Leyla Sadırova. Rənglər dilemması: qara və ağ rəngin təzadı

 

Boz şəhər sakit, heç bir hadisə cərəyan etməyən küçələrdə ac pişiklərin gəzdiyi, səmimiyyətsiz insanların bir-birindən soyuduğu, rəngsiz – mənasız yerdir. Boz rəngi əbəs yerə demədik. Yaşıl və ya mavi küçələr desəydik, bizi huri mələklərin qarşılamağa hazır olduğu bir dünya qucaqlayacaqdı. Rəsul Rzanın rəngləri bizi məhz bu bozluq və qaranlığın var olub-olmaması, hər qaranlığın içində nur qığılcımlarının olması fikrinə gəlməyimizə sövq edir. Rəsul Rzanın “Rənglər” silsiləsində rənglərin dünya görüşü, düşüncəsi, coğrafi varlığı öz əksini tapır. Şeirdəki rənglər həyatımızdan – doğularkən ağ bələkdə, dəfn olunarkən isə ağ kəfəndə olduğumuzdan bəhs edir. Şair şeirdə hər rəngin öz mənası olduğunu, rənglərin insanları imtahan etdiyini, damğalanan rənglərin öz üstündən bu damğanı ata bilmədiyini vurğulamaqdadır. Atalar demiş: “Qara günün ömrü az olar”, “Ağ gün adamı ağardar, qara gün qaraldar”.

Qara və ağ rənglərin təzahürü hər kəsin ağlına fərqli fikirlər gətirir. Kimisi Yinq-yanqın əbədi birləşməsini, kimisi retro şəkilləri, kimisi Peterburqun 90-cı illərini, kimisi ayın qara səmada yansımasını düşünür. İnsanları qəribə edən də onların fərqli təxəyyüllərinin olmasıdır.

Ümid insanın özü, sözüdür. Ümidsiz insan yurdunu itirmiş, xəstəlikdən yanağından ət qopmuş, gözlərinə qan çökmüş insana bənzəyir. Qara rəngin insanı ümiddən saldığına, adı çəkiləndə ölüm, xəta, qorxu, fəlakət kimi məfhumların xatırlandığına və nəticədə bu ehtimalların reallaşa biləcəyinə inanılır. Buz nəfəsli qaraltı deyərkən Qoqolun “Palto”su paltosunu itirmiş qara kölgəni, xəyali insanı bizə xatırladır.

Namərd düşmən

Şüurdan gizlənmiş qorxu.

Əbədi ayrılığın ağrısı.

Yaşamaq üçün sürünənlərin çoxu

Ağ yalan.

Dodaqları yandıran ah

Edam gününə açılan sabah.

Ləkəli sözlər

Gözlərin alovu. Saçlar, qaşlar

Qaranəfəs olmuş ceyranın əti

Bir də

bəzi insan niyyəti.

Şair əsərdə düşmənin namərdliyini bildirmək üçün “qara düşmən” sözündən istifadə etmişdir. Oğuzların “qara qayğılı” yuxuları hər nə qədər bəd hadisələrdən xəbər versə də, sonunda işıq yolunun tapılması ümidi hər zaman vardır. Şüurdan gizlənmiş qorxu aydınlığa qovuşdura bilmədiyimiz, bizi narahat edən və ya qəbul edilən olub bizim qəbul etmədiyimiz qorxudur. Qara rəng əbədi ayrılığın ağrısı – gözü yaşlı qalan sevgili, əlində çiçək qatar yolu gözləyən tək adam, oyuncaqları sındırılmış uşaqdır.

Ağ yalan əslində onun təzad yaratmasıdır. “Qarayaxma” deyə bir kəlmə var dilimizdə. Yəni günahsız yerə insanlara səbəbsiz şər atmadır. Müşfiqin, Seyid Hüseynin, Tağı Şahbazinin həyatlarına çəkilən qara xətdir. Dodaqları yandıran ah – Fazil Sayın sevdiyi qadından ayrılması, öz-özünə ahı, parçalanması, iztirab dolu gözləri, sözləridir həmçinin. Bu rəngdə edam gününə açılan sabah – qara gün, qara sabah – öləcəyini bilə-bilə yenə də yuxudan oyanmaq, səhərin zülmlə açılması ehtiva olunur.

