzakəti, zarafatı və həvəsi azalmadı, bəlkə daha da artdı. Səsi də sanki dəyişmədi, səs telləri nazilsə də, səs tembri azca yüksəlsə də, Tahiri uşaqlıq və gənclik dövründən tanıyan dostları onun səsini, nitq ahəngini eşidən kimi “Tahir” deyə tanıyır və bu səsin gəldiyi tərəfə doğru dönürlər. Yəqin ki, sağlam həyat tərzi və siqaretdən uzaq durması kömək edib, bəlkə sevdiyi mahnıları daima zümzümə etməsi də səsin xeyrinə olub…
Tahir inşaat mühəndisidir. O, yaxşı ali təhsil görmüş, alimlik dərəcəsi almış, elmi fəaliyyətlə yanaşı iş dünyasına nüfuz etmiş, ağlı, fərasəti, çalışqanlığı, enerjisi və cəsarəti ilə, böyük sərmayəsi və “dayısı” olmadan, necə deyərlər, dişi-dırnağı ilə inşaat şirkəti qurmuş, onu addım-addım böyütmüş və gücləndirmiş, ona uğur qazandırmışdır. Müxtəlif təyinatlı binaların inşası ilə yanaşı nəqliyyat, körpü, tunel, hava və dəniz limanlarının layihələndirilməsi və inşası üzrə də fəaliyyət göstərir.
Dürüstlüyü, səliqəsi, dünyada inşaat mühəndisliyi sahəsində baş verən yenilikləri izləməsi və onları yaradıcı şəkildə tətbiq etməsi ilə fərqlənmiş, keyfiyyətli məhsul- tikinti arzusunda olanların maraq dairəsində yer tuta bilmişdi. Heç kimdən heç nə ummayan, ləyaqətini qoruyan bu insan həyatını, yaşayışını təm-təraqlı deyil, zövq
və rahatlıq əsasında qurmuşdur.
“Dünyadakı ahəngi duymaq, mümkünsə onunla qucaqlaşmaq istəyir insan”.
Tahir ədəbiyyat, musiqi və incəsənəti sevir, sənət dünyası və onun aparıcı şəxsləri ilə oturub-durur, həyatdakı gözəllikləri görür, onlardan həzz almağı bacarır.
Uşaqlığında maraqlı macəra və səyahət kitabları ilə yanaşı ədəbiyyat klassiklərini, ciddi ədəbiyyatı da mütaliə edirdi. Çox oxuyan səyahət həvəskarı olur, hardasa oxuduqlarına bənzər, onlardan da maraqlı macəra yaşamaq, cürbəcür ölkələr görmək istəyi təbii deyilmi?!.
Səyahət etməyi xoşlayan Tahir iş naminə, əməkdaşlıq üçün zəruri olan yerlərə getməli olur, lakin sadəcə gəzinti məqsədilə də səfərə çıxır, gözəl və ya qeyri-adi təbiəti olan yerlərə üz tutur. Səyahətdən doymur, həvəs sevgiyə, sevgi ehtirasa, ehtiras alüdəçiliyə gətirib çıxarıb onu. Getdiyi ölkələri deyil, getmədiyi yerləri saymaq daha asan olardı.
Tahir hərdənbir çölləmə və ya yarıvəhşiyana həyat tərzi yaşamağı sevir. İnsan əli ilə cilalanmış, yenidən inşa olunmuş təbiəti deyil, vəhşi və ya bakirə təbiəti görmək, duymaq istəyir, hərçənd ki, insan ayağının toxunmadığı, insanın nüfuz etmədiyi tam vəhşi təbiət yox kimidir. Üstəlik, ehtiyat və təhlükəsizlik tədbirləri görməmiş təcrübəsiz səyyahın başına hər şey gələ bilir, vəhşi heyvanların, xəstəlik qaynağı olan həşəratların, susuzluq və ən başlıcası oğru, soyğunçu və qana susamış insanların varlığını unutmaq olmaz.
“Səyahət adiləşən gündəlik həyatı dəyişmək, yeni təcrübə qazanmaq, yeni hisslər yaşamaq imkanı verir. Təhlükəni hiss etmək, həyəcanlanmaq, dəyişkənlik, qeyri- müəyyənlik və gözlənilməzlik, məchul olanı görüb-duymaq, maraqlı adamlarla, hadisələrlə, adət-ənənələrlə üz-üzə gəlmək insanın həyatını bəzəyir, rəngarəng edir, həyata həvəs oyadır və yeni təkan verir, həyat eşqini gücləndirir. Səyahət nəticəsində dostluqlar yaranır, sevgi həyəcanları yaşana bilir. Səyahət yeni ideyaların yaranmasına təkan verir, gözlənilməz uğur gətirə bilir. Səyahət azarkeşləri həm də məsafə qət etmə ehtirasına tutulanlardır. Səyyahlar dünyanın ən böyük zümrələrindən biridir, dünyada bir il içində səyahət edənlərin sayı milyardı çox arxada qoyur. Səyyah səyahət etdiyi ölkənin yarıvətəndaşı olur, onu təmsil edir.
– belə demək mümkündür. Səyyah dünya vətəndaşı adına ən layiq, ən uyğun şəxsdir.
Çox səyahət edən, səyahəti sevən insanla kosmopolit insan fərqli anlayışlardır. Səyyah vətəni unutmur, ora qayıdır, öz mədəniyyətini sevir. Kosmopolit isə vətən xaricində dünya vətəndaşıdır, ana vətən və ata yurdu anlayışları onu dərindən maraqlandırmır, narahat etmir. O, vətənə – doğulduğu yerə və mədəniyyətə qarşı biganə ola bilir, başqa yerlərdə gün keçirmək, yaşamaq onu daha çox cəzb edir.
Kimlik və mənsubiyyət duyğuları qəti surətdə kosmopolitizmin əsaslandığı qarşılıqlı hörmət kimi universal dəyərləri inkar etmir. Üstəlik, hər dil, hər mədəniyyət dünyaya öz töhfəsini verir, dünyanı zənginləşdirir”.
⁕ ⁕ ⁕
Tahirlə Baharın dostluğu uzun tarixə malik deyil, onlar “Ətraf mühitlə ahəngdar inşaat mühəndisliyi” adlı beynəlxalq konfransda tanış olmuşdu. Tahir konfransın əsas məruzəçilərindən biri olmuş, Bahar isə həmin konfransda bir inşaat şirkətinin beynəlxalq əlaqələr şöbəsinin təmsilçisi kimi iştirak etmişdi. Daha sonra xaricdən gəlmiş və hər ikisinin dost saydıqları bir şəxs onları yenidən görüşdürmüş, bir yerdə yeyib-içmiş, söhbət edib gün keçirmişdilər. O gündən sonra Tahir və Bahar daima xəbərləşir, bir-birindən hal-əhval tutur, görüşür, şəhərdə gəzişir, çay ya qəhvə içir, yemək yeyir, şirin söhbət edirlər. Bir-birinə tez öyrəşmiş, söhbətləri tutmuşdu.
Bahar danışmağı sevir, Tahir isə qulaq asmağı, arada-bir replikalarla, ortaya uyğun söz atmaqla söhbətə duz qatmağı, Baharı qızışdırmağı, “xodlandırmağı” bacarır.
Bəzən də mövzu ilə əlaqədar söhbətləri Tahir yönəldir. Bahar danışdığı məsələ haqqında adətən Tahirin nə deyəcəyini, nəyi təsdiq edib, nəyə etiraz edəcəyini gözləyir, Tahirin rəyini qiymətləndirir.
Bahar yaşca Tahirdən xeyli kiçikdir, Tahirin böyük oğlu yaşdadır. Amma aralarındakı hörmət və iltifat aşıb-daşdı, get-gedə güclənən qarşılıqlı rəğbət və peşə dostluğu onları qoynuna aldı. Əslində onları bir-birinə bağlayan tək ortaq xüsusiyyətləri, bənzərlik və uyğunluqları deyildi. Tahirlə Baharın fərqli cəhətləri çox olsa da, onlar bir-birini tamamlayırlar. İki şəxs arasında qarşılıqlı ehtiyac məhz birində olmayan cəhətin digərində olması nəticəsində yaranır. Tahir yaşlı, təcrübəli, təmkinli, Bahar gənc, çevik, ünsiyyətcil, danışmağı sevəndir. Tahir Azərbaycan türkcəsində oxumuş, ədəbiyyatı, poeziyanı yaxşı bilir, söhbət əsnasında şeir və mahnılara müraciət edir. Bahar orta və ali məktəbi rusca oxumuşdur, doğma dilində pis danışmır, söhbət əsnasında aradabir rusca söz və ifadələr də işlədir. Bahar xoşuna gəlməyən adamlara lağ etməyi xoşlayır, onları iynələməkdən həzz alır. Tahir adamları qınamağı sevmir…
⁕ ⁕ ⁕
“İnsanlarda bənzər cəhətlər olduğu kimi, fərqli cəhətlər də var, əslində isə fərqliliklər oxşarlıqlardan daha çoxdur, fərqlər daha böyükdür, daha gözəçarpandır. İnsanı tanıtdıran, onun kimliyini müəyyən edən əlamətlərdən çoxu onu başqalarından ayıran cəhətlərdən ibarətdir. Dünyada nə qədər insan varsa elə o qədər də bir-birindən fərqli barmaq izi var, barmaq izi sanki imzadır; hər şəxsi barmaq izi ilə tanımaq, tapmaq olur. Yəni tam eyni olan iki adam yoxdur. İnsan öz görkəmi, xasiyyəti, davranışı, dünyagörüşü və digər xüsusiyyətləri ilə başqalarından fərqlənir.
İnsanlararası dostluqlar da insanların özü kimi cürbəcürdür. Ruhən yaxınlığa ruhən qohumluq demək olar; bu, qan qohumluğundan daha cəlbedici yaxınlıqdır, bu, gerçək dostluqdur. İnsan ətrafındakı həssas, səmimi, sədaqətli adamları sevir, onlarla dost olmaq istəyir. Bir-birinə ehtiyac duyan, ümumi maraqlara malik, xəyal dünyaları arasında bənzərlik olan iki şəxsin davamlı ünsiyyəti dostluğa çevrilə bilir. Dostlar bir-birini asan anlayır; hamıdan, hər kəsdən içində gizlətdiyi, başqalarına, öz ailə üzvlərinə belə deyə bilmədiyi fikirləri adam öz dostu ilə bölüşə bilir.
İki insan arasında dostluq və ya sevgi yaranması üçün necə, nə dərəcədə oxşarlıq və necə, nə şəkildə fərqlər olmalıdır? Mənəvi aləmləri, yaxşı-pis anlayışları, ruhi yaxınlığı olmayan adamlar yaxşı dost ola bilməzlər. Buna ruh qohumluğu demək olar, bu, iki şəxs arasında ahəngdarlığın mövcud olmasıdır. Fiziki güc, temperament, istedad, bilik dərəcəsi, fəaliyyət sahələri, vəzifə və sosial status, hətta xarakter baxımından çox fərqli iki insan arasında çox yaxın dostluq ola bilər. Əslində dostluğun və sevginin əsasında məhz fərqlər və bir-birini tamamlamaq hissi, bir-birinə ehtiyac duyğusu durur. Kişi və qadın arasında sevginin canı onların fərqli cinsə mənsub olmalarıdır. Dostluq da, sevgi də ehtiyacdan doğur. Birində olmayanı o birindən almaq, təkmilləşmək, zənginləşmək, bütövləşmək istəyidir sevgi!
Dostlar cürbəcür olur, “köhnə” dost, “yeni” dost, “vəfalı dost” da olur, “vəfasız” da, “əsl” dost da, “əsilsiz”, “yalançı” dost da. Etiraz etmək olar ki, dost deyəndə əsl dostu nəzərdə tuturuq. Amma, belə deyil, bəzi dostların kim olduğu zaman keçdikcə üzə çıxır. İnsanlar böyük ləzzətlə müəyyən mühitdə, məsələn, orta və ya ali məktəbdə, hərbi xidmətdə, səyahət zamanı, iş yerində… yeni dost qazandıqları ilə öyünür, sevinirlər. Ümumiyyətlə, dost çox olmur, böyük aşıqlardan biri “dost, mehriban ya bir olar, ya iki” demişdir. Yaşa dolduqca dostların sayı azalır, hərçənd ki, yaşlı vaxtda da dostlaşmaq, yeni dosta rast gəlmək mümkündür. Bir-birinə qarşı ölçüsüz, hədsiz umu-küsü dostluğu azalda, hətta poza bilir. “Itlə pişiyin dostluğu kimi” deyəndə xeyli fərqli iki məxluqun qeyri-bərabər ünsiyyətinə işarə vurulur, bu gah mehriban, gah diş qıcayan dostluqda biri (it) qayğısız, digəri (pişik) ehtiyatlıdır. İt-pişik demişkən, insanın həyatında “dördayaqlı dostlar” da (əsasən it və pişiklər, at və s.) mühüm rol oynayır, görünür ki, ikiayaqlı dostlar bəs eləmir…
Dünya mürəkkəb olsa da, bu mürəkkəbliyin içində bir ahəng var, elm və sənət bu ahəngin kəşfi ilə nəfəs alır”.
⁕ ⁕ ⁕
Bahar whatsapp`da “darıxmışam” yazdı, altında da oradakı göz yaşı tökən çoxsaylı adam surətlərindən birini qoydu. Tahir “görüşək” deyə cavab göndərdi və görüş yerini təyin etdilər. Havanın qaralmağa doğru getdiyi gözəl payız günü, axşamüstü iki dost görüşdü. Görüş, həmişə olduğu kimi, yüngül qucaqlaşmaq və öpüşlə başladı. Tahir Baharı qucaqlayıb öpərkən onun belindən tutub azca özünə doğru sıxmaqla məhəbbətini bildirdi, bu incə hərəkətin Bahara xoş olduğu da gizli qalmadı, göründü, hiss olundu. Həmişə olduğu kimi əvvəl hansı tərəfə doğru gedəcəklərini müəyyən etdilər, sonra söhbət edə-edə addımlamağa başladılar. Bahar qaydası üzrə əvvəl öz iş yerində, sonra Azərbaycanda baş verən hadisə və qalmaqallardan, cürbəcür qəribə adamların – müğənni, alim, müəllim, iş adamı və siyasətçilərin qarışıq işlərindən söz açdı, fikrini bildirdi, əllərini yellədib güldü, Tahir tək-tək təsdiq, etiraz, yüngül atmaca və qəmiş qoymalarla münasibət bildirdi. Bahar yenə, adət etdiyi kimi, onu maraqlandıran məsələlər barədə Tahiri sorğu- suala tutdu; O, Tahirə əsasən “Tahir bəy”, bəzən də, xüsusilə çox adam iştirak edən yerdə, Tahir müəllim deyə müraciət edirdi.
Müraciətdə “bəy” sözünün işlənməsinin öz izahı var. Sovet dövrünə qədər Azərbaycan xalqı arasında kişilərə “bəy”, qadınlara “xanım” deyə müraciət edirdilər. Doğrudur hər kişiyə və hər qadına deyil, kübar sayılanlara, cəmiyyətdə nüfuzu olanlara, var-dövlətinə, əsil-nəcabətinə görə fərqli olanlara demişlər bəy və uyğun olaraq xanım. Sovet dövründə bəzi çox hörmətli insanların adındakı bəy sözünə toxunulmamışdır – Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Əli bəy Hüseynzadə, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev kimi. Amma ümumilikdə “bəy” sözü müraciət forması olaraq unudulmuş, daha doğrusu “burjua” əlaməti sayılaraq aradan qaldırılmışdır. Bunun əksinə, universal “xanım” sözünə toxunulmamış, bu söz kübarlıq rəmzi kimi deyil, nəzakət əlaməti olaraq, hörmət mənasında işlənilmişdir. Sovet dövründə “bəy” sözü aradan çıxarıldı, amma əvəzində nəsə olmalı idi, beləliklə universal müraciət forması əmələ gəldi – “müəllim”! Sənətcə müəllim olmayanların adına da müraciətdə müəllim kəlməsi əlavə edildi. Gerçəkdən müəllim olan qadınlara “müəllimə” deyildi. Sovetlər dağılanda “bəy” sözü yenidən dövrəyə girdi, Xalq cəbhəsi dövründə şəxsi ad deyilmədən də, “bəy, necəsən?” kimi ifadələr geniş yayıldı. “Bəy” sözünün ucuzlaşdırıldığını deyənlər oldu. Hakimiyyət dəyişdikdən sonra “bəy” kəlməsini Xalq cəbhəsi (3) qalığı və ya izi kimi görüb onu rəsmi müraciətlərdə ərəbcədən gələn “cənab” kəlməsi ilə əvəz etdilər. “Bəy” sözünü siyasi-ideoloji kökə bağlamaq doğru deyil deyənlər onu işlətməyə davam edirlər.
Türkiyədə “bey” və “hanım” kəlmələri ilə yanaşı “beyefendi” və “hanımefendi” müraciət formaları geniş yayılmışdır.
Tahir müraciət formasını sadələşdirmək istəyirdi:
–Mənə sadəcə Tahir de, ay Bahar, dost deyilikmi?!
–Yox, öyrəşməmişəm belə yaxınlığa, həm də Sizin ayağınız biləni mənim başım bilmir, özümü Sizinlə bərabər görə bilmərəm, ayıbdır.
–Mənim ayağımın nəsə bildiyinə şübhə edirəm. Qaldı başım, o da nəsə ordan- burdan bir az bilir. Sənin başın yaxşı söhbət bişirir və gözəl dil-dodaqların onu ləzzətlə mənə hədiyyə edir. Səni dinləmək çooox xoşdur. Yaxşı, heç olmasa siz əvəzinə sən de mənə.
Bahar Tahirə əsasən Siz deyə müraciət edir, hərdənbir sanki çaşıb sən deyirdi.
Tahirin son səyahətləri barədə geniş danışmamışdılar. Bahar səbrsizliklə Tahiri dinləmək istəyirdi:
–İslandiya səfərin necə keçdi? Ora çox uzaq deyilmi?
–Hə, xeyli uzaqdır, Avropa ilə Şimali Amerika arasında, Avropanın ən uzaq qərbində yerləşən adadır, ölkədir. Zəngin ölkədir. Ərazisi Azərbaycandan böyükdür, əhalisi isə çox azdır, 350-400 min arasında. Boşluqdur. Fəal vulkanlar və qeyzerlər diyarıdır. Uzaq şimalın soyuq və qaranlıq dövrünə düşməsin deyə ora yayda getdim. Məmnun qaldım, qaynar təbiət diyarıdır ora. Çox gözəl bir şəlalə var orda, ağ və mirvari rənglərdə, “Qızıl şəlalə” deyirlər ona öz dillərində (4).O cür maraqlı yerlərdə gəzdim – təbiətin qoynunda. Onu da deyim ki, qadınlar arasında sarı-qırmızı rəngli saçı olanlar orda xeyli çoxdur – başqa yerlərlə müqayisədə.
–Soyuqdumu İslandiyada, çox şimal deyilmi ora?
–Yox, mən orda olanda, yayın ortasında, gəzdiyim yerlərdə hərarət 10°-20° C dərəcə arasında dəyişirdi.
Bahar gözünü yarı yumub açdı, mehribancasına, bir az da şıltaqcasına ya şeytancasına Tahiri süzdü, əlini onun əlinin üstünə qoydu, həm nida, həm də sual bildirən ahənglə “Afrika?!” dedi. Hər yerin öz gözəlliyi var. Tahir anladı, bu yay, tətilin sonunda Afrikaya getmiş və məşhur, ucsuz-bucaqsız Serengeti milli parkı daxil olmaqla Tanzaniyada “Safari” macərası yaşamışdı. O, Bahara orda keçirdiyi həyat barədə telefonda bir az danışmışdı. İndi Bahar bu səfər barədə tam hesabat istəyir.
Tahirin cavab üçün ləngidiyini görən Bahar söhbəti ələ aldı:
–Nə cür getdiniz ora? Nə ilə? Təyyarə, gəmi?
Tahir zarafatından qalmadı, hərçənd ki, bu zarafatın içində həqiqət də vardı:
–Ata, sonra dəvəyə və sonda filə mindim. Sən ki bilirsən mən at sevənəm. Eh, ay Bahar, ay gözəl Bahar, gözəl zamanlar vardı, ata min, “yalmanına yata-yata, at qan- tərə bata-bata, göy yaylaqlar belinə qalx…”, nə bir qəza baş verəcək, nə benzin qurtaracaq, nə ətraf mühit korlanacaq…
Bu yerdə Tahir susadığını hiss etdi, əlini Baharın çiyninə qoydu:
— Bahar, Bahar, ay Bahar, yoxdur sənə tay, Bahar. Gəlsənə buralarda bir yerdə oturaq, söhbətimizi çay içə-içə davam etdirək. Sənə də nəyə mindiyimi, nə
gördüyümü danışım, qulaq asmağa həvəsin varsa.
Tahir harada oturacaqlarını həmişə Bahara həvalə edirdi, Baharı bəyəndirmək asan deyildi, “ora yox”, “bura yox”, deyə-deyə axır bir yerdə əyləşirdilər. Bu dəfə Bahar yaxındakı böyük alış-veriş mərkəzini, onun içindəki kafelərdən birini seçdi. Çay və qəhvənin yanında xəfif yeməli şeylər də sifariş etdilər.
⁕ ⁕ ⁕
Bahar Tahirin söhbətlərini çox xoşlayırdı, Tahir isə cürbəcür suallar verib Baharı qızışdırır, danışdırır və bundan həzz alırdı. İndi də, Tahir Baharın “nə cür, nə ilə getdin?” sualını ətraflı, tarixə baş vurmaqla, nəzəri müddəalarla bərkidərək xırdalamağa başladı:
–Bahar, əzizim, gözəlim, çox-çox qədim zamanlarda qədim insanlar ayaqla, piyada olaraq çox uzun yollar qət etmiş, dünyaya yayılmışlar. Heyvanları əhliləşdirdikdən sonra insan dördayaqlı dostların köməyilə daha sürətli hərəkət etməyə başladı. Bu hardasa 5-6 min il əvvəl baş verdi. Sonra insan təkəri kəşf etdi və araba düzəltdi. At, dəvə, fil, qatır, eşşək və öküzlərdən insan həm minik üçün, həm də yük daşımaq üçün istifadə etdi (qarlı yerlərdə marallar və itlərdən də). Yolu at və digər heyvanlarla qət edirdilər; bu, maraqlı idi. Amma, vəhşi heyvanlara və onlardan daha təhlükəli olan quldurlara, yolkəsənlərə nə deyirsən? Yolçu onların əlindən necə qaçıb qurtarsın? De görüm!
Bahar Tahirin tez-tez yada saldığı, misallar gətirdiyi “Koroğlu” dastanını oxumasa da, bu söhbətlər vasitəsilə onun ruhunu tutmuşdu, şuxluq edərək cavabı elə bu ruhda verdi:
–Qılıncını çəkib meydana girsin!
–Tək adam yolu kəsən bir dəstə döyüşkən süvari adama qarşı necə qılınc çəksin? Koroğlunu bilirsən, “leş bir yana, baş bir yana” deyə tək adamın və ya bir neçə adamın qılınc çəkib qoşunu dağıtması, məhv etməsi, bir tərəfdən vurub o biri tərəfdən çıxması ancaq nağıllarda, dastanlarda olur, həyatda deyil. Əzizim, iş burdadır ki, tarix boyu insanlar, müxtəlif səbəblərə görə, yer dəyişdirməli olmuşlar, ilkbaharda da, sonbaharda da, yayda da, hətta qışda da. Təkbaşına uzaq yerlərə gedən insanın başına hər şey gələ bilərdi. Bu səbəbdən insanlar çalışmışlar ki, dəstə
halında yola çıxsınlar. Təhlükəsizlik, uzun yolu tanıma, gecələmək üçün uyğun dayanacaq yerlərini bilmə baxımından səfərə çıxan insanlar birləşib karvan şəklində hərəkət edirdilər; karvanda yolu yaxşı bilənlər-bələdçilər olurdu. Karvanlar uzun məsafələr qət edir, karvansaraylarda, yəni o zamankı mehmanxanalarda, otellərdə dayanır, sonra son məntəqəyə doğru yola davam edirdilər. Bu səyyahlar xalqlar arasında ticarət və mədəni əlaqələrin qurulmasında, texnoloji yeniliklərin yayılmasında həlledici rol oynadılar. Orta əsrlərə aid bizə gəlib çatan məlumatların xeyli hissəsi səyyahların gördükləri ölkə və xalqlar barədə qeydlərindən toplanıb.
Tahir məsələdən uzaqlaşdığını hiss edib öz Afrika səfəri üzərinə qayıtdı, nəhayət, Baharı maraqlandıran suala birbaşa cavab vardi:
–Bahar, əzizim, əslində həm torpaq üstündə, həm göydə, həm suda yol qət etdim, Tanzaniyada göldə gəmi və qayıqdan, quru yolda minik maşınından istifadə etdim, amma uzaq məsafəni, bu halda İstanbul – Darüssəlam yolunu təyyarə ilə getdim (7 saata yaxın). Tanzania ekvatordan cənuba doğru uzanan böyük ölkədir, ərazi olaraq Fransa və İtaliyanı birlikdə təsəvvür et. Əhalisi də elə Fransanınkı qədərdir, hardasa 68 milyon deyilir. Darüssəlam ölkənin ən böyük şəhəridir. Ölkədəki dillərin sayı- hesabı yoxdur, 100-dən az deyil, belə deyirlər. Ünsiyyət üçün iki əsas dil mövcuddur – Suahili (Swahili) və İngilis. Təhsil ingilis dilindədir (suahili ibtidai məktəbdə işlənilir). Əhalinin ortalama üçdə ikiyə yaxını xristian, üçdə biri müsəlmandır. Hə… Darüssəlam`dan şimala, Afrikanın ən hündür dağına – Kilimancaro`ya (ingiliscə: Kilimanjaro) doğru getdim (təqribən 470 km). Orada zirvəyə dırmaşmaq və ya həmən zirvəyə gəzə-gəzə getmək mümkündür; zirvəyə gedən yol var – peşəkar alpinist olmaq zəruri deyil, hamı gedə bilir. Kibo deyilən zirvəyə dırmaşmağa azı bir həftə vaxt gedir. Bu səbəbdən o tərəflərdə gəzməklə kifayətləndim. Başı qarlı-buzlu dağın fantastik mənzərəsi var, xüsusilə Günəş şüaları altında. Ernest Hemingway`in “Kilimancaro`nun qarları” (5) adlı gözəl hekayəsi var, onun əsasında Amerika`da film də çəkilib – klassik filmlərdən sayılır. Baxıbsanmı?
Bahar gözlərini geniş açıb dodaqlarını büzdü:
–Nəsə tanış gəlir. Amma süjeti yadıma sala bilmirəm.
–Telefonunu ver mənə, YouTube`dan o filmi tapım.
Tahir YouTube`da filmin adını ingiliscə yazdı, tapıb Bahara verdi:
–Bir az bax, nə zamansa baxıbsansa yadına düşəcək.
Bahar qaşlarını qaldırıb gözünü telefonun ekranına dikdi, “deyəsən 1952-ci ildə çəkilib” deyə filmi izləməyə başladı. Tahir gözünü yumub sanki içindəki ekranda filmi xatırladı… Afrikada safari`də olan, ova çıxan yazıçı Harry dizindən yaralanır, qanqren olur. Harry Kilimancaro ətəklərində sevgilisi Helen ilə çadırda yaşayır, ölüm ayağındadır. O, həyatını gözü önünə gətirir, müxtəlif ölkələrdə, savaş və dinc zamanlarda rastlaşdığı xanımlarla münasibətini xatırlayır, öz yazıçı istedadını, potensialını gerçəkləşdirə bilmədiyinə, məhv etdiyinə heyfsilənir və həyatın mənası barədə düşünür. Helen ona baxır, qulluq edir, onu ümid verməyə çalışır.
Hemingway`in hekayəsində Harry yuxusunda təyyarənin gəldiyini görür, təyyarədən Kilimancaronun möhtəşəm qarlı zirvəsini müşahidə edir və… ölür. Filmin sonluğu isə hekayədən fərqlidir, Amerikan filmi xoşbəxt sonluqla (happy end) bitməlidir – gözlənilən təyyarə doğrudan gəlir və qəhrəman xilas olur.
Bahar filmin əvvəli, ortası və sonluğuna bir az baxıb dayandı, Tahirə tərəf dönüb fikirli görünüşlə dedi:
–Hə, filmə baxmışam, uşaq vaxtı, dumanlı şəkildə yadımdadı, amma kitabı – Hemingway`i, düzünü deyim, oxumamışam.
–Kitab da yaxşıdır, film də. Əlbəttə, kitab orijinaldır, əsasdır. Ümumiyyətlə, kitabmı, filmmi – hansı daha seviləndir? Əlbəttə, film. Filmə baxmaq kitab oxumaqdan asan və çox zaman da əyləncəlidir. Film kəşf olunana qədər kitaba rəqib yox idi. Amma, kitabsevənlər, mənim kimi köhnə adamlar, köhnəlmiş adamlar da demək olar, kitaba rəqib tanımaq istəmirlər.
Bahar səfər haqqında hər şeyi bilmək istəyirdi:
–Tahir bəy, Kilimancaro`dan sonra haraları gəzdiniz?
–Kilimancaro`dan şimal-qərbə, səfərimin canı saydığım Serengeti milli parkına tərəf hərəkət etdim (təqribən 320 km). Yanımda bələdçi vardı. Çadırda yaşayırdıq. Çadırlarda keçən həyat mənə yad deyil, uşaqlıqdan yay aylarını dağlarda çadırlarda yasamağa öyrəşmişəm. Tanzaniyanın bu yerlərinin heyranedici tərəfi külli miqdarda
vəhşi heyvanların hərəkəti və ya köçüdür. Təsəvvür edilməz dərəcədə çox fil sürüləri, bəbirlər, aslanlar (o cümlədən ağaca dırmaşanlar!), vəhşi öküzlər (buffalo), sayı azalmış qara kərkədanlar, başının yan tərəfindən uzun tüklər sallanan qnular, zolaqlı zebrlər və uzunboğaz zürafələr, ceyranlar, meymunlar… – bu heyvanlar cənnətində, bilsəydin özümü necə xoşbəxt hiss edirdim.
–Deməli, cənnəti görübsünüz. Mən görməmişəm…
–Bahar, kimsə cənnətə düşsə belə, yəqin orda xoşuna gəlməyən bir şey tapacaq. İnsan təbiəti belədir. Sən bəlkə cənnətdəki bəzi kişilərlə yəqin yola gedə bilərsən, qadınlarla – çətin. Gələk bu səfərə. Xoşuma gəlməyən yeganə cəhət hay-küylü turistlərin çoxluğu idi, amma bunu da yeni insanlarla tanış oluram fikri ilə neytrallaşdırmışdım. İslandiya və Afrika kimi çox uzaq yerlərdə tanışlara rast gəlmək ehtimalı sıfıra yaxındır, yəni yeni tanışlıqların ehtimalı böyüyür.
–Belə başa düşdüm ki, səfər iki hissədən ibarət olub: Kilimancaro dağı və Serengeti heyvanlar aləmi, eləmi?
–Yəqin Serengeti`ni əsas saymaq olar. Kilimancaro da maraqlı oldu. Serengeti`nin şimal ucundakı böyük Victoria gölü də səfər proqramıma daxil idi.
Bahar işvə dolu gözlərlə Tahiri süzdü:
–Tahir bəy, mən də səfərlərdə olmuşam, səfər etməyi sevirəm. Amma siz… tamam başqa səviyyədə səyyahsınız. İstərdim ki, sizin İslandıya, xüsusilə Afrika səfəriniz kimi xoşbəxtlik mənə də qismət olsun. Çox istəyirəm, neyləyim. Afrikaya yenə gedəcəksinizmi? Gedəcəksinizsə məni də aparın, noolar?!
–Ay Bahar, məmnuniyyətlə apararam səni. Lakin, bu səfərlər Avropada kef çəkə- çəkə şəhər gəzməkdən çox fərqlidir. Gecə gündüzə qarışır, hava dəyişkən olur, çöldə, meşədə gecələməli olursan, çadırda yaşamaq lazım gəlir.
–Yaşayaram çadırda, daha yaxşı, təbiətin qoynunda.
Tahir güldü:
–Bahar, Bahar, ay Bahar, çadırda yad kişi ilə bir yerdə qala biləcəksənmi?
–Yad kişi hardan çıxdı? Başa düşmədim.
–Mənimlə gedəcəksənsə, elə mənimlə də çöldə, düzdə, dağda, dərədə – çadırda yaşamaq məcburiyyətində olacaqsan.
Bahar nümayişkəranə nazlı təəccüblə Tahirə baxdı:
–Siz yad kişi deyilsiniz ki.
–Hər halda, kişinin xoşu gələn qadınla bir otaqda yaşayıb gözünü yumması, heç nə görməməsi, heç nə düşünməməsi çətin məsələdir. Adamın, peyğəmbər də olsa, ağlından hər şey keçir, əzizim. Burda bir şeir gəlir.
Bahar sevincək “deyin gəlsin” dedi. Tahir şeiri asta-asta, alçalıb-ucalan tələffüzlə söylədi:
–Bahar, istəklimsən başdan-binadan Ən gözəl qızısan sən təbiətin Xoşbəxt yaranmısan xoşbəxt anadan Gözünün odusan şeirin, sənətin
Ən gözəl qızısan sən təbiətin.
Doyunca çarpışıb qasırğalarla Göydə qartal kimi yorulum mən də Sonra qoşa yatım dostum Baharla Baş-başa dincəlim bir göy çəməndə.
Hə, dostum Bahar, necədir?
Bahar qadın-kişi münasibətlərinə aid hər şeyi Tahirlə rahatca danışa bilir – başqalarını, yad adamları, tanışları, xüsusilə qadınları, lağ etmək istədiyi şəxs və davranışları açıq təhlil və tənqid etməkdən həzz alır. Məsələn, rəsmi ailə qurub onun kənarında macəra yaşayanlar dünyanı bürüyüb – belə bir tezisi, misallar gətirməklə, eninə-uzununa işlədib istismar edə bilirdi. Tahirdən şeiri təkrar etməsini xahiş etdi və yalnız bundan sonra münasibət bildirdi:
–Tahir bəy, birinci kuplet çox xoşuma gəldi, “ən gözəl qızısan sən təbiətin” – əladır. Düzdür, ikinci kupleti çadırda, çəməndə yatmağa uyğunlaşdırdınız, “qoşa yatım dostum Baharla” – bu, bir az açıq-saçıq oldu, “baş-başa dincəlim bir göy çəməndə”
– yaxşıdır. Bircə şeyi başa düşmədim, şeiri nə vaxt yazdınız, elə indi, birdən-birə? Tahir təmkinli adam olaraq ictimai yerlərdə hündürdən danışmaz, hay-küyə yol verməz, ətrafdakıların diqqətini cəlb etməyə çalışmazdı. İndi özündən asılı olmadan iki əllərini yana qaldırıb qəhqəhə çəkdi. Bunu gözləməyən Bahar gözlərini döydü:
–Nə olub?
Tahir hələ özünə gələ bilmirdi, bir az gözlədi, sonra sakit gülüşlə Baharın əlindən tutdu:
–Bahar, canım, gözəlim, ay təbiətin ən gözəl qızı, vallah istəklimsən başdan- binadan! Ay qız, mən şair deyiləm, şeir yazmıram, amma şeiri çox sevirəm. Bu məşhur şairimizin (6) şeiridir. O, bahar fəslini tərənnüm edib, mən o baharı xüsusi isimlə, sənin adın Baharla əvəz etdim. Dostu Baharla qoşa yatmaq arzusunda olan odur, mən deyiləm. Ay nə qədər məni içdən güldürdün, çox sağ ol, ay təbiətin gözəl qızı!
Bahar bir az utanan kimi göründü.
⁕ ⁕ ⁕
“Bəşəriyyətin müxtəlif inkişaf dövrlərindən keçdiyi məlumdur. Mütəfəkkir alimlər bəşər tarixini cürbəcür əlamətlərə görə dövrlərə ayırmışlar. Bir tərəfdə uzun, milyon illər sürən Daş dövrü, son 5-6 min illəri əhatə edən Tunc dövrü və Dəmir dövrü kimi təsnifat, digər yanda ovçuluq-yığıcılıq, heyvandarlıq-əkinçilik və sənayeləşməni özündə birləşdirən, aqrar inqilab, sənaye inqilabı kimi həlledici dövrləri içinə alan təsnifat mövcuddur. Sənaye dövrünü yeni dünyanı yaradan mexanika, elektrik, nüvə enerjisi, elektronika, sürətli nəqliyyat və informasiya- kommunikasiya texnologiyaları kimi elmi-texnoloji uğurlarla səciyyələndirmək, müəyyən sıraya düzmək, altdövrlərə ayırmaq cəhdləri də var. Dörd sənaye inqilabından söz açırlar. Bu uğurlar internet, mobil telefon, süni intellekt kimi texnologiyaların hakim olduğu çağdaş cəmiyyətlərə gətirib çıxardı. Kiçik yaşlı körpələrdən başlamış həyatının ahıl çağlarını yaşayan hər kəs, hamı indi mobil telefonla oynayır. Dünya dəyişdikcə onun ahəngi də dəyişir”.
Bahar bir neçə dəfə masanın üstünə qoyduğu mobil telefona baxıb “off” dedi. Bu Tahirin diqqətindən yayınmadı.
–Nooldu, Bahar?
–Heç. Yaxşılıq et, başın bəla çəksin… Vallah, Tahir bəy, bilmirəm neyləyim, yazan bədbəxtəmi hirslənim ya özümümü danlayım?! Öz cəzandır, çək, ay başıboş Bahar.
Tahir güldü:
–O operada “başıboş” sözü yoxdur, “öz cəzandır, çək, Balaş” deyilir (7).
Tahir Baharın kimə və hansı sözlərə hirsləndiyini soruşmadı, onun öz həyəcanını özü bildiyi kimi ifadə etməsinə imkan verdi.
–Qələt elədim, yazığım gəldi, adama xoş sözlər dedim, arabasını sürdüm, indi mənə ağlına gələn sözləri yazır. Qubadan qayıdandan bəri hər gün, hər gün nədi, hər saat sevgi məktubu alıram, utanmaz adam, kefi nə istəyir, onu yazır, ağlına nə gəlir – yazır.
–Hə, Qabilmi? Maraqlıdır! Mən dedim axı, elə-belə deyil bu xoşluq, bu adi bağlılıq deyil, xoşallanma deyil, kükrəyən eşqdir bu, ehtiyatlı ol. Sevgi gözəl şeydir. Adam vurulub sənə, niyə də vurulmasın. Gözəl, mehriban, can alan bir xanım ona xüsusi diqqət yetirib, ona yoldaşlıq edib, onunla bağda-bağçada gəzib, süzülən gözləri onu tilsimə salıb, şirin dili ona bir növ laylay çalıb. Əslində sənə vurulmaması qəribə olardı, vurulması deyil.
–Eh, Tahir bəy, gördüm ki, əlildir, Qarabağda döyüşüb, məndə ona qarşı təbii olaraq həm hörmət hissi, həm də mərhəmət duyğusu yarandı. O isə hissə qapıldı. Mənə eşq-məhəbbət elan edir, özü də, birdən-birə, əsası olmadan, hazırlıqsız, girişsiz.
Birdən-birə eşq elan etmək fikri Tahirin cürbəcür elementlər və hadisələr arasında bənzərlik görməyə tuşlanan düşüncəsinə qida verdi:
–Bu günkü söhbətimizdə nəsə filmlər yada düşür. “Adam-amfibiya” və ya “Amfibiya-adam” (8)adlı sovet filminə baxıbsanmı? O film çəkiləndən çox-çox sonra anadan olmusan sən. Çoox məşhur idi.
Bahar qaşını çatıb başını yelləməklə “yox” dedi. Tahir məhəbbətlə ona baxa- baxa başını buladı:
–Vay, vay…Gərək səninlə köhnə filmlərə baxaq. Yaxşı, bu dəfə YouTube`a müraciət etməyək, film doğrudan da çox maraqlıdır, baxmaq lazımdır. Bu yerdə niyə o film yadıma düşdü? Filmin bir yerində İxtiandr adlı oğlan Quttiere adlı qızı görür (əhvalat guya Argentinada baş verir), qız çox xoşuna gəlir, onun əlindən tutub heyran-heyran üzünə baxa-baxa birbaşa sözünü deyir: “gəlmişəm deyim ki, mən səni sevirəm”. Təəccüblənən və bu qəribə oğlana xoş nəzərlə baxdığı hiss olunan qızın “ilk baxışdan sevgi?” replikasına İxtiandr gözəl cavab verir: “məgər başqa cür sevgi olurmu?!”. Oğlanı Vladimir Korenev, qızı Anastasiya Vertinskaya çox gözəl oynamışlar. Qabili birdən-birə, hazırlıqsız, girişsiz sevgi elan etməsinə görə qınamaq doğru deyil, ay Bahar xanım. Əslində foto-şəkillərə və sənin söylədiklərinə görə, sənin iltifatın sayəsində, onun eşq elanı birdən-birə, hazırlıqsız yaranmayıb, balaca xoş bir giriş olub orda, Qubada, gələcəkdə cücərəcək və boy atacaq sevginin toxumu səpilib orda.
Bahar Tahirin məntiqi və nüfuzu qarşısında zəif görünsə də, asanlıqla geri çəkilənə oxşamırdı:
–Tahir bəy, biz Azərbaycandayıq, bura Argentina deyil, Qabil də özündən razı, qəribə sözlər işlədən və mənə uyğun olmayan adamdır.
–Bahar, bilirsənmi, bu film əslində Argentinadan daha çox Azərbaycana bağlıdır. Aleksandr Belyayevin eyni adlı fantastik romanı üzrə çəkilib. Su altında yaşaya bilən adam haqqında əvvəl adını unutduğum bir fransız yazıçısı yazmışdı, səhv etmirəmsə, 20-ci əsrin əvvəllərində, Belyayev ondan təsirlənib öz romanını yazdı, gərək ki, 1927-28-ci illərdə. Əsərdəki və filmdəki hadisələr guya Argentinada baş verir, amma bilirsənmi film harada çəkilib? Bu Leninqrad (indiki Peterburq) filminin xeyli hissəsi Bakıda, bəli, bizim Bakıda çəkilib! İçəri şəhərdə, Şirvanşahlar sarayında, dəniz kənarında, Fəvvarələr meydanında, ordakı “Nərgiz kafesi”ndə! Sən yəqin gözəllər gözəli Nərgizin (9) şərəfinə adlandırılmış Nərgiz kafesini görmədin. Filmdəki şən “Ey moryak” mahnısı məhz Nərgiz kafesində oxunur, bu amerikan sayağı rokn-roll (10) mahnı geniş yayıldı və çox sevildi. YouTube`da tap, qulaq as… Hə, sənə necə müraciət edir təzə sevgilin – əzizim ya həyatım, gözəlim yaxud sevgilim?
–Heç biri, hardadır onda elə incəlik, zəriflik?
Bahar bunu deyib telefondakı yazı-məktubu görmək üçün “buyurun, baxın” deyə Tahirə verdi. Tahir oxudu: “Şeyda bülbül, sənin xətrini bilsən necə çox istəyirəm?!
Nazına dözürəm, neyləyim?! Qəlbimə çox dəysən səni boğaram (zarafat). Sən allah, dili şirin ol, yazdığın cümlələrin arasına qənd qoy. Özündən muğayat ol. Borcumdu bunu demək, çünki çox istəyirəm səni. Hələlik, ətirli çiçək!”
Tahir “Ay Allah!” deyə ucadan güldü:
–Şeyda bülbül! Ətirli çiçək! Otello kimi sevgilisini boğan qəhrəman! Düzdür, ağıllı tərpənib mötərizədə “zarafat” sözünü yazıb.
–Gördünüz də, Tahir bəy. Hər saat yazır, ağlına gələni yazır. Vaxtım yoxdur deyirəm, kefim yoxdur deyirəm, xəstələnmişəm deyirəm, yazılarının çoxuna heç cavab vermirəm. Bloklamaq, bağlamaq da istəmirəm, ayıbdır deyə. Amma o da həddini aşır. Baxın, arxasını oxuyun.
Tahir oxudu: “Şeyda bülbül, mənə cavab verməyəndə məyus oluram, bunu bil. Elə bil barmağın xınadadı, tərpənə bilmirsən. Kiçik bir cavab üçün bir dəqiqə vaxt tapa bilmirsənmi? Balaca şeyləri böyüdüb şişirtmə. Məni incitsən də, sənə gileylənsəm də, heç vaxt qəlbinə dəymərəm. Sağ ol, bağrıma basıram səni. Sən mənim üçün solmayan ətirli çiçəksən, hər an ətrini hiss edirəm. Qızlar, qadınlar çoxdu, amma… Çiçəklər də çoxdu, amma hər çiçəyin ətri olmur. Bilsən səndən ötəri necə darıxmışam?! Sənsiz dünyam boşdur, mənasızdır…”
Tahir daha oxumadı, telefonu Bahara qaytardı:
–Adam vurulub sənə. Vəssalam, şüd tamam. “Çiçəklər çoxdu, amma hər çiçəyin ətri olmur”. Yaxşı deyib. Qoxu çox təsirli, yadda qalan hissdir, yemək qoxusu, çiçək qoxusu, ana qoxusu, insanı bihuş edə bilən qadın qoxusu…
Bahar bir qədər pərt görünürdü. Sağ əlini yellədi:
–Eh, gül kimi söhbət edirdik, gözəl səfərlərdən danışırdınız, çox gözəl danışırdınız, mən də həzz alırdım, açığını deyim, həm də qibtə edirdim. Hardan çıxdı bu bəxti- qara adam?!
Sözü mahnıya çevirməkdə usta olan Tahir avazla oxudu:
–Bəxtim taleyim yoxdur, mən ki, Məcnunam…(11)
İki dost kafeni tərk edib hər zamankı kimi gəzə-gəzə, söhbət edə-edə xoş axşam görüşünü başa çatdırdılar. Bahar “Gözəl axşam oldu” dedi, qarşıdakı günlərin birində yenidən görüşmək arzusunu bildirdi. Tahir zümzümə etdi: “Hər könüldə bir bahar / Gəlsin dostlar, tanışlar / Gəlsin nəğməli quşlar / Axşam görüşlərinə” (12) Bahar üçün taksi çağırdılar. Taksi tez gəldi. Bahar Tahiri yüngülcə qucaqlayıb “sağ ol, çox sağ ol” dedi. Tahir təbəssümlə, bir az da yəqin ki, ayrılığın yaratdığı təəssüflə Baharı süzdü, gözünü yumub-açdı, qucaqlayıb boynundan öpdü, dodaqlarını onun üzünə doğru hərəkət etdirərkən Bahar sıyrılıb onun əlindən çıxdı, əl edib taksiyə mindi. Taksi Baharı alıb uzaqlaşdı…
⁕ ⁕ ⁕
Ziyalı ailədə doğulan Bahar və onun kiçik qardaşı yaxşı təhsil görmüş, müəllim ana və mühəndis atanın sevgi, qayğı və nəzarəti altında böyümüş, məktəbdə yaxşı oxumuş, Bahar biznes idarəçiliyi, qardaşı isə musiqi üzrə ali təhsil almışlar. Bahar gözəl, ağıllı və dost olmağı bacaran bir qız olmuş, ətrafında gözlərini ona doğru zilləyib sevgi göndərən oğlanlar çox dolaşmışlar. Lakin heç kimdən qaçmayan, danışan, gülən bu qız bir müddət könlünü heç kimə fəth etdirməmişdi, ta “şahzadə oğlan” ortaya çıxana qədər – o, nüfuzlu bir nazirin oğlu idi.
Kiyev şəhərində ali təhsil alan, son tədris ilinə başlamazdan əvvəl yay tətilini Bakıda keçirən gənc Arif tanışların toplaşdığı bir məclisdə Baharla tanış olmuşdu. Boylu-buxunlu, dilli-dilavər və kübar ədaları ilə seçilən Arif ilə Bahar arasında dostluq yaranmış, bir müddət sonra oğlan öz anası Sona xanımı da Baharla tanış etmişdi. Sadə təbiətli, xoşniyyətli, ipək kimi zərif bu ana ilə Bahar bir-birini çox bəyənmiş, bu da Ariflə Baharı daha da yaxınlaşdırmışdı. Nəhayət, elçilik, arxasınca nişan! Subaylıq – soltanlıq bitdi, nişanlı həyat – xanlıq başladı! İki gəncin həyat yolları birləşdi. Birləşdimi?! İki yol bir ayrıcda, bir məntəqədə kəsişdi – belə demək daha doğrudur, çünki sonra nələr olacağı bilinmir… Kəsişdikdən sonra yollar heç də həmişə birləşmir, bir yola çevrilmir.
…İnsan yol gedir. Yol getmək sadə şey deyil, adamın başına hər şey gələ bilər. Yeni yola çıxmaq və ya yeni yol açmaq da baş verə bilir, gedilən yolu tərk etmək də, yolu itirmək, yolda azmaq da istisna olunmur. Uzun zaman bərabər olan insanlara “yola gedirlər”, bərabər ola bilməyənlərə isə “yola getmirlər” deyirlər, arada razılıq əldə edəndə “yola gəldilər” deyilir.
Oğlan Baharı rahat buraxmır, onunla tez-tez görüşür, hədiyyələr alır, özünə cəlb edir, öpüşlərə qərq edirdi. Baharın da sanki başı gicəllənmiş, eşq başına vurmuş, hisslərə tabe olmuş, ağlını və müqavimət qabiliyyətini itirmişdi. Nəyə müqavimət göstərməli idi?! İki sevgili sədləri keçib şəhvət dalğalarında üzür, atəşin eşq yaşayırdılar!
Oğlan və qız evində toya hazırlıq gedirdi. Oğlanın anası Sona xanım Baharı çox sevirdi, sevimli oğlunun nişanlısını dünya malından qəni etmişdi – yaqut, sapfir, zümrüd, aleksandrit, brilliant, mirvari, firuzə, mərcan, kəhrəba, qızıl kimi qiymətli daş-qaşlardan nəfis bəzək əşyaları, növ-növ və rəng-rəng gözəl paltarlar, ayaqqabılar, çantacıqlar, bahalı ətirlər, – saymaqla bitən deyil. Qız evi də layiqli cehiz hazırlığı görürdü.
Yaxın rəfiqəsi Alina “toya hazırlıq necə gedir, bəlkə nədəsə kömək etmək lazımdır?” deyə zəngləşib Bahargilə gəldi. Baharın valideynləri yaxın tanışlardan birinin oğlan toyuna getmişdilər. Ev çox qarışmışdı, cehiş əşyaları müxtəlif otaqlarda nizamsız şəkildə yerə, divan və çarpayıların üstünə sərilmiş, ora-bura səpələnmişdi. Bahar hər şeyi bir-bir Alinaya göstərir və şərh edirdi. Alina “bəh-bəh, nə gözəl, əla” deyə-deyə hər şeyi ürəkdən bəyəndiyini göstərir, sevincini ifadə edirdi:
–Allah xoşbəxt eləsin səni, ay Bahar! Allah sizə yeddi oğul, bir qız versin! Oğullardan birinin adını mən qoyacam. Olarmı?
Bahar güldü:
–Dəlimi olubsan?! Gecə-gündüz uşaqmı doğacam? Səkkiz? İki uşaq bəsdi, uzağı üç. Arzum budur ki, sən də tezliklə ərə gedəsən. O zaman istəyirsən səkkiz uşaq doğ, istəyirsən on səkkiz!
Bu göstəri və söhbət əsnasında Alina Arifi Funikulyorun aşağısında ərzaq mağazasında gördüyünü dedi, deyəsən bacısı ilə evə alış-veriş edirdilər. Bahar Arifin yaxınlarda Bakıya gələ biləcəyini eşitmişdi, anası Sona xanım belə deyirdi. Amma, xəbər Bahar üçün gözlənilməz və təəccüblü oldu:
–Mənə deməyib gəldiyini, bu necə ola bilər? Maraqlıdır. Bir də axı Arif hazıra nazirdir, atası nazir olduğuna görə deyil, anasına görə, Sona xanım hər şeyi özü edir, bazarlığı, yemək bişirməyi, qonaq qarşılamağı. Necə olub ki, Arif gedib ərzaq alır? Deyirsən bacısı yanında idi? Bəlkə bacısı onu yoldan çıxarıb aparıb mağazaya?
–Mən bacısını görməmişdim, sarışın göygöz qızdır, rusa oxşayır, Arif deyəsən onu çox istəyir, bacısı nəsə dedi, o da onu qucaqlayıb öpdü.
Bahar gözlərini döydü, mat-mat Alinaya baxdı:
–Ay qız, Arifin bacısı qaragöz, qaraqaş, qarasaç xalis, əsl azərbaycanlı qızdır, sən nə danışırsan, sarışın nədi, göygöz nədi?
Alina çaşıb pis söz söyləmiş adam kimi tutuldu:
–Bəs kim idi o qız? Bəlkə qohumlardandı, ya qonşulardan biridi?
Bahar kefsizlədi, bir dəfə onun yaxın bir tanışı göz vurub zarafatla “Arif yaraşıqlı, həm də şirin dillidir, Ukraynada aləmi bir-birinə qatmasa yaxşıdır, hissiyyatlı Ukrayna qızları arasında cövlan edə bilər, haa!” demişdi. O vaxt ehtiyatlanmaq və Arifi qısqanmaq Baharın ağlına gəlməmişdi. Ariflə şiddətli eşq yaşayırdı, Arifi Məcnun – “canını cananına fəda qılan” (13) aşiq kimi, özünü isə Leyli kimi görürdü.
Alina salamatlaşıb getdi. Bahar Arifin anasına zəng etmək, Arifin nə vaxt gəldiyini öyrənmək istədi, axı gəlibsə məni niyə aramır, o sarışın göygöz qız kimdir? Bahar özünü toxtatmağa çalışdı. Hər şey ola bilər, tələsmək lazım deyil. Nahaq deməyiblər ki, yüz ölç, bir biç.
⁕ ⁕ ⁕
Tələbə yoldaşı olmuş Polad zəng etdi. Çox yaxşı, çox təmiz oğlandır Polad, səmimi, xeyrxah. Düzdür boydan balacadır və xeyli kökdür, amma iş yoldaşlarının və bütün dostların sevimlisidir. Beynəlxalq şirkətdə çalışır, tez-tez İngiltərəyə gedir. Polad telefonda salam-kalamdan sonra Baharı muştuluqladı:
–İstədiyin iki kitabı almışam – “The Capitalist Philosophers” və “Thunder from the East”. Nə vaxt istəsən gətirə bilərəm.
Bahar sevindi:
–İndi gələ bilsən yaxşı olar, gələ bilərsənmi?
–Əlbəttə! Gəlirəm. Bir şey lazımdırmı, alım?
–Özün gəl, heç nə lazım deyil.
Polad son səfərində Bahara “Londona gedirəm, sənə nə alım ordan?” deyəndə Bahar, mümkünsə ona lazım olan iki kitabı alıb gətirməsini xahiş etmişdi, kitablardan biri biznes nəhənglərinin fikirləri, ikincisi isə Asiyada həyat, yaşayış tərzi haqqında idi. Polad Baharın xətrini çox istəyirdi, ona qarşı çox diqqətli idi. Kitab mağazalarına baş vurmuş və Baharın xahişini məmnuniyyətlə yerinə yetirmişdi.
Polad əlində iki kitab və kiçik bir qutu içəri girdi. Bahar ondan çay ya qəhvə içəcəyini soruşdu, Polad “çay, çay” dedi və davam etdi:
–Bilirəm ki, sən modern qızsan, qəhvəni çox içirsən, al, – deyib qutunu açdı, içindən üstü Britaniya bayrağı kimi boyanmış bir qulplu fincan çıxarıb Bahara verdi.
–O ki qaldı kitablara, – o, əlindəki kitabları masanın üstünə qoydu, – maraqlı kitablardır, xeyli vərəqlədim, birinci oxunuşda tanışam deyə bilərəm, Asiyada sadə adamların həyat hekayələrinə aid kitab xüsusən xoşuma gəldi.
Çay və qəhvə içə-içə ordan-burdan söhbət etdilər, dostları yada saldılar. Bahar birdən Poladı suala tutdu:
–Polad, son vaxtlar Ariflə görüşürsünüzmü? Əvvəllər sizə “cüt-qoşa” deyərdilər zarafatla.
Polad duruxdu. O, ləng adam deyildi, amma ləngidi, sanki söz axtarırdı, suala qarşı sualla cavab verdi:
–Bıs siz? Son vaxtlar görüşmüsünüzmü?
Poladın bu şəkildə cavabı Baharın içindıki narahatlığı artırdı, şübhəsini dağıtmaq və ya nə baş verdiyini anlamaq istədi. Təbiətən hövsələsiz, uşaq kimi dözümsüzdü, dost-tanışları arasında səbri-aramı və təmkini ilə seçilmirdi. İndi daxili həyəcan onu haldan çıxarır, səbir kasası daşmaqda idi. Bahar sakit yanan, sonra birdən alışıb partlayan ocağa döndü:
–Dostun Arif sarışın göygöz qızla Bakıda nə edir?
Polad qızardı. Niyə? Kök adam daha tez qızarır, bu bəllidir, amma durduğu yerdə deyil. Çay bir az içini qızdırmışdı, Baharın şimşək çaxmasına bənzər bu sözü, bu deyiliş tərzi isə onun içini də, çölünü də yandırdı, yumru sifəti və yoğun boynu tərlədi. O, masanın üstündəki kağız dəsmalı götürüb tərini sildi və mızıldandı:
–Deməli bilirsən. Çox hayıf…
–Nə hayıf? Kimə hayıf? Danış.
Poladın çaşdığı, tərəddüd etdiyi və əzab çəkdiyi açıq-aşkar görünürdü. O, dərindən nəfəs aldı, gözünü yumub-açdı, əllərini çarpazlayıb çənəsinin altına dirədi, “eh” deyib aradakı ayıb pərdəsini qaldırdı:
–Bahar, özün dediyin kimi, Arif mənim çox yaxın dostumdur, yaxşı yoldaşlığımız olub, o məndən imkanlı olsa da, heç vaxt özünü dartmayıb, həmişə, hər yerdə bir- birimizə dayaq olmuşuq. O, səninlə maraqlananda sevinmişəm, səninlə nişanlananda fərəhlənmişəm, iki qiymətli dostum birləşir deyə. Onun gənclərə xas olan qız-qadınla macəralarının azalacağını düşünmüşəm. İlk vaxtlar başı sənə o qədər qarışmışdı ki, Allaha şükür dedim. Lakin Kiyevə qayıdanda əvvəlki halına qayıtdı, hətta Bakıya tətilə gələndə də özü ilə qadın gətirirdi. Üç-dörd gün “İnturist”də saxlayıb geri yola salırdı. Hətta evlərinə apardığı, anası və bacısına “tələbə yoldaşımdır, burda qohumları var, onların yanına gəlib” dediyi hal olmuşdu. Bacısı başa düşmüş, onunla dalaşmışdı. Ciddi söhbət etdim onunla, xeyri olmadı, “dünya dağılmır ki” dedi. “Baharla sən birləşib bir dünya qurmağa hazırlaşırsınız, ailə iki adamın qurduğu dünyadır, sən o dünyanın ahəngini pozursan, təməli atılmaqda olan o dünyanı dağıdırsan, bəli, məhv edirsən” dedim. Nə fayda?! Sənə demək istəmədim, düşündüm ki, bəlkə məsələ öz-özünə düzələ. Sonra gördüm ki, mən sənə qarşı vəfasızlıq edirəm, mənə çox ağır olsa da, səni xəbərdar etməliyəm. Amma özümü məcbur edə bilmirdim. Çaşıb qalmışdım. İndi necə olubsa özün bilmisən…
Polad söylədiyi hər şeyin Bahara məlum olduğunu düşündüyü üçün nisbətən rahat danışa bildi. Bahar yerində donub qalmışdı. Həyəcandan qızardı, sonra qızartı yerini ləkəli sarılığa verdi. Yanaqları titrəyirdi. Gözləri ilk dəfə görürmüş kimi Polada doğru zillənmişdi. Bu qəribə baxış onsuz da bərk həyəcan keçirən Poladı qəfil güllə kimi deşib keçdi. Polad qorxdu, durub su gətirdi, “iç” dedi, əllərini Baharın əlləri üstünə qoydu. Baharın gözündən yaş süzüldü, masanın üstünə çöküb başını əlləri arasına aldı, səsini içinə almaq istəsə də, bacarmadı, hıçqırtıları eşidildi.
Başını qaldırıb “Polad, bağışla, sağ ol, istəsən gedə bilərsən” dedi. Polad öz- özlüyündə “getməkmi düzdür, qalmaqmı?” deyə düşünüb getməyi doğru saydı, Bahar olub-keçəni özü təkbaşına, kənar müdaxilə olmadan düşünməli, təhlil etməlidir.
Bahar sarsılsa da, gözü aydın görür, qulağı yaxşı eşidirdi, gördüyünə və eşitdiklərinə şübhə yeri qalmamışdı. Polad gedəndən sonra ilk hərəkəti – buna təbii reaksiya, fəlakətin təbii təsiri demək olar – üzü üstə uzanıb, üzünü yastığa dayayıb doyunca ağlamaq oldu. Halsızlaşdı, boğazı qurudu, başı ağrımağa başladı. Qalxıb su içdi, ayaq üstə durmağa taqəti olmadığından yenidən yatağa uzandı. Yuxu onu apardı, gərginlikdən dağıla bilən bədən, nə yaxşı ki, süst düşdü. Yuxudan qalxanda sifəti saralmış, gözləri qızarmış, göz qapaqları ağırlaşmış, həyat enerjisi tükənmişdi. Öz-özünə “ölmək istəyirəm, ucuz bir ölüm” dedi. Xoş və bəd hadisələrin bir-birini izləməsi özü də bir nizamın, xoşagəlməz bir ahəngin təzahürüdür. Gecə gözünə yuxu getmir, yerində qovrulur, öz-özünə danışır, özünü danlayırdı:
–Eyni günlərdə iki qadınla görüşməyi bacarırmış mənimlə, öz nişanlısı ilə və Ukraynadan gətirdiyi məşuqəsi ilə. Mənimlə bir-iki qısa rəsmi görüş nəzərdə tutmaq (necə olsa, nişanlısıdır, yaxında toyu olacaq) və özünü, vaxtını, enerjisini, ehtirasını, sevgisini Ukraynalı qadına həsr etmək… Həyasızlığa bax, əclaflığa bax. Ay alçaq, sənə mən bəs etmirəmmi? Mənimlə özünü şəhvətin, seksin zirvəsində hiss edirdin, xüsusi həzz alırdın, hər cür oyun çıxarırdın, nə çatışmırdı sənə, ay oğraş?! Mən fərsiz, ağılsız, başıboş, gör kimə inanmışam, gör kimə bel bağlamışam, taleyimi kimə tapşırmışam? Xainə, namərdə. Hardan gəlib çıxdı bu it oğlu it? Eh, atasının nə günahı var, anasının nə günahı?! Özü nadürüst əclafdır. O orda qəhbələrlə gəzib- dolanır, eyş-işrət içində yaşayır, mən də burda, mən ağıldan kəm, gələcəyi düşünürəm, həyatımızı, evimizi necə quracağımızı planlaşdırıram, yaxşı
övladlarımız olacağı xülyasındayam, onları necə böyüdəcəyimiz barədə xəyallara qapılıram. İnsan nə qədər sadəlövh, sarsaq ola bilər. Mənə gözüaçıq, dünyanı anlayan, gələcəyi görən kimi sifətlər yapışdıranlara inanmışam, amma gözüm kor, dünyam boş, gələcəyim qara dumanmış. Mənim də günahım var, axmağam, asanlıqla təslim olmuşam ona. Gənc olmuşam. Gənc olanın ağlı olmazmı?! Ağlım olmayıb, axmaqlığa qarşı müqavimət gücüm olmayıb. İndi nə edim, mən axmaq, mən bəxti qara? Bitirmək lazımdır bu biabırçılığı, bu ləkə yuyulan, təmizlənən deyil, ondan aralanmaq lazımdır.
“Dünyanın pisi ilə rastlaşanda özünü öldürmə, gücünü mühafizə et, dünya pislikdən ibarət deyil, həyat kitabında qara səhifələrlə yanaşı qızıl səhifələr də mövcuddur”.
Bahar səhər yuxudan ayılanda özündə bir güc hiss etdi. Əvvəl öz anasını əhvalatdan hali etdi. Anası ağlamaqla yetindi, qızını yaxşı tanıyırdı, iş bitmişdi. Bahar sonra Arifin bacısını çağırdı. Onunla görüşü qısa oldu, işi bitirmək, tam ayrılmaq fikrini bildirdi. Qız nə etiraz etdi, nə təsəlli verdi, bunların heç birinə yer yoxdu.
Bahar Sona xanımın aldığı bütün hədiyyələri çantalara yığdı. Anasına da onunla getməsini xahiş etdi. Əli qoynunda var-gəl edən, qızına baxıb ürəyi qovrulan anası heç nə demədi, qızını tək buraxa bilməzdi, onun yanına düşüb getdi. Qardaşı da çantaları daşımağa, Arifgilə çatdırmağa kömək etdi. Arifgilin evi mərkəzdə memarlığı ilə seçilən köhnə binaların birində idi. Qapını Sona xanım açdı, sifəti bozarmış, üz-gözünə kədər çökmüşdü. Baharla və anası ilə qucaqlaşıb öpüşdü. “Əyləşin” dedi, amma qonaqlar əyləşmədilər. Bahar hədiyyə çantalarını göstərib “Sona xanım, bütün hədiyyələr burdadır, daş-qaş, qızıl-brilliantlar, paltar, çanta, ayaqqabılar, hər şey” dedi və başı ilə anasına “gedək” işarəsi verdi. Sona xanım ağladı, onları dayandırmağa çalışdı:
–A qızım, ay Bahar, o hədiyyələr sənindir. Oğlum axmaqlıq edib, böyük axmaqlıq. Başı batsın, amma başını kəsməyək. Siz axı bir-birinizi baş yoldaşı kimi seçibsiniz, özünüz seçibsiniz. Adamın başına iş gələr. Onu başdan çıxardanın evi yıxılsın.
Arifin atası əhvalatı eşidəndə “başımızı aşağı edən, boyumuzu yerə soxan oğulu oğul saymıram, gözümə görünməsin, rədd olsun, getsin” dedi, yazığın başından
tüstü çıxır, xəcalət çəkir. Başına dönüm, qızım, bağışla bizi, bağışla o başı batmışı.
Oğul sevgisi ilə ləyaqət, namus, vicdan hissləri arasında çırpınan ana nə edəcəyini bilmirdi. Baharın sərt sifəti yaxşı heç nə vəd etmirdi. Sona xanım son dəfə cəhd etdi, “Arif çox böyük qələt edib, başına hava gəlib, dəli olub, vicdan əzabı çəkir, çox peşmandı, səni çox sevir, qızım, onu bağışla, mənə yazığın gəlsin, mən səni oğlumnan da, qızımnan da çox istəyirəm” deyə Bahara yalvardı, onu qucaqlayıb hönkür-hönkür ağladı. Lakin, iş-işdən keçmişdi, sonrakı peşmançılıq fayda verməz. Məsələni Arifin və onun anasının istəyinə uyğun həll etmək, göz deşən, göz dağı verən gerçəkliyə göz yummaq mümkün olmadı. Bahar belə şərəfsizliyi, mənliyini heçə endirən həyasız təhqiri heç cür qəbul edə bilməzdi.
Tapdanmış heysiyyat onu tapdayanı bağışlamaz. Bahar Sona xanımı qucaqlayıb öpdü, anasına əl edib yola düzəldilər.
Baharın atəşlə səpilən eşq bağçası duzlu göz yaşları ilə sulandı, vaxtından tez soldu və vaxtında qurudu. O gündən sonra bir də bir kişiyə sarılıb qucağında oturmadı, öpüşmədi, onunla yatağa girmədi. Cəsarəti qalmamışdı. Onun həyat ahəngi pozulmuşdu.
2- ci hissə
Elmira
Kompüter və internet uzun tarixi olan məktublaşma fenomenini kökündən silkələdi. Əlyazma məktub fəaliyyəti tam yoxa çıxmasa da, nadir rast gəlinən hadisəyə döndü. İnternetlə məktubun qarşı tərəfə çatması bir an çəkdi, bu səbəbdən məktubların sayı kəskin surətdə artdı və uzunluğu qısaldı. Mobil telefon və whatsapp meydana çıxdıqdan sonra məktubun uzunluğu daha da qısaldı, məktublaşmanın böyük hissəsi qısa ifadələrdən və şərti işarələrdən təşkil olunmuş uzaqdan dialoqla əvəz olundu –
1) “Necəsən?”, 2) “Sağ ol, yaxşıyam. Sən?”, 1) “Sənsiz darıxmışam”, 2) “mən də”,
1) “Onda…?”, 2) “Gəl görüşək. Sabah yox, o biri gün”, 1) “Əla! Harda?”, 2) “Keçən dəfəki yerdə”…
Bahardan Tahirin mobil telefonuna yeni məktub gəldi: Tahir bəy, Parisdə yaşayan rəfiqəm Elmira Bakıya gəlib, çox maraqlı xanımdır. İstəyirəm sizinlə tanış edim.
Tahir əvvəl oynaq xoş ifadə göndərdi: “Maraqlı xanımın rəfiqəsi də maraqlı olar”, arxasınca cavab yazdı: “əlbəttə görüşək”. O, Baharın görüş təklifinə, çox ciddi bir səbəb olmasa, heç vaxt “yox” demirdi. Bulvarda Kukla teatrının yanında görüşməyi şərtləşdilər.
Hava Bakıda çox rastlanmayan dərəcədə açıq idi, göy üzü mavi və ağ rənglərlə boyanmışdı, adda-budda ağ buludların göründüyü göy qübbəsi mavi, üfüqə enən yerlər isə ağ-boz rəngə bürünmüşdü. Günəş isidir, amma yandırmırdı. Təbiətin canında mülayimlik vardı. Küləklər şəhəri kimi tanınan Bakı hər zaman küləkli deyil ki! Havadakı yüngül əsinti də bugünkü mülayimliyin bir ünsürü idi. Tahir çox
sevdiyi bulvarda gəzişir, dənizi seyr edirdi. O, göyün və dənizin rənglər spektrini izləməyi sevirdi. Hava, günəşin yüksəkliyi və buludlar həm göyün, həm dənizin rənginə rəng qatırdılar. Dənizlə göy üfüqdə birləşmiş, gözə görünən dünya sanki rəngli bütöv bir örtüyə bürünmüşdü. Xəzərin asta-asta dalğalanan suları mavinin çalarları ilə örtülmüşdü – lacivərd kimi tünd mavi və firuzəyi mavi-yaşıl bir-birinə dəyir, bir-birinə keçirdi. Xəzərin gözəlliyinə tamaşa etmək üçün Tahir hərdənbir şəhərdən kənara da çıxırdı. O, Bakıya cənub tərəfdən gələn yoldan dənizi seyr edərkən onun zümrüd rəng almasını heyranlıqla izləyirdi.
Tahir bir skamyada oturdu. Gözü qarşıdakı skamyada-oturacaqda əyləşib əlindəki mobil telefona baxan qıza sataşdı. Qız sanki ətrafı unutmuş, başını sallayıb telefonla oynayır, bəzən dodaqları açılıb-yumulurdu. Görünür ki, ya öz-özünə danışırdı, ya da telefonda kiminləsə görüntülü ünsiyyətdə idi. Tahirin gözləri qızın açıq qalan döşünə sataşdı. Qızın məmələri tam olmasa da, xeyli hissəsi bayırda idi, sanki nazik paltarı deşib eşiyə çıxmaq, azad olmaq istəyirdilər. Tahir utandı, gözünü çəkdi və istər-istəməz “Yaxan düymələ” adlı sevimli mahnı yadına düşdü. Aşıq sevgilisinin – “sallanıban gələn dilbər”in yaxasını açıq görür, dözə bilmir, “məni dərdə salan dilbər” deyə ona yalvarır: “yaxan düymələ, düymələ”. Aşiq “yel vurar sinən görünər”, “yadlar görüb gülüşməsin” deyə sevgilisini ehtiyatlı olmağa çağırır. Vay-vay, deyəsən qızın özündən xəbəri yoxdur, ayaqları bir-birindən aralanıb, alt geyimi görünür… Tahir dindar deyildi, amma “əstəğfürullah” deyib gözünü həmən yumdu. Sonra gözlərini açdı, amma qıza deyil, dənizə, o tərəfə, uzaqlara baxdı, xəyal onu keçmişə, keçmişdəki Orta Asiyaya apardı…
Nizami`nin “İsgəndərnamə”sinin birinci hissəsi – “Şərəfnamə”dəki rəvayət yadına düşdü. İsgəndər Qıpçaq elində “qıyqacı baxışlı, adam ovlayan, pəri əndamlı” gözəllər gördü. Bu gözəllərin “üzlərində əslən örtük olmazdı, nə qardaşdan qorxarlar, nə də ki, ərdən”. İsgəndər ordusunu düşünüb “qıpçaq başçılarını yanına çağırdı,…qıpçaq qocalarına üstüörtülü dedi ki, qadınlar üzünü örtsə yaxşıdır”.
Qıpçaqlar möhtəşəm cavab verdilər: “əgər sənin adətin üzləri bağlamaqdırsa, bizim adətimizlə gərək gözlər qapansın,… cinayət üzdə deyil, baxan gözdədir”. Tahir ayağa qalxıb bu yerdən aralandı.
Tahir gəzə-gəzə Kukla teatrına yaxınlaşdı. Binanın yan tərəfində, bulvara gedən baş yolun kənarında yerdə böyük dama-dama şahmat lövhəsində ağ-qara şahmat fiqurları ilə oyun gedirdi. Gənc oğlan ağlarla, yaşlı və zəif bədənli kişi qaralarla oynayırdı. Oyunu izləyən beş-on tamaşaçı – gənc, yaşlı, kişi, qadın – hər biri, təbii ki, şahmat bilənlərdir – az, ya çox dərəcədə. Onlar ləzzətlə oyuna baxır, gedişləri təhlil edir, oyunçulara ideya verməyə çalışırdılar. Tahir onlara qoşulub sakitcə oyunu izləməyə başladı, Yerindən gediş təklif edənlərə əli ilə yumşaq şəkildə, təbəssümlə “deməyin” işarəsi verdi. Qaralar açıq uduş vəziyyəti alsalar da, ağlarla oynayan gənc vecinə almadan ümidsiz oyunu davam etdirirdi. Oyuna marağı itirən Tahir aralanmaq istədiyi vaxt gənc oyunçu təslim oldu və qalib kişi Tahirə “gəlin oynayaq” dedi. Qalib oyunçu, görünür ki, Tahirin göz hərəkəti ilə oyunu izləməsindən və sakitlik yaratmaq istəməsindən onun şahmatı pis bilmədiyini duymuşdu. Tahir təşəkkür edib aralandı. O, əks tərəfdə, Kukla teatrının divarları yaxınlığında bir skamyada oturdu, xanımlar bura gələcəklər. Tahir ətrafın gözəlliyindən həzz alır, arabir də gözlərini yumub içindəki rahatlıq və həyatsevərlik ruhu ilə yaşayırdı.
“Dünyanın xoş ahəngini içində yaşaya bilən insan xoşbəxtdir”.
Xanımlar gecikirlər, onları gecikməyə görə qınamaq qəbul olunmayıb. Tahir uzağa getmədən bir az gəzmək istədi. Fikirli-fikirli Kukla teatrını süzdü, gözəl memarlıq abidəsidir, maraqlı tarixi var… Bakının memarlıq abidələri və heykəlləri, o cümlədən bulvar, içində də Kukla teatrı, onların tarixi tələbələrlə söhbət üçün maraqlı mövzu deyilmi?! Tahir xəyalında bu söhbəti qurmağa başladı…
“Bakı əvvəl hər tərəfdən qala divarları ilə əhatə olunan qala-şəhər olub. 19-cu əsrin ikinci yarısında Bakı və onun ətrafı dünyanın ən zəngin neft diyarına çevrildi. Bakı şəhəri böyüməyə başladı. Şəhəri Xəzər dənizindən ayıran divarları söküb dəniz kənarının abadlaşdırılması, sahil boyu yaşıllıq salınması, yəni bulvar qurulması planı xeyli əvvəl ortaya atılsa da, qərar 1909-cu ildə qəbul edildi. Kukla teatrının bu gözəl binası 1910-cu ildə tikildi, memarı məşhur İsmailiyyə binasının (indiki Milli Elmlər Akademiyası`nın İçəri şəhərə bitişik binasının) və Murtuza Muxtarov sarayının (indiki Səadət Sarayı`nın) memarı polyak əsilli İosif Ploşko (Józef Płoszko) olub. Bulvarda Sovetləşmədən öncəki dövrdən bu günə qalan tək bina Kukla teatrıdır!”
⁕ ⁕ ⁕
Tahir yeraltı keçiddən çıxan iki xanımı gördü – Bahar və uzaqdan Baharla eyni boyda görünən digər bir xanım. Bahar Tahirlə görüşə gələndə adətən bir az gecikər, Tahiri görən kimi sürətlə, az qala qaça-qaça ona yaxınlaşar, qucaqlayıb öpərdi.
Tahir sağ əlini qaldırıb irəli-geri hərəkət etdirməklə ona “tələsmə” işarəsi verər, “ay qız, yavaş, yıxılarsan” deyə onu ləngitməyə, yavaşıtmağa çalışardı.
Tahir ayaq üstə qalxıb asta-asta xanımlara tərəf addım atdı, Tahirə doğru gələn Bahar isə daha sürətli idi, o, rəfiqəsini bir az geridə buraxdı, geri dönüb ona baxdı və Tahirə sarıldı:
–Bax bu mənim rəfiqəm Elmiradır, çooox ağıllı xanımdır, Parisdə yaşayır, iki həftəlik Bakıya gəlib, – deyə onu Tahirə təqdim etdi, zarafat etməkdən də qalmadı:
–Sizdən, Tahir bəy, Elmiraya o qədər danışmışam ki, qorxuram sizə vurula.
Tahir xurmayı, açıq-şabalıdı saçları çiynində və belində yellənən Elmiranı salamladı. Elə bil ki, şərq divan ədəbiyyatının və Vaqifin təsvir etdiyi gözəllərdən biri gəlib – sifəti də, geyimi də, baxışları və üz ifadəsi də təbii, “ellər yaraşığı, ölkə gözəli”, “sinə meydan, zülf pərişan, bel nazik”, “ağız nazik, dodaq nazik, dil nazik” … (14) .Ay Allah, bu pəridir, huridir, nədir?!
Belə düşündü, amma demədi, eyni zamanda Bahara cavab verməyi unutmadı:
— Qəti qorxma. Çooox ağıllı olan xanım mənə vurulmaz, çox ağıllı olduğu üçün, ağlı imkan verməz. Üstəlik, mənə vurulmağa heç bir əsas yoxdur, nə görünüşüm, nə yaşım, nə başım işə yarayan deyil. Ehtiyatsızlıq edib məndən danışmısan, yanlış təsəvvür yaratmısan. İndi bu Parisli xanım yəqin edəcək ki, atalar doğru deyiblər – iğidin adını eşit, üzünü görmə. Dünya şəhəri Parisdə yaşayan gözəl xanım bu əyalət adamında nə görə bilər ki?! Mən isə sizi bir yerdə görəndə ürəyimdə o mahnını oxudum – “İkisi bir yerdə gəzən gözəllər”…
Elmira da söz altda qalmadı:
–Dünya şəhəri Paris növ-növ ağılsızların və ekstremistlərin, ifrata varanların sayına görə də məşhur dünya mərkəzidir. Ona görə mənimlə ehtiyatlı olmaq, məndən qorxmaq lazımdır…
Tahir xoşuna gələn adama xoş söz deməkdən çəkinməzdi:
–Gözəllər çoxdu, mütləq əksəriyyəti ilə, təbii ki, tanış olmasam da, bu barədə bəxtsiz də deyiləm. Çox şükür ki, Bahar xanımdan sonra lütf etdiniz, sizinlə də tanış olmaq imkanı yarandı, özünüzü də, sözünüzü də duydum, həmin mahnıda deyildiyi kimi “hər sözə bir söz düzən gözəllər”…
Bahar Elmiraya göz vurub
–Görürsən də Tahir bəyi, – dedi, bəlkə də bu lütfü durdurmaq üçün mövzunu dəyişdirdi, – Tahir bəy bizimlə görüşü Kukla teatrının qarşısına təyin etdi. Yəqin nəsə bir planı var…
Elmiranın gözü işıqlı, üzü gülər, kefi kök, danışmağa həvəsli idi:
–Qədim binaya oxşayır, elə bil ki, fransız memarlığı üslubundadır. Maraqlıdır, belə çıxır ki, Bakıda çox qədim Kukla teatrı olub.
Tahir həmən cavab verdi:
–Yox. 1895-ci ildə Fransada kəşf olunmuş kino-film işi Bakıya həmən ayaq açmış, çox populyar olmuşdur, o dövr kinoya “Sinematoqraf” deyilirdi və bu bina “Fenomen” adı altında Bakıda ilk sinematoqraf (kinoteatr) sarayı olub. Sonralar təyinatı dəfələrlə dəyişdirilib – kazino, işçi teatrı, musiqili komediya teatrı, “müdafiə” teatrı, kənd təsərrüfatı muzeyi, dövlət mahnı teatrı… Kukla teatrının da öz tarixi var, səhv etmirəmsə, Kukla teatrına bu bina 1965-ci ildə verildi.
–Məktəbdə oxuyanda sinfimizlə Bulvara getməyi, orda gəzməyi və dondurma yeməyi çox sevirdik. İndi bulvar çox dəyişib, böyüyüb, daha da gözəlləşib.
–Hə. Bulvar çox genişləndirilib, abadlaşdırılıb, yaşıllıq salınıb, gül-çiçək, adi və qeyri-adi ağaclar əkilib, cürbəcür abidələr qoyulub, sovet jarqonu ilə desək, zəhmətkeşlərin sevimli gəzinti və istirahət məkanına çevrilib.
Bahar söhbətə qarışdı:
–Tahir bəy, bu bina qarşısında gərək ki, yunan tanrılarının, ilahələrinin təbii çılpaq heykəlləri qoyulmuşdu. Onların başına nə iş gəldi?
— Dediyiniz kimi, yunan mifologiyasına aid 4 çılpaq heykəl sarayın qarşısında – ikisi ortada, ikisi yanda qoyulmuşdu, Sovetləşmənin başlanğıcında ayıbdır deyə götürüldü. Kənd təsərrüfat muzeyinə çevriləndə bina qarşısında qoyulmuş çoban və pambıqçı heykəlləri də, çox çəkmədən, götürüldü. 1980-ci illərin sonuna yaxın 2 teatr ilahəsinin, gərək ki, faciə və rəqs ilahələrinin təbii, çılpaq heykəlləri qoyuldu. Lakin müstəqillik dövründə, 2000-ci illərdə onlar aradan qaldırıldı, yenə hay-küy qalxdı, nəticədə onları abıra salıb, geyindirib yerinə qaytardılar, amma bu da uzun sürmədi, heykəlləri tamam götürdülər…
Tahir “xanımlar!” deyə səsləndi, əlini əlinə vurdu və söhbətə yeni istiqamət verməyə, ona yeni rəng qatmağa yönəldi:
— Tarixi mən də çox sevirəm, tarixsiz yaşamaq olmur, amma gəlin bu günü də unutmayaq, göydən yerə enək, Elmira xanım Parisdən danışsın, Bahar xanım da Bakıdakı son dedi-qodulardan, maariflənək, görək hara gedirik, başımıza nə iş gələcək?!
Bahar hər şeydən əvvəl rəfiqəsini Tahirə daha yaxından tanıtmaq istədi:
–Elmiranın ağıllı və maraqlı xanım olduğunu demişdim sizə, Tahir bəy. Hər şeydən xəbəri var, iqtisadiyyat, riyaziyyat, siyasət, tarix, ədəbiyyat, incəsənət, idman…
Adam mat qalır.
Elmira tutuldu:
–Bahar, mənim ağılsız olduğumu və ya dərin ağıllı olmadığımı desən daha doğru qiymət vermiş olardın. Müxtəlif şeylərdən xəbəri olmaq böyük şey deyil, hərəsindən bir qədər bilirik, nə olsun ki?! Əldə nə etmişəm? Heç nə…
Təcrübəli və həssas insan olan Tahir Elmiranın adi xanım olmadığını anlamışdı, elə ilk baxışdan, kiçik təmasdan. Bu kifayət qədər gözəl, cazibəli xanım səliqəli, amma sadə geyinmişdi, özünü göstərmək hissindən uzaq olduğu asan duyulurdu.
Onun sifətində bir uşaq məsumluğu vardı. Tahir insanlara, xüsusilə xanımlara “evlidir, ya evli deyil?”, “uşağı varmı?”, “varsa neçə, oğlan, qız?” kimi birbaşa suallar verməyi xoşlamazdı. Hərənin bir həyatı var və çox güman ki, həyatından razı qalmadığı müəyyən məqamları, bəlkə də yaraları var. Onları qurdalamaq yaxşı şey deyil. Söhbət əsnasında lazım gələn, yəni deyilməsi çətin olmayan cəhətlər yavaş- yavaş açılır, açılan nədirsə və nə qədərdisə, o da yetər.
–Elmira xanım, bağışlayın, Parisdə çoxdanmı yaşayırsınız? Bahar sizin çoxcəhətli olduğunuzu dedi, düzdür, adam adətən bəlli bir sahədə çalışmağa başlayır, çox zaman aldığı təhsillə bağlı. Amma, bilmək, anlamaq, kəşf etmək ehtirası insanı öz arxasınca bəzən çox uzağa, heç gözləmədiyi qəribə işlərə, ağla gəlməyən yerlərə apara bilir…
Bahar məhəbbət dolu gözlərlə Tahiri süzdü, bəlkə onun öz müsahibini danışığa çəkmə ustalığını bəyənmişdi və ya bəlkə Baharın içində yığılmış hisslər qaynayıb üzə, gözə çıxırdı? Allah bilir…
Tahir davam etdi:
— Amma, bir xahişim var, gəlin bir yerdə oturaq, söhbətimizi çaydan, qəhvədən içə- içə davam etdirək. Yeri seçməyi Bahara həvalə edək, bu işlərdə o, ustadır. Amma yaxında bir yer olsun.
⁕ ⁕ ⁕
Dəniz sahili ilə asta-asta addımlayıb Baharın seçdiyi kafeyə çatdılar. Bahar həmişəki kimi, necə deyərlər, qolunu çırmayıb meydana girdi, xidmətçi – ofisiant oğlanı rusca sorğu-suala tutdu, oğlan da rusca təmiz danışır, ətraflı cavab verirdi. Bahar yemək-içməyə namizəd olan hər şeyi xırdalıqları ilə araşdırdı, suların hərarəti, çörəyin qızdırılması, “mənim yeməyim soğansız olsun” kimi tələblərini də əlavə etdi.
Tahir Elmiranı danışdırmaq istəyirdi, azdanışan adamın söhbəti, adətən, maraqlı olur. Elmira naz edən xanıma bənzəmirdi, Parisdəki həyatı barədə Tahirin sualı da yadında idi və sualın təkrar verilməsini gözləmədən sözə başladı:
–Parisdə lap çoxdan yaşayıram. Neçə il oldu görəsən?! İş həyatıma burda, Bakıda başladım, biznes idarəçiliyi, maliyyə və mühasibət sahələrində işlədim, bankda, beynəlxalq audit şirkətində. Baharla o vaxt tanış olduq. Bankdan kredit götürmək istəyirdi, sualları varmış, onu mənə yönəltdilər. Enerjisi aşıb-daşan bir qız idi.
Suallarla məni atəşə tutdu, təəssüf ki, o vaxt istədiyi olmadı, yadımdadır, girov qoymaq istədiyi əmlakın sənədləri qaydaya uyğun deyildi. Məndən asılı heç nə yoxdu, məsələ məsləhət verməklə bitdi, Bahar əliboş getsə də hirslənmədi. Qazanan mən oldum, Baharı tanıdım. Sonda məni Parisə göndərdilər.
Bahar əllərini yellədi:
–Sonralar sənədləri düzəldib kredit ala bildim, ilk dəfə ala bilməsəm də. Amma mən də uddum – Elmira ilə tanış oldum.
Tahir sağ əlini üzünə qoyub ləzzətlə, ilk dəfə görürmüş kimi, hər iki xanımı süzdü:
–Siz o vaxt tanış olmasaydınız, bu vaxt, bu gün bu görüş olmazdı. Bu görüşün təməli o vaxt atılıb. Sağ olun! Qaldı Paris. Ən çox sevdiyim şəhərlərdən biridir. “Üç müşketyor”, “Notr-dam kilsəsi” (başqa dillərə müxtəlif adlarla tərcümə olunub) və “Səfillər”i (15) oxuyan hər kəs Parislə qiyabi tanış olub, mən onları uçaqlıqda, orta məktəbdə oxumuşam. Tanınmışlar arasında “Parisdə yaşamaq və ölmək istərdim” kimi söz deyənlər olub.
Başı sifarişə qarışan Bahar ayıldı:
–Parisi gəzmək – bunun çox maraqlı olduğuna şübhəmi var?! Bircə dəfə olmuşam və həzz almışam, amma doymamışam. Parisdə yaşamağı… deyə bilmərəm, Elmira desin, ölməyə isə… vətən yaxşıdır. Əslində Parisdən danışanda biz sussaq və Elmira danışsa doğru olar. Tahir bəy, bağışla, əlbəttə siz də Paris haqqında xeyli maraqlı söhbət edə bilərsiniz. Mən Elmiranı Parisli olduğuna görə vurğuladım, amma onun, mənim gözəl rəfiqəmin, qəribə xasiyyəti var – tərifləməkdə xəsisdir, istər insan, istər şəhər, istər sənət əsəri ya hər hansı hadisə olsun – ya heç nə demir, ya da bir neçə kəlmə deməklə kifayətlənir.
Tahir istənilən vəziyyətdə söz tapan adamdır:
–Yaxşı! Deməli sözün qədrini bilir Elmira xanım. Elmira xanım, sağ olun, nə yaxşı ki, sevimli Parisdən sevimli Bakıya gəldiniz, sevimli Bahar xanım da bizi tanış etdi, hər ikinizin sağlığınıza – deyə Tahir şərab badəsini yüngülcə xanımların badələri ilə toqquşdurdu və adəti üzrə, bir neçə qurtum içdi.
Elmira dişləri də görünməklə xəfif və zərif təbəssümlə cavab verdi. Təbəssüm xoş ahəng əlamətidir. Bahar az danışan rəfiqəsini tanıtmağa davam etdi:
–Elmira idmanla ciddi məşğul olub, uşaq vaxtı gimnastika və şahmatla. Şahmat məşqçiləri və federasiya onun çox güclü şahmatçı olacağına inanır və güclənməsi üçün əllərindən gələni etmək fikrindəydilər. Ailədə də idmana, xüsusilə şahmata hörmət, hətta sevgi vardı. Lakin, Elmira ən formada olduğu bir vaxtda, gözlənilmədən şahmatçı olmaq istəmirəm dedi. Niyə? Qəribə cavab verdi: idman adamın inkişafına mane olur, bəzi hallarda hətta kütləşdirir. Əvvəlcə zarafat etdiyini düşündülər, amma, Elmiranı yaxşı tanıyıram, dedi, bitdi, qərar qəbul edibsə, onu sözündən və fikrindən döndərmək olmur. Ali məktəbdə oxumağı və yaxşı oxumağı tərcih etdi. Ağıllıdır. Şükür, həm də sağlamdır. Ali məktəbdə oxuduğunu istisna etməklə bütün öyrəndiklərini öz-özünə məşğul olmaqla əldə etdi, hətta yoqa da bilir. Tahir bəy, inanırsanmı, yaxşı yoqa öyrənmək üçün durub Tibetə gedib?! İndi hərdən yoqadan dərs də deyir.
Elmira sözünü sifətindən əksik olmayan təbəssümlə söyləyirdi:
–Bahar mənim iç üzümü açmağa başladı: tərs, inadkar, ağlına gələni yapan, türklər demişkən. Hələ bu nədir ki, zay cəhətlərim o qədərdi ki, Bahar kimi məni tanıyan və danışmaqda usta adam belə nə qədər danışsa da, tam deyə bilməyəcək.
Tahir bir Bahara, bir Elmiraya baxır, ləzzət alırdı. Baharı sevir, Elmiranı sevməyə başlayırdı. Allah axırını xeyrə calasın… İnsanları sevmək yaxşı şeydir, kişinin gözəl və ağıllı qadınları sevməsi isə təbiidir. Dünyadakı xoş ahəng cazibədən, sevgidən qidalanır. Məgər planetlərin, o cümlədən vətənimiz Yer kürəsinin Günəş ətrafında dövr etməsinin, eləcə də Ayın Yer ətrafında dövr etməsinin səbəbi cazibə qanunu deyilmi?!
Bahar Elmiranın “iç üzünü” açmağa davam etməkdəydi:
–Tahir bəy, Elmira ağıllıdır, bunu deməyə ehtiyac yoxdur, özünüz görürsünüz. Dünyanı görüb-götürüb, iri vəzifələrdə çalışıb, amma uşaq kimi qalıb, naivnaya, dilimizdə nədi?
Tahir köməyə gəldi:
–Sadəlövh, sadədil. Sən dediyini anladım, yəqin saf, safqəlbli, safdil, pak, məsum, səmimi kimi sözlər daha yerinə düşür.
Bahar əlavə etdi:
–Mənim bu sevimli rəfiqəmin leksikonunda yalan yoxdur, nə var onu deyir, öz ziyanına olsa da.
Tahir əlini əlinə vurdu, ya bütövlükdə söhbət, ya Elmira ilə tanışlıq, ya Baharın Elmiranı təqdim etmə tərzi, ya da indi deyəcəyi fikir onu vəcdə gətirmişdi:
–Körpə uşaq məsumdur, yalanın nə olduğunu bilmir, nə düşünürsə, nə istəyirsə, onu deyir. Uşaq yalan deməyi sonralar öyrənir, böyüklərdən.
Elmira Bahara baxdı:
–Bəsdi daha. Ayrı söz yoxdumu danışmağa, Bakıya sənnən bu sözləri eşitmək üçünmü gəlmişəm?! Gəl Tahir bəyin sağlığına içək, səbrlə bizim qeybətimizə qulaq asır…
Bahar coşdu, qalxıb əvvəl Elmiranı, sonra Tahiri qucaqladı:
–Bu Elmira canımdı, ciyərimdi, sadə görünür, amma dərindi. Bakıya az gəlir, gələndə çox sevinirəm. Az danışır, amma sözü yerində deyir. Sağ ol, Tahir bəy, Allah sizi bizə çox görməsin! İstəyirəm Elmira ilə bir-birinizi yaxşı tanıyasınız. Hələ iki həftəyə yaxın burdadır. Sizinlə impressionistlər barədə söhbət etsin, özünün də rəssamlığı var, pianoda çalsın sizə…
Elmira bilmədi Baharı necə susdursun, üzünü Tahirə tutdu:
–Tahir bəy, Bu Baharın ipini çəkmək lazımdır. Bir az içəndən sonra lap özündən çıxır, ağlına gələni danışır, bunu belə qoymaq olmaz!
Tahir güldü:
–Ay Elmira xanım, Baharın ipini kim çəkə bilər? Elə bir kişi varmı? Hanı? Bahar özü ip çəkəndir, cavan, qoca, kişi, qadın, kəndçi, şəhərli, fərqi yoxdur, hamıya söz çatdırır, hamınının öhdəsindən gəlir. Bir də məni bir şey təəccübləndirdi bu gün. İlk dəfə görürəm ki, Bahar kimisə ürəkdən tərifləyir. Adətən adama lağ edir, dodaq büzür. Görürəm sizi yaman çox istəyir. Sizi istədiyinin yarısı qədər məni istəsə papağımı göyə atardım, papağım olsaydı. Amma, Elmira xanım, Baharı sevən çoxdu, lap çoxdu, bilirəm. Hə, gözün aydın, Bahar təzə sevgili tapıb, eşitmisənmi?!
Bahar həmən dilləndi:
–Danışmışam, bilir. Görün təzə nə yazıb göndərib o?! Yorulmur yazmaqdan, ağlına nə gəlir yazır. Tanışlığımızdan bir gün keçmişdi, mənə şəkillər və məktub göndərdi, görün necə bir məktub?! “Ürəyimə bizim bölgənin ləzzətli bir yeməyi düşdü, hazırladım özümə, yeyərkən çəkilən bu şəkli sənə göndərirəm. Bu yeməyi yeyəndə hər şey yadımdan çıxır, onun ləzzəti ilə yaşayıram, həzz alıram. Ah, yanımda olaydın… Sənə bu yeməkdən bişirəcəm, söz verirəm. Səni yayda kəndimizə aparmaq istəyirəm, gözəl kənddir”.
Tahir Elmiranı köməyə çağırdı:
–Elmira xanım, Bahar sevgilisinin dəvətilə kəndə gedəndə sən də getmək istərdinmi? Bəlkə ikimizi də aparasan, Bahar?!
Elmira anladı, etiraz etmədi:
–Axırıncı dəfə kəndə nə vaxt getdiyim yadımda deyil. Kənd camaatı maraqlı olur, hər yerin xüsusi, spesifik söhbəti, adəti, yeməkləri var. Gedək. Bahar, xəbər göndər ki, iki dostunla gələcəksən.
–Hələ görün nə yazır? “Balaca itin var, mənə söyləmişdin. Onun kefi necədir? Sığallayırsanmı onu? Of, mən də istəyirəm… Gecən xeyrə qalsın, bilirəm tez yatırsan ki, sabah tez qalxa biləsən. Şeiri çox sevirəm, şairliyim yoxdu, amma, müəllimə, sənə bir şeir yazmışam: sənsiz yuxularım ərşə çəkilib, – belə başlayır. İnşallah, şeiri özüm və təkcə sənə oxuyacam”.
Elmira güldü:
–Hə, bəxtəvərin eşqi aşıb-daşır. Duyğularını şeirə düzən adam səndən əl çəkməyəcək, niyə də əl çəksin. Sən özün də, deyəsən, ona qarşı biganə deyilsən, hirslənən kimi görünsən də, bu işdən xoşlandığın da görünür.
Tahir müttəfiq tapdığına sevindi:
–Elmira xanım, mənim ürəyimdəkini dediniz. Adam sevgisini elan edib, inşallah tezliklə evlənmək təklifi də gələcək, əminəm, iş ora gedir.
Bahar iki əlini yuxarı qaldırıb silkələdi:
–Evlənmək təklifi də gəlib, gözümüz aydın. Görün nə yazır: “Mən səni sevirəm,
çox sevirəm. Burda bir günah varmı? Sən subay, mən subay, aramızda bir-birimizə böyük hörmət və rəğbət var, səndə bunu gördüm, hiss elədim, məndə isə aşıb-daşır, hər an səni düşünürəm”
Tahir öz qaydası ilə avazla oxudu, barmaqları ilə masanın üstündə müşayiət edə- edə:
–“Sən dul, mən dul, gəl mənə bənd ol! Gəl alım, maralım, dilbilməz” (16) Düzdür, siz dul deyilsiniz, sənin dul olmadığını bilirəm, o da heç evlənməyib, belə çıxır.
Bahar izahat verdi:
–Yazıq evlənmə çağına çatanda, 90-cı illərin əvvəlində, Qarabağ savaşına gedib, ölümcül yara alıb, sağ qalmağını möcüzə sayırlar. Əlil olub. Amma yazılarında, maşallah, cəsarət aşıb-daşır, hərçənd ki, bir qədər arsızlıq, utanmazlıq, abırsızlıq da var. Utanmazdı, zəhlətökəndi. Məktubun arxasına baxın, tamam özündən çıxıb, romantikaya qapılıb. “Sən mənim könül bağımda bitən ətirli çiçəksən, istəyirəm bağban olub ömrüm boyu sənə, o çiçəyə qulluq edəm, ömrüm boyu, qulluq edə-edə ətrindən bihuş olam”…
Tahir yumruqlarını sıxıb yuxarı qaldırdı, “ura!” dedi, sonra sağ əlini çənəsinə dayayıb və gözünü yarı yumub təbəssümlə davam etdi:
–Bahar xanım, şükür! Bu sonuncu sevgin həm çox odludur, həm də “çiçəkli” və “ətirli”. Ətrinlə adamı bihuş etmisən, səndən əl çəkən deyil. Gəlhagəlindir, maşallah! Gəncsən, bu yəqin sonuncu sevgi olmayacaq. Ümumiyyətlə, ilk sevgi olur, amma, sonuncu sevgi olmur məncə. Sevginin sonu yoxdur.
Sonra o, əlavə etdi:
–Bu gün çox gözəl gün oldu…
Elmira da əməlli-başlı şənlənmişdi, ürəkdən uzun “həəə” deməklə Tahirlə razılaşdığını bildirdi.
“İnsani duyğular dünyanı başına alsa dünya gözəl olar!”
⁕ ⁕ ⁕
Tahir hər an telefona baxan adamlardan deyildi, başı işə qarışanda (bu hər gün baş verirdi!) və ya gündəlik həyatının ayrılmaz parçası olan oxumaq ya yazmaqla məşğul olanda telefonu unudurdu. Telefon zəng çalanda və bunu eşidəndə cavab verər, əks halda isə telefonu fasilə edib dincələndə yada salar, gözucu baxardı ki, görsün kimsə zəng edibmi və ya kimsə bir xəbər göndəribmi? Bu gün Tahir iş otağında çalışır, daha çox işlə bağlı məsələləri araşdırır, gərək olan adamlarla görüşürdü. Gah özü kimisə çağıtdırır, gah da onunla görüşmək istəyənlərə “gəlin” xəbəri göndərir və ya görüş üçün uyğun vaxt təyin edirdi.
Bahardan ismarış gəldi: “Tahir bəy, salam!”. Uzun-uzadı yazmağı və ya bir dəfəyə tam məlumat verməyi sevməyən Bahar bu dəfə də demək istədiyini quşa dən səpib yedizdirən kimi dənə-dənə, bir-bir verirdi. Yazı silsiləsinin son ifadəsi – “darıxıram, sizi görmək istəyirəm”, yəqin ki, “qərar qəbul et” deməkdi. Tahir işdən sonra axşam görüşə gedə bilməyəcəkdi, çünki bu axşam qohumlardan evə gələn olacaqdı. Amma Bahar onu görmək istəyibsə demək görüşmək lazımdır. Lakin təyin etdiyi bir-iki iş görüşünü təxirə salmaq mümkündü, təki Baharın istəyi yerinə yetsin. Tahir zəng etdi, Bahara “günortadan sonra saat dörddə gələ bilərsənmi mənim yanıma, işə?” deyə soruşdu, Bahar sevincək “hə” dedi.
Bahar azca gecikdi, içəri girən kimi Tahirə doğru cumdu, qucaqlaşıb öpüşdülər və həmən masanın üstündəki şokolad konfetlərdən birini götürüb dişlədi, ləzzətlə yedi. Çay istədi, gətirdilər. Çay içə-içə “Tahir bəy, birdən-birə darıxdım, bilmirəm niyə? Sizi görmək istədim” dedi. Tahir zarafatından qalmadı:
–Bahar, ay Bahar, sənə gözəlim deyirəm, doğrudan da gözəlsən, ağıllısan, gərək ki səni sevənlər, səndən ötrü ölənlər az deyil, çoxu da özün kimi gənclər. Onlardan birini seç, əgər seçməyibsənsə. Məndən ötrü niyə darıxasan ki?! Bax Qabil, gör səni necə sevir, özü demişkən, hər an səni düşünür, ay ətirli çiçək!
–Ay Tahir bəy, birinci – mən sizi çox sevirəm, ikinci – elə yanına gəlməyimin səbəbi də bu Qabil bədbəxtdir. Həddini aşır, mən də, onsuz da, bilirsiniz ki, kəmhövsələyəm, onun sözlərindən sonra əsəbiləşib dəli oluram, bilmirəm nə edim. Artıq dözə bilmirəm. Baxın görün nə yazır telefonda: “Yazıma cavab verməyəndə darıxıram, sonra da səsini eşitmək istəyirəm, yazı bəs eləmir, səs yazıdan yaxındır, yazı barmaqla yazılır, səs isə dildə, ağızda, boğazda yaranır, ürəyə yaxındır, ürəyi
riqqətə gətirir”.
Tahir Qabilin sözlərini qiymətləndirdi:
–Ay maşallah, vallah ağıllı, duyğulu, hissiyyatlı adamdır. Gör səslə yazının fərqini necə şərh edir. Harada oxuyub, nə oxuyub o?
–Bilmirəm, nəsə oxuyub, amma deyəsən ali məktəb bitirməyib. Yazdığının sonrasına qulaq asın, qoy hamısını oxuyum: “Səni çox istədiyimdəndir ki, sənə tez- tez ismarış yazıram, yazmasam dura bilmirəm, cavab gəlməyəndə çox narahat oluram. Görürsən ki, ancaq yaxşı sözlər yazıram. Yazılarımda bir pis söz tapa bilərsənmi? Yox! Amma, sənin sözlərində kobudluq gördüm, təəccübləndim, sənə oxşamır, uyğun gəlmir. İşinin çox olduğunu, məşğul olduğunu, işdə əsəbiləşdiyini, yorğun olduğunu…, bunların hamısını bilirəm, amma əsəb atəşini mənə doğru yönəltmə, mənim nə günahım var? Varsa, o da səni sevməyimdir. Sevgini heç kəs günah saymayıb… O qədər pərt oldum ki, siqaret çəkmək istədim, siqareti çoxdan atmışam. Hirsin keçsin, mənə yaz, ey ətirli çiçək. Bilirsənmi, hər çiçəyin ətri olmur, çiçəyi gözəl edən tək onun görüntüsü deyil, həm də xoş, məstedici ətridir”.
–Bahar, əzizim, maraqlı adamdır yeni sevgilin, buna şübhən olmasın! Tanış et məni onunla.
–Özüm düz-əməlli tanışam ki?!
–Leyli-Məcnun olubsunuz, sonra da düz əməlli tanış deyiləm deyirsən. Haqqınızda dastan yazmaq, nəğmə qoşmaq olar. Orijinal, bənzərsiz sevgilin var.
Bahar suallı-nidalı kövrək səslə “Tahir bəy?!” deyə iki əlini uzadıb Tahirin sağ əlini ovcuna aldı:
–O mənim sevgilim deyil. Əsəblərim dözmür, deyin, nə edim? Məsləhət verin mənə. Bunlar azmış kimi mənim xarakterimi təsvir etməyə, təhlil etməyə girişir, özündən çıxıb, ayıb da olsa, qudurub! Baxın görün nə yazıb: “Əziz ətirli çiçəyim, istəsən sənin xarakterini təsvir edə bilərəm. İstəyirsənmi? Xarakteri anlamaq işində elə bil ki, qabiliyyətim var (adım Qabil deyilmi?!). Bir zamanlar psixologiya deyilən şeylə maraqlanırdım, müharibə aman vermədi. Bədii ədəbiyyatı da sevirəm, çox oxuyuram, çox dil bilmirəm, öz dilimizdə, bir də rusca oxuya bilirəm. Hə,
keçək sənə. Sən gözəlsən, ürəyin təmizdir, insanlara canı yanansan, amma dilin acıdır, özün də azca kobudsan və özünü sevənsən. Əslində hamı özünü sevir, amma dərəcəsi var. Bir cümlədə elə bil ki, çox şey dedim, müşahidələrimi yığcamladım burda. Ürəyin təmiz, dilin acı, hər ikisi tez görünür səndə. Danışığın biruzə verir acı dilini. Hər şeyə tez münasibət göstərirsən, bəzən dərinə varmadan. Söz azca xoşuna gəlməsə xətrinə toxunur, tez küsənsən. İnsanların halına acısan da qayğıkeş deyilsən. Digər tərəfdən, uzaq görənsən, çoxbilmiş xanımsan. Şıltaqsan, bir az da dəliqanlı. Mənə düzünü söylə, necədir? Özünü tanıdınmı mənim təsvirimdə?
Düzünü de…”
Tahir gözünü yumub-açıb, dodaqlarını bir-birinə sıxıb təəccübünü bildirdi:
–Ay Bahar xanım, vallah, mən mat qaldım onun fərasətinə. Onu yaxşı tanımaq istəyirəm, ağıllı və həssas adamdır, müşahidəçildir. Adamı yaxşı tanıtmaq üçün bir- iki söz yetmir, gərək ona fərqli bucaqlar altında baxasan. Şair demişkən, “hər ahəngdə min rəng var” (17) Ona qarşı sərt olma, əlil olanda nə olar?! Əlil olan, həm də ağıllı, istedadlı o qədər adam var ki! O, hörmətə llayiq insandır, vətən müharibəsi əlilidir, üstəlik, açıq- aşkar görünür ki, ağıllı adamdır.
Bahar duruxdu, bir az düşünüb davam etdi:
–Tahir bəy, mən ona yuxarıdan aşağı baxmıram. Xüsusilə əlilliyinə görə. Qəti! Mən özüm ona yanaşıb qayğı göstərməyə çalışmadımmı, Qubada? Sizə də şəkillər göndərmişdim… Amma, axı zornan sevgi olmur. Üstəlik, hiss edirsinizmi mənə necə təzyiq göstərir? Məni təhlil edir, nöqsanlarımı ipə-sapa düzür, ağzına gələni deyir, yazır.
Tahir ona “sakitləş, əzizim” dedi, çay gətizdirdi, ona bir şokolad konfet uzatdı, bir az gözləyib sözünə davam etdi:
–Bahar, əzizim, gəl, necə deyərlər, əyri oturub düz danışaq, məgər Qabilin dedikləri əsasən düz deyilmi?! Ona inanmırsansa, mənə inan, o, çox gözüaçıq adamdır, gör sənə necə fikir verib, göz qoyub sənin bu Qabilin! Hörmətə layiqdir! Axı sizin üz-üzə tanışlığınız, gərək ki, cəmi iki-üç gün çəkib, səninlə çox oturub-durmayıb. Bu iki-üç gündə səni necə də yaxşı tanıyıb. Bunları mən desəm anlaşılardı, çünki yaxşı tanışıq, xeyli vaxtdır görüşürük, söhbət edirik, cürbəcür məclislərdə oluruq, səfərlərdə olmuşuq. Amma o? Nə bilim, bəlkə çox yazışmısınız, telefon söhbətləri olub aranızda, bunlar da sizi bir-birinizə xeyli tanıdıb, sevincinizi, hirsinizi, qayğılarınızı bölüşübsünüz… Səni bilmirəm, amma mən onun təsviri ilə əsasən razıyam. Hərçənd ki, onun saydığı incəlikləri, davranış çalarlarını mən sənə heç vaxt deməmişəm, bunu deməyə ehtiyac duymamışam, gözəlliyin və yaxşı sifətlərin yanında onlara fikir verməmişəm, daha doğrusu, xırdalıq sayaraq onlara məhəl qoymamışam.
–Dayan, dayan, Tahir bəy! Yəni deyirsiniz ki, mən acıdiləm, kobudam, özümü sevənəm, küsəyənəm, çoxbilmişəm, sonra nə deyirdi o dəli? Şıltağam?
–Bahar, gözəlim, bunları mən demədim, Qabil deyib. Və yumşaq şəkildə deyib, səni tərifləyə-tərifləyə, gözəlsən, ürəyin təmizdir, insana qarşı canıyanansan deyə- deyə. Kobud yox, azca kobudsan yazıb, yəqin səbrsizlik edib onunla bir az kəskin davranıbsan. O sənə öz sevgisini izhar edir, özü demişkən, günah işlətmir ki?! Sən isə ona hirslənirsən, danışanda və ya yazışanda, yəqin ki, xoşagəlməz, onun xətrinə dəyən söz işlədirsən, o da səni acıdil sayır. “Uzaqgörənsən” yaxşı sözdür, “çoxbilmişsən”, bilmirəm bunu necə bilib?! Şıltaqlıq və dəliqanlılığa gəldikdə, onları müxtəəlif şəkildə şərh etmək olar, yəqin ki, inadcıl olmaq, dəyişkən və bəlkə tezqızışan olmaq, nazlı olmaq, deyib-gülən olmaq, coşqun və qoçaq olmaq deməkdir. Çox adamda bu xüsusiyyətlər var, az ya çox dərəcədə. Hər halda, səndə olmayan, sənə heç düz gəlməyən bir şey deməyib bu insan.
Bahar bir az fikrə getmiş kimi göründü. Qabilin öz müşahidələrini söyləməsi və hər sözünə, hər fikrinə hörmətlə yanaşdığı Tahirin onlarla razılaşması bu gözəl və “çoxbilmiş” xanımı düşündürməyə bilməzdi. Ya bəlkə onu qayğılandıran başqa bir səbəb var?! O, birdən başını qaldırdı:
–Tahir bəy, məni narahat edən onun sonuncu məktubudur. Onu əvvəl cavabsız qoydum, sonra kobud sayıla bilən bir cavab verdim, məndən əl çəkməsini istədim, xahiş etdim. O isə, görün nə yazıb: “Daha ayrılığa dözə bilmirəm, özümü atacam Kür çayına, öldürəcəm özümü sənsiz qalsam”. Az müşkülüm vardı, bu yandan da bu çıxdı. Bilmirəm nə edim? Əlil və Qarabağ qazısı olduğuna görə kəskin hərəkət etmək istəmirəm. Məncə o ruhi xəstədir, yerində deyil. O mənim tayım deyil, onu aşağılamıram, amma fikrim belədir. Bunu ona deyə bilmirəm. Yerli-yersiz üzrxahlıq etmişəm, bir çox sözlərinə cavab verməmişəm, cavab verməmək və ya cavabı gecikdirmək üçün bəhanələr uydurmuşam. Bütün bunları görmürmü, anlamırmı, anlamalı deyilmi?! Qəribə adamla rastlaşmışam. Mən nə edim, ay Allah?!
Tahir əli ilə ona rahatlaş, sakit ol işarəsi verdi:
–Sən ondan da qəribəsən, ay Bahar xanım! Əlbəttə onu heç cür qınamaq olmaz, nə pis iş edir ki, sadəcə səni sevdiyini bildirir… Sən “Başqasını istəyirəm” deməklə onu incitmək, onu sarsıtmaq istəmirsən. Deməli ona hörmət edirsən, onu ümidsiz qoymaq istəmirsən. Hərçənd ki, sən bir “başqasını” da sevmirsən, mən bilən. Səhv edirəmsə, bağışla.
Baharın üzü işıqlandı:
–Yəni ona açıq deyim ki, sənə hörmət edirəm, amma sənə qarşı evlənmək dərəcəsinə apara bilən sevgim yoxdur. Sakitləşməsi üçün bəlkə yalan da danışım, deyim ki, sevdiyim başqa adam, başqa kişi var?
Tahir əllərini yuxarı qaldırmaqla razılığını bildirdi, sözünü də dedi:
–Allah sənə bir kişi bəxş etsin.
Bahar Tahirə yaxınlaşdı, qucaqlayıb öpdü, bir şokolad konfet götürüb qapıya doğru getdi, birdən geri döndü:
–Elmira sizi yaman təriflədi, çox xoşuna gəlibsiniz. Neçə ildir Bakıda olmayıb, olanda da əməlli gəzməyib. Vaxtınız olsa ona bir az şəhəri göstərərdiniz. Vaxtınızın olmadığını, olsa da, az olduğunu yaxşı bilirəm. Bir də,… Afrikanı istəyirəm.
–Elmira xanıma salamlarımı çatdırın, çooox gözəl, çooox ağıllı xanımdır, məmnuniyyətlə ona bəzi yerləri göstərərəm. Ya özü ya sən əlaqə saxlayın ya da onun telefon nömrəsini mənə göndər. O ki, qaldı, Afrikaya, söyləməklə bitməz, gərək gedib görəsən, istəyirsən aparım səni?!
Günəş eşiyimizi, münasibətlərdəki xoşluq isə içimizi isidir. Baharın müntəzəm çırpınan ürəyi birdən atlandı deyəsən, cəld geri qayıdıb Tahiri bir dəfə də öpdü və əl edib qapıdan çıxdı.
3- cü hissə
Üç rəfiqə
Bahar iki yaxın rəfiqəsini – Elmira və Alinanı bir-birilə tanış etmək istəyirdi. Alina mərkəzdə, “Azərbaycan” – keçmiş “Hüsü Hacıyev” küçəsindəki “Palet”də görüşək dedi. Bu kiçik kafe Bahar və Alinanın tez-tez görüşdükləri yerlərdən biri idi. “Palet”ə xas olan yüngül yeməklər, yaxşı çay və qəhvə, türk “tatlı”ları və xoş mühit onları cəlb edirdi. Axşamdan keçmişdi, saat on ətrafında kafeyə daxil oldular. Çox adam yoxdu. Üç ağıllı, enerjili və bir qədər şıltaq rəfiqə Alinanın xoşuna gələn yerdə, küncdəki masa arxasında oturdular. Kafenin sahibi Alina və Baharı yaxşı tanıyırdı, özü sifarişləri götürdü və hər şeyin yerində olmasına nəzarət etdi.
Bahar Alinanın kimliyi və başına gələnləri Elmiraya bir qədər söyləmişdi, Alina isə Elmira barədə çox şey bilmirdi, Bahar onun Parisdə yaşadığı, ağlı, səmimiliyi, xarakterindəki qəribəliklər barədə Alinaya adda-budda danışmışdı. Bu, Baharın iki rəfiqəsinin ilk görüşü idi.
Alina Bakıda doğulub, ailənin tək uşağı olub. Onun atası – Azərbaycan türkü Peterburqda ali təhsil alarkən xoş xasiyyətli gözəl rus qızla tanış olmuş, təhsilini bitirəndə valideynlərinə məktub yazıb bu qızla evlənmək istədiyini bildirmiş, qızın valideynlərinin də razılığını almış, nəticədə Bakıya qayıdıb toy etmişdilər. Alina valideynlərinin tək övladıdır, elektrik mühəndisliyi üzrə ali təhsil alsa da, ixtisası üzrə deyil, bir neçə özəl şirkətdə inzibati işlərdə çalışmışdı. Atası xəstələnib vəfat edəndən sonra Alina təqaüdə çıxmış anası ilə yaşamağa başladı. Bakıda bir türkün qurduğu şirkətdə davamlı işləyən Alina tez-tez Türkiyəyə gedib-gəlmiş, şirkətdə çalışan bir türklə evlənmiş, sonra boşanmışdı. Boşanma səbəbini heç vaxt sona qədər təsvir etmək olmur. Təbii və qeyri-adi, xəyali gözləntilər və onların doğrulmamasından, mənəvi və maddi-fiziki ehtiyacların lazımi dərəcədə qarşılanmamasından yaranan məyusluq, yolüstü ortaya çıxan irili-xırdalı incikliklər, kişi və ya qadının ailəsinin lazımsız müdaxilələri, şübhə, qısqanclıq, yalan, qəzəb kimi amillər ailə nizamının bərkiməsinə mane olur, onu poza bilir. Alinanın xüsusi göstərdiyi səbəb var: oğlanın əsəbiliyi və onun ailəsinin (Alinanın nəzərincə) normadan bir qədər çox dindarlığı. Uşaqları olmadı, bəziləri “yaxşı ki, olmadı” desələr də, Alina özü, necə deyərlər, uşaq üçün ölürdü.
Türkiyəli kişi ilə qurduğu ailə həyatının uğursuzluğa düçar olmasına baxmayaraq Alinanın Türkiyə və türklərdən xoşu gəlir, Türkiyəyə gedib-gəlir, türk yeməklərini sevir, türkcə mahnıları bilir və oxuyur, Türkiyə türkcəsində sərbəst danışır.
Ədəbiyyat və psixologiyanı sevir, dünya ədəbiyyatını da, rus, türk və Azərbaycan ədəbiyyatını da pis bilmir, çox mütaliə edir. Onu çox vicdanlı, çalışqan, insanlara qarşı həssas, çox qayğıkeş, duyğulu, sözünü deyə bilən xoş insan, məlahətli qadın kimi tanıyırlar.
Bu üç xanımın tanışlıq, dostluq üçbucağının əsasında, riyaziyyatçılar demişkən oturacağında Bahar dayanır. O, hər ikisi ilə yaxşı tanışdır, Alina ilə 7 yaşından, birlikdə oxuduqları rus məktəbinin birinci sinfindən. Alina tez-tez Bahargilə gələr, birlikdə oynayar və bərabər dərslərə hazırlaşardılar. Baharın anası onları yedizdirib- içirdərdi. Hərdən Alinagilə də gedərdilər. Böyüyəndə gediş-gəliş azalsa da, kəsilmədi. Məktəbi bitirdikdən sonra iki rəfiqənin yolları ayrılmış, onlar bir müddət aralı qalmış, Alinanın gediş-gəlişi əsasən Türkiyə ilə bağlı olmuş, Bahar isə elmi işinə görə daha çox Rusiya gedib-gəlmişdi. Xoşbəxtlikdən iki dost bir-birinə ehtiyac duymuş, bir-birini aramış, yenidən tez-tez görüşməyə və dərdləşməyə başlamışlar. Qoşa simin titrəməsi ahəng yaradır. Hər insanın dərdləşmə ehtiyacı var, amma o, az sayda insanla dərdləşə bilir, şair demişkən “dərd çox, həmdərd yox” (18)
Elmira anadan olanda anası nəşriyyatda mühasib vəzifəsində çalışırdı, həm də həvəskar rəssam idi, tez-tez niyə rəssamlığa getmədiyini yada salıb təəssüfünü dilə gətirirdi. Evlərində doğma dildə danışılsa da, Elmira rusdilli məktəbə getdi. Sovet dövründə rusdilli şəhər məktəbləri mötəbər sayılırdılar, Azərbaycanlı müəllimlərlə yanaşı rus, yəhudi, erməni müəllimlər də vardı. Əlbəttə, azərbaycandilli məktəblər arasında da güclü olanlar vardı, xüsusilə kənd yerlərində. Elmira riyaziyyatı çox yaxşı başa düşürdü, sanki göydə tuturdu. Şahmat yarışına gedəndə dərs buraxmalı olurdu, məktəbə qayıdanda buraxılmış dərsləri onun necə yaxşı mənimsədiyini görən müəllimlər təəccüb edirdilər.
Qohumlar arasında nüfuz sahibi olan, orta məktəbdə kimya müəllimi işləyən dayısı Qurban anasının təsiri altına düşüb rəssam olmaq istəyən Elmiranın həvəsini söndürə bilmişdi, ona “Ay qız, rəssam olub neyləyəcəksən, mənim şəklimi çəkəcəksən? Sonra nə olsun, qazancın nə olacaq? Rəssam olanda gərək dahi olasan ki, heç olmazsa adın qalsın. Dahi rəssamların belə çoxu həyatında it günü görüb, min əziyyət çəkib. Gül kimi sənətlər var: mühasib, maliyyəçi, bankir, iqtisadçı və ya həkim. Həkim olmaq uzun məsələdir, həm də gərək çox ürəkli olasan, yara, qan, meyit kimi şeylərdən qorxmayasan. Başın da, maşallah, yaxşı işləyir, hesabı, həndəsəni yaxşı bilirsən. Desəm ki, bu işdə dayına oxşayıbsan, onda da atan inciyər, deyər ki, bunu hardan çıxartdın, qızım özümə oxşayıb. Sözüm budur ki, səndən yaxşı mühasib çıxar. Mühasib ananın mühasib qızı! İlk maaşından əziz-xələf dayına hədiyyə almaq yadından çıxmasın” deyə məsləhət vermişdi. Elmiranın valideynləri, əlbəttə söz sahibi olan atası bioloq-alim Rasim kişi, etiraz etməmişdilər.