Ləkəli gözlər – kölgəli gözlərdir. Gözlərin alovu – qara gözlərin nə dərəcədə iti olmasına, alov kimi, ildırım kimi baxmasına işarə edir. Şiddətli, ehtiras yaradan qara saçlar, qara qaşlar, qara gözlərdən danışır şair. Qaranəfəs olmuş ceyranın əti – yorğun heyvan əti qara rəngə çalarmış, bir də bəzi insan niyyəti – bəd xisləti…

Həsrətli gözlər.

Pərişan saçlar.

Titrək dodaqlar.

Sürət yolunda dəstə başı çolaqlar.

Söz eşidəbilməyən qulaqlar.

Sındırılmış puçurlu budaqlar.

Nəğməsiz dağlar

Kör bulaqlar

Ovsuz ovlaqlar.

Odsuz ocaqlar

Yaşamalı ölülər.

Ölməli sağlar. Dili âli məclislərdən qovulan,

qolları buxovlu olan,

qəbilələr, xalqlar.

Qara rəngin mənalarını daha da məcaziləşdirən şair yaxınını itirmiş adamın həsrətli gözlərinə, pərişan saçlarına, titrəyərək ah edən dodaqlarına işarə edir. Qara xəbərləri eşidə bilməyən çarəsiz qulaqlara rəğmən qara olan həyatlardan danışır şair. Odsuz ocaq təkcə sönmüş ocaq deyil, həm də başsız qalmış ailə, ərini itirmiş arvad, qol-budaqsız körpədir. “Yaşamalı ölülər” və “ölməli sağlar” ifadələri qara niyyətli insanların nəfəs aldığı halda, saf, təmiz insanların həyata ədəbi gözlərini yummalarına etirazdır. Qəbilələr, xalqlar deyəndə isə hüquqları məhdudlaşdırılan “qara camaat” yada düşür.

Yuxulu körpənin təbəssümü.

Ümid.

Tamannasız yaxşılıq.

“Sizdə xərçəng yoxdur”

sözlərinin deyildiyi dəqiqə. insan səadətinə səbəb olan hər şey…

hətta,

təsəlli üçün deyilmiş yalan.

Bir də insan ülfəti.

Körpələrin məsumluğunun ifadəsi, gülüşü, saflığı, ümidli gözlər, bələyə bürünən uşaq, xəstəxana dəhlizləri, sevinc qışqırıqları, mərhəmətli yalan, təsəlli və sevinc göz yaşlarıdır ağ rəng.

Nənə qurşağı.

Vətən torpağı

Çiçəkli bahar budağı. Göyərçin qanadları.

Quzey qarı

Bir körpənin südə bulaşmış üz-gözü. Şorbaya yanböyür batırıb çıxardığı

qaşıqdan aldığı ləzzət

Şübhələrin dağıldığı gün

Dost ǝli.

Açılmış düyün.

İnsan adına layiq işlər, işlər, işlər.

Şair ağ rəngdə yaşıl budaqların bəzənməsini, sülh quşunu, qar ayılarının azadlığını, südlə ürəklərin şadlanmasını, dostun dar gündə tanınmasını görür. Rəsul Rzanın ağ rəngi təmiz, məsum, əqidəli, dürüst, vicdanlı insan həyatını, insan əməlini ehtiva edir…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Vaqif Sultanlı. Edam hörüyü

Ça Dek 13 , 2022
Axşamdan xeyli keçsə də, təkadamlıq kameranın kor qaranlığında daş kürsü üzərində uzanmış qız bunun fərqində deyildi – zaman duyğusunu itirmişdi. Anidən diksinib qalxaraq nəyin gerçək, nəyin yuxu olduğunu bilməyən insan kimi idi; sanki zehni, düşüncəsi vücudundan qoparılmışdı. Hərdən ixtiyarsız olaraq gözləri tavandan bir qədər aşağı, hörümçək toru tutmuş dar nəfəsliyə […]