Elmira ali təhsilini Bakıda iqtisadiyyat və menecment (idarəetmə) fakültəsində, magistr proqramını isə Amerikada, ABŞ-da uğurla başa vurdu. Amerikada qalmaq istəmədi, valideynləri və dostlarına rahatca “Çox Azərbaycanpərəst deyiləm, bilirsiniz, amma Amerikadan da zəhləm gedir” deyib Bakıya qayıtdı. Bakıda çox işə dəvət aldı. Əvvəlcə güclü yerli təşkilatlarda, o cümlədən banklarda, sonra beynəlxalq audit şirkətində çalışdı. Şirkət ona Parisdə işləməyi təklif etdi. Peşə mənsəbi üzrə irəliləyən və böyük bir şirkətin Şərqi Avropa üzrə maliyyə direktoru vəzifəsinə yüksələn Elmira Bakıdakı filiallarının işini yoxlamaq üçün Paris-Bakı- Paris marşrutu üzrə təyyarə uçuşları etməli oldu.
Bu yerdə Kərəmi ağlamaq tutdu, işin üzərinə kölgə düşməyə başladı. Məsələ heç də rahatsız gecə uçuşlarında və qarışıq iş cədvəlində deyildi, bunlar əlbəttə, xoşagəlməzdi, amma məsələ filialda baş verən dözülməz vəziyyətdə – oğurluqda, rüşvətdə idi. Kifayət qədər müstəqil və tənqidi düşüncəyə malik bu xanım boş vaxtlarını sevdiyi zərif işlərə – musiqi və rəsmə, eləcə də idmana deyil, Bakıdakı təşkilatda rüşvət hadisəsini aşkarlamağa və onunla mübarizəyə sərf etməli olurdu.
Ailədə ədalət və ləyaqət prinsipləri ilə tərbiyə alan Elmira həyati vacib işlərdəki hər hansı pozuntuya qarşı güzəştin nə olduğunu bilmirdi, dözülməz və amansızdı. Onun həssaslıq dərəcəsi normal insanın daşıya bildiyindən yuxarı idi; nəticədə əsəb sisteminin incə telləri gərilir, haldan düşür, pozulmağa başlayırdı. “Bakı mənim əsəblərimə toxunur, elə-belə təsir etməklə kifayətlənmir, əsəblərimlə oynayır. Bakı mənə qırmızı şeytan kimi görünməyə başladı” deyirdi o dövr Elmira. Kiçik bir şey onu qıcıqlandıra bilirdi, eyni zamanda qəribə, anlaşılmaz bir darıxmaq hissi bürüyürdü onu. Şən, səmimi insan get-gedə əsəbi adama çevrildi. Əlbəttə, dəlilik dərəcəsinə gəlmədi, özünü idarə etməyə, mehribanlığını, yumorunu, səmimiliyini qorumağa, ətrafdakılarla münasibətləri tənzimləməyə çalışırdı. Valideynləri onun bu vəziyyətini görür, ürəkləri yanır, kömək etməyə can atırdılar. “Psixoloqa gedək, məsləhət alaq” sözləri Elmiranı cin atına mindirirdi.
Elmira qəti fikrə gəldi: bu bəladan xilas olmaq üçün bu yüksək vəzifəni tərk etmək lazımdır. Valideynləri və bir neçə yaxın dostu ilə məsləhətləşməyə də ehtiyac duymadı, işdən azad olunma xahişi – ərizəsi yazdı. Şirkət rəhbərləri onu bu fikirdən daşındıra bilmədilər.
Həyat ahəngi sönəndə, onun yerində nə vaxt yeni ahəng yaranacaq? Bəlkə heç yaranmayacaq? Yaransa da, insanı təmin edəcəkmi? Yüksək uğur qazandığı işini buraxdı, qeyri-müəyyən “məchul bir yürüşə” çıxdı Elmira. Təbiətən çox ünsiyyətcil olmayan bu xanım özünə qapandı, Bakıya gəlişini kəskin dərəcədə azaltdı, valideynləri ilə əlaqə üçün qısa telefon zəngləri ilə kifayətləndi. Gah sənətinə uyğun bir iş tapır, bir müddət orda işləyir, gah özü şirkət qurmağa çalışır, xırda – xırda qazanır, qazana bilməyəndə bağlayırdı. O, heç kimdən kömək istəmir və özü də heç kimə kömək etmək barədə düşünmürdü, kömək etmək iqtidarı da yoxdu. Əlbəttə, böyük narahatlıq keçirən valideynləri, xüsusilə anası onun halına acıyır, onu unutmurdu. Ata və ana yardımlarını əsirgəmir, onu başa düşməyə çalışır, təəssüf ki, tam başa düşə bilmirdilər.
Dünyanın çox üzü var, necə deyərlər, qarası ağına tən. Şər deməsən xeyir gəlməz. Hər uğursuz yolun sonunda bir işıq yanır. Hər ümidsizliyin axırında bir ümid çırağı görünür. Elmiranın əsəb sisteminin gərilməsi və yüksək vəzifədən uzaqlaşması işə yaradı. Bu cümlə, qəribə olsa da, mənasız deyil. Yaradıcı ruh özünü göstərdi. Elmira anasının və özünün içində yuva salmış arzularından birini həyata keçirməyə girişdi, rəsm sənəti ilə maraqlandı. Əslində ailədə rəsm sənətinə və rəssamların həyatına maraq vardı, valideynlər və onların təsiri ilə uşaqlar görkəmli rəssamların həyatına aid əsərləri oxuyur, rəsm albomlarını və təsviri sənətə aid muzey kataloqlarını öyrənirdilər. Elmira bir peşəkar rəssamın köməyilə rəsm çəkmə işinə girişdi, kətan üzərində yağlı boya ilə rəng, perspektiv, işıq-kölgə, xətt-kontur kimi texnikaları öyrəndi. Nəticədə portret, natürmort və peyzaj çəkməyə başladı.
Rəssamlıq tarixi ilə yaxından maraqlandı, Renessans, İmpressionist, Post- İmpressionist və digər rəssamlıq cərəyanlarını anlamağa çalışdı, dəfələrlə muzeylərə baş vurdu.
Elmiranın post-vəzifə dövründə əldə etdiyi ikinci uğur musiqi ilə bağlıdır. Orta məktəbdə şahmat və digər maraq dairələri musiqi təhsili almasına imkan verməmişdi. İndi o çəkinmədən qarşısına qısa zamanda musiqi savadı almaq məqsədi qoydu və ona nail oldu. Ailə və tanışlar inana bilmirdilər ki, yetkin yaşında bu xanım musiqi notlarını, ritmləri saymağı, major, minor, qamma texnikalarını, əsas akkordları eninə-uzununa öyrənib etüdlərlə məşq edib fortepianoda Mozart / Motsart, F. Chopin / Şopen, F. Liszt / List kimi klassik bəstəkarların əsərlərini ifa etməyə başladı. Müəllimi də mat qalmışdı, “deyiləni göydə tutur, bir aylıq dərsi iki- üç günə mənimsəyir” deyirdi.
Elmira maraqlı, gözəl, saf, cazibəli xanımdır. Qəribəliyi də var, bir deyil, iki deyil, cürbəcürdür – tez sınan, tez qırılandır, hər şey ona təsir edir, əsəbiləşir, səbirsizdir. Adamayovuşmaz olduğuna görə yaxın dostları azdır, onlarla əlaqəsi varsa, çox zəifdir. Ürəyini kimə boşaldır, içini aça biləcəyi adam varmı – məlum deyil.
Sevgilərlə dolu olmayan insan xoşbəxt ola bilərmi?! Nədir sevgilərlə dolu olmaq? İnsanı deyil, elmi, sənəti, hər hansı bir işi sevməklə xoşbəxt olmaq mümkün deyilmi?!
⁕ ⁕ ⁕
İnsan öz yeknəsək həyatını maraqlı etmək üçün ona rəng qatmağa, bir ahəng yaratmağa çalışır. Canbir, qəlbbir üç rəfiqə “Palet”də yaxşıca əyləndilər. Bahar yaxşı tanıdığı insanları bir-birinə tanıtmaqda usta idi. İndi yarızarafat, yarıciddi Alina və Elmiranın qəribəliklərini ipə-sapa düzür, onlardan cürbəcür maraqlı naxışlar hörürdü. Bunu müşahidə edən Elmira rus şairinin şeirindən ilk iki misranı yada saldı: “Три девицы под окном / Пряли поздно вечерком” (Pəncərə altındakı üç qızcığaz / Axşamdan keçmiş əyirirdilər) (19) .Bahar rəfiqələrinin başlarına gələn məzəli hadisələri xatırlayır və hamıdan çox da özü həzz alırdı.
Qızların hər üçü Bakıda rusdilli məktəbdə təhsil almışdılar. Azərbaycan türkcəsində hər üçü sərbəst danışır, ruscanı daha rahat danışıb-oxuyub-yazsalar da. Alina Türkiyəyə gedəndə Azərbaycan türkcəsini bilməyinin Türkiyədəki dili qısa zamanda anlamağa və işlətməyə imkan verdiyini dedi. Eyni zamanda Türkiyədə yaşadıqca, yeni sözlər, ifadələr öyrəndikcə onların əksəriyyətinin Azərbaycan türkcəsində qarşılığı olduğunu anlamış və nəticədə uşaqlıqdan öyrəndiyi Azərbaycan türkcəsini daha yaxşı bilməyə başladığını və bundan böyük sevinc hissi duyduğunu da xüsusi qeyd etdi. O, orta məktəbdə xarici dil olaraq almancanı bir qədər öyrənsə də, onu ali məktəbdə davam etdirsə də, işlətmədiyi üçün əsasən unutdu. Bu, çoxlarının başına gəlmiş işdir.
Elmira ingilis və fransız dillərini yaxşı bilir, xüsusilə ingiliscəni. O, Türkiyə türkcəsində çətinliyi olduğunu qeyd edərkən Alina “heç bir çətinliyi yoxdur, mühitə düşsən çox tez öyrənəcəksən” deyə ona təsəlli verdi.
Bahar Azərbaycan türkcəsində ata sözləri və kəndərdə işlənən ifadələri yaxşı bilməsini atasının təsiri kimi qiymətləndirdi. Zarafat da etdi: “Şəki və Qazax ləhcələrindən xoşum gəlir, ağrın alem, mənnən o tərəflərə gedəjəhsinizmi?”. Bahar ingiliscə çulunu sudan çıxara bildiyini, amma daha yaxşı bilmək arzusunu qeyd edərkən, Elmira ona resept verdi: bir ingilislə, kişi olsa lap yaxşı, dostlaşıb danışmaq – budur məsələnin sadə həlli. Bahar da zarafat etdi: “heç bu boyda Azərbaycanda yaşaya-yaşaya yaxşı dost-kişi tapmaq olmur, ingilisi hardan alım, ağrın alem, İngiltərədən birini göndərə bilsən pis olmaz”. Alina həmən əlavə etdi: “Hə, yaxşı kişi tapmaq çətindir”.
Kişi məsələsi, deyəsən Alinanın xoşuna gəldi:
–Azərbaycanda da, Türkiyədə də yaxşı kişilər var. Hər yaşda. Az deyillər. Çoxu evlidir, yəni bizim işimizə yaramır. Bizim işimiz deyəndə ərə getməyi nəzərdə tuturam, gəzib kef çəkməyi yox. Elə götürək yaxşı tanıdığımız Tahir bəyi.
Bunu deyib üzünü Bahar tərəfə tutdu:
–Elmiranı tanış etdinmi Tahir bəylə?
–Hə, yaxşı tanış olublar, bərabər gəzmişik də bulvarda. Vuruldular biri-birlərinə.
–Eləmi? Niyə də vurulmasınlar?! Elmira dünya gözəli, Parisli kübar xanım, Tahir bəy də, maşallah, Allah qorusun onu, yaraşıqlı və ağıllı kişidir, hamının sevimlisidi.
Elmira əllərini masanın üstündə çarpazladı, çənəsini yuxarı qaldırıb göz vurdu:
–“Bir qonağam bu dünyada, salarsınız məni yada”(20). Şairin sözlərini perefraz etdim, bir az dəyişdirdim. Mən qayıdıb gedirəm Parisə, sizin kişilərdə də gözüm yoxdu. Əlbəttə, Tahir maraqlı insana bənzəyir, amma, qoy sizin olaraq qalsın, xüsusilə Baharın sevimlisi olaraq. Ya sevgilisi?! Doğrudan yaraşırlar bir-birinə, Tahir yaşca böyük olsa da. Amma, çox cavan görünür, sağlam görünüşü var, maşallah. Əslində yaş deyil mühüm olan, başqa şeylərdir. Allah hər ikisini qorusun, xoşbəxt olsunlar.
Bahar yüngül müqavimət göstərdi:
–Tahir bəyə yaraşan çox qadın ola bilər, siz hər ikiniz də onların sırasında. Tahir bəy dostumdur, çox yaxşı dostum. Yoxsa kişi ilə qadın dost ola bilməzlərmi?
–Kişi ilə qadın arasındakı hər şey dostluqdan başlayır, düşmənçilikdən yox. Dostluq xəbər vermədən, rəy soruşmadan, oynaya-oynaya, süzə-süzə sevgiyə keçir.
Dostluqla sevgi arasında böyük sədd yoxdur, amma bəzəkli körpülər var, hamısı gəl-gəl deyir, bilmirsən hansından keçəsən…
Deyəsən Bahar Elmiradan belə əlvan, ibarəli sözlər gözləmirdi. Təəccüblə ona baxdı, qəhvədən bir qurtum alıb sualına döndü, söhbətin gedişinə uyğun olaraq sualına düzəliş etdi:
–Sualıma cavab vermədiniz. Qadın və kişi dost olub dost qala bilməzlərmi?
Alina Baharı da, Tahiri də xeyli vaxtdı tanıyırdı, bir neçə dəfə üçlükdə oturub- durmuşdular və əlbəttə, nə vaxtdı Baharla ağla gələn hər mövzuda laqqırtı vururdu, aralarında sirr yox kimiydi. Dırnağını dişləyə-dişləyə (bunu tərgidə bilmirdi), başını bulaya-bulaya Baharı hədəf aldı, Elmiranın da köməyinə gəldi:
–Ay qız, daa mənə yox daa… Birinci, Tahirlə sənin dostluğun adi dostluq deyil, dərindi, xüsusidi, türklər demişkən, özəldir. Buna qayıdacam, burcuda bilməyəcəksən, canın əlimdədir. Keçək qadın-kişi dostluğuna. Belə dostluq mümkündür, kişi kişi ilə, qadın qadınla dost olduğu kimi, qadınla kişi niyə dost ola bilməsin?! Amma, burda bir əmma var, əzizim-gözüm Bahar, əslində balaca yox, böyük, keçilməz, odda yanmaz, suda batmaz bir əmma.
Alina dodaqlarını büzüb şeytancasına rəfiqələrinə baxdı, elə bil ki, onların diqqətini səfərbərliyə alırdı. Əsas söhbət irəlidə idi:
–Deyək ki, bir kişi və bir qadın dostdurlar. Əgər onlardan heç birinin digərindən umacağı yoxsa, dostluq davam edə bilər. Hansı umacağı nəzərdə tuturam? Maddi deyil, bir işdə kömək deyil, bunlar adi şeylərdir. Yaxınlıq istəyini, çox yaxın olmaq, toxunmaq, qucaqlamaq, öpmək istəyini deyirəm. Əgər kişi qadın dostundan və ya qadın öz kişi dostundan bu şeyləri umursa, əlləri ilə dostunu sığallamaq istəyirsə, detalları dəqiqləşdirməyə ehtiyac yoxdur, öpmək istəyirsə dostunun dodaqlarından, nə deyirsiniz bu dostluğa, nə ad verirsiniz buna? Kişinin öz xanım dostundan belə umacaqları varsa, bu adi dostluq ola bilərmi? Yox! Eynilə, qadının öz kişi dostu barədə bənzər istəkləri varsa, bunlara nə deyək? Sevgi! Ortada sevgi var! Sevgi varsa nəsə bir şey olmalıdır, kiçik də olsa, sevənin arzusunda, intizarında olduğu bir hadisə həyata keçməlidir, bir toxunuş olmalıdır, türklər demişkən, canda elektrik yaranır. Qadının kişiyə ehtiyacı var, bunu hər qadın hiss edir, amma demir; kişi qadına arxadır, ona əminlik verir. Kişilər də qadına ehtiyac duyur, yaşlandıqca daha çox. Kişi qadını öz arvadı kimi görməklə kifayətlənə bilmir, onda ana, bacı sifətlərini axtarır. Görürsünüz ki, mən coşmuşam, davam edəcəm, amma bu yerdə sözünüz varsa, buyurun. Nə deyirsiniz?
Elmira Alinanın nitqini bəyənmiş və… şənlənmişdi:
–Gözəl! İkisi də istəyirsə qarşılıqlı sevgi var! Axırı yaxşı olar! Toxunuş barədə dəqiqləşmələrini edə bilərsən. Yox, birinin, dediyin kimi, umacağı varsa, o biri heç cür istəmirsə, sevgi baş tutmayacaq, onda elə bu dostluq da çox davam etməz, qırılar və ya üzülüb zəifləyər.
Alina bu səsvermədən razı qaldı:
–Ay atana rəhmət. Bağışla, atan sağ olar birdən. Elmira başının hərəkəti və sözlə cavab verdi:
–Sağdır.
–Vay-vay, çox üzr istəyirəm, sən Allah bağışla məni. Ömrü uzun olsun! Xata- baladan uzaq olsun!
Elmira başı ilə razılığını bildirdi və Alinanı bir az da qızışdırdı:
–Gözəl təhlil edirsən. İndi yaxınlaşaq bizim Bahar xanımın dostluq və sevgi macəralarına. Sevgiləri aşıb-daşır, maşallah! Rayon yerində yaşayan bir sevgilisindən xəbərin var yəqin. Biri də deyirsən burdadır. Bu Tahir və Bahar dastanı, ciddiyə oxşayır. Bəlkə başqa sevgiləri də var Tahirin, nə bilmək olar? Azərbaycan kişiləri onsuz da çox ağıllı deyillər, qəşəng xanımları görəndə isə olan ağılları da başlarından uçub gedir, dəli olurlar.
Bahar hədəfdə idi və bundan nəinki narahat deyildi, tam əksinə, xoşu gəlirdi.
Qadını sevən varsa, bu könülaçan, fərəh gətirən bir şey deyilmi?! Qoy danışsınlar:
–Biri məni peşman edib, bezdirib, siz də bilirsiniz ki, tayım deyil, bir-birimizə heç uyğun gəlmirik. O ki, qaldı Tahir bəyə, ona böyük hörmətim var. Gözəl insandır.
Alina yenidən sözə başladı:
–Tahir bəy, əlbəttə, gözəl insandır. Amma, həm də yaraşıqlı kişidir, çox ağıllı və çox mədəni kişidir və əsas budur – Baharı sevir, bunu mən də görüb hiss etmişəm. Sevgi gözdən oxunur, sözlə təsdiqlənir, rəftarla, hərəkətlə təsdiq olunur. Bahar, sənin də ondan xoşun gəlir, məlum məsələdir. Ümumiyyətlə, Tahir kimi adam qadınlar arasında sevilir. Elmira Tahirlə yeni tanış olub, sizi bir yerdə cəmi bir ya iki dəfə görüb və bu ona kifayət edib ki, ortada sevgi olduğunu görsün. Bahar, Tahir sənə “səni sevirəm” deyibmi?
–Hə.
–Çox yaxşı! Bəs sən, onun sözünə necə cavab veribsən, hər halda cavabsız buraxa bilməzdin.
–Mən də sizi istəyirəm demişəm. Bəlkə sevirəm də demişəm, demişəmsə, istəyirəm sözünün sinonimi kimi demişəm.
–Aha, bu kontekstdə istəyirəm ya sevirəm eyni şeydir. Mahnıda deyildiyi kimi – Daha nə istəyirsən?!
Bahar çalışqan tələbənin səhvini nəzakətlə düzəldən müəllimə bənzədi:
–Yenə deyirəm. Tahir bəylə mənim xüsusi münasibətim var, ondan çox xoşum gəlir, ondan hamının xoşu gəlir, elə sizin də, hər ikinizin. “Yox” deyə bilməzsiniz. Hələ məlum deyil bu işin axırı nə olacaq?! Bəli, Tahir də mənə qarşı biganə deyil. Amma bunları tam qadın-kişi sevgisi kimi görmək doğru deyil. Aramızda ciddi bir şey baş verməyib. Yaş fərqimiz də göz qabağındadır.
Alina dözmədi, açıq hücuma keçdi:
–Ay qız, bizi dolama! Uşaq deyilik. Öpüşürsünüzmü?
–Görüşəndə qucaqlaşıb öpüşürük, nə olsun ki?! Əksər tanışlar bir-birilə öpüşürlər.
–Yaxşı. Tahir səni necə öpür, adi tanış öpüşündən fərqli bir şey olmurmu? Adam ol, səmimi ol.
–Görüşəndə mən onun üzündən öpəndə o bəzən dodaqlarını mənim boynumda gəzdirir.
–Aha! Sağ ol! Sənin dodaqlarından öpməyibmi, öpməyə cəhd etməyibmi? Bahar güldü:
–Edib.
Alina sevincək Elmiraya tərəf döndü:
–Bəsdimi, davam edəkmi?
Elmira qaşlarını çatdı, dostlarının anlayıb-anlamayacağını düşünmədən və yəqin ki, özündən asılı olmadan məsələyə təsviri incəsənət baxımından münasibət nümayiş etdirdi:
–İmpressionistlər üçün anilik, təəssurat, yarımçıq mənzərə məqbuldur, amma
akademik rəssamlıqda da, Post-İmpressionizmdə də bütövlük, müəyyənlik istənilir. Belə gözəl mənzərəni yarımçıq saxlama. De gəlsin.
“Düz deyirsən” deyə Alina yumşalmış Baharı açılmağa çağırdı:
–Söylə.
–Bir neçə dəfə dodaqlarımdan öpməyə cəhd edib, mən tez üzümü döndərmişəm, imkan verməmişəm.
–Ay utanmaz. Offf. Ay qız, sevənlər üçün öpüş sadəcə səndən xoşum gəlir deməkdir, yüngül flirtdir, oyundur, işvə-nazdır, girişdir, “xoş gəlibsən” deməkdir, elə deyilmi? Yaxşı tanış və dost olduğun, xoşuna gələn, sanballı adamdan söhbət gedir, küçədən keçən təsadüfi adamdan deyil. Bəs o, zorla öpmək istəməyibmi? Sən onun zorla səni özünə doğru çəkib öpməsini istəməmisənmi ürəyində?
–Dodaqla öpüş heç də yüngül flirt deyil, “xoş gəlibsən”dən daha çox yaxına buraxmaqdır, “buyur” deməkdir, “buyur, səninəm” deməkdir, onun arxasınca ağlagələn hər şey gələ bilir. Dodaqla öpüş sərhəddi keçməkdir. Belə bir ehtirası mən bir dəfə yaşamışam, axırı da yaxşı olmayıb. Əlbəttə, mən də, siz də bilirik ki, nəticənin yaxşı ya pis olması insana bağlıdır. Qaldı Tahir bəyin cəhd etməsinə.
Olub. Tahir, ümumilikdə utancaq adam olsa da, elə də cürətsiz və ehtirassız deyil. Bir dəfə gecə idi, restoranda yeyib-içəndən sonra, bir az da şərab içmişdik, “bulvarda gəzək” dedi, gəzdik. “Bir az oturaqmı?” dedi, mən də oturmaq istədim, oturduq. Əllərini boynumda gəzdirdi, çiyinlərimə doğru getdi, çox xoş idi, üzümə toxundu. Belimdən qucaqladı. Heç nə demədim, gözümü yummuşdum. Sonra sol əli ilə boynumu qucaqlayıb özünə doğru çəkdi, dodaqlarımdan öpmək üçün. Birdən kəskin hərəkət edib əlindən dartındım. Bilmirəm niyə? Utandı, əlini çəkdi. Əslində zorla özünə çəkib öpsə nə edə bilərdim ki?! Davamı salacaqdım?! Ancaq zor işlətmədi.
Hər üçü susdu. Səmimi etiraf ortaya ilıq, mülayim hava gətirir.
⁕ ⁕ ⁕
Kafenin bağlanma vaxtı gəldi. Üç xanımdan başqa müştəri qalmamışdı. Hörmətli qonaqlara gedin demək istəmirdilər. Rəfiqələrin söhbəti isə bitmək bilmirdi, kafedə yedikləri şirniyyatlardan qat-qat daha şirin söhbətə qərq olmuşdu onlar. Amma getmək lazım idi. Hesabı ödəyib küçəyə çıxdılar. Alina təkbaşına evə qayıtmaqdan başqa nə olsa qəbul edərdi, buna görə ideya irəli sürdü:
–Belə görüş, belə söhbətlər az-az olur, ələ düşmür. Özümü bu gün çox xoşbəxt hiss etdim, bütün həyatıma baxanda xoşbəxt olmasam da. Bir də üçümüz nə vaxt görüşəcəyik, Allah bilir. Elmira Parisə qayıdacaq, Bahar həmişəki kimi səhər tezdən axşama kimi işdə, həftə sonları da valideynlərinin yanında olacaq. Gəlin bizə gedək, uzaqda deyilik, yatmağa yerimiz var, anam sizi görüb sevinəcək, Bahar bilirsən anam səni nə qədər çox istəyir, bəlkə Tahir bəydən də çox (bic-bic gülümsəyib Elmiraya göz vurdu). Biz də söhbətimizə davam edə bilərik, belə ləzzətli söhbəti yarımçıq saxlamaq olmaz. Parisli qız da, belə başa düşdüm ki, yarımçıqlığın əleyhinədir; rəssamlıq məktəblərini yada saldı və bütövlüyə üstünlük verdi.
Elmira və Bahar bir-birinə baxıb məmnuniyyətlərini bildirdilər. “Uber” taksi çağırdılar, bir neçə dəqiqə sonra hay-küylə minib yola düzəldilər. Qapını Alinanın anası açdı, qızları görüb doğrudan çox sevindi, “maya daraqaya (моя дорогая / mənim əzizim)” deyib Baharı qucaqladı, bərk-bərk öpdü, Elmiranı da xoş qarşıladı. “Keçin, keçin” deyib elan etdi: “borşum var, ay qızlar!”. Elmira “urra, russkiy borş” (rus borşu) deyib əl çaldı. Alina zarafatla əlini dodağına tutub “sus” işarəsi verdi və “ukrainskiy borş” (Ukrayna borşu) dedi. Elmira “pust` (пусть – olsun)” deyib güldü.
Evin çox rahat və səliqəli görünüşü vardı. Əşyaların münasib, nizamlı düzülüşü, girişdə və pəncərələrin yanında göz oxşayan kiçik yaşıl ağaclar və gül dibçəkləri evdə dinclik və yumşaqlıq havası yaratmışdı. Yaşıl rəngli və süd rəngli zolaqların növbələşdiyi pəncərə pərdələri də bu agəngin tərkib hissəsi idi. Ortadakı masanın üstündə təbii gül dəstəsi və meyvə dolu şüşə qab dururdu. Elmira divanın üstündə uzanmış pişiyi gördü:
–Ay Allah, gözəlliyə bax! Məxmər dəri! Nə rəngdi bu? Bozla mavinin qarışığı. Parıldayır əməlli-başlı. İri yaşılgözlü gözəl! Qulaqlara bax – elə bil üçbucaqdı.
Boynuna vax, Baharınkı kimi düz, uzun! Quyruğu da, maşallah, gözəlliyini tamamlayır. Qonaqları qarşılamır nəsə, hardan gəlib çıxdılar, dincliyimi pozdular deyir.
Alina yaxınlaşıb pişiyi sığalladı, qucağına alıb başından öpdü, Elmiranın
istədiyini görüb danışa-danışa ona verdi:
–Canım, balaca balam! Utanır, bir az sonra açılışacaq. Anamın vətənindəndir. Deyirlər ki, pişik sahibini xəstəlikdən qoruyur. İnanmıran buna. Sadəcə, pişiymi çox sevirəm, qayğısına qalmaqdan xoşum gəlir, elə bil uşağımdır. Hiss edirəm ki, o da məni sevir. Elmira, sənin pişiyin ya itin varmı? Baharın bir iti var, özünə çox oxşayır, gəzməyə çıxsalar, baxanlar hansının daha gözəl olduğunu deməkdə çətinlik çəkərlər.
Bahar söz altda qalmadı:
–İtim çox gözəldir, mənnən qat-qat gözəl! İt, bilirsiniz necə sadiq məxluqdur?! Müqayisəyə gələndə, eh, mən nəyəm ki, it də məndən yaxşıdı, pişik də, at da, inək də. Tək məndənmi yaxşıdır o gözəl heyvanlar? Baxın, mən də təkəm, Elmira da, Alina, sən də. Nədən? Çünki bizi bəyənən yoxdur. Amma it də, pişik də xoşbəxtdirlər, onları bəyənib almışıq, onlara baxırıq, sevirik onları. İnsan heyvansız yaşaya bilməz. Heyvana sevgi insana sevgini əvəz edə bilirmi? Çətin sualdır. Hər halda biz ər sahibi ola bilmədik, it, pişik sahibi olduq, buna da şükür. İnsan heyvanları əhliləşdirdi, onlardan yaşayışını yaxşılaşdırmaq üçün istifadə etdi, ətini yedi, südünü içdi, ona yük daşıtdı, dərisindən, yunundan paltar düzəltdi. Onların qayğısına qaldı, onları sevdi. Axı nə deyirsiniz deyin, sevgisiz həyat yoxdu. Tahir bəy deyirdi ki, Nizami, gərək ki, “Xosrov və Şirin”də deyir: “Sevməyə adam yoxsa, bir pişiyə könül bağla. Bir pişiyin eşqilə yaşamaq tək qalıb özünü şir saymaqdan, şir olmaqdan yaxşıdır”. Yadımda belə qalıb.
Alina hər iki əlini yumruq şəklinə salıb yuxarı qaldırdı, “diqqət!” deyib silkələdi və təntənəli səslə davam etdi:
–Sağ olsun Nizami! Yaşasın günün gözəgörünməyən, amma ürəklərdə isti yuva qurmuş qəhrəmanı, sevimlimiz Tahir bəy! Var olsun Nizami və Tahiri bizə yaxınlaşdıran, bizə sevdirən gözəl Bahar!
Elmira da biganə qalmadı:
–Həəə. Böyük Nizamini yada salmaqla bizə – kişilərlə bacarmayan və ya kişilərdən aralı durmağa üz tutan qadınlara ideya gəldi: sevginizi kişiyə deyil, başqa tərəflərə yönəldə bilərsiniz – itə, pişiyə, işə, idmana.
Yaşıllıqla işıq və kölgələrin oynaşdığı bu ürəyəyatan evdə üç xanım – zövqlə geyinmiş, şən əhvallı üç gənc qadın ağac və gül-çiçəklə bəzənmiş çəməndə kef çəkən üç huri təsəvvürü yaradırdı. Yəqin bu səbəbdən də, “gəlin bir yerdə şəklimizi çəkək” dedilər. Onlar şəkil üçün mövqe tutanda, bu təmtəraqlı anda, Alina “dayanın” deyə pişiyini qucağına aldı. Şəkil çəkilən kimi Elmira “anamızı da çağıraq, daha bir şəkil olsun” dedi. Alina başı ilə təsdiqləyib anasını çağırdı: “ay ana, gəl şəkil çəkdirək, qızlar səni istəyir” və tanışedici bir izah da verdi:
–Ksenya anama atam əvvəl Sonya deyirdi, qohum-əqrəba Sona dedilər, beləcə anam Sona xanım oldu, atam kefi gələndə “Sona xatun” da deyirdi. Atamın çox duzlu dili vardı. Mən rusca oxuduğuma görə mənə Azərbaycan nağılları və dastanlarını oxutdururdu ki, dili yaxşı bilim; bəzən anam da qulaq asırdı. Məni uşaq vaxtımdan “mama”, “papa” deyil, “ata” və “ana” deməyə alışdırdı.
Ksenya-Sonya-Sona xanım göründü, “bəlkə yeməkdən sonra” deyə onlara çox fikir verməyib dördkünc masanın üstünə tikməli örtük saldı. Qızlar isə nişanladıqları yerlərdə hərəsi bir cür əzişib-büzüşərək, ədəbaz duruş – “poza” verərək bir neçə şəkil çəkdirdilər. Sonra insafa gəlib Ksenya xanıma kömək etməyə girişdilər. Süfrəyə Rus, bağışlayın Ukrayna borşu gəldi. Gəldi, necə gəldi, boşqablarda buğlana-buğlana, yanında da təndir çörəyi, qaşıq və qaymaq-xama növündən olan və xalq arasında rusca adı ilə məşhurlaşmış ağ-sarı “smetana”!
⁕ ⁕ ⁕
Yemək zamanı söhbət azaldı, borş çox ləzzətli idi. Azərbaycan mətbəxinin zənginliyi yaxşı məlumdur. Bunun bir səbəbi də, yəqin ki, yerli türk-Azərbaycan mətbəxinin müəyyən dərəcədə yerli Qafqaz mətbəxi, İslam şərqi, İran və Rusiya, sonra çoxmillətli Sovet xalqları mətbəxindən bəhrələnməsidir. Borş, kotlet, cürbəcür salat, şirniyyat və ədviyyatlar buna aşkar misallardır. Əlbəttə, Azərbaycan mətbəxi də qonşu xalqların mətbəxinə təsir edib.
Yemək süfrəsini çay dəstgahı əvəz etdi. Yeməkdən sonra gələn çayın ayrı ləzzəti var. Növ-vöv mürəbbələr masanı gözəlləşdirdi. Çay içə-içə yola düşən, “xoddanan” söhbətin ləzzəti də ayrı cürdür.
Alina söhbətin dırmaşdığı yamacda yeni cığır açmağa çalışdı:
–Sevgidən danışdıq, iti-pişiyi ortaya saldıq, olsun, heyvanlar da sevilməli canlılardır, bizimdir, sevək onları. Amma Allah dünyaya xüsusi, mükəmməl bir ahəng verib, insanları iki cür yaradıb – kişi və qadın, bir-birini tamamlayan, bir- birini cəzb edən, birləşəndə yeni insan meydana gətirən cüt! Kişi və qadının birləşməsi, yəni təkliyin daşını atıb, bir yerdə yaşayıb, bir-birinin qayğısına qalıb yeni həyata qədəm qoymaları üçün nə lazımdır? Niyə bu çətin iş sayılır? Niyə bizim yanımızda kişi yoxdur? Günah bizdədir, ya kişilərdə? Kişilərdən zəhləmiz gedir desəniz heç kim inanmaz. Ərdə olsaq da, olmasaq da, kişilərlə dostluq etmək xoşumuza gəlir.
Alinanın ortaya atdığı suallardan qaçmaq mümkün deyildi, çünki çox həyati suallardır. Enerjili, çoşğun təbiətə malik Bahar öz açıq, saf cavabları ilə mühiti canlandırdı:
–Yaxşı kişi ilə birləşməlisən, hər qabağına çıxanla deyil, eləmi?! Tanış olduğun kişini doğrudan da yaxşı tanıdığını hardan bilirsən? Səni soyundurana qədər özünü elə aparır ki, elə bil dünyada səndən başqa heç kimi yoxdur – diqqəti, nəzakəti, qulluğa müntəzirliyi ilə, yağlı vədləri ilə ayıl-mayıl edir səni, az-çox olan ağlını da başından alır. Sonra… sonrasını özünüz bilirsiniz – diqqətsizlik, nəzakətsizlik, qul olub qulluq et ona, onun dediyi kimi otur-dur, get-gəl, danış, nəfəs al…
Alina daha barışdırıcı mövqedə idi:
–Bahar, sən bir qədər ifrata varırsan, kişilər hamısı sən dediyin kimi deyil ki. Bir də təbiətin qanunları var, insanların bir-birini cəzb etməsi təbiidir, əks halda Tanrı insanları iki cinsdə deyil, bir cinsdə yaradardı. Qadının hüsnü cəzb edə bilir. Amma bu heç də yetərli deyil. Qadın yataqda cazibəli ola bilər, bu vacibdir və həm də bu gözəllikdən asılı deyil. Amma, yataqda cazibəli olmaq da yetərli deyil. Soyuq gözəl adamı, yəni kişini isitmir. Ən vacib olan ruh dostluğudur, ruh qohumluğdur, çox yaxın yoldaşlıqdır, əhvala qarşı həssaslıqdır. Kişi xoşuna gələn qıza, qadına sevgi izhar edir, özünü ona həsr edir, ona sanki pərəstiş edir. Amma bu işin bir tərəfidir, digər yanda o, sevdiyi qızdan, qadından qarşılıq gözləyir, ehtiram gözləyir, bu birləşmədən həzz almaq istəyir. Qadına heyranlıq ona doğru daha bir addım atmaq, ona mümkün qədər yaxın olmaq, ona sahib olmaq hissi doğurur. Qadında məgər bənzər hisslər yaranmırmı? Biz bəzi kişilər üçün ölmürükmü?! Dərindən sevənə
dostluq bəs etmir. Ortaya heyranlıq, rəqabət, qısqanclıq kimi hisslər girir, şəhvət digər hisslərə üstün gəlməyə başlayır; qadınla kişi arasındakı sadə və ya adi dostluğu zəiflədır şəhvət. Qadının baldırı, məməsi və dodaqları kişinin qanını coşdurur, şəhvət platonik eşqə qalib gəlir. Şəhvət sevginin kölgəsidir, həmişə yanındadır. Məncə, istəmək, sevmək, kişi olsun, ya qadın, təslim olmaqdır, meydan oxumaq deyil. Sən öz nəvazişin, qulluğun və qayğınla onu xoşbəxt etməyə çalışsan, özün də həzz alıb xoşbəxt olacaqsan. O da öz növbəsində minnətdarlıqla sənə cavab verəcək, sənin qayğına qalacaq.
Bayaqdan maraqla qulaq asan Elmira hərəkətə gəldi:
–Alina qızıl kimi söz danışır, yaxşı sevgi fəlsəfəsi var, maşallah! Belə qadın yaxşı ərdə olmalıdır. Amma, Alina, Bahar deyir ki, oğlanları, kişiləri bəzən yaxşı tanımaq olmur, maskalana bilir onlar. Düz deyir. Nişan, toy-düyün olur, bilmədiyin şeylər üzə çıxa bilir. Azərbaycanda tez evləndirirlər gəncləri – bir-birini yaxşı tanımağa macal tapmamış. Qərb dünyasında bilirsiniz ki, gec evlənirlər. Tanış olurlar, görüşürlər, xeyli vaxt keçir, bir-birini iki fərqli cins kimi tanıyırlar, onların arasında heç bir qadağa, sədd yoxdur. Bu cür hərtərəfli tanışlıqdan sonra ya evlənirlər, ya da evlənməmiş birgə yaşamağa davam edirlər yaxud sağ ol, “goodby”(21)
deyib aralanırlar.
Bahar güldü:
–Burda evlənəndə ilk gecə bir dəsmal qana bulaşmalı və zəfər bayrağı kimi nümayiş etdirilməlidir. Kəndlərdə həmişə belə olub, deyirlər ki, indi də belədir. Şəhərdə Elmira deyən kimi qərbsayağı həyat keçirənlər var. Amma cəmiyyət ciddi evlilik ənənəsini qoruyub saxlayır. Bu da müəyyən çətinlik yaradır. Ənənə, qanunlar göydən düşməyib, insan əməlidir, məgər ənənənin qadağan etdiyi sevgi əsl sevgi ola bilməzmi?! “Qrajdanskiy brak”, tərcüməsi “vətəndaş nikahı”mı olur, bilmirəm, bircə onu bilirəm ki, burda qınanır. Bu qeyri-formal nikahdır, kişi və qadın arasındakı münasibət bir növ sınağa çəkilir. Dünya çox dəyişib, çox şey alt-üst olub. Bəzi evli qadınların başqa-yan işləri də olur, nə utanan var, nə də qorxan. Üzdə bir cür olub, itaət edib arxada oyun çıxaran ərli, uşaqlı arvadlar var, ərdə ola-ola gizlin həyat yaşamağı bacarırlar.
Elmira məlumat vedi:
–Bilmirəm blirsinizmi – Fransada doğulan uşaqların yarıdan çoxu qeyri-formal nikahdandır.
Alina bu söhbətin açıq aparıcısına çevrilmişdi:
–Ailə gözəl şeydir. Kim olur-olsun, kişi ya qadın, ailə qurmasa tam xoşbəxt ola bilmir. Bəzi hallarda “qrajdanskiy brak” rahatlıq gətirsə də, cəmiyyətin qəbul etdiyi tərzdə ailə qurmaq və qanuni ana olmaq daha yaxşıdır. İki insanın – kişi və qadının birliyi onların dünyasını dəyişdirir, onları zənginləşdirir. Tək əldən səs çıxmaz deyirlər, iki əli bir-birinə vuranda çıxır səs. Elə tək kişi ya tək qadın da dünyaya yeni həyat bəxş edə bilmir, ailədir həyatın canı. Ailə üçün öz müstəqilliyini azaltmalısan, birliyi gücləndirməlisən. İstərdim ki, haqqımda düşünən, əziyyətimi çəkən, yola sadığım, gedəndə salamatlaşa biləcəyim adam olsun. İstərdim ki, mən öləndə dalımca ağlayan, qəmə batan kişi olsun. İstərdim ki, uşağım olsun, məni və sevdiyim kişini davam etdirən olsun, onu böyüdüm, ona qayğı göstərim. Uşaq yeni sevginin doğulmasıdır. Bilirəm, siz ikiniz də uşaq istəyirsiniz…
Bahar rəfiqəsinin səmimi etirafından təsirləndi, eyni zamanda onu iynələməyi də unutmadı:
–Ay Alina, sən ki, belə ailəcanlısan, niyə ərə getmirsən, ailə qurmursan? Bizi də yoldan çıxar, ərə ver, adam elə. Yazıq deyilikmi?
–Əvvəla, keçəl dərman bilsə öz başına sürtər, özüm ərə gedə bilirəm ki, sizi də düşünüm? Sonra, deyirsən ki, niyə ərə getmirəm? Çünki çətin məsələdir, mənim xoşuma gələn adam olmalıdır, beləsi birdən qarşıma çıxsa, görək mən də onun xoşuna gələcəmmi?! Subay və ya boşanmış olsun – fərq etməz, yaxşı adam olsun, gedərəm ona. Öz uşağım olmasını istəyirəm, çox istəyirəm.
–Gül kimi qızsan, minnəti olsun sənə elçi düşənin.
Alina gözünü qıyıb bic-bic Bahara baxdı:
–Ax, sənin yerində olsam, sənin gözəlliyin, boyun-buxunun məndə olsa, ürəyim istəyən qədər ərə gedərdim. Yoxsa mən, şeytanşapalağına hansı kişi baxar? O ki qaldı sizə, iki gözələ – Elmiranın həyatını yaxşı bilmirəm, ona görə də bir şey deyə bilmərəm. Amma sən, Bahar… Səni yaxşı tanıyıram, səni məndən yaxşı tanıyan tapılmaz, keçmişini də, iç üzünü də, üzdə olan tərəfini də yaxşı bilirəm. Bilirsənmi, həyat yaşamaq uğrunda mübarizədir, təbii seçim var, təkamül nəzəriyyəsi belə deyir, ərə getmək də bunun bir hissəsidir. Gözünü aç, ətrafa bax, yaxşı, seçilmiş adama bax, ona doğru addım at, alış, uyğunlaş ona, ona ərə getməyə cəhd et. Sən, əzizim, özünü sevməklə məşğulsan, başın qarışıb, başqalarını sevməyə həvəsin və vaxtın yoxdur. Bəxtin gətirib, qarşına Tahir kimi kişi çıxıb, get onun qucağında otur, saçlarını sığalla. Demə ki, baxtım yoxdu, baxtın da var, qızıldan taxtın da.
Allah gözünü bağlayıb. Bir dostum bir dördlük demişdi, qısa şeirlərdən, bayatı və rübailərdən çox xoşum gəlir – yığcam, oynaq, hikmətli. Hə, o dördlüyü əzbərləmişəm, yerinə düşür, deyəcəm:
Gözümüzü tutur pərdə Ağı qaradan seçmirik Eşq bizi gözləyən yerdə
Yolu düzünə keçmirik. (22)
Təsəvvür edirsinizmi, o tərəfdə eşq bizi gözləyir, biz isə oyun oynayırıq, deyirik ki, gəlin yolu düzünə keçməyək, gedək başqa yerdən keçək və beləcə bizi gözləyən eşqdən yan keçirik.
Elmira təəccübünü bildirdi:
–Alina, qəribədir, Baharın yeni sevgilisi ki var, lap bu yaxınlarda tanış olduğu Qarabağ əlilini deyirəm, o da Baharı özündən razılıqda qınamışdı, hələ onun üstünə başqa tənəli sözlər, keyfiyyətlər də yapışdırmışdı.
Bahar qızardı. Alinanın təmiz, qüsursuz təhlili, Bahara təkrar özündən razı damğasının vurulması, hətta çox şeylərə laqeyd olan Elmiranın da bunu vurğulaması, üstəlik Tahirlə münasibətinin ortaya qoyulması onun qəlbinə dəydi, deyəsən az da olsa əsəbiləşdirdi. Ürəyini soyutmaq üçün könül sirdaşına daş atdı:
–Görürəm Tahiri çox tərifləyirsən, xoşun gəlir, məni də ona qarşı soyuqluqda qınayırsan. Mən bacarmıram, neyləyim, ağılsızam, fərsizəm, boynuma alıram, sən götür Tahiri, sənin olsun, ürəkdən deyirəm, mən də çalışaram bu işi düzəldim. Bir- birinizdən xoşunuz gəlir, kor deyiləm, görürəm.
Alina bu sərt eyhamı gözləmirdi, yenə təmkinini pozmadı, toxdaq səslə cavab verdi:
–Zəhmət çəkmə, xoşuma gəlsə də, onda gözüm yoxdur. Bir də, istəsən də düzəldəmməzsən, elə adam deyil o, ciddi adamdı, halal adamdı, təmiz adamdı. Səni istəyirsə, səndən cavab gözləyəcək, səndən “sənsiz darıxıram, sənsiz dura bilmirəm” sözlərini gözləyir. Və sonsuza qədər gözləməyəcək. Sonra başqa bir Allah bəndəsi qadına rast gələcək. Yenə deyirəm, ancaq özünə baxmaqdan fayda yoxdur, güzgüyə baxma, sındır güzgünü, gözünü aç, ətrafına bax, dünyaya bax.
Elmira coşqunluq dərəcəsini aşağı salmaq lazım gəldiyini duydu, iki əlini yuxarı qaldırıb yellədi:
–Ehey, fasilə elan edirəm. Gül kimi çay dəmlədi Sonya xanım, qoymadınız sakit- sakit içək. Mən çay istəyirəm.
⁕ ⁕ ⁕
Alina Elmiraya çay gətirdi, mürəbbələri ehmalca ona doğru sürüşdürdü:
–Elmira, bilirəm ki, uzun illərdir Parisdə yaşayırsan. Öyrəşə bildinmi ora? Darıxmırsanmı Bakı üçün? Soruşmaq ayıb olmasın, hazırda təksənmi ya yar- yoldaşın varmı?
Bahar boynu ilə idman tapşırığı yerinə yetirən kimi başını sağa-sola yelləyə- yelləyə köməyə gəldi:
–Deyirsən ki, Elmira, bu danışmağı sevməyən qız öz həyatını danışsın, eləmi? Orasını deyim ki, “təksənmi ya yar-yoldaşın varmı?” sualının bir dəfə “hə”, o biri dəfə “yox”, sonra yenə “hə” sayaq cavabları ola bilər. Əgər “ərdədir, ya yox?” – onu bilmək istəyirsənsə, Elmira ərdə deyil, boşanıb, qadına ya kişiyə münasibətdə “dul” sözündən xoşum gəlmir. Boşanmış qadın indi cəmiyyətdə mənfi statusda deyil, boşanmaq adi hadisəyə çevrilib. Məncə, mənim kimi yaşı ötmüş və ərə gedə bilməmiş qadın – “staraya deva”(23) daha çox qınanır…
Alinanın ürək açıqlığı, səmimiliyi və canıyananlığı, sözü üzə deməsi və dilli- dilavərliyi Elmiranın çox xoşuna gəlmişdi. “Təksən ya yox?” sualını Bahar qısa və qəti müdaxilə ilə aydınlaşdırsa da, Elmira Alinanı cavabsız qoymaq istəmədi:
–Evləndim Fransada. Bir layihənin müzakirəsi zamanı tanış olduq. Mədəni və söz ustası, danışmağa pərgar adam idi. Sevgi izhar edən məktublar yazdı, get-gedə məni də eşq azarına tutdurdu. Evləndik. İlk vaxtlar hələ uşağımız olmasın dedi, işlərimizi qaydaya salaq, sonra baxarıq kimi sözlərlə mənim ana olmaq istəyim qarşısına sədd qoydu. Tənbəl imiş, bir telefon şirkətində işləyirdi, xəbərdarlıq edib vəzifəsini aşağı saldılar. Dedim eybi yoxdur, hər adamın başına gələ bilər belə iş. Alina, kişilərin qadında nə axtardığını demişdin, mən ona tək arvadlıq deyil, həm də analıq, bacılıq etdim, fəhləlik etdim, ev işlərini tam üzərimə götürdüm, bilirsiniz ki, biz azərbaycan qadınları üçün bu çətin məsələ deyil. Amma o, özünə gəlib işini sahmana salmaq və münasibətimizi qorumaq, yaxşılaşdırmaq əvəzinə müftəxorluq və bu da bəs eləmirmiş kimi kobudluq yoluna düşdü. Teatra gedək deyəndə mənə yemək düzəlt, sonra sən özün get dedi. Maraq dairəsi onsuz da çox geniş deyildi, özünü daha da məhdudlaşdırdı. Alkohol içməyi artırdı. Daha acıdil oldu.
Alina dözmədi, kövrəldi və Elmiranı qucaqladı:
–Yazıq qız… Yox! Ceyran kimi gözəl qız! Padşahlara layiq olan qızın başı gör nələr çəkib…
–Ceyran dedinsə, daha ədalətli olmaq üçün “dəli ceyran” de. Padşah-zad xəyalımdan keçməyib, istəmişəm ki, taleyimi bağladığım adam düzgün, çalışqan, ağıllı, ailəcanlı olsun. Bir-birimizə dayaq olaq, bir-birimizə layiq olaq. Qadın olmaq yeni status almaqdır! Arvad ər ilə münasibətdə hər yerdə – mətbəxdə, yataqda, səliqə və söhbətdə xoş təsir bağışlamalıdır. Evlənmək bölüşmək deyilmi?! Qayğıya qalmaq, özgəsini özündən çox istəmək (heç olmazsa hərdənbir)… və bunlar qarşılıqlı, həm ərdə, həm arvadda olmalıdır. Eh…
İndi də Bahar yaxınlaşıb Elmiranı qucaqladı:
–Mənim dəli ceyranım! Elə üçümüzdə də, təvazökarlıqdan uzaq olsa da deyim, ceyranlıq var, amma düzünü də deyim ki, dəliliyimiz də kifayət qədərdir.
Baharın da Alina kimi bu söhbətdən çox təsirləndiyi hiss olunurdu. Üstəlik təbiətən bir qədər qaradinməz, həyatdan küsmüş kimi görünən Elmiranın birdən belə açılması onu yaxşı tanıyan, ona ürəyi yanan Baharı çaşdırmışdı. Görünür ki, rəfiqələrinin, xüsusilə Alinanın həssas söhbəti və davranışı Elmirada onlara yaxın olmaq, dərdini onlarla bölüşmək istəyi yaratmışdı. Bahar vacib “var-yox”ları siyahıya aldı:
–Ər var, sevinc yox, uşaq yox…
Elmira ürəyini boşaldırdı:
–Niyə boşandım? O, cızığından çıxmışdı, onunla açıq danışdım ki, belə olmaz, düzəl, düzəlməsən ailə həyatımız bitəcək. Geri qayıdana oxşamırdı, əksinə get-gedə uzaqlaşırdı. Artıq onunla hərdənbir yatağa baş qoymaq mənə zorlanmağa razı olmaq kimi gəlirdi. İstəmədiyin insandan vaxtında üz döndər, çıx get – belə lazımdır. İlan lazımsız qabıqdan çıxıb azad olduğu kimi mən də ərdən çıxıb azad oldum.
Bu yerdə Alina Elmiraya daha bir çay gətirdi:
–Bahar qəhvə sevir, səndəmi? Bilmirəm. Fransada yəqin qəhvə daha çox içilir. Bizdə, evdə hələ çay hökmrandır. Bir çay iç, ay mənim dünya gözəli Elmira bacım. Nə yaxşı ki, vətənə gəldin. Mən də səni yaxından tanıdım. Bəlkə qalasan burda?
Sənin kimi bacarıqlı, savadlı, ağıllı adama yaxşı iş tapmaq su içmək kimi asan bir şeydir. Boşanmaq məsələsinə gələndə bu sənin də başına gəlib, mənim də.
Baharınkı yarım-boşanmaq kimi bir şeydir. Böyüklər nəsihət edəndə “maksimalist olmayın, çox şey istəməyin, səbrsizlik etməyin” deyirlər. Dediklərində də həqiqət var. Amma, tarazlığın pozulması həddi aşanda dözmək olmur. Evli ola-ola yalnız qalırsan. Hərçənd ki, boşananda yalnızlıq daha da güclənib qorxulu şəkil ala bilir.
Elmira içini boşalda bildiyinə görə özündə bir yüngüllük hiss edirdi və çay içə- içə daha da açıldı:
–Alina, mən normal adam deyiləm, bunu Bahar təsdiq edə bilər. Dünyadan nə istəyirəm, qarşıma bir hədəf qoymuşammı? Bilmirəm, görmürəm. Bir kimlik böhranı var məndə. Kiməm, azərbaycanlımı, avropalımı, fransızmı? Atam, anam Azərbaycanlı, doğulduğum yer – Azərbaycan, oxuduğum və işlədiyim yerlər – Azərbaycan, Amerika, Fransa, Avropa. Azərbaycanı çoxmu sevirəm? Bir az sevirəm, çox yox. Bəyənmədiyim çox şey var. Bakı üçün, Azərbaycan üçün darıxırammı? Yox. Niyə? Bilmirəm. Amerikanı da sevmirəm. Avropanı daha çox qəbul edirəm. Harda yaşayıramsa oralı oluram, dərindən düşünmədən və narahatlıq keçirmədən. Elə bil ki, gəmidə səyahət edirəm, amma gəminin hara getdiyini bilmirəm, kompasım yoxdur. Neyləyim, mən bu cürəm, başım xarabdır.
Boşanandan sonra çox xoşuma gələn adamla qarşılaşmamışam. Məndən xoşu
gələnlər olub, biri özündən razı, digəri bir qədər dindar, başqa biri bacarıqsız… Neyləyim?! Bir qardaşım, bir bacım var, ikisi də çox yaxşı! İkisi də atam və anam kimi ağıllı, rahat, qayğıkeş, Azərbaycanpərəst. Mən isə… Neyləyim, meşə çaqqalsız olmur. Amma, bir şey var: Bakı həmişə yuxuma girir – ailəmiz, dostlar, qohumlar, evimiz, məktəbimiz…
Alina yenə Elmiranı qucaqladı:
–Ay Elmira, heç sənin kimi adam görməmişəm – mənfi saydığı sifətlərini gizlətməyən, əksinə dürüst ifadə edən, neyləyim, mən beləyəm deyən. Həyat tarixçəni Bahardan eşitmişəm. Bəlkə də Azərbaycanla bağlı qarşılaşdığın rüşvət və digər xoşagəlməz hadisələr ruhuna, psixikana pis təsir edib, sonra uzun müddət Azərbaycandan uzaqda, xaricdə yaşayıbsan, evliliyin uğursuz olub, bütün bunlar səni bədbin, ümidsiz edib. İndi burdasan, köhnə rəfiqən Bahar, yeni rəfiqən Alina səni çox sevirlər. Niyə sevirlər? Çünki gözəlsən, gözəl Azərbaycan qızısan, səmimisən, ağıllısan, doğru-düzgünsən!
Bunu deyib Alina əllərini qaldırdı, yerində fırlanıb rəqs edə-edə məlum mahnının nəqarətini Mirzə Babayev tərzdə avazla oxudu: “Daha nə istəyirsən?”. Bahar və Elmira piano arxasına keçib hərəsi bir əllə mannını çalmağa və üçü birlikdə oxumağa girişdilər.
Dayanıb gülüşdülər. Bahar əlavə etdi:
–Elmira, başı xarablığa gələndə, o, hamımızda var. Məlum deyil kimdə nə qədərdi…
Elmira zarafatından qalmadı:
–Məndə hamıdan çoxdu, Azərbaycan başıxarablığının üstünə Amerika və Avropa başıxarablığını da gəlin.
Sonya xanım əsnəyə-əsnəyə içəri, otağa gəldi:
–Ay qızlar, dilotumu yeyibsiniz, görürəm çox vacib məsələ ilə məşğulsunuz: kimin başı daha çox xarabdır? Uzun məsələdir. Daha bəsdi, gedin, yerinizi çoxdan düzəltmişəm, yatın.
Düz sözə nə deyəsən?! Qızlar – kimi başı ilə, kimi əli ilə razılıqlarını bildirdilər. Yatmamaq mümkün deyil, olmaz. Az yatmaq olar, amma bu yaxşı şey deyil. Çox yatmaq… o da olar, amma o da yaxşı deyil…
4- cü hissə
Gündüz və gecə
Bahar Tahirin telefonuna “Tahir bəy, nə vaxt zəng edə bilərəm sizə?” yazdı. Tahir Baharı aradı:
–Bahar, əzizim, necəsən? Yəqin bu arada dostlarınla doyunca danışıb qeybət qırıb əylənmisiniz. Buyur, bir sözünmü var? Eşidirəm.
–Eh, Tahir bəy, bilirsən ki, biz bir yerə yığışanda danışa biləcəyimiz tək şey dedi- qodudur.
–Öz aramızdır, dedi-qodu elə mənasız şey deyil, folklorun bir növüdür, indi geniş yayılıb, televiziyalar, internet kanallar əsasən dedi-qodu ilə məşğul olurlar.
–Tahir bəy, yadınızdadımı, Elmiraya Bakını göstərmək ideyası vardı?
–Hə. Mən hazır. Sabah, həftəsonudur, sərbəstəm.
–Alina ilə fikirləşdik ki, üçümüz də gələk. Əlbəttə biz Bakını yaxşı tanıyırıq. Amma sizə qulaq asmaq maraqlıdır, istirahət günümüzü izin versəniz sizinlə keçirərdik.
–Nə gözəl! Mən də bir gözələ deyil, üçünə birdən xidmət edərəm, üçqat həzz alaram. Mahnıda “İki sevda çəkənlərin cəzası var, ay aman” (24) deyilir. Rəhmətlik Hacıbaba gözəl oxuyurdu. Üç sevda çəkənlərin cəzası, təbii ki, daha ağır olar… Nizami və ya Sabirin heykəli yanında görüşsək olarmı? Saat 11-də?
–Çox yaxşı, Tahir bəy, çox sağ olun. Nizami! Sabaha kimi.
Bahar görüş təyin olunduğu barədə rəfiqələrinə xəbər verəndə Alina qaşlarını çatdı:
–Bahar, sabah günün birinci yarısı yağış gözlənilir, şəhərdə necə gəzəcəyik? Yəqin Tahir bəy də yağışı bilir, bir söz demədimi o?
–Yox, məmnuniyyətlə görüşək dedi. Tahir bəy adətən belə şeyləri bilmir, yəni havanın necə olacağını izləyən adamlardan deyil. Bir də ki, Alina, əslində nə gəzmək, nə şəhəri görmək? Bir yerdə oturub söhbət edərik, Tahir bəy danışar, biz qulaq asarıq. İmkan olsa gəzərik, olmasa da çox şey itirmirik, vacib olan bir yerdə olmaqdır.
Bahar bir an durdu və gülə-gülə davam etdi:
–Üç xanım və bir cəngavər. Cəngavər sözü hardan ağlıma gəldi, adətən centlmən (gentleman) deyirik. Üç ceyran və bir ovçu da demək olar və ya üç dəli ceyran və bir həssas ovçu!
Atmaca atmağı sevən Alina dura bilmədi:
–Məlum deyil kim kimi ovlayır, Tahir bəy üç dəli ceyranı, ya üç ərsiz rəfiqə bir ağıllı kişini?!
Tahir səhər yuxudan kal oyandı, gec yatmışdı, ortada qalxmış, ayaqyoluna gedib- qayıtmış, sonra bir müddət gözünə yuxu getməmişdi. Yuxu da görmüşdü, yuxunu yadına salıb gülümsədi. Gərnəşərək pəncərəyə yaxınlaşdı, pərdəni qaldırıb eşiyə baxdı. Yağış başlayır deyəsən, külək də var, güclü olmasa da zəif də görünmür, Bakı küləyidir, ağacların başı və uzun budaqları əməlli-başlı yellənirlər. Xanımlarla, Baharın komandası ilə görüşməliyəm, Bakını göstərməliyəm. “Yağma yağış, yağma yağış, mən görüşə tələsirəm”. O biri tərəfdən də “Külək, niyə belə əsirsən, külək?”. Hər məqama, hər hadisəyə aid yaxşı mahnılarımız var. Bəstəkarlarımıza eşq olsun!
Tahir ürəyində öz-özünə külək və yağış haqqında düşünürdü. Yağışı – göydən, buludlardan başaşağı, yan-yana yerə süzülən bu su dəstəsini külək dağıdır, adamların üzünə, otlara, kol və ağaclara, divarlara çırpır. Küləklə yağışın əl-ələ verib rəqs etməsi tamaşa kimi maraqlı olsa da, ləzzətli hava sayılmır. Hərçənd
düşünmək olar ki, dünyada baş verən hər şeyin, o cümlədən küləkli yağışın da öz azarkeşləri var. Amma, zəlzələ ya dağıdıcı seldən, ətrafı yandırıb kül edən yanğından kiminsə həzz ala biləcəyini təsəvvür etmək çətindir. Belə qəribə fikirlər hardan gəlib məni tapır görəsən? Hə, belə çıxır ki, zəhləm gedən papağımı da geyinməliyəm. Papaq geyinəndə güzgüdə özümü tanımıram, düşünmürəm ki, çirkinləşirəm, sadəcə, özüm də daxil olmaqla hamı başı açıq görüb məni, buna alışmışıq.
Tahir əl, ayaq, bel, boyun hərəkətlərindən ibarət qısa bədən tərbiyəsi, ilıq suda yuyunma və yüngül səhər yeməyindən sonra maşına mindi. Nizami heykəlinin yanına qədər 40-45 dəqiqəlik yolu var. Amma indiki zamanda yolları bilmək olmur, Allah eləməsin, ilişdin, heç nə edəmməzsən, başını yelləyə-yelləyə, of deyə-deyə gözləməlisən.
Tahir maşını yaxındakı dayanacaqda saxlayıb yaş yerə baxa-baxa Nizaminin heykəlinə doğru irəlilədi, yanaşı dayanmış Elmira və Alina`nı görüb yaxınlaşdı. Alina bir zamanlar dəbdə olan büzməli ətək geymiş, əlində alabəzək çətir tutmuşdu. Salamlaşdılar. Alina üzr istəyirmiş kimi cəld “Bahar yoldadır, beş-altı dəqiqəyə çatar” dedi.
Tahir güldü:
–Bahar gecikməyi sevmir, amma çox zaman gecikir. Dünyanın işi belədir: sevmədiyin hadisə ilə tez-tez qarşılaşa bilirsən. Gəlin Bahar gələnə kimi bu möhtəşəm heykəlin səkkiz üzlü özülü və ya ayaqaltısına fikir verək, hansına ki, çox zaman postament deyirlər. Baxın, üzün birində “NİZAMİ GƏNCƏVİ” altında “1141-1209” yazılıb, bu aydındır, şərhə ehtiyacı yoxdur. Digər yeddi üzdə, yeddi barelyefdə Nizaminin beş məşhur poema-romanından süjetlər təsvir olunub. Baxın.
Barelyeflərə nəzər salmaq üçün Tahir qızlardan gah birinin, gah da digərinin qolundan tutmaqla üçü birlikdə heykəl ətrafında bir dövr etdilər. Bu ziyarət dövretməsindən sonra Tahir bir qədər təntənəli səslə xanımlara müraciət etdi:
–Bu yeddi barelyefdə Nizaminin hansı əsərlərindən götürülmüş hansı səhnələrin təsvir olunduğunu deyə bilərsinizmi?
Və “buyurun” deyə əli ilə xanımları yaxınlaşıb barelyefləri öyrənməyə dəvət etdi.
İki rəfiqə bir-biri ilə xısınlaşa-xısınlaşa, gah irəli gedib, gah geri dönərək yavaş- yavaş heykəl ətrafında dolandılar. Daha bir dəfə öz aralarında məsləhətləşib Tahiri çağırdılar. Elmira üzündə və gözlərində oynayan valehedici təbəssümlə Tahirə baxdı:
–Tahir bəy, xəcalət çəkdik, utandığımızdan yerə girmək istədik, təəssüf ki, yer bizi qəbul etmədi. Yeddidən cəmi ikisini dəqiq bildik: “Xosrov və Şirin”dən Fərhad qayanı çapır – bunu, necə deyərlər, nənəm də bilər və Bəhram-gurun əjdahanı öldürməsi, bu da (Alinaya baxdı) “Yeddi gözəl”dən, eləmi?
Tahir şənləndi:
–Əla! Birinci: burda yerə girmək çətin məsələdir, hər yan daş lövhələrlə örtülüb. İkinci: bu süjetlərin hamısını bilən adam azdır, nə bilim, bəlkə mində bir. Ona görə kefinizi pozmayın. Gəlin digər süjetlər barədə sizə məlumat verim.
Tahir barelyefdəki süjetləri böyük məmnuniyyətlə izah və şərh etdi. Elə bu vaxt tələsə-tələsə gələn Bahar göründü. O, əlini yelləməklə hamını salamladı və qaydası üzrə Tahirlə qucaqlaşıb öpüşdü. Alina çox böyük bir hadisə haqqında xəbər verirmiş kimi şən həyəcanla üzünü Bahara tutdu:
–Ay Bahar! Gəl gör nələr öyrənmişik?! Gəl səni də Tahir bəyin bizə verdiyi dərslə tanış edək. Heç bilirsən Nizaminin bu heykəlinin postamentindəki şəkillərdə nələrdən danışılır?! Gəl…
Tahir Baharın dadına yetdi:
–Alina, Bahar bilir bunları, axı biz çoxdan tanışıq.
Bahar zarafatcıl qürurla bir Alinaya, bir Elmiraya baxaraq əllərilə bir neçə dəfə döşünə vurdu:
–Siz keçdiyiniz yolları mən çoxdan keçmişəm, əzizlərim. Bilmirəm sizdən soruşdumu Tahir bəy o yeddi barelyefdən neçəsini bilirsiniz, məndən soruşmuşdu ilk dəfə burda görüşəndə. Utanıb yerə keçdim o vaxt, zorla ikisini bilmişdim. İndi tanışlarımla burda görüşəndə qürurla onlara izah edirəm, “Sirrlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”nin hərəsindən bir, Xosrov və Şirin”dən üç süjet əksini tapıb burda.
Sonra Tahirə baxdı:
–Tahir bəy, havanı görürsünüz: yağış, külək. Gəzməli hava deyil. Bəs neyləyək? Bəlkə bir yerdə oturaq, yaxşı-yaxşı söhbət edək, siz Bakı barədə danışasınız və Elmira, yanında da biz, çaydan, kofedən ya şərabdan dada-dada, xumarlana- xumarlana qulaq asaq, feyzyab olaq? Nə deyirsiniz?
Tahir həyati vacib olmayan, vəziyyətə ciddi təsir etməyən məsələlərdə qərar qəbuletməni yanındakı dost, yoldaş, həmkarlara həvalə etməyi xoşlayırdı.
–Siz necə istəyirsəniz elə olsun. İstiqamət seçin, yer seçin, gedək. Yeri gəlmişkən, bura Bakının göbəyi sayıla bilər, ən gəzməli, görməli yerlər bu ətrafdadır. Piyada gəzmək yerləri, xoş, maraqlı yollar, marşrutlar burdadır: biri – aşağı, Fəvvarələr meydanı, ordan Nizami küçəsi ilə teatrlara tərəf, digəri – aşağı və Nizami ədəbiyyat muzeyindən sağa, bulvara doğru, daha biri – burdan Sabir bağına tərəf keçib İstiqlal küçəsi ilə yuxarı qalxıb sonra Filarmoniya bağı ilə bulvara doğru. Əlbəttə başda yer tutan əlahiddə yerimiz – yanımızdakı İçəri şəhər xüsusi qeyd olunmalıdır, orda müxtəlif istiqamətlərdə gəzmək, dolaşmaq mümkündür ta bulvara qədər.
Xanımlar pıçıldaşıb İçəri şəhər üzərində dayandılar. Qaldı restoranı seçmək.
Bahar “elə yer olsun ki, rahat söhbət edə bilək” dedi. Məsələ İçəri şəhəri çox yaxşı tanıyan Bahar və Alina arasında həll olundu, Elmira bir söz demədi.
Bugünkü bələdçi vəzifəsinin icrasına başlayan, hiss və sözlə dolu Tahir Bakının göbəyi adlandırdığı bu görüş yerinə həm daha bir dəfə öz ehtiramını bildirməklə sevimli Bakı haqqında söhbətə davam etdi:
–Baxın, xanımlar, fikir verin, bu yer, üstündə durduğumuz bu məkan dörd dövrün görüşdüyü yerdir. Üzümüzü Nizaminin baxdığı istiqamətə tutsaq sağ tərəfimizdə nə var? İçəri şəhər, yəni qədimlər, orta əsrlər. İrəlidə nə görürük? Nizami ədəbiyyat muzeyi – Rusiya dövrünün memarlıq abidəsi, o zamanlar karvansara və mehmanxana kimi fəaliyyət göstərib, dəfələrlə restavrasiya olunub, təbii ki, fasaddakı altı şair-yazıçımızın heykəlləri sovet dövründə qoyulub. Arxa tərəfdəki böyük yaşayış binasına “Monolit” deyirlər, Sovet dövründə tikilib. Nəhayət, sol tərəfimizdəki bina – avtomobil dayanacağı yeni-müstəqillik dövrümüzün məhsuludur. İndi o muzeyin fasadındakı altı heykələ baxın: M. Füzuli, M.P. Vaqif,
M.F. Axundov, X. Natəvan, C. Məmmədquluzadə və C. Cabbarlı. Sual olunur: fasadda niyə məhz onların heykəli qoyulub? Nizaminin bu böyük heykəli var, deməli orda Nizami heykəlinə ehtiyac yoxdur. Eyni şey Sabir üçün də keçərlidir, görürsünüz, sağda, bir az geridə, bağda Sabirin heykəli var. Ümumiyyətlə, o altı heykəldən beşi qüdrətli şair-yazıçılarımızı təmsil edir. Natəvan, əlbəttə, onlarla müqayisə olunacaq dərəcədə böyük deyil. Onun əvəzinə farsdilli şairimiz Xaqani, böyük Nəsimi (ən doğru namizəd?!), 20-ci əsr böyüklərimizdən H. Cavid ola bilərdi. Natəvanın müasiri S. Ə. Şirvani və yaşlı müasiri Q. Zakir də Azərbaycan ədəbiyyatında daha böyük yer tuturlar. Xan qızı Natəvan, əlbəttə istedadlı şair və xeyrxah xanım olub, Nizami Ədəbiyyat Muzeyi fasadındakı qüdrətli şair-yazıçıların heykəlləri sırasına, yəqin ki, gender balansı üçün daxil edilib. Olsun.
⁕ ⁕ ⁕
Bir kişi və üç xanımdan ibarət dinc Bakı əhli İçəri şəhərin sayılıb-seçilən restoranlarından birində oturub ürəklərin istədiyi və mədələrin məmnuniyyətlə qəbul edəcəyi yemək və içkiləri sifariş etdilər. Əsas yemək seçimində Tahir və Elmira şorba və balığa, Bahar və Alina bər-bəzəkli sac-kababa, içkidə isə mülayim (“quru”) ağ və qırmızı Azərbaycan şərablarına üstünlük verdilər. Şirin söhbətdən doymaq olmur, yemək-içmək gələnə qədər söhbətə meydan açmaqdan gözəl nə ola bilər?!
Alina Nizami heykəlindəki əhvalata qayıtdı, müqayisə aparmaq istədi:
–Bahar, sən Nizamidəki hansı iki barelyefi oxuya bilmişdin?
–Fərhadın qayanı çapmasını, o biri nəydi, unutmuşam.
Alina güldü:
–Elmira yaxşı dedi: “onu nənəm də tapar”
Tahir sol əlini çənəsinə dayayıb onları dinləyirdi. O, dodaqlarını yumub-açıb söhbətə qarışdı:
–Qayanı çapan Fərhad bir çox xalqların folklorunda yer tutub, dastan qəhrəmanı
kimi məşhurdur. Sizə maraqlı bir əhvalat danışa bilərəm, çağdaş Fərhad deyə biləcəyimiz gerçək bir adam haqqında, əlbəttə qısaca. Şərqi Hindistanın Bihar ştatında kiçik bir kənddə Daşrath Manchi (Dashrath Manjhi) adında bir adam vardı, sadə kasıb fəhlə. 1959-cu ildə onun sevimli arvadı dağdan düşəndə əzildi, böyük yara aldı. Yaralını qısa vaxtda yaxındakı böyük məntəqəyə, ordakı həkimə çatdırmaq mümkün olmadı, qadın öldü. Həmin məntəqə yaxında olsa da, aranı kəsən böyük qayalı dağa görə ora ancaq uzun dolanbac yolla getmək mümkündü.
Qəmə batan kişi qayaları çapıb qısa yol açmaq fikrinə düşdü. O, 22 il ərzində (1960- 1982) hər gün əlində çəkic və iskənə qayaları çapmaqla məşğul oldu; fikir verin, çəkic və iskənə ilə, iynə ilə gor qazmaq kimi. Ona “başı xarab olub” deyirdilər.
Nəticədə bu kişi dağı yardı, uzunluğu 110 m, eni təqribən 9 m və dərinliyi 7-8 m olan yol açdı. “Dağ adamı” adı alan bu kişi məşhur oldu, 2015-ci ildə onun həyatı əsasında bədii film çəkildi.
Elmiranı dərindən nəfəs aldı, onu həyəcan bürümüşdü,:
–Allaaah, dünyada nələr olur… Gör nələrdən xəbərimiz olmur – maraqlı hadisələrdən, insani şeylərdən. Bildiyimiz, eşitdiyimiz siyasi və bir də bəd xəbərlərdir – ölüm-itim, qan-qırğın, zəlzələ, sel, yanğın, vulkan püskürməsi, torpaq sürüşməsi, qar uçqunu, tufan, sunami, pandemiya… Qorxunc xəbərlər əsəblərimizə təsir edir, başımızı xarab edir, yuxumuza girir.
Tahir tez dilləndi:
–Elmira xanım, yuxu dediniz yuxum yadıma düşdü, bu gecə gördüyüm qəribə yuxu. Bəzi yuxular başımıza gələn gündəlik hadisələrə bənzəyir, onlara təbii ya normal yuxu demək olar. Amma, nədənsə yuxuda heç ağla gəlməyən, kökü bəlli olmayan hadisələr də görürük. Yəqin bu səbəbdən həyatda ağlagəlməyən bir hadisə baş verəndə, bu qəribəliyi qeyd etmək üçün “yatsa yuxusuna girməzdi” deyirlər. Hə, yuxuda gördüm ki, maşınla bağdan şəhərə gedirəm. Yağışlı gün idi, elə bu günkü kimi. Bağırov körpüsünə yaxınlaşanda gördüm ki, körpünün altını su tamam basıb. “Yəqin kanalizasiya tutulub, belə şey olarmı? «Azərsu»dur, ya nədir, kimdir bu işə baxan – yaxşı işləmir” deyə maşını saxladım. Hardansa bir tanış adam çıxdı, yaxınlaşıb məni məzəmmət etdi: “Ay Tahir, axı belə olmaz, bu körpüləri. altındakı kanalizasiyanı araşdırın, dərdini-azarını bilin, düzəldin. Azərbaycanda nə qədər körpü var ki?!”. Mən dillənə bilmədim. Bu məsələnin mənə dəxli yoxdu, digər yandan isə, tanışım yəqin mənim inşaatçı olduğumu, körpü işi üzrə təcrübəm olduğunu bilirdi ki, ərk etdi, etirazını bildirdi, “belə olmaz” dedi. Yuxumu yoza bilmədim. Su aydınlıqdır. Amma o su kanalizasiya suyu idi – aydınlıqdan uzaq, çirkli.
Tahir bu gün Elmiraya Bakını göstərməli idi və bu işə başlamışdı. Elmira, öz növbəsində, öyrənməyə maraq göstərirdi:
–Doğrudan Azərbaycanda körpü çoxdumu? Yəqin burda Avropadakı kimi maraqlı körpülər yoxdu, eləmi? Bir də, “Bağırov körpüsü” adı hardandı?
Tahir körpünü bir abidə kimi, bir sənət növü kimi sevirdi və sözsüz, yaxasını körpü məsələsindən qırağa çəkmək fikri yoxdu:
–Körpülərimiz çoxdur, irili-xırdalı, sayını bilmirəm. Yol varsa, çay varsa, körpü də var. Qaldı Bağırov körpüsü məsələsi. İndi körpü olan yerdən uzun illər qatar yolu keçib. “Yoldaş Bağırov” avtomobil yolunu kəsib keçən parovoz və qatarları gözləməli olurdu, bəzən çox gözləmək lazım gəldiyi üçün hirslənirdi. 1950-ci ildə çarə tapıldı – körpü tikildi! Qoy maşınlar körpünün altından, qatar isə üstündən keçsin, bir-birinə mane olmadan.
Alina uşaq kimi sevinmək qabiliyyəti ilə fərqlənirdi. İndi körpü mövzusu onu tutmuşdu:
–Tahir bəy, çay varsa körpü də var, bəzi körpülərin, xüsusilə böyük çay üzərindəkilərin, yəqin ki, bir tarixi olur…
Tahir Alinanı süzdü, nəsə düşündü, yəqin Alina barədə… Sonra davam etdi:
–Azərbaycanda bir neçə tarixi körpü var. Qədim “Qırmızı körpü”, başqa adı ilə “Sınıq körpü” 12-ci əsrdə Kür çayının sağ qolu – Xram çayı üzərində tikilib. Digər tarixi körpü Araz çayı üzərində 12-13-cü əsrlərdə tikilmiş “Xudafərin körpüsü”dür, əslində bir-birinə yaxın eyniadlı iki körpüdür. Qubada, Qudyalçay üzərindəki “Tağlı körpü” (və ya Qırmızı körpü) də maraqlı abidədir, 19-cu əsrin məhsuludur.
Bu yerdə Tahir Elmira tərəfə baxdı:
–Elmira xanım, sağ olsun, Avropada maraqlı körpülərin olduğunu dedi, Avropa və Amerikanı yaxşı tanıyır, yəqin ki, məşhur körpülər olan şəhərlərin əksəriyyətini görüb, çoxunda bir müddət qalıb, yaşayıb. Dünyada tanınan, sevilən məşhurların bir çoxunu mən də görmüşəm, London, Paris, Prague, Florence (Firenze), Venesiya (Venezia), İsfahan, San Francisco, New York və digər şəhərlərdəki körpülərdə gün keçirmişəm.
Elmira borclu qalmadı, məsələnin lirik tərəfinə toxundu:
–Tahir bəy, körpü söhbəti çox xoş oldu, sağ olun, maraqlıdır. Körpü iki tərəfi birləşdirən yoldur, vacib mühəndis-memarlıq abidəsi kimi fiziki yaxınlığı saxlayır. Hər yol özü əslində bir körpüdür, Gəncə və Bakı arasındakı asfalt yol Gəncə və Bakını birləşdirən uzun körpüdür. Elə deyilmi?! Amma mənəvi yaxınlıq da körpü anlayışına gətirib çıxarır, qəlblər arası körpüdən danışırlar. Məktəbdə rusca oxumuşam, amma evimizdə Azərbaycan ədəbiyyatı sevilir, oxunur və təhlil olunurdu. Yadımda qalıb:
Gözüm gözünüzdən uzaq olsa da
Könüldən könülə yollar görünür. (25)
Alina gözlərini geniş açıb heyran-heyran, təəccüblü nəzərlə Elmiranı süzdü, “bəh-bəh” deyib əl çaldı.
Tahir məmnuniyyətlə Elmiranın qurduğu cazibəli tora düşdü:
–Elmira xanım, gözəl mövzuya toxundunuz. Körpü birləşdirir, sədd ayırır. Körpüləri yandırmamaq, əksinə yeni körpülər salmaq lazımdır. Məni lirik kənaraçıxma etməyə, lirik ricətə sövq etdiniz. Siz xanımlar, maşallah, uşaq deyilsiniz, yetişmiş insansınız, anlayıb qəbul edəcəksiniz sözümü. Kişi ilə qadın arasında romantik təması, toxunmanı, birləşməni təmin edən körpü nədir?! Öpüş!. Bilirsiniz ki, ədəbiyyatda çox işlənən sözdür. İnternetdə gördüyüm bir şeirdən bir parça yaddaşıma hopdu:
Sevgililər can eşidib, can desələr Məhəbbətin şiddətindən titrəsələr Könüllərə körpü salsa şən busələr
Yaşamağa nə var ki?! (26)
Alinanın bədii-musiqili ruhu bu yerdə sakit dura bilməzdi, canlandı, cuşa gəldi:
–Eee… mahnımız yadıma düşdü, orda yaman deyilir: Dedim: bir busə ver, bir busə ver, xanım, amandır
Dedi: vermərəm, vermərəm, vermərəm, halım yamandır.
Alina bunu astadan avazla oxudu, mahnı dəlisi olan Tahir də ona qoşuldu, üstəlik barmaqlarını masanın üstündə gəzdirməklə onu müşayiət etdi. O, göz altından Baharı süzüb ürəyində öz-özünə güldü: mahnıdakı zalım qızı busədən qaçmaqda Baharın günündəymiş. Sonra bir dəqiqləşmə apardı:
–İkinci misrada “halım yamandır” əvəzinə “məgər talandır?!” deyənlər də var, bəzən də dalbadal hər iki variantı oxuyurlar.
Bahar söhbətə qarışdı, yəqin öpüş körpüsü mövzusunu qapayıb Tahiri gerçək işə qaytarmaq zamanı gəlmişdi:
–Tahir bəy, Elmiranı Bakı şəhəri ilə tanış edəcəkdiniz. Nizami heykəli yanındakı söhbətlə bu işə başladınız. Amma körpü yaman araya girdi…
Alina cəld qeyd etdi:
–Ay qız, Elmira dedi ki, körpü araya girmir, əksinə birləşdirir. Amma, Bahar bir şeyi düz deyir, Tahir bəyə qulaq asaq.
Tahir özü atmaca sevəndir. Baharın eyhamı və replikası, yerdən söz atması Tahirin xoşuna gəldi, Bahara baxa-baxa ürəkdən güldü:
–Düz deyirsən, ay Bahar, bələdçi vəzifəmi unudub lirikaya cummuşam deyəsən. Elmira xanım Bakıda doğulub, orta təhsilini və mən bilən ali təhsilinin də azı bir hissəsini Bakıda alıb. Sonralar da bir müddət Bakıya gedib-gəlib. Bakıya aid nələrisə bəlkə məndən də yaxşı bilir. Adətən, bir şəhərə gedəndə əvvəlcədən onun görməli, diqqətəlayiq yerlərini, marağımıza tuş gələn məkan və abidələrini müəyyən edirik. Hamısını görmək imkanımız, vaxtımız məhdud olduğuna görə ən vacib saydıqlarımıza baş çəkməklə kifayətlənməli oluruq. Bakıya gələnlər nəyi görsələr yaxşıdır? İçəri şəhər, oranın dar küçələrini, qala divarlarını, Qız qalasını, Şirvanşahlar sarayını. Bulvarı – bir müddət içində gəzməklə. Elmira xanım bunları bilir. Muzeyləri? Parisdən, dünyanın muzey cənnətindən gəlmiş xanım üçün bizim Tarix muzeyi, İncəsənət muzeyi çətin maraqlı olsun. Bəlkə xalça muzeyi?! Teatrlar?
Məncə ayrı-ayrı tarixi binalar və bir neçə yeni memarlıq abidələri maraqlı olar. Alış-veriş mərkəzləri maraqlı deyil Parisli xanıma. Bəlkə Bakı ətrafı – Qobustan, Yanardağ? Diqqətəlayiq abidələr içində heykəlləri sevirəm. Heykəl həm sənət əsəridir, həm də milli tarixə və mədəniyyətə baxışdır. Bakıda Sovet dövründə gözəl heykəllər qoyulub: Nizami, Füzuli, Sabir, S. Vurğun, N. Nərimanov, C. Cabbarlı, Ü. Hacıbəyov, Azad qadın, Natəvan və bir çox başqaları, Sovet dövründə qoyulan heykəl və abidələrin bir hissəsi söküldü, yox edildi – Kirov, Lenin, M. Əzizbəyovun heykəlləri kimi, 26-lar xatirə abidəsi kimi. Müstəqillik dövründə də xeyli heykəl ucaldılıb. Hər heykəlin öz həyat tarixcəsi, öz yaddaqalan hekayəsi var… Vallah, nə deyim, hamınız Bakılısınız.
Və adəti üzrə gözünü yarıyumub avazla oxudu:
–Bakılı qız, paytaxtımın gözəlisən.(27)
Elmira sağ əlini üzünə dayayıb diqqətlə qulaq asırdı, O, sifarişçi idi, Tahir isə təşəkkürə layiq icraçı-bələdçi:
–Çox sağ olun, Tahir bəy! Çox yaxşı, ümumiləşdirici xülasə oldu. Heykəlləri sevirəm, bir də bəzi milli tamaşalar üçün bəzi teatrlara, xüsusilə Azərbaycan opera və balet teatrına getmək olardı. Nə zamansa Parisə gəlsəniz, məmnuniyyətlə sizi şəhərdə gəzdirərəm.
Alina doğma şəhərə sevgisini izhar etdi:
–Bakı çox gözəldir, hər yerdən gözəldir, Bakını çox sevirəm.
Bahar da ona qoşuldu:
–Eh, Bakını kim sevmir ki?! Doymaq olmur Bakıdan. Gündüzündən də, gecəsindən də. Hə, danışıq dananı qurda verər. Yeməklər soyumasın, badələrimiz də şərabla dolsun. Tahir bəyin sağlığına!
O, Tahirlə badələrini cingildədib əlavə etdi:
–Üç hay-küylü qadının, üç dəli ceyranın arasında qalıb Tahir bəy, bilmir neyləsin, hərəsi bir cür dəlidir, hərəsi bir cür ceyran, kimə, hansına baxsın. Allah köməyinə çatsın!
Yemək-içmək zamanı danışıq minimuma endi: qısa cümlələr, qısa ifadələr üstəgəl bədən dili. Ofisiantla əsasən Bahar danışırdı, tez-tez onu çağırır, məclisin istək və tələblərini bəyan edir, onu vaxt, dad və keyfiyyət barədə düşünməyə vadar edirdi. Baharın keyfiyyətə nəzarət üsulu maraqlıdır: süfrəyə gətirilən yemək- içməyin hansından şübhələnirsə onun dadına baxır, sonra onun maddəsini və necə hazırlandığını soruşur, “əti hardan alırsınız? çörəyi özünüzmü bişirirsniz?”, lazım bilsə göstəriş verir, elə yox, belə edin deyir.
Bahar çay dəstgahı sifariş etməyə başladı. Alina ona kömək edirdi. Elmira Tahirə gözləmədiyi bir sualla müraciət etdi:
–Tahir bəy, niyə inşaat şirkəti qurmaq fikrinə gəldiniz? Yəqin bu təsadüfən, birdən- birə olmadı. Nə vaxt başladınız bu işi?
Tahir başı ilə hə deməklə sanki sualı bəyəndiyini təsdiq etdi. Başını bir az yuxarı qaldırıb sağ əlini çənəsinə, şəhadət barmağını üzünə dayadı, yəqin fikrini toplayırdı:
–Elmira xanım, sizin sualınız əslində “mən həyatımın mühüm bir hissəsini necə yaşamışam?” sualına tən gəlir, çünki bu dövr həyatımı əsasən bu şirkətə həsr etmişəm, bu şirkətlə nəfəs almışam. İnşaat mühəndisliyi üzrə müxtəlif ölkələrdə təhsil aldım, tədqiqat apardım, təcrübə qazandım, nəzəriyyə ilə praktikanın vəhdətini duydum. Inşaat işinin bütün çalarlarını, incəliklərini duymaq, öyrənmək üçün tikintinin mövcud olan, ağla gələn hər sahəsində hər növ iş təcrübəsi qazanmağa üz tutdum: Layihədən və tikinti meydanından başlamış torpaq, daş, dəmir, beton, taxta işləri, dam örtüyü, montaj işi, fasad işi, daxili bəzəmə işləri, bütün texnoloji işlər – elektrik, havalandırma, isitmə, santexnika, izolyasiya və daha nələr, daha nələr. Özüm də fəhlələrlə yanaşı çalışdım. Yadımdadır bir ara göydə, yuxarıda montaj işi görürdüm, hər gün. Aşağı enəndə, yerə tez öyrəşə bilmirdim, bir müddət ayağımı ehtiyatla, qorxa-qorxa atırdım. Sovetlərin dağılması ərəfəsində müxtəlif sahələrdə özəl təşəbbüslərə meydan açıldı, ilk növbətə ticarətə, xidmət bölməsinə, inşaata, sonra istehsala, təhsilə… İnşaat işi ilə məşğul olan şirkət növləri, onların fəaliyyət dairələri, texnoloji təminatı, idarəetmə üsulları, yerli şərait və mühitin nəzərə alınması kimi təməl məsələlər üzərində düşündüm. Başlanğıc dövr üçün işlək bir model qurdum, inkişaf etdikcə, böyüdükcə idarəetməni və ümumiyyətlə, işi təkmilləşdirməyə çalışdım. Elmira xanım, ilk baxışdan qəribə görünsə də, inşaat şirkəti qurmaq fikrinə gəlir əldə etmək üçün gəlmədim!
Deyəcəksən bu necə ola bilər? Mən, öz fikirlərimi və dünya təcrübəsindən yaradıcı şəkildə bəhrələnmək arzumu həyata keçirmək istəyirdim. Bu yolda nə hökumətdən, nə də hansısa güclü bir insandan kömək ummadım. İnandığım bacarıqlı mütəxəssisləri işə cəlb etdim, öz ideyalarımı, gələcək inkişaf haqqında düşüncələrimi ətrafımda cəm olmuş insanlara söylədim, onları inandırdım, ruhlandırdım. Kiçik işlərdən başladıq, işdə peşəkar səviyyə nümayiş etdirdik, etibar qazandıq. Əldə olunan gəliri tamamilə maaşlara və şirkətin gücləndirilməsinə sərf etdim. Şirkət addım-addım böyüməyə və daha idi sifarişlər almağa başladı. İşçilərin təliminə böyük önəm verdim, təlim üçün xaricdən mütəxəssislər cəlb etdim, təlimin xərclərini də əksər hallarda xarici qaynaqlardan ala bildim. Çoxqütblü, kolleqial, çevik idarəetmə modeli qura bildim. Effektliliyi və keyfiyyəti “hamının iştirakı vacibdir” fikrini vurğulamaqla və mərkəzi nəzarət yolu ilə təmin etməyə çalışdım. Hər işçi birbaşa mənə müraciət edib fikrini və ya dərdini söyləyə bilirdi. Elm, təhsil və mədəniyyətlə bağlı tikinti işində, həmçinin bölgələrdə aparılan inşaatda güzəştlər etməyi özümə borc bildim. Bilmirəm bu məlumatla sizi qane edə bildimmi?
Elmiranın üz ifadəsindən onun həzz aldığı göründü:
–Təşəkkür edirəm gözəl təqdimata görə! Tahir bəy, təbrik edirəm belə gözəl iş qurduğunuza görə. Vuruldum şirkətinizə!
Bahar başını qaldırdı:
–Şirkətə yox, şirkəti qurana vurulmaq təbiidir, ay Parisli xanım!
Tanıyanların “ürəyi qızıldır” dedikləri Alina fikir ayrılığının böyük olmadığını qeyd etməyi özünə borc bildi:
–Tahir bəy bu şirkətlə nəfəs alıram demədimi?! Şirkətə vurulmaq deyəndə, yəqin ki, o şirkətlə nəfəs alan şirkət sahibinə vurulmaq başa düşülür!
Elmira ortaya daha bir vurğunluq mövzusu atdı:
–İnşaat mühəndisi və ümumiyyətlə mühəndislik və texnologiyanın inkişafında fizika həlledici rol oynayır. Fizika çox vacib və çox gözəl elmdir. Təəssüf ki, orta
məktəb mənə fizikanı sevdirməyib, riyaziyyatdan fərqli olaraq. Elmi-populyar ədəbiyyata həvəsim olub, həmişə – son vaxtlar daha çox oxuyuram. Nəticədə fizikaya vuruldum.
Bahar güldü:
–Elmira, nə olub sənə, gah inşaat şirkətinə vurulursan, gah fizikaya. Amma, onu da deyim ki, mən də fizika vurğunuyam.
Alina sağ əlini biləyindən sağa-sola yelləyə-yelləyə “ay-hay” dedi və davam etdi:
–Mən orta məktəbdə fizika və riyaziyyatı yaxşı oxumuşam, ali məktəbə elektrik mühəndisliyi ixtisasına qəbul olunmuşam, fizikanı eninə-uzununa öyrəndim, elektronika öyrəndim. Sonra nə oldu? Heç nə. Mühəndisliyi buraxdım, ticarət və istehsalat şirkətlərində çalışmağa başladım. İndi siz gedin fizika öyrənin, uğur olsun. İstəyirəm öyrənəsiniz, amma ay öyrəndiniz ha, ölmüşdü fizika – sizə təslim ola. Nə işlə məşğuluqsa, ona davam edək, orda dərinə gedək, gedə bilsək.
“Dünyanın tərs ahəngi də var: adam çox halda əlində olanı qiymətləndirmir, əlində nə yoxdursa, onu əldə etmək istəyir”.
Elmira Alinanın dediklərini təbəssümlə qarşıladı:
–Siz məni inşaat şirkətinə və fizikaya vurğunluqda tutdunuz. Alinanın da vurğunuyam, – deyib, Tahirə tərəf döndü:
–Tahir bəy, sonuncu sualımı verə bilərəmmi sizə? Bağışlayın, sizi istismar edirik.
Tahir sadəcə “o nə sözdür, əlbəttə” dedi. Bahar araya girib izahat verdi:
–Elmira hər şeylə maraqlanır, hara gedirsə oranı yaxşı başa düşməmiş, öyrənməmiş geri qayıtmır. Görünür ki, vətən onu özünə çəkir, özü tərsini söyləsə də. Gəlib, soruşur, öyrənir, bilmək istəyir. Sizdən də, maşallah, çox şey öyrənmək olur.
Tahir Elmiranı ürəkləndirdi:
–Buyurun, Elmira xanım, sualınıza cavab verməyə gücüm çatsa, qulluğunuzda hazıram.
Elmira bir az utanan, tərəddüd edən kimi göründü, çəkinə-çəkinə dilləndi:
–Mənim Azərbaycandan uzaq düşməyimin bir səbəbi sadəcə ağlımın azlığı və normal adam olmamağımdır, digər ciddi iki səbəb yaltaqlığın yayılmasından və rüşvət hadisələrindən bezməyim oldu. Xarici şirkətin Azərbaycan təmsilçiliyi rüşvətə görə ad çıxarmışdı və mən onunla mübarizə aparmalıydım. Nəsə… İndiki vəziyyəti bilmirəm, əvvəllər rüşvət hər yeri bürümüşdü, özünüz yaxşı bilirsiniz, mənim deməyimə ehtiyac yoxdur. Rüşvət almayan, təmiz, saf insanlar çoxdur.
Ancaq mən bir şeyi bilmək istəyirəm: rüşvət vermədən işləmək mümkündürmü? Dediyim kimi rüşvət almadan yaşayan, işləyən çoxdur. Bəs rüşvət verməyən iş adamı varmı, olubmu? İndini bilmirəm, o vaxtları deyirəm.
Tahir heyran-heyran Elmiraya baxdı:
–Elmira xanım, hardan gəldi ağlınıza bu dəhşətli sual? Sizə qısaca cavab verim. Bir sıra insanlar rüşvət ala bilməzlər, mənəviyyat buna yol vermir. Sən özün də dedin ki, belələri çoxdur. Qaldı əsas sual: iş adamı rüşvət vermədən iş görə bilərdimi o zamanlar? Və indi necədir vəziyyət? Mən öz əlimlə heç kimə rüşvət verməmişəm, ancaq əvvəllər tikintiyə izin almaq üçün köməkçilərim gedib bir neçə yerdə, gərək ki, üç yerdə rüşvət verməli olublar, əks halda qulağının dibini görərdin, tikintiyə icazəni – yox. İndi isə ölkədə rüşvət kəskin dərəcədə azalıb. İşimizi rüşvət vermədən görürük, çünki rüşvət tələb etmirlər, hərçənd ki, izin üçün hökumət rüsumları əvvəlki rüşvətin miqdarından çoxdur, üstəlik izin prosesi çox bürokratikləşib, çox uzanır. Dediyim kimi, rüşvət kəskin surətdə azalıb, “Asan xidmət” deyilən təşkilat insanların sənədləşmə ilə bağlı çox işini doğrudan da asanlıqla və qısa zamanda görür, bürokratik əngəllərin bir qismini aradan qaldırıb. Ümumiyyətlə isə, bəlli yerlərdə rüşvət var, məsələn polisdə. Bəzi idarələrdə rüşvətlə iş görüldüyünü eşidirəm, rüşvətlə iş görənlərin adları çəkilir, hansı iş üçün nə qədər rüşvət alındığı deyilir. Mən, əlbəttə, müxtəlif sahələrdə vəziyyəti tam qiymətləndirmək iqtidarında deyiləm.
Elmira razı qaldığını sözlə deyil, daha effektli şəkildə göstərdi – yüngül hindsayağı təzimlə – iç tərəfdən bitişdirdiyi əllərini döşündə tutub başını azca əyməklə.
Alina isə ümumi məmnunluğu ənənəvi üsulla – qulağa tanış təntənəli sözlərlə,
ona xas olan hiss-həyəcanla ifadə etdi:
–Tahir bəy, sizi görmək, sizin söhbətinizə qulaq asmaq, sizdən öyrənmək bizə ləzzət verir, sizinlə birlikdə keçirdiyimiz vaxt ən xoş günümüzə, ən xoş saatlara çevrilir. Təşəkkür edirik və… hərdənbir görüşmək imkanı yaratmağınızı xahiş edirik. Gözəl Elmira xanıma sizinlə ünsiyyətdə, sual-cavabda orijinallığına görə sağ ol, sağ ol, sağ ol deyirəm. Gözəl Bahar xanımsız belə xoş məclis baş tutmazdı, bizi ustalıqla idarə etdi, xərci həmişəki kimi Tahir bəy çəksə də. Tahir bəy, bir dəfə Aşıq Ələsgərin şeirini demişdiniz, o qədər xoşuma gəlmişdi ki, yazdım, sonra əzbərlədim, orda deyilən tərif Bahara yaraşır: “Afərin, əhsən, malades! Cahanda yoxdu tayın, dünyada təksən, maladеs!” Mən də sizləri sevən bir dinləyici, bir müşahidəçi kimi özümü çox şanslı sayıram, səadətə qərq oldum bu gün, bu gecə.
Sağ olun, sizləri çox sevirəm!
Hissləri aşıb-daşan Alina Baharı, sonra Elmiranı qucaqlayıb öpdü və Tahirə tərəf döndü. Tahir ona yaxınlaşdı, əllərini azca yana açıb “bəs mən?” dedi; Alina onu da qucaqladı və… qıp-qırmızı oldu.
⁕ ⁕ ⁕
Üç rəfiqə Tahiri şəfqət dolu gözlərlə yola salıb fikrə daldılar. Bahar gərnəşib bərkdən “off” dedi, Elmira sağ əli ilə yavaşca üzünü şapalaqladı, bu, yəqin ki, sığallamanın bir şəkli idi, Alina isə başını, saçlarını və qaşlarını səliqəyə salıb tumarlandı. Ruhən dincəlmiş, qəlbən incəlmiş, yemək-içmək və söhbətdən məst olmuş, nəşələnmiş qadınlar bir-birini süzür, deyəsən “indi nə edək?” sualına cavab axtarırdılar. Çay içmişdilər. Bahar “gəlin qəhvə içək” dedi. Gecənin xoş əhvalını, kef havasını kim uzatmaq istəməz?!
Alina təşəbbüs göstərdi:
–Gəlin gedək bizə, o günkü kimi yaxşı-yaxşı dərdləşək, anam da qızları gətir deyir, ürəyi sizi istəyir, -deyə rəfiqələrini evə dəvət etdi. Bu nəşədən sonra hərə öz evinə getsə, bir az qurdalanıb yatmağa üz tutacaqlar, ayrı nə ola bilər ki?!
Vəziyyətə Bahar da müdaxilə etdi:
–Mən tək qalıram evdə, çox böyük olmasa da, bizə bəs edər. Çox səliqəsiz olsa da,
mənim evimdir, qapıları taybatay üzünüzə açıqdır. Adətən mən həftəsonları ata evinə, valideynlərimin yanına gedirəm, ona görə evi yığışdırmamışam, səliqəsizdir. Amma, sizdən nə gizlədim, evim çox zaman, lap düzünü desəm hər zaman səliqəsizdir, çünki evi nizama salmağa vaxtım olmur. Deyəcəksiniz ki, səbəb vaxtda deyil, sənin özündədir, mən də nəm-nüm edib axırda sizinlə razılaşacam. Alinagilin evindəki gözəlliklə tanış olandan sonra mənim mənzilimi görəndə kefiniz pozula bilər. Amma, qəbul edin. Gedək bu zavallı bəndənizin fəqir evinə.
Elmira sakit, ancaq ötkəm səslə öz dəvət-təklifini irəli sürdü:
–Bizim burda, yaxınlıqda evimiz var, köhnə evimizdir. Valideynlərim təzə evdə yaşayırlar, mən gah orda, gah burda qalıram, kefim necə istəsə o cür. Gəlin gedək bizim yaxınlıqdakı köhnə evimizə. Böyükdür, həyət evidir. Amma evdə soyuducu boşdur, yemək yoxdur, çay-zad üçün isə hər şey var. Gərək özümüzlə bir az xırda- xuruş yemək götürək, uzun gecədə aclıq hiss edə bilərik. İşimizi bilmək olmaz, biz dəlilərdən Allah da baş açmaz,
Bahar təslim bayrağını qaldırdı, eyni zamanda yemək ehtiyatını necə əldə etmək mümkün olduğunu da söylədi:
–Bir az irəli gedəndə küçədə balaca bir yer var, iki cür çox yaxşı, dadlı piroq bişirib satırlar orda, yanında da yaxşı qəhvə verirlər, adamlar hər ikisi üçün növbəyə dururlar. Ordan tədarükümüzü görüb Parisli xanımın Bakıda qonağı olaq.
Alina Elmiranın qoluna girdi, Bahar isə yəqin ki, liderlik ruhundan qaynaqlanan bilincaltı istəklə azca irəlidə, evə doğru getməyə üz tutdular. Bir az getmişdilər ki, Alina sağ tərəfdəki yazını oxudu:
–Cleopatra Tattoo. Burda Tatu salonu varmış. Bahar sözü tamamladı:
–Bakıda nə yoxdu ki?! Avropa, Amerika, Yaponiya, Çin, Hindistan, hər yer, hər şey. Tatu salonları da adi şey olub.
Evə yaxınlaşanda iki kiçik satış məntəqəsi gördülər, hər birində 10-15 nəfərlik növbə, Türkiyəlilər demişkən, “quyruq” dayanmışdı. Əksəriyyət gənclər idi, cürbəcür geyimlərdə, qızlar arasında uzun ətəkli don geyinənlər də vardı – Bahar
kimi, gödək geyinənlər də, dəlikli-deşikli cins şalvar geyinənlər də, ənənəvi parçalardan tikilmiş şalvarda olanlar da, iki qız başı örtülü idi. Əcəb gecə həyatı var Bakıda, elə bil evdən beziblər. Elə səhər həyatı da dəyişib, qəribələşib. Xeyli adam səhər yeməyi üçün restoranlara üz tutur, adamlar “gəl filan yerdə səhər yeməyində görüşək” deyə birləşib laqqırtı vururlar. Ənənəvi dəyərlərin aşınması, gur, qarışıq gecə həyatı, gecə barlarında ənənəvi əxlaqa zidd fəaliyyətlər, bədəni tatu eləmək, plastik cərrahiyyə ilə görkəmi dəyişmək, xüsusilə dodaqları şişirdib ördək dodaqlarına bənzətmək, üçüncü cinsin təbliği, televiziya kanallarındakı dedi-qodu və şitlik, zövqlərin korlanması, yeni görüntü və davranış qaydalarının qəribəliyi yaşlı və ya köhnə adamları çaşdırır, bəzilərini haldan çıxarır. Onların öz gənclik və yetkinlik çağlarındakı həyat tərzi bugünkündən xeyli fərqli olub. Onlar dövrün dəyişdiyini, dəyişmənin zəruri olduğunu, əlbəttə, başa düşürlər, sadəcə, bu yeni yaşam üsulunu, yeni qaydaları, onların nəzərincə özbaşınalığı, vicdansızlığı, qaydasızlığı, sistemsizliyi bəyənmirlər, bu da onların haqqıdır.
Elmira həyətə daxil olmaq üçün küçə qapısındakı düymələrin bəzilərini ordakı rəqəmlərə uyğun olaraq basdı, bu əməliyyat barmaqların pianino dilləri üzərində sürətlə gəzişməsini andırdı. O, qapını açıb “həyətimizə xoş gəldiniz” dedi. Bahar burda bir neçə dəfə olmuşdu, o da, Alina da həm ətrafa, həm də nədənsə göyə baxa- baxa mənzilin qapısına çatdılar. Elmira bu dəfə çantasından açar çıxardı, onu qapıdakı deşiyə salıb iki dəfə burdu, qapını açıb “hə, gözəllər, xoş gəldiniz” dedi.
Ayaqqabılarını çıxartdılar ki, rahat olsunlar.
Alina divarların hündürlüyünü görüb “Ay Allah! Elmira, divarın hündürlüyü nə qədərdir, 4 metr olarmı?” deyə ucadan səsləndi. Elmira “eh” deyə əlini yellədi, yəni “nə bilim?!” və ya “nə mənası var?!”.
Bahar divara baxdı, sonra yaxınlaşıb öz boyu ilə divarın hündürlüyünü müqayisə etdi və nəhayət, inamlı səslə öz mütəxəssis rəyini verdi:
–Dörd metrdən az deyil.
Sonra o yataq otağına keçdi, geniş taxta çarpayının üstünə tullanıb Alinanı çağırdı:
–Ay qız, gəl məni əzişdir ayaqlarınla, döy, qol-qabırğamı sındır, bir az da əlinlə
ovuşdur. Bədənim, ən çox da belim ağrıyır. Çoxdandır masaj etdirməmişəm. Ağrı məni əldən salıb.
Alina yaxınlaşdı, çarpayının üstünə çıxıb sol əli ilə çarpayının başından tutdu və bir ayağını ehtiyatla Baharın kürəyində gəzdirməyə başladı. Zarafatından da qalmadı:
–Elmira, ay Elmira, bu Bahara bir çarə qılmaq lazımdır. Bədəninin ahəngi pozulub, masajla düzələn dərd deyil bu, ay canım, ay gözüm, kişi lazımdır, kişi!
Kişisizlikdəndir bu ağrılar. Həyatın canı, mahiyyəti, ahəngi kişi-qadın cütünün varlığında, kişi-qadın birliyində deyilmi?! Bunun axırı noolacaq, ay bacı?
Elmira yaxınlaşdı, əlini Baharın başına qoydu, hərarətini yoxlayırmış kimi:
–Hə, ərə getmək lazımdır. Üçümüzə də ərə getmək lazımdır, üçümüzün də yaşımız çoxdur, hardasa 40-41, 42-43, 45-46, hər halda vaxt keçir. Üçümüz də istəyirik, amma gedə bilmirik ərə. Niyə? Çirkin deyilik, hətta cazibəliyik, camaat belə deyir. Xasiyyətimiz? Yaxşıdır deyə bilmirəm, mənim zay xasiyyətim var, özüm bilirəm. Amma, mənə belə gəlir ki, yaxşı təbiətli kişi ilə yola gedərəm. Siz məndən çox yaxşısınız xasiyyətcə. Alina, səni indi tanımışam, yumşaqsan, ipəksən, səndən yoxdur! O ki qaldı ayağının altındakı Bahar xanıma, nə deyim vallah, məndən yaxşıdır, amma bu böyük tərif olmadı. Dəyişkəndir, haldan-hala düşəndir, xasiyyətində bir az tündlük var… Varmı, Bahar?
Bahar başını qaldırdı:
–Məndən adam olmaz. Kirpi kimi tikanlıyam, kimsə mənə yaxınlaşanda özümdən asılı olmadan iynələrimi qabardıram. Hayıf kirpi kimi qış yuxusuna gedə bilmirəm. Bir sözlə, vay məni alanın halına…
Alina Baharın belindəki səyahətini bitirib üstündən düşdü, düşərkən onun belinə yavaş bir yumruq vurub söhbəti dəyişdi:
–Elmira, çay içəkmi?
Elmira başı ilə “gedək” işarəsi verdi, qonaq otağına keçdilər. Ortadakı iri masada piroqlar, çörək, pendir, iki növ mürəbbə – gilas və malina (qırmızı moruq), çay üçün zəruri olan hər şey düzülmüşdü. Alina gözlərini geniş açıb qaşlarını qaldırdı:
–Ay can, ay can, malina! Ölürəm malina üçün, özünü də, mürəbbəsini də çox sevirəm. Alina üçün malına! Yaxşı, malina mürəbbəsi ilə çay içə-içə ərə getmək problemini müzakirə edək. Bu bir dünya problemidir. Boşanmaq asandır, bir an içində həll olunur, ərə getmək isə – çox çətin, illər, hətta on illər lazım gələ bilir, onların da kömək etmədiyi hallar olur.
Elmira bu dünya problemini sevimli şəxsin iştirakı ilə yüngülləşdirməyi irəli sürdü:
–Üçümüzü ərə vermək çox ağır, müşkül məsələdir, özümüzü yormayaq, başımızı da ağrıtmayaq. Mən təklif edirəm ki, Baharı ərə verək. Bu mənə həlli olan məsələ kimi görünür. Nə deyirsən, Alina?
Bahar guya yazıq görkəm aldı:
–Bir şey çıxarda bilsəniz, biriniz sağdışım, o biriniz də soldışım olarsınız. Amma, tez edin, əlli yaşımda geç olacaq, o vaxt özünüzü öldürsəniz də məni heç kim almayacaq.
Elmira çay süzə-süzə Alnaya göz vurdu:
–Baharın ərə getmək şansı yüksəkdir, çox yüksək. Birinci, onun hazırda nağdı iki namizədi var. Namizədlərdən biri şəhərdə. O biri kənddədir, biri samballı, o biri cavandır.
Bahar gözlənilmədən Elmiraya dəstək verdi, onu ruhlandırdı, söhbəti qızışdırdı:
–Ay qızlar, siz ki, sidqi-ürəkdən məni ərə vermək üçün çalışırsınız, sizdən heç nə gizlətmək istəmirəm. Hər adamda, elə sizdə də, sizin özünüzdə də olduğu kimi mənim də müxtəlif zamanlarda ərlik namizədlərim olub, təəssüf ki, ürəyimcə olanlar az olub, ya heç olmayıb, ya da yoluma müəyyən problemlər çıxıb. İndi də dediklərinizdən başqa daha iki namizədim var.
Alina əlindəki çayı masanın üstünə qoydu, tərs-tərs Baharın üzünə baxdı:
–Bəxtəvər başımıza, qızımız ulduz olub, pərəstişkarları dörd yanı tutublar. De, ay bəxtəvər, de görək kimlərdir toruna düşən o yazıqlar?
–Biri yaxşı iş adamıdır, yaşı da uyğundur, 50-55 arası.
Alina başını yellədi:
–Səni yaxşı tanıyıram, indi onun mənfi cəhətlərini sayacaqsan və onlar ağır gələcək. De görək.
–Özü xaricdə təhsil alıb, ingiliscə bilir, boyu-buxunu və görünüşü yaxşıdır. Görürsən ki, yaxşı tərəflərini də sayıram. İki şey, mənim heç xoşuma gəlməyən iki məsələ var. Biri bir qədər dindar olmasıdır. İkincisi, iki övladı var – iki qızı.
Diqqətlə qulaq asan Elmira aydınlıq olmasını istədi:
–Nə dərəcədə dindardır, dindarlığı nədə görünür? Övladları, qızlardır deyirsən, nə yaşdadırlar, hardadılar indi?
–Oruc tutur, alkohol içmir, qalan işlərdə normaldır, teatra gedir, elə bil ki, təbii həyat sürür. Qızları Avropada, səhv etmirəmsə İsveçdə yaşayırlar, biri ali təhsil alıb, işləyir, digəri universitetdə oxuyur.
Alina səbrsiz görünürdü:
–Ay qız, gah nala vurursan, gah mıxa. İki qızı Avropada oxutduran kişi bir az dindar olanda nə olar? Qızları da öz sərbəst həyatlarını yaşayırlar.
–Mən dindar adamla yola gedə bilmərəm, vəssalam! Əvvəlki arvadı, deyilənə görə onunla evlənəndən sonra başını bağlayıb, amma yenə sonunda ayrılıblar. Niyə?
Yəqin dözməyib. Nə qədər liberal dinçi olsa da, məndən nəsə ürəyimdən olmayan bir dəyişmə istəyəcək. Bir də uşağı olmayan adama getmək daha doğru deyilmi? Daima mənimlə uşaqları arasında qalacaq, son nəticədə qan çəkəcək, qızlarını üstün tutacaq.
Alina “bu adam olan deyil” anlamında sağ əlini yelləməklə kifayətləndi. Elmira Baharı danışdırmağa davam etdi:
–O biri namizədi də ortaya qoy, onun da canını al, biz də tamaşa edək.
–O biri çox tanınmış keçmiş siyasətçi bir qadının oğludur. Əslində məni almaq istəyən o qadındır, nəinki oğlu. Evi, maşını, işi, var-dövləti yerindədi. Amma, “on – mamin sınoçek, mamen`kin sınok”, ananın oğulcuğudur. Hər şey üçün anasına baxır, anası onu idarə edir. Belə evlənmənin axırı yoxdur. Öyrənib ki, hər şeyi anası
həll edir, sonra istəyəcək ki, hər şeyi mən həll edim. Hələ üstəlik, “anam belə edirdi” deyə məni anası kimi olmağa çağıracaq, hər şeyi anasına danışacaq, yataqda necə yatdığımızı da. Ana ilə arvad arasında qalacaq, anası istəsə, məni buraxıb onun yanına qayıdacaq. Ən çox zəhləm gedən haldır bu. Güclü olmayan, müstəqil olmayan kişiyə ərə getməkdənsə, evdə oturmaq yaxşıdır!
Alina həmən dilləndi:
–Geçən dəfə Elmiraya, çaşıb “ay atana rəhmət” demişdim, səhvimə görə üzr istədim. Sənin atan da, anan da sağdır, Allah onlara uzun sağlam ömür versin. Bu yerdə “güclü kişinin yanında olmaq” fikrini çox doğru qeyd etdin. Hər qadının, hər qızın arzusudur bu. Yaxşı, Bahar, namizədləri, səni sevənlərin ikisini gözümüzün qabağında qaraladın. Nə deyə bilərik, səbəblər göstərdin, hərçənd ki, dindar dediyin namizəd heç də sən dediyin kimi pis deyil, mən düşündüyümü deyirəm. İngilislərdə o atalar sözü necəydi? “Şeytan heç də şəkildə çəkildiyi kimi qara deyilmiş”(28) ya buna yaxın bir ifadədir. Qubada rastlaşdığın və hələ də səni “ətirli çiçək” sayıb uzaqdan qoxulayan, səni sevən adamı istəmirsən, əlildir və s., “mənim tayım deyil” deyirsən. Olsun. İndi gələk bizim hamımızın sevimlimiz Tahir bəyə, türklər ona “Tahir hocam” deyərdilər, onda nəyi bəyənmirsən, bu mənə, şübhəsiz Elmiraya da maraqlıdır.
Bahar gülümsədi:
–Allah eləməsin, Tahir bəydə mənfi cəhət axtarmağı mənə həvalə etmə. Sən dediyin kimi, sevimlimizdir. Hər üçümüz sevirik onu. Hər üçümüz ona ərə gedə bilərik.
–Yaxşı! Sağ ol! Hələlik Elmira və mənim namizədliyimizi geri götürək. Səndən danışaq. Sevimli insandır, səni sevir, nə şəkildəsə sən də onu sevirsən, bilirəm. Amma, evlənmirsiniz. Bahar, düzünü de, bilirəm, sən düz danışansan, düzünü de, sənə nə cürsə, açıq ya üstüörtülü, evlənmək təklifi edibmi Tahir?
Bahar cavab verməyə tələsmədi. “Olub ya olmayıb?” sualı qarşısında aciz qalmasa da, duruxan kimi oldu. Zəngin leksikona, hər şeyi bir neçə şəkildə – həm ağ-qara, həm rəngli təsvir etmə qabiliyyətinə malik olan Tahir qarşısındakına hər cür fikri rahatca söyləyə biləndir. Bahar onun sevgisini qazanmışdı, bunu yaxşı bilirdi. İndi Bahar Tahirin sevgisini necə ifadə etməsini deyil, evlənmək barədə necə fikir söylədiyini yadına salmaq istəyirdi.
–Yadımdadır, bir dəfə demişdi ki, 50-55 yaşım olsaydı, sənə elçi düşərdim.
Alina əlini əlinə vurdu, elə bərk vurdu ki, səsi evi bürüdü, üstəlik əllərinin içi həm ağrıdı, həm də qızardı. Sonra başını buladı:
–Ay Bahar, ay Elmira, a millət! Off! Ay qız, bundan açıq evlənmə təklifi mümkündürmü? Necə də ölçüb-biçib deyib sözünü – səninlə evlənmək istəyirəm və yaşımın səninkindən bir dərəcədə çox olduğunu nəzərinə çatdırıram. Sən, Bahar, bu sözləri eşidəndə neylədin, nə cavab verdin?
–Heç nə demədim. Söhbətimizi davam etdirdik, ordan-burdan, dünyanın işlərindən danışırdıq…
Alina əsəbiləşdi:
–Sözüm yoxdu. Sən ona layiq deyilsən, onu qiymətləndirə bilməmisən. Çox hayıf! Ayıb olub. Bilirsən mən o vəziyyətdə, onun “elçi düşərdim” fikrinə necə münasibət göstərərdim?!
–Necə?
–Bax belə. “Tahir bəy, icazə verin sizi öpüm və deyim ki, lütfən mənə elçi düşün, elə burda, indi, mənim bu yaşımda və sizin bu yaşınızda! Siz nə yaşda olursunuz olun, sizi çox sevirəm! Yaşın nə fərqi var ki?!”. Sən ki belə deməyibsən, ağlına, zəkana inamım azaldı. Açığı deyim, sənə hörmətim azaldı. Son zamanlar heç belə hirslənməmişdim. Ürəyim ağrıdı.
Alina “off” deyə bərkdən əlini masaya vurdu. Elmira yaxınlaşıb onu qucaqladı.
Onunla həmfikir olduğu göründü:
–Gəl, yaxşı bir çay iç, sevdiyin malina mürəbbəsinnən.
Bahar donub qalmışdı, Alinanın məsələni belə şərh edəcəyini gözləmirdi. Çay içdilər. Alina sakitləşdi, amma halsız görünürdü. Üzünü Elmiraya tutdu:
–Məktəbdə, Bahar bilir, ədəbiyyat dərslərində, soçineniyada, soçineniya nədir
Azərbaycan dilində? Özümüz əsərə bənzər bir şey yazırıq… Hə, inşa. Sərbəst mövzularda ağlıma nə gəlir yazırdım, uydurmağı yaxşı bacarırdım, müəllim mənə “fantaziyan yaxşıdır, jurnalist ya yazıçı ola bilərsən” deyirdi. Həyatda başıma çox işlər gəldi, ətrafımda çox şey baş verdi, bunlar barədə yazmaq istədim, xüsusilə sevgi, dostluq, evlilik, kişi və qadın psixologiyası arasındakı fərqlər, insanilik, yer, vətən, nə bilim nələr… Çünki, çox görürəm, hiss edirəm, fikirləşirəm, “elə yox belə olsa yaxşı olardı” deyirəm. Qaralamalarım var, iki dildə – Azərbaycan türkcəsində bəzi Türkiyə sözləri qarışdırmaqla və rusca. Ancaq onlar elə cızma-qara şəklində də qalacaq, onları təzədən oxuyub düzəltməyə nə hövsələm var, nə də vaxtım… Bunları ona görə yada saldım ki, indi deyəcəyim sözlər sizə bəzəkli və qəribə gəlməsin.
Bilirsiniz niyə hirsləndim? Belə getsə Baharla Tahir arasında soyuqluq başlayacaq, başlamayıbsa. Çünki sevgi varsa həyəcan var, ürək çırpıntısı var, toxunma, əzizləmə istəyi var. Bunlar olmadıqda, “yaxşı dost olmaqdan gözəl şey yoxdur” deməklə kifayətlənəndə sevgi tənəzzülə gedir. Dostluqda sevgiyə xas olan heyranlıq, cazibə, arzu, ehtiras yoxdur. Dostluq azadıqdır, sevgi isə bağlılıqdır, sevgi azadlığın azalması, coşqunun, hərarətin, qısqanclığın, ehtirasın artmasıdır. Kişilər evli olmadığı, amma xoşladığı qadınla çox yaxın dost olmaqda çətinlik çəkir. Çünki daha yaxın olmaq istəyir, dostluq sərhəddini yarıb keçmək istəyir. Qadın bu məsələdə bir az daha dözümlü olur; bu, mütləq deyil, əsasən belədir. O, sevdiyi qadını görmək istəyir, qadından da qarşılıq istəyir. Qadının darıxmadığını, görüşə tələsmədiyini, başı qarışdığını görüb hiss edəndə… bir ay, iki ay keçir, soyumağa başlayır, düşünür ki, o mənimlə görüşmək barədə düşünmür, dostlarımla keçirdiyim məclislərdə iştirak etməkdən qaçır, deməli dərindən sevmir. Bir şey də deyim. Tahir kimi kişilərdə qadın problemi olmur, o cür kişilərin ətrafında həmişə qadınlar var, qadınlar dolanır. Gənc yaşda, orta yaşda, özləri elçi düşən gözəl qadınlar. Ancaq əsl kişi yaxşı bir qadınla ailə qurmaq arzusunda olur, ailəni heç nəylə əvəz etmək olmur.
Bahar Alinaya yaxınlaşdı, onu qucaqladı:
–Alina, Tahirlə aramızda soyuqluq başladığını hiss edirəm, günahın da məndə olduğunu bilirəm, sənin dediklərin doğrudur. Amma… Düzü tam deyə bilmirəm, Tahir doğrudan da mənimlə evlənmək istəyirmi? Mənə elə gəlir ki, Tahir, ümumiyyətlə, evlənmək fikrindən daşınıb, nəsə bir qeyri-müəyyənlik hiss edirəm onda. Nə bilim, səhv də edə bilərəm.
Alina layiq olduğu mərkəzdə idi, diqqət mərkəzində, ehtiram mərkəzində. O, bir Bahara, bir Elmiraya baxdı:
–Bir maraqlı, ibrət dərsi verən əhvalat danışım sizə. Bizim mövzumuza və söhbətimizə düz gəlir. Deyəsən sizi yordum. Bir az yeyin piroqlardan, gəzişin, ayaqlarınız da, qulaqlarınız da açılsın.
Yerin öz oxu ətrafında bir dövr etdiyi gecəli-gündüzlü bu gün üç rəfiqənin həyatında iz buraxan, maraqlı və həyəcanlı bir gün oldu, “gün var min aya dəyər” deyirlər. Bir kişi və üç qadının birlikdə keçirdikləri ilıq, mülayim, şəfqətlə dolu günün sonunda üç rəfiqə ayrılıb laf eyləyə-eyləyə dincəlməyi qərara almışdı.
Alinanın gözlənilməz, təlatümlü təhlili, gecəyə rəng qatdı, gerçəkliyin dumanlı üzünü işıqlandırdı.
Elmira qəhvə bişirdi, ilk fincanı Baharın qarşısına qoydu:
–Bu gün Alına səni məhşər ayağına çəkdi, yaxşı bir qəhvə iç, gözünə işıq, hüceyrələrinə qüvvət gəlsin ki, olub-keçəni sinirə biləsən. Hücuma etiraz etmədin, müdafiə olunmadın, dözə bildin, bərk dur.
İkinci fincanı göz vurub Alinaya verdi:
–Alina, məni yaxşı tanısan Baharın başında əsdirdiyin tufanın yüz qatı ilə üstümə cumub məni yer üzündən silərdin və yaxşı edərdin.
–Deyə bilmərəm. Elmira, gözəlim, Baharın Tahiri var, gözü yumulub onu qiymətləndirə bilməyib, günahı budur. Sənin Tahirin olub ya olmayıb, bilmədiyim üçün heç nə deyə bilmərəm. Bir də mücərrəd, həyatdan üzülmüş, çox romantik sevgi axtaranların əksəriyyəti onu əldə edə bilmir.
Bahar özünə tam gəlmək üçün vaxt qazanmaq lazım olduğunu düşündü:
–Yaxşı, Alina, bizə bir əhvalat danışacaqsan dedin, danış görək başımıza nə iş gəlir.
Alina qəhvəsini içdi, əli ilə çənəsini sığalladı və söhbətə başladı:
–Qayınatam, bilirsiniz ki, Türkiyəli idi, o danışmışdı bu əhvalatı. Bir uzaq qohumu qız varmış, Ayfer adında. Həmşirəlik oxuyub, bizdə tibb bacısı deyirlər. Sonra Marmara universitetinin işlətmə fakültəsində təhsil alıb, məzun olandan sonra ingiliscəsini gücləndirmək üçün Amerikaya, Birləşmiş Ştatlara gedib, o zaman hardasa 30 yaşı olub. Bir dəfə Ayfer bir elan görüb: Professor Veziroğlu ürək tutması, infarkt keçirib, ona yardımçı olacaq həmşirə axtarılır. Amerikada yaşayan bir türk professora həmşirə olaraq kömək etmək Ayferin işinə yarayır. Kimdir Professor Veziroğlu? Turhan Nejat Verziroğlu London universitetində və Imperial College`də oxuyub, London universitetində PhD dərəcəsi alıb. Türkiyədə çalışıb, sonra ABŞ-a gedib, Floridada, Miami universitetində işləyib, yenidən Türkiyəyə qayıdıb, Orta Doğu Teknik Universitetində, həmçinin qonaq professor kimi Çində və Argentinada çalışıb. İllər yadımda yaxşı qalmayıb, yəqin söhbət üçün onlar vacib deyil. Gələk Ayferə doğru. Veziroğlu`nun o zaman 74 ya 75 yaşı olub. Baxın, Ayferin 30, Veziroğlunu 74-75 yaşı olub! Veziroğlunun yanında həmşirəlik edən Ayfer onun təhriki ilə dil məktəbindən məzun olub, sonra master (magistr) proqramını oxuyub bitirib. Veziroğlu hidrogen enerjisi ilə məşğul olub, çox tanınıb, ona Türkiyədə “Hidrogen baba” da deyirdilər. O, bütün səfərlərə Ayferi də aparırdı, çox dostlaşıblar. Bir gecə Hawai-də, Hilton otelində qalanda, sahildə gəzərkən Veziroğlu Ayferə evlilik təklif edir. Bahar, yaxşı-yaxşı qulaq as. Ayfer ona mehribanlıqla mənfi cavab verir: “Aramışdakı yaş fərqinə görə bunu ailəmə söyləyə bilmərəm. Amma səni ömrüm yetərincə yalnız buraxmayacam!”. Eşitdinizmi?!
Beləliklə, Ayfer həmişə Veziroğlunun yanında olur, ona assistentlik edir, səhhətinə baxır. Veziroğlu Ayferə “sən mənim mənəvi qızım oldun” deyir. Bir qədər sonra Ayferin anası, daha iki il keçməmiş atası vəfat edir. Bu zaman Veziroğlu yenidən evlilik təklifi edir: “bax, artıq hesab verəcəyin kimsə yoxdur, haydı, gəl evlənək”. Ayfer qəbul edir. Evləndikləri il dəqiq yadımda qalıb, 2006-cı il. Hə, o zaman Veziroğlunun 82, Ayferin 38 yaşı vardı! Qadın özündən 44 yaş böyük yaşlı kişiyə ərə getdi və xoşbəxt oldu. Hər ikisi xoşbəxt oldu. Bir qızları dünyaya gəldi. Beləcə sevinc içində məmnun həyat yaşadılar.
Elmira Alinanı qucaqladı:
–Sən dəryasan, Alına!
Alina üzünü Bahara çevirdi:
–Sənin Tahirə ərə getmək istəməməyinin, məncə, iki səbəbi ola bilər: birinci – sevdiyin nisbətən gənc kişi var, onu gözləyirsən. Özün deyirsən ki, beləsi yoxdur, yəni səni istəyən nisbətən gənc olanlar var, amma ya “tayım deyil” deyirsən, ya bir az dinçi olduğuna görə ürəyin qızmır, ya ana uşağı kimidir. Nə bilim, bəlkə daha biri də çıxacaq bu yaxınlarda, səndə gözü olanlar çoxdur… Gələk ikinci səbəbə, Deməli, Tahirdən xoşun gəlir, amma tərəddüd edirsən. Niyə? Onun yaşlı olması problem yaradır, ata-anana necə deyəsən? Qohumların, iş yoldaşların nə deyər?
Qohum ya iş yoldaşların nə deyirlər desinlər, cəhənnəmə ki, qoy danışsınlar! “Pust` qovoryat / Пусть говорят” filmi (29)
yadındadırmı?! Ata-ana ilə isə məsləhətləşmək olardı. Eh…
Bahar bir qədər sıxılmış kimi göründü:
–Alina, yəqin mənim alnıma ərə getməmək yazılıb. Olsun, hamı ərə getməli deyil ki.
Alina yumruğunu masaya vurmaqla razı olmadığını bildirdi:
–Elmira, bu Bahara sual verirəm, son dəfə. Sən də qulaq as, bağışla, bəlkə bir az sənə də aiddir deyəcəyim, elə mənə də. Ay qız, ay Bahar, özünü kimin üçün saxlayırsan? Dondurub saxlaya bilməzsən özünü, zəifləyəcəksən, yaşa dolacaqsan, gözəlliyin solacaq. Onda ərə getmək istəsən də, gedə bilməyəcəksən. Xoşuna gələn olsa da, almayacaq o səni. Bilirsən nə var? Məncə, səndə əməlli-başlı sevgi qıtlığı var, sevə bilmirsən, sevmək hissin kütləşib. Belə getsə, sən sevərək deyil, bu adam pis deyil, evlənmək olar deyərək bir gün heç ağlımıza gəlməyən bir adama ərə gedəcəksən. Allah xoşbəxt eləsin!
Alina dərindən nəfəs aldı, sanki hər şeyi dedi, söhbəti bitirmək olar:
–Gecə yarı oldu. Gec deyilmi? Yatmaq igidlikdən olmasa da, bəlkə yuxuda yaxşı şeylər görərik. “Ac toyuq yuxusunda darı görər” deyiblər.
Elmira Alinaya, bu gecənin qəhrəmanına diqqətlə qulaq asır, zarafat edir, onunla ünsiyyətdən həzz alırdı:
–Alina, biz axı ac deyilik, bəs tox toyuq yuxusunda nə görər?
Alina bir an fikirləşdi:
–Tox toyuq… yuxusunda Xoruz adlı yarı görər.
Müəllimi Alinanın fantaziyasını nahaqdan bəyənməmişdi ki. Elmira əl çaldı:
–Gedək yataq, yuxumuzda yarı görək…
5- ci hissə
Səyahətnamə
“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” deyiblər. Ölməyə doğrudan da vətən yaxşıdır; təki hər kəsə ölüm ayağında vəsiyyət etmək, ailə, qohum və yaxınlarla vidalaşmaq, onların əhatəsində ölümü ləyaqətlə qarşılamaq, eləcə də hörmətlə ana torpağa tapşırılmaq qismət olsun. “Ölməyə vətən yaxşı” fikri gözlənilən və gözlənilməz ölümlər, vaxtsız ölümlər və yaşa dolmuşların ölümü daxil olmaqla hər cür ölümə aiddir.
Gəzməyə niyə qərib ölkə yaxşıdır? Hesab olunur ki, qərib ölkədə vətənə görə bilmədiyimiz, fərqli, maraqlı çox yer, çox şey var, onları görmək, anlamaq insanı zənginləşdirir. Bu doğrudur. Amma vətən dediyimiz məkanda maraqlı yerlər yoxdumu? Varsa onların hamısını görmüşükmü? Vətəndə gəzməyin öz üstün cəhətləri var – xarici ölkəyə getməklə müqayisədə asandır, məsafə nisbətən azdır, nəqliyyat əlçatandır, vaxt nisbətən az gedir, xərc nisbətən azdır, haraya necə getmək, yəni səmtləşmə işi də çətin deyil, dil problemi də yoxdur…
Tahir bölgələrə getməyi, orada qısa da olsa vaxt keçirməyi çox sevir, fürsət düşdükcə yolunu Azərbaycanın müxtəlif guşələrinə, xüsusilə dağlara və dağ kəndlərinə salır. Ali məktəbdə bərabər oxuduğu və indi cənub bölgələrində tikinti- təmir işləri ilə məşğul olan dostu Adilin zəngi tam ürəyindən oldu, Adil “özün və istədiyin tanış-dostlarla qonağım olun, bir həftə, həftə olmasa iki-üç günlük, həftə sonu. Şəhərə bağlanıb qalıbsınız, noolub?! Gəlin milləti görün, təbiəti görün, ürəyiniz açılsın, biz də sizləri görək, sevinək” deyərək, bir “gəzmək planı” da təklif etdi: “Görüş yerimiz və əsas yaşayış məntəqəmiz Salyan olsa yaxşıdır, istəsəniz sizi yolda – Şirvanda (Əli Bayramlı`da) qarşılaya bilərəm. Həmişə sizinlə olub qulluğunuzda duraram, aranı da gəzdirərəm, dağı da, solu da, sağı da, balıq və kabab da öz yerində”. Dəvət Tahiri sevindirdi. Xüsusi səbəb görməsə də, nədənsə ürəyi darıxırdı. Şirvan, Mil, Muğan düzlərini, Kürü, Arazı daha bir dəfə görmək, mümkün olsa dağları gəzmək, dağlara dırmaşmaq olar. Havanı dəyişmək lazımdır, ruh təzələnəcək.
Yol yoldaşı yolu xoş edir, yola körpü salır. Bahara zəng etdi. Məsələni danışdı, “getmək istəyirsənmi? Soruş gör rəfiqələrin nə deyir?”. Bahar sevindi, “mən çox istəyirəm, Alina və Elmiraya deyim, görüm onlar nə fikirləşir? Hamımız getmək istəsək maşında yer olacaqmı?”. Tahir “maşını mən sürəcəm, əlavə üç, hətta dörd nəfər də yerləşər” deyib yeni dövrdə aralarında tez-tez işlətdikləri ingiliscə ifadəni də əlavə etdi: “no problem”.
Axşam Bahar zəng etdi:
–Tahir bəy, hamımız gedirik! Amma mən həkimdən bülleten almalıyam, xəstəyəm deyə. İşdən elə-belə, xahişlə buraxmazlar, bilirəm. Həkimi dəyişiblər, görək necə edəcəm. Hər halda dil taparam onunla. Təzyiqim çox qalxıb adı ilə. Əslində işdə təzyiqim doğrudan da qalxır, qəribə və kobud adamlarla qarşılaşanda.
O biri gün günorta Tahir Bahardan gələn Whatsapp`ı oxudu: “hər şey qaydasındadır, bülleten aldım! Xanımlar çox sevinirlər!” Tahir Whatsapp`dakı iki rəmzlə – gül və əlçalma-alqış işarələri ilə cavab verdi.
Tahir Adillə danışdı, xanımlarla gələcəyini söylədi, Adil Baharı tanıyırdı, “nə gözəl” deyə sevincini bildirdi. Tahir Bakıdan cümə günü səhər çıxacaqlarını, bir, uzağı iki gecə Salyanda qalacaqlarını, bazar günü günortadan keçmiş və ya axşam üstü geri dönəcəklərini dedi. Adil etiraz etdi, “heç olmazsa üç-dörd gün qonağımız olun ki, nəzərdə tutduğumuz yerləri rahat gəzə biləsiniz, sizi gözləyən adamlarla görüşə biləsiniz, nəhayət, dincələ biləsiniz. Ayda-ildə bir dəfə gəlirsiniz, onu da qaçaqaç etsəniz səfərin nə mənası oldu ki?! Tahir “yaxşı, Adil, yerində baxarıq” deyə onu ovutdu.
Cümə axşamı Bahar zəng etdi, səsi kədərli idi:
–Tahir bəy, ağlamağım gəlir, gedə bilmirəm.
–Necə yəni gedə bilmirsən? Nə olub? Bir narahatçılıqmı var?
–Elə narahatçılıq yoxdur. Sadəcə direktorumuz cümə günü axşam öz ad gününü keçirir, təçkilatçılar məni də dəvət ediblər…
–Nə olsun? Sən iştirak etməsən ad günü olmayacaqmı?
–Tahir bəy, mənim işim çətindir. Ad gününə getməsəm küsəcək o, qəribə xasiyyəti var. Sonra günüm qara olacaq. Mənim hazırladığım sənədləri bir tərəfə atacaq, imzalamayacaq, işim əyiləcək. Sonra mən səbəbkar olacam işlərin düz getmədiyinə görə. Siz təsəvvür etmirsiniz o nə cür adamdır. Facebook profilində yazdığı boş bir statusu rəhbər işçilər “like” etməsələr inciyir, inanmazsınız. Əslində onun ad günü iki həftə əvvəl olub, niyə indi məclis düzəldir, bilmirəm.
–Axı sən dedin ki, xəstə olduğun barədə həkimdən kağızın var.
–Çox fərq etməz. Zəng edəcəklər, bəlkə kimsə arxamca gələcək… Of!
Tahir əlacsız razılaşmalı oldu, hərçənd ki, Baharın direktordan bu qədər və bu şəkildə çəkinməsini qəbul edə bilmirdi. Bu nə birinci, nə ikinci dəfə idi ki, Bahar söz verir, sonra bir iş çıxdığına görə görüşdən imtina etməli olurdu. Digər tərəfdən isə Tahir Baharın təsvir etdiyi xasiyyətə malik bir təşkilat rəhbərinin mövcudluğuna təəccüb edirdi.
Adildən zəng gəldi:
–Yolunuzu gözləyirəm, mehmanxanada yeriniz sifariş edilib, bir neçə tanış yoldaş intizarla səni gözləyir. Nə vaxt gəlirsiniz?
–Çox hayıf Bahar bizimlə gedə bilmir, çox vaaaacib işi çıxıb deyəsən, – vacib sözünü uzadaraq çıxan bu işin vaciblikdən daha çox qəribə olduğunu vurğuladı.
Adil hayıfsılandı, Baharı yaxşı tanıyırdı, onun xasiyyətindən və söhbətindən xoşu gəlirdi, onun iştirakı səfəri daha da maraqlı edərdi.
⁕ ⁕ ⁕
Səhər Tahir öz adətincə və yenə öz ifadə tərzincə “tənbəl-tənbəl” bədən tərbiyəsi etdi, bir az həyətdə otların üstündə gəzdi, xoş nəzərlə köhnə tanışlarını – ağacları bir-bir süzdü. İri ağaclardan birinə yaxınlaşıb dayandı, onu birinci dəfə görürmüş kimi aşağıdan yuxarı baxdı. Budaqların çoxu dik yuxarı və ya yuxarıya-yana doğru boy atmış, aşağıdakılar isə bir qismi yana , qalanları aşağıya doğru uzanmışdı.
Yarpaqlar küləyin çaldığı musiqi sədaları altında rəqs edirdilər.
Yüngül yeməkdən sonra maşını hazırladı, yola götürdüyü paltar və digər səfər ləvazimatını maşına yerləşdirdi və saat 8-də şəhərə doğru yola çıxdı. Elmira Kukla teatrının yanında, Alina isə Azneft meydanında gözləyəcəkdilər. Hər iki xanım vaxta əməl etmiş, əslində isə şərtləşilmiş vaxtdan bir qədər əvvəl gəlmiş və yolun kənarında göz tutan bi yerdə dayanmışdılar. Tahir onların çantalarını maşının arxa
tərəfinə, yük yerinə yerləşdirdi. Bakı içində sahil boyu şütüyən maşında əyləşib dənizə baxan Elmira birdən yuxudan ayılan kimi oldu:
–Bu nədi, dəniz niyə bomboşdu? Hanı gəmilər? Burda dəniz turizmi yoxdumu?
Tahir başını aşağı-yuxarı yelləməklə “başa düşürəm” işarəsi verdi, arxadan gəlib keçmək istəyən maşına yol verib Elmira tərəfə baxdı:
–Hə, təəssüf ki, dənizimiz var, amma dənizdə gəmiçilik, turizm yoxdur. İstanbula baxın, insanların çox sevdiyi işlərdən biri gəmi, yaxta, katamaranlarla Boğazı və Mərmərə dənizini gəzməkdir – musiqili, yemək-içməkli.
Elmira mövzunu bir az da irəli apardı:
–Bakı küləkli şəhərdir, bura beynəlxalq yelkən yarışlarını gətirmək olardı, külək yelkənləri vurub şişirtsin. Turistləri gəzdirən gəmilərin sayı-hesabı olmamalıdır burda.
Alina kənarda qalmadı:
–Təsəvvür edin ki, turistlərlə dolu gəmi gedir, qara çay, yaşıl çay, bitki-çiçək çayları təqdim edilir, növ-növ mürəbbə və şirniyyatlarla. Dənizi yada salan gözəl mahnılar bir-birini əvəz edir: “pıçıldaşın ləpələr”, “olmaz-olmaz”, “dinə bilmədim”, “sənsən ürəyim”, “Neftçi Qurban”. Tahir bəy, yenə varmı?
–Əlbəttə, “Dalğalar”, “Bakı nəğməsi”, “Xəzərim, sən Xəzərim”, “Neftçilər mahnısı” (“Neft daşları” da deyirlər ona), “Bakı, sabahın xeyir” və sair.
Bakını arxada qoyan sərnişinlər gah solda Xəzərin tanış görüntüsünü seyr edir, gah da sağ tərəfdəki cürbəcür fərdi evlərə, çoxmərtəbəli binalara və onların arxasındakı boz təpələrə doğru boylanırdılar.
Alina gözlərini süzə-süzə “Bir tərəfin bəhri-Xəzər” dedi, Tahir dönüb ona baxdı və davam etdi:
Yaşılbaş sonalar gəzər; Xəyalım dolanar gəzər Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı! (30)
Elmira onları suala tutdu:
–Xəzərdə yaşılbaş sona varmı məgər? Bir də Muğan düzünü bilirəm, deyəsən biz o tərəfə gedirik, Tahir bəy, düzmü deyirəm? Bəs Eldar nədir?
–Elmira xanım, bəli, Xəzərin sahillərində xeyli ördək yaşayır, gərək ki, cənuba
getdikcə çoxalır. Onu da deyim ki, yaşılbaş sona, yəni yaşılbaş ördək erkək ördəklərdir, onların dişiləri yaşılbaş deyillər. Qaldı Muğan və Eldar. Muğan əlbəttə Azərbaycanda yaxşı tanınan düzdür, həm bizim Azərbaycanda, həm də Cənubi Azərbaycanda…
Alina tez Tahirin sözünü kəsdi:
–Cənubi Azərbaycan da bizimdir, o da Azərbaycandı!
Tahir razılıqla Alinaya baxdı:
–Çox düz deyirsən, Alina xanım, o da bizimdir, icazə ver “sənnən olmaz” deyim! Muğanı, xüsusilə Səməd Vurğunun “Muğan” poemasından sonra hamı, çox uzaqda olanlar da tanıdılar. Eldar da çölün adıdır, Mingəçevir dənizindən o tərəfə, qərbə doğru uzanan düzənlikdir, Gürcüstana da keçir.
Elmira etiraf etdi:
–Düzü əvvəlcə anlamadım, şair Muğanın yanında niyə Eldar deyir? Eldarı adam adı kimi başa düşmüşdüm. Savadsızlıq belədir. Alina yaman atdı ortaya bu mövzunu, bəhri-Xəzəri.
Alina Elmiranı Elmiradan müdafiə edib Xəzərə eşq elan etdi:
–Vallah, ay Elmira, Eldarı mən də bilmirdim. Qaldı ki, Xəzər dənizi, bizim əzizimiz Xəzər, Azərbaycanı zəngin edən dəniz, onun, Tahir bəy, düzmü deyirəm, təqribən 70 min kvadrat kilometrlik hissəsi Azərbaycana aiddir (Tahir başı ilə “hə” dedi). Azərbaycanda çay, göl çoxdu, amma Xəzər birdir, Xəzərdən yoxdu.
Elmira bir addım irəli getdi:
–Xəzəri az-çox tanıyırıq, neftindən və qazından, balıq və kürüsündən xəbərimiz var. Amma bu Muğan, yeni eşitdiyimiz Eldar, Mil düzünü də eşitmişəm, onlardan nə bilirik, adlarından başqa?
Tahir bu cür suallara, istək və arzulara cavab verməyi vəzifə borcu bilirdi, xüsusilə dostlaşdığı gözəl və ağıllı xanımlara münasibətdə. Maşın sürdüyünə görə yavaş danışır, yola diqqət vermək üçün söhbəti arada dayandırır, sonra davam etdirirdı:
–Bu səfərimizin, düşünürəm ki, bir neçə xoş cəhəti var: böyük şəhərdən əyalətə və təbiətin qoynuna gedirik, hay-küylü, yorucu, darıxdırıcı gündəlik həyatdan aralanıb dincəlirik. İkinci, əyalətdə yeni maraqlı insanlarla, fərqli həyat tərzi ilə qarşılaşırıq. Üçüncü, keçəcəyimiz çölləri tanıyırıq – Şirvan düzü, Mil və Muğan düzlərinə ayaq basıb tanış olmaq fikrindəyik. Onlar haqqında söhbət edərik. Dördüncü, bu yerlərdə maraqlı qoruqlar var, onlardan mühüm birini – Şirvan Milli Parkı adlı qoruğu, onun heyvanat aləmini, xüsusilə ceyranları görmək fikrimiz var. Nəhayət, beşinci, Kür və Araz çaylarının qovuşduğu yeri görəcəksiniz. Şirvan Milli parkını da və iki çayın qovuşmasını da mən görmüşəm bir dəfə, buna baxmayaraq daha bir dəfə sizinlə birlikdə görmək, gəzmək, deyib-gülüb danışmaq gözəl olacaq. Əlbəttə, səfərimizi bu cür təsəvvür və təsvir etmək mənim yanaşmamdır, dostumuz Adilin fərqli planı ola bilər, eləcə də sizlərin. Adili yaxşı tanıyıram, hər cür istəyinizi, arzunuzu mümkün qədər həyata keçirməyə çalışacaq.
Tahir adı çəkilən çöllər haqqında sonra məlumat verəcəyini desə də, Alina dözmədi:
–Tahir bəy, xəritəni gözümüz qabağında təsəvvür edək, Şirvan, Mil və Muğanın harda olduğunu deyin, zəhmət olmasa.
Tahir geri dönüb əsgəri salam qaydasında açıq sağ əlini çəpəki alnına qoydu:
–Baş üstə! Mingəçevirdən Xəzər dənizinə qədər Kür çayının sol tərəfindəki çöllər Şirvan düzünə aiddir. Dağlıq Şirvan anlayışı da var – Şamaxı, Ağsu və onların ətraf bölgələri. Orta əsrlərdə Şirvan sözü ölkənin, dövlətin adı olaraq daha geniş əraziləri
– indiki Azərbaycanın Dərbənddən Kürün sol tərəfinə qədər uzanan ərazilərini əhatə edirdi, yəni o ölkə Şirvan düzü və Dağlıq Şirvandan xeyli daha geniş torpaqları əhatə edib. Əlbəttə, Şirvan, Muğan və Mil düzlərindən başqa çöllərimiz də var – Ceyrançöl, Qarayazı, Gəncə-Qazax, Qarabağ, Salyan düzləri kimi.
Elmira Alinanın sualına tam cavab istədi:
–Tahir bəy, bəs Muğan və Mil düzləri dəqiq harada yer tutublar?
–Düz deyirsən, dəqiq olmaq lazımdır. Alina dedi, Azərbaycan xəritəsini, onun içində Kür və Araz çaylarını gözünüzün qabağına gətirin. Mil düzü Kür və Araz çayları arasındadır, Kürün sağ, Arazın sol tərəfindəki çöllərdir. Kürün sol tərəfi Şirvan, sağ tərəfi Mildir. Muğan düzü isə Mil düzündən cənub-şərqə tərəf uzanır, Arazın sağ tərəfindədir, İrana da davam edir. Arazla Kürün qovuşduğu yerdən başlayaraq birləşmiş böyük çayın sağ sahili Muğan düzüdür.
Alina keçmişə boylandı və incə coğrafi-siyasi nüansa toxundu:
–Coğrafiyanı məktəbdə çox sevirdim, yaxşı müəllimimiz vardı, dünya xəritəsini çox yaxşı öyrədirdi, ölkələr, onların əhali və əraziləri, dənizlər, göllər və çaylar, dağlar, çöllər və səhralar… Belə çıxır ki, Azərbaycan coğrafiyasını yaxşı bilməmişik. Muğan düzü də Azərbaycanın özü kimi iki yerə ayrılıbmış, elə
Culfamız da, Astaramız da. O, Elmiraya göz vurdu:
–Elmira, bəxtimiz gətirib, bu səfərdə Tahir bəydən həm də coğrafiya dərsi almaq imkanımız var.
Tahir bu tərifi istəmədiyini başını yelləməklə bildirdi:
–Yaxşı görək, ay Alina xanım, mən coğrafiya müəllimi deyiləm ki. Sadə şeylərdən danışırıq. Keçdiyimiz ətrafa baxın: quru, yarımsəhra çöllərdir, Mingəçevir su anbarı
–Mingəçevir dənizi daha yaxşı səslənir, suvarma işinə xeyli kömək etdi, amma bu tam yetmir, torpaqda şorlaşma gedir. Əsasən quru iqlimi və isti yayı olan bu düzlərdə zəhərli küləklər əsir. Bu yerləri qarış-qarış gəzən, zəhmətkeş insanlarla söhbət edən, onları vəsf edən Səməd Vurğun Muğanın hər üzünü görüb, təsvir edib:
Muğandan keçirəm, göydən od yağır Bir buxar istisi gətirir külək.
Və ya
Muğan Muğan olsa, biri üç eylər
Muğan tufan olsa, üçü heç eylər. (31)
⁕ ⁕ ⁕
Alina əlini çantasına salıb üç tünd qırmızı alma çıxartdı, birini Tahirə, digərini Elmiraya verib, özünə götürdüyünü həmən dişlədi. Tahir dönüb diqqətlə Alinanı süzdü. Alina çaşdı:
–Tahir bəy, nəsə olub?
–Hə. Nədənsə sənə həmişə sənnən yoxdu demək istəyirəm?! Alinanın yanağı azca allandı:
–Sağ olun.
Elmira “bəh-bəh, qoxusuna bax” deyə almanı dişlədi, Alina “Quba almasıdır” dedi. Yavaş da olsa, marçıltı ilə alma yeməyə girişdilər. Alina hər ikisinə kağız əl dəsmalı uzatdı. Almasını yeyib qurtaran Elmira sağ əli ilə yavaşca Alinanın əlinə toxundu, onun diqqətini çəkib Tahirə tərəf baxdı. Alina başa düşmədi, göz-qaşı və baş hərəkəti ilə “nə demək istəyirsən?” dedi. Elmira çəkinə-çəkinə Tahirə müraciət etdi:
–Tahir bəy, sizi yoruruq. Bir dənə də sual verə bilərəmmi?
–Lap on dənə sual ver, Elmira xanım! Sənin yaxşı sualların olur.
–Tahir bəy, sualımın yaxşı olub-olmadığından əmin deyiləm, amma sualım da, yəqin ki, özüm kimi qəribə olar, yersiz də görünə bilər. Çox geniş tanışlıq dairəniz olduğuna görə, yəqin ki, tanışlarınız arasında pis, xoşagəlməz adamlar da var.
Onlarla necə rəftar edirsiniz? Nə düşünürsünüz onlar haqqında?
Alinanın həssas ürəyi dözmədi:
–Ay qız, Elmira, sən nə maraqlı insansan. Bu sualları hardan çıxardırsan? Sənin verdiyin sualllar və onlara cavablar əsasında, vallah, bir kitab yazmaq olar.
Tahir dönüb Elmiraya, sonra Alinaya baxdı, düşündüyü və müşın sürdüyü üçün asta-asta, arada dayana-dayana danışdı:
–Gəlin görək pis adam kimə, nə cür adama deyilir?! Pis adam niyə pislik edir? Dəlimi olub? Sokrat (Sokrates) deyirdi ki, insan bilərəkdən pislik etmir, bilə-bilə səhv etmir, insan yaxşı, düzgün hərəkət etdiyini düşünür, bu insan səhv etdiyini bilmir. İnsan bilə-bilə səhv etməz ki!? İnsanın səhv edib pis iş görməsinin səbəbi bəd ya şər niyyət deyil, bilməməzlikdir, cəhalətdir. İnsanın bu və ya digər hərəkətə sövq edən onun ehtiyac və inanclarıdır. Yəni, mütləq pis insan yoxdur. Nəyin yaxşı, nəyin pis olduğuna dair səhv edənlər var. Sokratın bu fikirləri onun tələbəsi Platonun dialoqlarında yazılıb. Platon özü də maraqlı fikir söyləyib: insanın pis hərəkət etməsinin səbəbi onun daxili ahənginin pozulmasıdır, onun ruhu tarazlığını itirib. Platonun tələbəsi Aristotel fərqli düşünürdü: insan bəzən doğrunun nə olduğunu bilə-bilə yanlışı seçir, pis insan xarakteri pozulmuş insana deyilir. Sözü uzatmaq istəmirəm, filosoflar və psixoloqlar pislik, səhv və mənəvi pozğunluq haqqında cild-cild əsərlər yazmışlar. Mənim fikrim budur ki, insan “pis” iş görəndə də haqlı olduğuna inanır, öz hərəkətinə haqq qazandırır. O insana qarşı məhkəmə qurulsa, o və ya onun vəkili haqlı olduqlarını göstərən dəlillər irəli sürəcəklər. Hər insan gərək özü özünü öyrənsin. Səhv – dərsdir! İnsan öz həyatını, öz inanclarını yoxlamalı, təftiş etməlidir. Necə? Bilmirəm. Kim yoxlayacaq? Vicdan?!
Alina iki əlini çarpazlayıb çənəsinin altına qoydu, uzağa baxdı və fikirli-fikirli dilləndi:
–Hə? Yəni heç kimin günahı yoxdur, dünyanın işi belədir…
Elmira maraqla və diqqətlə qulaq assa da, dəqiq, konkret sualına tam cavab almamışdı:
-Tahir bəy, çox maraqlı fəlsəfi fikirlər söylədiniz. Mütləq pis adam yoxdur, pis iş görən varsa o, bunu yaxşı iş hesab etdiyi üçün edir. Və insan gərək həyatını, daxili
dünyasını nəzərdən keçirsin,düzəlişlər etsin, özünü təmizləsin. Gözəl! Bəs sizə heç pislik edən olmayıbmı? Olubsa, ona qarşı nə etmişiniz?
–Elmira xanım, mənə böyük pislik edən olmayıb. Qısqanclıqdan irəli gələn bir şeylər olub, fikir verməmişəm. Böhtansayağı danışanlar, əleyhimə yazanlar olub, fikir verməmişəm. İşdən çıxarılan insan mənim və şirkətimizin əleyhinə nələrsə uydurub, o da keçib gedib. Şirkət rəhbərlərini hədələyib pul istəyən jurnalisti yaxşı qarşılamamışıq, əleyhimizə yazıb və danışıb, fikir verməmişəm. Ona görə fikir vermirəm ki, o, öz səhv inancına əsaslanıb, bir gün səhv etdiyini anlasa bu kifayətdir, anlamasa özü bilər. Bir dəfə ciddi bir şəxs mənə dedi ki, dövlətdən siyarişlər ala bilən, heç korluq çəkməyən bir inşaat şirkətinin rəhbəri məni və şirkətimizi pisləyib. Təəccüb etdim, çünki onu yaxşı tanımıram, yəqin ki, o da məni dərindən tanımır, maraqlarımız da toqquşmayıb, o niyə mənim əleyhimə danışsın ki?! Sonra inandığım başqa bir şəxs də eyni sözləri dedi. Şübhə qalmadı. Nə etməliydim? Heç nə. Ayıb da olsa – it hürər, karvan keçər. Bir müddət sonra bir məclisdə üz-üzə gəldik məni sevməyən o adamla, salamlaşdıq, şirin-şirin söhbət etdik. Bir Çin ata sözü var: özün düz dayanıbsansa, kölgənin əyri görünməsindən qorxma. İndiiii, mənim bir sualım var sizə.
Elmira və Alina hər ikisi təəccüb etdi, Elmira “aha” dedi. Tahirin sualı da Elmiranınkı kimi qəribə idi:
–Deyin görüm, kimlərə, nə cür adamlara “axmaq adam” deyilir?
Elmira həmən taftoloji cavabı səsləndirdi:
–Axmaqlıq edənə?
–Neçə dəfə?
–Necə yəni neçə dəfə?
Tahir bir an xanımlara tərəf dönüb gülümsədi:
–Biri bir dəfə səhv edib, nəsə axmaq bir hərəkət edə bilər. Çox ağıllı adam, hətta dahi belə bir dəfə, lap iki dəfə səfeh iş tutub axmaqlaya bilər. Bununla belə, ona axmaq adam demək olmur, o, yenə çox ağıllı və ya dahi insan kimi qalır.
Alina həm ehtiramla, həm dostcasına ərk etdi:
–Tahir bəy, vallah biz elə bil ibtidai məktəb uşaqlarına çevrildik. Yaxşı, axmaq adam nə cür adama deyilir ki?
–Tez-tez axmaqlıq edənə! Axmaqlıqdan əl çəkməyənə! Ruhu tarazlıqda olmayan, xarakteri pozulmuş adama.
Alina çox ləzzətlə “offf” dedi.
Adil tez-tez Tahirə zəng edir, harada olduqlarını soruşur, “qoyun mən qarşınıza çıxım, sizi yolda bir yerdə, harda istəyirsiniz orda qarşılayım?” deyə qonaqları səbrsizliklə gözlədiyini bildirirdi. Tahir onu sakitləşdirir, “yolda qarşılamağın nə mənası var?” deyə indi haranı, hansı məntəqəni ötüb keçdikləri barədə ona məlumat verirdi. Tahirin maşını Salyana yaxınlaşanda Adil daha dözmədi, “sizi Salyana az qalmış, qalaya bənzər divar üstündə “Salyan şəhəri” yazılmış yerdə gözləyəcəm” dedi. Doğrudan da bir qədər keçmiş divar üzərindəki qızılı hərflərlə yazı, Adil və onunla yanaşı dayanmış bir gənc oğlan göründü. Hamı maşından düşdü. Tahir və Adil qucaqlaşdılar. Tahir xanımları təqdim etdi, Adil onları salamladı:
–Xoş gəldiniz, həmişə siz gələsiniz! Bahar xanım gəlmədi, hayıf. Ümid edirəm ki, bizim kəndistan diyarımız xoşunuza gələcək.
Adil öz növbəsində yanındakı orta boylu sarıyağız şux oğlanı – sürücü Zamanı təqdim etdi:
–Zaman çox qoçaq oğlandır, görəcəksiniz. Sizi gəzdirəcək öz maşınında. Deyirəm ki, Tahir müəllimi burda maşın sürməyə qoymayaq, yorulmasın, o halda gəzərkən yaxşı söhbət edə biləcəyik.
⁕ ⁕ ⁕
Qonaqların yerləşdiyi mehmanxanada yaşamaq üçün zəruri hər şey vardı. Adil “gəlin yaxşı bir yerə səhər yeməyinə gedək” dedi, lakin Tahir oteldə sadə səhər yeməyinə üstünlük verdi. Qərara aldılar ki, yeməkdən sonra bir saat dincəlsinlər, daha sonra paltarı dəyişdirib həyətə çıxsınlar. Tahir içəridə çox qalmaq istəmədi, həyətdə gəzişmək üçün çıxanda Adili orda gördü. Adil “bir neçə gün əvvəl yağan yağışdan sonra Şirvan qoruğunda yer qurumamış ola bilər, qoruğa sabah gedərik” deyə ilk növbədə Kür və Arazın qovuşduğu yerə getməyi təklif etdi. Tahir “sən bilən məsləhətdir” dedi. Zaman “Mersedes” markalı təzə qara maşını ilə mehmanxananın həyətinə gəlib ədəb-ərkanla salam verdi, “mən hazıram qulluğunuzda” deyə çəkilib kənarda dayandı. Xanımlar içəridə çöl paltarı seçib geyinməklə məşğul idi. Tahir Zamana baxa-baxa “maşallah, cavan oğlandır, təzə bahalı maşını var” dedi. Adil izahat verdi:
–Zamanın atası maşın alveri ilə məşğul olur. Qapılarında həmişə 4-5 yaxşı minik maşınları olur. Özü gəlmək istəyirdi sizi gəzdirmək üçün, amma Zaman xahiş etdi ki, qoy mən gəzdirim, hörmətli qonaqlarla tanış olum, həm onların söhbətinə qulaq
asım, həm də onlara xidmət göstərim.
Tahir “lap yaxşı” deyəndə Alina və Elmira idmansayağı paltarda həyətə çıxdılar.
Tahir maraqla onları süzdü, dodağında təbəssüm daha bir dəfə “lap yaxşı” dedi. Adil maşın barədə təklif irəli sürdü:
–Zamanın maşınında əyləşin, içi rahat və genişdir. Mən də kiçik qardaşımın “Moskviç”i ilə sizin arxanızca gələcəm.
Tahir bir an düşündü:
–Adil, sən dediyin kimi, Zamanın “mersedesi” gözəldir, genişdir, hamımız yerləşərik ora, bu daha maraqlı olar. Nə deyirsiniz, xanımlar, mən arxada sizin yanınızda otursam, sizi narahat etmərəm ki? Adil də Zamanın yanında əyləşər, söhbət edə-edə yol gedərik. Nə deyirsiniz?
Alina zarafatından qalmadı:
–Tahir bəy, Elmira və mən yanaşı oturanda bir adamın yerini tuturuq, deməli maşının arxa tərəfində nəinki üç, dörd adam da əyləşə bilərik…
Arxa tərəfdə Tahir sağda, Elmira solda, Alina ortada, Adil isə sürücü Zamanın yanında oturdular. Zaman “ya Allah” deyib maşını yerindən tərpətdi. Tahirin “bir yolu bizə izah edin” sözünə Adil cavab verdi:
–Tahir bəy, Sabirabada gedirik, təxminən 80 km-lik yoldur, Sabirabad çayın sağ sahilindədir, Suqovuşan da ordadır, lap dəqiq yerini düzü mən də bilmirəm, Sabirabada çataq, taparıq.
Alina söz atdı:
–Sabirabadın qarpızı məşhurdur, hayıf qarpız mövsümü deyil.
Tahir həmişə olduğu kimi tarixi-coğrafi izahat verdi:
–Orta əsrlərdə bu yer Cavad adı ilə tanınıb. Sonra, Rusiya tabeçiliyi zamanı bura rus və ukraynalılar gətirilmiş, indiki şəhərin yerində Petropavlovka adlı kənd salınmışdır. 1931 ya 1932-ci ildə adı dəyişdirmişlər: Sabirabad. Görkəmli müğənnimiz Lütfiyar İmanov Sabirabadlı idi.
Alina Tahirə doğru boylanaraq “Əli bəy Hüseynzadə?” deyə öz gümanının təsdiq və ya inkarını istədi. Cavab gecikmədi:
–Hə, Əli bəy də bu diyardandır, amma Sabirabadlı deyil, Salyanlıdır.
Alina razılıqla başını yellədi, sonra çantasını açdı, oradan evdə bişirilmiş xəmir şirniyyatlar çıxartdı və birincini Tahirə doğru uzatdı:
–Buyurun, Tahir bəy!
–Bu nədir?
–Evdə özüm bişirmişəm, xəmirdən hazırlanan şirniyyatdır.
Alina bu şirniyyatdan hərəyə bir dənə verdi və hamıdan “sağ ol” aldı.
Tahir sual-cavab etdi:
–Ay Alina, yaxşı şeydir, özün bişiribsən, hə?! Sağ ol, vallah! Bunun adı varmı?
–Quba tıxması.
Alina hamıya bir-bir kağız dəsmal verdi ki, əllərini silsinlər. Sonra çantasından bir-bir alça çıxarıb payladı. Tahir məhəbbətlə Alinaya baxıb başını buladı:
–Mən demişəm, Alina, səndən yoxdu dünyada.
Tahir Zamanla daha yaxından tanış olmaq istədi:
–Zaman, eşitmişəm, qoçaq oğlansan! Maşının – mersedes`in də əladır. Neçə yaşın var?
–Tahir bəy, iyirmi dörd tamam olacaq on gündən sonra.
–Yaxşı. Bir yerdə…, hardasa oxuyubsanmı?
–Orta məktəbi bitirəndən sonra imtahan verdim, ali məktəbə girə bilmədim. Sonra atama kömək etməyə başladım, maşın alverində. İndi başqa işlə məşğulam.
–Nə işlə? İndi rayon yerində, kəndlərdə əvvəlki kimi əkinçiliklə yaxşı məşğul olmurlar, elə bil ki, heyvandarlığa daha çox meyl edirlər.
Adil əlavə etdi:
–Bir də ticarət və xidmət sahələri var.
Zaman sol əli ilə saçını arxa tərəfə doğru sığalladı, alçanı yeyib əlini sildi və nəhayət Tahirin sualına cavab verdi:
–Tahir bəy, dediniz nə ilə məşğulam? Kontrabanda ilə.
Tahir onun zarafat etdiyini düşündü, amma yaxşı zarafat deyildi bu. Bəlkə nəsə məcazi mənada bir şey demək istəyir Zaman, hər yerin öz atmacaları, öz folkloru var:
–Nə? Kontrabandamı dedin?
–Hə, kontrabanda.
Tahir duruxdu. Alina kənd və bölgə adamlarında rus dili ilə bağlı çətinliklərin olduğunu, onların bəzi sözləri düzgün tələffüz etmədiklərini, sözləri çaş-baş saldıqlarını yaxşı bilirdi. Bu səbəbdən Zamanın dediyi kontrabanda sözünü yozmağa çalışdı:
–Yəqin Zaman Dövlət Təhlükəsizlik Xidmətində, kontrabanda ilə məşğul olanları
zərərsizləşdirən, kontrabanda ilə mübarizə aparan əməliyyat qrupunda, yəni “Kontr- banda” qrupunda işləyir. Bilmirəm, Daxili İşlər Nazirliyində də buna oxşar fəaliyyət varmı? Hər halda, ağır işdir…
Zaman sakitcə izah etdi:
–Yox, yox! Mənim Dövlət Təhlükəsizlik Xidmətində, KQB-də (32) ya Daxili İşlər Nazirliyində nə işim, nə azarım var?! Mən kontrabanda ilə məşğulam, gömrükdə, sərhəddə adamlara kömək edirəm.
Tahir əhvalatı başa düşdü və tutuldu. Nə deyəcəyini bilmədi. Zaman bu işi barədə rahatlıqla, üstüörtülü bir qürurla danışdığı üçün tamam susmaq ona qarşı saymamazlıq, hətta nəzakətsizlik kimi düşünülə bilərdi. Qonaqlara məmnuniyyətlə xidmət göstərən bu oğlanı pərt etmək yaxşı olmaz. Tahir söhbəti davam etdirmək, həm də məsələni tam anlamaq üçün sözü xırdalamağa başladı:
–Deməli, qadağan olunmuş malları sərhəddən keçirməyə çalışırsınız, qaçaq mal kimi. Eləmi? Məsələn, nə? Alkohol? Ya?
–Hə, əvvəllər alkohol, siqaret, dərman kimi şeyləri keçirirdik. Hərdən narkotik də olurdu.
Alina ehtiyatla və zəif səslə soruşdu:
-İrandanmı?
Elmira da özünü saxlaya bilmədi:
–Vay, vay. Qorxulu işdir.
Zaman yenə halını pozmadan davam etdi:
–Yooox, İran nədi? Avropa ilə işləyirik. Qorxulu olmağa gəlincə, əlbəttə, təhlükəli işdir. Amma, öhdəsindən gəlirik. Xeyli silah və daş-qaş da keçirmişik. İndisə, iş dəyişib, adamlara keçmişik.
Tahir təəccüb doğuran bu qəribə söhbəti sona qədər davam etdirməyi qərara aldı, hər şeydən əvvəl nələr baş verdiyini, necə baş verdiyini başa düşmək lazımdır:
–Adamlara keçibsiniz dedin… Yəni, adamlarla nə edirsiniz? Onları sərhəddən keçirirsiniz – gizli, eləmi?
–Hə. Avropaya getmək istəyənlərə kömək edirik. Belarusdan Polşaya adam keçiririk, bəzən də Litva və Latviyaya.
–Adamların məqsədi nədir, nə üçün gedirlər Avropaya?
–Orda işləməyə, qeyri-qanuni yolla. Avropada mövsüm aqrar işləri – kənd təsərrüfatı dediyimiz işlər, təmir, tikinti, müxtəlif ev işləri kimi sahələrlə məşğul olan adamlar, şirkətlər var, onların bir hissəsi elə keçmiş sovetlərdən gedənlərdir, onların işlətdiyi şirkətlərdir, onlara nisbətən ucuz işçi qüvvəsi lazımdır.
Keçirdiyimiz adamların bəziləri də Avropada oğurluğa gedirlər.
Alina özündən asılı olmadan qışqırdı:
–Nə danışırsan? Necə yəni oğurluğa?
–Hə, oğurluq etməyə, mağazalarda, küçədə. Avropada nəzarət zəifdir.
Elmira əlavə etdi:
–Hə, mən də eşitmişəm Avropada oğurluq edənlər barədə, amma, deyilənə görə, Azərbaycanlılar orda oğurluq etmirlər. Ay Zaman, siz Azərbaycanlıları, Azərbaycan vətəndaşlarını keçirirsiniz o tərəfə, eləmi?
–Yox, niyə? Hamını, kim istəsə onu. Oğurluğa gedənlər arasında Gürcüstanlılar daha çoxdur. Ümumiyyətlə, Orta Asiya, Rusiya, İraq, Suriyə, Əfqanıstan, ərəblər, kürdlər, Afrika,…, hər yerdən gələn adamlara kömək edirik. Bizdən əsas kişilər gedirlər, yaxın şərqdən isə kişi də, qadın da…
Diqqətlə qulaq asan Alina həyəcanlanmışdı:
–O adamları necə tapırsınız? Və ya o adamlar sizi necə tapırlar?
–Turist agentlikləri mühüm rol oynayırlar. Onlar Avropaya getmək istəyənləri təyyarə ilə Belarusa gətirir, otel və yataqxanalarda yerləşdirir və bizə təhvil verirlər. Belarusa gələndə vizanı yerində almaq olur.
Tahir dünya görmüş adam olsa da, bu gəncin belə qeyri-qanuni, üstəlik çox təhlükəli işə baş qoşmasına, üstəlik bu barədə çox rahat, sanki qəhrəmanlıq edir kimi danışmasına təəccüb edirdi. Ürəyindən “gəl bu işi burax” demək keçsə də, yeni tanış olduqları bu oğlanın bu fikri yaxşı qəbul etməyəcəyi aydın idi. Həm də Adilin tanış və dost olduğu ailə üzvünə qarşı kəskin görünə biləcək söz demək istəmədi:
–Ay Zaman, bəs bu işi necə yoluna salırsınız? Çətin deyilmi? Təhlükəli deyilmi?
–İki istiqamətdə işləyirik. Birinci, sərhəd yaxşı qorunmur, zəif yerlər var. Müəyyən edirik ki, haradan və necə keçirmək mümkündür? Gecə keçidinə və meşəlik yerlərə üstünlük verilir. Dar cığırlar var. Lazım gəlsə, bəlli yerlərdə hasarları kəsib deşmək də olur. Bələdçilərimiz avtobusla, avtomobillə adamları ora aparırlar. Bəzən də sərhədçilərlə əlbir iş görürük. Və əlbəttə həm ağır, həm də çox təhlükəli işdir. Ağır hava şəraiti olur, qışı var, soyuğu var, qar, boran var. Buna biz də dözməli oluruq,
qaçqınlar da. Amma, əsas məsələ tutulmamaqdır. Buna görə orda çox qalmıram, gedib təşkil edib tez geri qayıdıram, orda çox qalanda tutulmaq ehtimalı artır.
Şoferləri tuturlar, onlar da deyir ki, vallah mən nə bilim bu adamların fikrində nə var, pulunu verdilər və dedilər ki, bizi o yerə apar, mən də dedikləri yerə gətirdim. Şoferləri uzağı cərimə edirlər, həbs etmirlər. Qaçqınların Polşa tərəfdə tutulmaq ehtimalı da az deyil.
–Vallah, çox qoçaq oğlansan. Birdən fikrini dəyişsən, başqa bir işlə məşğul olmaq istəsən, gəl, qoçaq olduğun üçün sənə bir iş tapa bilərik.
–Çox sağ olun, Tahir bəy. Bəlkə bir sənət seçib oxuya billəm, nə bilim. Vallah, bilmirəm.
Alina Tahirin köməyə gəldi:
–Zaman, yaxşı oğlansan, amma bu qorxulu işdən aralansan yaxşıdır.
Zaman dillənmədi. Görünür ki, işi yaxşı öyrənib, işə alışıb, qazanır və təhlükəni də macəra və ya romantika kimi görür.
⁕ ⁕ ⁕
Elmira yolun iki tərəfi boyu uzanan yaşıl ağacları seyr edirdi. O, Alinanın qulağına pışıldadı: “dünyanın hər yerində kriminal macəralar barədə söhbətlərə və bədii əsərlərə maraq çoxdur, bizdə niyə olmasın ki?!”. Amma, söhbəti dəyişdirmək vaxtı gəldiyini düşündü, Tahirə baxdı:
–Gəlin təhlükələr dünyasından öz sadə, bugünkü dünyamıza qayıdaq. Kürə, Araza. Maraqlandığımız bu çaylar hardan gəlib hara gedirlər?
Əslində Tahir də söhbəti dəyişdirmək istəyirdi. İşin incəliklərindən xəbərdar adam təsiri bağışlayan Zaman kifayət qədər aydın danışmış, suallara tam cavab vermişdi. “Zamanın kontrabanda məsələsinə sonra qayıdarıq. İndi Elmira düz deyir, gəlib-görmək istədiyimiz çaylar və onların qovuşması haqqında düşünüb-danışmaq zamanı gəldi” deyə kontrabandadan coğrafiyaya keçdi:
–Qafqazda, o cümlədən Azərbaycanda ən böyük, yəni ən uzun və ən sulu iki çay Kür və Arazdır. İkisi də Türkiyədə hərəkətə başlayır, ikisi də sonda Azərbaycana daxil olur, birləşib Xəzər dənizinə tökülür. İndi biz həmin birləşmə yerinə yaxınlaşırıq. Azərbaycan ədəbiyyatı və mədəniyyətində Araz Azərbaycan xalqını iki yerə ayıran çay kimi şərh olundu. Xalq Araza “Xan Araz”, Kürə isə “Dəli Kür”, və “Ana Kür” adları vermişlər. Onu da deyim ki, erməni xalqı da Araz çayını öz milli rəmzi sayır.
Alina öz biliyini göstərdi:
–Kür Gürcüstandan keçib Azərbaycana daxil olur, Araz isə elə bil ki, sərhədlər çayıdır, Ermənistan, İran, Azərbaycan sərhədləri boyu axır.
Tahir təbəssüm və bəyənici baxışla başını Alina tərəfə döndərdi:
–Dediyin hər iki fikir doğrudur, Alina…
Tahir həmən istədi “Vallah, sənnən yoxdur, Alina” desin. Düşündü ki, “Alina nədən hamıdan fərqlidir? Ayıb da olsa, çox şirindir, adam onu yemək istəyir”.
Özünü saxlayıb mövzuya qayıtdı:
–Kür şimal-şərqi Anadoludan, Kars şəhərindən şimaldakı Allahuekber dağlarından axmağa başlayır, Gürcüstana daxil olur, sağdan və soldan, dağlardan qollar alır, Tbilisidən keçib Azərbaycan ərazisi ilə çöllər boyu şərqə doğru axır. Araz da Türkiyədən, Şərqi Anadoludan, Erzurumun cənubundakı Bingöl dağlarından yola başlayır və Türkiyə-Ermənistan, Türkiyə-Naxçıvan, İran-Ermənistan və İran- Azərbaycan sərhəddi boyu axır, sağdan və soldan qollar qəbul edir. Alina xanım haqlı olaraq Arazı “sərhədlər çayı” adllandırdı. Əslində, dövlətlərarası sərhəd xətlərini Araz çayı boyu çəkiblər – sirr bundadır. Məsələn, Rusiya imperiyası və Qacar İranı arasında gedən savaş və sülh müqavilələri nəticəsində Rusiya-İran sərhəddinin böyük hissəsi Araz çayı ilə müəyyən edildi.
Tahirin sözləri onsuz da obrazlı danışmağı sevən Alinanı coşdurdu:
–Və sərhəd olmaqdan bezən Araz Azərbaycanın içinə daxil olur və Kürə qovuşur. İki çayın birləşməsindən güclənən böyük çay Kür adı alır və o da dalğalanıb cənuba doğru meyl edir, nəhayət Xəzər dənizinə qovuşur.
Elmira Alina`nın sözündən sual çıxartdı:
–Doğrudan Kürlə Araz birləşəndən sonrakı böyük çayın adı niyə Kür olub, Araz da ola bilməzdimi, ya başqa, yeni bir ad ola bilməzdimi?!
Söhbətdə, demək olar ki, iştirak etməyən təvazökar Adilin bu an bu suala cavabı varmış:
–Yəqin Kür daha böyük olduğuna görə birləşən çayın adı Kür olub. Başqa bir ad olması da ağlabatan deyil.
Tahir öz sözünü dedi:
–Elmira xanımın sualı təbiidir. Bilirsiniz ki, Mesopotamiya yunanca “İki çay arası” və ya “İki çay arasındakı yer” deməkdir. İki çay deyəndə Dəclə və Fərat çayları nəzərdə tutulur; Türkiye`de Dicle ve Fırat deyirlər. Dəclə də, Fərat da Türkiyədən,
Araz və Kür çayları kimi onlar da Şərqi Anadoludan başlayır, İraqda, Bəsrə şəhərindən bir qədər şimalda bir-birinə qovuşur və yeni, “Şəttül-Ərəb” (Ərəblərin çayı) adı alaraq Fars körfəzinə tökülür. Yəni, iki çay birləşəndən sonra yeni ad ala bilir. Bizim halda Arazı Kürün qolu sayanlar var, yəqin o səbəbdən birləşib böyüyən çayın adı Kür olub, bunu dostum Adil də qeyd etdi.
Elmira daha bir təbii sual verdi:
–Adətən çaylar sahilindən çıxıb daşa bilir, ətrafı yuyub apara bilir. Kür çayı da daşırmı buralarda?
Burada yaşadığı üçün, həmçinin daşqın və su məsələləri ilə məşğul olan bir inşaatçı kimi bu sualın birbaşa ona aid olduğunu düşünən Adil dərhal fikrini bildirdi:
–Kür, əlbəttə sahillərini aşıb daşır və xeyli ziyan verir. Xüsusilə elə bizim bu düzən bölgədə, Salyanda, Neftçalada, Sabirabadda. Elə illər olub ki, daşqın insanları evsiz- eşiksiz, bağ-bağatsız qoyub, minlərlə evi su basıb, adamlar əzab-əziyyət çəkiblər, yer-yurdlarından köçürüblər onları. Buna qarşı tədbirlər görülüb, müəyyən yerlərdə sədlər düzəldilib. Amma, məncə, indi Kürün daşması deyil, onun səviyyəsinin aşağı düşməsi, suyunun azalması daha xoşagəlməz hadisədir. Hərdən Tahir müəllimlə bu işləri müzakirə edirik. Dünyanın ən böyük problemlərindən biri su çatışmamazlığıdır, çayların, göllərin quruması, quraqlığın artmasıdır. Daşqın, sel gəlir, gedir, amma suyun azalması uzun müddətli, ekosistemi məhvə aparan təhlükədir.
Zaman ona mücərrəd görünən söhbətə zamanında müdaxilə etdi:
–Sabirabada girdik, baş küçədəyik, indi hara gedək?
Yolda bu iki məşhur çayın qovuşma yerini göstərən heç bir lövhə ya yazı yoxdu.
Elmira təəccübünü bildirdi:
–Avropa ya Amerika olsaydı yol boyu tez-tez suqovuşma yeri haqqında məlumat yazılmış olardı, istiqamət və neçə km qaldığı göstərilərdi. Nə Bakıdan çıxıb yola davam edəndə, nə Salyan tərəfə gələndə, nə Salyan-Sabirabad yolunda, nə Sabirabadın içində bir işarə yoxdur…
Adil klassik həll yolu göstərdi:
–Adamlar olan bir yerdə saxla, Suqovuşana necə getmək lazım gəldiyini soruşaq.
Zaman deyilənə əməl edib maşını bir mağazanın qarşısında saxladı. Adil maşından düşüb mağazanın qapısı ağında dayanmış iki kişini sorğu-sual etdi.
Onlardan biri “Bir xeyli qabağa gedin, sol tərəfdə Suqovuşanı görəcəksiniz” dedi. Bu qeyri-müəyyənlik Zamanı qane etmədi, o, yaxında “Jiquli” markalı maşında əyləşib onlara baxan oğlana əl elədi. Oğlan yaxınlaşıb “buyurun, nə lazımdır?” dedi. Zamanın “bizi Suqovuşana apara bilərsənmi?” sözünə həmən “əlbəttə, buyurun arxamca sürün” dedi. Beləliklə, qonaqların Mersedesi yerli Jiqulini izlədi. Nəhayət, Jiquli dayandı, oğlan əli ilə qarşıda sol tərəfdə görünən körpünü göstərdi. Zaman oğlana yaxınlaşıb pul uzatdı, oğlan almaq istəmədi, amma Zaman israr edib pulu ona verdi. Oğlan “sağ olun” deyib maşını geri hərlədi, gəldiyi tərəfə doğru uzaqlaşdı.
⁕ ⁕ ⁕
Dostlar dörd tərəfə boylanıb çaya doğru endilər, orada əzəmətlə axıb körpünün altından keçən çayı gördülər, tək çayı. İki çay qovuşmasından əsər-əlamət yoxdu. Çayın kənarında orta yaşlı qırmızı köynəkli bir kişi əyləşmişdi, beş-altı metr aralıda gümüşü rəng bir samovar durur, kişinin qarşısındakı dördkünc masanın üstündə isə çay dəstgahı görünürdü. Kiçi qonaqları çay içməyə dəvət etdi. Adil ona yaxınlaşıb “sağ ol, çayı sonra içərik” deyə iki çayın harada qovuşduğunu soruşdu. Adam diqqətlə, sanki bir qədər də sınayıcı nəzərlə kişili qadınlı bu dəstəni süzdü və əli ilə onların gəldiyi tərəfi göstərdi. Məlum oldu ki, bələdçilik edən cavan oğlan onları doğru anlamayıb, bir qədər geri getmək lazımdır. Çayçı adlandırıla bilən bu kişi cavabı dəqiqləşdirdi:
–Çay axınının əks istiqaməti ilə bir qədər gedin, yol haçalanacaq, sağa ayrılan yolu tutun, tezliklə suqovuşanı görəcəksiniz. Amma, Araz yoxdur.
Tahir özünü saxlaya bilmədi:
–Necə yəni Araz yoxdur?
–Arazın qabağı kəsilib…
Dostlar təəccüblə bir-birinin üzünə baxdılar, “bu nə deyir?”. Tahir “gedək” dedi. Maşına minib kişinin dediyi yolla getdilər. Bir qədər sonra sağ tərəf ağaclar və yaşıl otlarla örtüldü. Bu təbii məkan get-gedə nazildi və nəhayət, sağda böyük su axını göründü. Yaxında Arazın, uzaqda isə Kürün suları – hərə öz məcrasında axırdı. İki çayın suları bir-birinə sürtünür, ancaq qarışmır, hərə öz yolu ilə gedirdi. Yanaşı gedən iki suyun rəngləri fərqli görünürdü, yəqin ki, iki çayın suları fərqli sürətlə axır; bəlkə Kürün sürəti, az da olsa, daha böyükdü. Yanaşı axan çaylardan hansının eni böyükdü, bəlkə Kürün? Təbii bir maneçilik olmasa, iki çayın vahid çaya çevrilib bütöv görüntü alması, yəqin ki, çox tez olmazdı. Ancaq bir qədər irəlidə Arazın xeyli hissəsi qarşıdakı kiçik quru təpəyə çatır. Nəticədə Araz nazilir, iki axın birləşir və çay bötövləşir.
Elmira əvvəl əlini alnına qoyub Günəş şüalarından qorundu ki, uzaqda nə baş verdiyini görə bilsin. Sonra sağ əlinin şəhadət bağmağı ilə alnını taqqıldatdı:
–O qırmızı köynəkli kişi “Araz yoxdur” deyəndə bəlkə bunu demək istəyirmiş, Araz nazilib Kürə qovuşur?!
Tahir güldü:
–Ola bilər, amma bunu “Araz yoxdur” kimi deyil, daha anlaşılan şəkildə deyə bilərdi, yəqin ki.
Dostlar sahildən çayları və ətraf mənzərəni seyr edərkən bir qədər sərbəstliyə meyl etdilər, tək və ya ikibir olub ağaclar arasında öz istədikləri tərəfə doğru addımladılar. İrəlidə gedən Alina avazla populyar mahnının ilk bəndini oxudu: “Arazam Kürə bəndəm, Bülbüləm gülə bəndəm”. Tahir ona yaxınlaşdı, avazla mahnını davam etdi: “Elə bəndəm, elə bəndəm, Bir şirin dilə bəndəm” və “Ay şirin gözəl” deyib sağ əlini Alinanın çiyninə qoydu, onu yüngülcə özünə, döşünə doğru sıxdı. Alina dartınmadı, əksinə ona sığındı. Bu gözlənilməz mehribanlıq çox təbii alındı, Alinanın eşq oduna yanan gözləri Tahirə dikildi. Tahir Alinanı öpməkdən özünü zorla saxladı, dili ilə öz yanan dodaqlarını yaladı. Tək olsalar, bir-birinə qovuşan Kür və Araz bir-birinə sarmaşan iki aşiqin atəşin bir öpüş səhnəsinə şahid olacaqdı.
Tahir və Alina sahildəki bir mərtəbəli evin qarşısında əyləşmiş biri gənc, digəri orta yaşlı iki kişiyə yaxınlaşıb onlarla söhbət etdilər. Məlum oldu ki, bura Fövqəladə Hallar Nazirliyinin məntəqəsidir, sahildə dayanan iki qayıq da onlarındır. Elmira Zamanla birlikdə sahildəki ağacın kölgəsində dayanıb söhbət edirdilər, Adil isə çayın sahilində çöməlib əllərini suya salmış, sanki nəyisə yoxlamaq ya ölçmək istəyirdi. Tahir və Alinanın Elmira və Zamana doğru getdiyini görən Adil də ora yaxınlaşdı. Əlbəttə, onlar “Suqovuşanı gördük, qayıdaq geri” fikrindən uzaq idi.
Alina Suqovuşanı tam, hərtərəfli öyrənmək arzusunu bildirdi:
–Gəlin gedək iki çayın qovuşmasını qarşı tərəfdən, Kürün sahilindən baxaraq izləyək. Görək o tərəfdən necə görünür. Nə deyirsiniz?
Tahir son zamanlar Alinanın hər sözünə fikir verir, onun dəqiq məntiqi düşüncə ilə qovuşan hiss-həyəcanlı nitqindən xoşlanır, vəcdə gəlir, bəyəndiyini mütləq
tərifli sözlərlə ifadə edirdi, indi də etdi:
–Əla fikirdir! Sənnən olmaz, Alina! Getdik!
Maşına mindilər, tanış körpüyə doğru gedib onu keçdilər və artıq o biri sahildə Kürün axarının tərsinə doğru hərəkət etdilər. Bir qədər getdikdən sonra sol tərəfə ayrılan yolla bir az aşağı endilər, nəhayət, Kürü də, Arazı da gördülər. İki sahili müqayisə etməyə başladılar. Kür daha enli və elə bil ki, bir qədər daha sürətli görünürdü.
Ayağa qalxarkən Tahirin mobil telefonu tıqqıldadı, bu adətən wathsapp`la məktub ya bir məlumat gəldi deməkdir. Aha, Bahardandır. “Tahir bəy, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Adil bəyi tanıyıram, çox qonaq sevəndir. Qızlar da sizi darıxmağa qoymazlar… Bir tanış adam var – Fuad, orta məktəbi Almaniyada bitirib, almanca da, ingiliscə də yaxşı bilir, rusca da. Ali məktəbi də orda oxuyub. Ağıllı adamdır. Sizdə ona aid bir iş ola bilərmi?” Tahir öz-özünə düşündü: yarımçıq məlumat vermək ustası olan Bahar öz rolunda, öz işində, öz əhatə dairəsindədir, işə düzəlmək üçün lazım gələn ən əsas arayışı – adamın peşəsini, nə sənət sahibi olduğunu yazmayıb. Hərçənd ki, Bahar telefonla ünsiyyətə girəndə ilk yazıda bir-iki ifadə və ya bir, uzağı iki qısa cümlə ilə kifayətlənərdi, bu gün nəsə uzunçuluq edib, görünür ki, Fuadın xətrini çox istəyir… Tahir qısa cavab yazdı: “Bakıya gələndə baxarıq”.
O biri tərəfdəki samovar və masadakı çay süfrəsindən fərqli olaraq bu tərəfdə əməlli-başlı çayxana vardı. Çayçı yaxınlaşıb nəzakətlə “buyurun, çayımızı için” dedi. Gözəl, günəşli, isidən, amma yandırmayan havada çay içə-içə, ətrafı seyr edə- edə söhbət etmək ləzzəti hamıya tanışdır. Çayı şəkərlə verdilər. Şəkər sevməyən Tahir:
–Mürəbbə ya peçenye kimi bir şey yoxdurmu çayla içməyə? – deyə gənc çayçıya müraciət etdi:
–Müəllim, yeni başlamışıq, sabah konfetimiz də olacaq, mürəbbəmiz də. Bugün isə, bağışlayın, çayla içməyə ancaq şəkərimiz var, – deyə çayçı üzr istədi.
Alina çantasını açıb maşında yedikləri şirniyyatdan qalan nə varsa ortaya qoydu.
Şəkərlə çay içməyi yadırğamış olan Tahir “məni xilas elədin, Alina, sağ ol” deyə tam sevgi dolu nəzərlə Alinanı süzdü. Nədənsə fikri dağıldı, sanki qulaqları tutuldu, yanındakıların səsləri yox oldu. Gözü Alinanın köynəyinə sataşdı, yuxarıdakı düymələri açılmış, xəfif külək köynəyin yaxalığını yelləyir, onun döşü nəfəs alır,
yuxarı qalxıb, qabarıb enirdi. Tahir gözlərini yaxalıqdan yuxarıya doğru yönəltdi, çənədən keçib dodaqlarda dayandı. Ay Allah! Dodaqlarına boya çəkməmişdi, amma onların təbii al rəngi necə də gözəldi. Sifəti də, sifəti örtən zərif dərisi də gözəldi, lakin dodaqların sanki dərisi yoxdu, çılpaqdı; onların yumşaq, elastik, bir qədər qabarmış və sallanmış əti dadmaq, öpmək və yemək üçün yaranıb. Azca açılmış nəm, təravətli, təbəssüm dolu dodaqlar pıçıltı ilə Tahirə “niyə durmusan, gəl mənə toxun, məni öp” deyir, “gəl, içəri gəl” deyir. Tahirin ürəyi əsdi, arzusuna çatmaq istədi. Alinanın həyəcanlı nəzərlərini öz üzərində hiss etdi. Eh, bu adamlar olmasaydı… Ürəyində “sakit ol, sakit ol” deyib dostlarına tərəf döndü, onları çay
içə-içə ətrafa baxan gördü. Bir az susdu, daha bir çay içib özünə gəldi. İndi, adətincə, tarixə baş vurdu:
–Bu çay içdiyimiz yer tarixi yerdir. Nadir xan Əfşar 1736-cı ilin mart ayında, Novruz bayramı ərəfəsində, məhz burda, Suqovuşanda, dövlətin tanınmış zadəganlarının, hərbi və dini liderlərinin iştirak etdiyi qurultayda, şah seçilmişdi.
Adil təəccüblə Tahirə baxdı:
–Sən Allah, doğrumu deyirsən? Tahir bası ilə təsdiq etdi.
Adil və Zaman söhbətə qulaq asır, amma təvazökar davranır, çox danışmırdılar.
Nəşəli çay məclisi davam etməkdəydi.
Elmira diqqətlə stəkanlara süzülmüş çaya, ardınca çayçıya baxdı, onun reaksiyasını, cavab tərzini yoxlamaq üçün gülə-gülə şuxluq etdi:
–Çay gözümə bulanıq göründü, suyu Kürün suyundandırmı?
Çayçının cavabı həm gözlənilməz, həm də qısa və aydın oldu:
–Hə, Kürdəndir. Kürün suyunu təmizləyirik, sonra ondan çay qoyuruq.
Tahir əl çaldı:
–Səfərimiz hərtərəfli gözəl oldu, deyilmi?! Kürün suyundan çay içmişdinizmi heç? Yox! Ümumiyyətlə, dünyanın bir qismində çay sularını təmizləyib içirlər, konusvari daş süzgəclər olur, su tam aşağıdakı kiçik dəlikdən damcı-damcı süzülür, təmizlənir. Doğma, sevimli Kür çayımızın çayını içmək borcumuzdur!
Elmira Kür çayının suyundan hazırlanmış çayı içdiyinə görə Tahir kimi şənlənmədisə, etiraz da etmədi, öz çayını içə-içə ümumi şənliyə rəng qatdı:
–Təəssüratımız yarımçıq olmasın deyə gərək yenidən o biri taya keçib Araz çayının da suyundan qaynadılan bir çay içək, müqayisə edək görək Kürünmü çayı daha
ləzzətlidir, Arazınkımı?! Tahir yenə əl çaldı:
–Ağıllı adamları çox sevirəm, gözəl xanım ağıllı olanda isə sevincimin həddi- hüdudu olmur!
Söz, fikir meydanında Alina da at oynada bilir, həm də necə?!:
–Sizinlə tam razıyam, Tahir bəy! Elmiranın gözəlliyi və ağlını tərif etsəniz də, öpmədiniz, yəqin utandınız, əvəzində mən öpürəm Elmiranı.
Bunu deyib Elmiranı qucaqlayıb öpdü, Elmira da onu xəfifcə qucaqlayıb mehriban gözləri ilə təşəkkürünü bildirdi.
Tahir ürəyində düşündü: “Bu gün sevgi simfoniyamızın öpüş uvertürası səsləndi
– ürəyimdə. Əminəm ki, ürəyimdə çalınan bu uvertüranı Alina da eşitdi. Qarşıda simfoniyanı tam dinləmək mümkün olacaqmı?!”
⁕ ⁕ ⁕
Adil ertəsi gün Bakıdan gələn qonaqları Şirvan Milli Parkı`na aparmalı idi, belə planlanmışdı, belə razılaşmışdılar. Səhər saat 9-a yaxın Adil və Zaman hərəsi öz maşınında gəlib, qonaqları götürüb birlikdə səhər yeməyinə getdilər.
Hava gözəl idi, mülayim Günəş işığı insanların ruh əhvallarını oxşayırdı. Yuxarıda tünd mavi, aşağıda açıq mavi rəngli göy üzü buludlarla bəzənmişdi. Dumana bənzər bulud silsiləsi ilə göy üzünü bir-birindən fərqləndirmək asan deyildi. Xəzər dənizi tərəfdəki yerə yaxın topa-topa bozumtul buludlar nazlana- nazlana şəkil dəyişdirir, aşağılarda əriyib xırdalanır, dənizə tökülürlər.
Yemək süfrəsində çay, qaymaq, bal, yumurta, isti təndir çörəyi, pendir,… – ürək istəyən hər şey vardı. Adil süfrəyə göz gəzdirir, qonaqların razı olub-olmadıqlarını onların sifətlərindən oxumağa çalışırdı. Orta boylu, nazik sifəti şaquli qırışlarla dolu arıq bir kişi yaxınlaşıb salam verdi. Adil başını qaldırdı:
–Ay Eldar müəllim, xoş gördük! Səhər-səhər nə yaxşı burdasan?! Gəl əyləş bizimlə.
Eldar adlanan adam əvvəl Adillə, sonra Tahirlə əl verib görüşdü, masanın uzaq tərəfində oturmuş Zamana müraciətlə “Qardaşoğlu, sən də burdasan?” deyib əlini qaldırmaqla onu salamladı, sonra qadınlara tərəf döndü, əlini döşünə qoyub və yüngül təzim edib “salam” dedi. Adil Eldarı qonaqlara təqdim etdi:
–Eldar müəllim bu diyarın filosofudur, adı gələndə adamların üzünü xoş təbəssüm
bürüyür, dünyanın hər işi, hər üzü barədə öz fikri var. Eldar utanan kimi göründü:
–Ay Adil bəy, rəhm elə, mən təriflənəsi adam deyiləm, sadəcə ağlıma gələni danışanam. Bizim yerdə belə adama filosof deyirlər, ixtisasca iqtisadçıyam mən. Xahiş edirəm hörmətli qonaqlarımıza diqqət yetirək. Xoş gəlibsiniz bizim kasıb diyarımıza!
Adil ayaq üstə qalxıb Eldarı süfrə arxasında oturdu. Elmira dodaqlarını Alinanın qulağına yaxınlaşdırıb ancaq onun eşidə biləcəyi pıçıltı ilə zarafat etdi: “Eldar düzünü görməsək də, bildik, indi filosof Eldarı görürük və tanış oluruq”. Adilin təqdimatında Eldarın adi vətəndaş olmadığı göründü. Maraqla bu yeni insanı süzən Tahir Eldarın son sözlərinə cavab verdi:
–Xoş gördük! Diyarınıza gələndə isə kasıb sözü əvəzinə zəngin kəlməsi daha uyğun gəlir məncə. Taxıl, pambıq, balıq burda, kürü burda, Kür burda, Araz burda, Azərbaycanın ceyranları burda…
Eldar hörmət əlaməti olaraq ayaq üstə qalxıb Tahirin əlini sıxdı.
Sözdən söz çıxarmağı sevən Elmira ceyran məsələsini aydınlaşdırmaq istədi:
–Tahir bəy, “Azərbaycanın ceyranları burda”? Nə deməkdir bu?
–İndi gedəcəyimiz Şirvan Milli Parkı`nın ən qiymətli, ən mühüm, ən gözəl neməti ceyranlardır. Böyük şairimiz öz möhürünü vurub: “Nə gözəl yaraşır Muğana ceyran”! Bir zamanlar Azərbaycanda ceyranın kökü kəsilməyə yaxındı. Bu yerlərdə təbii qoruq birinci növbədə ceyranları qorumaq üçün təşkil olundu. İndi burda, təbii şəraitdə minlərlə, bəlkə 7 min ya bir az çox ya bir qədər az ceyran yaşayır.
Azərbaycan ceyranbaz ölkədir, ceyranla bağlı coğrafi adlar var – Ceyrançöl, Ceyrankeçməz, Ceyranbatan kimi.
Tahir çaydan bir qurtum alıb davam etdi:
–“Azərbaycanın ceyranları” deyəndə, əlbəttə, qadın və qızlar da yada düşür, istər- istəməz. Daha doğrusu, “Azərbaycan ceyranı nədir?” deyə sorğu aparsanız, yəqin ki, əksəriyyət cavab olaraq “gözəl qız, qadın” deyər, doğrusu ceyran, o gözəl heyvan çox yada düşməz. Ədəbiyyat və folklor da bunu deyir – ceyran baxışlı, ceyran gözlü, “ceyrangözlü qızları var ölkəmin” (33) , ceyran yerişli, ceyran qaçışlı… “Ceyran” çox yayılmış qız adıdır. “Dəli ceyran” da qeyri-adi qıza, qadına işarədir. Gözəl, ceyran qızlar, qadınlar, o cümlədən “dəli ceyran”lar Azərbaycanın hər yerində, hər guşəsində var, şükür
Allaha! Dəli sözü igidlik, coşqunluq, çərçivələrə sığmayan kimi xüsusiyyətləri bildirir – Koroğlu dəliləri, Dəli Həsən, Dəli Kür, dəli külək, dəli dalğa, dəli könül, dəli şeytan… Ceyran şeir və mahnılarda ən çox adı keçən, vəsf olunan mövzulardan biridir. Qız, qadın gözəlliyinin, incəlik və zərifliyin tərifi ceyransız keçmir. “Ceyranı” adlı oyun havası var. Mən ağlıma gələnləri dedim, xeyli uzatmaq da mümkündür.
Eldarın “icazə verərsinizmi bu yerdə mən də bir söz deyim?” sözünə Tahir “əlbəttə, buyurun” dedi, məclisdəki digər adamlar da baş hərəkətləri ilə və ya “buyurun, buyurun” deyib Eldarı gözdən qoymadılar. Eldar fikirləşirmiş kimi başını bir an aşağı salıb sonra qaldırdı:
–Ciddi bir sözüm yoxdu, sadəcə hörmətli Tahir müəllimin sözləri evdəki bir epizodu yadıma saldı, onu deyəcəm, gülün. Həmişə gülən gününüz olsun! Oğlum məktəbi yaxşı oxuyub qızıl medalla bitirmişdi, ali təhsil aldı, xaricdə magistratura bitirdi, yaxşı işə düzəldi, di gəl, evlənmək istəmirdi. Buna görə anası rahatlıq tapmırdı, gecə-gündüz danışırdı: “ay bala, evlən, hər mərtəbəyə çatdın, ağlın, boyun-buxunun hamısı yerində, evlən, ailə qur, nəvələr dünyaya gəlsin, sənin evin də, bizim evimiz də şənlənsin, işıqlansın” və sair və sair. Ona əli çatmayanda, gücü onsuz da çatmır, məni əldən salırdı: “Ata deyilsənmi?! Kişisən, bir danış onunla”. Mən nə qədər desəm də, “ay arvad, əl çək, oğlanın üstünə düşməklə məsələ həmən həll olunan deyil, gözlə, bəlkə bir gün özü gəlib evlənmək istədiyini deyəcək.
Qocalmayıb ki! O tərəfdəki dünyalarda, onun oxuduğu ölkələrdə otuzu keçəndən sonra evlənirlər”. Arvad heç cür sakit olmurdu. Öz-özünə danışmaq tapmışdı – mən yanında olanda da, olmayanda da. Bir bayram günü arvad yenə başladı, oğlandan niyə evlənmədiyini soruşur, ondan bir söz çıxartmağa çalışırdı. Çox üstünə düşdü, birdən oğlumuz doğrudanmı dedi, ya başından eləmək istədi anasını, bilmirəm, hər halda dedi ki, “ay ana, kimi alım, kiminlə evlənim? Xoşuma gələn qız yoxdur, hələ qarşıma çıxmayıb, neyləyim?!” Söz arvadı qane etmədi: “A bala, dünya doludu ağıllı və gözəl qızlarla. Dünya batıbmı? İstəyirsən özüm axtarım, razı ol, sənə ağıllı- kamallı, göyçək, atalı-analı, halal süd əmmiş bir qız tapım, lap beşini tapım, sən onlardan birini seç, bəyən”. Birdən oğlum anasına yaxınlaşdı, diqqətlə və qımışaraq ona baxdı. Baxdı və görün nə dedi: “Ay ana, nə düşübsən üstümə, nə başlayıbsan ki, halal süd əmmiş qız olsun, ya halal süd əmmişin qızı olsun. Mən halal süd hesabı aparan deyiləm. Bilirsənmi mən nə istəyirəm? Bilirsənmi? Mən, ay ana, bir dəli
ceyran istəyirəm, bildinmi? Dəli ceyran! Yerişi, baxışı, duruşu, qəmzəsi aşıb-daşsın, baxım, heyran olum, məni də dəli etsin, ağlımı başımdan alsın. Bildinmi, ay ana?
Nə vaxt dəli ceyran görsən, mənə deyərsən…”. Arvadın təəccübdən gözləri böyüdü, “bıy, boy” deyib əlini şappıltı ilə üzünə vurmaqdan başqa bir şey etmədi, bilmədi nə desin.
Elmira əl çaldı:
–Ay nə gözəl! Əla!
Alina da bəyəndiyini və hiss-həyəcanını “Ay Allah!” deməklə göstərdi.
Tahir məclisə xülasə verdi:
–Səhər yeməyimiz əla oldu! Çox sağ olun, Adil bəy! Söhbətimiz yaxşı keçdi, Eldar müəllimlə tanışlıq və onun dəli ceyran dastanı isə bizə xüsusi kef verdi. İndi yolçu yolda gərək, nə deyirsən, gedəkmi ceyranların yanına, qoruğa?! Eldar müəllim, bizimlə gedə bilsəniz çox xoş olardı bizə, hamımıza.
Eldar “məmnuniyyətlə, mənim üçün şərəfdir” deyə dəstəyə qoşuldu.
⁕ ⁕ ⁕
Şirvan Milli Parkı`nın girişində qonaqları parkın müdir müavini qarşıladı. Adilin yaxın dostu imiş, kimlərin gələcəyini, qoruğa nə vaxt çatacaqlarını əvvəlcədən bilirmiş. O, qoruğun tarixi və bugünkü vəziyyəti haqqında həvəslə məlumat verdi, işini sevən adama oxşayırdı.
Azərbaycanda fauna və floranın qorunması məqsədilə bir sıra milli və ya dövlət qoruqları yaradılmışdır. Şirvan Milli Parkı Araz və Kür çaylarının sağında, Salyan və Neftçala ərazisində təqribən 540 kvadrat km sahəni əhatə edir, şərqdə Xəzər dənizinə dirənir. Burada qoruq yaradılmasının əsas səbəbi ceyranların, Azərbaycan mədəniyyətində, folklor və ədəbiyyatında çox vəsf olunan bu gözəl heyvanların çox ovlanması və nəticədə yox olmaq təhlükəsi olmuşdur. 1961-ci ildə, deyilənə görə, bu yerdə cəmi 77, bütövlükdə Azərbaycanda isə hardasa 130 – 170 ceyran qalmışdı. Bu gün bu qoruqda ən azı 7 min ceyran olduğu deyilir. Qoruğumuz Avropada ən böyük, yəni ən çox ceyranı olan qoruqdur. Ceyranlardan əlavə qoruğun zəngin heyvanlar aləmi var: canavar, çaqqal, tülkü, qaban, dovşan, qamışlıq pişiyi,…, müxtəlif sürünənlər, balıqlar, quşlardan qızılqaz (çəhrayı flaminqo), qu quşu, ördək, adları ədəbiyyatı bəzəyən qartal, şahin, tərlan, laçın kimi alıcı quşlar, turac və s.
Köçəri quşlar məkanıdır bura.
Təbiəti çox sevən və bilmək ehtirası ilə dolu Elmira suallar yağdırdı.
–Ceyranlar qoruqdan çıxıb gedə bilərlərmi? Bunun qarşısını necə alırsınız?
–Heç cür! İstəsə gedə bilir, amma gedən azdır, çünki burda ceyranların sürü ilə yaşaması, yemək və içməkləri üçün şərait yaradılıb. Getmək istəyən, əlbəttə, gedə bilir, belələri az saydadır. Onu da deyim ki, burdan Azərbaycanın digər qoruqlarına ceyran aparılır – o yerlərdə də ceyran olsun və ya varsa, sayları artsın deyə. Hətta Gürcüstana da ceyranlar hədiyyə etmişik; orda ceyranların nəsli kəsilib.
–Ceyranlar suyu haradan içirlər, çay varmı burda?
–Yox, çay yoxdur. Suyu göldən və xüsusi çəkilmiş kanallardan içirlər, qoruğu gəzəndə görəcəksiniz.
Adil buranı yaxşı tanıyır, onun bələdçiliyi ilə iki maşınla qoruq gəzintisi başlandı. Bura çöldür, yarımsəhra kimidir. Ətraf alçaqboylu saksaul kolları ilə doludur. El arasında bunlara yulğun kolu deyirlər. Kolun başı və budaqlarının ucu yaşıldır, ceyranların yeməyidir.
Saksaullar barədə Eldar maraqlı söz dedi:
–Əvvəllər ceyranları ovlayanda saksaul kollarını qırıb yandırırdılar ki, yaxşı odu olur, kabab çəkmək üçün əvəzi yoxdur deyirdilər.
Yolda sol tərəfdə neft buruqları göründü. Alina təəccüb etdi:
–Bu nədir? Qoruğun içində neft buruqları?! Ceyran və neft?! Elmira da ona qoşuldu:
–Sənaye və təbiətin qorunduğu məkan yan-yanaşı?! Məntiqə də sığmır, ətraf mühitin mühafizəsinə də, estetizmə də.
Tahir barışdırıcı mövqe tutdu:
–Azərbaycanda neft tək Bakıda, Bakı ətrafında və dənizdə deyil, başqa yerlərdə də var, o cümlədən burda. Neft buruqları, hansı ki, burda az saydadır, yəqin ki, ceyranlara və digər heyvanlara mane olmurlar. Qaldı ətraf mühit və estetik dəyərlərə. Əlbəttə gözəl ceyran ilə neft buruğunu yanaşı görmək bizi coşdurmur, vəcdə gətirmir. Amma, böyük ziyanı da yoxdur. Bir də ki, buranın təbiəti elə gözəl deyil ki. Baxın, bom-boz çöldür bura, nə meşədir, nə çəmən, sıx yaşıllığı da yoxdur. Alina dillənmədi. Elmira yüngülcə başını yellədi, yəni, “başa düşürəm, amma…”
Aha, ceyranlar göründü! Sürü-sürü. Maşınları saxlayıb ceyranları müşahidə etməyə başladılar. Tahir yavaş-yavaş ceyranlara yaxınlaşmağa çalışırdı. Amma, istədiyi qədər yaxınlaşmaq mümkün olmur, çox ürkəkdir ceyran. Hamının dilində Səməd Vurğunun “Muğan” poemasındakı məşhur misralar səslənirdi. Elmira, sanki
özündən asılı olmadan, “Nə gözəl yaraşır Muğana ceyran” misrasını bir neçə dəfə təkrar etdi. Hərə həmin şeirdəki bir dördlüyü yada salır, biri çaşanda o biri köməyə gəlirdi. Ceyranların ümumi görünüşündə qonur rəng gözə daha çox çarpırdı. Onların başı ala, ağ və qonur rənglərin qarışığı, boğazı qabaq tərəfdən ağımtıl, qarnı və arxası ağ, beli, boynunun arxası və ayaqları əsasən qonur, quyruğu qara rəngli idi. Erkək ceyranları buynuzuna görə qiymətləndirmək olur, məsələn, birillik ceyranların buynuzları öz başının uzunluğundan qısadır, daha böyük yaşlının buynuzu isə baş uzunluğundan daha böyükdür. Dişi ceyranların buynuzu olmur deyirlər, əslində buynuz var, amma çox kiçikdir, yox kimidir.
Yolun sonunda qonaqların diqqətini iki mərtəbəli ev özünə cəlb etdi. Çox güman ki, bura qoruğun mərkəzi yeri kimi nəzərdə tutulmuş və yol bu evə yönəldilmişdi.
Adil bu evin turistlər üçün dincəlmə yeri olduğunu dedi. Bir az istirahət etmək, su içmək, ətrafı gəzmək yaxşı olardı. İkinci mərtəbəyə qalxdılar, burdan baxanda ətrafda, müxtəlif istiqamətlərdə nələr olduğu görünürdü. Binanın qarşısından hər iki tərəfi qamış və kollarla dolu su kanalı keçir, əks tərəfdə isə böyük göl var – Qızılqaz gölü. Gölün yanında quşları müşahidə etmək üçün estakada düzəldilib. Ora getmək lazımdır. Qamışlıqla irəlilədilər. Gözəl mənzərə açıldı. Uzaqda suda üzən yaşılbaş ördək, digər ördəklər və quşlar göründü. Qoruğa daxil olduqdan sonra ilk dəfə, zəif də olsa, quş cikkiltisi eşidildi…
Qonaqlar – iki dəli ceyran və bir cəngavər qoruğa səfərdən həzz alır, yerlilər – iki kişi və bir gənc qonaqlardan ayrılmaq istəmirdilər, ünsiyyət həzzini uzatmaq fikri təbii idi. Eldar sıra ilə Tahirə, Adilə, sonra xanımlara baxdı və bu günkü səyahətə qısa yekun vurdu:
–Gəzintimiz gözəl oldu, ümid edirəm ki, xanımların da xoşuna gəldi, bir qədər yorulsalar da. Ceyranlar, yəqin, ləzzət verdi, quşları da yaxşı seyr etdik. Sonra nə gördük? Dəmir gövdəli neft buruqları əvəzinə çoxlu hündür boylu yaşıl ağaclar olsa, mənzərə daha cazibəli olardı, amma, elə bil ki, ümumilikdə yaxşı oldu. Bilmirəm düzmü deyirəm?
Eldarın dediklərinə hərə bir cür şərik oldu – başını tərpətməklə, gülümsəməklə, yaxşı, hə, əlbəttə deməklə. Eldar bu ümumi razılıqdan ürəklənib ayrılmamaq üçün qısa ayrılma planı təklif etdi:
–Xanımlara, hər halda, bir az dincəlmək lazım ola bilər. Olsun. Adil bəy, qonaqları mehmanxanaya ötürək. Amma, axşam yeməyində, icazə verin, birlikdə olaq. Sizin
kimi insanlar, Allah bilir bir də nə vaxt qarşımıza çıxacaq. Söhbətinizə qulaq asmaq istəyirik, Tahir bəy, bilmədiklərimizi soruşaq sizdən, xanımlardan. Eh, nə bilirik ki? Heç nə.
Eldarın sözü və davranışı Tahirin xoşuna gəlmişdi:
–Biz də sizin söhbətlərə qulaq asmaq istəyirik. Haqqınızda eşitmişdim, ruh adamısınız, yaxşı ki, tanış olduq, hər şeyə görə dostumuz Adilə sağ ol deyək. Bir az dincələk, sonra çay-söz məclisində görüşək.
⁕ ⁕ ⁕
Görüş yerini Adil seçdi. Şəhər kənarında, geniş ərazisi, müxtəlif təyinatlı və rəngarəng tikililəri, gölü, oyun və gəzinti yerləri ilə göz oxşayan bir yemək-içmək məkanına üz tutuldu. Adətən şəhərlərdə mərkəzi hissə öz mədəni-memarlıq abidələrinə, gəzinti yerlərinə və xidmət rəngarəngliyinə görə şəhərin digər yerlərini üstələyir. Lakin şəhər mərkəzi yeni cərəyanların, yeni ideyaların həyata keçirilməsi üçün əlverişli deyil, yer qıtlığı, sıxlıq bunlara imkan vermir. Bu səbəbdən yeni cəzbedici işlərin çoxu özünə mərkəzdən uzaqda yurd-yuva qurur.
Adil ev sahibi olaraq qonaqlara müraciət etdi:
–Gəlin oturmağa yer seçək, Tahir bəy siz deyin, xanımlar desinlər, harada otursaq yaxşıdır, içəridə bir yerdə, ya açıq havada?
Baxışlar, göz işarələri və “açıq hava yaxşı deyilmi?” kimi səslər nəticəsində razılığa gəldilər – əvvəl açıq havada oturaq, işdir birdən hava dəyişsə, onda içəri keçərik.
Havanın bürküsü düşmüş, sərinlik gətirən xəfif meh əsirdi. Bu görkəmli yerin sahibi səfərdə idi, lakin, rəhbər işçilərdən birini hörmətli qonaqları qarşılamaq və onlara lazımi ehtiram göstərmək üçün ayırmışdı. Orta boylu, enli, qırmızımtraq süfətli bu adamın qarnı irəli çıxmaqla bəs etməmiş, aşağıya doğru sallanmışdı. Özünü Bilal deyə təqdim edən bu şəxs mehribanlıq göstərir, qonaqların hər sözünə fikir verir, onları razı salmağa çalışırdı. O, Adilə müraciətlə əyləşmək üçün ən yaxşı yerlərdən birini təklif etdi. Ora çatan kimi qonaqlara su və çay gətirdilər.
Elmira başını göyə yuxarı qaldırıb “Ay can, Ay da başımızın üstündədir” dedi. Alina astadan oxudu: “Mən səni gördüm Ay işığında”. Tahir mahnıya qoşulmasa dura bilməzdi – “Könlümü verdim ay işığında” (34). Adil üzünü Tahirə tutub həmişəki kimi ədəb-ərkanla dayanan, söz soruşmasan danışmayan Zamanı göstərdi:
–Tahir müəllim, Zamanın gözəl səsi var, bu mahnını da yaxşı oxuyur.
Tahir xoş nəzərlə Zamanı süzdü:
–Hə?! Nə yaxşı! Zaman, əzizim, bir de gəlsin! Zaman duruxdu. Alina ona ürək-dirək verdi:
–Zaman biz hamımız oxuyuruq, mənim şəxsən elə yaxşı səsim olmasa da, oxumasam ölləm. Mahnı oxumaq yaxşı şeydir. Oxu, istəsən, səninlə birlikdə mən də oxuyaram.
Zaman ayaq üstə qalxdı, üzünü məclisə deyil, bi az kənara doğru tutub oxumağa başladı. Yaxşı səsi varmış, hər məqamı yerli-yerində gözəl oxudu. Hamı əl çaldı.
Tahir xoş təəsüratını və təəccübünü ifadə etdi:
–Ay Zaman, əzizim, səsinə söz yoxdur. Belə gözəl oxumağı hardan öyrənibsən? Yəqin musiqi məktəbinə gedibsən…
–Yox, Tahir müəllim, musiqi məktəbinin heç qapısını açmamışam. Dayım musiqi müəllimidir, o həvəsləndirib. Özüm də mahnı və muğamatı çox sevirəm, qulaq asmaqla öyrənirəm. Nərminə Məmmədovanın ifa etdiyi mahnıları çox sevirəm, çoxunu oxuyuram.
Elmira ağzını Alinanın qulağına dirəyib “Ay işığında” mahnısının avazı ilə astadan oxudu: “Kontrabanda – Ay işığında”. Alina gülüb əli ilə onun ağzını qapadı. Elmira sual verməsə rahat olmaz:
–Tahir bəy, bu Ay işığının bir sehri, sirri var ki, belə çox sevilir, haqqında danışılır, şəninə mahnı yazılır. Sizcə bu nə sir, bu nə sehrdir?
Elmiranı sevən, onun qəflətən verdiyi sualları xoşlayan Alina dinc durmadı, dilxoşluq etdi:
–Yerdəki bütün məsələləri müzakirə etdik, bir çoxunu həll etdik, indi göyə çıxırıq, Günəşlə, Ayla əlləşirik. Sağ ol, Elmira! Bizi göylərə qaldırdın! Tahir bəy, zarafat öz yerində, bu Parisli xanıma gərək düzünü deyək. Doğrudan da, Ay işığı nahaq yerə sevilmir ki!?
Tahir ürəyində öz-özünə danışdı: “nə yaxşı ki, dünyanın ən yaxşı, ən keyfiyyətli xanımları cərgəsində olan bu iki xanım mənimlə bir yerdədirlər, Baharı da əlavə edim, üç olsunlar, qarşıma üç ceyran çıxıb. Hər üçü sevimlidir, hərəsi bir cür. Bahar
– gözəl, xoş, enerjili, danışan, hay-küylü, Elmira – dərin və geniş ağlı, həqiqətpərəstliyi və əlbəttə, huri-pəri gözəlliyi ilə seçilən. Qaldı Alina. Alina… Alinadan dünyada yoxdur! Bahar və Elmira`da sanki bir qədər uzunqılça, uzungərdən üstünlüyü var, hərçənd ki, Bahar həmişə dizindənaşağı uzunətəkli paltar geyinir, Elmira isə ya şalvar geyinir, ya da abırlı ətəkli paltar. Yəni bu iki gözəl öz uzun qıçları ilə öyünmür, onları heç nümayiş etdirmirlər. Alinanın da düz, sağlam ayaqları var. Digər çox şeydə, xüsusilə xasiyyətcə Alina bənzərsizdir. Onu çox sevirəm, ona vurulmuşam, onsuz darıxacam. Nə etməli?”
Bu yerdə ürəyində oxudu: “Bəs bu dərdi kimə söyləməli? Gedib anasına deməli”, (35), lakin içindən gələn ikinci səs bu fikri bəyənmədi: “yox, özünə deməli…”.
Alina Tahirin fikrə getdiyini görmüş, vurğun gözlərlə sakitcə ona baxa-baxa düşünürdü – nə olub görəsən, birdən-birə nooldu ki?! Amma onu fikirdən ayırmağa cürət etmədi, daha doğrusu, insafı buna yol vermədi.
Tahir fikirdən ayıldı:
–Elmira xanım, bağışla, nə dedin? Hə, Ay işığının sirri… Bir neçə tərəfi var bu sirrin, bu cazibənin. Ay işığı birbaşa işıq deyil, Günəş işığının Ay səthində əks olunmasıdır. Ayın səthi Günəş işığını zəiflədir və səpələyir. Buna görə Ay və onun işığı solğun, gümüşü və zərif görünür, səssizdir, ruhu sığallayır. Günəş işığı kimi göz qamaşdırmır. İkinci, Ay işığı Yer üzündəki, ətrafımızdakı gecə qaranlığı ilə təzad təşkil edir, qaranlıqda yanan zərif lampadır, bütün qaranlıq dünyanı işıqlandıran kosmik lampadır Ay və bu səbəbdən Ay işığı həyatı təmsil edir, onda həyati gözəllik var.
Alina “Ay nə gözəl” dedi və… ürəyindən Tahiri möhkəm öpmək keçdi.
–Daha nə deyə bilərəm? Ay dəyişkəndir, kiçilir, böyüyür, gizlənir, yenidən üzə çıxır, hər gecə yerini dəyişir, hər gecə bir don geyir… Ona baxmaqla doymaq olmur. Nəhayət, Ay işığı sevgi işığıdır, “könlümü verdim Ay işığında” deyirik, “Ay üzlü”, “Ay parçası” deyirik gözələ, “get Ay batandan sonra gəl, ay oğlan” deyir görüş üçün ürəyi titrəyən qızlar, qadınlar…
Elmira bir Alinaya, bir Tahirə baxdı:
–Tahir bəy, sağ olun! Söylədiklərinizə şərik çıxaraq19-cu əsrdə yaşamış fransız yazıçı Guy de Maupassant`ın (Qi de Mopassan) “Clair de lune”, yəni “Ay işığı” hekayəsini yada salmaq istəyirəm. O, Ay işığının saf insan sevgisi yaratma sehrindən, gerçəkliklə daxili hisslər arasında ilahi körpü yaratma gücündən söz açmışdı. Və bu yerdə sizdən bir xahişim də var – olarmı Parisdə ağlıma bir sual gələndə sizə yazım, sizin fikrinizi soruşum?
Tahir də öz növbəsində bir Alinaya, bir Elmiraya baxdı, şux suala zarafatyana cavab verdi:
–Elmira xanım, yazın, əlbəttə, amma ətraflı müzakirə və cavab üçün qoyun özüm gəlim, Alinanı da götürüb gəlim, suallarına yerində müntəzir olum.
Elmira əlini döşünə qoydu. Eldar ayaq üstə qalxıb Tahirin yanına gəldi, səssizcə onun əlini sıxdı.
Ətraf lazım gəldiyindən daha artıq işıqlandırılmışdı, sanki göz qamaşdırmaq istəyirdilər. Əslində, kənd və bölgələrdə (rayonlarda) axşam və gecə vaxtı, bir yerin çox fərqli məkan olduğunu göstərmək üçün, insanları ora cəlb etmək, yəni məcazi mənada da göz qamaşdırmaq üçün gur işıqdan daha güclü vasitə fikirləşmək çətindir; bol işıq bolluq, gözəllik əlaməti sayılır. Böyük şəhərlərdə, məsələn, Bakıda restoran kimi yerlərdə solğun işıqlı, yarıqaranlıq, məhrəmanə mühit yaradırlar.
Gözə birbaşa işıq saçan çılpaq lampa, çilçıraq (qəndil) əvəzinə dolayı işıq, divar və tavandan əks olunmaqla yumşalan işıq (Günəş işığını əks etdirən Ay işığı kimi!), şam işığı, həmçinin fərqli sahələrin fərqli qaydada işıqlandırılması göz və ruha xoş gəlir.
⁕ ⁕ ⁕
Adil “gəlin seçək, nə yeyib-içəcəyik” deyə qonaqlar tərəfə baxdı. Tahir qısa və qəti cavab verdi:
–Xanımlar seçsin, nə seçsələr bizə məqbuldur.
O, digər kişilərə baxdı, hamı razılıq bildirdi. Alina güldü:
–Elmira, bizə vəzifə verdilər, sağ olsunlar, gəl başlayaq, Bahar burda olsa, bu işi o görəcəkdi – deyə Elmiranın köməyilə xidmətçi oğlanla söhbətə, seçimə başladı; hər halda, Tahir nə qədər özünü kənara çəksə də, xanımlar əsas yeməkləri və içkini onunla məsləhətləşdilər.
Tahir Eldarla daha yaxından tanış olmaq istəyirdi:
–Eldar müəllim, Bakıda ali təhsildən aldıqdan sonra həmən bura, öz bölgənizə, öz kəndinizəmi qayıtdınız, yoxsa Bakıdamı qaldınız?
Eldar udqundu, əlini üzünə çəkdi, onun hərəkət və görünüşündə bir inamsızlıq hiss olunurdu, elə bil nədənsə çəkinirdi, bəlkə şəhərdən gələnlərə ehtiramdan irəli gəlirdi bu sıxıntı:
–Tahir bəy, düzü pis oxumamışdım institutda, həm siyasi iqtisad müəllimimiz, həm də iqtisadiyyatın riyazi modelləri üzrə dərs deyən müəllimimiz mənə “gəl, elmi iş götür” demişdilər. Amma kəndə qayıtmalı oldum, məndən böyük qardaşım artıq ali
məktəbi bitirib elmi işlə məşğul idi, məndən kiçik bacım isə tələbə idi. Atam və anam yaşlaşmışdılar, onları tək qymaq olmazdı. O vaxt kolxozda işə düzəldim, maliyyə-mühasibət işləri üzrə.
Adil gülümsədi:
–Yamanca hesab aparırdın kolxozda, – deyə söhbətə intriqa qatmaq, onu daha maraqlı etmək istədi. Aydın idi ki, Adil nəsə bir şey bilir və ona işarə vurur. Tahir anlamaq istədi:
–Nə hesab, necə?
Adil əli ilə Eldarı göstərdi, onun danışmadığını görüb özü davam etdi:
–Hamı bilir, dillərdə dolaşır o əhvalat. Kolxoz maraqlı quruluş idi. Amma orda hər şey baş verə bilirdi. Saxta sənədlər düzəldilir, yeyintilər olurdu. Eldar neçə illər orda işlədi, qanunları bilirdi, hamı ondan soruşurdu. Bir müddət maliyyə-iqtisad üzrə müavin işlədi. Nəhayət bir gün kolxozu möhkəm yoxlamağa başladılar, komissiyalar töküldü bura. Yeyintiləri aşkar etdilər, sənədləri bir-bir öyrənir, adamları danışdırırdılar. O sənədlər ki, yeyintilər üçün düzəldilmişdi, onların birində də Eldarın imzası yoxdu. O sənədləri ki, Eldar imzalamışdı, biri də saxta deyildi. Hamı mat qalmışdı. Eldar nəyin nə olduğunu yaxşı bilirmiş, heç hay-küy qaldırmadan düzgün sənədləri imzalayır, şübhəli olanları müdirə verirmiş ki, o imzalasın.
Tahir heyranlıqla Eldara baxdı:
–Bunu necə edə bildiniz, ay Eldar müəllim?!
Təvazökar görkəmi və davranışı ilə seçilən Eldar bir iqtisadçı kimi əvvəlcə o dövrü anlatmağa girişdi:
–Xanımlar gəncdirlər, mənim gördüklərimi görməyiblər – ən azı bir hissəsini və şükür ki, görməyiblər. Sovet hökuməti şəxsi mülkiyyəti ləğv etməyə girişdi, zəngin və ortababları kulak (36) elan etdi, cəzalandırdı. Bəs məhsul necə əldə edilsin? Kollektivləşmə əsasında – kəndin nəyi varsa onu kollektiv təsərrüfat, yəni kolxoz (37) elan etdilər. Bu, əslində pis fikir deyildi – kəndçilər birləşir, birgə əkib-becərir, məhsulu dövlətə satır, əldə olunan gəliri öz aralarında bölürlər. Amma dövlət uzun müddət öz vədini yerinə yetirmədi, məhsulu alıb qəpik- quruş verməklə kifayətləndi. Sonralar vəziyyət bir qədər yaxşılaşdı. Amma, bu işi təkmilləşdirmək, gücləndirmək yerinə kolxozu yeni sovet təsərrüfatına – sovxoza (38)
çevirməyə başladılar. Guya bunu məhsuldarlığı artırmaq, “fəhlə” adlandırdıqları kəndliyə sabit maaş vermək, şəxsi və ictimai maraqları birləşdirmək üçün etdilər. Beləliklə dövlət tək sahibə, mülkədara çevrildi. Mən işə kolxoz dövründə başladım, sovxoz dövründə davam etdim. Sovxozda idarə edənlərin, inzibatçıların, bir sözlə, müftə yeyənlərin sayı artdı. Eh, Tahir bəy, siz savadlı, dünyagörmüş adamsınız, bu şeyləri bizdən qat-qat yaxşı bilirsiniz, mən sadəcə xanımlar üçün məlumat verdim. Əyri işlərin qabağını kəsmək olmurdu, mən inqilabçı deyiləm, əlimdən gələn o işlərə imza atmamaq idi… Sonra sovxozdan uzaqlaşdım, məktəbdə işə düzəldim, iqtisadiyyat, həmçinin coğrafiya dərsləri deməyə başladım. Məktəbdə, mənim oxuduğun vaxtlar çox ciddi, bilikli müəllimlər vardı. İndi bilikli, öz üzərində çalışan müəllim azdır, müəllimlərin çoxu qadınlardır, şagirdlər də başqa cürdür, valideynlər də. Eh, nə deyim, hamı bilən şeyi danışmağa ehtiyac yoxdur.
Tahir Eldarı danışdırmaq, onunla söhbəti uzatmaq istədi:
–İnqilabçı deyilsiniz, amma, yəqin ki, ətrafda baş verənlərə biganə qalmırsınız.
–Eh, mənə “demaqoq Eldar” da deyirlər. Kəndimizdə, rayonumuzda, ölkəmizdə baş verən bütün hadisələr məni həyəcanlandırır, sevindirir və ya kədərləndirir.
Problemlər barədə məktub yazıram, təkliflərim olur, onları icra hakimiyyətinə, nazirlər kabinetinə, hərdən də prezidentimizə göndərirəm. Elə sovet vaxtı da yazırdım. Yazandan sonra bir az rahat oluram, vicdanım “susma” deyir. Çox zaman cavab verirlər. Demaqoq sözünün də kökünü öyrəndim, yaxşı söz olub tarixdə, yunanlarda – el adamı, xalqın sözünü deyən, danışan mənası verir. İndi, düzdür, məna dəyişib – demaqoq deyəndə çoxdanışan, lazımsız, yerli-yersiz danışan, sözlə aranı qarışdıran, xəbər gəzdirən başa düşülür, hətta adamsatan kimi mənası da var buralarda. Allah eləməsin, adamsatan deyilik, amma ağlıma bir şey gəlirsə, onun ziyan deyil, xeyir verəcəyini düşünürəmsə, dura bilmirəm, danışıram. Neyləyim, beləyəm.
Adil söhbətə qarışdı:
–Eldar müəllim ağıllı, müdrik və bir qədər də qəribə adamdır, üzünə deyirəm. Düz adamları, çalışqan adamları sevir, onlara yaxşılıq etmək istəyir. Özü yaxşı meyvə şirələri düzəldir, çuğundurdan, yerkökündən, almadan, hər meyvə-tərəvəzdən, sonra onları şüşə qablara doldurub xoşuna gəldiyi adamlara paylayır, pulsuz-parasız, heç nə güdmədən. Elə olur ki, özü evlərə aparır. Əvəzində ona “qəribə adamdır”
deyirlər. Deyəndə ki, ay Eldar müəllim, yaxşılığı qəribəlik kimi görürlər, “eybi yoxdur”, “olsun”, “çort s nim” (39) deyir, rusca ifadələr işlətməyi sevir.
Eldar günahkar kimi başını aşağı salmışdı, bu yerdə dilləndi:
–Rusca çox oxumuşam, indi də oxuyuram, oxuduqlarımı tərcümə etməyə həvəsim gəlmir, rusca necə bilirəmsə, elə o cür deyirəm, çox adam başa düşür. İngiliscə bilmirəm, bir az öyrənmək istədim, dilim dönmədi.
Ürəyiyumşaq Alina köməyə gəldi:
–Eldar müəllim, içi mən qarışıq çox adam rusca oxuyub, ədəbiyyata və tarixə aid kitabların bir çoxunu rusca oxumuşuq. Rusca söz ehtiyatımız çoxdur. Amma, təcrübə göstərir ki, azərbaycan türkcəsində hər şeyi yaxşıca ifadə etmək olur.
Eldar birdən canlanan kimi olub üzünü Tahirə tərəf çevirdi:
–Tahir bəy, demokratiya haqqında nə düşünürsünüz? Xalq seçir, hakimiyyət dinc yolla bəlli zamandan sonra dəyişir. Birpartiyalı sistemdə, daha doğrusu kommunist partiyası dövründə, sosializmdə yaşadıq, yaxşısını da gördük, pisini də. Hansı yaxşıdır, demokratiya ya birpartiyalı sistem – görüb yaşadığımız sosializm?
Sevdiyi insanların əhatəsində maraqlı bir insanla ünsiyyətdə olan Tahirin kefi kök idi. Özü danışmaq əvəzinə Eldarı, bu maraqlı, qəribə və ya filiosof kimi təqdim edilən el adamını dinləmək istəyirdi:
–Eldar müəllim, şübhə etmirəm ki, sizin bu və bənzər suallara öz cavabınız var. Onları bilmək maraqlıdır bizə, – deyib xanımlara tərəf döndü, onların təsdiqini istədi. Xanımlar baş hərəkəti ilə “hə” işarəsi verdilər.
Eldar etiraz etmədi:
–Əfqanıstan və Liviya kimi yerlərdə demokratiya yolunu seçmək məncə mümkün deyil, xalq bunu başa düşməz və qəbul etməz, onlar həmişə tayfa-qəbilə ənənəsi ilə yaşamışlar, bu ənənəni tez sındırıb yox etmək mümkündürmü? Yox. Təcrübə bunu deyir. Baxın o ölkələrin həyat tərzinə, düşüncə tərzinə. Onlara uyğun idarəetmə sistemini məhv etdilər, əvəzində demokratiya tətbiq etmək istədilər. İndi o ölkələr pis gündədir, düzələnə oxşamırlar. Tahir bəy, siz dünyanı gəzibsiniz, bilirəm, getmədiyiniz yer yoxdur. Mən ancaq Rusiya, Gürcüstan və Ermənistanda olmuşam- Sovet dövründə. İki il əvvəl qardaşım Türkiyəyə apardı məni, İstanbulu gördüm.
Vəssalam. Başqa heç yerdə olmamışam. Doğrudur coğrafiya və tarixi sevmişəm, indi də sevirəm, dünyadan bir az xəbərim var. Amma, görmək başqa şeydir. Tahir
bəy, Çində və Hindistanda olubsunuz yəqin.
–Hə, Çində çox, dəfələrlə, Hindistanda… (azca fikirləşdi) deyəsən dörd dəfə. Eldar müəllim, nə demək istəyirsiniz?
–Çin və Hindistan – əhali sayına görə dünyanın iki ən böyük ölkəsi – hər birinin əhalisi ABŞ əhalisindən dörd dəfədən də çoxdur. Çin və Hindistan – hansı daha güclüdür, daha yaxşı inkişaf edib, hansı xalq ortalama daha yaxşı yaşayır?
Tahir qısa cavab verib söhbət liderliyini yenə Eldara verdi:
–Ortalama əlbəttə, Çin xeyli qabaqdadır, Çin inkişafda ABŞ ilə yarışır.
–Çox yaxşı! Hindistan demokratik ölkə sayılır, çox partiyalar var, seçkilər keçirilir. Çin isə birpartiyalıdır – o da kommunist partiyası, ümumxalq seçkisi də yoxdur. Bəs niyə demokratik dövlət birpartiyalı dövlətdən geridə qalıb?
Hamı asta-asta yeyib-içir, arada bir neçə qısa sözlə, astadan, pıçıltı ilə ünsiyyətdə olur, ümumilikdə isə Eldar və Tahirin söhbətinə qulaq asırdılar. Bu yerdə Elmira fikir bildirdi:
–Gözəl sualdır! Mən Hindistanı bir az tanıyıram, ora iki səfər etmişəm, şimala və cənuba. Çox maraqlı tarixi və mədəni abidələri var. Elmi-texnoloji uğurları da var. Amma kasıbçılıq ölkəni bürüyüb, rüşvət baş alıb gedir, dini qarşıdurma, bir- birindən təcrid olunmuş insan qrupları – kast sistemi ölkəni pis günə salıb.
Tahir “çox sağ ol, Elmira xanım” deyib Eldarın sualına qayıtdı:
–Elmira xanım Hindistanı qısa, amma çox doğru təsvir etdi. Hindistanda milli, dini və sosial-siyasi sülh yoxdur, ölkə bütöv, monolit deyil. Çin çox fərqlidir.
SSRİ-də 1956-cı ildə baş verən “şəxsiyyətə pərəstiş” və Stalinçiliyin aradan qaldırılması kimi kəskinlik Çində olmadı, Çin Xalq Respublikasının qurucusu Mao- Tszedun`un (Mao Zedong) “İrəliyə böyük sıçrayış” və “Mədəni inqilab” kimi ağır nəticələrə, hətta xaosa gətirən səhvlərinə baxmayaraq onun böyük işlər gördüyü də deyildi – Çinin yarımmüstəmləkə vəziyyətindən böyük gücə çevrilməsində, imperializmdən xilas olub “Çin sifətli” sosializm qurulmasında oynadığı həlledici rəhbər rolu danılmadı və o, “Böyük Mao” olaraq anılır. Maodan sonrakı dövr isə Çinin böyük dünya gücünə çevrilməsi dövrü oldu.
Əlini çənəsinə dayayıb diqqətlə qulaq asan Eldar müasir Çini yaxşı anlamaq fürsətini əldən buraxmaq istəmirdi:
–Çox sağ olun, Tahir bəy! Lütfən sonuncu – böyük güc dövrünü də şərh edin, mümkünsə.
–Çinin yeni lideri Den Syaopin (Deng Xiaoping) Mao`nun böyük xidmətləri ilə yanaşı səhvlərini də göstərdi, Çində güclü islahat və dünyaya açılma siyasəti başlanıldı. O, “Bir dövlət, iki sistem” ideyasını irəli sürdü, “kasıb sosializm uzun gedə bilməz”, “birpartiyalı sosializm içində bazar iqtisadiyyatı niyə olmasın ki?!” dedi. Bunu obrazlı şəkildə ifadə etdi: “Pişiyin ağ, ya qara olması vacib deyil, siçanı tuta bilirsə, o, yaxşı pişikdir!” Nəticə göz qabağındadır!
Alina söz atdı:
–Sovet hökuməti Çindən irəlidə deyildimi – yəqin hər cəhətdən?! Amma dağıldı.
Eldar Alinanın fikrini davam etdirdi:
–Qorbaçov da islahat aparmaq istəyirdi, amma baş tutmadı.
Tahir üzərinə düşən şərhçi vəzifəsini yerinə yetirməkdə idi:
–Çünki Qorbaçov iqtisadi islahat əvəzinə əvvəlcə “yeni təfəkkür” (rusca: “novoye mışleniye”) yaradaq dedi. Sözçülüklə yeni təfəkkür yaranmaz, buna məhz iqtisadi islahat başlamaqla, sərbəst, kapitalist münasibətləri daxil etməklə nail olmaq mümkündür. Qorbaçov hadisələrin təbii, düzgün axarını müəyyən edə bilmədi, arabanı atdan qabağa qoydu.
Eldar məmnun idi, dərindən nəfəs alması da bu xoşhal razılığın ifadəsi idi:
–Tahir bəy, mən iqtisadçıyam, yekəxana çıxmasın, iqtisad elmi üzrə ali təhsil almışam demək istədim. Çini çox qısa, çox yığcam, amma çox gözəl təqdim etdiniz. Sosializm və kapitalizmdən danışdıq. İkisini də görmüşük, ikisində də yaşamışıq. Sovet zamanı insanlar daha xoşbəxt idimi, ya bəlkə indi daha xoşbəxtdirlər? Bir onu deyə bilərəm ki, indi insanlar arasında acgözlük daha çox görünür gözümə. Acgöz adam xoşbəxt ola bilməz. O zaman insanlar sabaha, gələcəyə qorxu ilə baxmırdılar. İndi belə deyil. Düzdür, indi azadlıq çoxdur, hara istəyirsən get, gedə bilirsənsə.
Get, qazan, zəngin ol. Marks ağıllı adam idi, marksizm dünyanı silkələdi, dəyişdirdi. Amma Marksın dediyi klassik sosializm çökdü. Planlı iqtisadiyyat şəxsi təşəbbüsə yer vermədi və yaşamadı. Çində, siz dediyiniz kimi, dövlət nəzarəti altında bazar iqtisadiyyatı modeli işlədi. Marks səhvmi edib, nəydi onun səhvi?
Tahir bir an düşündü, qarşısındakı iqtisadçı idi, ciddi sual vermişdi:
–Eldar müəllim, mən iqtisadçı deyiləm, amma fikrimi söyləyəcəm. Marksa görə kapitalist get-gedə zənginləşir, işçi get-gedə yoxsullaşır, onun alıcılıq qabiliyyəti aşağı düşür və nəticədə işçilər üsyana qalxıb kapitalizmi məhv edirlər. İnqilab nəticəsində sosializm qurulacaq, burada istismar olmadığına görə həyat gözəl
olacaq. Bu gözəl fikir dünyanı lərzəyə gətirdi. Bu belədirmi? Yox! Kapitalist ölkələrində işçilər gündən-günə yoxsullaşmır, əksinə əmək haqları artır. Marksa görə kapitalizm dağılacaq, kommunizm qurulacaq və bu əbədi olacaq. Lakin, sosializmin qurulduğu bütün ölkələr kapitalizmə qayıtdılar. Çində necə oldu? Orda da klassik, sovetsayağı sosializm çökdü və “Çinsayağı kapitalizm” yarandı, ona Çində “Çinsayağı sosializm” deyirlər, ad mühüm deyil. Əslində dövlət kapitalizmi deyilən sistem yarandı. Çin modeli işlədi. Mən belə bir zarafat eşitmişəm, müəllifini bilmirəm: kommunizm (və ya sosializm) kapitalizmə aparan ən uzun yoldur.
Bunlarla yanaşı, elm və sənət adamlarının, ziyalı insanların ən azı bir hissəsi kapitalizmi, kapitalizmə xas olan bərabərsizliyi sevmir. Bərabərsizlik get-gedə artacaqmı? Vergilərlə bu artımı müəyyən dərəcədə tənzim etmək olarmı? Çətin suallardır. Sərbəst bazarla dövlət nəzarəti arasında müvazinət necə olmalıdır? Bu da çətin məsələdir. Müvazinət ahəng deməkdir.
Eldar həyəcanlı səslə məclisə müraciət etdi:
–Dedim ki iqtisadçıyam, kaş deməyəydim. Belə çıxır ki, beş illik təhsilim zaya çıxdı. Tahir bəy, heç alışmadığım bir tərzdə sadə, amma qiymətli təhlil etdiniz. Nə deyim, vallah, mənnən sizə tələbə çıxsa sevinərdim, ancaq özümdə elə güc və qabiliyyət hiss etmirəm.
Tahir özünü narahat hiss etdi:
–Nə danışırsınız, ay Eldar müəllim?! Mən dedim ki, nə iqtisadçıyam, nə maliyyəçi. Sadəcə, bəzən bu məsələlər ətrafında düşünürəm, oxuyuram, ağlıma ağla batan ya batmayan fikirlər gəlir, onları ərz etməyə çalışıram. Deyəsən uzağa getdik, xanımları unutduq, görək onlar nə edir, nə yeyir, nə içir, nə istəyirlər, özlərini necə hiss edirlər?
Bunu deyib Tahir doğrudan da xanımları süzdü, Elmira məmnun görünürdü, Alina ətrafı unutmuş, eşq dolu süzgün gözlərini Tahirə dikmişdi. Offf! Tahirin ürəyindən Alinanı öpmək keçdi…
Adil bir ətrafa, bir göyə nəzər saldı:
–Yağış başlayacaq, gəlin üstüörtülü yerə keçək. Çayımızı da orda içərik.
Elmira maraq göstərdi:
–Axı heç damcı gəlmədi göydən, hardan bildiniz yağış yağacağını?
Adil sakit, amma əminliklə cavab verdi:
–Buludlar tündləşdi, sıxlaşdı, aşağı endi, hərəkəti artdı. Sərinlik gətirən küləyi
gördünüzmü? Havada yağış qoxusu var.
Alina Adilin fikrini bəyəndi:
–Elmira, təbiəti oxuya bilən insanlar var. Çoxillik müşahidələr, təcrübə çox şey deyir. Gəlin keçək örtülü yerə.
Ofisiantı çağırıb üstü örtülü yer istədilər. Ofisiant “Bilal müəllim sizə gölün sahilində yer ayırıb, oranı hazırlayım, gəlib sizi dəvət edərəm” deyib uzaqlaşdı. Bir az sonra Bilal, həmin ofisiant da yanında gəldi, o yan-bu yana əyilərək “Sizə qulluq etmək borcumdur mənim” dedi, əməlli-başlı “vurmuşdu”, sözünü bitirib gəldiyi tərzdə, yırğalana-yırğalana uzaqlaşdı. Daha sərrast olan oficiant “yer hazırdır, buyurun” dedi. Hamı qalxdı, yolda yağış başladı. Addımlarını yeyinlədən məclis üzvləri içəri daxil oldular. Kimi oturdu, kimi ayaq üstə gəzişir, kimi də gölə tamaşa edirdi. Birdən Elmira qışqırdı:
–Ora baxın, ora baxın! Eldar müəllim yağışın altında durub tərpənmir. Noolub ona görəsən? Yağışdan xəbəri yoxdumu? Qəribə adamdır.
Hamı üzünü o tərəfə çevirdi. Eldar doğrudan da yağışı vecinə almırdı, mülayim havada Günəş şüaları altında qızınmaq istəyən adam kimi rahat dayanmışdı. Tahir hər hərəkətin, o cümlədən hərəkətsizliyin səbəbi olduğunu yaxşı bilirdi, öz-özünə danışan kimi görünsə də, hər kəs eşitdi:
–Bəlkə hara getdiyimizi bilmir, bizi axtarır Eldar müəllim, yəqin ofisiantın dediklərini eşitməyib.
Tahir bunu deyib qapı ağzına çıxdı və “Eldar müəllim, biz burdayıq, biz burdayıq” deyə onu çağırdı. Eldar səsə döndü, salam göndərən kimi əl elədi və yağışdan sonra işıldayan otlara baxa-baxa yavaş-yavaş gəlməyə başladı. İçəri girəndə Elmira ona diqqət göstərdi:
–Eldar müəllim, islandınız yağışın altında. Deyəsən bizi görmədiniz…
–Yox, Elmira xanım, bura gəldiyinizi bildim və gördüm. Sadəcə mənim asta yağan yağışlardan xoşum gəlir, bir qədər altında durub həzz alıram.
–Axı islanırsınız.
–Hə, islanmaq pis şey deyil ki?! Elə bil ki, duş qəbul edirdim. Göydən gələn yağışı Allahın göndərdiyi duş kimi qəbul etmək olmazmı?!
–Köynəyiniz yaşdır.
–Eybi yoxdur, hava istidir, quruyacaq.
Çay gətirdilər. Elmira Eldarın qarşısına çay, yanında da mürəbbə və şirniyyat
qoydu. Eldar nədənsə qızardı, “çox sağ olun” dedi.
Eldarla söhbətdən açıq-aşkar həzz alan Tahir onu yenə danışdırmaq istədi:
–Eldar müəllim, sizin kolxoz-sovxoz vaxtı rüşvətə imza atmamağınız mənə ləzzət verdi. Qarışıq zamanda ədalətli olmaq sadə iş deyil.
–Tahir bəy, böyük iş görməmişəm, mübarizə aparmamışam, sadəcə bir az təmiz qalmağa çalışmışam, özümü qorumuşam. Ədalət böyük anlayışdır, mən isə balaca adamam, mənim ədalət carçısı və ya ədalət mübarizi olmağa nə gücüm var, nə iddiam. Rüşvət almamaq ədalətli olmaq üçün kifayət deyil. Əzrayıl rüşvət almır, amma ədalətli deyil, nə yaşa baxır, nə yaxşı-pisə. Düzdür, ölüm adamları bərabərləşdirən ən böyük, bəlkə tək gücdür. Amma bərabər olmayanları zorla bərabərləşdirmək ədalət deyil, ədalətsizlikdir.
Tahir güldü:
–O dünyadakı rüşvət və ədalət barədə bir şey deyə bilmərəm. Görməmişəm, eşitməmişəm, gedib-gələn də yoxdur ki, bizə bir şey danışsın. Ədalət uğrunda mübarizə məsələsində sizi yaxşı başa düşürəm. Öz gücümüz daxilində ədalətli və düzgün olmaq az iş deyil.
Eldar birdən dirçələn kimi oldu, başını qaldırıb dikəldi:
–Tahir bəy, çox mühüm məsələyə toxundunuz. Mən burda kənddə oturub yeni dünya nizamı haqqında düşünürəm, özümə gülməyim gəlir. Amma neyləyim, beləyəm, ona görə də mənə qəribə adam deyirlər, yəqin ki, başı xarab deyənlər də var. Mən özümü necə aparmaq barədə düşünmürəm, bu da ətrafdakılarda mənə qarşı xoşagəlməz fikir yaradır; bu mənim nöqsanımdır yəqin ki.
Alina söhbətə qarışdı:
–Eldar müıəllim, siz çox təbii insansınız, ətrafdakıların rəyinə görə deyil, öz düşüncənizə görə hərəkət edirsniz. Çox yaxşı! Çox maraqlı məsələlərə toxunursunuz. “Yeni dünya nizamı” dediniz, o nə deməkdir, nə olan şeydir?
Eldarın kefi tam açıldı, şəhərdən gələn ağıllı adamların ona maraq göstərməsi onun şöhrətini artıracaq. Adil bu söhbətləri hər yerdə danışacaq, üstünə də bir şeylər qoyaraq, bəzəyərək. Üstəlik, bəzi məclislərdə “Eldar müəllim, necə oldu?” deyə mənim özümə müraciət edəcək – nəyisə daha yaxşı, daha aydın anlatmaq üçün.
Zaman da bir xoş şeylər söyləyəcək, çox deməyə gücü çatmasa da ya da şahid kimi Adilin dediklərini təsdiqləyəcək. Tahir müəllimi və onun yanındakı gözəl, həm də çox ağıllı xanımları bir də, Allah bilir, nə vaxt görəcəm? Qoy öz dünya nizamı
ideyamı təqdim edim:
–Tahir bəy kapitalizm ilə sosializm arasındakı fərqləri, birpartiyalı kapitalizmi bizə izah etdi. Kapitalizm, deyildiyi kimi, nə qədər yaxşı olsa da, iqtisadi təşəbbüslərə geniş meydan açsa da, bərabərsizlik çox böyükdür. Güclülərlə, yəni çox zəngin insanlarla kasıb xalqın arasında bir uçurum var. Bu kasıbların halına yanan varmı? Zəiflərin, yoxsul insanların dərdini kim çəkəcək? Bu iş öz-özünə düzəlməz. Bu işi həll etmək yolu varmı, yəni kasıbların vəziyyətini düzəltmək mümkündürmü?
Mümkündürsə, necə? Mənim təklifim var. Bu məsələnin həlli üçün zənginlərin kasıblara köməyini təşkil etmək zəruridir. Var-dövlətinə görə üç zümrəni fərqləndirək: zənginlər, ortabablar və kasıblar. Əslində daha dəqiq, daha çoxpilləli təsnifat etmək vacibdir. Məsələn, zənginlik dərəcələri var. Amma mən izahı sadə model üzərində aparıram. Hər zənginin neçə kasıba və nə qədər kömək edə biləcəyi müəyyən olunur. Ortabablar az, yəni bir ya iki kasıba yardım edirlər. Ölkəni, mən Azərbaycanı nəzərdə tuturam, müxtəlif dərəcəli zənginlərə, ortabablara və kasıblara ayırırıq. Araşdırma qrupları xüsusi anketlər hazırlayırlar. Bu layihəni həyata keçirmək üçün məsləhət şurası və sair zəruri institutlar yaradılır. Hökumət zənginlərdən vergilərin bir hissəsini almır və o hissə bu layihənin hesabına keçirilir. Tahir bəy, mənə görə bu iş ölkədə seçkilər aparmaqdan daha vacibdir, seçki nə verir bizə, nə həll edir?! Səs verdik, ya vermədik – fərqi varmı?!. Bu layihə isə xalqımızı, ölkəmizi mühüm dərəcədə gücləndirə bilər. Mən qəti surətdə incəliklərə getmədim, fikrimi çox qaba, köntöy model vasitəsilə izah etməyə çalışdım. Nə düşündüyünüzü soruşmuram, bilirəm ki, utopiya və ya öz dilimizdə xəyalplov kimi bir söz tapıb deyəcəksiniz.
Ortaya sükut çökdü. Yaxşı deyil, nəsə demək lazım gəlir. Alina Tahirə tərəf baxdı, sanki, “nə durmusan, bir şey de” deyirdi. Tahir Eldarın açdığı bu yeni meydan üçün söz atını yəhərləməmişdi, ağır-ağır dilləndi:
–Eldar müəllim, çox maraqlı layihəniz var, hiss olunur ki, üzərində xeyli çalışmışınız. Məncə bir az incəliklərə varmaqla, zənginlik və ümumiyyətlə həyat səviyyəsi təsnifatını gücləndirməklə layihəni genişləndirmək, dərinləşdirmək və dərc etmək lazımdır. Sonra nə deyə bilərəm? Nəzəri model kimi yaxşıdır, lakin onu həyata keçirmək işində çox, çox böyük çətinliklər yarana bilər. Kasıblığı, yoxsulluq dərəcələrini ölçmək mümkündür. Bəs zənginliyi necə ölçməli? Zənginlər, xüsusilə çox zəngin olanlar nələrə malik olduqlarını açıq demirlər. Var-dövlətləri müxtəlif adamların adına yazılıb, bir hissəsi xaricdədir, hesabı bilinmir. Baxın “Forbes” dərgisi dünyadakı zənginlərin siyahısını və nə qədər qazancı olduğunu dərc edir. Orda ölkəmizdən bir ad yoxdur… Eldar müəllim, sizi təbrik edirəm, maraqlı ideya üzərində düşünürsünüz. Ətraflı yazın, dərc olunmasını mən öhdəmə götürürəm.
Eldar əlini döşünə qoyub təşəkkür etdi. Tahir gözlərində təbəssüm Alinaya baxdı, dodaqlarını azca araladı, dilsiz iki ismarış getdi – “nə deyirsən?” və “öpürəm”. Alinanın Tahirə baxan gözlərindən açıq-aşkar sevgi süzülürdü.
⁕ ⁕ ⁕
Adil qonaqların hər cür qayğısını çəkir, ürəklərindən nə keçdiyini, bu yerlərlə bağlı nə arzuları olduğunu bilməyə can atır, onları razı salmaq üçün əlindən gələn hər şeyi etməyə çalışırdı. Tahir onu bir dəfə qonaqpərvərlik sənətinin qrossmeysteri adlandırmışdı. Adil eyni zamanda kənd-rayon yerinə xas olan heysiyyat və vüqarını da unutmur, çox hörmətli qonaqlarla oturub-durduğunu göstərir, sayıb-seçilən adamlara xəbər göndərir, onları qonaqlarla tanış olmağa dəvət edirdi. Bu yerlərdə Tahiri tanıyan, ona hörmət bəsləyən sakinlər az deyildi. Adilin “qonaqlarımdan biri Fransadan gəlib, tanınmış, savadlı, milliyyətcə azərbaycanlı bir xanımdır” sözləri yayılmış, xüsusi maraq doğurmuşdu. Məktəb direktorlarından biri Adilə müraciət etdi – məktəbimizdə Fransaya, fransız ədəbiyyatına və fransız dilinə xeyli maraq var, müəllimlər Fransalı qonaqla bir görüş keçirməyi xahiş edirlər, bir az söhbət etsin, Fransadan, Parisdən, siyasətdən, mədəniyyətdən. Fransa hərdənbir bizim əleyhimizə hərəkət etsə də – bəzi siyasətçilərin ucbatından, tarix və ədəbiyyat sevən uşaqlar və müəllimlər arasında Fransaya rəğbəti olanlar var. Qonaqları gəzməyə və yeməyə aparmaq üçün mehmanxanaya gələn Adil Tahirə və xanımlara müraciət edib məsələni danışdı və öz istəyini də əlavə etdi: “bu görüşün baş tutması çox yaxşı olardı”. O, Tahirin yeni dostlaşdığı Eldar müəllimin də həmin məktəbdə işlədiyini və bu görüş təşəbbüsünün, böyük ehtimalla, ondan irəli gəldiyini dedi.
Tahir güldü:
–Ay maşallah, kəndlərimiz gör necə inkişaf edib, Fransa ilə maraqlanır, Fransa barədə söhbət istəyirlər. Bilirsən ki, ilkin planımıza görə, bizim Bakıya qayıtmaq vaxtımız çatıb. Amma, düşünürım ki, günlərimiz dolu və xoş keçir və səfərimizi bir- iki gün daha uzatsaq heç nə itirmərik, əksinə yeni yerlər və yeni insanlarla tanışlıq yeni duyğular yaradır, – bunu deyib Alinaya balaca göz vurdu, sonra Elmira tərəfə döndü:
–Elmira xanım, bu xahişi yerə salmaq olmaz, xalqa hörmətimizlə yanaşı dostumuz Adilin nüfuzunu da düşünək. Belə çıxır ki, işin içində yeni dostumuz Eldar müəllim də var, sizin də xoşunuza gələn bu müdrik qəribə adam. Mövzu da – geniş, Fransa barədə nə qədər lazım gəlsə danışa bilərsiniz.
Elmira, deyəsən həvəsli deyildi, etiraz etdi:
–Yox, yox, mən bacarmaram, lütfən, Tahir bəy, imtina edə bilmiriksə siz danışın, siz məndən yaxşı və daha ətraflı danışa bilərsiniz.
–Elmira xanım, millət məhz sizinlə, Fransalı xanımla görüşmək, ona qulaq asmaq istəyir. Gəl bir plan tutaq, internetdən də nə şəkillər istəsək götürə bilərik, əyani görüntü danışığı daha da maraqlı edər.
Alina köməyə gəldi:
–Elmira, sən danış, sizə hansı şəkil lazımsa siyahı tutub mənə verin, ən yaxşılarını, ən gözəllərini tapmaq, düzüb-qoşmaq məndən.
Planlama ustası olan Tahir təxirə salmadan işə başladı, işə girişdi də demək olar:
–Fransa haqqında bir neçə ümumi fikirlə başlamaq olar, “Fransa dünya mədəniyyətinə, elm və incəsənətinə ən çox töhfələr vermiş ölkələrdən biridir” kimi. Tarixə çox girməyə ehtiyac yoxdur, demək olar ki, “mən də məktəbi Bakıda bitirmişəm, bilirəm ki, orta məktəb tarix kitablarında Fransa tarixini öyrənmisiniz. Fransa tarixinin Kardinal Richelieu (Rişelye), Napoleon Bonaparte (Napolyon Bonapart) kimi görkəmli dövlət adamlarını tanıyırsınız…
Elmira valehedici təbəssümü ilə işə keçdi:
–Fransız inqilabı (1789-1799) barədə çox eşidib, çox bilirsiniz, M. Robespierre (Robespyer) və digər inqilab rəhbərlərini tanıyırsınız. İnqilablarda bərabərlik, qardaşlıq şüarları səslənsə də, terror baş verir, qan tökülür, çoxu da haqsız.
Tahir mehriban baxışla Elmiranı süzdü:
–Nə gözəl! Vacib olan rola girməkdir, arxası gələcək. İstəsən, bu dediklərini təsdiqləmək üçün inqilabın böyük kimyaçı, kimyanın atası sayılan A. Lavoisier`ni (Lavuazye) məhv etməsini yada salmaq olar, onun müasiri böyük riyaziyyatçı Lagrange`ın (Laqranj) sözlərini gətirməklə: “onun başını kəsməyə bir an bəs etdi, Fransada ona bənzər adamın yetişməsi üçün isə 100 il bəs etməyə bilər”.
Artıq internetə baş vurmuş Elina “bəh-bəh!” deyib əlavə etdi:
–A. Lavoisier ilə arvadının birlikdə şəklini qoyaq mı? Elmira özündən asılı olmadan rola girmişdi:
–Fransa gələn turistlərin sayına görə dünyada birinci yerdədir, ən çox da Parisə gəlirlər. Parisdə maraqlı yerlərin sayı-hesabı yoxdur, ümumi görünüşlə yanaşı konkret yerləri göstərmək lazımdır. Louvre (Luvr) muzeyi…
Alina tez əlavə etdi:
–Eiffel (Eyfel) qülləsi! Notre-Dame de Paris (Paris Notr-Dam kilsəsi)! Tahir də geri qalmadı:
–Versailles (Versal) sarayı!
Elmira Parisli olaraq daha bir neçə yer saydı:
–Mütləq Musée d’Orsay (Orse muzeyi) – impressionist və postimpressionist əsərlərin dünyada ən zəngin kolleksiyası. Çox gedirəm o muzeyə. Latin Quarter (Latın kvartalı) və ordakı Sarbonne (Sarbon) universitetini, eləcə də Parisin içindən keçən Seine (Sena) çayını və onun üzərindəki körpüləri unutmayaq.
Alina öz işindədir:
–Hamısını yığıram, bəzən iki ya üç şəkil götürürəm, hansını istəsəniz onu qoyarıq.
Elmira birdən qaşlarını çatdı:
–Louvre`da bir Quba xalçası var! Şəklini tapa bilsək əla olar. Komanda tam gücü ilə işlədi. Tahir daha bir addım atdı:
–Elmira xanım, ədəbiyyat, elm, incəsənət – bu geniş mövzudur- necə seçim edək?
–Fransa moda (dəb) ölkəsidir, film ölkəsidir, mətbəxi, şərabı… Bunları qısa sözlər, bəzi nümunələr və Alinanın verəcəyi şəkillərlə nümayiş etdirmək olar. Musiqi haqqında da çox danışmayaq. Opera və balet işində fransızlar, məncə, alman və italiyalılardan bir az geri qalıblar. G. Bizet`nin (Bize) “Carmen” (Karmen), Charles Gounod`un (Şarl Quno) “Faust”, С. Saint-Saënsё`ın (Sen-Sans) “Samson et Dalila” (Samson və Dalila) operalarını, Adolphe Adam`ın (Adolf Adam) “Giselle” (Jizel) baletini yada salmaq olar. İncəsənət… Louvre və Musée d`Orsay`dən Alina bir şeylər göstərsin, yetər. Elm haqqında nəsə bir şey söyləməyə ehtiyac varmı kənd yerində? Universitet kimi yerdə danışmalı olsaydıq, daha geniş meydan açardıq, o cümlədən görkəmli fransız alimlərinin adını çəkmək olardı, burda, yəqin lazım gəlməz.
Alina Elmiranın təkliflərinə bütövlükdə şərik olub ədəbiyyatı irəli çəkdi:
–Əvəzində fransız ədəbiyyatının klassikləri və onların populyar əsərləri barədə söhbət açmaq lazımdır. Gəlin sayaq.
Alina bunu deyib Tahirə baxdı, yəni, söz sizindir. Tahir qədər ədəbiyyat bilən az
tapılar. Tahir “off” deyib bir an düşündü:
–Fransız ədəbiyyatı çox zəngindir, Azərbaycanda da çox oxunur, sovet dövründə fransız klassiklərinin bir çox əsərləri Azərbaycan türkcəsinə tərcümə edilmişdi, doğrudur, orijinaldan deyil, əsasən ruscadan. Məncə Elmira xanım ən populyar olanların adlarını çəkməklə kifayətlənib sonra “daha hansı fransız yazıçılarını və onların əsərlərini tanıyırsınız?” deyə dinləyicilərə sual verə bilər. Moliere (17-ci əsr), Voltaire və J-J. Rousseau (18-ci əsr), zəngin 19-cu əsrin məşhurlarından V. Hugo (Hüqo), O. Balzac (Balzak), Alexandre Dumas (Aleksandr Düma) və Jules Verne (Jül Vern). 20-ci əsr də zəngindir, saymaqla qurtaran deyil. Daha 10-15 və daha çox yazıçını yada salmaq olar…
Elmira qaşlarını çatdı:
–Vallah, mənə bir az qəribə gəlir, yaxşı tanımadığımız bir kənddə Fransadan, Parisdən söhbət açırıq. Bu niyə maraqlı görünməlidir kənd adamlarına. Başa düşürəm ki, hər şeyi, o cümlədən Fransanı bilmək həvəsində olan bir neçə, lap on- onbeş adam ola bilər. Əksəriyyətə bu mövzu darıxdırıcı olmazmı?
Tahir bir anlığa gözünü yumdu, sağ ovcunu bağlayıb ağzına bitişdirdi, bunu fikirləşmək kimi anlamaq mümkündü və Elmiraya yaxınlaşdı:
–Elmira xanım, dediyinizdə bir həqiqət var. Amma bu mövzunu xeyli maraqlı, cazibəli edəcək bir ideya var: Fransanı tək, elə-belə yox, həm də Azərbaycanla bağlı təqdim etmək! Əlaqələr olubmu? Olub! Fransaya gedən, orada yaşayan, hətta dünyasını orda dəyişən tanınmış adamlarımız olubmu? Olub! Mirzə Fətəlinin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası Azərbaycana gəlmiş bir fransız alim ilə fırıldaqçı bir İranlı dərvişin də iştirak etdikləri 19-cu əsr Azərbaycan mühitini gözəl təsvir etmirmi? O dövrdəki Azərbaycanlı bəy, xanım, gənc oğlan və qızın nə düşündüyü, Azərbaycanlının Fransa və Azərbaycanı necə məzəli müqayisə etdiyi maraqlı deyilmi?! “Biz aşkara peşkəş alarıq, onlar, yəni Parislilər gizlin alarlar, bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”. Əla deyilmi?!
Dediyi sözlərindən həzz alan Tahir hər iki əlini yumruq şəklində paralel yuxarı qaldırdı və “ura!” dedi.
Alina əllərini döşündə çarpazlaşdırıb Tahirə yaxınlaşdı:
–Tahir bəy, o qədər ləzzətlə danışırsınız ki, adam həzz alır. Azərbaycandan Fransaya gedənləri yada salmaq, vətəni tərk etmə səbəblərini və Fransada necə
həyat sürdüklərini göstərmək əlbəttə gözəl fikirdir. Mən Əlimərdan bəy Topçubaşovu bilirəm – Rusiya müsəlmanlarının liderlərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri. Deyəsən Paris Sülh konfransına gedən nümayəndə heyətimizin sədri olub, Azərbaycan sovetləşdiyi üçün Parisdə qalmalı olub.
Tahir əlavə etdi:
–Və orda çətin şəraitdə yaşayıb, orda da vəfat edib. Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli də o heyətdə idi, o da Fransadan qayıda bilmədi, əslində qayıtmaq istəmədi.
Elmira da söhbətə qarışdı:
Banin adı ilə fransızca “Qafqaz günləri” (Jours Caucasus) adlı xatirələr yazmış Azərbaycanlı bir qadın olub Parisdə, sonra da o “Paris günləri”ni (Jours Parisiens) yazmışdı. Heç xoşum gəlmir ondan.
Tahir dəqiqləşdirdi:
–Hə, neft zəngini Şəmsi Əsədullayevin nəvəsidir, əsl adı Ümmülbanu olub, ana tərəfdən də Ağa Musa Nağıyevin nəvəsidir. Düz deyirsən, fikirləri, həmçinin kimliyi ziddiyyətli olub, gah nala vurub, gah mıxa. Azərbaycandan Avropaya, xüsusilə Fransaya gedən çox adam olub, yalnız çox tanınmışlardan söhbət açırıq. Milyonçu və xanəndə Seyid Mirbabayevin qəribə taleyi olub, çətin vəziyyətdə yaşayıb, Fransadan İrana gedib, orda da ölüb. Fransada oxuyub sonra məşhurlaşan Azərbaycanlılar arasında – Əhməd Ağaoğlu!
Elmira birdən canlandı:
–Tahir bəy, Robert Hossein – fransız teatr və kino aktyoru və rejissor – eşitdiyimə görə, bir tərəfi Azərbaycanlı olub, elə deyilmi?!
–Hə, Səmədqənddə yaşayan, sonra Fransaya mühacirətə gedən atası əslən İran azərbaycanlısı olub. Bizdə, keçmiş sovetlərdə, “Angélique” (Anjelik) serialındakı Jeoffrey de Peyrac (Joffrey de Peyrak) obrazına görə məşhurlaşmışdı. Görüşmüşəm onunla. Bu yaxınlarda öldü.
Alina sevincək səsini qaldırdı:
–Şəkili Əhmədiyyə – Şarl de Qoll`un (Charles de Gaulle) Moskvaya çağırtdığı adam! Yadınızdadımı?!
Elmira “o kimdir?” dedi, Tahir cavab verdi və sonra Fransada yaşamış Azərbaycan əsilli digər tanınmışları yada saldı:
–Əhmədiyyə 1942-ci ilin yazında almanlara əsir düşmüş, sonra fransız müqavimət hərəkatında iştirak etmiş Azərbaycanlı döyüşçüdür. Bir də Toğrul Nərimanbəyovu, görkəmli rəssamımızı yada salaq. Atası Fransada oxuyanda fransız qızla evlənib onunla birlikdə Bakıya qayıdıb, Toğrul da Bakıda doğulub. Bir müddət Azərbaycandan kənarda yaşayıb-yaradan Toğrul sonda Fransada, anasının vətənində qərar tutub, orda da dünyasını dəyişib. Fransalı Azərbaycan əsilli adamlar çox olub, şəxsən tanıdığım türkoloq alim İren Melikova (əsərlərini Irène Mélikoff adı ilə yazıb) neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır, digər tanışım rəhmətlik Ramiz Abutalıbov da uzun müddət Fransada yaşayıb, Azərbaycan-Fransa əlaqələri tarixinin öyrənilməsi işinə çox töhfə verib.
Alina öz işini unutmurdu:
–Hə, xeyli iş çıxartdınız mənə, vaxt azdır, mən getdim qeydlərimlə birlikdə internet dənizində üzməyə. Tahir bəy, batsam çıxaracaqsınızmı?!
⁕ ⁕ ⁕
Məktəb qonaqları təntənə ilə qarşıladı. Məktəb binası qarşısında, giriş qapısına gedən yolun bir tərəfində səliqə ilə geyinmiş oğlan, digər tərəfində qız şagirdlər düzülmüşdülər. Onlar qonaqları görəndə sürəkli əl çaldılar. Bir oğlan və bir qız əllərindəki gül dəstələrini Alina və Elmiraya, məktəbin uğurları haqqında kitabçanı isə Tahirə təqdim etdilər. Məktəb direktoru – Tamilla xanım qonaqları qarşılayıb öz otağına apardı, direktor müavinləri və Eldar müəllim də ora gəldilər. Çay dəstgahı qurulmuşdu. Qıvraq hərəkətləri ilə seçilən Tamilla orta boylu və orta yaşlı, xoş sifətli, ağbəniz, şabalıdı saçlı, dolğun bədənli bir xanımdır. Əyninə biçilmiş gözəl geyimi sanki onun yuvarlaq cazibəli fiqurunu örtmək, bədənini gizlətmək üçün deyil, təbii yumşaqlığını və şüalandırdığı istiliyi vurğulamaq, hiss etdirmək üçündür. Tünd qırmızı rəngli paltarı vücud şəklinə çox yaraşırdı. Paltarı boyu yuxarıdan aşağıya uzanan incə naxışlı cizgilər onun bədənini incə və daha uzun göstərir. Paltarın boğaza yaxın fil sümüyü rəngli yaxalığı baxışları, diqqəti onun üzünə yönəldir, elə bil ki üzünü işıqlandırırdı. Tahirə elə gəldi ki, Tamilla xanımın nə çox sıx, nə də gen-bol paltarı onun əynində axır, ritmik hərəkət içindədir. Dolğunluq Tamilla xanımı canlı və məlahətli edir, ona güc, inam və enerji verir, xoş insan təəssüratı yaradır, ətrafdakılara bir cazibə və rahatlıq bəxş edir.
Gənc bir xanım ehtiyatla Tamilla xanıma yanaşıb onun qulağına nəsə pıçıldadı.
Tamilla xanım başı ilə “yaxşı” işarəsi verib qonaqlara və masanın üstünə göz
gəzdirdi, əmin oldu ki, hamı öz çayını içib və yalnız bundan sonra ürək açan təbəssümlə “bizi gözləyirlər” dedi. Dəstə ilə görüş salonuna keçdilər.
Səhnədə şagirdlərdən ibarət xor dəstəsi düzülmüşdü – ön sırada qızlar, arxada oğlanlar. “Məktəb illəri” və “Kəndimiz” Azərbaycan mahnılarını gözəl ifa etdilər. Sonra dirijorluq edən gənc qız – xor müəlimi piano arxasına keçdi, baxışları və baş hərəkəti ilə xoru idarə etdi – “Nos Souvenirs Qui Chantent” (40) fransız mahnısı ifa olundu. Elmira həyəcanlandı, ayağa qalxdı, əlindəki gül dəstəsini xorun rəhbəri gənc müəllim qıza təqdim etdi, “çox gözəl, inanılmaz dərəcədə gözəl” deyib yerinə qayıtdı. Gurultulu alqışlar qopdu, qürurlanan direktor xor müəlliminə “Laçın!” dedi, xor “bis” olaraq bu məşhur mahnını da ifa etdi.
Tamilla xanım hər üç qonağın adını çəkdi, onlara xoş gəldiniz deyib sözü Tahirə verdi. Tahir kəndi, kənd təbiiliyini, kənd sadəliyini və eyni zamanda kənd müdrikliyini öyən sözlər dedi, şəhərdəki hay-küydən qaçıb sevə-sevə kəndə, bölgələrə, istiqanlı və təvazökar kənd adamları ilə görüşə gəldiklərini söylədi. Dəvət üçün dostu Adilə, Eldar müəllimə və məktəb direktoruna təşəkkürünü bildirdi.
Sözünün sonunda o, Elmira haqqındaı qısa məlumat verdi və onu səhnəyə dəvət edib özü salonda Alinanın yanında əyləşdi.
Elmira səhnədə bir an duruxdu, salamlaşdı, sonra Tahir və Alinanın heç gözləmədikləri şəkildə dinləyici-tamaşaçılara müraciət etdi:
–Əziz müəllimlər və şagirdlər, xoş gördük sizləri! İki gündür bu gözəl diyarda gəzib dolaşırıq, rəngarəng təbiəti öyrənirik, xoş və bənzərsiz insanlarla tanış oluruq. Bu görüş barədə xəbər alanda mən həmən imtina etdim, çünki bacarmayacağımı bilirdim. Amma, hörmətli Tahir bəy və dostum, rəfiqəm Alina xanım məndən daha ağıllı olduqlarına görə bu görüşün maraqlı olacağını anladılar və məni də yoldan çıxardılar. Biz görüşə birlikdə hazırlaşdıq, bu səbəbdən hər iki həmkarımı da səhnəyə dəvət edirəm: buyurun, Tahir bəy və Alina xanım, xahiş edirəm, buyurun, səhnəyə qalxın, əyləşin (əli ilə səhnədə yer tutan masa arxasındakı oturacaq yeri göstərdi). Mən danışacam, hər iki həmkarımdan tez-tez müdaxilə etmələrini xahiş edirəm, mənim demədiklərimi və ya deyə bilmədiklərimi onlar desinlər. Üstəlik, söhbəti daha əyani etmək üçün Alina xanım zəhmət çəkib şəkillər toplayıb seçib, xahiş edək ki, elə özü də onları ekranda nümayiş etdirsin.
Tahir çaşdı, səhnəyə çıxmaq istəmədi, amma Alina astadan “Elmiranı qeyri- müəyyən vəziyyətdə qoymayaq” deyərək onun qolundan tutdu, Tahir tabe oldu.
Dinləyicilər arasında fransız yazıçılarını, onların əsərlərini tanıyanlar az deyildi.
16-17-ci əsrlərdən M. Montaigne (Monten) və B. Pascal (Paskal), 19-cu əsrdən Stendhal (Stendal), George Sand (Jorj Sand), G. Flaubert (Flober), Emile Zola (Emil Zolya), Anatole France (Anatol Frans), G. de Maupassant`ın (Qi de Mopassan), yaradıcılığı 20-ci əsrə və ya əsasən 20-ci əsrə aid olan yazıçılardan Romain Rolland (Romen Rollan), Marcel Proust (Marsel Prust), A. De Saint- Exupery (Sent-Eqzüperi), Jean-Paul Sartre (Jan-Pol Sartr), A. Camus`un (Kamyu) adları anıldı.
Fransa və Paris haqqında söhbəti əsasən Elmira apardı, o, bir neçə dəfə Tahirə, bir dəfə də Alinaya müraciət etdi, onların münasibətini soruşdu. Tahir Elmiranın söhbətinə mümkün qədər az və yüngül müdaxilə etdi. Fransa barədə geniş söhbəti bitirib Azərbaycan və Fransa mövzusuna kiçik bir giriş verən Elmira yenə gözlənilmədən baş rola Tahiri dəvət etdi:
–Bu mövzunu Tahir bəy gözəl bilir, əsas məsələləri mən ondan öyrəndim, bir qədər də Alina xanımdan. Bu yerdə ən doğrusu sözü Tahir bəyə verməkdir, lütfən buyurun, Tahir bəy.
Tahir etiraz etdi:
–Yox, yox, biz sadəcə bir yerdə müzakirə apardıq. Siz buyurun davam edin, Elmira xanım.
Elmiranın cazibəli sifətində onun qətiyyəti açıq əks olunmuşdu. O, əli ilə Tahiri mərkəzə dəvət edib özü Alinanın yanında əyləşdi. Tahir əlacsız qalıb söhbəti davam etdirməli oldu. Arada öz fikirlərinin təsdiqi üçün “elə deyilmi?” kimi ifadələrlə Elmiraya müraciət edir, şəkilləri ustalıqla seçib nümayiş etdirən Alinaya təşəkkür etməyi də unutmurdu.
Çıxışların sonunda çox sual verildi – daha çox tarix və ədəbiyyat haqqında, Banin-Ümmülbanu`nun ziddiyyətli görünən fikirləri və Robert Hossein barədə. Məktəbin iqtisadçı müəllimi, qonaqların tanıdığı, kəndin “qəribə adam”ı Eldar müəllim kənd adamı üçün gözlənilməz görünən “Eldarsayağı” bir sual verdi:
–Fransa və Paris haqqında bir az bildiyimiz və xeyli bilmədiyimiz məlumatlarla bizi zənginləşdirdiniz, buna görə çox sağ olun! Bu dünyada cənnətin varlığına inanmıram, o biri dünyada var olduğuna da gümanım yoxdur. Elmira xanım,
Fransada və Parisdə xoşunuza gəlməyən nəsə varmı, varsa nə, nələr? Elmira sualı xoş təbəssümlə qarşıladı:
–Çox sağ olun gözəl suala görə. Cənnət barədə fikrinizlə tam şərikəm, üstəlik, nə Fransa, nə onun paytaxtı Paris mükəmməl deyillər. Xoşa gəlməyən çox şeylər var. Bir neçə misal. Bakı Parisdən çox təmizdir, Avropa şəhərlərinin əksəriyyətindən, bəlkə hamısından təmizdir. Mənim uşaqlığımın keçdiyi Bakı belə təmiz deyildi, evimizin altına kanalizasiya suyu dolmuşdu, milçək və ağcaqanadlardan bezmişdik. İndi xaricdən gələn hər kəs Bakının təmizliyinə heyran qalır. Fransada vergilər çoxdur və yüksəkdir, maaş çox görünə bilər, ancaq ələ gələn pul heç nə kimidir.
Paris təhlükəsiz deyil, bu cəhətdən də Bakı çox yaxşıdır. Parisdə oğurluq çox yayılıb, ora gedəndə diqqətli olun. Taksilər çox bahadır, Bakıda, Azərbaycanda isə dəfələrlə ucuzdur, bu barədə siz irəlidəsiniz, kef çəkirsiniz. Fransada bürokratiya böyükdür, xırdaçılıq çoxdur, çox vaxt aparır. Fransada çoxsaylı nümayişlərin əlindən bezirik, işçilər bir şey olan kimi tətilə çıxırlar. Mənim Parisdə yaşayan Azərbaycanlı bir tanışım, iş adamı bu şeylərdən bezdi, qonşu ölkəyə, balaca, amma iş üçün daha salamat mühiti olan Lüxembourg`a (Lüksemburq) daşındı.
Eldar müəllim ayağa qalxıb ehtiram əlaməti olaraq sağ əlini döşünə qoyub yüngülcə təzim etdi:
–Xanım, dediklərinizin mütləq əksəriyyətini mən bilmirdim, təşəkkür edirəm ətraflı və səmimi cavabınıza görə.
Görüşdən sonra öz dəstəsi ilə həyətə çıxan Tahir, hər zaman olduğu kimi içində yaşadığı əhvaldan qaynaqlanan və məktəb xorunun ifası ilə qanadlanan mahnıdan bir parça oxumağı unutmadı:
Yurdum, yuvam, ay əziz kəndimiz, Azad, abad a qəşəng kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar. Yaşıl meşəli, ömrü nəşəli, Sevirəm səni, gözəl kəndimiz.
Və Alina Elmiraya göz vurub mahnını “Tahirləşdirdi”: Tahir bəy gör nə gözəl oxuyur
Bəh-bəh, bəh-bəh, nə gözəl oxuyur.
6- cı hissə
Alina
Alina Salyandan Bahara iki dəfə zəng etmiş, hesabat vermiş, “eh, gərək gələydin, nə qədər gözəl səfər olduğunu, necə ləzzət aldığımızı təsəvvür edə bilməzsən” deyə səfərin ayrı-ayrı anları və günləri, irili-xırdalı görüşlər və ünsiyyətdə olduqları adamlar, füsunkar təbiət, quşlar və ceyranlar – hər şey barədə danışmışdı. Bakıya qayıdandan bir gün sonra Bahar Alinaya zəng edib görüş planı qurdu: “darıxmışam, gəl görüşək, səfərinizdən danış, bir az da dərdləşək. Dərd zəhrimar adamdan əl çəkmir. Sənnən dərdləşəndə yüngülləşirəm. Sabir bağında görüşək, orda bir az oturub söhbət edək, sonra ya İçəri şəhərdə, ya aşağı enib bir yerdə qəhvədən, çaydan içərik”.
Şərtləşdikləri kimi görüşdülər, İçəri şəhərə doğru addımlayıb qala divarları yanındakı restoranların birində, açıq havada oturdular. Bura çay yeridir, qəhvəni yaxşı hazırlaya bilmirlər deyə hər ikisi çay, yanında şirniyyat və salat aldılar. Bahar Alinanı Kür-Araz suqovuşanı və Şirvan qoruğu barədə sorğu-suala tutdu. Alina məmnuniyyətlə danışdı, ilk baxışdan səssiz, qaba, çılpaq görünən çöllərin əslində bitki, heyvan və insanla dolu zəngin təbiətə malik olduğunu, yeni tanışları – Adil, Zaman və Eldarı, məktəb direktoru Tamillanı, çöllərdə, çay sahilində, yemək-içmək arxasında baş tutan xoş, şən və bir qədər də qəribə söhbətləri yada saldı.
–Bahar, sənə nə gətirə bilərdik ordan? Ceyran? Yox, qoruqdur, icazə yoxdur. Yaşılbaş sona? Yox, həmin səbəb. Təmiz hava? Hayıf ki, mümkün deyil. Kür suyundan çay? Hə, bu mümkün idi, amma gətirməmişəm.
–O nədir?
Alina əhvalatı danışdı. O, Baharın kefini soruşub söhbəti Tahirin üzərinə gətirdi:
–Bahar, ay Bahar, de görüm Tahir bəy haqqında nə fikirdəsən, nə düşünürsən? Təmiz sifət, sağlam görüntü, müsbət enerji, zəka, danışıq, oturuş, duruş, yeriş, təbəssüm, təvazökarlıq, səmimilik… Bax gör necə bir tanışımız var, necə bir kişi ilə münasibətdəsən?!
Bahar güldü:
–Alina, gözümün işığı, sən Tahir bəyi məndən daha yaxşı, daha yaxından duyursan, gör birnəfəsə ona xas olan nə qədər gözəl söz, sifət saydın; düzü mən belə saya bilməzdim. Səninlə elə bu barədə, Tahir bəy haqqında söhbət etmək istəyirəm. Gəl görək mən kiməm, ona layiqəmmi və burası da mühümdür – indi, hal-hazırda o mənimi istəyir ya bir başqasınımı? Sənin və mənim daxil olduğumuz bu mikroaləmdə nələr baş verir, nə etməliyik?
Alina yenə qızışdı:
–Bahar, sən hər kişinin gözü düşə bilən bir qadınsan, amma, deyirlər eybsiz gözəl yoxdur, sənin də bir eybin var, onu da, şükür Allaha, özün bilirsən. Sən elə özünü düşünürsən – bəlkə fərqinə varmadan. Sevdiyin insana qulluq etmək həzzini dadmamısan. Tahir bəy tək qalmamalıdır, onun başına dolanan qadın olmalıdır. O da o qadının başına dolanar, o elə adamdır. Sən elə bil yatıbsan, dünyadan xəbərin yoxdur. Tahiri görməyəndə narahat olmursan, darıxmırsan onuncun, niyə? Bu nə sevgidir? Görüşmürsünüz nə müddətdir. Qaçırsan görüşdən. Tahir kimi istiqanlı adamla belə olmaz. O da görür, düşünür, nəticə çıxarır, özündən asılı olmadan.
Onun yanında qadın olmalıdır, əziz, sevgili qadın. Sən olmasan başqası olacaq. Onun qayğısına kim qalır? Kim ona çay verir? Yorğun vaxtında kim ona qulluq edir? Kim onun başını dizi üstünə alır?
Bahar gülümsəyib boynunu əydi:
–Gör haralara getdin? Ona qulluq edənlər var, xörəyini bişirirlər, paltarını yuyurlar, çay verirlər. Tahirin başını dizi üstə alan qadın varmı? Bilmirəm. Deyəsən yoxdur. Bu çoxmu vacibdir? Tahir uşaq deyil ki…
Alina açıqlıqdan, düşündüyünü deməkdən çəkinmir:
–Ən vacib olan elə budur. Yorulmuş kişini əllə masaj edib ovuşdurarlar, sənə birtəhər gəlsə də, deyəcəm, çimizdirərlər. Eh, sənin dünyadan xəbərin yoxdur – bağışla deyəsən bu ifadəni təkrar-təkrar deyirəm. Bahar sənə dalbadal qısa sullar verəcəm, qısa dəqiq cavab istəyirəm.
–Mən – günahkar, müqəssir, sən – prokuror. De gəlsin.
–Bahar, kişi arzulayırsanmı?
–Bilmirəm…
–Hə, yox? Cavab ver.
–Bilmirəm. Həm hə, həm yox.
–Tək yaşamaq yaxşıdır, ya bir kişi ilə, ərlə?
–Bilmirəm. Bəlkə kişi ilə…Baxır kişiyə.
-Necə kişi istəyirsən?
–Bilmirəm. Ərə getmək istədiyim bir kişi olsun, ondan uşağım olsun, həyat tərzimi dəyişdirmək istəməsin.
Alina sual-cavab dialoqunu dayandırdı, suallar sürətlə verilsə də, Bahar tərədddüdlə, düşünə-düşünə cavab verirdi. Görəsən nə olub Bahara? Alina bir az fikrə getdi, sonra diqqətlə Baharı süzüb bu dəfə aramla davam etdi:
–Bahar, sən mənim ən yaxın rəfiqəmsən, uşaqlıqdan tanışıq, həyatımızın xoş və çətin anlarında bir olmağa çalışmışıq, ən azı xəbərləşmişik. Sənin xoşbəxt olmağını məndən çox kim istəyə bilər?! Az adam – sən özün, atan, anan. Mənə elə gəlir ki, sən mənəm-mənəm deyə-deyə kişiləşirsən get-gedə. İşə başın qarışıb, şəxsi həyatı unutmusan. Sərt həyat tərzin var, qadına xas olan yumşaqlığı kənara atıbsan, başqalarını tənqid etməyə alışıbsan, rastlaşdığın qadınların çoxunu bəyənmirsən, onlara lağ edirsən. Kişiləri demirəm, onlara qarşı, elə bil ki, bir az daha mərhəmətlisən, hərçənd ki, onları da ürəkdən istəyə bilmirsən. Mən isə zəifəm. Nə mənada? Qadın zəifliyi, qadın istəyi var məndə. Bəzi məsələlərdə kişiyə tabe olmağın dadını bilirəm. Təklikdən zəhləm gedir, bezmişəm. Yaxşı kişi, yaxşı ər güclü adam olmalıdır. Kimə deyirlər güclü kişi? Təbii ki, əzələ gücündən, fiziki gücdən söhbət getmir. Cibi dolu? Doğrudur ki, cibi boş olmasa yaxşıdır, amma tək cib qəti kifayət deyil. Qadına zülm edən kişi güclü deyil, zalımdır. Qadının əlində fırladığı kişi isə kişi deyil. Arvadından qaçıb gününü idman, ovçuluq ya yemək- içməklə keçirən kişi də yaxşı ər deyil. Güclü kişi güclü xarakteri olan, ağlı, sözü- söhbəti yerində olan, sözü və əməli bir-birinə düz gələn, ailəni sevən insana deyilir. Sən o kişiyə tabe olursan, o da sənin qədrini bilir, səni sevir. Bahar, hazırda məni narahat edən səndəki qeyri-müəyyənlikdir. Qarşına yaxşı kişilər çıxır, axı sən gözəlsən. Allah niyə sənin gözünü bağlayıb, bilmirəm?! Bir gün gözünü açıb görəcəksən ki, qocalıbsan, gözəlliyin solub. Onda elçi daşına yaxın düşən olmayacaq.
Bahar duruxsundu, Alinanın sözləri, danlağı, istər-istəməz ona toxunmuşdu.
Cavab vermək lazım idi, cavab yetişmişdi:
–Alina, ürəyim doludur, sənə bir neçə söz deyəcəm, diqqətlə qulaq as. Birinci, mənim heç bir xüsusi gözəlliyim yoxdur. Sənə nə olub ki?! Sifətin, qaşın, gözün – hər şey yerində, məndən gözəlsən. Bir azca boyun məndən balacadır. Xasiyyətin – qızıl, mələk kimi bir qadınsan. Mən kişi olsaydım, ətrafdakı qadınlar arasında ən çox xoşuma gələn sən olardın, sənin dalınca düşərdim. Məncə sənin, hə, sənin qarşına çox uyğun, ideal bir kişi çıxıb, xəbərin yoxdur, mənim deyil, sənin gözünü Allah bağlayıb, nə bilim vallah, bəlkə də xəbərin var, özünü görməməzliyə vurubsan. Darıxma, deyəcəm. İkinci, mənim gərgin iş həyatım, başımın işə qarışması barədə. Nə deyirsən, neyləyim, işləməyimmi? Ailədə əsas işləyən mənəm. Atam, anam təqaüddə, təqaüdün də qəpik-quruş olduğunu yaxşı bilirsən. Mənə evdə də çətindir, zəhləm gedən işimdə də. Yoruluram, çox yoruluram, əldən düşürəm.
Aldığım maaş guya pis deyil, xərclərin isə, sonu yoxdur – ev, ailə, yaşayış, paltar, yol, nələr, nələr. Saçımı düzəltməyə gedirəm gözəllik salonuna. Ordakı usta mənim bir ayda qazandığımı bir həftədə qazanır, bəlkə daha tez. Ali təhsil al, dissertasiya müdafiə et və gecə-gündüz çalış, nə olsun? Naşükür deyiləm, lakin şükür də deyə bilmirəm. Üçüncü, kişiləri deyirsən görmürəm, özüm də kobudlaşıb kişi kimi olmuşam. Doğrudanmı? Yəqin ərə getməməyimin səbəbi də budur. Nə bilim vallah. Neyləyim, bu cürəm. Kişim olsa necə olar? Bilmirəm. Qorxuram, alışdığımdan başqa cür yaşamağı bacarmaram. Tabe olmaq istəmirəm. Klassik başaşağı arvad olmaq qabiliyyətim yoxdur, ya çox zəifdir. Hə, Alina, mən beləyəm, neyləyim.
Elmira mənə fransız yazıçı, feminist-filosof Simone de Beauvoir (Simon de Bovuar) və onun “İkinci cins” adlı əsəri (41) barədə danışmışdı.
Elmira, bilirsən, dünya ədəbiyyatını, incəsənəti, musiqini necə dərindən bilir, hiss edir. Simone`nin qatı feminizmini və cinsi azadlıq barədə fikirlərini, nikah düşməni olmasını, evliliyi kişi və qadın üçün, hətta onların uşaqları üçün təhlükəli saymasını bəyənmirəm, eyni zamanda onun evliliyin gətirdiyi çətinliklər, ev qadını olmaq təhlükəsi, kişinin kölgəsində qalmaq barədə düşüncələri məni düşündürür.
Amma…, uşaq doğmaq istəyirəm. Vaxt keçir. Yeni bir namizədim də var. Görürsən ki, nə danışdığımı bilmirəm… Nəhayət, dördüncü. Alina, sənin qadınlıq qabiliyyətinə vurulmuşam. Bu qabiliyyətinə, təbii ki, kişilər daha ürəkdən vurulurlar. Əslində səni görüşə bu məsələ ilə bağlı çağırmışam.
Alina qaşını çatıb Bahara baxdı:
–Bəh-bəh! Məni ərə vermək istəyirsən deyəsən, eləmi?
–Hə! Səni sevən kişilər olub və var. Onların içində Tahir bəyi xüsusi qeyd etmək lazımdır.
Alina gözlərini geniş açdı, eyni zamanda oğurluq üstündə tutulmuş adam kimi qızardı, özünü itirdi:
–Bu qız nə danışır?
–Dayan, Alina, həmən etiraz etməyə, qəmiş qoymağa çalışma. Bu belədir, Tahir bəy səndən çox xoşlanır, bunu biz də gördük, özün də. O, “Alina, sənnən olmaz”, “Alinadan olmaz”, “Alinanın tayı-bərabəri yoxdur” sözlərini elə-belə demirdi.
Özünü bilməməzliyə qoyma. Ola bilər aranızda açıq şəkildə sevgi elanı, evlilik təklifi olmayıb, bilmirəm. Amma heç bir şübhə yoxdur ki, aranızda əməlli-başlı bir sevgi var, əsl, ikitərəfli sevgi. Sən də onu sevirsən, bu da bizə sirr deyil. Nə vaxtdır mən bunu görürəm, hiss edirəm, hətta bir dəfə, yadındadırsa, bir qədər kobud şəkildə, sənə toxunacaq söz də demişəm, bağışla.
Alina donub qalmış, sifəti qızarmış, boynu və alnını tər basmışdı. Baharın belə açıq-aşkar və inamla danışması onu əməlli-başlı çaşdırmışdı. Alina bir tərəfdən özünü Bahara xəyanət etmiş kimi görür, digər yandan Baharın dediyinə nə şəkildəsə etiraz etmək istəyirdi, özünü itirsə də, ağlını itirmədiyi üçün etirazıdan bir şey çıxmayacağını da yaxşı hiss edirdi. Bir təhər özünü topladı:
–Bahar dəlimi olubsan? Nə danışdığını anlayırsanmı? Tahir bəyin səni sevdiyini tək sən yox, hamımız yaxşı bilirik. Bu barədə səninlə təklikdə də çox danışmışıq, üçlükdə də – Elmira ilə birlikdə. Soyuqluğu Tahir bəy yox, sən yaradıbsan. Bəlkə onunla bir söhbət edəsən?
Bahar iki əli ilə Alinanın əllərindən tutub, gözlərinin içinə baxdı:
–Hər şeyi başa düşürəm, Alina. Toxda görüm. Özünə gəl və diqqətlə mənə qulaq as. Tahir məndən xoşlanırdı, yaxın olmaq istəyirdi. Mənim də ondan xoşum gəlirdi, ondan çox qadınların xoşu gəlir, bilirsən. Amma mən, sən dediyin kimi, normal qadın deyiləm, Tahirə tam yaxın ola bilmədim, qayğıkeş deyiləm, soyuğam, deyingənəm. O da yavaş-yavaş məndən soyudu. Yəqin ki, dostluğumuz həmişə qalacaq. Dost kimi onu çox sevirəm. Amma məndən ona yar olmaz, mahnıda deyildiyi kimi. Sən isə, göydən enən mələksən, Tahiri sevirsən, Tahir də səni sevir, Tahirə məhz səni kimi qadın lazımdır. Sizin aranızda hay-küysüz, lal, amma həyəcanlandırıcı, şəfqət dolu sevgi yarandığını müşahidə etmişəm.
Gülümsünüb əlavə etdi:
–Mən kor deyiləm…Yaxşı. Səni görüşə bu sözləri demək üçün çağırmışam: Tahir sənindir, sən Tahirin! Sizin birliyiniz ikinizi də xoşbəxt edəcək. Mənim istədiyim də budur. Xoşbəxt olun…
Bahar bunu deyib Alinanı qucaqladı, Alina kövrəldi, doluxsunmuş gözlərindən yaş töküldü, o da Baharı qucaqladı. Xoş ahəng göz və ya qulaq oxşayan nizamın varlığıdır, hər şeyin öz yerində, öz yolunda olmasıdır.
Alina birdən yuxudan ayılmış kimi oldu:
–Bahar, düzmü eşitdim, yeni bir namizədim var dedin?
–Düz eşitdin, amma, vallah, elə-belə sözdür hələ.
–Söz elə-belə deyilmir. Kimdir o?
–Alina, düz deyirəm, hələ ciddi bir şey yoxdur. Sən də yaxşı tanıyırsan onu – uşaqlıq dostumuz, yoldaşımız Fuad.
–Hansı Fuad? Sizə gəlib-gedən, həmişə rusca danışan oğlanmı? Evlərinə də getmişdik bir dəfə, anası bizi yaxşı yedirtmişdi.
–Hə, həmən odur. Onlar Almaniyaya köçdülər, atasını dəvət etmişdilər. Fuad da orda məktəbdə oxudu, universiteti də orda bitirdi. Düz deyirsən rusca danışırdı həmişə, biz hər iki dili bir-birinə qarışdırıb “boltali” (42) , o isə tək rus dilində danışırdı, öz dilimizdə tam danışa bilmədiyi üçün utanırdı. İndi də o gündədi.
Alina bir an fikrə daldı. Gözlənilməz hadisələrin belə sürətlə meydana çıxması onun müvazinətini pozmuşdu. İndicə Baharla Tahirin münasibətini düzəltmək istəyirdi, Bahar qətiyyətli addım atdı, Alina ilə Tahirin gizli məhəbbətini aşkar etməklə hər şeyi alt-üst etdi. Sürünün ağzı geri düşəndə axsaq qoyun qabağa düşür. Bəlkə də Bahar hər şeyi nizama saldı və ya hər şeyi öz təbii məcrasına doğru yönəltdi demək daha doğrudur?! Sonra da birdən-birdə yeni sevgilisi olduğunu söyləyir. Allah, allah, bu necə ola bilər? Alina Baharın az qala hər addımını bilir – Bahar sirr saxlayan deyil, Alinaya, ən yaxın rəfiqəsinə hər şeyi danışır. Hardan çıxdı bu Fuad birdən-birə? Axı Bahar tez vurulan qadınlardan deyil. Alina vəziyyəti anlamaq məqsədilə Baharı yenidən sual-cavab atəşinə tutdu:
–Bakıya nə vaxt gəldi Fuad?
–Kovid vaxtı gəldi, hökumətə yaxın adamlardan biri onu öz şirkətində işə dəvət etmişdi. O da gəldi, amma iş alınmadı.
–Niyə?
–Uzun məsələdi, mən də yaxşı bilmirəm. Həm şirkət yaxşı deyilmiş, həm Fuad ordakı iş üslubunu sevmədi. Avropa düşüncəli adamdır, bilmək olmur…
–Bir sözlə, işsizdir, eləmi?
–Tam yox, almancadan və ingiliscədən ruscaya və ruscadan almancaya tərcümə və redaktə işləri görür.
–Gərək ki, o bizdən böyük idi yaşca.
–Hə, məndən üç yaş böyükdür.
–Onun nəyinə vurulmusan? Yaxşı, bir az abırlı sual verim: Ondan niyə xoşun gəlir?
–Vurulmamışam. Sadə, təmiz adamdır. Ailələrimiz bir-birini yaxşı tanıyır. Hərdən görüşürük, hal-əhval tuturuq. Mənə diqqət yetirdiyini gördüm.
–Sadəcə diqqətmi?
–Hə. Sonra tək qaldığını, darıxdığını söylədi. Mənimlə bir yerdə olanda özünü yaxşı hiss etdiyini dedi.
–Cavabında sən nə dedin?
–Heç nə. Darıxırsansa, buyur bizə gəl dedim. Anam da “oğlum gəl-get bizə, elə bil öz evindir” dedi.
–Anan yazıq gör nə vaxtdır səni ərə vermək istəyir.
–Hə. Bu işdə təşəbbüs onun atasından gəldi. Yəqin Fuad ata-anasına nəsə deyib. Atası atamla danışıb, evdə söhbət açılanda mən çaşdım, hardan gəldi bu söhbət? Sonra məlum oldu. Fuad yalnız bundan sonra ehtiyatla mənə evlənmək təklif etdi.
–Və sən elə anındaca “hə” dedin?!
–Yox, yox! Dedim mənə vaxt ver fikirləşim. Hələ cavab verməmişəm.
Alina təəccüb etdi:
–Söhbəti mənə açanda elə bildim ki, hər şey həll olunub bitib, indi toya çağıracaqsan məni.
–Yox, hələ düşünürəm.
–Amma, görürəm ki, razısan, qərar qəbul edibsən.
Bahar susdu. Alina köməyə gəldi:
–Bahar, evlənmək fikrində olduğunu görüb sevinirəm. Səni sadə qadın deyilsən, öz xarakterin, öz qəribəliklərin var, hər kəslə yola gedə bilən rahat insan da deyilsən, özün yaxşı bilirsən. Fuad Avropada yaşayıb, sakit və mədəni adamdır, onunla yola gedə bilərsən, belə görürəm ki,… lap açıq deyim ki, sənə ər olmağa uyğun namizəddir.
–Alina, canım mənim, yaşım o həddə çatıb ki, uşaq doğmaq istəyirəmsə, indi ərə getməliyəm. Sənin də, mənim də tanışlarımız, rəfiqələrimiz var, ərdən çıxsalar da uşaqları var, onların həyatında inkaredilməz məna var, uşağa sevgi var, ömürlükdür bu sevgi, sönmür, azalmır. Çox fikirləşsəm ömürlük tək qalacam. Bu adam mənim həyat tərzimi dəyişməyə çalışmayacaq, mənim üçün bu çox mühümdür. Heç özüm bilmirəm, nə oldu, necə oldu? Amma, düşünürəm ki, razılaşmaqla düz edirəm.
Alina Baharı çox yaxşı, bəlkə hamıdan yaxşı tanıyırdı, onun nəyi tez, nəyi gec edə biləcəyini, nə vaxt ilhama gəldiyini və nə vaxt ruhdan düşdüyünü çox izləmiş, çətin anlarında onun yanında olmuşdu. Evlənmə hər şəxsin həyatında baş verə biləcək az sayda ən məsuliyyətli hadisələrdən biridir. Gec evlənənlərin işi xüsusilə çətindir, səhv etmək qorxusu bürüyür onları, həyatın bu aralığındakı səhvi bəziləri ölümə yaxın bir faciə sayırlar. Tərəddüd onların içini gəmirir.
Alina Baharı qucaqladı:
–Bahar, hər şey yaxşı olacaq. Uşaqlıqdan özünü və valideynlərini tanıdığın, mədəni, savadlı, müasir bir adamla rastlaşmısan, səni istəyir, səni olduğun kimi qəbul edir, sənə elə olma, belə ol demir. Heç fikir eləmə! Mübarəkdir! Xoşbəxt olun! “Hə” deməyi çox uzatma. Elə toyu da uzatma.
Bahar ürəkləndi, Alinanı qucaqlayıb ona göz vurdu:
–Sən də…, – deyib zarafatından qalmadı:
–Rəqibin sıradan çıxdı, meydan sənindir.
⁕ ⁕ ⁕
Hər coğrafi məkanın özünə xas olan təbiəti, xüsusi halda bu təbiətin il boyu təzahür edən dörd üzü – dörd fəsli var. Hansı fəsil olur-olsun, o, özünü dağda və aranda, şəhərdə və kənddə, dəniz, göl və çay sahilində, düzdə, səhrada və meşədə, dərədə, dağ döşündə və dağ başında fərqli şəkildə göstərir. Azərbaycan ərazicə böyük olmasa da, çox fərqli iqlim zonalarına, landşafta, şairanə mənzərələrə malikdir. Müxtəlif dərəcədə istilər və soyuqlar, cürbəcür quru və yağışlı havalar bir- birini əvəz edirlər. Bakıda və Azərbaycanın çox yerində yay uzun çəkir, yaz, payız və qış daha sürətlə keçir, daha qısa görünürlər. Burda ənənəvi üçaylıq fəsil bölgüsündən deyil, fəsilləri hiss etməkdən, qəbul etməkdən söhbət gedir.
Bu yerdə bircə şeyi unutmayaq – ekvatorda və ona yaxın yerlərdə fəsillər olmur, yalnız quru və yaş və ya həmişə yaş dövrlər olur. Bu fikir fəsillərin dəyişməsinə, yarpaqların tökülməsinə və saralmasına, gecə və gündüzlərin uzanıb-qısalmasına adət etmiş əksəriyyət üçün qəribə görünür.
Tahir hər fəsildə Azərbaycanın bəlli bir guşəsinə getməyi, bir neçə gün orada vaxt keçirməyi, dincəlməyi, göz oxşayan, ruhu dincəldən yerləri piyada gəzib hava almağı sevir, zarafatla “qoy havalanım, başıma hava gəlsin” deyir. Payız fəsli cənuba, Lənkəran tərəfə getməyi xoşlayır. Lənkəran bölgəsinin qızılı payızı, yaşıl çay plantasiyaları, dağ döşündəki meşələrin sarı-qızılı xəzan çağı, subtropik sitrus ağacları və meyvələr, mavi rəngin bütün çalarlarını nümayiş etdirən Xəzər dənizi, Talış dağlarının açıq axşamları insanı heyran edir. Dağ döşündə samovardan süzülən isti, məxməri çayın ləzzətini heç nə əvəz edə bilməz.
Tahir yerli dostlarının iştirakı ilə Lənkəran və Astaranı, ətraf yerləri və Talış dağlarını gəzib dolanır, dincəlirdi. Gecələr göy üzünü, ayı, ulduzları seyr edir, xəyala dalır, özü ilə götürdüyü kitabları oxuyurdu.
Bahardan whatsapp vasitəsilə xəbər gəldi. “Gün hardan doğdu” deyə xeyli vaxtdır xəbər-ətəri olmadığı bu xanımın ismarışını oxudu:
–Tahir bəy, necəsiniz?
Tahir həmən cavab göndərdi:
–Hələlik sağ-salamatam. Bildim ki, sən də varsan. Şükür.
–Hardasınız? Gələn həftə Bakıdasınız?
–Hə.
–Gələcəm sizə, bağa.
–Nə gözəl! Şeytanın ayağını qırmaq yaxşı şeydir.
–Zəhmət olmasa, yerləşmə yerinizi – konumu atın mənə.
–İndi Bakıda deyiləm. Sabah axşam evə qayıdacam, ordan göndərərəm.
Baharın birdən-birə Tahiri yada salması, görüş arzusunda olması, üstəlik hardasa görüşmək deyil, Tahirin yanına, bağa gəlmək istəməsi Tahiri bir az təəccübləndirdi. Baharla çox yaxın dost kimi əvvəllər çox tez-tez görüşər, gəzər, dərdləşərdilər.
Aralarında rəğbətdən başlayıb sevgiyə doğru uzanan bir bağlantı vardı. Sonra get- gedə hal-əhval tutma və gediş – gəliş azaldı. Amma, əvəzində Alina ilə dostluq bağları möhkəmləndi. Alina başqa aləmdir, Günəş kimi ətrafına işıq və istilik yayır, mehribanlığı və qayğıkeşliyi adamı məftun edir. Onu qucaqlamaq kifayət etmir, qucağa alıb dövr etmək, rəqs etmək istəyir adam. Alina ilə açıq söhbət vaxtı yetişib artıq…
⁕ ⁕ ⁕
Tahir Bakıya qayıdandan üç gün sonra Bahardan səsli whatsapp ismarışı gəldi.
Yenə qısa bir cümlə idi, amma… Tahir qulaq asıb təəccübdən dondu.
–Tahir bəy, nikahım, toyum olacaq noyabrın 14-də.
Bahar ərə gedir? Birdən birə? Tahir də səs göndərdi:
–Ay Bahar, doğrudanmı? Zarafat etmirsən?
–Çox çətin oldu. Nəsə… Artıq qərar verdim.
–Təbriklər! Təbriklər!
–Ancaq yaxın qohum və dostları dəvət edirəm, siz başda olmaqla.
–Bahar, təbrik edirəm! Mübarəkdir! Amma, təəssüf ki, mən iştirak edə bilməyəcəm, çünki həmin vaxt Bakıda olmayacam, İstanbulda çoxdan razılaşıb təyin etdiyimiz ailə görüşümüz var – uşaqlar öz uşaqları, ailələri ilə – hamımız.
–Off…, niyə belə oldu? Ən çox sizin olmanızı istəyirdim. Eh… Gələcəm yanınıza. Yerləşmə yerinizi aldım, asan yerdədir. İki mahnı da göndəribsiniz: “Dur gəl nazlana-nazlana” , bir də “Yar bizə qonaq gələcək”. Əladır! Nə zaman gəlim?
–Sabah günorta ya axşam üstü?
–Səhər işdə olacam, günortaya gələrəm.
–Gəl.
Tahir fikrə getdi. Baharın ərə gedə biləcəyini düşünmürdü. Uzun illərin yaxın tanışlığı nəticəsində Baharın xasiyyətini, istək və arzularını yaxşı bilir. Bahar zəif insanlara qarşı mərhəmətini əsirgəməz, əllərini açıb küçədə dayananlara, küçə musiqiçilərinə həmişə pul verər, işdə, qonşuda ehtiyacı olanlara yardım edər.
Amma, adamın mənfi cəhətlərini şişirtməkdə ustadır. Hörmət etdiyi, ümumilikdə bəyəndiyi adamların belə zəifliklərini, nöqsan saydığı tərəflərini bir-bir qeyd edir. Qoy gəlsin, görüm nə baş verib, necə qəbul edib bu tələsik evlilik qərarını? Bir müddətdir əlaqəm yox kimidir, görünür ki, xoşuna gələn bir adam çıxıb qarşısına, ya bəlkə hansısa köhnə tanışı peydah olub? Hər halda Baharın ərə getməsi yaxşı hadisədir. Əri yumşaq, mədəni adam olsa, Baharı olduğu kimi qəbul edə bilsə, gözəl olardı.
Günortadan xeyli keçmişdi. Tahir həyətdə oturmuş, çay içə-içə memarlıq və inşaat mühəndisliyində əyrixətli səthlərin istifadəsinə aid komleks həndəsələr, ağıllı binalar, süni intellektin memarlıq və inşaat mühəndisliyində tətbiqləri barədə beynəlxalq konfransların materiallarını gözdən keçiritr, dəftərçəsində qeydlər edirdi.
Bahar zəng etdi:
–Tahir bəy, gəlmişəm, konum göstərdiyi yerdəyəm, ancaq qapınızı tapa bilmirəm. Tahir bağın giriş qapısına doğru yönəldi:
–Gəlirəm qapını açmağa, səni görməsəm, küçəyə çıxacam, orda görəcəyik bir- birimizi.
Tahir qapını açanda küçədən ona doğru gələn Baharı gördü. Nazik paltar geyinmişdi. Soyuq deyilmi ona? Həmişəki kimi qucaqlaşıb öpüşdülər. Tahir Baharın sifətində yorğunluq sezdi, həmçinin onun zərif sifətində qızartdaq ləkələr, sızanaqlar görünürdü. Tahir “hormonal dəyişilik?” deyə öz-özünə düşündü.
Bağda ağacların arasında qoyulmuş masa ətrafında oturdular. Bahara nə olub? Elə bil təravəti azalıb, nəsə bir nasazlığımı var? Yaxın dostluq Tahirə girişsiz danışmaq haqqı verdi:
–Bahar, əzizim, Puşkin`in “Yevgeni Onegin”i, sözsüz yaxşı yadındadır, rus məktəbində oxumusan. Onegin Tatyananın ərdə olduğunu biləndə çaşıb qalır, bu doğrudanmı həmin Tatyanadır? Tatyananın ərə getməsi də, kübar görünüşü də Onegin üçün çox gözlənilməz olur. İndi sən birdən-birə necə oldu ərə getməli oldun? Adətən, nəsə bir şey olanda, yeni bir addım atmaq istəyəndə bir müddət danışırdın, düşünürdün. İndi… Əlbəttə, seçim edə bilmisən, bu çox yaxşı! Xoşbəxt ol! Axır ki, dəli ceyranı ram edən tapıldı. Kimdir o bəxtəvər?
–Atamın dostunun oğlu, Almaniyadan qayıdıb, adı Fuaddır. Sizə bir dəfə yazmışdım, ona uyğun iş ola bilərmi deyə. Onu uşaqlıqdan tanıyıram, mədəni müasir adamdır.
–Çox yaxşı.
–Valideynlərim çox narahatdırlar, Tahir bəy. Deyirlər ki, biz əbədi deyilik, sağlığımızda səni bir Allah bəndəsinnən birlikdə görmək istəyirik. Nəvə istəyirlər. Bir-iki il keçsə bu baş tutmaz. Qorxurdular ki, mən yox deyə bilərəm. Düzü qərar qəbul edəcəyimdən əmin deyildim. Bilmirəm özümü inandırdım, ya öz üzərimdə qələbə çaldım?! Bu fikri, bilirsiniz ki, Ruscadan tərcümə etdim: Ubedila ili pobedila sebya? Ruscada yaxşı səslənir, qafiyəlidir.
Bahar həyəcanlı görünürdü. Bəlkə bu xəbəri ürək dostu Tahirə danışmaq da onu
sıxırdı. Tahir Baharın özünə güvənmədiyini hiss etdi, sağ əlini onun əli üstünə qoydu, bir qədər saxlayıb geri çəkdi, həmin əli ilə “sakit ol” işarəsi verdi. Çay gətirdilər. Tahir mürəbbə və şirniyyatları Bahara tərəf sürüşdürdü. Bahar çay içə-içə davam etdi:
–Tahir bəy, siz özünüz mənə demişdiniz ki, evlənmək lazımdır. Çox fikirləşsəm ömürlük tək-tənha qalacaqdım.
–Bahar, əlbəttə, mən sənin tək olmamağını, xoşbəxtliyini istəyirəm. Fuad evli olmayıb, eləmi?
–Yox, evlənmişdi, sonra boşanıb. Uşağı yoxdur.
–Yaxşı, düzünü de, o elçi düşdü, ya sən?
–Bizə gəlib-gedir, valideynlərimiz yaxşı tanışdırlar. O özü nəsə yarımçıq işarələrlə məni istədiyini deməyə çalışırdı, atası özündən qoçaq çıxdı, məsələni açıb mənim atama dedi. Mən düşünmək üçün vaxt istədim. İstədim sizinlə görüşüb danışam.
Sonra həm utandım, həm də özüm qərar qəbul edə bilməsəm nəyə lazımam dedim. Bir şey mənə kömək etdi – o mənim həyat tərzimi bilir, Avropa düşüncəli bir adamdır, məni olduğum kimi qəbul edir. Bu mənim üçün çox vacibdir.
–Hə, ərə gedirsən, çox yaxşı. Bununla əhvalın necə olacaq, kefin ala buluda qalxacaqmı? Onu bilmirəm. Amma onu bilirəm ki, bölüşmək, qayğı göstərmək lazım gələcək. De görüm hansı xörəkləri bişirib hazırlaya bilirsən? Plov, dolma, bozbaş, piti, xəngəl, şorbalar?
–Eh, heç nə bilmirəm, anam bişirir…
–Hə, dünya çox dəyişib, indi səhər yeməyini belə gedib çöldə, yeməkxanalarda yeyirlər.
-Yemək bişirməkdə Alinanın tayı-bərabəri yoxdur. Elə hər işdə də…
–Eybi yoxdur, öyrənərsən.
–Eh, atalar sözünü ən çox atamdan eşidib bilmişəm – “qırxında öyrənən gorunda çalar”.
–Darıxma, öyrənərsən. Deməli, sevib gedirsən. Eləmi?
–Sevgi? Çətin. Sevgi çətin şeydir. Mən aşiq olmağı bacarmıram, aşiq olmaq istedadım yoxdur və ya korlaşıb, kütləşib. Fuad xoşa gələn adamdır. Alina kimi sevmək tək-tək adama qismət olar. Ona lütfən diqqət verin, Tahir bəy.
Tahir əlini döşünə qoydu:
–Baş üstə! Daha nə əmrin var?
Sonra sol əlini üzünə qoyub Baharı, uzun illərin sevimli dostunu süzdü, növbəti
zarafata keçdi:
–Bəs Qabilə nə deyəcəksən, ey ətirli çiçək?
–Aaa! Bilirsiniz Qabil necə ağıllanıb? Mənimlə çox mədəni davranır. Son vaxtlar düzgün ifadələr seçir məktublarında və səs yazılarında.
–Deməli sevgisi gündən-günə püxtələşir.
–Yox. Deyəsən ona baxan tibb bacısı ilə aralarında nəsə var. Qardaşı danışıb mənimlə, anası da danışdı, mənə də “oğluma, Qabilə diqqət yetiribsən, çox sağ ol” dedi. Qardaşı dedi ki, bir xeyir iş olsa bizi dəvət edəcək. Allah-Allah, bilirsiniz mənə nə hədiyyələr göndəriblər, özü də neçə dəfə?! Portağal, limon, hind toyuğu – təmizlənmiş bütöv bədəni ilə. Deyirəm etməyin, lazım deyil, istəmirəm. Xeyri yoxdur.
–Qabili toya çağırıbsanmı?
–Yox. Bəlkə çağırım? Az adam çağırmışam, iş yerimdən zaddan adam çağırmamışam, ancaq özümünkülərdir.
–Sevgililərinin hamısını toya çağırsan toyda yer tapılmaz. Bunu deyib gözlərini yumub-açdı, bu “mən özüm” işarəsi idi:
–Ən azı biri gələ bilməyəcək…
Bahar ayağa qalxdı, Tahiri qucaqlayıb öpdü:
–Sizi çox istəyirəm, Tahir bəy, lap çox. Tahir də onu qucaqladı:
–Mən də səni! Yaxşı bilirsən. Xoşbəxt ol! Toydan sonra görüşərik, görüm necə olacaqsan?
Baharın gözləri doldu.
⁕ ⁕ ⁕
Payızın sonu, qışın əvvəli idi. Gündüzlər xeyli qısalmış, gecələr soyuqlaşmışdı.
Şimaldan əsən xəzri soyuğun üstünə soyuq gətirirdi. Arabir yağış yağırdı. Xəzər dənizi havanı mülayimləşdirməyə, yumşaltmağa çalışsa da, buna gücü tam yetmirdi. Tahir qarşısında çay və quru meyvələr fikrə dalmışdı. Pəncərədən həyətə tərəf nəzər saldı. Ağacların yarpaqları seyrəlmiş, budaqların üstündə yellənən, eləcə də yerdə uzanıb pıçıldaşan yarpaqlar şabalıdı və qızılı rəngdə idi, arabir solğun yaşıl rənglər də gözə çarpırdı.
Tahir mobil telefonda Youtube`a daxil olub musiqi dinləyir və ya maraqlandığı siyasi xəbərlərə qulaq asırdı. Baharın whatsapp`da yazdığını xeyli sonra gördü, iki saata yaxın vaxt keçmişdi: “Tahir bəy, Sizə nə zaman zəng edə bilərəm?”. Tahir zəng etdi:
–Bahar, əzizim, necəsən? Evdə-eşikdə nə var, nə yox?
–Tahir bəy, bilmirəm necə deyim… Baharın səsində bir hüzn vardı.
–Nə olub Bahar, səsin bir təhər çıxdı. Xəstələndinmi nədir?
–Tahir bəy, heç yaxşı iş olmayıb.
Tahir Baharın yarımçıq danışıq üslubunu yaxşı bilirdi. Qramatikada deyildiyi kimi Baharın “bitmiş bir fikri tam ifadə etmək”dən xoşu gəlmirdi. Ya qarşısındakını gözləmə mövqeyində saxlamaqdan xoşu gəlir, ya da fikrini tikə-tikə yedizdirir ki. qarşıdakı adam yaxşı həzm edə bilsin. “Baharın əri ilə bir problemi çıxmasın” – Tahirin ağlına gələn ilk fikir bu oldu.
–Bahar, lütfən açıq danış, məni intizarda qoyma.
–Tahir bəy, deməyə dilim gəlmir, Alina yaxşı deyil…
Tahirdən“oy” deyə bir səs çıxdı, onu qorxu və həyəcan bürüdü:
–Bahar, nə olub Alinaya? Açıq de.
–Tahir bəy, Alina yaman xəstədir.
Tahiri “xəstə”dən daha çox “yaman” sözü qorxutdu:
–Bahar, xahiş edirəm ətraflı danış, telefonda çətindirsə, hara deyirsən gəlim. Alinanın İstanbula getdiyini bilirəm, indi hardadır?
–İstanbuldadır.
Tahir bu dəfə “of” deyib dərin nəfəs aldı, barmaqlarını yumub-açdı, ayaq üstə qalxdı, lakin özünü zəif hiss edib yenidən oturdu:
–Bahar, danış, mümkünsə ətraflı danış, nə bilirsənsə danış. Nooldu ona birdən-birə?
–Tahir bəy, qorxmayın, özünüzü ələ alın, indi danışaram hər şeyi. Alina İstanbuldadı. Siz də bilirsiniz. İşlədiyi şirkət göndərmişdi, hansısa iş üçün, dəqiq bilmirəm. Bir sağlıq problemi varmış, xəstəxanaya gedib özünü yoxladıb, deyiblər ki, cərrahiyyə əməliyyatı lazım gəlir. Bunu mənə telefonla özü xəbər verdi. Kefi heç yoxdu, niyə də olsun bu vəziyyətdə? Həmişə deyib-gülən, gülüb-danışan, şən, hamıya ürək-dirək verən, kömək əlini uzadan Alina indi özünü itirib, bilmir nə etsin.
–Yaxşı başa düşmədim, xəstəliyi nədir, nə cərrahiyyə əməliyyatıdır, hansı xəstəxanada?
–Tahir bəy, mən də çox şey bilmirəm. Döşündə, bir tərəfində nəsə bir bərkimə ya kiçik şiş varmış, xəstəxanaya onu yoxlatmağa gedib ki, görsün nədir? Deyiblər ki, cərrahi müdaxilə etmək, kəsib götürmək lazımdır.
–Anladım, şişin təbiəti barədə nəsə şübhə ya dəqiq məlumat varmı, xoşxassəlidir ya bəd?
–Dediyimdən artıq heç nə bilmirəm.
–Bahar, gəl belə danışaq. Mən elə indi bilet alıb gedəcəm İstanbula. Zəhmət olmazsa, mənə dəqiq ünvanı öyrən, hara getməliyəm, Alinanı necə tapım, evdədimi ya hansısa oteldəmi? Ünvan lazımdır. Və ya xəstəxanadadırsa, hansı xəstəxanada? Alina telefona cavab verirmi? Yanında kimsə varmı? Çox xahiş edirəm, hər şeyi öyrən.
–Baş üstə, Tahir bəy. İndi Alina ilə əlaqə yaratmağa çalışacam. Onun işlədiyi şirkətin İstanbul şöbəsinin bir neçə işçisini tanıyıram, özü cavab verməsə də, harada olduğunu tapacam, narahat olmayın. İstəyirsiniz mən də gedim sizinlə Istanbula.
–Bahar, mən mütləq getməliyəm, təcili. Sən… Əlbəttə, istəsən, imkanın olsa sən də gedə bilərsən. Amma, bəlkə mən gedim, məsələnin nə yerdə olduğunu bilək, ilkin zəruri addımları ataq, sonra ehtiyac olsa gələrsən. Bəlkə işimiz yaxşı oldu, özümüz tez qayıtdıq, bilmək olmaz. Mən indi təyyarə biletiylə məşğul olum və səndən xəbər gözləyim. Sağ ol, əzizim.
Tahir sarsılmışdı. Telefon danışığı bitəndə özünü çox zəif hiss etdi. Bilet məsələsini həll etmək üçün köməkçisinə zəng etməzdən əvvəl özünə gəlmək istədi, süst halda enli taxta çarpayının üstündə necə gəldisə, çəpəki uzandı. Ürək döyüntüsü artmış, əlləri titrəyir, bədəninə üşütmə gəlmişdi. Başını və ayaqlarını açıq saxlayıb bədənini yüngül yorğanla örtdü.
Tahir heyrət içində yuxudan oyandı, saata baxdı, hardasa 15-16 dəqiqə yatmışdı.
Bu necə oldu?! Niyə yatdı, necə yatdı? Hər halda özünə gəldi. Görünür ki, insana xas olan ahəng onun duyğular aləmində baş verən ağır ruhi sarsıntıya, kəskin pozuntuya, şok halına qarşı müqavimət hərəkatı təşkil edə bilir, bu halda yuxu gətirməklə…
Bilet məsələsini telefonla köməkçisinə tapşırdı: “mənə bugünə İstanbula bilet alın, təcili, mümkün ən yaxın uçuş səfərinə, birinci-ikinci reyslərə”. Telefonu yenicə masanın üstünə qoymuşdu ki, Bahar zəng etdi, bu dəfə o, adətini pozaraq, bildiyi hər şeyi birnəfəsə söylədi:
–Tahir bəy, hər şeyi öyrəndim. Əvvəlcə şirkətindən soruşdum, orda bir rəfiqəsi var Fatma adında. Onu tapdım. Fatma ilə bərabər həkim müayinəsinə gediblər, qoltuq altında, döşünə yaxın bərkiməni, şişi göstəriblər. Cərrahi əməliyyat etmək lazımdır deyiblər. Şişin xoşxassəli ya bədxassəli olmasını biopsi müəyyən edəcək, hər biri ola bilər, zahiri əlamətlərə görə dəqiq fikir söyləmək olmur. Məsləhət görüblər ki, Gebze`dəki Anadolu Sağlık Merkezi Hastanesi deyilən çox tanınmış yerdə etsinlər əməliyyatı. Amerika ilə bağlılığı var deyirlər o xəstəxananın. Onkoloji üzrə Türkiye`də ən güclü xəstəxanalardan biridir, xaricdən çox xəstə gəlir orda müalicə olunmağa. Fatma bunu deyəndə qorxdum. Allah uzaq eləsin o xəstəliyi. Sonra, Fatmanın köməyilə Alinanı tapdım, özü ilə danışdım. Şirkətdəki dostları çalışıb elə şərait, elə qayda düzəldiblər ki, Alina telefon vasitəsilə çox ünsiyyətdə olmasın, hərə bir söz deyib kefini pozmasın. Alinanın əhvalı doğrudan da yaxşı deyil, xəstəliyin o andırdan olmasından qorxur. Sizin gəlmək istədiyinizi demədim, düzmü etmişəm?
Tahir nəfəsini qısıb Bahara qulaq asırdı. Dalğın idi, fikrini cəmləyə bilmirdi:
–Düz edibsən. Mən indi hara getməliyəm, Alina hardadır, harda olacaq?
–Yəqin ki, Gebze`dəki həmin xəstəxanadır gedəcəyiniz yer, ünvan. Bu gün ora gedir Fatma ilə, bu gecə orda qalacaq.
–Yaxşı, Bahar, nə lazımdı ora aparmağa səncə, bəlkə Alina nəsə istəyir, nəsə lazımdır, ürəyindən nəsə keçir?
Bahar həmən cavab verdi:
–Yalnız bir şey.
–Bahar, bəlkə o bir şeyin adını deyəsən.
–Pul, pul, pul. Ora bahalı yerdir.
–Aydındır!
–Tahir bəy, başqa nəsə lazım gəlsə, orda almaq mümkündür. Alinanın cərrahi əməliyyat üçün pulu olduğunu güman etmirəm. Bəlkə yoldaşları və ya şirkət kömək edə bilər. Alina kiməsə borclu olmağı sevmir, yumşaq və təvazökar olduğu qədər də qürurludur.
–Başa düşdüm, Bahar, Alinanı mən də tanıyıram, bilirəm. Çox sağ ol, sənsiz işimiz çətin olardı.
–Alinadan yaxın dostum, rəfiqəm yoxdu, Tahir bəy. Alinadan gözəl insan, gözəl qadın, əsl qadın düşünmək çətindir. Ona dayaq olmaq borcumuzdur. Siz sağ olun, onun ən çox ehtiyacı olan insan sizsiniz. Hər mənada! Siz orda olsanız hər şey yaxşı olacaq, əminəm. Sizə yaxşı yol, Allah şəfa versin Alinaya. Alnınızda qırış gördüm, bəlkə əvvəl də varmış, fikir verməmişəm. Nəsə bir şey lazım gəlsə ordan zəng edin, özüm də hər an gələ bilərəm.
–Sağ ol, Bahar, sən mənim də, Alinanın da əvəzolunmaz dostusan! Sağ ol!
Tahir Baharla sağollasıb yenidən köməkçisinə zəng etdi, bileti soruşdu. Köməkçi “yaxında, yalnız gecə uçuşlarının birində biznes-klass yeri var, onu saxlatdım, elə sizə zəng etmək istəyirdim ki, siz məni qabaqladınız” dedi. Tahir adətən biznes- klass biletdən az hallarda istifadə edirdi, bu halda isə “həmən al” dedi.
Hava limanına gedəndə Tahirin bir az başı və beli ağrıyırdı. Qeydiyyatlardan keçib təyyarəyə gedən qapı qarşısındakı oturacaqların birində əyləşdi. Hava limanında gözləmə zamanı adətən ya özü ilə götürdüyü bir kitabı oxuyar ya da youtube`da nəyəsə baxıb dinləyərdi. İndi halsız oturmuşdu, gərginlik altında göz qapaqlarını yumur, lakin bir az sonra da açırdı ki, mürgülü vəziyyəti yuxuya çevrilməsin.
Orta yaşlı gümrah bir adam yaxınlaşdı, salam verib halını soruşdu:
–Tahir müəllim, necəsiniz? Nəsə yorğun və fikirli görünürsünüz, xeyir ola. Tahir tanışlara dərdini danışmağı xoşlamır, ümumiyyətlə, çətinliklərdən şikayətlənməyi sevmir, çox kefsiz vəziyyətdə olsa da, gülümsədi, bu, məcburi, kübarlıq və ya nəzakət təbəssümü idi:
–Hə, bəzən yorğun oluruq. Gözünə pis göründüm deyəsən.
–Yox, pis yox, Allah eləməsin. Adətən sizi şux və şən görməyə alışmışam. İndi fikrə dalmış gördüm sizi. Təki salamatçılıq olsun.
⁕ ⁕ ⁕
Tahir gecədən xeyli keçmiş İstanbul Hava Limanına çatdı. Gecəni orada oteldə keçirməkdən başqa yolu yoxdu. Səhər taksi sifariş edib Gebze`yə yola düşdü.
Insan gözlənilməz və arzuolunmaz xəbərləri alanda əvvəl çaşır, özünü itirir, qanı qaralır, sonra nə baş verdiyini istər-istəməz içindən, beynindən keçirir, təhlil edir, ipə-sapa düzür və nəhayət, nə etmək lazım gəldiyini düşünür. Tahir taksidə dalğın- dalğın sağdakı və soldakı binalara, göydələnlərə, ağaclara və yazılara nəzər salsa da, daha çox sağ tərəfdə görünən dənizə baxırdı. Dənizdə nə görürdü? İlk baxışda dənizin açıqlıqdan və eynilikdən qaynaqlanan ənginliyini və üfüqdə səma yarımkürəsi ilə birləşən su xəttini; nəhəngliyin qidalandırdığı güc və əzəməti; suların mavi-boz, sahilə yaxında isə bir az yaşılımtıl-boza keçən rəngini; yan-yana düzülmüş adaları və kiçik və orta ölçülü gəmiləri. Tahir bu sahildə mərhum həyat yoldaşı ilə gəzdiyi günləri xatırlayıb köksünü ötürdü. İndi çox sevdiyi Alinanın yanına tələsir, o xəstədir, xəstəliyi ciddi ola bilər.
Xəstəlik xoşbəxt insanı və onun yaxınlarını bədbəxt edə bilir. Bəşəriyyətin əsas bəlasıdır xəstəlik. Xəstələnməyən və xəstəxanaya düşməyən insan dünyada çox deyil, yox kimidir. Zəngin adam olsun, igid adam olsun, ya padşah olsun – fərq etməz, hər adam xəstələnir, biri az, digəri çox, biri çox az, digəri tez-tez… O ki, qaldı xəstəxanaya yolu düşmək məsələsinə – yəqin ki, dünyada xəstəxanaya yolu düşməyən insan yoxdur. Kimsə xəstəxanaya düşəndə ailə üzvlərinin xəstəxanaya gediş-gəlişi başlanılır, dost, tanış arasında xəstəni yoxlamağa getmək, xəstəyə baş çəkmək mənəvi borc sayılır. Bəzi hallarda xəstənin yanında gecələmək zəruri olur.
Xəstə gündəlik həyatda ən çox rast gəlinən sözlərdən biridir. Şairlərin ən çox işlətdikləri sözlərdən biri “xəstə”dir; “xəstə” sözünü və ya mahiyyətcə ona bənzər ifadəni təxəllüs olaraq götürənlər az olmayıb. Xəstə Qasım məşhur aşıq-şairlərdən biridir, Füzuli özünü “Xəstə Füzuli” və ya “Füzuli xəstə” adlandırır, eynilə Molla Vəli Vidadi şeirlərinin bir çoxunda özünə “Vidadi xəstə” deyir. Vidadi`nin məşhur şeirində xəstənin yanına gəlməyin vacibliyi vurğulanır; heç kim gəlməsə də, sevgilinin gəlməsi zəruridir:
Xəstə düşdüm, gələn yoxdur üstümə Qərib öldüm, bikəs öldüm, yad öldüm. Xəbər olsun yaranıma, dostuma
Qərib öldüm, bikəs öldüm, yad öldüm. Ey sevdiyim, səndən qeyri kimim var?! Gəl üstümə, aman öldüm, dad öldüm.
Bunları düşünə-düşünə yolu qısaldan Tahir tezliklə Alinaya qovuşacağını və bu zaman onun necə təəccüblənəcəyini təsəvvür etməyə çalışdı. “Gözləyirmi məni görəsən Alina? Bəlkə arzu edir, amma düşünür ki, onun xəstəliyindən xəbərim yoxdur. Gəlirəm, əzizim! Narahat olma, səni müalicə edəcəyik, buna əmin ol!”
Tahir yola düşməzdən əvvəl Gebze Anadolu Sağlıq Merkezi barədə oxumuş, onun doğrudan da ciddi xəstəxana olduğunu anlamışdı. Hər şeydə olduğu kimi tibbdə də yeniliklərdən xəbəri olmaq, onları tətbiq edə bilmək həyati vacib məsələdir. Elmin və texnologiyanın ağlasığmaz inkişafı sayəsində tibb çox böyük uğurlar əldə etdi, profilaktik tibbin, penisillin və digər antibiotiklərin tətbiqi nəticəsində milyonlarla, onmilyonlarla insanı öldürən vəba, cüzam, yatalaq, çiçək, titrətmə-qızdırmalı malyariya, vərəm kimi keçici, yoluxucu xəstəliklərin qarşısı mühüm dərəcədə alındı. 19-cu əsrdə patoloji anatomiya inkişaf etdi, meyitlərin yarılması (otopsi / autopsy) yolu ilə xəstəliyin orqan və toxumalarda törətdiyi dəyişmələri və xəstəliyin səbəbini anlamağa və müalicə üsulları tətbiq etməyə başladılar. Bu “Təcrübi tibb” insan ömrünü uzatmaq işində böyük rol oynadı.
Anesteziyanın tətbiqi cərrahi müdaxilənin yolunu tam açdı. 1990-cı illərdə insan bədənini və beynini hər tərəfdən, içdən və bayırdan üçölçülü müşahidə etmək imkanı verən çox həssas tibbi görüntüləmə (medical imaging) cihazlarının (tomoqrafların) icadı və tətbiqi yeni, çağdaş “Dəqiq tibb”in təntənəsi oldu.
Sağlamlığın qorunması, ağrı və əzabın azaldılması və ömrün uzadılması yolunda böyük addımlar atıldı. Bədbinlər və ya dərindən düşünə bilməyənlər tibbin açıq- aşkar böyük uğurlarını görmür, görə bilmir, “niyə tibb inkişaf etmir?” sualı verirlər. Ölümə çarə yoxdur, ölümsüzlük əldə edilməyəcək – bu bəllidir, amma xəstəlikləri müalicə etmək olur, müalicə ömrü uzadır – bu da şəksiz-şübhəsizdir.
⁕ ⁕ ⁕
Tahir əvvəllər Gebze`dən bir neçə dəfə keçmiş, İstanbuldan şərqə və cənuba doğru gedərkən orada bir qədər dayanmışdı. Taksidən Anadolu Sağlıq Merkezi xəstəxanasının ağ rəngli binaları qarşısında düşdü. Ətrafa nəzər saldıqdan sonra Baharın verdiyi telefona, Alına`nın rəfiqəsi Fatma`ya zəng etdi və kim olduğunu söylədi. Fatma sevincək “Evet, hoş geldiniz! Alina hep sizden bahsederdi, adınızı sıkça anardı” dedi və Alinanın cərrahiyyə əməliyyatında olduğunu xəbər verdi. O, Alina üçün ayrılmış odanın-palatanın yerini və nömrəsini söylədi, məsləhət də verdi: “en iyisi Alina’yı orada beklemek”. Fatma şirkətin xarici qonaqları ilə məşğul olduğuna görə gecikdiyini, inşallah günortadan keçmiş özünü Alinaya yetirəcəyini bildirdi. O, cərrahla tanış olduqlarını, hər şeyin yaxşı keçəcəyinə ümid etdiyini deməyi də özünə borc bildi.
Tahir Alinaya ayrılmış palatanı tapdı. Nigarançılıqdan silkinmək ağır işdir, dərdə dözmək, möhnətli günlərə davam gətirmək, varlığını sürdürmək üçün xüsusi can məlhəmi yoxdur. Filosoflar hərəkətin, dəyişmənin varlıq əlaməti olduğunu demişlər. Tahir koridorda var-gəl edir, tez-tez koridorun başındakı giriş-çıxış qapısına baxır, eyni zamanda ətrafdakı çölü, yaşıllığı, göyü və buludları seyr edirdi. Koridorun pəncərələri Tahirin taksi ilə daxil olduğu həyət tərəfə deyil, yaşıl çöl və ağaclar olan tərəfə açılırdı.
Bir müddət keçdi. Tahir bir canlanma olduğunu hiss etdi, koridorun baş tərəfində içində xəstə olan çarpayı göründü, araba-çarpayını sürən adamın arxasınca gələn, yəqin ki, həkim idi. Tahir o tərəfə doğru addımladı. Bu Alina idi, gözəl, mehriban, əziz Alina! Tahir yaxınlaşıb ayaq üstə gələn hər iki adamı salamladı, onun səsini duyan Alina başını döndərdi, Tahiri görüb “off” dedi, gözləri, elə bil ki, bir qədər böyümüş, dodaqları azca aralı idi. Tahiri görəndəmi gözləri yaşardı, ya əvvəlcədənmi sulanmışdı gözləri?! Tahir yaxınlaşıb Alinanın əlindən tutdu və yüngülcə alnından öpdü. Həkim dilləndi:
–Alina hanım çok sabirli, cesur ve rahattı. Ameliyatımız sorunsuz geçti, her şey yolunda. Umarım her şey iyi gider.
Tahir ona təşəkkür etdi:
–Çok sağ olun, doktor bey! Emekleriniz için çok teşekkür ederiz, minnettarlığımızı ifade etmeye kelimeler yetmiyor.
–Her zaman hizmetinizdeyiz, bu bizim görevimiz. Ne yaptığımızı kısaca anlatayım: Koltuk altından memeye doğru uzanan tümörü tamamen çıkardık. Memeye yalnızca yarım santimetre kadar dokunduk, daha büyük müdahaleye gerek kalmadı. İnşallah, sizi Prof. Dr. Serdar Hocamızla tanıştırırız, tedavinin onun tarafından yapılması güzel olur.
Palatada Alinanı həmşirənin də iştirakı ilə öz çarpayısına yerləşdirdilər. Həkim onun halını soruşdu:
–Alina hanım, nasılsınız? Herhangi bir şikayetiniz var mı?
–Çok teşekkür ederim, doktor bey, her şey çok iyi, sizlere de sağlık diliyorum.
–Şimdi sizi bırakıyorum, birazdan Serdar Hocamız sizi görmeye gelecek. Keçmiş olsun.
Doktor və Tahir biznes kartlarını bir-birinə verib salamatlaşdılar. Həmşirə palatanı zəruri şeylərlə təmin edir, Alinanın qan təzyiqini, nəbzini, hərarətini ölçür və gərək olan digər işləri görürdü. İşlərini bitirəndən sonra öz oda yerini nişan verib “Bir isteğiniz olursa lütfen hemen arayın, zaten 20-25 dakika içinde geri döneceğiz.” deyərək palatanı tərk etdi.
Tahir Alinaya yaxınlaşdı, onun əlini tutub sığalladı:
–Alina, gözəlim, bilirəm, çox əziyyət çəkdin, ağrıdın, əhvalın pozuldu, şok keçirdin. Şükür, əməliyyatdan yaxşı çıxdın. İndi mən sənin yanındayam, yanında olacam, əmr et, qulluğunda durmuşam. Səni çox sevirəm, bəlkə bundan “heç xəbərin yoxdu sənin”.
Tahir son sözləri tanınmış mahnının ahəngi ilə oxudu.
Alinanın üzünə təbəssüm qondu. O, utancaq bir halda, yüngülcə başını buladı:
–Tahir bəy…
–Mənə sadəcə Tahir de, ay qız, dostun deyiləmmi?!
–Tahir bəy… Sadəcə Tahir deyə bilmirəm, bağışla.
–Eybi yoxdur, tezliklə öyrənərsən.
Alinanın düşdüyü ifrat dərəcədə mürəkkəb vəziyyət və sevdiyi insanın gözlənilməz fiziki yaxınlığı “Tahir bəy” əvəzinə sadəcə “Tahir” deməyə yetməsə də, hiss edilmədən, “siz”i “sən”lə əvəz etdi, hərçənd ki, belə halda insan qarışdırır, bir müddət gah “sən”, gah da “siz” deyə bilir.
–İşini, gücünü atıb niyə gəldin? Necə xəbər tutdun? Hə, Bahar demiş olacaq. Əziyyət çəkib gəlibsən. Utanıram vallah. Çox sağ ol.
–Nə danışırsan, Alina? Mənim işim-gücüm sənsən və işimin gücümün yanına gəlmişəm indi. Sən İstanbula gedirəm deyəndə, yadındadırmı, “məni də apar” demişdim. Aparmadın, özüm gəldim. Çox darıxmışam sənsiz. Özünü necə hiss edirsən?
–Balaca ürəkbulanmam və ağrım var, bədənimi tam hiss etmirəm, elə bil çəkisizlik şəraitindəyəm. Düzünü deyimmi? Sizi, yaxşı… səni görüb sevindim. Çox sevindim. Uşaq kimi. Elə bil dünyanı mənə bağışladılar. Elə bil çiynimdən dağ götürüldü.
Xoşbəxt oldum. Bu vəziyyətdə, cərrahiyyə əməliyyatından çıxmış adamın özünü xoşbəxt sanması ağılsızlıq olsa da.
Tahirin gözləri doldu, Alina görməsin deyə ayağa qalxdı, pəncərəyə doğru getdi.
Amma Alina görmüşdü. Göz yaşları ağrı-acını da bildirir, sevinci də ifadə edir, xoşbəxtlik duyğusunu da. Xoşbəxtlik hissi inamsızlığı və ümidsizliyi tam yoxa çıxarmasa da, xeyli zəiflədir…
Qapı döyüldü. Tahir “buyurun” dedi və qapıya doğru addım atdı. İçəri ağ həkim paltarında göy-ala gözlü, gözlüklü, geniş və hündür alınlı, təbəssümü sifətinə işıq saçan xoş sifətli adam ve hemşire daxil oldu. Arxa və yan tərəflərdəki seyrək və gödək çal saçlar istina olmaqla həkimin başı təmizdi, parlayırdı. Həkim iki addım atıb özünü təqdim etdi:
–Adım Serdar. Profesörüm, onkoloji alanında uzman hekimim. İzniniz olursa, Alina hanım’ın tedavisini ben üstlenmek istiyorum. Tümör erken evrede fark edilmiş – bu bizim için çok büyük bir avantaj. İki-üç hafta içinde sizi tekrar görüp gerekli muayeneleri yaparak tedaviye başlayabiliriz.
Tahir onu düşündürən sualı verdi:
–Doktor Bey, çok teşekkür ederim! Tanıştığımıza memnun oldum. Alina’ya tedavi olarak kemoterapi uygulanacak mı?
–Teşekkür ederim. Evet kemoterapi ili başlamak istiyoruz; sonra hormon tedavisi olacaktır. Büyük olasılıkla Tamoksifen adlı ilaçla bir tedavi planı oluşturacağız.
Süreci yakından takip edecek, ihtiyaç oldukça gerekli adımları birlikte atacağız. Keçmiş olsun.
Tahir və Serdar doktor biznes kartlarını dəyişdirdilər.
Doktor Alinanın əməliyyat yerinə baxdı, hemşireden qan təzyiqi, nəbzi, hərarəti və oksigen satürasyonu ölçməsini istədi. Nəticəyə baxdı, qeydlər etdi, həmşirəyə damar yolu ilə maye verilməsini tapşırdı və sağollaşıb getdi. Hemşire ona tapşırılan işləri yoluna qoyub “bir şeye ihtiyacınız varmı?” deyə sordu, “yox, teşekkürler” cavabı ilə palatanı tərk etdi.
⁕ ⁕ ⁕
Alina qurumuş dodaqlarını yaladı, ufuldadı və su istədi. Tahir su şüşəsinin ağzını açıb istəkana tökdü, sonra Alinanın yan tərəfə dönüb dirsəklənməsinə və suyu içməsinə kömək etdi. Suyu içib arxası üstə uzanan Alina əli ilə Tahirə “yaxın gəl” işarəsi verib gözlərini yumdu. Tahir yaxın gəldi, ona doğru əyildi:
–Gözəlim, necəsən, özünü necə hiss edirsən?
Alina bir anlığa gözünü açıb Tahirə baxdı, əlini ona doğru uzatdı. Tahir daha da aşağı əyildi. Alina birdən əlləri ilə Tahirin boynunu qucaqladı. Tahir ona tabe olub başını Alinanın sifətinə yaxınlaşdırdı. Nəfəslər bir-birinə qarışdı və Alina gözlərini yumub dodaqları ilə Tahirin dodaqlarına toxundu, yüngülcə öpdü. Tahir də onu öpdü – bir az daha davamlı. Alina gözlərini açıb Tahirə baxdı. Gözləri sevgi və yaşla dolmuşdu. Utandı, Tahirin əlindən tutub yenə gözlərini yumdu – xoşbəxt anları içində yaşatmaq üçün ya bəlkə utandığına görə… Tahirin sol əli ilə Alinanın sağ əli birləşmişdi. O, sərbəst sağ əli ilə Alinanın üzünü, çənəsini, boğazını sığalladı.
Alinanın ürəyi çırpındı, yəqin Tahir indi onun açıq sinəsini sığallayacaqdı, Alina bunu çox istəyirdi. Amma həya onu boğdu, axı bura “sevgixana” deyil, xəstəxanadır, Tahirin əlini astaca sıxıb saxladı. Alina qıpqırmızı olmuşdu. Tahir anladı, əyilib Alinanın alnından öpdü.
Tahir azca geri çəkilib duyğularını sözlə ifadə etməyə çalışdı. O, Alinaya qarşı vurğunluğunu, bir müddətdir davam edən istək və sevgisini əslində məhz bu gün tam açıq və aydın şəkildə bəyan edirdi – daha əvvəlki kimi işarələrlə, atmacalarla, zarafatla, dilxoşluqla, göz-qaşla deyil, sevgi hisslərini doğrudan, birbaşa söyləməklə:
–Alina, elə ilk görüşümüzdə sən çox xoş təsir bağışladın mənə – gözəlliyinlə, təbəssüm və gülüşünlə, ağlınla, sadə kübarlığınla, xoş niyyətli olmağınla, insanlara çox səmimi münasibətinlə, qayğıkeşliyinlə, diqqətinlə… Get-gedə gözümdə böyüdün, daha da gözəlləşdin, daxilin və zahirin həmagəng imiş, qəlb gözəlliyin üzündə əks olunub… Və səni sevməmək mümkünsüz oldu.
Alina da bənzər hisslər yaşamışdı. Tahirlə tanışlığı artdıqca ona rəğbəti də artmış, onu gizlicə sevmiş, Tahirin də ona qarşı nəvazişini hiss etmiş, gözlərindəki sevgini oxumağa başlamışdı. Amma o, təbii ki, Tahirlə Baharın arasında aşkar bir cazibənin varlığını da görmüşdü; bu cazibənin dayanıqlı olmadığını hiss etsə də, öz hisslərini cilovlamağa çalışmışdı. Üstəlik, Tahirlə özü arasında gerçək bir yaxınlaşma baş verəcəyinə əmin deyildi. Xəstəliyi aşkar olunanda “indi kimə lazımam?” deyə həyatdan küsdü. Dünyanın dadı, ləzzəti Alinanın gözündə yox oldu, ona elə gəldi ki, hamı onu tərk edib, tək qalıb. İçin-için ağladı. O, bu vəziyyətdə nəinki Tahirdən məhəbbət elanı gözləmirdi, həm də özünü lazımsız, yaxınlarına yük olacaq bir məxluq sayırdı.
Tahir… Alina üçün qaranlığı yarıb keçən ümid çırağıdır! Alina zəif əli ilə Tahirin əlindən tutdu, lazım bildiyi sözləri demək vaxtıdır:
–Məndə xoşa gələsi nə var ki? Məndə bir şey qalıbmı? Tanış qadınların hamısı məndən gözəldi, elə dostlarımıza baxın – Bahar, Elmira… Bahardan xoşun gəldiyini bilirəm, əslində o da sizi sevirdi. Bir az qəribəliyi olsa da, ərə gedə bildi, çox yaxşı oldu.
Tahir onu məhəbbətlə süzərək güldü:
–Bahar sevir, amma axıradək deyil… Alina da güldü:
–Yaman dedin… Mən xəstəyəm, xəstəliyim də yaxşı xəstəlik deyil. Mənim nəyim xoşuna gəlib, ay Tahir bəy? Mənə yazığınmı gəlir?
–Alina, gözəllik nədir? Gözəllik boy-buxun, ya sir-sifətlə bitmir. Gözəllik mürəkkəb anlayışdır. Eh… Burun, qulaq, dodaq, çənə, boyun, gözlər, saç, sinə,
bədən quruluşu, ayaqlar – bunlar şəkildir, görünüşdür, bunların küllisinə cismani gözəllik də deyirlər. Bunların küllisi dar mənada gözəllik deməkdir. Bunlar da yerində olsa yaxşıdır. Səndə, maşallah, hər şey yerindədir, gözəldir. Vacib olan geniş mənada gözəllikdir. Yeriş, duruş, təbəssüm, gülüş – bunların gözəlliyi başqa məsələ! Ən vacib olan, insanda məhəbbət oyadan ürəkdir, könül xoşluğudur. Bir də bizi biz edən xasiyyətdir, davranışdır, ətrafa münasibətdir, canıyananlıqdır, mehribanlıqdır, cəsarətdir, evdarlıqdır, sadəlik və səmimlikdir, həssaslıqdır, əzizim. Bunlar səndə aşıb-daşır, sənnən olmaz, yoxdur dünyada! Bunu dəfələrlə demişəm sənə, ürəkdən demişəm. Məlahət – budur insanı gözəl edən. Səndə olan məlahət, cazibə, lətafət insanı heyran edir, əzizim! Sənə vurulmamaq mümkün deyil!
Alina həyatının ən ağır günündə özünü xoşbəxt hiss edirdi. Gözlərini yumdu ki, xoşbəxtliyi içində qalsın, qəlbini isitsin.
–Alina, əzizim, şükür hər şey yaxşı oldu – əməliyyat uğurlu keçdi, müalicən savadlı həkimə həvalə edildi. Burdan çıxanda səni birbaşa evinizə buraxmaq olmaz…
–İstirahət, daha doğrusu reabilitasiyamı lazım gəlir? Harda? Bilmirəm. Eh, heç nə istəmirəm.
Tahir iki əli ilə Alinanın əllərini birləşdirib ovcuna aldı, diqqətlə onun gözlərinə baxdı:
–İstirahət, reabilitasiya harda olacaq deyirsən. Mənim yanıma, mənim evimə gedəcəksən, yolumuz birdir! Səni evimə dəvət edirəm, qonaq kimi deyil, həmişəlik, evimin yaraşığı ol, evin sahibəsi ol, evin xanım şahzadəsi ol!
Alina qızardı, gözləri doldu:
–Tahir… bəy, bağışla, istədim deyəm, dəlimi olubsan?! Amma deməyə cürət etmirəm…
Tahirdən qəhqəhə qopdu, ayağa qalxdı, əlini əlinə vurdu, əl çaldı:
–Aliiiinaaaa! De görüm, səni necə sevməyim?! “Dəlimi olubsan?” deməyə cürət etmirsən, amma mən eşitdim o gözəl sualı. Bəli, dəli olmuşam, sərxoşam, ağlımı itirmişəm, vurğun adam normal vəziyyətdə qala bilərmi?! Mahnıda necədir? “Dərdinnən mən dəliyəm, heç xəbərin yoxdur sənin!” Sən dəli ceyran, mən sənin dəli elədiyin Məcnun! Amma ağlım başıma gəlməkdədir yavaş-yavaş və tək hiss- həyəcanımla deyil, həm də ağlımla səni evimin gözəl gəlini olmağa dəvət edirəm. Etiraz qəbul olunmur. Sənə bir mahnı oxuyummu?
Və o, xanəndəsayağı sağ əlini sağ qulağına doğru tutub asta səslə oxudu:
Gözəlim, aşiqini salma nəzərdən Həsrətindən ölürəm, gəl bizə hərdən Sənə çoxdan vurulub bu dəli könlüm Neyləyim ki, xəbərin yoxdu xəbərdən Gəl mənə naz eləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran. (43)
Alina gözünü yumub-açdı. Əvvəl məyusluq, qım-qüssə və sarsıntı qara buludlara dönüb səmanı örtmüşdü. Birdən Günəş doğdu, qara buludları yardı, dağıtdı, buludların rəngi sıra ilə dəyişdi, boz oldu, ağımtıl oldu, qızılı oldu…
–Eh, mən qarabəxtli, səni necə xoşbəxt edə bilərəm?! İndiyə qədər istədiyin kimi yaşayıbsan, qurduğun bir həyat tərzi var, alışmısan ona. Səni həmişə azad və çox güclü şəxs kimi tanımışam, nə gizlədim, sevmişəm. Mən poza bilərəm dincliyini, rahatlığını, azadlığını…
–Alina, indi başqa cür yaşamaq istəyirəm. Sevgi azad insana ən gərək olan şeydir. İstəyirəm evim işıqlansın. Evi elektrik işıqlandırmır, insan işıqlandırır. İstəyirəm evdə tək qalmayım, sənə ehtiyacım var. Bəs sənin mənə yazığın gəlmirmi?! Təkəm, evdə tək, otaqda tək, yataqda tək… İstəyirəm sən də tək qalmayasan. İkimiz bir olub güclənək, qəm-kədəri bölüşək, bir-birimizə vaxtında kömək edə bilək, birlikdə deyək-gülək. Sənin ləzzətli xörək bişidiyini eşitdim, iştahım artdı. İstəyirəm sən pianoda çalasan, mən də boğuq səsimlə sevdiyimiz mahnıları oxuyum.
–Off… Heç belə olacağını düşünməzdim. Yatsam yuxuma girməzdi. Yox, yalan deyirəm, elə şirin yuxular görmüşəm ki… Amma, bir vaxtlar səni başqa bir qadınla birlikdə görürdüm – tanışlığımızın ilk vaxtlarında, gizlində, ürəyimdə qısqana- qısqana… Və elə səni.. sizi gördüyüm ilk gündən vuruldum sizə, bunu gizlətməyə, içimdə, ürəyimdə saxlamağa çalışdım, lal oldum, heç kimə demədim, üzdə göstərmədim. Of, Allah. Bir şey deyim, güləcəksən.
–Nə gözəl! Güldür, savab yiyəsi ol.
— Bilirsənmi, xəstələnəndə cənnətə düşməyimə təminat verildi, Peyğəmbərimiz tərəfindən. Amma indi pozuldu, gözümü çəkməli oldum cənnətdən. Hayıf…
–Anlat görüm nə deyirsən, peyğəmbəri yuxuda görübsən deyəsən.
–Xoşuma gələn bir hədis var. Peyğəmbər deyirdi ki, kim ehtirasla sevib, amma bu sevgini gizli saxlayıb və ölübsə, o, şəhid kimi ölüb, o, cənnətə gedəcək. Burda xəstəliyim aşkar olanda düşündüm ki, sənə olan sevgimi sənə bildirmədən ölüb cənnətə gedəcəm.
Tahir əl çaldı:
–Cənnətə getmək vaxtı deyil, təxirə salaq. O ki, qaldı gizlətməyə, yox, əzizim, gizlədə bilməmisən. İlk görüşümüzdən səndən çox xoşum gəldi. hər gördükcə məni özünə cazb etdin, məmnuniyyətlə əsir düşdüm sənə. Düşünürəm ki, sən də bunu hiss edirdin, ağıllı və həssas olduğun üçün. Fikrim səndə idi. Sənin gözlərində bir işıq gördüm, məhəbbət gördüm, canımı qızdıran bir istilik hiss etdim. Düzdür, özün dediyin kimi, o zaman başımda bir başqa hava da vardı. Amma, gözəlim, səndəki məlahət və mülayim xasiyyət az insanda olur. Düşüncə tərzin və qayğıkeşliyinlə məni valeh etdin. Gözəlim, sənin içində, sözündə və hərəkətində saf uşaqlıq da yaşayır, qaynar gənclik də. İçinlə eşiyin arasında bir ahəng var sənin.
–Of, of, of! Bəs uşaqlar bu işə nə deyəcəklər? Vay-vay, bəs Bahar, bəs rəfiqələrim?
–Uşaqlarla söhbətim olub, bilirlər. Sevindilər. Atalarının tək qalmasını heç istəmirlər. İnan, neçə dəfə mənə “ay ata, evlən” deyiblər. “Kim olur, olsun, milləti, dini, yaşı – fərq etməz, təki sənin xoşuna gəlsin, təki səni sevsin, sən də onu sevəsən” deyiblər. Bahar hamıdan əvvəl hiss edibmiş, bilir. Bilənlər bilir, əzizim, bilməyənlər də biləcək.
Alina çox kövrəlmiş, çox həyəcanlanmışdı. Ağır sarsıntıdan sonra Tahir öz etirafı ilə ona can məlhəmi bəxş etmişdi. Ürəyində qəribə hisslər keçirirdi. “Əvvəlcə düşündüm ki, bəxtim yatıb, ayılana oxşamır. Əlimi üzmüşdüm həyatdan. Aşıq Ələsgər demişkən – görürsən ki, bəxtin yatdı, sən də yat. İndi elə bil ki, bəxtim açılıb, oyanıb, xoşbəxtəm. Sağlam düşüncəyə zidd deyilmi bu?! Paradoks deyilmi bu qarışıq vəziyyət?! Fəlsəfədə bir şey keçmişdik – ali məktəbdə oxuyanda. O nə idi? Əksliklərin vəhdəti və mübarizəsi qanunu?! Ona bənzəmirmi mənim indiki vəziyyətim? Deyəsən başım xarab olur, gör ağılsız başıma nələr gəlir?! Bir-iki gün ərzində ağır xəstəliyə düçar olduğumu bildim, bədbəxtəm dedim, həyatdan əlimi üzdüm və birdən… sevdiyim, çox sevdiyim insana qovuşdum, həyata ümidim artdı. Nədir bu? Qədərin cilvəsidir, oyunudur, nədir?! Bilmirəm”.
Tahir ehmalca Alinanın əllərini sığalladı, onu xəyal dünyasından, həyat fəlsəfəsindən sadə həyata çağırdı:
–Bakıya qayıdanda hamı səni görmək istəyəcək…
–Sizdə heç olmamışam. Qonaqsevərliyiniz barədə çox eşitmişəm. Deyirlər ki, hər yerdən gələnləriniz, maraqlı məclisləriniz olur.
–Üç dəli ceyrandan biri bu yaxınlarda gəlmişdi məni görməyə, daha doğrusu toyuna dəvət etməyə. Səni, mənim ən dəli ceyranımı isə özüm aparacam evimizə, qucağıma alıb gəzdirəcəm səni bağımızda. Sonra samovara od salarıq, sevdiyin malına mürəbbəsi ilə xoruzpipiyi çay içərik. Samavarı mən qaynadım, çayı sən süz, olarmı?
–Ey, ay… Tahir bbb… Bilsən sənə necə qulluq etmək arzusunda olmuşam, inanmazsan. Mənə güc ver, ay Allah, doğrudanmı arzularım yerinə yetəcək?!
–Tahir Alinanın sanki öpüş istəyən yarıaçıq dodaqlarından deyil, yanağından yüngülcə öpdü:
–Alina, gözəlim, gəl ikimizin imzamızla, yəni adımızla dostlara xəbər göndərək, onları sevindirək.
–Hansı dostlara? Nə xəbər?
–Başlanğıc üçün hər ikimizi çox yaxşı tanıyan dostlarımıza: Sonya-Sona xanım, mənim iki oğlum, Bahar, Elmira, Adil, Eldar. Qaldı xəbərin məzmununa, belə ola bilər:
Biz, Alina və Tahir, İstanbulda mahnı oxuyuruq: Ayrı-ayrı doğulduq bu dünyada
Axır gəlib bir olduq bu dünyada.
Həyat qəribədir, mürəkkəbdir və gözəldir. Bizim birliyimiz həyatımıza nizam və xoş ahəng bəxş etdi.
Cavablar çox gözlətmədi.
Sonya-Sona xanım: Xoşbəxt olun! Məni xoşbəxt etdiniz! İki oğul (birlikdə): Xoşbəxt olun! Sizi çox sevirik.
Bahar: Ura! Siz mənə təsvirəgəlməz böyük sevinc bəxş etdiniz! Elmira: Təbriklər! Toy səfərinizi Parisə edin.
Adil və Eldar (birlikdə): Xoşbəxt olun! Qonağımız olsanız çox sevinərik. Gəlin, gəzdiyimiz yerləri bir də gəzək, gəzmədiyimiz yerlərə də gedək. Kür və Araz sahilində çay içək!
Alina və Tahir qucaqlaşdılar. Alinanın gözündəki yaş parlayır, ətrafa işıq saçırdı.
Xoşhal olun
Dünya nə qədər mürəkkəbdirsə, nə qədər sirlidirsə, o qədər də gözəldir. İnsan həyatın mənasını xoşbəxt olmaqda görür – bunu açıq ifadə etməsə də. İnsan içində olduğu dünyanı anlamaq, onun sirlərini açmaq, gözəlliyini görmək, duymaq, dadmaq arzusu ilə yaşayır. Gündəlik həyatının mümkün qədər xoş keçməsinə çalışır, məmnun olmaq, həzz almaq istəyir. Mənzərəli yerlərdə vaxt keçirmək, xoş ünsiyyət qurmaq, yemək, içmək, çiçək qoxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq, film seyr etmək istəyir. İnsan özünü ifadə etməyə, duyğulu anlar yaşamağa can atır, mahnı oxuyur, çalır-oynayır, idmanla məşğul olur, səyahət edir, bacardığı qədər yazır, qurur, yaradır.
Canlıların ən qüdrətlisi, ən ağıllısı olan insan özünəbənzər və özündən fərqli çox insanlarla rastlaşır, tanış olur, iş görür. İnsanlararası xoş münasibət xoşbəxtliyin əsasında duran amildir. İnsan dostluq etmək, sevmək, sevilmək istəyir. Başqalarını sevib xoşbəxt etməklə insan özü də xoşbəxt olur. Sevdiyin işlə məşğul olmaq, məşğul olduğun işi sevmək xoşbəxtlikdir. Həyata nikbin baxış xoşbəxtliyə yol açır.
Həyat mürəkkəbdir. İnsan çətinliklərlə qarşılaşır, əziyyət çəkə bilir. Ömrü boyu kef içində yaşayan insan yoxdur; kef varsa, kefi pozulmaq da var. İnsan xəstələnə bilir, xəstələnməyən adam yoxdur. Xoşbəxtliyə gedən yol hamar deyil, eniş, yoxuş, döngələrlə doludur, onları keçmək, aşmaq lazım gəlir. Sevginin mühüm əlaməti həmrəylik və mənəvi dayaqdır, küsəndə barışmaqdır, sevdiyin şəxsin qayğısına qalmaq, çətin gündə onun yanında olmaq, öz kimliyini, öz ləyaqətini saxlamaqla sevdiyinin marağını irəli çəkməkdir. Sevgi insanlar arasında qurulan körpüdür.
Sevgi ilə dolu olmayan insan xoşbəxt ola bilməz. Xoşbəxtliyin canı sevgidədir. Mürəkkəb və sirli dünyanın bəzəyidir sevgi. Sevgi dünyaya nizam gətirir, dünyaya rəng, xoş ahəng verir.
Xoşhal olun!
Son
İzahlar
1) rusca: трассирующий, трасёр, ingiliscə: tracer.
2) Don Juan – İspan ədəbiyyatında həyatını qadınları yoldan çıxarmağa həsr edən kişi obrazı
3) Sovet hökumətinin son illərində Azərbaycanda meydana çıxan milli-azadlıq hərəkatı
4) Gullfoss
5) The Snows of Kilimanjaro
6) Səməd Vurğun
7) F. Əmirovun “Sevil” operasından
8) Человек-амфибия / Çelovek-amfibiya
9) Gözəlliyi ilə tanınmış Nərgiz Ramazan qızı Xəlilova
10) rock`n`roll
11) Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından
12) Şövkət Ələkbərova.
13) Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından
14) M.P. Vaqifin “Pəri” şeirindən
15) Victor Hugo`nun məşhur romanı
16) Arşın mal alan” operettasından.
17) Hamlet İsaxanlı`nın “İkimizdən birimiz” şeirindən. Bax: “Bu da bir həyatdı”. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2004; səh. 78-80)
18) M. Füzuli’nin qəzəlindən
19) Puşkin`in “Çar Saltan haqqında nağıl” / Сказка о царе Салтане əsərindən
20) Səməd Vurğun`un məşhur “Dağlar” şeirindən
21) Salamat qal – ingiliscə
22) Hamlet İsaxanlı. “Dördlüklər”. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2007. s. 153
23) Rusça “qoca qız” mənasını verir.
24) Hacıbaba Hüseynovun ifasında populyarlaşan Şahnaz təsnifindən
25) Səməd Vurğunun “Vaqif” dramından
26) Hamlet İsaxanlı`nın “Yaşamağa nə var ki?!” şeirindən. Bax: “Təzadlar”. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2001, s. 70-71
27) İslam Səfərlinin şeirinə Andrey Babayevin bəstələdiyi mahnıdan
28) The devil is not as black as he painted
29) Musiqili İspaniya-Argentina filmi “Digan lo que digan
30) S. Vurğun`un məşhur “Azərbaycan” şeirindən
31) S. Vurğun`un “Muğam” poemasından
32) Rusca “Dövlət təhlükəsizlik komitəsi” mənası verən “Комитет Государственной Безопасности” adının qısa yazılışı – КГБ. Sovet dövründə çox işlənilən söz.
33) Cəfər Cabbarlı`nın “Ölkəm” şeirindən
34) İslam Səfərlinin sözlərinə Qəmbər Hüseynlinin bəstələdiyi mahnı
35) “Mixək əkdim ləyəndə” adlı xalq mahnısından
36) varlı kəndli, qolçomaq
37) ruscadakı “kollektivnoye xozyaystvo” / kollektiv təsərrüfat ifadəsindən: kol+xoz
38) ruscadakı “sovetskoye xozyaystvo” / sovet təsərrüfatı ifadəsindən: sov+xoz)
39) ruscada: qoy olsun, eybi yoxdur, fikir verməyin mənası verir
40) 1962-ci ildə bəstələnmiş vals xarakterli populyar mahnı; musiqisi – Francis Poulenc, sözləri – Robert Tatry
41) Le Deuxième Sexe, 1949
42) rusca: “boşboğazlıq edirdik”, “laqqırtı vururduq”
43) söz – Ə. Vahid`in, musiqi – Bəhram Mansurovun
______________________________________________
• “Azərbaycan” jurnalı, 2026-cı il 2 və 3-4-cü saylar.
